Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 10
Ənfal surəsi, 27 və 28-ci ayələr
Ənfal surəsi, 27 və 28-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنْتُمْ تَعْلَمُونَ .٢٧
وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ .٢٨
Ayələrin tərcüməsi
27\. Ey iman gətirənlər! Bilərəkdən Allaha və Peyğəmbərə xəyanət etməyin, habelə aranızda olan əmanətlərə də xəyanət etməyin! (Bu, çox böyük günahdır.)
28\. Bilin ki, mal-dövlətiniz və övladınız yalnız bir sınaq vasitəsidir. Ən böyük mükafat məhz Allah yanındadır!
Ayələrin nazilolma səbəbi.
Bu ayələrin nazilolma səbəbi haqqında müxtəlif rəvayətlər nəql olunmuşdur. O cümlədən İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşlar: Peyğəmbər (s) Bəni-Qüreyzə yəhidilərini mühasirəyə almağı əmr etdi. Mühasirə iyirmi bir gün davam etdi. Sonda Bəni-Qüreyzə Mədinədə yaşayan digər yəhudi tayfası olan Bəni-Nəzir kimi sülh təklif etməyə vadar oldu. Onlar sülh təklifindən istifadə edərək Mədinədən Şama köçmək niyyətində idilər.
Peyğəmbər (s) onların təklifini rədd etdi. Bəlkə də, bu, onların öz təkliflərinə sadiq qalıb-qalmayacağı şübhə doğurduğu üçün idi. Peyğəmbər (s) buyurdu: "Onlar Səd ibn Məazın hakimliyini qəbul etməlidirlər."
Bəni-Qüreyzə tayfası Peyğəmbərdən (s) Əbu Lübabəni onların yanına göndərməyi xahiş etdi. Əbu Lübabə Bəni-Qüreyz yəhudiləri ilə dostluq edir, ailəsi, övladları və əmlakı onların yanında əmanət idi.
Peyğəmbər (s) bu təklifi qəbul etdi və Əbu Lübabəni Bəni-Qüreyzǝ tayfasının yanına göndərdi. Yəhudilər Səd ibn Məazın hakimliyini qəbul edib-etməmələri haqqında onunla məsləhətləşdilər. Əbu Lübabə öz boğazına işarə edib bildirdi ki, Səd ibn Məazın hakimliyini qəbul etsəniz, hamınız öləcəksiniz.
Əbu Lübabə deyir: İlk addımdan Allah və Onun Peyğəmbərinə (s) xəyanət etdiyimi başa düşdüm.
Yuxarıdakı ayələr onun haqqında nazil olmuşdur.
Bu zaman Əbu Lübabə pərişan oldu və özünü Peyğəmbər (s) məscidinin sütünlarından birinə bağlayıb dedi: "And olsun Allaha! Allah tövbəmi qəbul etməsə, ölənə qədər nə yemək yeyəcəyəm, nə də su içəcəyəm.
Beləliklə, yeddi gün keçdi. O, nə yemək yeyir, nə də su içirdi. Birdən huşunu itirib yerə yıxıldı və Allah onun tövbəsini qəbul etdi. Möminlərin vasitəsi ilə Əbu Lübabənin tövbəsinin qəbul olunması ona çatdırıldı. Lakin o and içib bildirdi ki, şəxsən Peyğəmbər (s) gəlib onu sütundan açmasa, özünü azad etməyəcək. Beləliklə, Peyğəmbər (s) gəlib onu sütundan açdı. Əbu Lübabə dedi: "Tövbəmi təkmilləşdirmək üçün günah etdiyim evdən və bütün əmlakımdan imtina edəcəyəm." lo Peyğəmbər (s) buyurdu: “Əmlakının üçdə birini Allah yolunda sədəqə verməyin kifayətdir."
