Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 16

Yusuf surəsi, 58-62-ci ayələr

Yusuf surəsi, 58-62-ci ayələr



وَجَاءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُ مُنْكِرُونَ .٥٨


وَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ قَالَ ائْتُونِي بِأَخٍ لَكُمْ مِنْ أَبِيكُمْ أَلَا تَرَوْنَ أَنِّي أُوفِي الْكَيْلَ وَأَنَا خَيْرُ الْمُنْزِلِينَ .٥٩


فَإِنْ لَمْ تَأْتُونِي بِهِ فَلَا كَيْلَ لَكُمْ عِنْدِي وَلَا تَقْرَبُونِ .٦٠


قَالُوا سَنُرَاوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَاعِلُونَ .٦١


وَقَالَ لِفِتْيَانِهِ اجْعَلُوا بِضَاعَتَهُمْ فِي رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَا إِذَا انْقَلَبُوا إِلَى أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ .٦٢


Ayələrin tərcüməsi



58\. (Kənan diyarını qıtlıq bürüdü.) Yusufun (ə) qardaşları (ərzaq yardımı almaq üçün Misirə) gəldilər. Daxil olduqlarında (Yusuf) onları tanıdı, onlar isə onu tanımadılar.

59\. (Yusuf) onların yüklərini hazırlayarkən dedi: “(Növbəti dəfəgələndə) atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən ev sahibliyi edənlərin ən yaxşısıyam?

60\. Əgər onu yanıma gətirməsəniz, məndən (bir qab belə) ərzaq görməyəcəksiniz, özünüz də mənə yaxınlaşmayın”.

61\. Dedilər: “Atası ilə danışarıq (və onu razı salmağa çalışarıq). Biz bunu edəcəyik."

62\. Daha sonra xidmətçilərinə dedi: “Ödədiklərini də yük- lərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə, bəlkə də, onu tanısınlar və ola bilsin ki, qayıtsınlar".

Ayələrin təfsiri.



Qardaşlarına Yusufun (ə) yeni təklifi.

Gözlənildiyi kimi, Misirdə yeddi il sərasǝr bolluq oldu. Həyat- verici yağışların yağması, Nil çayının aşıb-daşması əkinçiliyə öz müsbət təsirini qoydu. Ölkənin maliyyə işlərinə, xəzinələrinə nəzarət edən Yusuf (ə) artıq qalan məhsulun xarab olmaması üçün böyük və kiçik anbarların tikilməsinə göstəriş verdi. Xalqa ehtiyacı olduğu qədər məhsul götürməsini, yerdə qalan məhsulu isə hökumətə satmasını tapşırdı. Beləliklə, anbarlar ehtiyat azuqə ilə doldu.

Yeddi il bolluq və firavanlığın hökm sürdüyü Misir torpağında bərəkətli günlərin sonu yaxınlaşır, quraqlıq özünün tərs sifətini göstərməyə başlamışdı. Yeddi ildən sonra sanki göylər yerə qarşı elə xəsislik göstərdi ki, əkin yerləri susuzluqdan “yanan dodaqlarını belə islada bilmədi". Xalq azuqə qıtlığı çəkir, dolanışıq çətinləşirdi. Lakin onlar hökumətin əlində ehtiyat azuqə olduğunu bilirdi. Buna görə də müşküllərini hökumətə bildirməklə həll edirdilər. Proqramlarını uzaq- görənliklə tənzimləmiş Yusuf (ə) xalqa ehtiyacı olduqları qədər azuqə verir, ədalətə riayət edirdi.

Quraqlıq təkcə Misir torpaqlarını çənginə almamışdı. Misirin şimal-şərqində yerləşən ətraf bölgələr - Fələstin, Kənan torpaqları da quraqlığın caynağına keçmişdi. Kənan diyarında yaşayan Yǝqubun (ə) ailəsi də misirlilər kimi ərzaq qıtlığı ilə üzləşmişdi. Vəziyyəti belə görən Yǝqub (ə) oğlanlarından – Yusufun (ə) anabir qardaşı Benyamin istisna olmaqla, digər qardaşların hamısını azuqə dalınca Misirə yolla- maq qərarına gəlir.

