Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 12
Yusuf surəsi, 39-42-ci ayələr
Yusuf surəsi, 39-42-ci ayələr
يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ .٣٩
مَا تَعْبُدُونَ مِنْ دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ .٤٠
يَا صَاحِبَيِ السِّجْنِ أَمَّا أَحَدُكُمَا فَيَسْقِي رَبَّهُ خَمْرًا وَأَمَّا الْآخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ الطَّيْرُ مِنْ رَأْسِهِ قُضِيَ الْأَمْرُ الَّذِي فِيهِ تَسْتَفْتِيَانِ .٤١
وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنِي عِنْدَ رَبِّكَ فَأَنْسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ .٤٢
Ayələrin tərcüməsi
39\. Ey mənim zindan yoldaşlarım! Pərakəndə tanrılar yaxşıdır, yoxsa tək olan qalib Allah?
40\. Ondan başqa ibadət etdiyiniz bu məbudlar sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlarla bağlı heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. Ondan başqasına ibadət etməməyinizi əmr etmişdir. Doğru və sabit din budur, lakin insanların çoxu (bunu) bilmir.
41\. Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını yeyəcəklər. Haqqında soruşduğunuz məsələ qəti və labüddür”.
42\. O iki nəfərdən (birinin) xilas olacağına əmin olduğuna dedi: “Sahibinin (Misir şahının) yanında məni yada sal!” Lakin şeytan ona sahibinin yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.
Ayələrin təfsiri.
Zindan, yoxsa tərbiyələnmə məkanı?
Həzrət Yusuf (ə) keçmiş hadisələri xatırlatmaqla o iki şəxsin qəlbini həqiqətləri qəbul etməyə hazırladığı zaman üzünü onlara tutub dedi: "Ey mənim zindan yoldaşlarım! Pərakəndə tanrılar yaxşıdır, yoxsa tək olan qalib Allah?”.
ياصاحِبَيالسِّجْنِأَأَرْبَابٌمُتَفَرِّقُونَخَيْرٌأَمِاللَّهُالْواحِدُالْقَهَّارُ
Sanki Yusuf (ə) onlara başa salmaq istəyir ki, nə üçün siz azadlığı ayıqlıqda deyil, yuxuda görürsünüz? Sizin bütpərəstlik və şirkinizdən qaynaqlanan pərakəndəlik, təfriqə və nifaqınız zalımların sizə hakim olmasına gətirib çıxarmamışdırmı? Nə üçün siz tövhid bayrağı altında toplanmır və tək və qəhhar olan Allaha pərəstiş etmirsiniz ki, sizi günahsız olduğunuz halda, ittiham edib zindana atan bu zalımları öz cəmiyyətinizdən qovasınız?
Sonra əlavə etdi: "Ondan başqa ibadət etdiyiniz bu məbudlar sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir".
ماتَعْبُدُونَمِنْدُونِهِإِلَّاأَسْمَاءًسَمَّيْتُمُوهَاأَنْتُمْوَآبَاؤُكُمْ
"Allah onlarla bağlı heç bir dəlil nazil etməmişdir".
“Hökm yalnız Allahındır”.
Həmin səbəbdən siz bu zalımlar qarşısında təzim edib baş əyməməlisiniz.
Sonra daha artıq təkid üçün o, belə deyir: "Ondan başqasına ibadət etməməyinizi əmr etmişdir”.
(أَمَرَأَلَّاتَعْبُدُواإِلَّاإِيَّاهُ)
“Doğru və sabit din budur!"
Yəni tövhid bütün cəhətdən ibadətdə, cəmiyyətə hakimiyyətdə, mədəniyyət və hər bir şeydə birbaşa Allaha əsaslanan dindir.
"Lakin insanların çoxu (bunu) bilmir".
Həmin xəbərsizlikdən insanlar şirk vadisində sərgərdan olur və Allahdan başqasının hakimiyyətinə boyun əyirlər. Nəticədə, həmin istiqamətdə onları həddən artıq əziyyət və bədbəxtlik bürüyür. Həzrət Yusuf (ə) iki zindan yoldaşını istiqamətləndirdikdən və onları tövhidin müxtəlif məsələlərinə dəvət etdikdən sonra onların yuxusunu yozmağa başladı. Çünki əvvəldən onlar həmin məqsədlə Yusufun (ə) yanına gəlmişdilər və o da yuxunu yozacağına söz vermişdi. Amma o, fürsəti qənimət bilib tövhid və şirklə mübarizə barədə gözəl və yeni bir fəsil açdı. "Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını yeyəcəklər”.
