Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 23

Yusuf surəsi, 87-93-cü ayələr

Yusuf surəsi, 87-93-cü ayələr



يَا بَنِيَّ اذْهَبُوا فَتَحَسَّسُوا مِنْ يُوسُفَ وَأَخِيهِ وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ .٨٧


فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُزْجَاةٍ فَأَوْفِ لَنَا الْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَا إِنَّ اللَّهَ يَجْزِي الْمُتَصَدِّقِينَ .٨٨


قَالَ هَلْ عَلِمْتُمْ مَا فَعَلْتُمْ بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنْتُمْ جَاهِلُونَ .٨٩


قَالُوا أَإِنَّكَ لَأَنْتَ يُوسُفُ قَالَ أَنَا يُوسُفُ وَهَذَا أَخِي قَدْ مَنَّ اللَّهُ عَلَيْنَا إِنَّهُ مَنْ يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ .٩٠


قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِنْ كُنَّا لَخَاطِئِينَ .٩١


قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ يَغْفِرُ اللَّهُ لَكُمْ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ .٩٢


اذْهَبُوا بِقَمِيصِي هَذَا فَأَلْقُوهُ عَلَى وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا وَأْتُونِي بِأَهْلِكُمْ أَجْمَعِينَ .٩٣


Ayələrin tərcüməsi



87\. Ey oğullarım! Gedin, Yusuf və qardaşını axtarın, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən təkcə kafir adamlar ümidlərini kəsər.”

88\. Onlar (Yusufun) yanına girdikdə dedilər: "Ey vəzir! Biz və ailəmiz fəlakətə uğramışıq. (Ərzaq almaq üçün) özümüzlə bir qədər mal gətirmişik. Bizim ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.

89\. Dedi: "Nadan olduğunuz vaxt Yusufa və qardaşına nə etdiyinizi bilirsinizmi?”

90\. Dedilər: "Yoxsa sən Yusufsan?" O dedi: "Mən Yusufam, bu da qardaşımdır. Allah bizə minnət qoydu. Kim təqvalı, səbirli və dözümlü olsa, (axırda qalib gələcək). Çünki Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.

91\. Dedilər: "Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə xətaya yol verənlərdən olmuşuq”.

92\. (Yusuf) dedi: "Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhimlisidir.

93\. Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün yaxınlarınızı mənim yanıma gətirin”.

Ayələrin təfsiri.



Çalışın ümidsiz olmayın ki, ümidsizlik küfrün əlamətidir! Quraqlıq, qıtlıq Misir və onun ətraf bölgələrində, o cümlədən Kənanda tüğyan edirdi. Ərzaq ehtiyatı tükənmək üzrə idi. Yəqub (ə) bu dəfə də oğlanlarına ərzaq üçün Misirə getməyi əmr etdi. Amma bu səfərin əsas missiyası olaraq, Yəqub (ə) oğlanlarına həm də Yusuf (ə) və Benyamini axtarmağı tapşırdı, dedi: “Ey oğullarım! Gedin, Yusuf və qardaşını axtarın”.

يَابَنِيَّاذْهَبُواْفَتَحَسَّسُوامنيُوسُفَوَأَخيه


Yusufu (ə) çoxdan ölmüş bilən qardaşlar atalarının bu sözünə təccüb etdilər. Ataları onlara xatırlatdı ki, Allahın gücü bütün çətinliklərin fövqündə durur: “Allahın mərhəmətindən ümidinizi kəsməyin."

"Çünki Allahın mərhəmətindən təkcə kafir adamlar ümidlərini kəsər”.

(təhəssus) sözünün kökü (hiss) olub, hiss vasitəsi ilə bir şeyi axtarmaq mənasını daşıyır. (təhəssus) sözünün (təcəssus) sözü ilə fərqi təfsirçilər və dilçilər arasında müzakirələrə səbəb olmuşdur.

İbn Abbasdan nəql olunur ki, (təhǝssus) xeyir işlər, “təcəssus” isə şər işlər barədə axtarış mənasındadır.

Bəzi təfsirçilər də belə demişlər: (tǝhǝssus) fərd və millətlərin əhvalatlarını eşitməyə səy göstərməyə, (təcəssus) isə eyibləri axtarmağa səy etməyə deyilir.

Hər iki kəlmənin eyni məna verdiyini deyən təfsirçilər də vardır.

