Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 23

Ənfal surəsi, 61-64-cü ayələr

Ənfal surəsi, 61-64-cü ayələr



وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ .٦١


وَإِنْ يُرِيدُوا أَنْ يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ .٦٢


وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ لَوْ أَنْفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ .٦٣


يَا أَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللَّهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ .٦٤


Ayələrin tərcüməsi



61\. Əgər onlar sülhə (barışığa) meyil etsələr, sən də sülhə razılıq ver və Allaha təvəkkül et. O, eşidəndir, biləndir!

62\. Əgər onlar səni aldatmaq istəsələr, Allah sənə kifayət edər. O, Özünün və möminlərin yardımı ilə sənə güc verdi.

63\. Və onların ürəklərində bir-birinə qarşı ülfət yaratdı. Əgər sən onların ürəklərini bir-birinə bağlamaq üçün yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə bacarmazdın. Lakin Allah onlar arasında ülfət yaratdı, çünki O, yenilməz qüvvət, hikmət sahibidir.

64\. Ya Peyğəmbər! Allah və sənin ardınca gedənlər səni himayə etmək üçün kifayət edər.

Ayələrin təfsiri.



Sülhə hazırlıqlı olmaq.

Keçən ayə İslamda cihadın hədəflərinə kifayət qədər aydınlıq gətirsə də, düşmənlə sülh sazişi haqqında danışan 61-ci ayə sülhə işarə edib buyurur: “Əgər onlar sülhə (barışığa) meyil etsələr, sən də sülhə razılıq ver”.

وَإِن جَنَحُوا لِلسَّلْم فَاجْنَحْ لَهَا


(cənəhu) sözü kökcə (cunuh) sözündəndir və “meyil göstərmək” (meyilli olmaq) mənasındadır. Quşların qanadlarının hər biri bir tərəfə meyilli olduğundan onlara da cunuh deyilir.

Deməli, ayənin təfsirində hər iki mənadan, yəni həm lüğəvi, həm də ikinci məfhumdan istifadə etmək olar.

Digər tərəfdən, insanlar sülh müqaviləsi imzalayarkən tərəddüd içində olduqlarından ayə Peyğəmbərə (s) sülhün şərtləri məntiqli, ədalətli və eyni halda ağlabatan olduğu təqdirdə tərəddüd etmədən imzalamasını əmr edib buyurur: “Allaha təvəkkül et. O, eşidəndir, biləndir."

عَلَى اللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ


Bütün bunlara baxmayaraq, ayə Peyğəmbər (s) və müsəlmanlara xəbərdarlıq edir ki, düşmənlərin sülh müqaviləsində məqsədləri hiylə və siyasət də ola bilər. Belə ki onlar sülhdən istifadə edərək gözlənilməz hücuma keçə, yaxud sülh vasitəsi ilə müharibəni təxirə salıb qüvvələrini artırmaq da istəyə bilərlər. Növbəti ayə düşmənin hiyləsindən narahat olmamaq üçün Allahın dəstəyindən söz açıb buyurur: "Əgər onlar səni aldatmaq istəsələr, Allah sənə kifayət edər.”

Keçmişdə yaşananlar Allahın dəstəyinin hər an səninlə olmasına sübutdur. Çünki “O, Özünün və möminlərin yardımı ilə sənə güc verdi”.

Səni dəfələrlə, adi yolla qələbə çalmaq mümkün olmayan, böyük təhlükələrlə üz-üzə qoydular və qorxunc planlar cızdılar. Lakin O, (Allah) səni bütün hadisələrdə qorudu. Sənin ətrafına toplanan və hər hansı fədakarlığı əsirgəməyən xalis möminlər İslamdan əvvəl pərakəndə şəkildə yaşayır və bir-birinə düşmən kəsilmişdilər. Allah hidayət nurunu onlara saçdı. “Və onların ürəklərində bir-birinə qarşı ülfət yaratdı.”

Mədinədə, Övs və Xəzrəc qəbilələri arasında uzun illər müharibə hökm sürür, qan su yerinə axırdı. Kin-küdurət qəlblərində elə məskən salmışdı ki, bir gün barışıb mehriban yaşayacaqlarına və eyni cəbhədə yer alacaqlarına heç kəs inanmırdı. Amma qüdrət sahibi olan Allah- taala İslamın nuru və Quranın sayəsində bu işi yerinə yetirdi.

Bir-birinə qarşı düşmənçilik mövqeyi təkcə Ənsar tayfasından olan "Ovs" və "Xəzrǝc" qəbilələri arasında deyildi, Peyğəmbərin (s) Məkkədən gəlmiş mühacir dostları da İslamdan əvvəl biri-biri ilə dostluq münasibətində olmamışlar. Onların da sinələri bir-birinə qarşı olan ədavətlə dolu idi. Lakin İslam vasitəsi ilə bütün kin-küdurət yuyulub aradan getdi. Beləliklə, Bədr döyüşündə üç yüz on üç nəfərdən ibarət' kiçik, lakin müttəfiq və güclü ordu yaradıb öz güclü düşmənini məğlub etdilər.

Ayə davamında onların arasında yaranmış düşmənçiliyin maddi və adi yollarla aradan qaldırılmasının mümkün olmadığına işarə edib buyurur:

"Əgər sən onların ürəklərini bir-birinə bağlamaq üçün yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə bacarmazdın.”

