Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 20

Ənfal surəsi, 52-54-cü ayələr

Ənfal surəsi, 52-54-cü ayələr



كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ إِنَّ اللَّهَ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ .٥٢


ذَلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِعْمَةً أَنْعَمَهَا عَلَى قَوْمٍ حَتَّى يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ وَأَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ .٥٣


كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَكُلٌّ كَانُوا ظَالِمِينَ .٥٤


Ayələrin tərcüməsi



52\. (Bu müşriklərin vəziyyəti) eynilə Fironun yaxınları və onlardan əvvəlkilərin vəziyyəti kimidir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə cəzalandırdı. Allah qüvvətlidir, cəzası ağırdır!

53\. Bu, ona görədir ki, Allah-taala heç bir tayfaya verdiyi neməti, həmin tayfa özünü dəyişməyincə dəyişməz. Allah eşidəndir, biləndir!

54\. Bu, Fironun ailəsi və onlardan əvvəlkilərin vəziyyətinə bənzəyir. Onlar Rəblərinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fironun ailəsini batırdıq. Onların hamısı zalım idi!

Ayələrin tərcüməsi.



Dəyişilməz qanun.

Bədr döyüşündə müşriklərin başına gələnlər və onların düçar olduqları pis aqibətin müstəsna hal kimi, yalnız Bədr düşmənlərinin başına gəldiyinin təsəvvür olunmaması, əksinə, keçmişdə və gələcəkdə bu kimi işləri görən hər kəsin bənzər nəticə ilə qarşılaşdığını və qarşılaşacağını çatdırmaq məqsədi ilə bu ayələrdə qövm və millətlər haqqında, Allahın dəyişilməz bir qanununa işarə edilmişdir.

İlk olaraq buyurulur:

"(Bu müşriklərin vəziyyəti) eynilə Fironun yaxınları və onlardan əvvəlkilərin vəziyyəti kimidir”.

كَدَاب آل فِرْعَوْنَ وَالَّذِينَ من قبلهم


"Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə cəzalandırdı”.

“Çünki Allah qüvvətlidir və cəzası (çox) ağırdır."

Deməli, ilahi ayətləri inkar etdiyi, haqq qarşısında inadkarlıq göstərdiyi və insanlığın həqiqi rəhbərləri ilə mübarizə apardığı üçün günahlarının cəzasını alan təkcə Qüreyş və Məkkə müşrikləri deyil. Bu əbədi bir qanundur ki, Fironlar kimi güclü və hətta zəif qövmlərə də şamildir.

Növbəti ayə mövzunu daha da aydınlaşdırmaq üçün məsələnin kökünə işarə edib buyurur: "Bu, ona görədir ki, Allah-taala heç bir tayfaya verdiyi neməti, həmin tayfa özünü dəyişməyincə dəyişməz. Allah eşidəndir, biləndir”.

Başqa sözlə desək, ilahi mərhəmət sonsuz və ümumidir; ləyaqət prinsipi əsasında insanlar arasında bölünür. Allah ilk olaraq özünün maddi və mənəvi nemətlərini xalqlara verir. Əgər insanlar verilmiş ilahi nemətləri öz təkamülləri yolunda istifadə edərsə, Ondan haqq yolunda imdad alarsa və şükrünü yerinə yetirərsə, bu zaman nemətini stabilləşdirər və artırar. Amma verilən nemət tüğyan, üsyan, zülm, ədalətsizlik, ayrı-seçkilik, naşükürlük, təkəbbürlük və çirkin işlərə səbəb olarsa, bu zaman nemətləri alar, yaxud da onu bəla və müsibətə çevirər.

Deməli, dəyişikliklər bizim tərəfimizdəndir.

Qurani-Kərim bir daha Fironlar kimi güclü və keçmişdə yaşamış qövmlərin vəziyyətinə işarə edib buyurur: "Bütpərəstlərin nemətlərinin əllərindən alınması və ağır cəzaların əlində əsir olması Fironun ailəsi və onlardan əvvəlkilərin vəziyyəti kimidir”.

كَدَاب آل فِرْعَوْنَ وَالَّذِينَ من قَبْلِهِمْ


"Rəbləri tərəfindən hidayət və əbədi səadətləri üçün nazil olunmuş ayələri onlar da təkzib (yalan hesab) etdilər.”

“Biz də onları günahlarına görə məhv etdik.”

"Fironun ailəsini suda batırdıq."

"Onların hamısı (həm özlərinə, həm də başqalarına qarşı) zalım və ədalətsiz idilər”.

İncəliklər:



1\. Bir sualın cavabı.

Belə sual yaranır ki, qısa fasilədən sonra nə üçün acazıq fərqlə "Firon ailəsi..." ifadəsi yenidən təkrar olunur?