Amma bir hadisdə “لا تَجَسَّسُوا وَ لا تَحَسَّسُوا” ifadəsinin işlədilməsindən aydın olur ki, bu iki kəlmə fərqli mənalara işarə edir. İbn Abbasın bu iki kəlmə barəsində açıqlaması sözügedən ayənin mənasına daha uyğun görünür. Hədisdə hər iki halın qadağan edilməsi ola bilsin ki, camaatın işinə qarışmamağa işarə olsun. Yəni nə xeyir, nə də şər işdə başqasının işinə yersiz müdaxilənin yaxşı olmadığını göstərir.

(rǝvh) sözü rəhmət, işin rahatlığı, düzəlməsi anlamına gəlir. Rağib İsfahani "Müfrədat” kitabında yazır: (rəvh) və (ruh) kəlmələrinin hər ikisi, əslində, bir mənanı bildirir. Hər iki kəlmə "ruh" və “nəfəs” mənasındadır. (rəvh) kəlməsi sonradan rəhmət və açılış mənasında işlənmişdir. Çünki işlər yoluna düşəndən, problemlər aradan qalxandan sonra sanki insana yeni nəfəs verilir; insan işlərini yoluna qoyanda, həll edəndə azad nəfəs alır.

Yǝqubun (ə) oğlanları yüklərini bağlayıb Misirə yola düşdülər. Bu, onların macəralar yaşadıqları Misirə üçüncü səfərləri idi. Əvvəlki səfərlərdən fərqli olaraq bu səfərdə, sanki, zəncirə vurulmuş əsirlər kimi qardaşların ayağı ləng tərpənir, Misirə yaxınlaşdıqca həyəcanları artırdı. Onlar Misir xalqı və vəzirin yanında itirdikləri etimadlarına, bədnam olduqlarına görə ruhlarını zəncirlənmiş kimi sıxıntıda hiss edirdilər. Artıq çoxları bizə “kənanlı oğrular gəldilər” – deyəcək, bizi eyhamlı, qınayıcı nəzərlərlə süzəcəklər – kimi fikirlər qardaşlara rahatlıq vermirdi. Həm də bu dəfə qardaşların alacaqları ərzaq ehtiyatının qarşılığında ödəməyə bir şeyləri yox idi; Misirəəliboş gedirdilər. Yusufdan (ə) sonra ikinci qardaşları Benyamini itirmələri, atalarının bu hadisədən hədsiz narahatçılığı qardaşların düşüncələrində dolaşaraq onları bir az da yorurdu. Bütün bu fikir yükünün içində onlara azacıq təsəlli verən atalarının son sözü idi: “Allahın rəhmətindən ümidinizi üzməyin. Allahın gücü bütün müşküllərin fövqündədir!”

فَلَمَّادَخَلُواعَلَيْهِقَالُوايَاأَيُّهَاالْعَزِيزُ


Qardaşlar Misirə gəlib: "Onlar (Yusifin) yanına girdikdə dedilər: “Ey vəzir! Biz və ailəmiz fəlakətə uğramışıq."

“(Ərzaq almaq üçün) özümüzlə bir qədər mal gətirmişik."

Bununla belə, biz sizin böyüklüyünüzə gözümüzü dikmişik. “Bizim ölçünü tam et və bizə sədəqə ver”.

(فَأَوْفَلَنَاالْكَيْلَوَتَصَدَّقْعَلَيْنَا)


Sən gəl bunun əvəzini bizdən yox, Allahından al. Çünki “Allah sədəqə verənləri mükafatlandırar.”

Maraqlı bir məqam: Ataları qardaşlara tapşırmış və təkid etmişdi ki, bu səfərdəəsas məqsədiniz Yusufu (ə) və qardaşını axtarmaq olsun. Ərzaq təminatı onlar üçün ikinci dərəcəli məsələ olmalı idi. Amma qardaşlar atalarının sözünə bir o qədər də diqqət yetirmədilər. Vəziri görən kimi ondan soruşduqları ilk şey ərzaq barədə oldu. Görünür qardaşlar Yusufun (ə) həyatda olmasına və tapılacağına inanmadıqları üçün bu məsələyə bir o qədər dəəhəmiyyət verməmişlər. İkinci bir ehtimal budur ki, bəlkə də, qardaşlar belə düşünürmüş: yaxşı olar ki, özümüzü ərzaq alıcısı kimi göstərək. Çünki belə daha təbii görünərik. Vəziyyətimizi, güzəranımızı müşahidə edən vəzirin, bəlkə də, ürəyi yumşalar, sonra söhbət arası, münasib məqamda qardaşımızın da azad edilməsi söhbətini salarıq.

