Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 18

Ənfal surəsi, 45-47-ci ayələr

Ənfal surəsi, 45-47-ci ayələr



يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ .٤٥


وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُوا إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ .٤٦


وَلَا تَكُونُوا كَالَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ بَطَرًا وَرِئَاءَ النَّاسِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَاللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ .٤٧


Ayələrin tərcüməsi



45\. Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə qətiyyətli olun və Allahı çox xatırlayın ki, nicat tapasınız!

46\. Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyərsiniz və gücünüz, qüdrətiniz tükənər. Səbirli və dözümlü olun, çünki Allah səbir edən, dözümlü olanlarladır!

47\. Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (sonda isə məğlubiyyətə uğrayanlar) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!

Ayələrin təfsiri.



Müharibədə riayət edilməli olan altı göstəriş.

Təfsirçilər yazırlar: Əbu Süfyan müəyyən aldadıcı yollarla Qüreyş qəbiləsinə məxsus ticarət karvanını müsəlmanların ərazisindən uzaqlaşdırdıqdan sonra Bədrə doğru hərəkətdə olan Məkkə ordusuna xəbər göndərib döyüşməyə ehtiyac qalmadığını bildirdi və Məkkəyə geri dönmələrini istədi. Lakin Əbucǝhl özünəməxsus qürur və təkəbbürlə and içdi ki. Bədr səhrasına gedərək dəvələr kəsib, dadlı yeməklər hazırlayıb, içki içib, xanəndələr gətirdib, üç gün şənlənib, səsimizi bütün ərəb qəbilələrinə çatdırıb və gücümüzü göstərib geri dönəcəyik.! Lakin sonda məğlub olub şərab qədəhləri əvəzinə, ölüm badələrini qaldırmalı oldular.

Yuxarıda qeyd olunan ayələr müsəlmanlara eyş-işrət məclislərini qadağan etməklə bərabər, cihadla bağlı bir sıra mühüm göstərişlər verir. Allah-taala bu üç ayədə möminlərə cihadla bağlı altı göstəriş vermişdir:

1\. Qətiyyətli (sabitqədəm) olmaq.

İlk olaraq buyurur: "Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə qətiyyətli (sabit qədəm) olun və Allahı çox xatırlayın ki, nicat tapasınız”.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا


Yəni həyatın bütün sahələrində, xüsusilə düşmənlə mübarizədə qətiyyətli olmaq imanın ən bariz nümunələrindən biridir.

2\. Allahı çox xatırlamaq.

"Allahı çox xatırlayın ki, nicat tapasınız!" Şübhəsiz ki, “Allahı xatırlamaq” dedikdə, Onu yalnız dildə zikr etmək nəzərdə tutulmur. Burada Allah-taalanı daxilən hiss etməyə, Onun elmi, sonsuz qüdrəti və geniş mərhəmətini daim yanında bilib duymağa işarə edilir.

Bu mənada Allahı xatırlamaq mücahidin döyüş ruhiyyəsini artırır, o, meydanda tək olmadığına inanır və qarşısında heç bir gücün müqavimət göstərə bilməyəcəyi güclü dayağı olduğunu düşünür. Bu yolda öləcəyi təqdirdə də ən böyük səadətə, yəni şəhadət səadətinə qovuşacağını bilir.

Bundan başqa, Allahı xatırlamaq mömini cihada qarşı süst edəcək (zəiflədəcək) – ailə-uşağa sevgisi və həmçinin vəzifə kimi - bütün işlərə bağlılıqdan azad edir. İmam Səccaddan (ə) "Səhifeye-Səccadiyyǝ" kitabında nəql olunmuş məşhur duada sərhədçilərə belə dua edilir:

"Bədr", o günün məlum hadisəsinə qədər, ərəblərin bir araya gəldiyi mərkəzlərdən biri idi və onlar ildə bir dəfə Bədr çölündə toplaşıb bazar yarmarkası təşkil edirdilər.

مْ عِندَ لِقَائِهِمُ الْعَدُوِّ ذِكْرَ دُنْيَاهُمُ الْخَدَّاعَةِ الْغَرُورِ وَامْحُ عَنْ قُلُوبِهِمْ خَطَرَات وَ أَنسهمْ عِنْدَ.


