Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 24

Yusuf surəsi, 94-98-ci ayələr

Yusuf surəsi, 94-98-ci ayələr



وَلَمَّا فَصَلَتِ الْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَ لَوْلَا أَنْ تُفَنِّدُونِ .٩٤


قَالُوا تَاللَّهِ إِنَّكَ لَفِي ضَلَالِكَ الْقَدِيمِ .٩٥


فَلَمَّا أَنْ جَاءَ الْبَشِيرُ أَلْقَاهُ عَلَى وَجْهِهِ فَارْتَدَّ بَصِيرًا قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَو.٩٦


قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ .٩٧


قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ .٩٨


Ayələrin tərcüməsi



94\. Karvan (Misir torpağından) ayrılanda ataları dedi: “Əgər məni ağılsız hesab etməsəydiniz, (deyərdim ki,) mən Yusufun (ə) qoxusunu hiss edirəm."

95\. Onlar dedilər: "Allaha and olsun ki, sən hələ dəəvvəlki yanlışlığında qalmaqdasan”.

96\. Müjdəçi gəlib çatdıqdan sonra köynəyi onun üzünə atdı, dərhal gözləri açıldı və dedi: "Məgər sizə deməmişdimmi ki, mən Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm?”

97\. Dedilər: "Ata! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Çünki biz, xətaya yol verənlərdən olmuşuq”.

98\. O dedi: "Tezliklə Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Çünki O, bağışlayandır, rəhimlidir”.

Ayələrin təfsiri.



Allahın lütfü öz işini gördü.

Qardaşlar sevindiklərindən yerə-göyə sığmırdılar. Onlar bu dəfə evə daha çox tələsir, Yusufun (ə) şəfaverici köynəyini atalarına tez çatdırmaq üçün az qala anları sayırdılar.

Qardaşlar ömürlərinin ən şirin anlarını yaşayırkən, sevinc içində yol gəlirkən, bunun tam əksinə, Kənanda, qoca Yǝqubun (ə) evində hamı matəmə oturmuş kimi qəm-qüssə içində məhzun gözlərini karvan gələn yola dikmiş, ağır anlar yaşayırdı. Bu anlar necə də cansıxıcı, əzabverici idi. Elə bu anlarda, karvan Misirdən tərpəndiyi vaxtla eyni zamanda Yǝqubun (ə) evində hamının heyrətinə səbəb olan qəribə bir hadisə baş verdi. Yǝqub (ə) birdən yerindən qalxıb inamlı bir səslə dedi: "Karvan (Misir torpağından) ayrılanda ataları dedi: "Əgər məni ağılsız hesab etməsəydiniz, (deyərdim ki,) mən Yusifin qoxusunu hiss edirəm."

(وَلَمَّافَصَلَتِالْعِيرُقَالَأَبُوهُمْإِنِّيلَأَجِدُرِيحَيُوسُفَلَوْلَاأَنتُفَنِّدُونِ)


Əgər məni yalançılıqda, səfehlikdə ittiham etməsəydiniz, deyərdim ki, Yusufun (ə) ətrini duyuram. Hiss edirəm ki, kədərli dövran başa çatmaqdadır. Tezliklə bu kədərimizə xitam veriləcək, sevincli anlar yetişəcəkdir. Yəqubun (ə) ailəsi qəm libasını soyunub, şadlıq libası geyinəcəkdir. Çətin siz mənim bu sözlərimə inanasınız.

Ayədəki (ayrıldı) kəlməsindən anlaşılır ki, Yǝqubda (ə) bu hiss karvan Misirdən tərpənib yola düşən anda baş qaldırmışdı.

Yǝqubun (ə) dövrəsinə yığışanlar, təbii ki, yaxınları - zövcələri, övladlarının zövcələri, nəvələri idi. Onlar təəccübdən doğan bir etirazla, bir az da həddi aşaraq Yoquba (ə) dedilər: "Allaha and olsun ki, sən hələ dəəvvəlki yanlışlığında qalmaqdasan”.

Bundan böyük nə yanlışlıq ola bilər?! Yusufun (ə) ölümündən uzun illər keçməsinə baxmayaraq sən hələ də onun sağ olmasını düşünürsən və deyirsən ki, burnuma Misirdən Yusufun (ə) qoxusu gəlir. Misir hara, Kənan hara?! Bütün bunlar onu göstərir ki, sən hələ də öz xoş xəyallarına dalıb qalmışsan; xəyallarını həqiqət hesab edirsən; qəribə sözlər danışırsan. Elə şeymi olar? Sənin dediklərin təzə söz deyil. Bundan qabaq da oğlanlarına "gedin Misirə Yusufu (ə) axtarın" demişdin.”