ياصاحبيالسِّجْنِأَمَّاأَحَدُكُمافَيَسْقِيرَبَّهُخَمْراًوَأَمَّاالأخَرُفَيُصْلَبُفَتَأْكُلُالطَّيْرُمِنْرَأْسِهِ
Onların gördüyü yuxulardan hansının azad və hansının da dar ağacından asılacağının təqribən məlum olmasına baxmayaraq, Yusuf (ə) onun yozumunu aşkarcasına söyləmək istəmədi və həmin səbəbdən “sizlərdən biri” deyə ifadə etdi. Sonra sözlərinə təkid üçün əlavə etdi: “Haqqında soruşduğunuz məsələ qəti və labüddür”.
Bu, onun sadə bir yuxunun yozumu olmadığına, eynilə ilahi təlimləəldə edilən qeybi xəbərlərdən olmasına işarədir və burada şübhəyə yer yoxdur.
Əksər təfsirlərdə bu cümlənin izahında belə qeyd edilmişdir ki, bu xoşagəlməz xəbəri eşidən ikinci şəxs öz sözlərini inkar edərək dedi: "Mən yalan deyirdim. Mən belə bir yuxu görməmişəm, zarafat eləyirdim”.
O, elə güman edirdi ki, öz yuxusunu inkar eləsə, taleyi dəyişəcək. Bu səbəbdən də Yusuf (ə) onun sözlərindən sonra dedi: "Barəsində soruşduğunuz şey dəyişilməzdir”. Belə bir ehtimal da var ki, Həzrət Yusuf (ə) öz yuxusunun yozumunda həddən artıq qətiyyətli olduğundan bu cümləni təkid ünvanında söylədi. Bu iki nəfərin tezliklə ondan ayrılacağını hiss etdiyindən onların azadlığı azacıq da olsa, əldə etməsi və söylədikləri günahlardan paklaması üçün dedi: “O iki nəfərdən (birinin) xilas olacağına əmin olduğuna dedi: "Sahibinin (Misir şahının) yanında məni yada sal”.
(وَقالَلِلَّذِيظَنَّأَنَّهُناجِمِنْهُمَااذْكُرْنِيعِنْدَرَبِّكَ)
Ola bilsin ki, Misir şahı məsələni araşdırar və mənim günahsız olmağım sübuta yetər.
Amma bu unutqan qulam aztutumlu şəxslərdə olan "nemət əldə etdikdə nemət sahibini yaddan çıxarmaq" ənənəsinə uyğun olaraq, Yusufun (ə) məsələsini tamamilə unutdu. Quranda belə buyurulur: "Lakin şeytan ona sahibinin yadına salmağı unutdurdu".
“Və o, zindanda bir neçə il də qaldı".
(şeytan ona unutdurdu) sözündəki “hu” əvəzliyinin şahın saqisinə (şərabpaylayan), yoxsa Həzrət Yusufa (ə) qayıtması barədə təfsirçilər arasında fikirayrılığı vardır. Təfsirçilərin çoxu onu Həzrət Yusufa (ə) qaytarır. Beləliklə, həmin cümlənin mənası belə olacaq: "Şeytan Allahı xatırlamağı Yusufun (ə) yadından çıxartdı, həmin səbəbdən o, başqasından yardım istədi". Lakin əvvəlki "Məni sahibinin yanında yada sal!" cümləsinə diqqət yetirməkləəvəzliyin saqiyə qayıtması və “rəb” sözünün hər iki yerdə bir mənada olması aydınlaşır. Bundan əlavə, həmin surənin gələcək ayələrində saqi barəsində işlənən (Bir müddət sonra yadına düşdü) cümləsi əvəzliyin Yusufa (ə) deyil, ona qayıtdığını bildirir.
Əvəzliyin Yusufa (ə) və ya başqasına qayıdıb-qayıtmamasından asılı olmayaraq, Yusufun (ə) burada nicat tapması üçün başqasından yardım istəməsi məsələsində şəkk yoxdur. Əlbəttə, zindandan və digər çətinliklərdən xilas olmaq üçün çalışmaq adi insanlar üçün əhəmiyyət daşımır və təbii vasitələrə təvəssül etmək sayılır. Lakin nümunəvi şəxslər və imanın ali səviyyəsində olan kəslər üçün bu məsələ iradsız deyil. Bəlkə də, həmin səbəbdən Allah-taala bu tərki-övlanı Həzrət Yusufa (ə) bağışlamadı və ona görə zindanda qalma müddəti davam etdi.