Ayələrin nazilolma səbəbi haqqında olan bu fikirlər sünni kitablarında da öz əksini tapmışdır. Lakin bəzi təfsirçilər - ayələr Bədr hadisələri ilə bağlı olduğundan və Bəni-Qüreyzə hadisəsi Bədr döyüşündən uzun müddət sonra baş verdiyindən həmin ayələrin Bəni-Qüreyzə yəhudilərinə aid edilməsini uyğun görmürlər. Elə bu səbəbdən bildirirlər ki, yuxarıda qeyd olunan rəvayətlərə görə, Əbu Lübabənin sərgüzəşti ayənin nümunələrindən biri ola bilər. Bu fikir ayənin Bəni-Qüreyzə hadisələri zamanı nazil olması anlamına gəlmir. Bu hala digər ayələrin nazilolma səbəbində də rast gəlinir. Məsələn, bəzi kitablarda bir neçə səhabədən hansısa ayənin Osmanın qətli ilə bağlı nazil olduğunu oxuyuruq, halbuki Osmanın qətli Peyğəmbərin (s) vəfatından illər sonra baş vermişdir.
Belə bir ehtimal da verilmişdir ki, ayə Bəni-Qüreyzə hadisələrində nazil olmuşdur. Lakin Bədr döyüşündə nazil olan ayələrə uyğun olduğu üçün Peyğəmbərin göstərişi ilə həmin ayələrin sırasında qeyd olunmuşdur.
Ayələrin təfsiri.
Xəyanət və onun mənbəyi.
Allah ilk ayədə möminlərə xitab edərək buyurur: "Ey iman gətirənlər! Allaha və Peyğəmbərə xəyanət etməyin".
Allah və Peyğəmbərə (s) xəyanət müsəlmanların hərbi sirrini başqalarına verməkdən ibarətdir, yaxud düşmənləri mübarizədə gücləndirməkdir. Və ya vacib, haram və ümumiyyətlə, ilahi qanunları arxa plana atıb əməl etməməkdir.
İbn Abbasdan nəql olunmuşdur: İslamın göstərişlərindən birini tərk edən şəxs, sanki, Allah və Peyğəmbərə (s) xəyanət etmişdir.
Allah-taala daha sonra buyurur: "habelə aranızda olan əmanətlərə də xəyanət etməyin!”
Xəyanət insanın hər hansısa haqqı ödəyəcəyinə söz verib ödəməkdən boyun qaçırmasına deyilir. Bu sözün antonimi “əmanət” sözüdür. “Əmanət” deyilərkən adətən maliyyə əmanətləri nəzərdə tutulsa da, Quran məntiqində bu sözün çox geniş mənası vardır, həyatın bütün sosial, siyasi və əxlaqi sferalarını əhatə edir. Bu baxımdan hədisdə də deyilir:
# أَلْمَجالس بالامانة
"Bir məclisdə xüsusi olaraq danışılmış söz əmanətdir."
Başqa bir hədisdə deyilir:
# إذا حَدَّثَ الرَّجُلُ بِحَدِيثِ ثُمَّ الْتَفَتَ فَهُوَ أَمَانَةٌ
"Birinə söz danışarkən (başqasının eşidib-eşitmədiyini öyrənmək üçün) ətrafına baxan şəxsin sözü əmanətdir."
Buna görə də İslamın suyu və torpağı müsəlmanların əlində ilahi əmanətdir. Onların övladları da əmanətdir. Allahın iki böyük əmanəti hesab edilən Quran və onun təlimatları əmanətlərin ən üstünü hesab edilir.
Bəzi alimlər qeyd etmişlər: Allahın əmanəti Onun dini, Peyğəmbərin (s) əmanəti sünnəsi, möminlərin əmanəti isə əmlakı və sirləridir. Lakin yuxarıdakı ayənin bəyan etdiyi əmanət əmanətin bütün növlərinə şamildir.
Hər halda, əmanətə xəyanət əməllərin ən mənfuru, günahların ən çirkinidir. Əmanətə xəyanət edən münafiqdir. Peyğəmbər (s) buyurmuşdur:
# آيَةُ الْمُنافِقِ ثَلاثُ إِذا حَدَّثَ كَذَبَ وَ إِذا وَعَدَ أَخْلَفَ وَ إِذَا ائْتُمِنَ حَانَ وَ إِنْ صَامَ وَ
# صَلِّي وَ زَعَمَ أَنَّهُ مُسْلِمٌ
"Münafiqin üç əlaməti var: yalan danışar; verdiyi vədə xilaf çıxar, yanında nəyisə əmanət qoysan, xəyanət edər. Oruc tutsa, namaz qılsa, özünü müsəlman hesab etsə belə (bu cür şəxs münafiqdir.)"