Onların danışığından aydın olur ki, Yəquba (ə) “sən yanılırsan, azırsan" demələri əqidə barədə azğınlığı nəzərdə tutmur. Onlar Yusufla (ə) bağlı Yǝqubun (ə) məsələləri qarışdırmasına işarə edirmişlər. Buna baxmayaraq, onların Yǝqub (ə) kimi böyük bir peyğəmbərə, müdrik və bəsirətli bir ahıla bu sözü demələri Yəquba (ə) qarşı ədəb- sizliklərinin göstəricisidr. Onlar bundan qabaq Yǝquba (ə) "sən böyük azğınlıqdasan (yanlışlıqdasan)" demişdilər. Bu dəfə isə həmin sözü təkrarlayaraq "sən əvvəlki kimi yenə səhv edirsən" dedilər. Əlbəttə, onlar əksər insanlar kimi Yǝqubun (ə) batini paklığından yetərincə agah deyildilər, onun qəlbini də öz batinləri kimi bulaşıq, qaranlıq hesab edirdilər.

Əlbəttə, anlaşılması çətin məsələdir. Yaxında və uzaqda olmasın- dan asılı olmayaraq, gələcək hadisələrin Yǝqubun (ə) qəlb aynasında inikas etməsi hər adamın başa düşəcəyi məsələ də deyil.

Günlər bir-birini ötür, arxada qoyur, Yǝqub (ə) gözlərini yollardan ayırmırdı. O, Yusufun (ə) intizarını çəkirdi. Onun üzücü intizarının dərinliklərində şadlıq işartıları bərq vurur, üzündə arxayınçılıqdan doğan bir sakitlik müşahidə olunurdu. Yəqubdan (ə) fərqli olaraq ətrafındakılar onun dediklərinəəhəmiyyət vermədən əvvəlki kimi ümidsiz baxışlarla intizar çəkir, Yusufun (ə) işini bitmiş hesab edirdilər.

Gözü yollara dikilmiş Yǝqubun (ə) bu neçə gündə nələr çəkdiyi məlum deyil. Bir səhər Kənana səs düşdü ki, Misirdən gələn karvan şəhərə daxil oldu.

Yǝqubun (ə) oğlanları keçən dəfəki səfərin əksinə olaraq, bu dəfə şad-xürrəm görünürdülər. Onlar mənzil başına çatar-çatmaz, atalarının evinə yollandılar. Öncə müjdəçi (Yusufun (ə) köynəyini götürən qardaş) Yǝqubun (ə) yanına getdi və bir söz demədən köynəyi onun üzünə saldı. Gözlərinin nuru sönmüş Yǝqubun (ə) köynəyi görəcək gücü qalmamışdı. Təkcə burnu tanış bir qoxunu hiss etdi və dərindən içəri çəkdi. Canına sümürdüyü qoxunun vücudunun bütün zərrələrinə qədər hopub hər zərrəsinə həyat verdiyini duydu. Qəribə bir an idi: sanki yer və göy gülümsəyirdi. Qəlbinə bir sərinliyin yayıldığını, rəhmət küləyinin əsərək vücudunda toplanıb qalmış qəm qubarını özü apardığını hiss etdi. Ona elə gəldi ki, bu an bütün daş-divar şadlıq nəğməsi oxuyur. Yǝqub (ə) şadlıq büsatı qurulmuş aləmi seyr edirmiş kimi, təbəssümləətrafı nəzərdən keçirir, mehriban baxışları ilə hər kəsə, hər şeyə öz sevgisini, sayğısını izhar edirdi. Qəlbini çulğamış olan həyəcan onun vücudunu tam işğal etdiyi bir anda gözlərində yanıb-sönən işartılar yarandı. İşartılar artıb ulduz kimi parlamağa başladı. Yǝqub (ə) görürdü. Dünya öz gözəllikləri ilə bir daha onun önündə dayanmış, onu salamlayırdı. Quran həmin anı belə ifadə edir: “Müjdəçi gəlib çatdıqdan sonra köynəyi onun üzünə atdı, dərhal gözləri açıldı.”

عَلَىوَجْهِهِفَارْتَدَّبَصِيرًا


Yaqubun (ə) başına toplaşmış övladları, yaxınları sevincdən göz yaşları axıdırdılar. Yǝqub (ə) qətiyyətli bir tonla onlara dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm?”.

