Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 15
Yusuf surəsi, 54-57-ci ayələr
Yusuf surəsi, 54-57-ci ayələr
وَقَالَ الْمَلِكُ التوني به أستخلصه لنفْسي فَلَمَّا كَلَّمَهُ قَالَ إِنَّكَ الْيَوْمَ لَدَيْنَا مَكِينٌ
أمين. ٥٤
قَالَ اجْعَلْنِي عَلَى خَزَائِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَليمٌ . ٥٥
بِرَحْمَتَنَا مَن نَّشَاء وَكَذَلكَ مَكَنَّا لِيُوسُفَ فِي الْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَاء تُصِيبُ
ولا نُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ. ٥٦
وَلَأَجْرُ الآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ ٥٧
Ayələrin tərcüməsi
54\. Şah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”- dedi.
55\. (Yusuf) dedi: “Bu məmləkətin xəzinələrini mənə tapşır. Çünki mən qoruyanam, bilənəm”.
56\. Beləliklə, Yusufu məmləkətdə (Misirdə) iqtidar sahibi etdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını puç etmirik.
57\. İman gətirənlər və təqvalı olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.
Ayələrin təfsiri.
Yusuf Misir ölkəsinin xəzinədarı olur.
Bundan öncəki cilddə Allah-taalanın böyük elçisi Yusufun (ə) macəralarla dolu həyat hekayəsindən söz açmışdıq. Hekayənin davamında deyilir ki, onun paklığı hamıya məlum oldu, hətta düşmənləri də Yusufun günahsız olduğunu etiraf etdilər. Sübut olundu ki, onun zindana düşməsinə səbəb, yeganə “günahı” günahsızlığı, paklığı imiş. O da məlum oldu ki, günahsız məhbus həm də yüksək rəhbərlik qabiliyyətinə sahib, müdiriyyət işlərində xüsusi istedadı olan, məlumatlı, zəkalı bir şəxsiyyət imiş.
Göründüyü kimi, Yusuf (ə) Misir padşahının yuxusunu yozduqdan sonra gələcəkdə quraqlıqla əlaqədar ölkənin qarşılaşacağı çətinliklərdən çıxış yollarını, iqtisadi planlarını açıqlayır. Quran hadisənin sonrakı mərhələsini belə anladır: “Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə müşavir təyin edəcəyəm. Müşküllərimin çözümündə onun elmindən, bacarığından yararlanacağam”.
(وَقَالَ الْمَلِكُ الْتُونِي بِهِ أَسْتَخلصهُ لِنَفْسِي )
Padşahın xüsusi nümayəndəsi mühüm bir fərmanı ünvanına tez çatdırmaq üçün zindana tələsirdi. Elçi Yusufu (ə) görən kimi padşahın isti salamını ona çatdırdı və bildirdi ki, padşah səni görməyə müştaqdır. Sənin xahişin yerinə yetirilmişdir. Padşahın göstərişi ilə tez bir zamanda təftiş qrupu yaradılmış, Misirin kübar qadınları istintaqa cəlb olunmuşlar. Onların hamısı sənin günahsız olduğuna şəhadət vermişlər. Artıq dayanmaq vaxtı deyil, qalx, padşahın yanına gedirik.
Yusuf (a) padşahın yanına gəlib onunla söhbətə başladı. Padşah onunla söhbət edərkən Yusufun (ə) ədəbinə, dərrakəsinə heyran qaldı, Yusufa (ə) hörməti birə-min artdı. Söhbətdən məmnun qalan padşah Yusufa (ǝ) dedi: “Sən bu gündən bizim yanımızda aliməqam və geniş ixtiyar sahibi, etibar etdiyimiz şəxslərdənsən.”
Padşah dedi: “Sən bu gündən ölkədə mühüm işlərə rəhbərlik etməli, islahatlara başlamalısan. Yuxumun yozumunda söylədiyin kimi, bizi qarşıda çətin sınaqlar, iqtisadi böhran gözləyir. Mənim nəzərimə görə, bizi bu böhrandan çıxaracaq, bizə düzgün istiqamət verə biləcək yeganə adam sən ola bilərsən”
Yusuf (ǝ) padşaha ölkənin xəzinədarı olmaq arzusunda olduğunu bildirdi: “Məni bu ölkənin xəzinədarı təyin et. Çünki mən həm yaxşı gözətçi (qoruqçu), həm də bu işləri bilənəm!”
