Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 13

Ənfal surəsi, 31-35-ci ayələr

Ənfal surəsi, 31-35-ci ayələr



وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا لَوْ نَشَاءُ لَقُلْنَا مِثْلَ هَذَا إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ .٣١


وَإِذْ قَالُوا اللَّهُمَّ إِنْ كَانَ هَذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ .٣٢


وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ .٣٣


وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ .٣٤


وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ .٣٥


Ayələrin tərcüməsi



31\. Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik, (elə də böyük bir şey deyil,) istəsək, biz də bunun bənzərini deyə bilərik. Bunlar qədimdəkilərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!" - söyləyərlər. (Amma yalan deyirlər, onun bənzərini əsla gətirə bilməzlər.)

32\. (Xatırla!) Bir zaman da: “Ya Allah! Əgər bu haqdırsa və Sənin tərəfindən gəlibsə, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" - demişdilər.

33\. Amma (ey Peyğəmbər,) nə qədər ki sən onların arasındasan, Allah onlara əzab göndərməyəcək. Bağışlanmalarını dilədikdə də Allah onlara əzab verməz!

34\. Onlar Məscidül-həramın sahibləri olmadıqları halda, (möminlərin orada ibadət etməsinə) mane olduqlarında nə üçün Allah onlara əzab verməsin! Onun sahibləri yalnız təqvalılardır. Lakin onların əksəriyyəti bunu bilməz!

35\. (Namaz qıldıqlarımı iddia etdikləri halda,) onların evin (Kǝba evinin) yanındakı namazları (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı!

Ayələrin təfsiri.



Boş yerə danışanlar.

Keçən ayədə Məkkə müşriklərinin mövhumat dolu praktik məntiqlərinin nümunəsi bəyan edildi. Hazırkı ayələrdə isə onların intellektual məntiqinin nümunəsi öz əksini tapmışdır. Bununla da onların nə sağlam düşüncəyə, nə də düzgün əmələ sahib olmadıqları ortaya qoyulur və (ümumiyyətlə) hər hansı bir proqramlarının əsassız olduğu sübut edilir.

İlk ayə buyurur: “Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik, (elə də böyük bir şey deyil,) istəsək, biz də bunun bənzərini deyə bilərik”.

"Bunlar qədimdəkilərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!" - söyləyərlər. (Amma yalan deyirlər, onun bənzərini əsla gətirə bilməzlər”.

Bu sözləri dəfələrlə Quranla mübarizə aparmaq fikrinə düşüb, nəticədə, aciz qaldıqları halda deyirdilər. Onlar çox yaxşı bilirdilər ki, Quranla mübarizə aparmaq iqtidarında deyildilər. Lakin kin-küdurət üzündən, yaxud insanları aldatmaq üçün deyirdilər: “Bu ayələr əhəmiyyətsiz şeylərdir. İstəsək, biz də onun kimisini gətirərik."

Bu kimi ifadələr onların yalan məntiqlərindən biri idi ki, əsassız və boş iddialarla iqtidarlarını bir neçə günlük də olsa, qoruyub saxlamaq istəyirdilər.

Növbəti ayə başqa bir qəribə məntiqə işarə edir: "(Xatırla!) Bir zaman da (əllərini duaya qaldırıb): "Ya Allah! Əgər bu (din və Quran) haqdırsa və Sənin tərəfindən gəlibsə, onda başımıza göydən daş yağdır."

( وَإِذْ قَالُوا اللَّهُمَّ إِن كَانَ هَذَا هُوَ الْحَقُّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاءِ )


“və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər.”

İnadkarlıqları üzündən və İslamın əsassız olduğuna əmin olduqları üçün bəd dua edirdilər. Əks-halda, yəni İslamın haqq olduğuna ehtimal belə versəydilər, özlərinə qarşı nifrin etməzdilər.

Bəzi təfsirçilər ehtimal etmişlər ki, müşriklərin başçıları öz sözlərinə qəlbən inanmasalar da, adi insanları aldatmaq və sadəlövh insanlara Muhəmmədin (s) dininin kökündən batil olduğunu göstərmək üçün belə sözlər deyirdilər.

