Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 18

Yusuf surəsi, 67-68-ci ayələr

Yusuf surəsi, 67-68-ci ayələr



وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِنْ بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُتَفَرِّقَةٍ وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ .٦٧


وَلَمَّا دَخَلُوا مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُمْ مَا كَانَ يُغْنِي عَنْهُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ إِلَّا حَاجَةً فِي نَفْسِ يَعْقُوبَ قَضَاهَا وَإِنَّهُ لَذُو عِلْمٍ لِمَا عَلَّمْنَاهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ .٦٨


Ayələrin tərcüməsi



67\. (Yola düşmək istədikləri vaxt Yǝqub) dedi: "Oğullarım! Bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etdim. Təvəkkül edənlər hamısı da Ona təvəkkül etsinlər!"

68\. Onlar ataları əmr etdiyi kimi daxil olduqlarında bu hərəkət Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yǝqu- bun ürəyində bir diləyi yerinə yetmiş oldu. Biz öyrətdiyimiz üçün o, böyük elm sahibi idi. Lakin insanların çoxu bilmaz!

Ayələrin təfsiri.



Nəhayət, Yusufun (ə) qardaşları atalarının razılığını aldıqdan sonra Benyamini özlərinə qoşdular və ikinci dəfə Misirə səfərə çıxdılar. Səfər qabağı ataları onlara nəsihət verdi, dedi: “Oğullarım! Bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan daxil olun”.

Sonra əlavə etdi: "Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm”.

(وَمَاأُغْنىعَنكُممِّنَاللهمِنشَيْءٍ)


Yǝqub (ə) demək istəyirdi ki, mən bununla bir sıra baş verə biləcək xoşagəlməz hadisələri sizdən uzaqlaşdırmaq istəyirəm. Allahın qəti hökm etmədiyi bəzi hadisələrin qarşısını almaq mümkündür. Mənim məqsədim sizi belə hadisələrdən uzaq tutmaqdır və bu mümkündür.

Yǝqub (ə) sonda dedi: “Hökm yalnız Allahındır."

“Mən ona təvəkkül etdim."

“Təvəkkül edənlər hamısı da Ona təvəkkül etsinlər!”

Şübhəsiz, Misirin paytaxtı o zaman başqa böyük şəhərlər kimi qala və divarlarla əhatə olunmuş, qülləsi, bir neçə böyük darvazası olan bir şəhər idi. Yəqubun (ə) oğlanlarına bir qapıdan deyil, kiçik dəstələr halında müxtəlif qapılardan daxil olmalarını tapşırmağının səbəbi ayədə göstərilmir. Bəs görəsən, Yǝqubun (ə) bu tapşırığı verməkdə məqsədi nə idi?

Təfsirçilərdən bir qrupuna görə, Yǝqubun (ə) bu tapşırığı verməsinin səbəbi Yusufun (ə) qardaşlarının cəlbedici simaya, yaraşıq və boy-buxuna malik olmaları idi. Hərçənd Yusuf (ə) deyildilər, amma Yusufun (ə) qardaşları idilər. Yǝqub (ə) on bir nəfərlik bir dəstənin yad bir qiyafədə Misirə daxil olduqda camaatın diqqətini cəlb edəcəyindən nigaran idi. Onlara baxan kimi yad ölkədən gəldikləri o dəqiqə gözə çarpardı. O, övladlarına bəd nəzər toxunmasını istəmirdi.

Qeyd olunan bu fikir təfsirçilər arasında insana bəd nəzər toxunması, göz dəyməsi barədə geniş müzakirələrə yol açmışdır. Onlar bu məsələni təsdiq edən tarixi dəlillərə istinad etmiş, hədislərdən sübutlar gətirmişlər. İnşallah, biz “Qələm" surəsinin 52-ci ayəsinin təfsirinə yetişərkən bu barədə bəhs edəcəyik. Orada sübut edəcəyik ki, bu barədə qeyd olunanların bir hissəsi doğrudur. Elm də gözdən yayılan xüsusi maqnitik şüalanma barədə münasibət bildirir və bu şüalanmanın əşyalar üzərində təsirsiz ötüşmədiyini təsdiqləyir. Əlbəttə, bu mövzunu xurafata qarışdıranlar da az deyil.