Əmanətə xəyanəti tərk etmək insan hüquqlarından hesab edilir. Yəni əmanətin sahibi qeyri-müsəlman da olsa, əmanətinə xəyanət etmək olmaz.
Ayənin sonunda buyurulur: "Bilərəkdən. (xəyanət etməyin)".
Əbu Lübabənin xəyanəti kimi əməllər nadanlıq və səhv ucbatın- dan baş vermir. Çünki var-dövlət və övladlara məhəbbət, həmçinin şəxsi mənfəətin qorunması kimi istəklər bəzən həssas bir anda insanın göz və qulağını örtür. Və insan Allah və Peyğəmbərə (s) xəyanət edir. Bu, həqiqətdə, bilərəkdən xəyanət etməkdir. Lakin Əbu Lübabə kimi vaxtında ayılıb səhvi düzəltmək çox əhəmiyyətlidir.
Növbəti ayə müsəlmanlara xəbərdarlıq edir ki, maddi işlərə bağlılıq və ötəri şəxsi mənfəətlər onların göz və qulaqlarına pərdə çəkib yaşadıqları cəmiyyəti təhlükəyə salacaq, ona görə də gərək xəyanətlərə düçar olmasınlar.
"Bilin ki, mal-dövlətiniz və övladınız yalnız bir sınaq vasitəsidir."
( وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ)
"Fitnə" (keçən səhifələrdə də qeyd etdiyimiz kimi) bu kimi hallarda imtahan vasitəsi mənasında işlənir. Həqiqətdə, insanın iman və küfrü, şəxsiyyət və şəxsiyyətsizliyi və onların insani dəyərlərinin ölçüsü bu iki sınaq vasitəsi ilə ölçülür.
Var-dövlət əldə etmək, sahib olduğu malı xərcləmək, onları saxlamaq qaydası və onlara bağlılığın miqdarı kimi işlərin hamısı insanın sınağa çəkildiyi meydandır.
Bir çox insanlar ibadət baxımından normal, dindarlığa iddialı, hətta bəzi vaxtlar müstəhəb işlərin yerinə yetirilməsində çox ciddi olsalar da, maliyyə məsələləri ortaya çıxdıqda hər şeyi kənara qoyur, ilahi qanunlar, humanizm, haqq-ədaləti unudurlar. Zahirdə dinə, humanizmə və əxlaqi məsələlərə bağlı olan insanların bəzisi övladlarına görə, sanki, gözləri qapanır və hər şeyi yaddan çıxardırlar. Övlada olan məhəbbət haramı halal, halalı haram etməyə səbəb olur. Övladının gələcəyini təmin etmək üçün əllərindən gələni edir və istənilən hüququ pozmağa hazır olurlar.
Hər birimiz sözügedən iki böyük sınaq meydanında özümüzü Allaha həvalə etməli və diqqətli olmalıyıq. Çünki çoxları bu meydanda büdrəmiş və özlərinə əbədi lənət qazanmışlar.
Allah-taala ayənin sonunda bu imtahan meydanından qələbə ilə çıxanlara bəşarət (müjdə) verərək buyurur: “Ən böyük mükafat məhz Allah yanındadır!”
وَأَنَّ اللَّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ
Övlada sevgi nə qədər böyük, var-dövlət insan üçün nə qədər əhəmiyyətli olsa da, yenə də ilahi mükafat onlardan daha böyük, ali va yüksəkdir.
Bu müzakirələrin nəticəsində aşağıdakı suallar yarana bilər: Allah-taala bu qədər geniş elmə malik olduğu halda, nə üçün insanları sınağa çəkir?
Allahın imtahanı nə üçün ümumidir və hətta peyğəmbərlərə də şamil olunur?
Bu kimi imtahanların detalları hansılardır və qələbə yolu hansıdır? Bütün bu sualların cavabı “Təfsiri-nümunə"nin 1-ci cildi, “Bəqərə surəsinin 155 və 157-ci ayələrinin təfsirində verilmişdir.