Bəzi təfsirçilər (bizə sədəqə ver) ifadəsinin Benyaminin azadlığına işarə olduğunu demişlər. Bu iddiaya görə, əgər qardaşlar ərzaq istəmiş olsaydılar, həmişəki kimi onun əvəzini ödəyəcəkdilər, daha “sən gəl bunun əvəzini bizdən yox, Allahından al, bunu bizə sədəqə et" deməzdilər. Ərzaq nəzərdə tutulsaydı, onun adı (təsədduq) olmamalı idi.

Rəvayətlərin birində oxuyuruq: “Qardaşlar vəzirə atalarından məktub gətirmişdilər. Məktubda Yǝqub (ə) Misirin əzizini ədalətinə, səxavətinə, ailəsinə göstərdiyi qayğı və diqqətinə görə tərifləyəndən sonra özü peyğəmbərlik şəcərəsi haqqında məlumat verir, daha sonra üzləşdiyi çətinliklərdən danışırdı. Yazırdı ki, öncəəziz oğlu Yusufu itirmiş, ardınca Benyamini dəədən vermişdir. Məktubun sonunda Yǝqub (ə) vəzirdən Benyamini azad etməsini xahiş edir və xüsusi olaraq vurğu- layırdı ki, biz peyğəmbər nəsli olaraq heç vaxt oğurluq etmərik, belə alçaq işlər bizim ailədən uzaqdır.

Qardaşlar məktubu Yusufa (ə) verəndə o, naməni alıb əvvəl öpdü, gözlərinin üzərinə qoydu və o qədər ağladı ki, göz yaşlarından köynəyi islandı."

Yusufun (ə) bu hərəkəti qardaşları təəccübləndirdi, fikrə daldırdı: Vəzirin ataları Yəqubla (ə) nəəlaqəsi, nə münasibəti var ki, məktub onu bu qədər həyacanlandırdı?!

Bəlkə də, işin bu yerində qardaşların qəlbində vəzirin Yusuf (ə) olması barədə ilk ehtimal işartıları baş qaldırmışdı. Eləcə də atanın bu məktubu uzun müddət “Misirin vəziri” niqabı altında məharətlə gizlənən Yusufu (ə) duyğulandırdı, onun qərarını əlindən alıb, bundan artıq sirri saxlamağa taqəti olmadığını, imtahanın sona yaxınlaşdığını göstərdi. Tezliklə oxuyacağıq ki, Yusuf (ə) məsələni uzatmadan özünü qardaşlara tanıtdırır.

Artıq sınaqlar dövrü başa çatmışdı. Yusuf (ə) çox narahat gözə dəyirdi. Özünü tanıtdırmağın vaxtının çatdığını görən Yusuf (ə) buradan sözə başladı, üzünü qardaşlarına tutub dedi: Dedi: "Nadan olduğunuz vaxt Yusifə və qardaşına nə etdiyinizi bilirsinizmi?”.

Yusufun (ə) böyüklüyünə diqqət yetirin: Birincisi, Yusuf (ə) qardaşların günahlarını açıqlamır, üstüörtülü qeyd edərək deyir: (etdikləriniz). İkincisi, Yusuf (ə) onlara üzrxahlığın yolunu göstərir, deyir ki, o zaman nadan olmusunuz, bilməmisiniz, amma indi ağıllanmısınız, başa düşürsünüz. Yusufun (ə) bu sözündən həm də o, başa düşülür ki, qardaşları bu oyunu təkcə onun başına gətirməmiş, Benyaminə dəəziyyət verirmişlər. Ola bilsin ki, Benyamin Misirdə, Yusufun (ə) yanında olduğu müddətdə başına gələn müsibətlərin bir hissəsini Yusufa (ə) nəql etmişdir.

Bəzi rəvayətlərdə nəql olunur: "Yusuf (ə) bu cümləni dedikdən sonra qardaşları narahat olmasınlar, "Misirin əzizi”nin intiqam almaq fikrində olmadığını bilsinlər deyə sözünü təbəssümlə bitirdi. Bu təbəssüm Yusufun (ə) parlayan dişlərini göstərərək onu qardaşlarına tam tanıtdırdı. Onlar diqqət edəndə, bu gülüşün qardaşları Yusufun (ə) gülüşünə çox oxşadığını gördülər.”

