Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 21
Ənfal surəsi, 55-59-cu ayələr
Ənfal surəsi, 55-59-cu ayələr
إِنَّ شَرَّ الدَّوَابِّ عِنْدَ اللَّهِ الَّذِينَ كَفَرُوا فَهُمْ لَا يُؤْمِنُونَ .٥٥
الَّذِينَ عَاهَدْتَ مِنْهُمْ ثُمَّ يَنْقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ .٥٦
فَإِمَّا تَثْقَفَنَّهُمْ فِي الْحَرْبِ فَشَرِّدْ بِهِمْ مَنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ .٥٧
وَإِمَّا تَخَافَنَّ مِنْ قَوْمٍ خِيَانَةً فَانْبِذْ إِلَيْهِمْ عَلَى سَوَاءٍ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْخَائِنِينَ .٥٨
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا إِنَّهُمْ لَا يُعْجِزُونَ .٥٩
Ayələrin tərcüməsi
55\. Allah yanında canlıların ən pisi kafir olanlar və iman gətirməyənlərdir.
56\. Onlar əhd bağladığın şəxslərdir ki, sonra hər dəfə öz əhd- lərini pozar və (əhd pozmaqdan və xəyanət etməkdən) çəkinməzlər.
57\. Əgər meydanda (döyüş meydanında) onları görsən, üzərlərinə elə hücum çək ki, arxalarında olan qüvvələr pərən-pərən düşsünlər. Bəlkə, xatırlasınlar (ibrət götürsünlər)!
58\. Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, onlarla olan əhdin ləğv olunduğunu ədalətli şəkildə onlara elan et. Çünki Allah xainləri sevməz!
59\. Küfr yolunu tutmuş insanlar qabağa düşdüklərini (əzabımızdan xilas olunduqlarını) düşünməsinlər. Onlar Bizi əsla aciz qoya bilməyəcəklər!
Ayələrin təfsiri.
Əhd sındıranlara qarşı sərt olmaq.
Keçən ayələrdə müşriklərdən, onlarla olan döyüşlərdən və onların aqibətindən bəhs edilirdi. İndi isə müharibə, sülh, müqavilə, onun pozulması və sair kimi hökmlərdən bəhs edilir. Əlbəttə, 55-58-ci ayələrdə Mədinə və onun ətrafında yaşayan yəhudilərdən danışılır. Peyğəmbər (s) həmin yəhudi tayfaları ilə – müsəlmanlara ziyan verməmək, onlara qarşı hiyləyə əl atmamaq, İslam düşmənlərinə kömək etməmək şərti ilə dinlərində qala bilmələri və təhlükəsizliklərinin təmin olunması haq- qında razılığa gəlmişdi. Lakin onlar bu razılaşmanı - şərtlərinə əməl etməyib, biri-birinin ardınca alçaqcasına pozdular.
Ayələr razılaşmaya məhəl qoymayan və dəfələrlə onu pozan qrup barədə Peyğəmbər (s) tərəfindən verilən qərarı bəyan edir. Allah-taala 55-ci ayədə onları dünyanın ən dəyərsiz varlıqları kimi qələmə verib buyurur:
"Allah yanında canlıların ən pisi, küfr yolunu seçib kafir olanlar, daima o yolda yürüyənlər və əsla iman gətirməyənlərdir."
عند الله الَّذِينَ كَفَرُوا فَهُمْ لَا يُؤْمِنُونَ
(kafır olmuş kəslər) ifadəsi mümkündür ki, aşağıdakı mühüm məsələyə işarə etsin: Mədinədə yaşayan yəhudi qəbilələrinin çoxu İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsindən əvvəl, öz kitablarından əldə etdikləri məlumata əsasən, Muhəmmədə (s) hörmətlə yanaşır, onu sevdiklərini bildirirdi. Hətta onu təbliğ edir və insanları onun peyğəmbər kimi zühuruna hazırlayırdılar. Lakin peyğəmbərliyə seçildikdən sonra yəhudilər öz maddi mənfəətlərini təhlükədə görüb küfr yolunu seçdilər və bu yolda elə inadkarlıq göstərdilər ki, iman gətirmələrinə heç bir ümid qalmadı. Belə ki Quran buyurur: "Onlar iman gətirməzlər”.