Peyğəmbərdən (s) nəql edilən rəvayətdə oxuyuruq: "Mən qardaşım Yusufa (ə) təəccüb edirəm ki, necə xaliqə deyil, məxluqa pənah apardı və yardım istədi?!"
Başqa bir hədisdə İmam Sadiqdən (ə) belə oxuyuruq: “Bu hadis- ədən sonra Cəbrail Yusufun (ə) yanına gəlib dedi: "Kim səni camaatın ən yaraşıqlısı yaratmışdır?"
Dedi: "Rəbbim”.
Dedi: "Kim atanın qəlbində sənin sevgini yerləşdirmişdir?” Dedi: "Rəbbim".
Dedi: "Kim karvanı sənə tərəf göndərdi ki, o quyudan xilas olasan?" Dedi: "Rəbbim".
Dedi: "Quyunun başından daş atan kəsləri kim səndən uzaqlaşdırdı?” Dedi: "Rəbbim".
Dedi: "Kim səni quyudan xilas etdi?"
Dedi: "Rəbbim".
Dedi: "Misir qadınlarının hiyləsini kim səndən uzaqlaşdırdı?” Dedi: "Rəbbim".
Bu yerdə Cəbrail belə dedi: "Rəbbin deyir ki, hacətini Mənə deyil, məxluqa söyləməyinə nə səbəb oldu? Həmin səbəbdən bir neçə il də zindanda qalmalısan”.
İncəliklər:
1\. Zindan hidayət mərkəzidir, yoxsa fəsad mərkəzi?
Zindanın dünyada həddən artıq kədərli və qəmli bir tarixçəsi vardır. Ən pis vəən yaxşı insanlar - onların hər ikisi zindana atılmışdır. Həmin səbəbdən zindan həmişə özünüislah üçün ən yaxşı yer, yaxud ən pis şeyləri öyrənmək mərkəzi olmuşdur. Cinayətkarların bir yerə toplaşdığı zindanlar həqiqətdəən ali fəsad mərkəzi hesab olunur. Belə zindanlarda onlar təxribatçılıq planları cızır və öz təcrübələrini paylaşırlar. Həqiqətdə hər bir cinayətkar digərinə öz xüsusi dərsini keçir. Bu səbəbdən də zindandan çıxdıqdan sonra öz işini əvvəlkindən də məharətli və yaxşı şəkildə, özü də mütəşəkkil formada və vəhdət qorumaqla davam etdirir. Əlbəttə, nəzarətçilərin bu məsələdən ehtiyatlı olması və onları istiqamətləndirmə və tərbiyələndirməklə adətən enerjili və istedadlı olan bu fərdləri saleh və faydalı ünsürə çevirməsi halları istisnadır.
Amma pak, günahsız və xeyirxah, haqq yolunda mübarizə aparan insanlardan təşkil edilmiş zindanlar etiqadi təlimlərin verildiyi vəəməli mübarizə metodlarının öyrədildiyi yerdir. Bu cür zindanlar haqq yolunun mübarizlərinə azadlıqdan sonra mütəşəkkilləşmək üçün yaxşı fürsətlər yaradır. Misir əzizinin hiyləgər, nəfsinə tabe olan qadını kimi bir qadına qalib gələn Yusuf (ə) zindan mühitini hidayət, təlim və tərbiyə mühitinə çevirməyə, hətta özü və digərlərinin azadlığını bu proqramlar əsasında qurmağa çalışırdı.
Bu macəra bizə istiqamətləndirmə, təlim-tərbiyə məsələlərinin məscid, məktəb və sair kimi yerlərlə məhdudlaşmadığını, əksinə, hər bir fürsətdən, hətta zindanda əsarət zəncirləri altında olduqda belə, bu məqsədlər üçün istifadə edilməsi kimi mühüm bir dərsi öyrədir. Qeyd etməliyik ki, Yusufun (ə) zindanda qalma müddəti barədə ixtilaf vardır, lakin məşhur nəzər onun cəmi yeddi il zindanda qalmasıdır. Amma bəziləri onun zindandakı iki nəfərin yuxusundan öncə beş il zindanda qaldığını və sonra da bu müddətin yeddi il davam etdiyini söyləmişlər. Həmin illər çətin və məşəqqətli olsa da, istiqamətləndirmə və quruculuq baxımından həddən artıq bərəkətli olmuşdu.
