Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 15

Ənfal surəsi, 38-40-cı ayələr

Ənfal surəsi, 38-40-cı ayələr



قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ وَإِنْ يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ .٣٨


وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ .٣٩


وَإِنْ تَوَلَّوْا فَاعْلَمُوا أَنَّ اللَّهَ مَوْلَاكُمْ نِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ .٤٠


Ayələrin tərcüməsi



38\. Kafir olanlara de: "Əgər onlar müxalif olmaqdan əl çəksələr (və iman gətirsələr), keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə əvvəlki əməllərinə qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.

39\. Fitnǝ (şirk və əsarət) aradan qaldırılıb, bütün din (və ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər onlar (şirk, fəsad və yanlış əməllərinə) son qoysalar, (Allah onları qəbul edər). Allah onların nə etdiklərini görəndir.

40\. Əgər boyun qaçırsalar, bilin ki, (sizə heç bir ziyan vura bilməzlər) Allah sizin havadarınızdır. O, necə də gözəl havadar, necə də yaxşı yardımçıdır!

Ayələrin təfsiri.



Keçmiş günahların bağışlanması.

Hamımızın bildiyi kimi, Quran bəşarətlə xəbərdarlığı eyni vaxtda verir. Yəni haqq, düşməni çətin və dözülməz cəzalarla təhdid etdiyi bir vaxtda qayıdış yolunu da onun üzünə açır.

38-ci ayədə Peyğəmbərə (s) göstəriş verilir: "Kafir olanlara de: "Əgər onlar müxalif olmaqdan əl çəksələr (və iman gətirsələr), keçmişdəki günahlar bağışlanar”.

قُل للَّذِينَ كَفَرُواْ إِن يَنتَهُوا يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ


Ayənin məzmunundan başa düşülür ki, İslamı qəbul etməklə, keçmişdə edilən günahlar da bağışlanır. Bu məsələ ümumi qanun kimi hədislərdə öz əksini taparaq bəzən "İslam, özündən əvvəlki günahların üstünü örtür. (La İslamu yəcibbu ma qəbləhu) cümləsi, bəzən də sünni alimlərin vasitəsi ilə Peyğəmbərdən (s) nəql olunmuş aşağıdakı rəvayətin cümlələrində ifadə olunur:

إِنَّ الإِسْلامَ يَهْدُمُ ما كانَ قَبْلَهُ وَ إِنَّ الْهِجْرَةَ تَهْدُمُ ما كَانَ قَبْلَهَا وَ إِنَّ الْحَجَّ يَهْدُمُ ما وَ


كانَ قَبْلَهُ


"İslam dinini qəbul etmək, Allah yolunda hicrət və həcc əməllərini yerinə yetirmək özündən əvvəlki günahları aradan aparar.”

Yəni İslamı qəbul etməzdən əvvəl görülmüş pis və günah işlər İslamı qəbul etməklə bağışlanar və onlar üçün nəzərdə tutulmuş cəzalar müsəlman olmuş şəxsin üzərindən götürülər. Bu səbəbdən İslam fiqh kitablarında oxuyuruq: "İslamı yeni qəbul etmiş müsəlmana keçmiş ibadətlərin qəzası vacib deyildir."

Ayənin davamında buyurulur: "Yox, əgər yenə əvvəlki əməllərinə qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələn ənənə onların da başına gələr”.

( وَإِنْ يَعُودُواْ فَقَدْ مَضَتْ سُنَّةُ الأَوَّلين)


Ayədə işlənən "ənənə” sözü haqq düşmənlərinin peyğəmbərlər qarşısında, hətta Məkkə müşriklərinin Bədr döyüşündə Peyğəmbərin (s) qarşısında düçar olduqları aqibətə işarə edir.

"Ğafir" surəsinin 51-ci ayəsində oxuyuruq:

إِنَّما لَنَنْصُرُ رُسُلَنا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنيا وَ يَوْمَ يَقُومُ الأَشْهَادُ


"Şübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.”

Həmçinin, “İsra” surəsinin 77-ci ayəsində buyurulur:

سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنا قَبْلَكَ مِنْ رُسُلنا وَ لا تَجِدُ لِسُنّتنا تحويلا


"Bu, səndən əvvəl göndərdiyimiz peyğəmbərlərin sünnəsidir. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən."

Keçən ayədə düşmənlər haqqa dəvət edildiyindən müsəlmanların beynində cihad dövrünün başa çatdığı və yumşaq davranmaqdan başqa Çıxış yolunun qalmadığı fikrinin yaranmaması üçün növbəti ayədə buyurulur: "Fitnə (şirk və əsarət) aradan qaldırılıb, bütün din (və ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun."

تَكُونَ فتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لله


"Fitnə" sözü, "Bəqərə" surəsinin 193-cü ayəsində şərh etdiyimiz kimi, geniş məfhumu əhatə edir və adətən təzyiq mənası olan bütün hallarda işlənir. Bütpərəstlik cəmiyyətdə təzyiq və məhdudiyyətlər yaratdığından Qurani-Kərimdə "fitnə" sözü bütpərəstlik mənasında da işlənmişdir.

