Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 19
Yusuf surəsi, 69-76-cı ayələr
Yusuf surəsi, 69-76-cı ayələr
وَلَمَّا دَخَلُوا عَلَى يُوسُفَ آوَى إِلَيْهِ أَخَاهُ قَالَ إِنِّي أَنَا أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَعْمَلُونَ .٦٩
فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ .٧٠
قَالُوا وَأَقْبَلُوا عَلَيْهِمْ مَاذَا تَفْقِدُونَ .٧١
قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ .٧٢
قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُمْ مَا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ .٧٣
قَالُوا فَمَا جَزَاؤُهُ إِنْ كُنْتُمْ كَاذِبِينَ .٧٤
قَالُوا جَزَاؤُهُ مَنْ وُجِدَ فِي رَحْلِهِ فَهُوَ جَزَاؤُهُ كَذَلِكَ نَجْزِي الظَّالِمِينَ .٧٥
فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاءِ أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِعَاءِ أَخِيهِ كَذَلِكَ كِدْنَا لِيُوسُفَ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ .٧٦
Ayələrin tərcüməsi
69\. Onlar Yusufun hüzuruna daxil olduqları zaman qardaşına yanında yer verib dedi: “Mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə, narahat olma!”
70\. (Yusufun adamı) onların yüklərini bağlayarkən şahın su içdiyi qabı qardaşının yükünün içinə qoydu. Sonra bir nəfər qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
71\. (Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?” – dedilər.
72\. Onlar dedilər: "Padşahın piyaləsini. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək". (Carçı): "Mən buna zaminəm!"- (dedi).
73\. Onlar dedilər: "Allaha and olsun! Siz bilirsiniz ki, biz (bu) yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru deyilik".
74\. Onlar dedilər: “Əgər yalançı olsanız, cəzası nədir?”
75\. (Qardaşlar) dedilər: “Kimin yükünün içində tapılsa, cəzası özü olacaq (bu cinayətinə görə sizin köləniz olacaq). Biz zalımları belə cəzalandırırıq”.
76\. Bu vaxt o (Yusuf), qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da onu qardaşının yükündən çıxartdı. Biz Yusufa (ə) belə bir tədbir öyrətdik. Yoxsa o, Allahın istəyi olmadan şahın qanunlarına əsasən qardaşını tutub saxlaya bilməzdi. Biz istədiyimiz şəxsin dərəcələrini artırırıq. Hər bir bilik sahibindən üstün bir bilən var.
Ayələrin təfsiri.
Qardaşını saxlamaq planı.
Nəhayət, qardaşlar Yusufun (ə) yanına daxil oldular və ona belə dedilər: "Sənin tapşırığna əməl etdik. Əvvəl atamız balaca qardaşımızı bizimlə göndərmək istəmirdi. İsrar etdikdən sonra onu razı sala bildik. Bunu dedik biləsiniz ki, biz öz əhd-peymanımıza vəfalıyıq.”
Yusuf (ə) onları ehtiramla qəbul etdi, öz sarayına qonaq çağırdı. Göstəriş verdi ki, süfrə başında iki-iki otursunlar və hər qardaş öz ana- bir qardaşı ilə yemək yesin. Onlar Yusuf (ə) deyən qaydada əyləşdilər. Bu zaman Benyamin tək qaldı, onu qəhər boğdu, gözləri doldu, dedi: "Əgər qardaşım Yusuf (ə) sağ olsaydı, məni süfrədə özü ilə bir yerdə oturdardı. Çünki biz onunla anabir qardaş idik."
Yusuf (ə) üzünü qardaşlara tutub dedi: “Görürəm ki, kiçik qardaşınız tək qalıb. Tək qalmasın, darıxmasın deyə, mən onu özümlə bir süfrədəəyləşdirəcəyəm."
Qonaqlıqdan sonra Yusuf (ə) tapşırdı ki, istirahət üçün hər iki nəfərə bir otaq ayırsınlar. Bu dəfə də Benyamin tək qaldı. Yusuf (ə) dedi: "Onu mənim yanıma göndərin!"
Yusuf (ə) qardaşı Benyamini öz yanında yerləşdirdi. Amma onun çox narahat olduğunu, daim həsrətində olduğu Yusufu (ə) yad etdiyini gördü. Qardaşının qəm dolu baxışları, özünə qapanıb xısın-xısın ağlaması Yusufun (ə) səbir kasasını aşırdı. Artıq həqiqətin üzərindən pərdəni götürmək məqamı çatdı.
