Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 14
Ənfal surəsi, 36 və 37-ci ayələr
Ənfal surəsi, 36 və 37-ci ayələr
إِنَّ الَّذِينَ كَفَرُوا يُنْفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَنْ سَبِيلِ اللَّهِ فَسَيُنْفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ وَالَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ يُحْشَرُونَ .٣٦
لِيَمِيزَ اللَّهُ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَيَجْعَلَ الْخَبِيثَ بَعْضَهُ عَلَى بَعْضٍ فَيَرْكُمَهُ جَمِيعًا فَيَجْعَلَهُ فِي جَهَنَّمَ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ .٣٧
Ayələrin tərcüməsi
36\. Kafirlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar (zəhmət çəkərək qazandıqları) bu malları sərf edəcəklər, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
37\. Allah murdarı pakdan ayırsın, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və birlikdə Cəhənnəmə atsın. Bunlar ziyana uğramışlardır.
Ayələrin nazilolma səbəbi.
Ayələrin nazilolma səbəbini Əli ibn İbrahim və bir çox başqa təfsirçilər belə nəql etmişlər: Ayə Bədr döyüşü və Məkkə camaatının maddi yardımı haqqında nazil olmuşdur. Məkkə müşrikləri Əbu Süfyanın göndərdiyi qasidin vasitəsi ilə müsəlmanların ticarət karvanına basqın xəbərini verdikdən sonra Məkkə camaatı öz döyüşçülərinə kömək etmək məqsədi ilə təcili olaraq maddi yardım toplayır. Lakin sonda məğlub olub qırılırlar və Cəhənnəm əzabına düçar olurlar. Onların kömək məqsədi ilə yığdıqları maddi vəsait sonda peşmançılıqlarına səbəb olur."
Əlbəttə, ilk ayədə (Ənfal surəsi, 36-cı ayədə) müşriklərin İslam əleyhinə maddi yardımlarından əlavə, mənəvi dəstək olduqları da bəyan edilmişdir.
Bəzi təfsirçilərə görə, ayə Əbu Sufyanın Ühüd döyüşündə iki min nəfər muzdlu döyüşçünün tutulmasına göstərdiyi maddi yardım haqqında nazil olmuşdur.
Lakin bu ayələr Bədr döyüşünə aid ayələrin sırasında gəldiyindən birinci şəni-nüzulun daha uyğun olduğu qənaətindəyik.
Ayələrin təfsiri.
Allah yolundan döndərmək üçün infaq (maddi yardım).
Ayə, hansı şəraitdə nazil olmasından asılı olmayaraq, geniş məfhuma malikdir. Yəni haqq və ədalət düşmənlərinin maddi yardımları bütün çirkin məqsədlərinin həyata keçməsini əhatə edir.
İlk olaraq buyurulur: "Kafirlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər”.
( إِنَّ الَّذِينَ كَفَرُوا يُنفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَن سَبِيلِ اللَّهِ)
Amma maddi vəsait sərf etmək heç vaxt qələbə çalmağa təminat vermir. "Onlar (zəhmət çəkərək qazandıqları) bu malları sərf edəcəklər, lakin sonra peşman olacaqlar”.
فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةٌ
"axırda da məğlub ediləcəklər."
Bu dünyada məğlubiyyət və peşmançılıqdan başqa, axirətdə “kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər”.
( وَالَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ يُحْشَرُونَ)
Keçən ayədə haqq düşmənlərinin çirkin maddi yardımlarının nəticələri bəyan edildikdən sonra buyurulur: Onların məğlubiyyət və peşmançılığı ona görədir ki, “Allah həm bu, həm də axirət dünyasında murdar pakdan ayırmaq istəyir”.
ليَمِيرَ اللهُ الْخَبِيثَ مِنَ الطَّيِّبِ
Belə ki ilahi qanuna əsasən, yaxşı və pis, pak və napak, pak niyyətli və riyakar, həqiqi mücahid və yalançı mücahid, ilahi əməllər və şeytani əməllər, humanizm və eqoizm həmişəlik olaraq bir-birindən ayrılmalıdr.
Daha sonra buyurulur: “Sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və birlikdə Cəhənnəmə atsın."
عَلَى بَعْضٍ فَيَرْكُمُهُ جَمِيعاً فَيَجْعَلَهُ فِي
Murdarlar və napakların hansı dəstədən və hansı formada olmasından asılı olmayaraq, sonda vahid şəklə salınacaq və hamısı əbədi ziyana uğrayacaqlar. Quran buyurur: “Bunlar ziyana uğramışlardır.”
İncəliklər:
1\. Ayədən məlum olur ki, müşriklər məğlubiyyətlərindən öncə əməllərinin yersiz olduğunu başa düşmüşdülər. Onlar sərf etdikləri çoxlu sərmayənin qarşısında lazımi nəticəni görmədiklərindən ümidsizliyə düçar olmuşdular. Bunun özü dünyada onlara (müşriklərə) veriləcək cəzalardan biridir.
Cəzalardan biri də planlarının uğursuzluğudur. Çünki müqəddəs hədəf uğrunda döyüşən imanlı şəxslərə pul ilə satın alınmış muzdurlarla və var-dövlət əldə etmək üçün qələbə çalmaq mümkün deyildir.
Müasir dünyada baş verən hadisələr də göstərir ki, əsgərlərini pul və sair vasitələrlə döyüşə ruhlandıran böyük güclər imanla döyüşən kiçik millətlər qarşısında aciz qalıb rüsvayçılıqla məğlub olmuşlar.
Müşriklər haqqında deyilən və dünyada düçar olduqları iki cəzadan başqa, üçüncü cəza olaraq ilahi qəzəbin alovu axirət aləmində onların intizarını çəkir.
2\. Ayədə qeyd olunan mövzunun çoxsaylı nümunələrinə müasir dünyada da rast gəlinir. Müstəmləkəçilərin şər qüvvələri, batil və mövhumatçı təriqətlərin himayədarları məqsədlərinə nail olmaq və insanları haqq yoldan döndərmək üçün böyük məbləğdə sərmayə xərcləyirlər. Bu, bəzən hərbi muzdur geyimində, bəzən xəstəxana və poliklinika təsis etmək kimi zahirən humanitar yardımlarla, bəzən isə mədəni köməklər kimi müxtəlif şəkillərdə özünü göstərir. Bütün bunlara baxmayaraq, hədəflərinin qayəsi müstəmləkəçilik və zülmü genişləndirməkdir. Əgər möminlər Bədr mücahidləri kimi əl-ələ versələr, onların bütün planlarını pozar, xərclədikləri böyük kapitalın həsrətini ürəklərində qoyar və nəhayət, hamısını birlikdə Cəhənnəmə göndərərlər.
3\. Bəzi təfsirçilərə görə, bu ayə Peyğəmbərin (s) dəvətinin doğruluğunu bildirən nişanələrdən biridir. Çünki növbəti hadisələr, düşmənin döyüşə tam hazırlıqlı olmasına rəğmən, məğlubiyyətindən xəbər verir.