فَهُمْ لَا يُؤْمِنُونَ
Daha sonra buyurur: “Onlar əhd bağladığın şəxslərdir ki, ən azından bitərəfliyə riayət edərək, razılığa əsasən, müsəlmanları incitməmək və düşmənlərə yardım etməmək əvəzinə, hər dəfə öz əhdlərini pozanlardır."
الَّذِينَ عَاهَدتَ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ
Onlar nə Allahdan utanar "nə də Onun əmrindən çıxmaqdan çəkinməzlər”.
وَهُمْ لَا يَتَّقُونَ
(yənquzun) və (la yəttəqun) feilləri feilin indiki zamanını bildirir və ərəb qrammatikasına görə, feilin davamedici olduğunu göstərir. Həmçinin (fi kulli mərrətin), yəni “hər dəfə” cümləsi yəhudilərin razılaşdıqları peymanın şərtlərini dəfələrlə pozduqlarını çatdırır.
Növbəti ayə bu inadkar və əhdi pozan qrupla necə davranmağın lazım olduğunu bəyan edir:
"Əgər meydanda (döyüş meydanında əli silahlı, sənə qarşı çıxdıqlarını) görsən, üzərlərinə elə hücum çək ki, arxalarında olan qüvvələr pərən-pərən düşsün, ibrət alsın və bir daha sənin qarşında durmağa belə cəsarət etməsinlər”.
(təsqəfənnəhum) sözü (sǝqf) kökündən alınmışdır və diqqət üzündən sürətlə bir şeyi dərk etməyə deyilir. Peyğəmbərə (s) göstəriş verilir ki, diqqət və sürətlə onların mövqe seçimindən xəbərdar ol və səni qəfil yaxalamadan sən onların başının üstünü ildırım sürəti ilə al. (Şərrid) sözü (təşrid) sözündəndir və həyəcan içində pərakəndə etmək mənasındadır. Yəni səninlə əhdini pozana elə hücum et ki, digər düşmən dəstələri və razılaşmanı pozanlar həyəcan və qorxu içində pərakəndə olsun və bir daha sənə hücum etmək fikrinə düşməsinlər.
Bu göstəriş müsəlmanların ətrafında olan sair düşmənlərin, hətta gələcəkdə düşmən ola biləcək şəxslərin, həmçinin müsəlmanlarla peyman bağlayan, yaxud gələcəkdə razılaşma əldə edənlərin ibrət alması üçündür. “Bəlkə, xatırlasınlar (ibrət götürsünlər)"
Növbəti ayə bəyan edir: “Onlar müharibə meydanında sənə qarşı çıxmasalar da, onların əhdlərini pozduqlarını bilsən və razılaşmanı pozduqlarını elan etmədən sənə xəyanət edəcəklərindən qorxsan, onlarla olan əhdin ləğv olunduğunu ədalətli şəkildə onlara elan et.”
قَوْمٍ حَيَانَةٌ فَانبِذْ إِلَيْهِمْ عَلَى سَوَاء
Peymanlarının ləğv olunduğunu elan etmədən hücuma keçmə, çünki “Allah xainləri və öz əhdlərinə xəyanət edənləri sevməz!”
لا يُحِبُّ الخَائِنِينَ
(ənbiz) sözü “nəbz” kökündəndir və üzərinə atmaq və ya elan etmək mənasındadır. Yəni onların əhdini üzərlərinə at və ləğv olunduğunu elan et.
"علي سواء" ifadəsinin mənası ya belədir: "Onlar əhdlərini ləğv etdikləri kimi, sən də öz əhdini ləğv et. Bu, ədalətli və qarşılıqlıdır". Ya da ki “aydın şəkildə və hər növ fırıldaqçılıqdan uzaq elan etmək” mənasındadır
Sonuncu ayə əhdlərini pozanlara xəbərdarlıq edib buyurur: "Küfr yolunu tutmuş insanlar qabağa düşdüklərini (əzabımızdan xilas olunduqlarını) düşünməsinlər. “ “Onlar Bizi əsla aciz qoya bilməyəcəklər!”
يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا