Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 19

Ənfal surəsi, 48-51-ci ayələr

Ənfal surəsi, 48-51-ci ayələr



وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَكُمْ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَى عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِنْكُمْ إِنِّي أَرَى مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ .٤٨


إِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ غَرَّ هَؤُلَاءِ دِينُهُمْ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَإِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ .٤٩


وَلَوْ تَرَى إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ وَذُوقُوا عَذَابَ الْحَرِيقِ .٥٠


ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ .٥١


Ayələrin tərcüməsi



48\. (Xatırla) o zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisindən heç kəs sizə qalib gəlməyəcək. Mən sizin qonşunuzam (haminizəm)!” Lakin iki dəstə (kafirlər və mələklərin himayəsində olan möminlər) üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir!" - demişdi.

49\. O zaman münafiqlər və ürəklərində mərəz olanlar: deyirdilər. "Bunları (müsəlmanları) öz dinləri məğrur edib!" - Lakin (onlar bilmirdilər ki,) kim Allaha təvəkkül edərsə (qalib olar,) çünki Allah yenilməz qüvvət, hikmət sahibidir!

6V 50. Əgər sən kafirləri mələklər onların üzünə və arxalarına vura-vura: "Dadın yandırıcı əzabı!" - deyib canlarını alanda görsən, (hallarına təəssüflənərsən).

51\. Bu, sizin əvvəlcədən göndərdiyiniz əməllərin qarşılığıdır. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

Ayələrin təfsiri.



Müşriklər, münafiqlər və şeytanın vəsvəsələri.

Bu ayələrdə də, keçən ayələrə, yaxud Bədr döyüşündə müşriklərin şeytani əməllərindən söz açan sonuncu ayəyə uyğun olaraq, Bədr müharibəsinin yeni səhnəsinə işarə olunmuşdur.

Haqq tərəfdarları tutduqları yolda Allah və mələkləri tərəfindən dəstəkləndiyi kimi, batil yolun yolçuları və pis fikirdə olan insanlar şeytanın vəsvəsəsi və hiyləsi altında olacaqlar.

"Ənfal" surəsinin 9-cu ayəsindən etibarən, bəzi keçən ayələrdə mələklər tərəfindən Bədr döyüşçülərinə göstərilən dəstək geniş şəkildə təfsir olundu. İndi isə, 48-ci ayədə şeytanın müşriklərə göstərdiyi uğursuz himayədarlığından söhbət açılır.

İlk olaraq buyurulur: "(Xatırla) o zaman şeytan onlara öz əməllərini gözəl göstərdi”.

( وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ )


Şeytan insanın pis əməllərini, şəhvət, nəfsani istəklər və mənfi xüsusiyyətlərin təhriki vasitəsi ilə, onun gözündə elə cilvələndirir ki, onların hamısını ağlabatan, məntiqli və xoşagələn görür.

Həmçinin: "Bu gün insanlar içərisindən heç kəs sizə qalib gəlməyəcək”.

وَقَالَ لا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ


“Mən sizin qonşunuzam (haminizəm).”

Vəfalı qonşu kimi, lazım olan vaxt, istənilən himayədarlığı edəcəyəm.

Sonuncu cümlənin təfsirində ehtimal olunmuşdur ki, ayədə işlənən (carr - qonşu) kəlməsi “qonşu” deyil, “sığınacaq verən” mənasındadır. Çünki ərəb adətlərinə görə güclü şəxs və ya qəbilələr lazım olan zaman öz dostlarına sığınacaq verir və bütün imkanlarıyla onu himayə edirdilər. Bu mənaya uyğun olaraq şeytan öz müşrik dostlarına sığınacaq verib himayədarlıq etdi.

"Lakin iki dəstə (kafirlər və mələklərin himayəsində olan möminlər) üz-üzə gəldiyi və müsəlmanların iman gücünü görən zaman dönüb qaçaraq: "Mən sizdən (müşriklərdən) uzağam."

عَقَبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِّنكُمْ


Şeytan geri çəkilməsi üçün iki dəlil gətirdi (ilk olaraq) : “Mən sizin görmədiklərinizi görürəm”.

( إِنِّي أَرَى مَا لَا تَرَوْنَ)


Mən bu imanlı müsəlmanların qəzəbli gözlərində qələbəni aydın görür, ilahi himayəni və mələklərin yardımını müşahidə edirəm. Allahın xüsusi imdadı və qeyb qüvvələrinin yardım məsələsi meydana gəlincə, geri çəkiləcəyəm.

Geri çəkilməyimin ikinci səbəbi isə "mən, bu səhnədə, Allahın verəcəyi əzab dolu cəzasından qorxuram."

