Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 2

Ənfal surəsi, 2-4-cü ayələr

Ənfal surəsi, 2-4-cü ayələr



إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ .٢


الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ .٣


أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ .٤


Ayələrin tərcüməsi



2\. Möminlər yalnız o şəxslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri onlara oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər.

3\. Namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

4\. Həqiqi möminlər onlardır. Onların öz Rəbləri yanında dərəcələri vardır. Onları bağışlanma və qüsursuz ruzi gözləyir!

Ayələrin təfsiri.



Möminlərin beş xüsusiyyəti.

Keçən ayədə döyüş qənimətlərinin bölgüsü ilə bağlı bəzi müsəlmanların arasında yaranmış mübahisəyə işarə edilmiş və ona münasib olaraq təqva, pəhrizkarlıq və imandan söz açılmışdır. Mövzunu təkmilləşdirmək üçün bu ayə ("Ənfal" surəsi 2-ci ayə) həqiqi möminlərin sifətlərini qısa, lakin məna dolu bir cümlədə bəyan etmişdir. Allah- taala bu ayələrdə möminlərin beş mühüm xüsusiyyətlərinə işarə etmişdir ki, onlardan üçü mənəvi, qalan ikisi isə əməli baxımdandır.

Möminlərə aid üç mənəvi xüsusiyyət bunlardır: "Məsuliyyət hissi”, "imanın təkmilləşdirilməsi" və "təvəkkül".

İki əməli xüsusiyyət isə bunlarıdır: "Allah-taala ilə əlaqə" və “insanlarla əlaqə”.

Allah-taala əvvəlcə buyurur:

"Möminlər yalnız o şəxslərdir ki, Allahın adı çəkiləndə, Onun qarşısında məsuliyyət hissi keçirdiklərinə görə ürəkləri qorxudan titrəyər”.

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللهُ وَجِلَتْ قُلُوبُهُمْ


(Vəcələ) sözü insanın daxilində baş vermiş qorxu hissinə deyilir və mənbəyi aşağıdakı iki səbəbdən biri ola bilər:

Bəzən məsuliyyəti dərk etdiyinə və Allah qarşısında öhdəsinə düşən vəzifəni layiqincə yerinə yerirə bilməməsindən qorxduğu üçün. Bəzən də Allahın böyük məqamını və sonsuz heybətini dərk etdiyi üçün.

Bu məsələni aşağıda misal olaraq belə izah edə bilərik: Təsəvvür edin ki, bir nəfər, sözün həqiqi mənasında, böyük və görkəmli bir şəxsin görüşünə gedir. Görüşə gedən şəxs görüşün ilk anlarından etibarən onun əzəməti qarşısında elə təsir altına düşür ki, hətta öz qəlbində qorxu hissi keçirir. Həmin görkəmli şəxs ona isti münasibət göstərsə də, qorxunun təsiri o qədər böyük olur ki, danışarkən kəkələyir, (dili topuq vurur) və sözlərini unudur. Bu cür qorxu əzəmətin dərkindən irəli gəlir.

Qurani-Kərim buyurur:

لَوْ أَنْزَلْنَا هذا الْقُرْآنَ عَلَي جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعاً مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ


"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qor- xusundan boyun əyib parça-parça olduğunu görərdin.”

إِنَّما يَخْشَي الله من عباده الْعُلَماءُ


"Bəndələri arasında Allahdan yalnız alimlər qorxar.”

Beləliklə, agahlıqla qorxunun arasında davamlı olaraq bağlılıq yaranmışdır. Bu səbəbdən də qorxunun mənbəyini təkcə vəzifələri və məsuliyyətləri yerinə yetirməməkdə görmək yanlışdır.

Allah-taala daha sonra möminlərin ikinci xüsusiyyətlərinə işarə edərək buyurur: Onlar durmadan təkamül yolunda irəliləyirlər "və Allahın ayələri onlara oxunduğu zaman imanları daha da artar".

تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيْمَانًا


İnkişaf və təkamül bütün canlı məxluqatın xüsusiyyətlərindəndir. Kamilləşməyən varlıq ya ölmüşdür, ya da ölümə doğrü istiqamətlənmişdir. Həqiqi möminlərin canlı imanları vardır ki, fidanları ilahi ayələr vasitəsi ilə suvarılıb, günü-gündən inkişaf edir, çiçəklənir və yeni meyvələr verir. Onlar, diri ölülər kimi, yerində saymırlar.

Allah-taala onların üçüncü xüsusiyyətlərini belə bəyan edir:

( وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ)


"Onlar ancaq öz Rəblərinə təvəkkül edərlər“

Həqiqi möminlərin düşüncələrinin üfüqü o qədər yüksəkdir ki, zəif və gücsüz məxluqata arxalanmazlar. Onların ruhları böyük, fikirləri genişdir və söykənəcəkləri (güvənəcəkləri) yer yalnız Allahdır.

Allah-taala möminlərin üç mənəvi xüsusiyyətlərini qeyd etdikdən sonra buyurur: Onlar (həqiqi möminlər) məsuliyyət hissi və Allahın əzəmətinin dərki sayəsində iki möhkəm bağlılığa, yəni “Allahla bağlılıq" və "Allahın bəndələri ilə əlaqəyə" nail olmuşdurlar.

"Namazı bərpa edərlər (namaz qılar) və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər”.

الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ


Ayədə "namaz qılarlar" ifadəsinin yerinə “namazı bərpa edərlər” ifadəsindən istifadə olunması ilə bildirilir ki, həqiqi möminlərin namaz qılmaqdan əlavə, Allahla olan möhkəm rabitələri həmişə hər yerdə mövcuddur.

"Verdiyimiz ruzidən Allah yolunda sərf edərlər" cümləsi geniş bir məfhuma malikdir və həqiqətdə, möminlərin həm maddi, həm də mənəvi sərmayələrini özündə ehtiva edən bir məfhumdur. Yəni möminlər təkcə şəxsi vəsaitlərindən deyil, həm də elm, bilik, düşüncə, vəzifə, nüfuz və ixtiyarlarında olan bütün imkanlardan istifadə edir və Allahın bəndə- lərinə yardım etməkdə əllərindən gələni əsirgəmirlər.

Sonuncu ayə ("Ənfal" surəsi 4-cü ayə) həqiqi möminlərin uca məqamları və çoxsaylı mükafatlarını belə bəyan edir:

“Həqiqi möminlər onlardır."

Daha sonra onların əsas üç mükafatı haqqında deyilir: "Onların öz Rəbləri yanında dərəcələri vardır”.

( لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ )


Ayədə mizan və miqdarı təyin edilməyən dərəcələrdən danışılır. Mükafatın miqdarının təyin edilməməsi fövqəladə əhəmiyyətə malik olduğuna sübutdur.

"Onları bağışlanma...”

Onları böyük, daimi, nöqsansız (qüsursuz) və həddi, hesabı olmayan ruzi gözləyər.

“və qüsursuz ruzi gözləyir!"

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...