Bütün baş verənlər qardaşları vəzirdən şübhələndirməyə başladı. Onlar vəzirin Yusuf (ə) və onun başına gələn bəlalardan – özlərindən başqa kimsənin xəbəri olmadığı halda, xəbər verməsindən, sual etməsindən şübhələndilər. Başqa bir tərəfdən Yǝqubun (ə) məktubu vəzirə necə təsir etdisə, vəzir özünü saxlaya bilmədi, gözləri yaşardı, halı dəyişdi. Bu hal ancaq yaxın münasibətləri olan şəxslərdə müşahidə oluna bilərdi. Üçüncü bir tərəfdən qardaşlar vəzirə diqqətlə baxdıqca onu qardaşları Yusufa (ə) daha çox oxşadır, xəyallarında "bu, olmaya Yusuf (ə) olsun" deyir, amma gözləri Yusufun (ə) oturduğu vəzirlik kürsüsünə sataşanda, həmin xəyalları başlarından qovur, bunu qeyri- mümkün hesab edirdilər. Axı Yusuf (ə) hara, vəzirlik hara?!

Buna görə də qardaşlar təəccüb və tərəddüdlə dedilər: “Dedilər: "Yoxsa sən Yusifsən?"

Söz bu yerə çatanda qardaşlar təsəvvür olunmaz həyəcanlı anlar yaşayırdı. Onlar vəzirin dediyindən bir şey anlamır, hələ də tərəddüd içində nə deyəcəklərini bilmirdilər. Doğrudanmı, vəzir pərdələri kənara çəkib özünü tanıtdırır, yoxsa onları ələ salır?!

Vaxt sürətlə sovuşur, intizarlı keçən hər saniyə bir daş olub qardaşların qəlbinə ağırlıq verirdi. Yusuf (ə) gərgin anların çox davam etməsinə imkan vermədi, pərdəni həqiqətin üzərindən kənara itələdi, "O dedi: “Mən Yusifəm, bu da qardaşımdır."

Amma Yusuf (ə) Allahın ona göstərdiyi bu qədər lütf və kərəmin Şükrünü yerinə yetirməsi, həm də qardaşlarına böyük bir dərs verməsi üçün sözünün ardını belə gətirdi: “Allah bizə minnət qoydu. Kim təqvalı, səbirli və dözümlü olsa, (axırda qalib gələcək). Çünki Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.

قَدْمَنَّاللهُعَلَيْنَاإِنَّهُمَنيَتَّقِوَيَصْبرْفَإِنَّاللَّهَلَايُضِيعُأَجْرَالْمُحْسِنِينَ


Bu həssas anlarda nələrin baş verdiyini kimsə bilmir. Neçə on illər bir-birindən uzaq düşmüş qardaşlar bir-birini tanıyandan sonra necəgörüşdülər, bu anları necə yaşadılar, hansı halları keçirdilər, – bizim xəbərimiz yoxdur. Amma Yusufun (ə) yanında qardaşların həddən artıq xəcalət çəkdiklərini, başlarını qaldırıb onun üzünə baxa bilmədiklərini təsəvvür etmək elə də çətin deyil. Onları ən çox bir məsələ narahat edirdi: Etdikləri böyük günah bağışlana bilərmi? Yusuf (ə) onları cəzalandıracaq, yoxsa bağışlayacaq? Bu üzdən onlar Yusufa (ə) üz tutub dedilər: "Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur."

اللَّهُلَقَدْآثَرَكَاللَّهُعَلَيْنَا


"Biz isə xətaya yol verənlərdən olmuşuq”.

Qardaşlarının bu halda qalmasına razı olmayan Yusuf (ə), xüsusi ilə də bu imtahandan fateh olaraq ayrıldığı bir vaxtda onları gərginlikdən çıxartmaq üçün və ya onun intiqam almaq fikrində olduğunu düşünə biləcəklərini ehtimal edərək tez dedi: "Bu gün siz qınanılmayacaqsınız.

(قَالَلَاتَثْرِيبَعَلَيْكُمُالْيَوْمَ)


Xəyalınız rahat, vicdanınız sakit olsun. Keçmiş hadisələri unudun getsin.