Yǝqubun (ə) bu nəsihətinin digər bir səbəbi haqqında belə demişlər: Boy-buxunları, ağ bənizləri ilə misirlilərdən seçilən qardaşların cəlbedici qiyafədə, cəm halda Misir darvazlarının birindən içəri daxil olmaları paxılların həsədinə səbəb ola bilərdi. Onlar paxıllıqdan hökumət dairələrinə yalan xəbərlər aparıb qardaşları gözdən salar, onlar haqda qərəzli şübhələrə yol aça bilərdilər. Bunu nəzərə alaraq Yəqub (ə) göstəriş verdi ki, diqqət cəlb etməmək üçün oğlanları müxtəlif darvazalardan içəri daxil olsunlar.

Yuxarıdakı ayəni bəzi müfəssirlər öz istəklərinə, zövqlərinə uyğun belə izah etmişlər: “Yəqub o nəsihəti, əslində, övladlarına mühüm bir ictimai tapşırıq olaraq yol azuqəsi kimi vermişdir. O, bununla demək istəyirdi ki, axtardığınızı bir qapıda soraqlaşmayın, bir qapıya yönəlməyin, hər qapıya baş vurun. Çünki məqsədə nail olmaq üçün insan bəzən ancaq bir yolu seçir. Yol dalana dirənəndə məyus olur, məqsədindən dönür. Amma axtardığı, sorağında olduğu şeyin müxtəlif yollarla axtarışına çıxsaydı, çox güman ki, müsbət nəticəyə çatardı. Çünki adətən bir şeyi müxtəlif istiqamətlərdə, hər tərəfdə axtaranda tapırsan.

Qardaşlar yola düzəldilər. Kənan və Misir arasında uzun bir yolu qət etdikdən sonra Misir torpaqlarına çatdılar.

"Onlar ataları əmr etdiyi kimi daxil olduqlarında bu hərəkət Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi”.

Bu işin yeganə faydası bu oldu ki, “ancaq Yəqubun ürəyində bir diləyi yerinə yetmiş oldu”.

(إِلَّاحَاجَةًفِينَفْسٍيَعْقُوبَقَضَاهَا)


Ayədə: “təkcə Yəqubun ürəyi təskinlik tapdı, diləyi yerinə yetmiş oldu” – deməklə Quran Yəqubun (ə) bütün oğlanlarından ayrı düşməsinə və bu səbəbdən nigaran olmasına işarə edir. Yəqub (ə) bu dəfə onların hamısından uzaq düşürdü və paxılların, gözü götürməyən bədxahların onlara bir xətər toxunduracağından narahat idi. Ata ürəyi oğlanlarının verilmiş tapşırığa əməl edəcəklərini yada salanda təskinlik tapır, arxayınlıq əldə edirdi.

Quran sonra Yoqubu (ə) bu cümlə ilə mədh və vəsf edir: "Biz öyrətdiyimiz üçün o, böyük elm sahibi idi. Lakin insanların çoxu bilməz”.

(وَإِنَّهُلَذُوعِلْمٍلِّمَاعَلَّمْنَاهُوَلَكِنَّأَكْثَرَالنَّاسِلَايَعْلَمُونَ)


Ayənin son cümləsi işarə edir ki, insanların əksəriyyəti səbəblər dünyasında itib-batmış, Allahı yaddan çıxarmışlar. Onların çoxu düşünür ki, məsələn, bədnəzər qaçılmaz bir təsirdir və bəzi gözlərin təsirindən qaçmaq əsla mümkün deyil. Bədnəzəri qaçılmaz təsir bildikləri üçün də Allahı və ona təvəkkül etməyi unudur, əvəzində onun-bunun qapısına üz tuturlar.

Yǝqub (ə) isə belə deyildi. O bilirdi ki, Allah istəməsə, heç nə baş verə bilməz. Buna görə də o, hər şeydən əvvəl Allaha təvəkkül edir, sonra səbəblər ardınca gedirdi. Səbəblər arxasınca getdiyində də bilirdi ki, bütün bu səbəblərin arxasında "səbəblər səbəbi" dayanır. Quran bu məsələyə “Bəqərə” surəsinin 102-ci ayəsində Babil şəhərinin sehrbazlarından bəhs edərkən toxunur:

وَمَاهُمبِضَارِّينَبِهِمِنْأَحَدٍإِلَّابِإِذْنِاللهِ


"Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər." Ayədə işarə olunur ki, bütün istəklərin fövqündə Allahın istəyi durur. İnsanlar Allaha bel bağlamalı, ondan kömək ummalıdırlar.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...