Quran bu hadisəni belə nəql edir: "Onlar Yusufun (ə) hüzuruna daxil olduqları zaman qardaşına yanında yer verib dedi: "Mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə, narahat olma!”
دَخَلُواْعَلَىيُوسُفَآوَىإِلَيْهِأَخَاهُقَالَإِنِّيأَنَاأَخُوكَفَلَاتَبْتَئِسْبِمَاكَانُوايَعْمَلُونَ
(la tǝbtǝis) sözünün kökü (buus) və (bəs) sözündən olub, “zərər” və “şiddət” mənasını verir. Burada “qəm yemə”, "kədərlənmə" mənasını verir.
Benyamini kədərləndirən məsələ qardaşlarının ona və Yusufa (ə) rəva gördükləri laqeydlikləri, onları ailənin gözündən salmaq, ailədən uzaqlaşdırmağa yönəlmiş məkrli planları idi. Yusuf (ə) qardaşına təskinlik verib dedi: “İndi görürsən ki, onların planları mənə bir ziyan yetirməmişdir, əksinə, mənim daha da ucalmağıma vasitə olmuşdur. Sən də daha bu məsələyə görə ürəyini sıxma."
(Bəzi rəvayətlərə istinadla) Yusuf (ə) bu zaman qardaşına dedi: "Mənim yanımda qalmaq istəyirsən?" Benyamin dedi: "Bəli, amma qardaşlarım buna heç vaxt razı olmazlar. Çünki onlar atama mənsiz geri dönməyəcəklərinə söz vermişlər." Yusuf (ə) dedi: "Qəm yemə, mənim bir planım var. Elə edəcəyəm ki, onlar məcbur qalıb səni mənim yanımda qoyacaqlar.”
“(Yusufun (ə) adamı) onların yüklərini bağlayarkən şahın su içdiyi qabı qardaşının yükünün içinə qoydu”.
(فَلَمَّاجَهَّزَهُمبِجَهَازِهِمْجَعَلَالسَّقَايَةَفِيرَحْلِأَخِيه)
Əlbəttə, Yusuf (ə) bu işi məxfi şəkildə gördü. Yusufun (ə) adamlarından bir nəfərdən başqa heç kimin bu plandan xəbəri yox idi. Ərzaq bölgüsü aparan məmurlar pay böldükləri bahalı qabın yerində olmadığını gördülər. Hər tərəfi axtardılar, amma qabı tapmadılar. Karvan yola düşmək istəyəndə məmurlar onları saxladılar, "sonra bir nəfər qisqirib dedi: “Ey karvan əhli! Siz oğrusunuz!"
Yusufun (ə) qardaşları bu sözü eşidəndə rəngləri qaçdı, nitqləri qurudu, bərk qorxdular. Onların heç vaxt ağlına gəlməzdi ki, bu qədər hörmət və qonaqpərvərlikdən sonra onları oğurluqda ittiham etsinlər. (Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?" - dedilər.
Onlar dedilər: "Padşahın piyaləsini. Biz sizdən şübhələnirik.
O, çox bahalı və padşahın sevdiyi piyalə olduğu üçün “onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”.
Sonra daha artıq təkid üçün (Carçı): "Mən buna zaminəm!"- (dedi)
İşin nə yerdə olduğunu bilməyən və bu sözlərdən hədsiz təşvişə düşən qardaşlar onlara dedilər: “Allaha and olsun! Siz bilirsiniz ki, biz (bu) yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru deyilik.”
(قَالُواتَاللهلَقَدْعَلِمْتُممَّاجِئْنَالنَفْسِدَفِيالْأَرْضِوَمَاكُنَّاسَارِقِينَ )
Qardaşlar: "Siz bilirsiniz ki, biz (bu) yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və oğru deyilik" - demələri ilə görünür əvvəlki səfərlərinə işarə etmək istəyirmişlər. Onlar bununla demək istəyirdilər ki, biz keçən dəfə də burada olduq və siz bizim verdiklərimizi öz yüklərimizin arasına qoydunuz; bununla belə, biz yenidən sizin yanınıza döndük və dedik ki, onların hamısını sizə qaytara bilərik. Uzaq bir ölkədən uzun bir yol qət edib borcunu qaytarmağa gələn bir adam necə oğru ola bilər?