Qardaşlar Misirə gedən bir karvana qoşulub yola çıxırlar. Bəzi təfsirçilərin dediyinə görə, onlar on səkkiz gündən sonra Misirə yetişirlər. Tarixdə qeyd olunur ki, Yusuf (ə) həmin ərəfədə göstəriş vermişdi ki, Misirə daxil olan xaricilər qeydə alınsın və onlar barədə ona arayış təqdim olunsun. Gözətçilər Fələstindən gəlmiş karvan barədə Yusufa (ə) məlumat verəndə, Yusuf (ə) ərzaq dalınca gəlmiş müsafirlər arasında qardaşlarının adını da görür. Yusuf (ə) onları gördükdə tanıyır, amma bunu heç kimə sezdirmir. Onları hüzuruna çağırtdırır. Quran bu hadisəni belə bəyan edir: “(Kənan diyarını qıtlıq bürüdü.) Yusufun (ə) qardaş- ları (ərzaq yardımı almaq üçün Misirə) gəldilər. Daxil olduqlarında (Yusuf) onları tanıdı, onlar isə onu tanımadılar."

فَعَرَفَهُمْوَهُمْلَهُمُنكَرُونَ


Onların Yusufu (ə) tanımaması təbii idi. Çünki (Yusufu (ə) quyuya atdıqları gündən Misirə gələnə qədər) aradan otuz-qırx il keçmişdi. Başqa bir tərəfdən onlar qardaşlarının böyük dövlət kürsüsündə oturacağını, Misirin əzizi olacağını ağıllarına belə gətirə bilməzdilər. Belə bir ehtimal onlar üçün təsəvvürolunmaz idi. Hətta ehtimal etsək ki, Misirin əzizində qardaşlarına oxşarlığı görsəydilər, bunun özünü də bir təsadüf biləcəkdilər. Yusufun əyninə geydiyi misirlilərə məxsus rəsmi şahlıq libası da onun görkəmini xeyli dəyişmiş, tanınmasını çətinləşdirmişdi. Onu bu libasda tanımaq elə də asan deyildi. Bir də ki axı, qardaşları Yusufu (ə) "öldürmüşdülər”. Həmin əhvalatdan sonra onlar Yusufun (ə) həyatda olacağı barədə heç düşünmürdülər.

Qardaşlar lazım olan ərzaq ehtiyatını alıb əvəzini Kənandan gətirdikləri kündür, dəri başmaq və sair mallarla ödədilər.

Yusuf (ə) qardaşlarına qayğı və məhəbbətlə yanaşır, onlarla söhbət etməyə maraq göstərirdi. Qardaşları ona dedilər: "Biz on qardaş, Yǝqubun övladlarıyıq. Yəqub özü Allahın böyük peyğəmbəri İbrahim Xəlilin nəvəsidir. Bizim atamızı yaxından tanısaydın, ona daha çox ehtiram göstərərdin. Atamız ilahi peyğəmbərlərdəndir. Çox qocalıb. Qəm-qüssə vücudunu sarmış, aramsız göz yaşları onu əldən salmışdır.”

Yusuf (ə) dərhal dedi: "Bu qədər qəm-kədər nəyə görə?”

Qardaşları dedilər: "Atamızın çox istədiyi bir qardaşımız vardı. O bizdən yaşda kiçik idi. Bir gün eyni-könlü açılsın deyə bizə qoşuldu, heyvanların otlaq yerinə, bizimlə birlikdə səhraya yollandı. Bizim başımız qarışdı, canavar onu parçaladı. O gündən bu yana atamız onun fərağına göz yaşı axıdır, fikir çəkir."

Bəzi təfsirçilər nəql edirlər ki, Yusuf (ə) hər kəsə ancaq bir dəvə yükü buğda verməyi tapşırmış, bundan artıq satışa qadağa qoymuşdu. Yusuf (ə) qardaşların sayına görə onlara on dəvə yükü buğda verir.

Qardaşlar deyirlər: "Bizim evdə qoca atamız və bir də bizdən balaca qardaşımız da var. Atamız həddən artıq yaşlandığı, fikirdən əldən düşdüyü üçün səfərə çıxa bilmir. Balaca qardaşımızı da atamıza xidmət etmək üçün onun yanında saxlamışıq. Mümkünsə, mərhəmət göstərib onların da payını bizə verərdin.