الأَرْضِ جَمِيعاً مَّا أَلْفَتْ بَيْنَ قُلُوبِهِمْ


( وَلَ كنَّ اللَّهَ أَلْفَ بَيْنَهُمْ)


"Lakin Allah onlar arasında (iman vasitəsi ilə) ülfət yaratdı."

Cahiliyyət dövründə yaşayan kinli və inadkar insanların ruhiyyəsi ilə tanış olanlar yaxşı bilirlər ki, bu kimi düşmənçiliyi heç bir maddi vəsait, var-dövlət, vəzifə və şan-şöhrətlə təmizləmək mümkün deyildir. Onların qəlbində alovlanan düşmənçilik hissini yalnız intiqamla söndürmək olardı. Qəlblərinin dərinliyində kök salmış qisasçılıq hissi zəncirvari şəkildə təkrarlanır, çirkin siması hər dəfə daha qorxunc şəkildə özünü göstərir və əhatə dairəsini daha da genişləndirirdi.

Möhkəm və köklü kini yalnız insanların batinində, düşüncələrində və əfkarında, bir növ, inqilab yaratmaqla məhv etmək mümkün idi. Elə bir inqilab ki, şəxsiyyətləri dəyişsin, düşüncə tərzlərini yeniləyib olduqları vəziyyətdən üstün səviyyəyə ucaltsın. Keçmiş əməlləri gözlərində alçaldıb, kiçik və axmaq göstərsin və ardınca vücudlarının dərinliyində təmizliyə başlayıb, kin-küdurət, daşürəklilik, intiqam hissi, qəbilə fanatizminin tullantılarını özlərindən uzaqlaşdırsın.

Təbii ki, belə bir iş pul və sərvət kimi maddi gücün imkanı xaricindədir. Onu yalnız iman və həqiqi tövhid sayəsində həyata keçirtmək mümkündür.

Ayənin sonunda buyurulur:

“Çünki O, yenilməz qüvvət, hikmət sahibidir."

Allahın yenilməz qüvvəti qarşısında heç kimin müqavimət göstərə bilmədiyi və hikməti üzündən bütün işləri planlı şəkildə həyata keçirildiyindən, pərakəndə (və bir-birinə düşmən kəsilmiş) insanları vahid nöqtədə birləşdirir və İslam nurunu dünyaya yaymaq üçün Peyğəmbərinin (s) ixtiyarına verir.

64-cü ayə Peyğəmbərin (s) ruhiyyəsini yüksəltmək üçün buyurur: "Ya Peyğəmbər! Allah və sənin ardınca gedənlər səni himayə etmək üçün kifayət edər”.

Bəzi təfsirçilərə görə, yəhudi tayfalarından olan Bəni-Qüreyzə və Bəni-Nəzir qəbilələri Peyğəmbərin (s) yanına gəlib: "Biz sənə təslim olmağa (və sənə yardım etməyə) hazırıq.” – dedikləri zaman bu ayə nazil olmuşdur. Ayə Peyğəmbəri yəhudilərin sözünə etimad etməməyə və yalnız Allah və möminlərə arxalanmağa çağırır.

Sünnilərin tanınmış alimlərindən olan Hafiz Əbu Nəim yazdığı "Fəzailüs-səhabə” adlı kitabında, nəql etdiyi sənədlərə əsasən, ayənin Əli ibn Əbutalib haqqında nazil olduğunu və ayədə keçən "möminin" (möminlər) ifadəsinin Həzrət Əliyə (s) işarə etdiyini bildirmişdir.

Dəfələrlə dediyimiz kimi, bu kimi təfsirlər heç də ayənin məzmununu məhdudlaşdırmır. Çünki Həzrət Əli (ə) kimi şəxsiyyətlər möminlərin ön sıralarında yer aldığı və Allah-taaladan sonra Peyğəmbərin (s) müsəlmanlar arasında arxalandığı ilk şəxs olduğu kimi, digər müsəlmanlar da öz növbələrində Peyğəmbər (s) üçün arxa və güvənc yeridir.

İncəliklər:



1\. Bəzi təfsirçilər ayənin Ovs və Xəzrəc qəbilələrinin arasında olan ixtilaflara işarə etdiyini bildirmişlər. Lakin mühacir və ǝnsarın eyni cəbhədə yer alıb Peyğəmbərə (s) yardım etdiklərini nəzərə aldıqda ayənin məzmununun daha geniş olduğu məlum olur. Bu fikirdə olan təfsirçilər ola bilsin ki, ixtilafın yalnız Ovslə Xəcrəc arasında olduğunu düşünürlər. Amma əslində, yoxsulla zəngin və bu qəbilə ilə o qəbilə arasında minlərlə ixtilaf və ictimai boşluq mövcud idi. İslam dini sayəsində bütün boşluqlar doldu və ixtilaflar öz müsbət həllini köklü şəkildə tapdı. Belə ki Quran buyurur:

"Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz.

2\. Bu qanun yalnız ilkin müsəlmanlara aid deyildir. İslam bu gün səkkiz yüz milyon (“Təfsiri-nümunə"nin yazılma dövrünə əsasən – red.) insanın qəbul etdiyi bir dindir. Onun müxtəlif irq, fərqli qövmlər və ayrı-ayrı sosial qruplardan olan ardıcılları vardır ki, (iman və tövhiddən başqa) heç bir bağ onları bu qədər bir-birinə bağlaya bilməz. Buna var-dövlət, maddi təşviqat, qurultay və konfranslar da daxildir.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...