Belə nəql edirlər ki, qardaşlar Misirə daxil olduqları zaman dəvələrinin ağızlarını bağlamışıdılar ki, başqalarının malına zərər yetirməsinlər. Qardaşlar dedilər: "Biz ki, bu həddə sizin qanunlara riayət edirik, hətta heyvanlarımızın belə, artıq bir ot yeməsinə deyilik, belə olan halda belə alçaq işi necə görə bilərik?"
Bu zaman gözətçilər qardaşlara dedilər: "Əgər yalançı olsanız, cəzası nədir?”.
(Qardaşlar) dedilər: “Kimin yükünün içində tapılsa, cəzası özü olacaq (bu cinayətinə görə sizin köləniz olacaq).
“Biz zalımları belə cəzalandırırıq".
Qardaşların bu sözündən sonra Yusuf (ə) göstəriş verdi ki, onların yüklərini bir-bir açıb baxsınlar. Qardaşlar şübhələnməsin deyə, o (Yusuf), qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da onu qardaşının yükündən çıxartdı”.
Piyalənin Benyaminin yükünün içindən çıxdığını görəndə qardaşlar yerlərində donub qaldılar. Sanki üzərlərinə ağır bir dağ yükləndi. Onlar çıxılmaz vəziyyətdə qalmışdılar. Bir tərəfdən qardaşlarının oğru adı ilə tutulmasına görə xəcalət təri tökür, digər tərəfdən isə bu hadisədən sonra Misir əzizinin yanında olan xətir-hörmətlərini itirməklə gələcəkdə onun himayəsindən məhrum olacaqları düşüncəsi altında əzilirdilər. Bütün bunlar bir tərəfə, atalarının cavabını necə verəcəkdilər? Onu necə inandıracaqdılar ki, bu işdə qardaşların heç bir günahı yoxdur?
Bəzi təfsirçilər yazırlar: “Bu zaman qardaşlar Benyaminə üz tutub dedilər: "Ey bixəbər! Bizi rüsvay etdin, üzümüzü qara etdin, bu nə qələt iş idi sən etdin?! Nə özünə yazığın gəldi, nə də bizə rəhm etdin. Heç olmasa nübüvvət ocağı olan Yǝquba hörmət edərdin. Bizi başa sal görüm, axı sən o piyaləni nə vaxt götürdün, nə vaxt öz yükünün arasına qoydun?"
İşin batinindən xəbəri olan Benyamin soyuqqanlıqla dedi: “Bu işi sizin verdiklərinizi yüklərinizin arasına qoyan həmin şəxs etdi." Amma hadisədən başlarını itirmiş, həyəcan içində olan qardaşlar Benyaminin nə dediyinə fikir vermədilər."
Sonra Quran belə deyir: "Biz Yusufa (ə) belə bir tədbir öyrətdik" (ki, qardaşlar onu aparmaq üçün müqavimət göstərə bilməsinlər).
Mühüm bir məsələ bundan ibarətdir ki, əgər Yusuf (ə) qardaşını Misir qanunlarına əsasən mühakimə etsəydi, onu ya döydürməli, ya da zindana saldırmalı idi. Belə olan təqdirdə Yusuf (ə) qardaşına zərər yetirmiş olacaqdı, amma onun məqsədi Benyamini öz yanında saxlamaq idi. Buna görə də ilk növbədə qardaşların dilindən etiraf alır, onlara deyir ki, sizin qanunlara görə oğurluq edənin cəzası nədir? Onlar deyirlər: "Bizim eldəənənəyə görə oğurluq edəni ziyan çəkmiş tərəfə verirlər ki, onu müəyyən müddətdə işlətsin, onu özünə kölə götürsün.”
Yusuf (ə) onlarla öz qanunlarına əsasən rəftar edir. Çünki cinayətkarın cəzalandırılması üsullarından biri onun mənsub olduğu cəmiyyətin qanunlarına uyğun cəzalandırılmasıdır. Buna görə də Quran deyir: "Yoxsa o, şahın qanunlarına əsasən qardaşını tutub saxlaya bilməzdi”.
(مَاكَانَلِيَأْخُذَأَخَاهُفِيدِينِالْمَلِكِ)
Bu sözün ardınca Quran istisna hal kimi əlavə edir: “Allahın istəyindən başqa”.
(إِلاأَنيَشَاءالله)
Ayədə işarə etmək istəyir ki, Yusufun (ə) qardaşları ilə onların qanunları əsasında rəftar etməsi Allahın əmri ilə olmuşdur. Yəni bu planı onun ağlına Allah salmışdır. Bütün bu planlar Yǝqub və qardaş- larının sınaqlarının təkmilləşməsi üçün idi.