Yusufun (ə) göstərişi ilə qardaşların ərzaq yükünə daha iki yük əlavə olunur. Sonra Yusuf (ə) üzünü qardaşlarına tutub deyir: "Sizi çox ədəbli və ağıllı gördüm. Deyirdiniz ki, atanız balaca qardaşınızı çox istəyir. Görünür o balaca qardaşınız çox zəki və istedadlı gəncdir. Mən də onu görmək istərdim. Gələn dəfə gələndə onu da özünüzlə gətirin. Həm də siz burada yadellisiniz, xalq sizin haqqınızda şübhəyə düşər (ki, niyə sizə artıq buğda verildi). Şübhələri dağıtmaq üçün gələn səfərdə balaca qardaşınızı da özünüzlə gətirin (ki, baxıb görsünlər əlavə payların, həqiqətən, yiyəsi varmış)."

Quran burada deyir: "(Yusuf) onların yüklərini hazırlayarkən dedi: “(Növbəti dəfə gələndə) atabir qardaşınızı yanıma gətirin!"

جَهَّزَهُمبِجَهَازِهِمْقَالَائْتُونِيبِأَحْلَّكُممِّنْأَبِيكُمْ


Sonra əlavə edir: "Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən ev sahibliyi edənlərin ən yaxşısıyam?”

أُوفِيالْكَيْلَوَأَنَاخَيْرُالْمُترِلِينَ


Yusuf (ə) yuxarıdakı kəlmələrlə onlara diqqətini, qayğısını izhar edəndən sonra birdən təhdidedici bir kəlmə işlədir, deyir: “Əgər onu yanıma gətirməsəniz, məndən (bir qab belə) ərzaq görməyəcəksiniz, özünüz də mənə yaxınlaşmayın”.

( فَإِنلَّمْتَأْتُونِيبِهِفَلَاكَيْلَلَكُمْعِندِيوَلَاتَقْرَبُونِ)


Yusufun (ə) məqsədi bir yolla anabir qardaşı Benyamini öz yanına gətirtmək idi. Buna görə də Yusuf (ə) hərdən şirin dillə, təşviqlə, hərdən də təhdidlə danışır, işi hər tərəfdən bərkidirdi.

Yusufun (ə) yuxarıdakı kəlməsindən görünür ki, o zaman Misirdə dənli bitkilərin satışı çəki ilə deyil, ölçü qabı ilə həyata keçirilirdi. Həmçinin aydın olur ki, Yusuf (ə) öz qardaşlarını, eləcə də digər qonaqları yüksək səviyyədə qarşılayır, əsl mənada onlara qonaqpərvərlik göstərirmiş.

Qardaşları onun cavabında deyirlər: "Atası ilə danışarıq (və onu razı salmağa çalışarıq). Biz bunu edəcəyik."

(قَالُواسَرَاوِدُعَنْهُأَبَاهُوَإِنَّالَفَاعِلُونَ)


Ayədə (ləfailun) kəlməsinin işlənməsi onların bu işi görəcəklərinəəminliklərini bildirir. Qardaşları atalarını razı salacaqlarını, ona nüfuz edəcəklərini bildikləri üçün əminliklə Benyamini gətirəcəklərinə Misirin əzizinə söz verirlər. Belə də olmalı idi. Axı onlar Yusufu (ə) bir zaman israrla atalarından qopara bilmişlərsə, Benyamini niyə ayıra bilməsinlər?

bu yerə çatanda Yusuf (ə) onları bir az da özünə cəlb etmək, arxayın salmaq üçün işçilərinə deyir: "Ödədiklərini də yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə, bəlkə də, onu tanısınlar və ola bilsin ki, qayıtsınlar”.

İncəliklər;



1\. Yusuf (ə) özünü qardaşlarına niyə tanıtdırmadı?

Yuxarıdakı ayələrlə bağlı qarşıya çıxan ilk sual budur ki, Yusuf (ə) özünü qardaşlarına niyə tanıtdırmadı? Tez tanışlıq verib atalarının yanına dönə bilər, onu uzun illərin "Yusuf (ə) həsrəti”ndən, dərdindən qurtara bilərdi. Biz bu sualı daha geniş şəkildə də verə bilərik: Qardaşları Yusufun (ə) yanına gələndə, onun zindandan azad olmasından ən azı səkkiz il ötürdü. Çünki artıq yeddi illik bolluq illərini geridə buraxmış, indi isə Yusuf (ə) qıtlıq illərində ehtiyat ərzağın paylanması işləri ilə məşğul olurdu. Səkkizinci ildə qıtlıq başlayanda qardaşlar Ərzaq ehtiyatı almaq üçün Misirə gəlirlər. Yusuf (ə) bu səkkiz ildə Kənana bir nəfər yollayıb, atasını öz halından xəbərdar edə bilməz- dimi? Axı, atasının onun fərağından nələr çəkəcəyini Yusuf (ə) bilməli idi.