Yusuf (ə) zülmün baş alıb getdiyi cəmiyyətdə ölkəni böhran girdabına yuvarlayan əsas amillərdən birinin ölkənin yarıtmaz, fasid iqtisadi sistemində yatdığını bilirdi. Bir halda ki, onlar özləri məcburi şəkildə Yusufdan (ə) kömək umurlar, belə vəziyyətdə Yusuf (ə) niyə də ölkənin iqtisadi nəbzini ələ almasın, bu imkandan yararlanıb köməksiz, zəif təbəqənin dadına çatmasın?! Yusuf (ə) bu vəzifəyə gəlməklə imkanı daxilində korrupsiya hallarına qarşı mübarizəyə başlaya, ölkənin nəbzini təşkil edən iqtisadi islahatlar apara bilərdi. Xüsusilə də o zaman Misir ölkəsi üçün, ümumiyyətlə, iqtisadi işlərdə əsas təyinedici, mühüm sahə olan kənd təsərrüfatına, əkinçiliyə birbaşa özü nəzarət edəcəkdi. Qarşıda bolluq, ardınca isə qıtlıq illərinin gələcəyini nəzərə alaraq Yusuf (ə) xalqı bolluq illərində daha çox məhsul götürməyə, məhsulu qənaətlə işlətməyə, israfa yol verməməyə, sonrakı illərə ehtiyat tədbirləri görməyə çağıracaqdı. Bəli, Yusuf (ə) belə də etdi. Padşahdan ölkənin maliyyə, iqtisadi işlərinə rəhbərliyi ona tapşırmasını istədi.
Bəzi müfəssirlərin nəzərinə görə, padşah həmin ili böyük çətinliklərlə üzləşmişdi. Müşküllərin məngənəsində sıxılan padşah çıxış yolu axtarır, canını qurtarmağa çalışırdı. Bu səbəbdən ölkənin bütün işlərini Yusufa (ə) tapşırıb özü kənara çəkildi.
Başqa qrup müfəssirlər isə belə demişlər: Padşah Yusufu (ə) “Misir əzizi’nin yerinə baş vəzir təyin etdi.
Bu ehtimal da var ki, ayənin zahirində deyildiyi kimi, Yusuf (ə) ancaq Misir ölkəsinin xəzinədarı olmuşdur. Amma müzakirə etdiyimiz surənin 100, 101-ci ayələri Yusufun (ə) sonda padşahın yerinə keçdiyini, ölkənin bütün işlərinə nəzarəti ələ aldığını deməyə əsas verir. (İnşallah, bu ayələrin təfsirinə yetişəcəyik.) Düzdür, 88-ci ayədə Yusufun (ə) qardaşları ona: “yə əyyuhəl əziz” -deyə, müraciət edirlər, amma bu, heç də Yusufun (ə) sonradan padşah olması fikri ilə toqquşmur. Çünki ola bilsin ki, Yusuf (ə) bu məqama birdən yox, pillə-pillə qalxıb - əvvəl xəzinədar olub, sonra baş vəzir təyin edilib, sonda padşahın yerinə keçib. Hər halda, Allah ayədə belə buyurur: “Beləliklə, Yusufu (ə) məmləkətdə (Misirdə) iqtidar sahibi etdik. O, istədiyi yerdə qala bilərdi.”
“Bəli, “Biz istədiyimizə mərhəmətimizi nəsib edirik”
“Və yaxşı iş görənlərin mükafatını puç etmirik“.
Bəzən uzun çəksə də, sonda onlara layiq olduqları şeyləri verəcǝyik. Bilin ki, Biz heç bir yaxşılığı unutmuruq!
Önəmli olan isə budur: Biz yaxşı işlər görənləri təkcə dünya mükafatı ilə mükafatlandırmaqla kifayətlənmirik: “İman gətirənlər və təqvalı olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.”
الآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
İncəliklər:
1\. Yusuf (ə) zalım rejimin dəvətini niyə qəbul etdi?