Sonda Quran belə deyir: "Biz istədiyimiz şəxsin dərəcələrini artırırıq”.
اللهُنَرْفَعُدَرَجَاتٍمَّننَّشَاءُ
Yusuf (ə) kimi yüksək dərəcələrə layiq olanlar sınaqdan üzüağ çıxırlar. “Hər bir bilik sahibindən üstün bir bilən var."
Yusufa (ə) bu planı ilham edən də Allah idi.
İncəliklər:
Yuxarıda müzakirə etdiyimiz ayələr bəzi suallara yol açır:
1\. Yusuf (ə) atası Yǝqubu uzun illərin həsrətindən qurtarmaq, hicrana son qoymaq üçün özünü qardaşlarına niyə tanıtdırmadı?
Bu sualın cavabını biz bundan öncə qeyd etmiş, demişdik ki, bütün bu hadisələr, planlar ata və qardaşları sona qədər imtahan etmək üçün idi. Başqa sözlə desək, bu işlər həvəs üzündən baş vermirdi. Hər şey Allahın göstərişinə uyğun görülürdü. Allah-taala Benyamini Yǝqubun əlindən almaqla imtahanı sona çatdırmaq, onun sonuncu təkamül halqasını da işə salmaq istəmişdir. Qardaşlar da sınaqdan çıxmalı idilər. Yusufun (ə) hadisəsindən sonra Benyaminin başına gələn bu hadisədə onların atalarına verdikləri əhd-peymana necəəməl edəcəkləri sınağa çəkilirdi.
2\. Günahsız birini oğurluqda ittiham etmək?!
Günahsız birini oğurluqda ittiham etmək nə dərəcədə düzgün idi? Üstəlik bu ittihamın psixoloji təsiri az-çox digər qardaşlara da sirayət etmiş, onlardan da yan keçməmişdi.
Bu sualın cavabını Benyaminin özündə axtarmalıyıq. Çünki bütün bu plan onun razılığı ilə həyata keçirilmişdi. Yusuf (ə) öncədən özünü ona tanıtdırmış, onunla danışmış, onu necə saxlayacağı barədə xəbərdar etmişdi. Digər qardaşlara gəlincə, deməliyik ki, onların üzərində heç bir ittiham yox idi. Qardaşların bu hadisədən payları cüzi narahatçılıq idi ki, bu da onların mühüm bir sınaq altında olduqlarını nəzərə alanda normal qəbul olunmalıdır.
3\. Oğurluğun hamıya aid edilməsinin mənası nə idi?
Ayədə müraciət ümumi şəkildə bütün qardaşlara yönəlmişdir. (siz oğrusunuz) cümləsi ilə onların hamısı oğru adlandırılır. Onların hamısına yalandan oğru deməyə kim haqq verirdi?
Aşağıdakı təhlili aparmaqla bu suala cavab verəcəyik:
Birincisi, bu sözü deyənin kimliyi ayədə bilinmir. Quranda yalnız bu sözləri oxuyuruq; (bir nəfər səsləndi, car çəkdi). Bu sözləri ola bilsin ki, Yusufun (ə) işçilərindən biri desin. Ərzaq ehtiyatının məsul işçilərindən biri xüsusi ölçü piyaləsini tapmadıqda Kənandan gəlmiş karvandan şübhələndi, bildi ki, bu işi karvandakılardan biri etmişdir. Aydın məsələdir ki, bir şey böyük bir dəstə arasında itəndə və ya oğrulanmış olduqda, bu zaman oğru bilinmədyi üçün hamıya müraciət olunur, sual bütün qrupa ünvanlanaraq deyilir: “Bu işi siz görmüsünüz?” Bu sözlə, əslində, demək istəyirsən ki, bu işi sizin aranızdan bir nəfər görmüşdür.
Bu hadisədəəsas fiqur "oğru" Benyamin idi. O da bu işə razılıq vermişdi. Əslində, plana görə zahirdə o oğru çıxmalı idi ki, batində öz məqsədinə çatsın. Yəni Yusufun (ə) yanında qalması ona müyəssər olsun.
İttihamın onların hamısına yönəldiyinə gəlincə isə deməliyik ki, bu hal çox tez sovuşdu. Ümumi bildirişin ardınca tez yoxlama başladı vəəsas "cinayətkar" aşkara çıxdı.