Əksər müfəssirlər, o cümlədən Təbərsi (Məcməül-bəyan), Əllamə Təbatǝbai (Əl-Mizan) və Qurtubi ("Əl-Camiu li-əhkamil-Quran”) bu sualı cavablandırmağa çalışmış, hərəsi öz fikrini bildirmişlər. Lakin onların arasında ən doğru cavab bu olardı: Yusufun (ə) Allah-taala tərəfindən bu addımı atmağa icazəsi olmamışdır. Çünki digər səbəblər bir tərəfə, Yusufun (ə) fəraqı məsələsi Yaqub (ə) üçün bir imtahan olaraq cızılmışdır. Bu imtahanın bitməsi də Allahın göstərişi ilə olmalı idi. Allahın hökmü gəlməmiş, Yusuf (ə) özbaşına belə bir addımı ata bilməzdi.

Digər bir səbəb: Yusuf (ə) həmin dəqiqə qardaşlarına kim olduğunu söyləsəydi, ola bilsin ki, xoşagəlməz vəziyyətlə üzləşərdi. Qardaşları bu xəbəri eşitməklə Yusufun (ə) onlardan intiqam alacağını düşünər, qorxuya düşüb bir daha Misirə geri dönməzdilər.

2\. Yusuf (ə) qardaşlarının pullarını niyə geri qaytardı? Niyə Yusuf (ə) göstəriş verdi ki, qardaşların aldıqları buğdanın müqabilində verdikləri malları gizlincə onların yüklərinin arasına qoysunlar?

Bu suala da müxtəlif cavablar verilmişdir. Fəxr Razi bu suala öz təfsirində on cavab göstərmişdir. O cavablardan bəzisi uyğun olmayan cavablardır. Əslində, ayənin özündə bu sualın cavabı bəyan edilmişdir: “Ödədiklərini də yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə, bəlkə də, onu tanısınlar və ola bilsin ki, qayıtsınlar".

Yusufun (ə) məqsədi qardaşların vətənlərinə qayıtdıqdan sonra öz mallarını yüklərin arasında tapmaqla sevindirmək, Misir əzizinə olan etimad və hörmətlərini artırmaq, bununla da onları yenidən görüşə həvəsləndirmək idi. Bu etimaddan sonra onlar balaca qardaşlarını da tam arxayınçılıqla özləri ilə Misirə gətirə bilərdilər. Yəqubun (ə) özü də bu hadisənin şahidi olduqdan sonra Benyaminin qardaşlarla Misirə yollanmasına çox da mane olmayacaq, onlara daha çox etimad bəsləyəcəkdi.

3\. Yusuf (ǝ) beytülmalı qardaşlara necə verdi?

Qarşıya çıxan digər bir sual: Yusuf (ə) heç bir əvəz almadan, qiyməti ödənilmədən ümumi dövlət malını qardaşlarına necə verdi?

Bu suala iki yolla cavab vermək olar: Birincisi, Misirin ümumi dövlət büdcəsində cəmiyyətin zəif, imkansız təbəqəsi (müstəzəflər) üçün nəzərdə tutulmuş pay var idi. Bu, onların qanunu tərəfindən müəyyən edilmiş hüquqları idi. Ölkə sərhədləri bu hüquqlara müdaxilə edə bilməz. Yusuf (ə) həmin vaxt ölkə daxilində cəmiyyətin aşağı təbəqəsinə kömək edirdi və haqq olaraq, bu qanunun şamil olunduğu qardaşlarına da kömək edə bilərdi.

İkinci cavab budur ki, maliyyə naziri postunda Yusufun (ə) əlahiddə səlahiyyətləri vardı. Həmin həssas vaxtlarda ona bir çox işlərə müdaxilə etməsi üçün tam səlahiyyətlər verilmişdi. Ən az haqq bu idi ki, özü və ailəsinin ehtiyaclarını beytülmaldan təmin etsin. Qardaşları və atası da onun yaxınları hesab olunurdu və belə bir köməyə möhtac idilər. Deməli, Yusuf (ə) qardaşlarına verdiyi bəxşişdə bu hüququndan istifadə etmişdi.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...