2\. O yerdə ki xeyirxah insanlar dar ağacından asılır.
Maraqlıdır ki, bu dastanda oxuyuruq: “Yuxuda padşaha şərab badəsini verdiyini görən şəxs zindandan azad edildi və başında çörək səbəti daşıdığını və quşların həmin çörəkdən yediyini görən şəxs də dar ağacından asıldı”.
Bu sözlərin məfhumu fasid və zalım rejim mühitində nəfsi istəklərini əldə edənlərin azadlığa malik olması və cəmiyyətə xidmət edib ona yardım göstərən və onlara çörək vermək yolunda addımlayan kəslərin isə yaşamaq haqqına malik olmaması və ölməli olduğu anlamında deyilmi?
Fasid bir rejimin hakim olduğu cəmiyyətin və orada yaşayan yaxşı və pis insanların taleyi bu cürdür. Həzrət Yusufun (ə) ilahi vəhy və yuxu- yozma elminə istinad edərək belə bir proqnoz verməsinə baxmayaraq, heç bir yuxuyozan öz yozumlarında bu cür mütənasibliyi nəzərindən qaçıra bilməz. Həqiqətdə belə bir cəmiyyətə xidmət etmək günah, xəyanət və günah isə savab hesab olunur.
3\. Ən böyük azadlıq dərsi.
Həzrət Yusufun (ə) zindandakılara tövhid və təkallahlıq dərsi verdiyini gördük. Belə ki həmin dərslərin məhsulu azadlıq və müstəqillik idi.
O, bilirdi ki, - fərqli ağalar, müxtəlif məbudlar, pərakəndə hədəflər cəmiyyətdə təfriqənin qaynağıdır və pərakəndəlik olduğu müddətdə zalımlar camaata hakim olacaqlar. Bu səbəbdən də Həzrət Yusuf (ə) onların kökünü kəsmək üçün kəskin tövhid qılıncından istifadə etməyə göstəriş verdi ki, azadlığı yuxuda görməyə məcbur olmasınlar, əksinə, onu ayıqlıqda müşahidə etsinlər. Məgər camaatın boynuna minmiş olan cəmiyyətdəki zalımlar bir neçə nəfərdən artıqdırmı və camaat onlarla mübarizə aparmağa qadir deyilmi? Onlar məhdud saydadırlar. Məgər onlar təfriqə və nifaq yaratmaq, cəmiyyətin mütəşəkkil qüvvəsini ayırmaqdan başqa digər bir şeyləmi böyük insan kütləsinə hakimliyi ələ almışdırlar?
Şübhəsiz, millətlər tövhidin qüdrəti və sözün vəhdəti ilə tanış olduqları və hamılıqla tǝkallahlılıq bayrağının altında toplanacaqları, eləcə də özlərinin əzəmətli qüdrətini anlayacaqları gün onların (zalımların) məhv olduğu gündür. Bu dərs bizim bu günümüz, sabahımız və bütün bəşər cəmiyyətindəki insanlar və tarix üçün önəmli bir dərsdir.
Xüsusilə də Həzrət Yusufun (ə) (Hökm və hakimiyyət yalnız Allaha məxsusdur!) dediyini nəzərə aldıqda tövhid və təkallahlılıq dərsinin əhəmiyyəti anlaşılır.
Bundan sonra Həzrət Yusuf (ə) təkid edir: “Allah əmr etmişdir ki, yalnız Ona ibadət edin!”.
Daha sonra o, davamlı olaraq deyir ki, (Sabit və düzgün olan din bu cürdür).
Lakin o, ayənin sonunda bunu da deyir ki, bütün bu xüsusiyyətlərə baxmayaraq, təəssüflər olsun ki, insanların çoxu ondan xəbərsizdir. Beləliklə, əgər insanlar düzgün təlim alsalar, xəbərdar olsalar və tövhidin həqiqəti onlarda dirçəlsə, bu çətinlikləri həll olacaq.
4\. İslahedici bir şüardan sui-istifadə.