Yusuf (ə) daha sonra qardaşlarını bağışladığına əmin etmək üçün dedi ki, sizin bu peşmançılığınız hətta Allah tərəfindən bağışlanmağa layiqdir: "Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhimlisidir.”

(يَغْفِرُاللَّهُلَكُمْوَهُوَأَرْحَمُالرَّاحِمِينَ)


Nə qədər böyük bir qəlb sahibi olmalısan ki, sənin haqqında rəva görülən bu qədər haqsızlığı, zülmü bağışlaya biləsən. Yusuf (ə), həqiqətən də, böyük ürəyə sahib idi. Onun son hərəkətləri onun böyüklüyünə bir dəlildir. O nəinki öz haqqından keçir, hətta qardaşlarına ən kiçik danlağı belə rəva görmür. Belə qəlbin sahibi qardaşlarına cəzamı verərcəkdi?!

Yusuf (ə) qardaşları tam arxayın etmək üçün bildirdi ki, Allah mehriban və bağışlayandır. Yusuf (ə) bu sözünün isbatı üçün son cümləsində Allahın "Ərhəmər-rahimin" olduğunu deyir.

Qardaşların dərdi xeyli yüngülləşsə də, bir fikir yenə də onların qəlbinə zindan kimi ağırlıq salırdı. Atalarının dərddən, ağlamaqdan gözləri tutulmuşdu. Yǝqubun (ə) bu halı bütün ailənin kefini pozmuş, hamıya əzab verirdi. Ən pisi isə hər dəfə Yəqubun (ə) bu halına baxanda qardaşların cinayətləri yad ediləcək, acı xatirələr yada düşəcək, atalarının kor gözləri cinayətlərinin aydın dəlili, şahidi kimi onları izləyəcək, vicdanlarına rahatlıq verməyəcəkdi. Yusuf (ə) bu müşkülü həll etmək üçün belə dedi: “Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın.”

(Sonra da) bütün yaxınlarınızı mənim yanıma gətirin".

بِأَهْلِكُمْأَجْمَعِينَ


İncəliklər:



1\. Yusufun (ə) köynəyini hansı qardaş apardı?

Rəvayətlərin bəzisində belə qeyd olunur: "Yusuf (ə) dedi: “Mənim şəfaverici köynəyimi ataya, bir zaman onu qanlı şəkildə aparan həmin şəxs çatdırmalıdır. O zaman qanlı köynəyi göstərməklə atamızı necə narahat etmişdisə, bu dəfəəksinə, bu köynəyi verməklə onu sevindirmiş olsun." Buna görə də köynəyi Yəhudaya verdilər ki, o aparsın. Çünki Yəhuda özü belə dedi: "Qanlı köynəyi atamıza mən göstərdim və dedim: "Oğlunu canavar parçaladı.”

Bu hədisdən anlaşılır ki, Yusuf (ə) çiynində olan ağır dövlət işlərinə, qardaşları ilə yaşadığı müşküllərə rəğmən ən kiçik əxlaqi məsələləri də diqqətdən qaçırtmır, incə detallarına qədər hər bir işə diqqət edirdi."

2\. Yusufun (ə) böyüklüyü.

Bəzi rəvayətlərdə belə nəql olunur: "Yusufun (ə) qardaşları bu əhvalatdan sonra onun üzünə baxa bilmir, vicdan əzabı çəkirdilər. Oardaşlardan birini Yusufun (ə) yanına göndərib ona dedilər: “Sən hər səhər-axşam bizi öz süfrənin başında oturdursan. Biz sənin üzünə baxa bilmirik, xəcalət çəkirik. Biz sənin başına bu qədər oyun açmışıq.”

Yusuf (ə) bundan sonra qardaşları xəcalət çəkməsinlər, rahat olsunlar deyə, onlara olduqca maraqlı cavab verdi: “Misir xalqı indiyə qədər mənə dirhəmlə alınmış kölə kimi baxır və bir-birinə belə deyirdilər: “İyirmi dirhəmə satılmış bir köləni bu məqama çatdıran Allah hər bir eyibdən pak və münəzzəhdir." Amma indi sizin gəlişinizlə mənim sirrim xalqa açıldı. Artıq onlar bilirlər ki, mən kölə olmamışam; mən peyğəmbər soyundan, İbrahim Xəlilin övladlarından biriyəm və bununla iftixar edirəm. (Bütün bunlar sizin gəlişinizlə baş verdi.)

