Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 21
Yusuf surəsi, 80-82-ci ayələr
Yusuf surəsi, 80-82-ci ayələr
فَلَمَّا اسْتَيْأَسُوا مِنْهُ خَلَصُوا نَجِيًّا قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوا أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُمْ مَوْثِقًا مِنَ اللَّهِ وَمِنْ قَبْلُ مَا فَرَّطْتُمْ فِي يُوسُفَ فَلَنْ أَبْرَحَ الْأَرْضَ حَتَّى يَأْذَنَ لِي أَبِي أَوْ يَحْكُمَ اللَّهُ لِي وَهُوَ خَيْرُ الْحَاكِمِينَ .٨٠
ارْجِعُوا إِلَى أَبِيكُمْ فَقُولُوا يَا أَبَانَا إِنَّ ابْنَكَ سَرَقَ وَمَا شَهِدْنَا إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَافِظِينَ .٨١
وَاسْأَلِ الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا وَالْعِيرَ الَّتِي أَقْبَلْنَا فِيهَا وَإِنَّا لَصَادِقُونَ .٨٢
Ayələrin tərcüməsi
80\. Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Böyükləri dedi: “Atanızın sizi Allaha and içdirdiyini, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyinizi bilmirsiniz? Atam mənə izn verməyincə və Allah mənim haqqımda hökm çıxarmayınca buradan tərpənməyəcəyəm. O, hökm verənlərin ən yaxşısıdır.
81\. Atanızın yanına qayıdın və deyin: "Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilmirdik.
82\. (Əgər inanmırsansa,) olduğumuz şəhərdən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, doğru danışırıq”.
Ayələrin təfsiri.
Qardaşlar atalarının yanına məyus dönürlər?
Qardaşlar Benyaminin xilası üçün son səylərini edirlər, amma bir nəticə hasil olmur. Sanki bütün yollar onların üzünə bağlanmışdı. İş elə düzülüb-qoşulmuşdu ki, qardaşları üçün bəraət almağa bir çarə qalmamışdı. Digər bir tərəfdən, onlardan birinin Benyaminin yerinə qalması təklifi də Misirin əzizi tərəfindən qəti şəkildə rədd edilmişdi. Vəziyyəti belə görəndə qardaşlar məyus olurlar, qərara gəlirlər ki, Kənana geri dönüb olanları atalarına desinlər.
Quran deyir: "Ondan ümidlərini kəsdikdə (karvandakılardan ayrılıb) məsləhətləşmək üçün bir kənara çəkildilər”.
(xələsu) kəlməsi xalisləşmək mənasındadır. Bu kəlmə ilə qardaşların başqalarından ayrılıb bir qırağa çəkilməsinə, xüsusi iclas təşkil olunmasına işarə olunur.
(nəciyyən) kəlməsinin kökü (munacat) sözündəndir. Onun əsası (nəcvə) sözüdür ki, yüksəklik, təpəlik yer mənasını verir. Çünki yüksəkliklər yer səthinə nisbətən sanki başqa yerlərdən ayrılmış kimi görünür. İnsanın xəlvətə çəkilərək məhrəmanə pıçıldaşmasına, başqalarından kənarlaşıb dərdləşməsinə, sirli şəkildə toplantı keçirməsinə “nəcva” deyilir.
(xələsu nəciyyən) ifadəsi əksər təfsirçilərin də qeyd etdiyi kimi, Quranın ən bəlağətli, mükəmməl ifadələrindən biridir. Bu iki kəlmənin qoynunda Quran bir çox fikirləri yerləşdirmiş, bir neçə cümləni yoğurub bu iki kəlmə ilə kündə tutmuşdur.
Həmin xüsusi toplantıda qardaşların ən böyüyü deyir: “Böyükləri dedi: Atanızın sizi Allaha and içdirdiyini, Benyamini nə olur, olsun geri qaytaracağınıza söz verdiyinizi bilmirsinizmi?"
Siz bundan öncə də Yusufa (ə) qarşı haqsızlıq etmiş, atamızın yanında özünüzü gözdən salmışdınız: “bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyinizi bilmirsiniz?”
(وَمِنقَبْلُمَافَرَّطْتُمْفِييُوسُفَ)
İndi ki belədir: “Atam mənə izn verməyincə və Allah mənim haqqımda hökm çıxarmayınca buradan tərpənməyəcəyəm. O, hökm verənlərin ən yaxşısıdır”.
Ayədəki "hökm" kəlməsi onu göstərir ki, qardaşların böyüyü bunu demək istəyirmiş: “Ölüm məni yaxalamayana qədər buradan tərpənən deyiləm; və ya Allah mənə bir çıxış yolu göstərməyənə və ya atamın yanında tutarlı bir üzrüm olmayana, onun razılığını almayana qədər evə dönməyəcəyəm.
Sonra böyük qardaş digər qardaşlara belə göstəriş verir: “Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi.”
أبِيكُمْفَقُولُوايَاأَبَانَاإِنَّابْنَكَسَرَقَ
"Biz ancaq bildiyimiz şeyə şahidlik etdik."
Bizim gördüyümüz o oldu ki, padşahın piyaləsi Benyaminin yükündən çıxdı. Bu da Benyaminin oğru olduğunu göstərirdi. Amma işin batinini Allah bilir.
(وَمَاكُنَّالِلْغَيْبِحَافظينَ )
“Biz qeybi bilmirdik“
Ayənin təfsirində belə bir ehtimal da var: Qardaşlar “biz qeybi bilmirdik" deyərkən bunu nəzərdə tuturmuşlar ki, atamıza belə deyin: “Düzdür ki, biz Benyamini sağ-salamat aparıb-gətirəcəyimizə söz verdik, and içdik, amma işin batinindən xəbərimiz yox idi. İşin axırının necə olacağını, axırda gəlib bu yerə çıxacağını biz haradan bilərdik?”