Sanki, müşriklər bu sözləri ilə deyirdilər: Allahın keçmiş peyğəmbərlərin (Lut peyğəmbərin qövmi kimi) düşmənlərini daş yağışı ilə cəzalandırdığını deyirsən. Əgər düz deyirsənsə, sən də belə et.

"Məcməül-bəyan" kitabanda İmam Sadiqdən (ə) nəql olunmuşdur: Peyğəmbər (s) Qədir-Xum çölündə, özündən sonra Əlini (ə) xəlifə elan etdikdən sonra buyurdu:

# مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِيٌّ مَوْلاهُ


"Hər kimin mövlasıyamsa, Əli onun mövlasıdır" Və bu məsələ hər yerdə yayıldı.

Noman ibn Haris Fəhəri Peyğəmbərin (s) hüzuruna gəlib dedi: - Bizə dedin ki, Allaha şəhadət verək, bütləri inkar edək, sənin peyğəmbərliyinə şəhadət verək, sonra cihad etməyə, həccə getməyə, oruc tutmağa, namaz qılmağa və zəkat verməyə əmr etdin, biz də hamısını qəbul etdik. Lakin bununla kifayətlənməyib, bu uşağı xəlifə elan edib dedin: - Hər kimin mövlasıyamsa, Əli onun mövlasıdır”. – De görüm, bu söz sənin sözündür, ya Allah tərəfindən verilmiş əmrdir?

Peyğəmbər (s) buyurdu:

\- And olsun Ondan başqa məbud olmayan Allaha ki, bu söz Allah tərəfindəndir.

Noman bu sözləri deyə-deyə geri qayıtdı:

# اللهُمَّ إِنْ كانَ هذا مِنْ عِنْدِكَ فَأَمْطِرْ عَلَيْنا حِجَارَةً مِنَ السَّمَاءِ


(İlahi! Əgər bu söz Sən tərəfdəndirsə, başımıza göydən daş yağdır.) Cox keçmədi ki, göydən onun başına bir daş düşüb öldürdü.

Hədis ayənin Qədir-Xumdan əvvəl nazil olması ilə bağlı bir ziddiyyət təşkil etmir. Çünki ayənin nazilolma səbəbi Noman ilə bağlı deyildir. Əslində o (Noman), əvvəl nazil olmuş ayənin bir hissəsindən istifadə edərək özünə nifrin etmişdir.

Bu məsələ, bizim dualarımızda Quran ayələrindən istifadə etdiyimiz kimidir. Məsələn:

رَبِّنَا آتِنا فِي الدُّنيا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةٌ وَ قِنا عَذَابَ النَّارِ


"İlahi! Bizə, dünya və axirətdə yaxşılıq əta et.”

Keçən ayələrdə müxaliflər tərəfindən Peyğəmbərə iki irad tutulmuşdu. Onlardan biri aydın şəkildə batil olduğu üçün Quran cavab vermədi. Müşriklər deyirdilər: "Biz istəsək, onun kimisini gətirərik." Şübhəsiz onlar tərəfindən irəli sürülmüş yalan və boş bir idda idi. Bu səbəbdən onlara cavab verməyə ehtiyac olmamışdır.

İkinci iradları belə idi: "Əgər bu ayələr haqdırsa və Allah tərəfindəndirsə, bizi cəzalandırsın və bəla göndərsin."

Qurani-Kərim surənin 33-cü ayəsində onlara belə cavab verir: "Amma (ey Peyğəmbər,) nə qədər ki sən onların arasındasan, Allah onlara əzab göndərməyəcək”.

( وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ )


Sənin "hər iki aləm üçün rəhmət" olmağın bu günahkarlara bəla nazil olub, fərdi, yaxud kütləvi şəkildə müxtəlif vasitələrlə məhv olmuş keçmiş qövmlər kimi, məhv olmasına mane olur.

Allah-taala daha sonra buyurur: “Bağışlanmalarını dilədikdə də Allah onlara əzab verməz!”