الْمَالِ الْفتُونِ وَ اجْعَلِ الْجَنَّةَ نَصْبَ أَعْيُنِهِمْ


“İlahi! Sərhədçilər (İslam əsgəri), düşmənlə üzləşərkən aldadıcı (maftunedici) dünyanı düşünməyi yadlarından çıxart və dünya malını, var-dövlətini onların qəlbindən sil və Cənnəti gözlərinin önünə gətir."/

3\. Allah və Peyğəmbərə (s) itaət etmək.

Düşmənlə mübarizə yolunda ən mühüm göstərişlərdən biri də Allah və Onun Peyğəmbərinə (s) itaət etməkdir. Bədr döyüşünün parlaq nəticəsi bunun ən bariz nümunəsidir. Müsəlmanlar Peyğəmbərə (s) itaət etməsəydilər, məğlubiyyətləri qaçılmaz olacaqdı. Buna görə də növbəti ayədə buyurulur: “Allaha və Onun Peyğəmbərinə itaət edin.”

( وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ)


4\. Bir-biri ilə münaqişə və çəkişmələrdən əl çəkmək "Bir-birinizlə çəkişməyin,”

Çünki mücahidlərin arasında yaranmış münaqişə, onların düşmən qarşısında zəifləməsinə gətirib çıxarda bilər.

"Yoxsa zəifləyərsiniz."

"və bir-birinizlə çəkişmə nəticəsində gücünüz, qüdrətiniz tükənər.

( وَتَذْهَبَ رِيحُكُمْ )


(rih) külək mənasındadır. Ayədə: "bir-birinizlə çəkişməyin, əks-təqdirdə zəifləyər və gücünüz (küləyiniz) tükənər” – deməklə, olduqca incə məsələyə toxunulmuşdur. Yəni aranızda yaranan münaqişə və çəkişmələr gücünüzü zəiflədər, eyni zamanda işlərinizin istədiyi kimi getməsinə mane olar. Çünki müvafiq istiqamətdə əsən külək gəmilərin məqsədə doğru hərəkətini təmin etdiyi kimi, əks istiqamətdə əsən külək də gəmini öz məqsədindən uzaqlaşdırır. O dövrdə gəminin mühərrik gücünün yalnız külək olduğunu nəzərə alsaq, məsələnin necə incəliklə bəyan olunduğu aşkar olar. Bundan başqa, qüdrətin rəmzi sayılan bayraq küləyin əsməsi ilə dalğalanır və təmsil etdiyi hakimiyyətin ayaqda olduğunu göstərir. Ayədə işlənən ifadə bu mənaya da şamil oluna bilər.

5\. Səbirli və dözümlü olamaq.

Beşinci göstəriş düşmən və çətin hadisələrin qarşısında dözümlü olmağı tələb edib buyurur: “Səbirli və dözümlü olun, çünki Allah səbir edən, dözümlü olanlarladır”.

وَاصْبِرُواْ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ


Birinci göstərişlə (qətiyyətli olmaq) beşinci göstəriş (dözümlü olmaq) arasındakı fərq birinci göstərişin fiziki, ikinci göstərişin isə mənəvi baxımdan olmasındadır.

6\. Döyüş meydanında xoşagəlməz işlər, yersiz hərəkətlər və boşboğazlıq etməmək, həmçinin nəfsani istəklərə görə və özünü camaata göstərmək üçün getməmək

Altıncı və sonuncu göstəriş müsəlmanlara döyüş meydanında yersiz əməllər edib, mənasız sözlər danışıb boşboğazlıq etməməyə çağırır və Əbu Cəhlin döyüşdən əvvəl Əbu Süfyanın göndərdiyi qasidin çağırışına məhəl qoymamasına işarə edib buyurur: "Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar kimi olmayın.”

كَالَّذِينَ خَرَجُوا مِن دِيَارِهِم بَطَرًا وَرِئَاءِ النَّاسِ


"və (insanları) Allah yolundan döndərənlər (sonda isə məğlubiyyətə uğrayanlar) kimi olmayın."

Belələrinin nə məqsədləri müqəddəsdir, nə də həmin məqsədə çatmaq üçün istifadə etdikləri vasitələri. Onlar böyük gücə sahib olsalar da, necə məhv, eyş-işrət əvəzinə necə qanlarına qəltan olduqlarını gördük.

Ayənin sonunda buyurulur: "Allah onların nə etdiklərindən xəbərdardır!”

وَاللهُ بِمَا يَعْمَلُونَ مُحيط

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...