Həmçinin, düşmənlər tərəfindən İslamın genişlənməsinin qarşısının alınması, haqsevərlərin səsinin boğulması və hətta möminləri küfrə döndərmək kimi əməllərin hamısı "fitnə" sözünün ehtiva etdiyi mənalarındandır.

Yuxarıdakı ayədə işlənmiş “fitnə” sözünün bəzi təfsirçilər “şirk”, bəziləri isə düşmənlərin müsəlmanlardan ictimai və fikir azadlığını almaq üçün göstərdiyi səy mənasında olduğunu bildirmişlər.

Lakin həqiqətdə, ayənin məfhumu daha genişdir və həm “şirk” mənasını, həm də düşmənlər tərəfindən müsəlmanlara göstərilən digər təzyiqləri özündə ehtiva edir.

Qan İslam düşmənləri tərəfindən olunan bütün təzyiqlərə rəğmən, növbəti ayə yenə də onlara dostluq əli uzadıb buyurur: "Əgər onlar (şirk, fəsad və yanlış əməllərinə) son qoysalar, (Allah onları qəbul edər). Allah onların nə etdiklərini görəndir."

"Əgər boyun qaçırsalar, bilin ki, (sizə heç bir ziyan vura bilməzlər). Çünki Allah sizin havadarınızdır”

( وَإِن تَوَلَّوْا فَاعْلَمُواْ أَنَّ اللَّهَ مَوْلاكُمْ )


“O, necə də gözəl havadar, necə də yaxşı yardımçıdır.”

İncəliklər:



Cihadın hədəfi.

Ayə müqəddəs İslam cihadının iki əsas hədəfinə işarə edir:

1\. Bütpərəstlik və bütxanaların məhv olması.

Çünki dini azadlıq yalnız səmavi dinlərdən birinə itaət edənlərə məxsusdur. Lakin bütpərəstlik nə dindir, nə də məktəb. Əslində, mövhumat dolu sapqınlıqdır. Buna görə də İslam hakimiyyəti öncə təbliğat yolu ilə, mümkün olmazsa, hətta zor tətbiq etməklə olsa da, bütpərəstliyin kökünü kəsməli və bütxanaları dağıtmalıdır.

2\. Söz azadlığı və İslamın təbliğini qazanmaq.

İslama dəvət və onun yayılması yolunda söz və fəaliyyət azadlığı verilməlidir. Əks-təqdirdə, İslam məhdudiyyətlərin aradan qaldırılması üçün cihada əl atmağa icazə verir. Bu barədə əlavə məlumat almaq istəyənlər sözügedən təfsirin 2-ci cildi, “Bəqərə” surəsinin 193-cü ayəsinin təfsirinə müraciət edə bilərlər.

Həm sünni alimlərinin “Ruhul-məani" və "Ruhul-bəyan" kimi təfsirlərində, həm də şiə alimlərinin müxtəlif təfsir kitablarında İmam Sadiqdən (ə) nəql olunmuşdur:

# لَمْ يَجِيء تَأْوِيلُ هذهِ الآيَةِ وَ لَوْ قامَ قائِمُنا بَعْدُ سَيَرِى مَنْ يُدْرِكُهُ مَا يَكُونُ مِنْ تَأْوِيلِ


# مرفق


# ـذِهِ الآيَةِ وَ لَيَبْلُغَنَّ دِينُ مُحَمَّدٍ ما بَلَغَ اللَّيْلُ حَتَّى لا يَكُونَ مُشْرِكٌ عَلي ظَهْرِ الْأَرْضِ


“Bu ayənin son yozumu və təfsiri hələ yetişməyib. Qaimimiz zühur edəndə həmin zamana təsadüf edən insanlar bu ayənin yozumunun şahidi olacaqlar. And olsun Allaha, Muhəmmədin (s) dini yer üzündə elə bir həddə gəlib çatacaq ki, dünyada bircə gecə də olsun bir nəfər müşrik qalmayacaq.”

"Əl-Mənar" təfsirinin müəllifi Həzrət Mehdinin (əc.f) qiyamı məsələsinə təəssübkeşliklə yanaşdığından yuxarıda qeyd olunan hədisi inkar etmişdir. Təfsirində bəyan etdiyi fikirlərə əsasən, o, "vəhabiyyət” firqəsinə meyillidir. Çünki vəhabilər də İmamzamanın (əc.f) zühurunun qaçılmaz olduğuna inanır və bu haqda nəql olunmuş rəvayətləri mütəvatir sayırlar. Həzrət Mehdinin (əc.f) zühuru haqqında nəql olunmuş rəvayətlərin sənədlərini, eləcə də "əl-Mənar" kitabının müəllifinin yol verdiyi səhvi və bu səhvin cavabını “Tövbə” surəsinin 33-cü ayəsinin təfsirində qeyd edəcəyik.

Həzrət Mehdi (ə.f) haqqında nəql olunmuş rəvayətlərdən bəzisinin həqiqəti əks etdirməməsi, yaxud xurafata uğraması bütün səhih və mütəvatir hədislərin gözdən salınmasına səbəb ola bilməz.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...