Cavab: Həssas məsələlərdə təkrar bəlağət üslublarından hesab olunur və natiqlərin sözlərində də müşahidə edilir. Lakin ayədəki təkrarın özünəməxsus özəlliyi həqiqətdə onu təkrar formatından xaric edir. Belə ki "Firon ailəsi” ifadəsi qeyd olunmuş ilk ayə haqq ayələrini inkar etmək nəticəsində verilmiş ilahi cəzaya işarə edir. Daha sonra onların vəziyyətini Firon ailəsinə və keçmiş qövmlərə bənzədir.

Lakin ikinci ayə dünyada verilmiş nemətlərin dəyişməsinə, yəni qələbə, təhlükəsizlik və güc kimi verilmiş ilahi nemətlərin alınmasına işarə edir. Daha sonra onların vəziyyətini Fioron ailəsi və keçmiş qövmlərə bənzədir.

Əslində, ayənin birində nemətlərin alınmasından və ondan yaranan cəzalardan, digər ayədə isə nemətlərin (bəla və çətinliklə) dəyişməsindən söhbət açılır.

2\. Xalqların həyat və ölüm səbəbləri.

Tarix güzgüsü bizə müxtəlif qövm və millətləri göstərir. Onlardan bir dəstəsi tərəqqinin sonuncu mərhələsini sürətlə qət etmiş, bəzisi tənəzzülün son həddinə enmiş, bəzisi də bir gün pərakəndə, aciz və məğlub edilmiş, ertəsi gün isə güclü və şan-şöhrətli olmuşlar. Hətta tam əksinə, şan-şöhrətin zirvəsindən zillət quyusunun dibinə süqut etmiş millətlər də olub.

Bəzi insanlar tarixin müxtəlif səhnələri haqqında düşünmədən onun qarşısından asanlıqla qaçır. Bir çoxları da xalqların həyat və ölümlərinin əsas səbəblərini araşdırmaq əvəzinə, günahı elə də böyük rolu olmayan, yaxud uydurma amillərin boynuna atırlar. Bəziləri də öz bədbəxtçiliklərinin səbəbini əcnəbilər və onların dağıdıcı siyasətlərində görürlər. Elələri də var ki, bütün bu hadisələri planetlərin zidd və müvafiq fırlanması nəticəsində əmələ gəldiyini düşünür. Nəhayət, bir qrup da qəza-qədər (qəza-qədərin təhrif olunmuş mənasında), şans, tale və bəxt kimi amilləri səbəb kimi görür. Bütün acı və şirin hadisələrə bu yolla haqq qazandırırlar.

Yuxarıda deyilənlərin hamısı, yəni hər kəsin insan həyatı və ölümünün səbəbini bir şeydə araması onların həqiqi amillərini dərk etməkdən qorxduğu üçündür. Qurani-Kərim yuxarıda qeyd olunmuş ayələrdə “dərd” və “dərman”ı dəqiqliklə göstərmiş, eləcə də “qələbə” və “məğlubiyyət”in əsas səbəblərini açıqlayaraq buyurmuşdur: Əsas amili tapmaq üçün yeri və göyü axtarmaq, yaxud uydurma və xəyali amillərin ardınca düşmək lazım deyil. Onu, sadəcə, daxiliniz, düşün- cəniz, əxlaqınız və ictimai quruluşunuzda axtarmaq kifayətdir.

Fikir və düşüncələrini işə salan, bir-birinə birlik və qardaşlıq əli uzadan, səy göstərib çalışan və möhkəm iradəyə sahib olan, lazım olan təqdirdə canlarını belə əsirgəməyib fədakarlıq edən millətlər (xalqlar, qövmlər) şübhəsiz qələbə çaldılar. Lakin böhran, zəiflik və ətalət səy və işgüzarlığın, qəflət şüurun, tərəddüd iradənin, qorxaqlıq cəsarətin, nifaq və fikir ayrılığı birliyin, eqoistlik fədakarlığın, ikiüzlülük səmimiyyətin yerini tutduqda tənəzzül və səfalət başlayır.

Həqiqətdə “ذَلِكَ بِأَنَّ اللهَ لَمْ يَك مُغَيّرًا نُعْمَةُ أَنْعَمَهَا عَلَى قَوْمٍ حَتَّى يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ” Bu ona görədir ki, Allah-taala heç bir tayfaya verdiyi neməti, həmin tayfa (Bu, özünü dəyişməyincə dəyişməz) cümləsi insan həyatının ən üstün qanununu bəyan edir və beləliklə, Quran məktəbinin cəmiyyətlərin həyatında rol oynayan ən əsas və ən aydın məktəb olduğunu göstərir.

İslam tarixi, daha doğrusu müsəlmanların həyat tarixi başlanğıcda parlaq qələbələr və acı məğlubiyyətlərin şahidi olmuşdur. İslam öz həyatının ilk əsrində, dünyada sürətlə irəliləyir və getdiyi hər yerdə elm və azadlıq nuru saçır, millətlərin başına elm və bilik kölgəsi salırdı. O, gücləndirən, təkanverici, abadlaşdıran və tarixdə görünməmiş gözqamaşdıran mədəniyyət yaratmışdı...

