Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 22
Yusuf surəsi, 83-86-cı ayələr
Yusuf surəsi, 83-86-cı ayələr
قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ عَسَى اللَّهُ أَنْ يَأْتِيَنِي بِهِمْ جَمِيعًا إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ .٨٣
وَتَوَلَّى عَنْهُمْ وَقَالَ يَا أَسَفَى عَلَى يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ .٨٤
قَالُوا تَاللَّهِ تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّى تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ .٨٥
قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ .٨٦
Ayələrin tərcüməsi
83\. (Yǝqub) dedi: "Nəfsiniz bu işi sizə gözəl göstərib. Mən səbir edirəm, gözəl səbir. Ümidvaram ki, Allah onların hamısını mənə qaytaracaq. Çünki O, biləndir, hikmət sahibidir".
84\. Üzünü onlardan döndərdi və: "Heyf Yusufdan !" dedi. Qəm-qüssədən gözlərinə ağ gəldi. Ancaq qəzəbini boğurdu.
85\. Dedilər: "Allaha and olsun ki, Yusufu o qədər xatırlayacaqsan ki, axırda ya əldən düşəcək, ya da öləcəksən”.
86\. O dedi: "Mən dərd-qəmimi yalnız Allaha söyləyirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm.
Ayələrin təfsiri.
Allahın mənə lütfünü, (bildirdiklərini) siz bilmirsiniz! Qardaşlar Misirdən çıxıb Kənana sarı yola düzəldilər. Onların karvanı bu dəfə balaca və böyük qardaşlarını yerdə qoyub, əvəzində qəm yükü ilə geri qayıdırdı. Ataları keçən səfərin əksinə olaraq bu dəfə onların üzündə məyusluq, kədər gördü, anladı ki, onlar özləri nə isə pis bir xəbəri daşıyırlar. Benyamini və böyük qardaşı karvandakıların arasında görməyəndə Yəqubun (ə) iztirabları bir az da artdı.
Qardaşlar başlarına gələnləri olduğu kimi atalarına nəql etdilər. Yǝqub (ə) eşitdiklərindən əsəbiləşdi, onlara dedi: "Nəfsiniz bu işi sizə gözəl göstərib. (Sizə görə hadisələr siz deyən kimidir)."
Yǝqub (ə) qardaşlara Yusufun başına açdıqları oyun zamanı onların yalanlarına verdiyi cavabın eynisini deyir. Burada belə bir sual yaranır: Yǝqub (ə) onların çirkli keçmişinə inanmır, yenə də işin içində bir yalan, hiylə olduğunu güman edirdi? Keçmişdəki bir səhvə görə insana qarşı bədgüman olmaq, onu tez ittiham etmək nəinki Yǝqub (ə) kimi bir peyğəmbərə, hətta adi insaflı adama da yaraşmaz, məntiqlə dəəql də bunu uyğun hesab etmir. Halbuki qardaşların dediklərinə şahidləri vardı. İkinci bir tərəfdən, lazım bilinərsə, məsələni araşdırmaq da mümkün idi. Bəlkə, Yǝqub (ə) bu sözü deməklə başqa şeyi bildirmək istəyirmiş? Məsələn, Yəqub (ə) qardaşlara demək istəyirmiş:
1-Siz piyalənin Benyaminin yükünün içindən çıxmasını görməklə, təkcə bu dəlili qəbul etməklə niyə onun oğru olduğuna tez inandınız? Niyə qarşı tərəfin ittihamlarına tez təslim oldunuz? Təkcə bu ittiham kiminsə oğru olmasına yetərli dəlil ola bilməz.
2- Siz Misirin əzizinə niyə dediniz ki, bizim eldə oğruları kölə edirlər? Oğrunu kölə etmək ilahi bir qanun deyil, sadəcə, Kənan xalqı arasında mövcud olan yanlış bir ənənədir. (Bəzi təfsirçilərin əksinə olaraq biz də oğrunun kölə edilməsini Yǝqubun (ə) şəriət qanunlarından hesab etmirik.)