Yuxarıdakı ayələrlə bağlı zehnə gələn ilk sual: Yusuf (ə) zəmanəsinin zalım rejimində çalışmağa, onun dövlətində xəzinədar olmağa, onunla həmkarlıq etməyə necə razılıq verdi? Bu işə hansı əsasla qol qoydu?
Cavab: Bu sualın cavabı, əslində, yuxarıdakı ayələrin öz “bətnində” yer almışdır. Yusuf (ə) (həfiz) “ən yaxşı qoruyan”, (əlim) “Ən yaxşı bilən” insan kimi tanınaraq bu vəzifəni öhdəsinə götürdü. Xalqın malını xalqın öz mənafeyinə xərcləməkdə Yusufdan (ə) yaxşı kim ola bilərdi? Xüsusilə də əksər yerlərdə hüquqları tapdalanan zəiflərin, köməyə ehtiyacı olanların (müstəzəflərin) hüquqlarının təminatına Yusufdan (ə) daha yaxşısı ola bilməzdi. Başqa bir tərəfdən, biz bildik ki, Yusuf (ə) yuxuyozma elmi vasitəsilə Misir xalqının qarşıda iqtisadi böhranla üzləşəcəyindən xəbərdar olmuşdu. Düzgün iqtisadi proqram tərtib etmədən, ehtiyat tədbirləri görmədən, büdcənin xərclərinə nəzarət olmadan Misir xalqını xaosdan, aclıqdan qorumaq qeyri-mümkün olacaqdı və xalqının böyük əksəriyyəti, xüsusilə də aşağı təbəqəsi aclıqdan öləcəkdi. Buna görə də bir millətin, günahsız insanların həyatlarının xilası üçün Yusuf (ə) ələ düşmüş fürsətdən istifadə etməli idi. Kasıb təbəqənin həyatını təhlükədən qorumaq üçün bu addımı atmalı idi. Aydın məsələdir ki, iqtisadi böhranın, bahalaşmanın, aclıq və qəhətliyin ilk qurbanları xalqın kasıb təbəqəsi olur.
Fiqh elmində “Zalım tərəfindən vilayətin (ilahi rəhbərliyin) qəbulu” bəhsində bu məsələ geniş müzakirə olunur və qeyd edilir ki, zalım tərəfindən dövlət vəzifəsini qəbul etmək həmişə haram olmur. Bəzən hökumət sistemində mühüm bir vəzifəni qəbul etmək müstəhəb, hətta vacib də olur. Bu məsələdə mülahizə olunası əsas incəlik ondan ibarətdir ki, həmin vəzifəni qəbul edən şəxs atdığı addımın ümumi mənafe və dini cəhətdən daha çox xal qazanacağına, xeyrinin zalım rejimdə ehtimal olunan ziyanlardan daha çox olacağına əmin olmalıdır.
Bu deyilənlərdən başqa, müxtəlif hədislərdə oxuyuruq ki, Əhli- beyt imamları (ə) öz yaxın dostlarından bəzilərinə belə bir icazəni vermişlər. Məsələn, İmam Kazimin (ə) səhabələrindən olan Əli ibn Yəqtin öz zəmanəsinin fironu Harun ər-Rəşidin vəzirliyini İmamın (ə) icazəsi ilə qəbul etmişdi. Deməli, belə vəzifələrin qəbulu və ya rədd edilməsi “mühüm” və “əhəm” (daha mühüm) qanununa tabedir. Bu vəziyyətdə məsələnin dini və ictimai xeyir-ziyanı nəzərə alınmalıdır.
