Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 11
Ənfal surəsi, 29-cu ayə
Ənfal surəsi, 29-cu ayə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ .٢٩
Ayənin tərcüməsi
29\. Ey iman gətirənlər! Əgər Allahdan (Ona qarşı çıxmaqdan) çəkinsəniz, O, sizə haqla nahaqqı ayırmaq üçün bir vasitə (sayəsində haqla batili bir-birindən ayıra biləcəyiniz bəsirət) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf və mərhəmət sahibidir!
Ayənin təfsiri.
İman və bəsirət.
Keçən ayələrdə insanın maddi və mənəvi səadətini təmin edəcək bir sıra göstərişlər verildi. Lakin onları yalnız təqva sayəsində həyata keçirtmək mümkündür. Bu səbəbdən yuxarıdakı ayədə təqvanın əhəmiyyəti və insanın aqibətində olan roluna işarə olunmuşdur.
Ayədə təqva üçün dörd nəticə və bəhrə bəyan olunmuşdur.
1\. "Ey iman gətirənlər! Əgər Allahdan (Ona qarşı çıxmaqdan) çəkinsəniz, O, sizə haqla nahaqqı ayırmaq üçün bir vasitə verər."
يا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَتَّقُوا اللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانَاً
(Furqan) sözü (fərq) sözünün mübaliğə formasıdır və burada "haqqı batildən ayıran” mənasında işlənmişdir.
Bu qısa, lakin olduqca mənalı ifadə insanın taleyini həll edən məsələlərdən birini bəyan etmişdir:
Həmişə insanın qələbəyə doğru irəlilədiyi istiqamətdə uçurumlar olur. İnsan onları görmədən, tanımadan və gözlənilən təhlükədən çəkinmədən yoluna davam edərsə, elə tənəzzül edər ki, əsər-əlamət belə qalmaz. Bu yolda əsas məsələ haqq və batili, yaxşı və pisi, dost va düşməni, xeyir və ziyanı, həmçinin səadət və bədbəxtliyin amillərini tanımaqdır. Bu həqiqətləri tanıdıqdan sonra məqsədə çatmaq daha asan olacaqdır.
Belə yerlərdə əsas problem batili haqq sanmaq, düşməni dost bilmək və düz yol əvəzinə əyri yolu seçməkdir. Ona görə də güclü dərrakə və fövqəladə bəsirətə ehtiyac vardır.
Ayə buyurur: Bu dərk və bəsirət təqva ağacının səmərəsidir. Lakin günahdan çəkinmək üçün insana belə bir bəsirət verə bilən təqva hansıdır? İnsanın ağıl və şüuru həqiqətlərin dərki üçün kifayət qədər hazırlıqlıdır. Lakin tamah, şəhvət, xudpəsəndlik, həsəd, var-dövlət, övlad və həyat yoldaşına ifrat dərəcədə sevgi və şöhrətpərəstlik qara bulud kimi ağlın qarşısında pərdə çəkir. Yaxud toz-torpaq kimi ətrafı bürüyür və bununla da haqla batili ayırd etmək çətinləşir. Lakin təqva vasitəsi ilə toz-dumanı və qara buludu kənarlaşdırıb haqqın çöhrəsinə baxmaq mümkündür.
Şair deyir:
Yarın camalını görmək üçün heç bir hicab, pərdə yoxdur.
Lakin sən onu görmək üçün keçdiyi yolun toz-torpağını yatırt. Başqa bir şair deyir:
Həqiqət bəzənmiş bir saraydır, həva-həvəs (nəfsani istəklər) isə oranı bürümüş toz-torpaq.
Bilmirsənmi ki, toz-torpaq olan yerdə insan baxsa da, bir şey görə bilməz.
Harda kamal varsa, deməli, haqqın kamalından ayrılmış nurdur. İnsan haqqa yaxınlaşdıqca mütləq kamal tərəfindən daha güclü nur şüası onun vücuduna (varlığına) işıq saçır. Buna görə də Onun elmi bütün elm və biliklərin mənbəyidir. İnsan təqva vasitəsi ilə günahdan çəkinib Ona yaxınlaşdıqca və öz varlığını Onun hədsiz dəryasına bağladıqca həmin elmdən daha artıq pay alacaqdır.
Başqa sözlə desək: İnsanın qəlbi güzgü, Allah-taalanın varlığı isə günəş kimidir. Əgər bu güzgünü şəhvət toz-torpağı tutarsa, heç bir nuru özündə əks etdirə bilməyəcəkdir. Amma təqva nuru sayəsində təmizlənərsə, günəşin gözqamaşdırıcı şüasını əks etdirib hər yeri işıqlandıracaqdır. Bu səbəbdən tarix boyu pəhrizkar insanların həyatında elə bəsirət məqamları müşahidə olunmuşdur ki, onu heç vaxt adi elm və bilik yolu ilə əldə etmək mümkün deyildir. Onlar sosial xaosun arasında mənşəyi bilinməyən hadisələri tanıyır və haqq düşmənlərinin mənfur simasını (çöhrəsini) minlərlə aldadıcı pərdənin arxasından görürdülər.
Təqvanın, insanların baxış və dərkində qoyduğu bu kimi fövqəladə təsiri bir çox rəvayət və ayələrdə də qeyd olunmuşdur. O cümlədən “Bəqərə surəsinin 282-ci ayəsində oxuyuruq:
“Allahdan qorxun. Allah sizə öyrədir."