Bəzi müfəssirlər demişlər: "Qardaşların bu hadisədə oğru adlan- dırılması onların keşmişdə Yusufu (ə) atası Yǝqubdan oğruladıqlarına görə idi. Bu ittiham keçmişdəki xain əməlləri nəzərdə tutaraq qardaşlara deyilmişdi."
Amma təfsirçilərin bu sözü o zaman qəbul edilə bilərdi ki, ittihamı deyən tərəf Yusuf (ə) özü olardı. Çünki qardaşların keçmişindən, o hadisələrin həqiqətindən ancaq Yusufun (ə) xəbəri vardı. Bəlkə də, ayədəki sonrakı cümlə bu məsələyə işarə edir. Orada Yusufun (ə) işçiləri qardaşlara: “siz padşahın piyaləsini oğurlamışsınız” – demirlər. Onların dediyi bu cümlədir: (biz padşahın piyaləsini tapmırıq).
Bizim nəzərimizə görə, birinci cavab daha düzgündür.
4\. Həmin dövrdə oğurluğun cəzası nə idi?
Yuxarıdakı ayələrdən anlaşılır ki, o zaman Misir və Kənanda oğurluğa görə fərqli cəzalar verilirmiş. Yusufun (ə) qardaşlarına görə böyük ehtimalla Kənan camaatı arasında oğurluğun cəzası oğrunun ömürlük və ya müəyyən müddətə kölə edilməsi imiş.
Məcməül-bəyan əsərində Təbərsi nəql edir: O dövrün bəzi cəmiyyətlərində oğrunu bir illik qul edirdilər. Yaqubun (ə) tayfası arasında olan qaydaya görə, oğrunu etdiyi oğurluğun dəyər və miqdarından asılı olaraq qulluğa götürürdülər ki, o miqdarda iş görsün.
Amma misirlilərin arasında yuxarıdakı cəza növü yox idi. Misirdə oğruya ya şallaq cəzası kəsir, ya da onu həbsə atırdılar. Ayədə göstərilmiş bu hadisə heç də bəzi asimani dinlər arasında oğrunun kölə edilməsi anlamına gəlmir. Oğruya belə cəza verilməsi daha çox həmin ərazidə yaşayan bəzi tayfalar arasında bir ənənə kimi tətbiq edilirdi. Quldarlıq tarixinə nəzər saldıqda da, bəzi millətlər arasında borcunu ödəyə bilməyən borcluların qul edilməsi halları ilə rastlaşırıq.
5\. "Piyalǝ", (siqayə) yoxsa ölçü qabı (suva)?
Müzakirə etdiyimiz ayələrdə hərdən "ölçü qabı", hərdən də "piyalə" sözləri ilə rastlaşırıq. Bu iki kəlmə arasında elə də fərq yoxdur. Belə görünür ki, ayədə adı çəkilən piyalə padşahın su içdiyi qab olmuşdur. Misirdə dənli bitkilər qəhətə çəkiləndən və bahalaşandan sonra ərzağın əhəmiyyətini, xalqın ərzaq ehtiyatlarına hədsiz diqqət göstərməsini, israfa yol verməməsini bir növ təbliğ etmək məqsədi iləərzaq bölgüsünü padşahın bu piyaləsi ilə aparırmışlar.
Bu qab barəsində müfəssirlər maraqlı fikirlər bildirmişlər. Onlardan bəzisi belə demişdir: "Piyalə gümüşdən idi.”
Bəziləri onun qızıldan, bəziləri isə hətta cəvahiratla süslənmiş olduğu qənaətinə gəlmişlər. Bəzi qeyri-mötəbər rəvayətlərdə də piyalə barədə məlumatlara rast gəlinir ki, onların heç birində aydın dəlillərə rast gəlmirik.
Aydın məsələdir ki, bütün bir ölkənin ərzaq ehtiyatlarını bir piyalə ilə ölçmək, bölmək mümkün olan iş deyil. Bu iş daha çox simvolik xarakter daşıyırdı. Bununla sanki diqqəti ölkədəərzaq böhranı yaşandığına çəkir, xalqı daha çox qənaətcil olmağa səsləyirdilər.
Yeri gəlmişkən qeyd edək ki, sözügedən piyalə o zaman Yusufun (ə) ixtiyarında idi. Piyalə yiyəsi sahib-ixtiyar olduğu üçün Yusuf (ə) onu oğurlayanı qul edə bilərdi. Yusuf (ə) məharətlə bu imkanlardan istifadə edir və planını da onun üzərində qurur.