Bəzən görürük ki, zalım rejimdə mühüm posta yiyələnmək sonda zülmün bütövlüklə kökünün kəsilməsi ilə nəticələnir. Belə nümunələrdən birinin (bəzi hədislərin anlatdığı kimi) biz Yusufun (ə) əhvalatında şahidi oluruq. Zalım sistemdə mühüm bir vəzifənin tutulması hərdən sonrakı islahatlara zəmin yarada bilir. Rejim daxilində yer almaqla bir çox haqsızlıqların, zülmlərin aradan aparılmasına nail olmaq olar. (Bəlkə də, firon ailəsinin mömini (fironun arvadı) barədə bu fikir öz təsdiqini tapır.) Ən azı, belə insanlar məhrum və məzlum təbəqənin sığınacaqları, səngəri olub, onların üzərindəki haqsızlıqları, basqıları azalda bilər. Sadaladığımız şərtlərdən hər biri ayrılıqda zalım rejimdə vəzifə tutmağa dəlil ola bilər. Məşhur rəvayətlərin birində İmam Sadiq (a) deyir: “Zalım rejimlərlə həmkarlıq etməyin kəffarəsi qardaşların müşküllərinin yoluna qoyulmasıdır.” Görünür, İmam Sadiqin (ə) dediyi bu hədisdə həmin vəziyyət nəzərə alınmış, yuxarıdakı hallar mülahizə edilmişdir. Unutmaq olmaz ki, bu mövzu halal və haramın bir-birinə çox yaxın olduğu məsələlər sırasındadır. Adi bir səhlənkarlıq, diqqətsizlik üzündən insan boş yerə zalımın alətinə çevrilə, təlǝyǝ düşə bilər. İnsan xalqa xidmət etdiyini, ibadətlə məşğul olduğunu düşünərək, aldanıb ən böyük günaha yuvarlanar. Hərdən də görürük ki, bəziləri Yusuf (ə) peyğəmbərin və ya Əli ibn Yǝqtinin əhvalatına istinad edərək, bu misallardan sui-istifadə edir, öz nəfsi istəklərinə don geyindirirlər. Halbuki onların əməlləri ilə Yusuf peyğəmbər (ə) və ya Əli ibn Yǝqtinin işi arasında heç bir oxşarlıq yoxdur.
Burada başqa bir sual da ortaya çıxır: Misirin müstǝbid, diktator hökmdarı bu məsələyə niyə razılıq verdi? Axı, o bilirdi ki, Yusuf (ə) onun istəklərinə uyğun hərəkət etməyəcək, əksinə, istismarın, zülmün əleyhinə gedərək ölkəni öz prinsipləri ilə idarə edəcəkdir.
İncə bir nöqtəyə diqqət yetirsək, bu sualın cavabı elə də çətin olmamalıdır: İqtisadi, ictimai böhranlar hərdən elə dərinləşir, elə həddə çatır ki, diktatorların səltənətini bünövrədən silkələyir, onlar öz həyatlarını və səltənətlərini ciddi təhlükədə görürlər. Belə vəziyyətlərdə onlar həyatlarını təhlükədən qurtarmaq üçün xalqla hesablaşmaq, ədalətli hökumətin qurulmasına razılıq vermək məcburiyyətində qalırlar.
2\. İqtisadi və idarəçilik işlərinin əhəmiyyəti.
Mövzuya girişdən öncə qeyd edək ki, biz heç də hər şeyi iqtisadi bucaqdan xarakterizə edən, iqtisadi çərçivədə xülasələşdirən, insanın bir varlıq kimi digər cəhətlərindən xəbərsiz qalmış təkyönlü məktəblərlə razılaşmırıq. Bununla belə, cəmiyyətin həyatında rol oynayan iqtisadi amilləri də inkar etmirik. Bəli, iqtisadi amillərin hər bir cəmiyyətin formalaşmasında xüsusi yeri, təsiri var. Yuxarıdakı ayələr də buna toxunur. Çünki Yusuf (ə) önəmli dövlət vəzifələri arasından məhz xəzinədarlığı, yəni maliyyə naziri vəzifəsini seçir. O yaxşı bilirdi ki, büdcəyə nəzarət olunsa, maliyyə işləri qaydasına düşsə, ölkənin digər işləri də qaydasına düşəcək, ədalətli iqtisadi bölgü ilə digər işləri də nəzarətdə saxlamaq olacaqdır. İslami rəvayətlərdə də bu məsələnin əhəmiyyəti vurğulanmışdır. Həmin rəvayətlərdən birində, Həzrət Əlidən (ə) nəql olunan hədisdə