وَمَا كَانَ اللهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ


Ayənin sonuncu cümləsi haqqında bəzi təfsir alimləri bildirmişlər ki, müşriklərdən bəzisi ayənin cümləsini dedikdən sonra öz sözlərindən peşman olub dedilər:

İlahi! Bizi bu sözümüzə görə bağışla.

Onlar bu dualarına görə, hətta Peyğəmbər (s) Məkkədən hicrət etdikdən sonra, bəlaya düçar olmadılar.

Bəziləri isə belə deyirlər: Ayənin bu hissəsi Məkkədə qalmış möminlərə aiddir. Çünki Peyğəmbər (s) hicrət etdikdən sonra köçməyə qadir olmayan müsəlmanlar Məkkədə qaldılar. Onlar Məkkədə olduqlarına görə müşriklərə bəla nazil olmurdu.

Ehtimal olunur ki, cümlə bir şərti cümlənin məfhumunu özündə ehtiva edir. Yəni əgər onlar öz əməllərindən peşman olsalar və tövbə etsələr, ilahi əzab onlardan götürülər.

Həmçinin, deyilən ehtimalların bir ayədə toplanması da mümkündür. Yəni ayə deyilən nəzəriyyələrin hamısını əhatə edə bilər.

Hər halda, ayənin məfhumu yalnız Peyğəmbərin (s) dövründə yaşayan insanlara məxsus deyil. Ümumi qanun olaraq bütün insanlara aiddir. Şiə mənbələrində Həzrət Əlidən (ə) və sünni kitablarında Əlinin (ə) şagirdi İbn Abbas tərəfindən nəql olunmuş məşhur hədisdə oxuyuruq:

# كانَ فِي الْأَرْضِ أَمَانَانِ مِنْ عَذَابِ اللَّهِ وَ قَدْ رُفِعَ أَحَدُهُما فَدُونَكُمُ الآخَرَ فَتَمَسَّكُوا وَ قَرَأَ هذه الآية


"İki amil yer üzündə İlahi əzabdan xilas olma səbəbidir. Onların biri qaldırılmış, digəri qalmışdır. Ondan bərk yapışın. Qaldırılmış səbəb Peyğəmbər (s), qalan səbəb isə tövbə və bağışlanma diləməkdir... - Sonra yuxarıdakı ayəni oxudu.

Ayə və hədisdən məlum olur ki, peyğəmbərlərin varlığı və tövbə əzabdan xilas olmanın iki amilidir. İkinci amil də qaldırılarsa, insanları günahları qarşısında ilahi əzabdan qoruyacaq bir şey olmayacaqdır.

İlahi cəzalar, bu günə qədər onun müxtəlif növlərini görüb, yaxud eşitdiyimiz kimi, təbii hadisələr, dağıdıcı müharibələr və digər formalarda öz təzahürünü tapır.

Həzrət Əlidən (ə) nəql olunmuş "Kumeyl" duasında oxuyuruq:

# اللهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُنْزِلُ الْبَلاء


"İlahi! Bəlanın nazil olmasına səbəb olan günahlarımı bağışla." Duanın məzmunu göstərir ki, tövbə olmasaydı, günahlardan bir çoxu bəlanın nazil olmasına səbəb olardı.

Bunu da qeyd etmək lazımdır ki, "istiğfar və tövbə” dedikdə, "İlahi, məni bağışla" və ya "İlahi! tövbə edirəm" cümləsini demək və təkrar etmək nəzərdə tutulmur. Əslində, haqqa qayıtmaq və keçmiş günahlara bir daha dönməmək istiğfar və tövbənin əsasını təşkil edir.

Növbəti ayə buyurur: Bunlar ilahi əzaba düçar olmağa layiqdirlər, çünki "Onlar Məscidül-həramın sahibləri olmadıqları halda, (möminlərin orada ibadət etməsinə) mane olurlar."

Bu, hicrətdən qabaq, müsəlmanların Məkkədə olduğu dövrə aiddir. Onlar Kəbə evinin ətrafına toplaşıb azad şəkildə camaat namazı qıla bilmir, müşriklər tərəfindən müxtəlif təcavüz və işkəncəyə məruz qalırdılar.