3-Siz baş verən hadisələri niyə bu qədər tez həzm edib təslim oldunuz? Siz də böyük qardaşınız kimi, mənimlə bağladığınız əhdinizə sadiq qalıb daha artıq səy edə, çıxış yolları axtara bilərdiniz.
Yǝqub (ə) bir anlığa özünə qayıdıb dedi: Mən səbir kasamı daşmağa qoymaram. “Mən səbir edirəm, gözəl səbir."
"Ümidvaram ki, Allah onların hamısını (Yusufu, Benyamini və böyük övladımı) mənə qaytaracaq."
Çünki Allahın hər kəsin batinindən xəbərdar olduğunu bilirəm. O, bütün baş verən və verəcək hadisələri bilir: "Çünki O, biləndir, hikmət sahibidir”. Heç bir işi hesab-kitabsız etmir
Kədər Yǝqubu (ə) büsbütün öz ağuşuna almış, onu hər kəsdən alıb Allahla baş-başa buraxmışdı. Yusufdan (ə) sonra qardaşı Benyamin Yǝqubun (ə) təsəlli yeri idi. Benyaminin Misirdə tutulması xəbərini eşidəndə Yəqub (ə) bir daha əziz oğlu Yusufu (ə) xatırladı; xəyala daldı: İmanlı, ağıllı oğlu Yusufu (ə) dizləri üstündə oturtmuş, saçlarına tumar çəkə-çəkə həm də onun ətrafa yayılan ənbər qoxusunu içinə çəkirdi. Yusufa (ə) baxdıqca sanki ona yeni həyat verilirdi. Amma bu gün nəinki Yusuf (ə) yoxdur, üstəlik az-çox Yusufun yerini dolduran Benyamin də qardaşı kimi müəmmalı bir əsarətdə giriftar olmuşdu. Yǝqub (ə) xəyaldan ayılıb: “Üzünü onlardan döndərdi və: "Heyf Yusifdən!"—dedi”.
(وَتَوَلَّىعَنْهُمْوَقَالَيَاأَسَفَىعَلَىيُوسُفَ)
Benyaminə görə atalarının yanında üzüqara olan qardaşlar Yusufun (ə) adını eşidəndə fikrə getdilər, xəcalətdən tər tökdülər. Qəm yükünün üstünəəlavə qəm gələn Yəqubun (ə) gözləri qəmdən dəm alır, ixtiyarsız qaynayıb bulaq kimi axırdı. Yəqub (ə) o qədər ağladı ki, “Qəm-qüssədən gözlərinə ağ gəldi.”
Bununla belə, Yəqub (ə) özünü ələ alır, qəzəbini boğurdu, çalışırdı ki, Allahın xoşuna getməyən bir sözü dilinə almasın. O, səbirli, qəzəbini böğan birisi idi. “Ancaq qəzəbini boğurdu.”
Ayənin zahirindən belə anlaşılır ki, Yəqub (ə) bu yerə qədər kor olmamışdı. Benyaminin hadisəsindən sonra qəm yükünün ağırlaşması, göz yaşı axıtması onun gözlərinə ağ saldı. Öncə də işarə etdiyimiz kimi, Yǝqubun (ə) bu vəziyyəti onun “gözəl səbri” ilə təzad yaradacaq ixtiyari bir hal deyildi.
Atalarının bu halı qardaşları bərk narahat edirdi. Bir tərəfdən Yusufun (ə) başına açdıqları oyun vicdanlarına rahatlıq vermir, digər tərəfdən Benyaminə görə özlərini yeni sınaqların astanasında görür və bu səbəbdən narahatlıq keçirirdilər. Üçüncü bir tərəfdən, atalarının bu halı onları üzür, rahatlıqlarını əllərindən alırdı. Narahat olan qardaşlar dedilər: "Allaha and olsun ki, Yusufu (ə) o qədər xatırlayacaqsan ki, axırda ya əldən düşəcək, ya da öləcəksən”.
Amma Kənanın müdrik piri onların cavabında dedi: “Mən dərd-qəmimi yalnız Allaha söyləyirəm”.
Allahımın lütf göstərəcək: "Və Allahdan sizin bilmədiklərinizi bilirəm”.
(وَأَعْلَمُمنَاللهمَالَاتَعْلَمُونَ)