insanın maddi və mənəvi həyatının əsas iki dayağından biri kimi iqtisadi məsələyə işarə olunur: Elm və məlumat isə həyatın digər əsas dayağı hesab olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, İslamın önəm verdiyi fərdi və ictimai həyatın bu yönünü müsəlmanlar uzun illər ciddiyə almamışlar. Buna görə də öz düşmənlərindən geri qalmışlar. Amma son illər müsəlman toplumlarda bu yöndə müşahidə olunan oyanış və tərpənişlər gələcəkdə iqtisadi fəaliyyətlǝrǝ İslamın böyük ibadətlərindən biri kimi yanaşılacağına ümidləri artırmaqdadır. İslam toplumu düzgün iqtisadi proqramların işlənməsi və tətbiqi ilə rəhimsiz İslam düşmənlərindən geri qalmasına son qoya, bu yöndə tərəqqiyə nail ola bilər. Təsadüfi deyil ki, Yusuf (ǝ) “qoruyan” kəlməsinin yanında “bilən” kəlməsini də işlətmiş, bununla idarəçiliyin əhəmiyyətini vurğulamışdır. Bu, onu göstərir ki, mühüm ictimai bir vəzifəni qəbul etməyə insanın paklığı, əmanətdarlığı yetərli deyil. Bu xüsusiyyətlərdən başqa, onun öhdəsinə götürdüyü vəzifədə mütəxəssis, bilikli olması da lazımdır. Buna görə də Allah-taala sözügedən ayədə “bilən” kəlməsini “qoruyan” kəlməsinin yanında yerləşdirmişdir. Naşılıqdan, idarəçiliyin zəifliyindən irəli gələn fəsadlar xəyanətdən törəyən təhlükələrdən heç də az deyil. Belə hallarla bizim əksəriyyətimiz də rastlaşmışıq. Bəlkə də, birinci hal ikinci haldan daha xətərlidir.
İslamın aydın bəyan etdiyi belə konsepsiyaları görəndə təəccüb edirik: Niyə bəzi müsəlmanlar idarəçiliyə, biliyə əhəmiyyət vermirlər? Vəzifə təyinatında, əsasən, qarşı tərəfin dürüstlük, möminlik keyfiyyətlərini önə çəkir, bu xüsusiyyətləri əsas və yetərli üstünlük hesab edirlər. Amma tarixə nəzər salsaq, Peyğəmbər (s) və Həzrət Əlinin (ə) hökuməti zamanında vəzifə təyinatında şəxsin dürüstlüyü ilə yanaşı, onun həmin sahədəki bacarıq və biliyinə də diqqət edildiyini görərik.
3\. Məsrəflərə nəzarət.
İqtisadi məsələlərdə diqqət təkcə istehsalın artımına yönəldilmir. İstehsalın yüksəldilməsi ilə yanaşı, məhsulun düzgün məsrəf olunması da əsas müzakirə mövzularından biridir. Bəzən məsrəflərə nəzarət istehsaldan daha çox önəm daşıyır. Bu səbəbdən Yusuf (ə) yeddi il bolluq illərində çalışırdı ki, məsrəflərə nəzarət güclü olsun. Əldə olunan məhsulun bir hissəsinin qarşıdan gələcək qıtlıq illəri üçün ehtiyat götürülməsinə Yusuf (ə) çox diqqət edir, bu məsələni ciddi nəzarətdə saxlayırdı. Əslində də, bu iki məsələ bir-birindən ayrı ola bilməz. İstehsalatın çoxluğu məsrəflərə düzgün nəzarət olunduğu zaman faydalı olur. Məsrəflərə nəzarət də istehsalın artımı ilə yanaşı olanda faydalı olur. Misirdə Yusufun (ə) həyata keçirdiyi iqtisadi siyasət göstərdi ki, əsaslı və dinamik iqtisadiyyat təkcə bu günü nəzərdə tutmamalı, gələcəyi, hətta sonrakı nəsilləri də nəzərə almalıdır. Özümüzü düşünüb, bugünkü mənafeyimizə görə, iqtisadi proqramlar tərtib etmək eqoizmin ən son həddi olardı. Əgər biz yer üzünün təbii sərvətlərini, necǝ gəldi, istismar etsək, talasaq, gələcək nəsilləri nəzərə almasaq, o zaman onların yaşayışı necə olar? Bizim qardaşlarımız məgər bizimlə bu gün birlikdə yaşayanlardan ibarətdir? Gələcək nəsillər bizim övladlarımız, din qardaşlarımız deyillərmi?
Bəzi hədislərdə rast gəlinən dəlillərə əsasən, Yusuf (ə) cəmiyyətdəki istismarçı təbəqələşməyə son qoymaq üçün qıtlıq illərindən məharətlə istifadə etmişdir. Belə ki bolluq illərində xalqdan qida məhsullarını (buğdanı) alıb bu məqsədlə inşa etdirdiyi böyük anbarlara yığır. Bolluq illəri başa çatıb, qıtlıq illəri başlayanda, birinci ili buğdanı dinar və dirhəmə satır. Həmin ili bu vasitə ilə ölkədəki pulun əksər yerə toplayır. İkinci ili ərzağı zinət əşyalarının müqabilində, üçüncü ili mal-qaranın müqabilində, dördüncü ili qul və kənizlərin müqabilində, beşinci ili ev və mülkün müqabilində, altıncı ili əkin sahələri və suvarma kanallarının müqabilində, yeddinci ili isə Misir xalqının özünün müqabilində onlara verir. Sonra Yusuf (ə) ədalətli şəkildə bütün aldıqlarını geri qaytarır və deyir ki, mal-mülkünüzü yalnız onları qorumaq üçün sizdən almışdım.
4\. Özünütərif, yoxsa özünütəqdim?
Özünütərif, şübhəsiz, xoşa gələn iş deyil. Bununla belə, bu ümumi bir qayda da deyil. Bəzən şəraitdən asılı olaraq insanın özünü tanıtdırması, cəmiyyətə təqdim etməsi zərurəti ortaya çıxır. Xalqın onun potensiyasından, vücudundakı xəzinədən xəbərdar olması, ondan layiqincə bəhrələnməsi üçün ilk olaraq onu tanıması lazımdır. Yuxarıdakı ayələrdən oxuduq ki, Yusuf (ə) Misirin xəzinədarı vəzifəsinə təyin olunmasını bildirərkən özünü “mən ən yaxşı qoruyan və bilənəm” cümləsi ilə tərifləyir. Bu sözlə Yusuf (ə) Misir sultanı və xalqına özünün bu vəzifəyə rəhbərlik üçün lazım olan keyfiyyətlərə yetərincə layiq olduğunu çatdırmaq istəyirdi. Buna görədir ki, Əyyaşinin təfsirində İmam Sadiqin “insanın özünü tərifləməsi, mədh etməsi caizdirmi?” sualını verən şəxsə cavabında oxuyuruq: “Bəli, olar. Əgər əlacsız qalsa, müşkülü yoxdur. Məgər Yusufun (ə) nə dediyini eşitmədin? Yusuf (ə) dedi ki, məni xəzinədar təyin edin. Çünki mən etibarlı (gözətçi) və (bu sahədə) bilikliyəm. Eləcə də Allahın saleh bəndəsinin (Hud peyğəmbərin) dediyi bu sözə diqqət edin: “Mən sizin etibarlı xeyirxahınızam.”
Buradan aydın olur ki, Həzrət Əli (ə) niyə “Şiqşiqiyyə” xütbəsində və eləcə də “Nəhcül-bəlağə” kitabında keçən digər xütbələrdə özünü mədh edir, xilafət çarxının mərkəzi oxu adlandırır, heç bir düşüncə quşunun onun düşüncəsinin süzdüyü yüksəkliyə qalxa bilməməsindən danışırmış. Həzrət Əli (ə) bir yerdə özünü mədh edərək bildirir ki, bilik seli onun vücud dağından axır. Əlinin (ə) bütün bu tərifləri qafil xalqı ayıltmaq, vücudundakı xəzinədən bəhrələnməyə təşviq etmək üçün idi.
5\. Mənəvi mükafatların üstünlüyü.