Yaxud həcc və ümrə mərasimini yerinə yetirdikdən sonra müşriklərin möminlərə qarşı tətbiq etdikləri qadağaya işarə olunmuşdur.

Maraqlıdır ki, müşriklər özlərini bu böyük ibadət mərkəzinin (ocağının) sahibi və nəzarətçisi hesab edirdilər. Lakin Quran buyurur: "Onlar heç zaman bu müqəddəs məkanın rəhbəri olmayıblar."

Müşriklər özlərini, Allahın evinin ixtiyar sahibi saysalar da, “Onun sahibləri yalnız təqvalılardır."

# إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَ كنَّ


”Lakin onların əksəriyyəti bunu bilmirlər“

# أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ


Ayədə verilən hökm Məscidül-hǝram haqqında olsa da, bütün dini mərkəzlərə, məscidlərə, dini komplekslərə şamil olunur. Bu mərkəzlərin pak, təmiz, fəal, təlim-tərbiyə, oyanış və diriliş ocaqları olmasını təmin etmək üçün onların rəhbər və sahibləri mütləq ən pak, ən təmiz, ən dindar və ən aktiv insanlar olmalıdır. Bu kimi mərkəzlərin alqı-satqı bazarlarına, fikirlərin zəhərləndirilməsi və haqdan sapdırma mərkəzlərinə çevrilməməsi üçün onların rəhbərləri natəmiz, özünü satmış, əcnəbi dövlətlərə bağlı insanlar olmamalıdır.

Günümüzdə də, əgər müsəlmanlar İslamın məscidlər və dini mərkəzlərlə bağlı göstərişlərinə əməl etsəydilər, bu gün İslam cəmiyyətlərinin vəziyyəti başqa cür olardı.

Maraqlıdır ki, namaz qılıb, ibadətkar olduqlarını iddia edib Kəbə evinin ətrafında nalayiq işlər görür, səs-küy salır və əl çalaraq bu kimi davranışlarının adını namaz qoyurdular. Bu səbəbdən Quran ayənin davamında buyurur: “(Namaz qıldıqlarını iddia etdikləri halda,) onların evin (Kəbə evinin) yanındakı namazları (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir”.

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ الْبَيْت إلا مُكَاء وَتَصْدِيَةٌ


Tarixi mənbələrin yazdığına görə, cahiliyyət dövrünün ərəbləri Kəbə evini təvaf edərkən evin ətrafına tamamilə çılpaq dolanır, fit verir, əl çalır və bu davranışlarını ibadət adlandırırdılar.

Habelə, qeyd olunmuşdur ki, Peyğəmbər (s) üzünün həm Kəbəyə, həm də Beytül-müqəddəsə olması üçün Həcərül-əsvədin yanında üzü şimala doğru durub namaz qılırdı. Bu vaxt Bəni-Səhm qəbiləsindən olan iki nəfər, biri sağda, digəri solda olmaqla, Peyğəmbərin (s) yanında dayanır. Onu namaz qılarkən incitmək üçün biri fit, digəri isə əl çalır. Ayə davamında buyurur: İndi ki, bütün işləriniz, hətta namaz və ibadətləriniz belə, çirkin və utancvericidirsə, cazalandırılmağa layiqsiniz, etdiyiniz küfrə görə indi dadın əzabı”.

İncəliklər:



Ərəblərin cəhalət tarixinin səhifələrini vərəqlədikcə və Qurandakı məlumatları araşdırdıqda çox böyük təəccüb içində kosmos və atom əsri olan müasir dövrümüzdə də insanların cahiliyyət dövrünün hərəkətlərini təkrarladıqlarını və özlərini ibadət edənlərin sırasında olduqlarını güman etdiklərini görürük.

Bəzən Quran ayələri, bəzən isə Peyğəmbər (s) və Həzrət Əlinin (ə) mədhində deyilmiş şeirləri musiqinin müşayiəti ilə səsləndirir və rəqsə bənzər hərəkətlər edirlər, adını ise bayram, yaxud anım mərasimi qoyurlar.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...