3\. Qələbə şükranlığı.

Yuxarıdakı ayələr bizəən aydın şəkildə çox mühüm əxlaqi bir dərsi öyrədir: Düşmən üzərində qələbə çaldığınız zaman intiqam hissinǝ qapılmayın, kin saxlayıb intiqam almağa çalışmayın.

Qardaşları Yusufa (ə) çox ağır zərbələr vurmuşdular. Onu ölümün astanasına qədər sürümüşdülər. Əgər Allahın lütfü olmasaydı, onun sağ qalması mümkün deyildi. Qardaşlar təkcə Yusufa (ə) yox, həm də atalarına mənəvi işgəncə vermişdilər. İndi isə onlar məğlub və yazıq vəziyyətdə Yusufun (ə) qarşısında durmuşlar. Bütün güc Yusufun (ə) əlindədir. Bununla belə, Yusufun (ə) sözündən, qardaşlara münasibətindən çox gözəl anlaşılır ki, onun qəlbində qardaşlarına qarşı kini yoxdur. Əksinə, qardaşların bu vəziyyəti Yusufa (ə) əzab verir. Yusuf (ə) qardaşlarının keçmişi yada salıb xəcalət çəkə biləcəklərindən narahatdır. Bu narahatçılığı aradan qaldırmaq, onların qəlbindən çıxartmaq üçün Yusuf (ə) çox əndişələnir, yollar axtarır. Hətta onları inandırmağa çalışır ki, sizin Misirə gəlməyinizlə xalq mənim əsl kimliyimi tanıdı, peyğəmbər nəslindən olduğum üzə çıxdı, siz bununla mənə böyük iftixar bəxş etdiniz. Yəni Yusuf (ə) qardaşlarına təlqin edir ki, siz mənə yox, əslində, mən sizə borcluyam.

Maraqlıdır ki, İslam peyğəmbəri də (s) Məkkənin fəthi zamanı oxşar vəziyyətlə üzləşmişdi. Məkkə fəth olunanda, Peyğəmbər (s) uzun illər ona acılar çəkdirmiş, hər cür zülmü rəva görən müşriklərin başçıları ilə rəftarında kinə, intiqama yol vermədi. İbn Abbasın dediyinə görə, Peyğəmbər (s) Kəbənin yanına gəldi, qapının cəftəsindən yapışıb tarixi çıxışını etdi. Həmin anda Peyğəmbərin (s) müxalifləri Kəbəyə sığınmış, onlar haqqında çıxaracağı hökmü gözləyirdilər. Peyğəmbər (s) dedi:

# الْحَمْدُللهالذيصَدَقَوَعْدَهُ،وَنَصَرَعَبْدَهُ،وَهَزَمَالْأَحْزَابَوَحْدَهُ


"Həmd olsun o Allaha ki, vədəsinəəməl etdi (dediyini həyata keçirdi), bəndəsini qalib, düşmənlərini, müxalif dəstələri darmadağın etdi."

Peyğəmbər (s) sonra üzünü xalqa tutub buyurdu: “Ey Qüreys toplumu (Qüreyşin böyükləri)! Nə düşünürsünüz, sizin haqqınızda hansı hökmü verəcəyimi güman edirsiniz?" Dedilər: "Bizim səndən xeyir və yaxşılıqdan başqa bir gözləntimiz yoxdur. Sən bizim böyük qardaşımız, bağışlayan birisən və hörmətli qardaşımızın oğlusan. Güc indi sənin əlindədir.” Peyğəmbər (s) buyurdu: “Mən sizin haqqınızda Yusufun (ə) qardaşları üzərində qələbə çaldığı zaman dediyi həmin sözləri deyirəm; – “Bu gün siz qınanılmayacaqsınız.”

Ömər deyir: “Bu zaman xəcalət təri məni basdı. Çünki biz Məkkəyə daxil olanda onlara dedim ki, bu gün intiqam günüdür, sizdən intiqam alacağıq. Peyğəmbər onların haqqında bu sözləri deyəndən sonra mən öz dediyimdən xəcalət çəkdim."

İslami qaynaqlarda belə oxuyuruq: “Qələbənin zəkatı əfv və bağış- lamaqdır. Həzrət Əli (ə) buyurur: “ Düşməninə qələbə çaldığın zaman əfv sənin qələbə şükranlığın olsun (qələbə şükranlığı olaraq əfvi seç).

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...