Xeyirxah insanların əksəriyyəti bu dünyada öz xeyirxah işlərinin qarşılıqlarını əldə edirlər. Yusuf da (ə) öz paklığının, səbir və təqvasının qarşılığını bu dünyada ikən alır. Əgər günaha bulaşsa, imtahandan üzüağ çıxmasaydı, aydın məsələdir ki, Yusuf (ə) belə məqamlara çata bilməyəcəkdi. Amma bu, o demək deyil ki, kimsə bu dünyada etdiyi yaxşılığın qarşılığını almadısa, deməli, zülmə məruz qalmış, onun haqqında ədalətsizliyə yol verilmişdir. Yəni yaxşılıq edən şəxs gözünü bu dünyadakı mükafatlara çox da dikməməli, onun qarşılığını, əvəzini o biri dünyada alacağına əmin olmalıdır. Əsas mükafat axirətdə verilən mükafatdır. Bəlkə də, bu məsələ ilə əlaqədar tərəddüd, yanlış təsəvvürü aradan qaldırmaq məqsədi ilə Quran yuxarıdakı ayələrdə Yusufun (ə) dünyəvi mükafatını yad etdikdən sonra ardınca buyurur: “İman gətirənlər və təqvalı olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.”
(وَلَأَجْرُ الآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ)
6\. Məhbusları himayə.
Zindan hər zaman yaxşıların yeri olmayıb. Zindana hərdən günahsızlar, hərdən də günahkarlar düşür. Bununla belə, insanlıq meyarları bizi məhbuslara qarşı insani rəftar sərgiləməyə səsləyir. Günahkar olsalar belə, onlarla davranışda insanlıq prinsiplərinə, adi hüquqi normalara riayət olunmalıdır. Bugünkü dünyamızda məhbusların himayə olunması, onların hüquqlarının müdafiəsi məsələsi müasir tarixlə əlaqələndirilir. Amma şanlı İslam tarixinə nəzər salsaq, görərik ki, orada əsirlərlə, məhbuslarla bağlı peyğəmbərin çoxsaylı tövsiyələri yer alır. Yəqin çoxumuz Həzrət Əlinin (ə) cinayətkar məhbus (qatili İbn Mülcəm) barədə hansı göstərişləri verdiyini eşitmişsiniz. Həzrət (ə) oğlanlarına göstəriş verir ki, onunla normal davransınlar. Hətta Əli (ə) öz yeməyini (südü) İbn Mülcəmə göndərir. İbn Mülcəmin edamı zamanı Əli (ə) deyir: “Bir zərbədən artıq ona vurulmasın. Çünki onun mənə vurduğu bir zərbə olmuşdur.”
Yusuf (ə) zindanda olarkən məhbuslara ən yaxın dost, xeyirxah müşavir, şəfqətli və səmimi yardımçı hesab olunurdu. Zindandan onun dediyi ilk cümlə məhbusların hüquqlarının qorunması, çıxarkən himayəsi yönündə ilk çağırış, bəşəriyyətin diqqətini bu məsələyə yönəldəcək ilk addım idi. Yusuf (ə) zindanın qapısına bu cümləni yazmağı tapşırdı: “Bura dirilərin qəbri, qəm-qüssə evi, dostların sınaq, düşmənlərin qınaq yeridir.”
Yusuf (ə) zindandakılara diqqətini, qayğısını bu dua ilə ifadə edirdi: “İlahi! Xeyirxah bəndələrinin diqqətini onlara yönəlt, xəbərləri onlardan gizlətmə!”
Yuxarıdakı hədisdə maraqlı bir məsələ ilə tanış oluruq. Hədisdə deyilir: “Hər şəhərdə məhbuslar şəhərdə baş verən hadisələrdən çöldə- kilərdən daha çox xəbərdar olurlar.”
Biz özümüz (Məkarim Şirazi - red.) zindan illərində bu məsələ ilə üzləşmişik. Bəzi hallar istisna olmaqla, xəbərlər geniş şəkildə zindan məmurlarının sezmədiyi məxfi bir yolla məhkumlara yetişirdi. Hərdən zindana təzə gəlmiş məhkumlar çöldə eşitmədikləri məlumatları zindanda eşidəndə təəccüblənirdilər. (Biz bu məsələnin təfsilatına varsaq, əsas hədəfdən yayınmış olarıq.)