Quranda müsbət bir şüar olan və Allahdan qeyrisinə yönəldən hər bir hakimiyyəti inkar edən (Hökm yalnız Allaha məxsusdur!) şüarından, təəssüflər olsun ki, tarix boyu sui-istifadə edilmişdir. Bildiyimiz kimi, axmaq və düşüncəsiz camaat olan Nəhrəvan xəvaricləri "Siffeyn” döyüşündə hökuməti inkar etmək üçün bu şüardan yapışmış və demişlər:
"Döyüşü dayandırmaq üçün həkəm (hakim) və ya xəlifə təyin etmək günahdır, çünki Allah-taala buyurur:
إِنِالْحُكْمُإِنَّالله
"Hökumət və hakimlik yalnız Allaha məxsusdur!"
Ya onlar aşkar olan bu məsələdən qafil idilər, ya da özlərini bilməməzliyə vururdular ki, əgər hökumət hakimiyyətləri Allah tərəfindən təyin edilmiş rəhbərlər tərəfindən olsa, onların da hökmü Allahın hökmüdür, çünki sonunda Allahla əlaqələnir.
Hakimlərin "Siffeyn" döyüşündə Əmirəlmöminin Əlinin (ə) təsdiqi ilə təyin olunmaması doğrudur, əgər təyin olunsaydılar, onların hökmü Həzrət Əlinin (ə) hökmü, Həzrət Əlinin (ə) hökmü Peyğəmbərin (s) hökmü və o Həzrətin (s) də hökmü Allahın hökmü olardı.
Görəsən, Allah-taala bəşər cəmiyyətinə birbaşa hakimlik edirmi? Məgər Allahın əmri ilə bəşər növündən olan insanlar həmin işi öz öhdəsinə götürmürmü? Amma xəvaric bu məsələyə diqqət yetirmədən həkəmiyyət məsələsinin əslini Həzrət Əliyə (ə) irad tutdular, hətta (nəuzu billah) bunu Həzrət Əlinin (ə) İslamdan çıxmasına dəlil saydılar.
Bu, cəhalət, ağılsızlıq vəəqli gerilik deyilmi?! Heç şübhəsiz, bu cür quruculuq işləri belə nadan insanların əlinə düşdükdə dağıdıcılıq amilinə çevrilir. Həqiqətən, günümüzdə xəvaricin ardıcılları olan və nadanlıq baxımından onlardan heç də geri qalmayan bəzi qruplar yuxarıdakı ayəni müctəhidə təqlidin və ya hökumətin onlar üzərindəki səlahiyyətə malik olmasının inkarına dəlil hesab edirlər. Lakin onların hamısının cavabı yuxarıda verildi.
5\. Allahdan başqasına diqqət yetirmək.
Tövhid yalnız Allahın tək olması ilə xülasələnmir, əksinə, insan həyatının bütün sahələrində tətbiq edilməlidir və onun ən aşkar nümunələrindən biri təkallahlı insanın Allahdan başqasına arxalanıb pənah aparmamasıdır. Biz insanın səbəb-nəticə məsələlərini görməzdən gəlməsini və yaşayışda vasitələrin ardınca olmamasını demirik, əksinə, həqiqi təsiri səbəblərdə görməməyi və ipin ucunun səbəblərin səbəbkarında (Allahda) olduğunu bilməyin vacibliyini deyirik. Başqa sözlə, vasitələrin müstəqil olduğuna inanmır və onların hamısını Allahın pak zatının bir təcəllisi hesab edirik.
Adi insanların bu əzəmətli həqiqətə olan diqqətsizliyinin bağışlan- ması mümkündür, amma ilahi övliyaların ona iynə ucu qədər diqqətsizliyi tərki-övladan başqa bir şey olmasa da, cəzalanmasına səbəb olur. Həzrət Yusufun (ə) bir anlıq həmin həlledici məsələyə diqqətsizliyindən bir qədər də hadisələrin girovunda püxtələşmək, zalımla mübarizə aparmağa hazır olmaq, həmçinin bu yolda Allaha və zülmə düçar olan insanlardan başqa heç kimə arxalanmamağı öyrənmək səbəbi ilə illərlə zindanda qalmasını müşahidə etdik.
Bu, bütün haqq yolunun həqiqi mübarizləri və həmin yolda addımlayanların şeytanı məhv etmək üçün başqa bir şeytanın toruna düşməməsi, sağa-sola meyil etməməsi və yalnız mötədil ümmətin yolu olan düz yolda addımlaması ilə bağlı böyük ibrət dərsidir.