Qardaşlar hər cür şübhəni öz üzərlərindən götürmək, atalarını inandırmaq üçün ona belə deyirlər: “(Əgər inanmırsansa,) olduğumuz şəhərdən və birlikdə gəldiyimiz karvandan soruş”.
(وَاسْأَلِالْقَرْيَةَالَّتِيكُنَّافِيهَا )
(qəryə) sözü ərəb lüğətində “kənd” mənasında göstərilmir. Bu kəlmə ümumilikdə bütün abadlıqlara – şəhərlərə, ölkələrə aid olur. Ayədə bu kəlmə Misir ölkəsinə işarə edilir.
Bizimlə bir gələn karvandakılar da bu hadisəyə şahidlik etmişlər; onlardan da soruşa bilərsən. Yəqin ki, onların arasında sənin tanıdığın, inandığın adamlar var. İşin həqiqətini onlar da sənə deyə bilərlər.
Hər halda, biz sənə düzünü dedik, tam arxayın ol, bil ki, biz həqiqətdən başqa bir söz demədik.
Qardaşların bu ifadəsindən belə anlaşılır ki, Benyaminin oğurluq məsələsi Misirdə hər tərəfə yayılıbmış. Hər yerdə danışırmışlar ki, Kənandan gəlmiş karvan əhlindən bir nəfəri padşahın piyaləsini oğurlamaq istəyirmiş, amma hökumət işçiləri onu vaxtında yaxalaya bilmişlər. Qardaşlar atalarına "istəyirsən misirlilərdən soruş" deyərkən görünür bu məsələyə işarə etmək istəyirmişlər; demək istəyirlərmiş ki, bu xəbəri təkcə biz demirik, Misirdə hamının, hətta daş-divarın da bu hadisədən xəbəri var.
İncəliklər:
1\. Böyük qardaş kim idi?
Bəzi təfsirçilərə görə, onun adı Rubin (Rubil) olmuşdur. Bəziləri onun adının Şəmun, başqa təfsirçilər isə Yəhuda olduğunu demişlər. Təfsirçilər arasında “böyük” deyərkən, yaşın (yaşca böyük olanın), yoxsa ağlın (ağlına görə böyük sayılanın) nəzərdə tutulması məsələsi müzakirə mövzusu olmuşdur. Ayənin zahiri yaş baxımından böyük olanı göstərir.
2 Əlamətlərəəsasən hökm etmək.
Sözügedən ayədən həm də bu nəticəyə gəlirik ki, qazi şahidlər, iqrar olmasa belə, qəti əlamətlərəəsasən, hökm çıxara bilər. Yusufun (ə) qardaşlarının bu əhvalatında biz gördük ki, ortada nə şahid, nə də Benyaminin iqrarı var idi. Yeganə sübut padşahın piyaləsinin onun yükünün içindən çıxması idi. Təkcə bu əlamət Benyaminin cinayətkar kimi tanınmasına dəlil olmuşdur. Məsələyə diqqətlə yanaşdıqda aydın olur ki, qardaşlardan hər biri şəxsən öz yüklərini doldururmuş. Ən azı hər kəs öz yükünün doldurulması zamanı yükünün başında durmalı idi. Yükün açılıb-bağlanması birbaşa yük sahibinin ya iştirakı ilə, ya da şəxsən özü tərəfindən həyata keçirilə bilərdi. İkinci bir tərəfdən, ortada bir planın olduğunu heç kim ağlına gətirmirdi. Axı onların bu ölkədə düşməni yox idi ki, kimdənsə şübhələnsinlər, onlara plan qurulacağından ehtiyat etsinlər. Bütün bu cəhətlər – padşahın piyaləsinin Benyaminin yükündən tapılmasını görməklə onların Benyamini günahkar bilməsinə haqq qazandırırdı.
Təkcəəlamətlərə görə hökm çıxarılması bugünkü məhkəmə qanunlarında da öz əksini tapmışdır. Amma İslam fiqhi bu mövzuda daha çox araşdırma aparmağı lazım bilir. Bugünkü məhkəmə sistemində belə incə məsələlərin müzakirəsinin böyük əhəmiyyəti vardır. Fiqh kitabında bu mövzu "Kitabul-qəza" bölümündə açıqlanır.
3\. Ruhiyyələrin (xarakterlərin) fərqliliyi.
Yuxarıdakı ayələrdən anlaşılır ki, Yusufun (ə) qardaşları ruhiyyə baxımından bir-birindən fərqlənirmişlər. Böyük qardaş əhd-peymana çox sadiq idi. Amma digər qardaşlar Misirin əzizi ilə müamilələrinin baş tutmadığını görəndə özlərini kənara çəkib artıq səy etməyə lüzum görmədilər. Aydın məsələdir ki, haqlı tərəf böyük qardaş idi. O, Misirin əzizinin sarayına yaxın bir yerdə yerləşərək nə vaxtsa vəzirin onu görəcəyini, ürəyinin yumşalıb bir piyaləyə görə - hansı ki sonda tapılıb yerinə qaytarılmışdı – qərib bir insanı həbs etməklə onun qoca atasını uzun müddət gözüyaşlı saxlamasına, qardaşları qərib ellərdə sərgǝrdan buraxmasına biganə qalmayacağına, Benyamini azad edəcəyinə ümid bəsləyirdi. Bu ehtimalları verərək böyük qardaş Misirdə qalmağı seçdi və digər qardaşları baş verənləri danışmaq, nə etməli olacaqları barədə tapşırıq almaq üçün atalarının yanına yolladı.