اتَّقُوا اللهَ وَيُعَلِّمُكُمُ الله
Məşhur rəvayətdə deyilir:
"Mömin insan, (həqiqətləri) Allahın (verdiyi bəsirət) nuru ilə görür."
الْمُؤْمِنُ يَنْظُرُ بِنُورِ اللهِ
Həzrət Əlinin (ə) Nəhcül-bəlağədə nəql olunmuş qısa kəlamlarının birində oxuyuruq:
# أَكْثَرُ مَصارِعِ الْعُقُولِ تَحْتَ بُرُوقِ الْمَطَامِعِ
"Ağlın məğlubiyyəti onun gözünü kor edən tamah ucbatındandır.”
Rasional yanaşdıqda da təqva ilə həqiqət arasındakı bağlılığı dərk etmək mümkündür. Çünki arzu, tamah və ehtiras əsasında idarə olunan və təbliğat maşını həmin istiqamətdə hərəkət edən cəmiyyətlərdə haqqı batildən və yaxşını pisdən ayırmaq insanların əksəriyyəti üçün mümkünsüzdür. Deməli, təqvaya əməl etməmək (təqvasızlıq) tanıya bilməməyin, yaxud düzgün tanımamağın əsas mənbəyidir. Məsələn, təqvaya riayət olunmayan ailədə uşaqlar qeyri-sağlam bir mühitdə tərbiyə olunur və uşaqlıq dövründən fəsada adət etdiklərindən böyüyəndə yaxşı ilə pisi ayırd etmək onlar üçün çətinləşir.
Ümumiyyətlə, güc və enerjinin işə düşməsi və bu kimi sərmayǝlərin günah yolunda xərclənib hədər getməsi insanların zəngin həyat tərzi yaşamasına baxmayaraq, məlumat və dərk baxımından aşağı səviyyədə, həmçinin məntiqsiz düşüncələrə sahib olmalarına səbəb olur. Bu səbəbdən təqvasızlıq bir növ məlumatsızlığın və ya düzgün tanımamağın mənşəyidir. Buna görə də hazırkı texnoloji dünyada bəzi cəmiyyətlərlə rastlaşırıq ki, elm və sənaye baxımından inkişaf etsələr də, gündəlik şəxsi həyatlarında insanı təəccübləndirən nizam-intizamsızlığa və qorxunc ziddiyyətə düçar olduqlarını müşahidə edirik. Bütün bunlar Quranın ayədə buyurduğu cümlənin əzəmətini aydınlaşdırır.
Təqvanın məfhumu yalnız praktiki təqva (əməli təqva) ilə məhdudlaşmır. Onun həm də intellektual təqvanı (əqli təqvanı) əhatə etdiyini nəzərə aldıqda bu həqiqət daha da aşkar olur.
İntellektual səhlənkarlıq müqabilində intellektual təqva dedikdə mütaliə zamanı doğru sənədlər və orijinal mövzunu araşdırmaq və yetərincə araşdırma aparmadan hər hansı bir məsələ haqqında fikir bildirməmək nəzərdə tutulur. Şübhəsiz ki, intellektual təqvaya riayət edənlər rahat şəkildə nəticə əldə edirlər. Lakin mövzu seçimində və istidlal yolunda səhlənkarlıq edənlər böyük xətalara yol verirlər.
Müsəlmanlar arasında təhrifə uğramış və həmişə diqqətdə saxla- nılması lazım olan məsələlərdən biri də budur ki, bir çox insanlar bədən və libasını tez-tez suya çəkən, hər şeydən şübhələnib nəcis sayan, sosial məsələlərdən təcrid olunan, ağdan qaraya ǝl vurmayan və bütün məsələlərdə sükut edən şəxsin təqvalı olduğunu düşünür. Təqvanın bu kimi səhv şərhi, həqiqətdə, islami cəmiyyətin tənəzzülə uğramasının amillərindən biridir. Çünki belə bir təqva nə oyanış yaradar, nə də haqla batili ayırd etmək üçün bəsirət hasil edər.
Təqva sahiblərinə verilən ilk mükafat aydınlaşdığı üçün ayənin davamının və ötən səhifələrdə dediyimiz dörd mükafatın təfsirinə davam edirik.
Quran buyurur: Pəhrizkarlığın nəticəsi sayılan haqla batili ayırd etməkdən əlavə sizin “günahlarınızın üstünü örtər." Həm də “sizi bağışlayar.”
وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
“Allah böyük lütf və mərhəmət sahibidir“.
Bu dörd bəhrə təqva ağacının meyvəsidir.
"Günahlarınızın üstünü örtər” cümləsi ilə “sizi bağışlayar" cümləsinin arasında fərqə gəlincə isə bəzi təfsirçilərə görə, “günahların üstünü örtmək” dünyada, "bağışlamaq" isə axirətdə cəzadan xilas olmaqdır.
Lakin digər bir nəzəriyyəyə əsasən, “günahların üstünün örtülməsi” dedikdə təqva sayəsində günahların psixoloji və sosial təsirinin aradan getməsi, "bağışlamaq və ğufran" dedikdə isə Allah-taalanın bağışlaması və cəzadan azad etməsi nəzərdə tutulur.