Lakin bir neçə əsr keçməmişdi ki, bu fəallıq söndü, nəticədə, parçalanma, pərakəndəlik, təcridolma, laqeydlik, zəiflik, gücsüzlük və geriləmə tərəqqinin yerini aldı. Hətta iş o yerə çatdı ki, dünya müsəlmanları həyatlarını təmin edən ilkin zəruri vasitələri əldə etmək üçün digərlərinə möhtac oldular. Övladlarını elm öyrənmək üçün əcnəbi ölkələrə göndərmək məcburiyyətində qaldılar, halbuki bir zamanlar müsəlmanların universitetləri dünyanın ən qabaqcıl ali təhsil ocaqları sayılır, dost və əcnəbi tələbələrin mərkəzinə çevrilmişdi. Çox keçmədən elm, sənət və texnologiyanın ixracı deyil, hətta yeyinti məhsullarını xarici dövlətlərdən idxal etməyə başladılar.

Vaxtilə müsəlmanların əzəmətinin əsas mərkəzi sayılan və iki yüz il ərzində xaç yürüşləri vasitəsi ilə müsəlmanların əlindən alına bilməyən Fələstin torpaqları altı günlük müharibədə asanlıqla təslim oldu. Bu gün onun işğal olunmuş bir qarış torpağını geri qaytarmaq üçün aylar, bəlkə də, illər boyu sonu bəlli olmayan müzakirələr aparılmalıdır.

Axı Qurani-Kərim belə buyurmuşdur:

وَ كانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ


"Möminlərə yardım etmək Bizim borcumuz idi."

"İzzət Allaha, Peyğəmbərinə və möminlərə məxsusdur."

وَ لَلهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَ لِلْمُؤْمِنِينَ


وَ لَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبادِيَ الصَّالِحُونَ


"Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.

Allah-taala verdiyi vədləri yerinə yetirməkdə acizdirmi?! Yoxsa öz vədlərini unutmuşdur?! Ya vədlərində dəyişiklik edib?!

Belə deyilsə, nə üçün o qədər böyük əzəmət, möhtəşəmlik, qüdrət və şərafət aradan getdi?

Qurani-Kərim yuxarıda qeyd etdiyimiz qısa ayədə bu və yüzlərlə onun kimi sualların cavabını vermişdir: Qəlbinizin dərinliyinə baş vurun və yaşadığınız cəmiyyətə nəzər salıb görün ki, dəyişikliklər sizin özünüzdən başlamışdır. Allahın mərhəməti hamı üçün açıqdır. Siz özünüz əməlləriniz nəticəsində ləyaqətinizi itirdiyiniz üçün belə faciəli günə düşmüsünüz.

Bu bəhsi iki rəvayətin nəqli ilə tamamlayırıq:

"İmam Baqir (ə) buyurmuşdur:

"Allah-taala bəndəsinə verdiyi neməti o, günah etməyincə və həmin günaha görə nemətin əlindən alınmasına layiq olmayana qədər (ondan) almaz."

İmam Sadiq (ə) buyurmuşdur:

“Allah-taala peyğəmbərlərdən birini öz qövmünə göndərərək onlara belə deməsini əmr etdi: “İstisnasız olaraq Mənə itaət edən bütün insanlar, bütün məmləkətlərin sakinləri şadlıq və sevinc içindədirlər. Əgər Mənim bəyənmədiyimdən Mənim bəyəndiyimə üz tutsalar, Mən də onları bəyənmədiklərindən xilas edib bəyəndiklərini onlara bəxş edərəm."

3\. Tale, tarix və sair qadağan olunmuş cəbr etiqadları.

Yuxarıdakı ayələrdən aydın olan mühüm məsələlərdən biri də insanın taleyinin öncədən təyin olunmamasına işarə etməsidir. İnsanın taleyi “tarixi məcburiyyət”, “zaman məcburiyyəti” və “mühit” kimi şeylərin təsiri altında deyildir. İnsan həyatının və tarixinin qurucu amili özünün həyat tərzi, əxlaq, düşüncə və ruhunda öz iradəsi ilə yaranan dəyişiklikdir.

Deməli, qəza və qədəri “cəbr” (məcburiyyət) mənasında qəbul edib, bütün hadisələrin Allahın icbari istəyi ilə həyata keçdiyini düşü- nənlər yuxarıda qeyd olunmuş ayə ilə təkzib edilirlər. Ayədən belə məlum olur ki, insanın ruhunda baş verən dəyişikliklərlə gündəlik baş verən hadisələr arasında birbaşa əlaqə var. Belə ki insanlar daxili vəziyyətlərini dəyişməklə xarici (gerçək, obyektiv) aləmdə baş verən hadisələrin dəyişməsinə səbəb olurlar.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...