Allahın verəcəyi cəza dözülməsi mümkün olmayan bir cəzadır. Çünki "Allah şiddətli əzab verəndir!”

Növbəti ayə müşriklərin bəzisinin əhval-ruhiyyəsinə işarə edib buyurur: "O zaman münafiqlər və ürəklərində mərəz olanlar deyirdilər: "Bu müsəlmanlar öz dinləri ilə məğrur olub, az sayda əsgər və silah-sursatla qələbə çalmaq, yaxud Allah yolunda şəhid olub əbədi həyata qovuşmaq xəyalı ilə, belə bir qorxunc meydana ayaq basmışdırlar."

إِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّهَ وَلاء دِينُهُمْ


Belə düşünənlər imansızlıq və Allahın qeybi yardımlarından xəbərsiz olduqlarından bu həqiqət qarşısında qafil idilər: “Kim Allaha təvəkkül edərsə, bütün gücünü səfərbər etdikdən sonra özünü Ona əmanət edərsə, Allah ona yardım edər (qalib olar), çünki Allah, heç kəsin müqavimət göstərə bilməyəcəyi yenilməz qüvvət sahibidir və dostlarını və yolunda cihad edənləri yalnız qoyması mümkün olmayan hikmət sahibidir”.

( وَمَن يَتَوَكَّلْ عَلَى اللهِ فَإِنَّ اللهَ عَزِيزٌ حَكِيمٌ)


Ayədə "münafiqlər” və “qəlblərində xəstəlik olanlar" deyilərkən kimlərin nəzərdə tutulduğu barədə təfsirçilər arasında müxtəlif fikir vardır. Lakin Mədinə münafiqlərinin nəzərdə tutulduğu ehtimal olunur. Çünki "Bəqərə” surəsinin əvvəlində münafiqlər barədə buyurulur:

في قلوبهم مرضٌ فَزَادَهُمُ الله مَرَضاً


"Onların ürəyində bir növ xəstəlik var. Allah onların xəstəliyini daha da artırmışdır."

Bu ayədə “münafiqlər” və “qəlblərində mərəz olan şəxslər" deyilərkən kimlərin nəzərdə tutulması təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bunlar ya Mədinədə müsəlmanların sıralarına qatılmış, müsəlman olduqlarını və iman gətirdiklərini elan etmiş, lakin ürəklərində bunun əksini düşünən insanlar olmuşlar, ya da Məkkədə üzdə iman gətirib hicrət etməkdən imtina etmiş, Bədrdə müşriklərə qoşulmuş, müsəlmanların sayca kafirlərdən az olduğunu görüb "bu müsəlmanlar öz dinlərinə aldanıb döyüş meydanına ayaq basıblar" deyən şəxslərdir. Hər halda, Allah-taala onların qəlbində olanlardan xəbər verir, onların özlərinin və həmfikirlərinin səhvə yol verdiklərini buyurur.

50-ci ayə kafirlərin ölüm və pis həyatlarının sonunu təcəssüm etdirərək buyurur: "Əgər sən kafirləri mələklər onların üzünə və arxalarına vura-vura: “Dadın yandırıcı əzabı!" - deyib canlarını alanda görsən, (hallarına təəssüflənərsən).

(tǝra) feili indiki zaman formasında olmasına baxmayaraq, (lǝv)-lə işləndikdə keçmiş zaman mənasını verir. Deməli, ayə kafirlərin keçmiş vəziyyətlərinə və əzablı ölüm səhnələrinə işarə edir. Bu səbəbdən də bəzi təfsir alimləri Bədr döyüşündə ölmüş müşriklərin, məhz mələklərin əli ilə öldürüldüyünü bildirirlər. Həmin təfsirçilər bu haqda bəzi təyid olunmamış rəvayətlərdə nəql etmişlər. Lakin ötən səhifələrdə də qeyd etdiyimiz kimi, mələklər Bədr meydanında döyüşə birbaşa müdaxilə etməmişlər. Bu səbəbdən ayə haqq düşmənlərinin və imansız günahkarların ölüm mələkləri vasitəsi ilə cəzalandığı və ölüm anlarına işarə etmişdir.

(Əzabəl-həriq) Qiyamət günü veriləcək əzaba işarə edir. Çünki Qurani-Kərimin "Həcc" surəsinin 9 və 22, həmçinin "Buruc" surəsinin, 10-cu ayəsində olduğu kimi, digər ayələrində də bu mənada işlənmişdir.

Növbəti ayədə buyurulur: “Bu, sizin əvvəlcədən göndərdiyiniz əməllərin qarşılığıdır”.

ذَلكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ


Ayə fiziki və mənəvi işlərin hamısını əhatə etsə də, insan işlərinin əksəriyyətini əlləri ilə yerinə yetirdiyindən (əllər) sözündən istifadə edilmişdir.

Ayənin sonunda buyurulur: "Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir”.

وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلامِ لِّلْعَبِيدِ


(zəlləm) mübaliğəni bildirir və çox zülm edən mənasındadır. Həm "zəllam" sözü haqqında, həm də onun bu cümlədə işlənməsi barədə "Ali-İmran" surəsinin 182 və "Fussilət" surəsi, 46-cı ayəni təfsir edərkən geniş şəkildə izah edəcəyik.

İncəliklər:



1\. Şeytan müşriklərə necə təsir göstərdi? Vəsvəsə, yoxsa təcəssüm etmək yolu ilə?!

Şeytanın müşriklərin qəlbinə necə nüfuz etməsi, Bədrdə onlarla olan söhbətlərinin hansı formada olması ilə bağlı, həm keçmiş, həm də müasir təfsirçilər arasında fikir ayrılıqları mövcuddur. Təfsirçilər arasındakı fikir ayrılıqları ümumilikdə iki inancda cəmləşir:

a) Bir qrup bu hadisənin batini vəsəvəsələr vasitəsi ilə baş verdiyini düşünür. Yəni şeytan öz vəsvəsələrindən, müşriklərin mənfi və şeytani xüsusiyyətlərindən istifadə edərək əməllərini onların gözlərində gözəl göstərmiş, onlara yenilməz bir qüvvəyə malik olduqlarını aşılamış, onlarda bir növ daxili arxayınlıq, söykənəcək yaratmışdır. Lakin müsəlmanların ciddi müqavimətindən və qələbəyə səbəb olan qeyri- adi hadisələrdən sonra bu vəsvəsələrin təsiri onların qəlbindən yoxa çıxmış və hiss etmişlər ki, məğlubiyyətlə qarşı-qarşıyadırlar və heç bir sığınacaqları da yoxdur. Bunun nəticəsində onları Allah tərəfindən ağır əzab gözləyir.

2\. Digər qrup hesab edir ki, şeytan insan surətində təcəssüm etmiş və onların gözünə görünmüşdür.

Bir çox kitablarda nəql olunur: "Qüreyş Bədr meydanına doğru hərəkətə keçməklə bağlı ciddi şəkildə qərar qəbul etdiyi zaman daha öncədən düşmənçilikləri olan Bəni-Kənanə tayfasının hücum edəcəyindən qorxurdu. Bu vaxt İblis Bəni-Kənanə qəbiləsinin ən məşhur şəxslərindən olan Süraqə ibn Malikin simasında təcəssüm edib Qüreyşin yanına gəldi və onlarla bir olduğunu, heç kəsin onlara qalib gəlməyəcəyini deməklə yanaşı, Bədr döyüşündə də iştirak etdi. Ancaq Bədrdə mələklərin endiyini görüb, geri çəkilərək qaçdı, qoşun da müsəlmanlar tərəfindən aldıqları ciddi zərbələrə tab gətirə bilməyib İblislə birlikdə qaçmağa üz tutdu. Müşriklər Məkkəyə qayıtdıqdan sonra qoşunun döyüş meydanından qaçmasına Süraqə ibn Malikin səbəb olduğunu dedilər. Bu xəbər Süraqəyə çatanda, o: "mənim bundan əsla xəbərim yoxdur", - deyə and içdi. Onun Bədrdəki vəziyyətini əks etdirən bəzi əlamətləri qeyd etdikləri zaman bütün deyilənləri inkar etdi və and içdi ki, belə bir şey olmamış və o, Məkkəni tərk etməmişdir. Beləliklə də, həmin şəxsin Süraqə ibn Malik olmadığı məlum oldu.”

Birinci təfsirin tərəfdarlarına görə, İblis insan şəklində təcəssüm edə bilməz. İkinci təfsirin tərəfdarları isə bildirir ki, bunun qeyri- mümkün olması haqqında heç bir dəlil yoxdur. Xüsusilə daha bir oxşar hadisə budur ki, Peyğəmbərin (s) hicrəti ərəfəsində müşriklər “Darun-nüdvə”də toplantı keçirərkən Nəcd qəbiləsindən olan qocanın onlarla həmfikir olduğu və onlara qatıldığı nəql olunmuşdur. Bundan başqa, ayədəki ifadələr və danışıq formasının zahiri məzmunu İblisin təcəssüm etməsi fikri ilə daha çox uyğun gəlir.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...