(قَالَأَلَمْأَقُللَّكُمْإِنِّيأَعْلَمُمِنَاللهِمَالَاتَعْلَمُونَ)


Baş vermiş bu qəribə möcüzə qardaşları dərin fikrə daldırdı. Onlar öz qaranlıq keçmişlərini səhifələyib günah və xətadan qaralmış səhifələri varaqladıqca təəssüf hissi ilə kökslərini ötürür, nə edəcəklərini düşünürdülər. İnsanın öz səhvlərini görməsi, peşmançılıq hissi keçirməsi yaxşı haldır və daha yaxşısı isə səhvlərini gördükdən sonra onları düzəltməyə qalxmasıdır. Yǝqubun (ə) övladları da belə etdilər; atalarının ətəyindən yapışıb dedilər: “Ata! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Çünki biz, xətaya yol verənlərdən olmuşuq”.

Ruhu böyük dəryalar kimi zərfiyyətə (tutuma) malik olan müdrik qoca danlağa keçmədən, mehribanlıqla onlara ümid verib dedi: “Tezliklə Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm”.

Ümid edirəm ki, O, sizin tövbələrinizi qəbul edəcəkdir. “Çünki O, bağışlayan və mehribandır."

İncəliklər:



1\. Yǝqub (ə) Yusufun (ə) qoxusunu necə duydu?

Əksər müfəssirlər bu suala aydınlıq gətirməyə çalışmış, daha çox bu məsələni Yəqub (ə) və ya Yusufun (ə) bir möcüzəsi kimi izah etmişlər. Amma Quranın bu məsələdə sükut etdiyini, onu möcüzə kimi təqdim etmədiyini nəzərə alanda məsələnin elmi yöndən izahı daha məqbul görünür. Bildiyiniz kimi, bu gün telepatiya ciddi bir elm sahəsi kimi araşdırılır. Fikrin uzaq nöqtədən ötürülməsi, duyulması barədə kifayət qədər faktlar mövcuddur. Bir-birinə bağlı, mənən yaxın adamlar arasında və ya yüksək psixoloji hazırlıq, məşq nəticəsində belə halların baş verməsi mümkün bir işdir. Ola bilsin, biz gündəlik həyatımızda belə hallarla rastlaşaq. Fikir vermisinizsə, bəzən evdə, ya cəmiyyətdə bir ananın və ya bacının öz əziz yaxını, məsələn, övladı, qardaşı barədə zahirdə heç bir səbəb olmadan narahatçılıq keçirdiyinin şahidi oluruq. Çox keçmir, xəbər gəlir ki, onun narahat olduğu əzizi uzaq bir ölkədə xoşagəlməz bir hadisə ilə üzləşmişdir.

Daha aydın bir misal çəkǝk: Ananın övladı əsgərlikdədir. Günlərin birində ana özünü narahat hiss edir, deyir ki, övladımın başında nə isə xoşagəlməz bir iş var; ya xəstələnmiş, ya da başqa bir sıxıntı yaşayır. Zəng edirlər, öyrənirlər və ya sonra məlum olur ki, doğrudan da, ananın narahat olduğu həmin saatda övladı ciddi xəstəlik keçirir və ya sıxıntı yaşayırmış. Alimlər bu cür hadisələrin telepatik yolla baş verdiyini bildirir, elmdən kənar olmadığını deyirlər. Yusufun (ə) əhvalatında ola bilsin ki, Yǝqubun (ə) ona olan hədsiz bağlılığı, ruhunun əzəməti onun uzaqdan köynəyinin ətrini duymasına səbəb olmuşdur. Əlbəttə, bu məsələnin peyğəmbərlərin elm dairəsinin genişliyi iləəlaqəli olması istisna edilmir. Mümkündür ki, Yaqub (ə) peyğəmbərlik elmi vasitəsi ilə bu məsələdən agah olmuşdur.

Maraqlıdır ki, bəzi rəvayətlərdə biz fikrin uzaq məsafədən ötürülməsi məsələsinə işarə olunduğunu görürük. Hədislərin birində deyilir: "Bir nəfər İmam Baqirdən (ə) soruşdu: "Hərdən heç bir səbəb olmadan, mənə bir müsibət üz vermədən qəmə batıram. Bu halı evdəkilər, dostlarım da mənim üzümdə müşahidə edirlər.” İmam Baqir (ə) dedi: “Bəli. Allah-taala möminləri behiştdə xüsusi vahid bir xəmirdən yaratmış, Öz ruhundan onlara üfürmüşdür. Bu səbəbdən möminlər bir-birinin qardaşlarıdır. Hansısa bir şəhərdə möminlərdən birinə bir müsibət üz verəndə, onun təsirini başqa möminlər də duyur.

Həmçinin, rəvayətlərin bəzisindən anlaşıldığına görə, Yusufun (ə) sözügedən köynəyi adi bir köynək deyildi. Həmin köynək behişt köynəyi olub, İbrahim peyğəmbərdən (ə) Yəqubun (ə) ailəsinə yadigar qalmışdı. Behişt qoxusunu tanıyan Yəqub (ə) kimi bir peyğəmbərin behişt köynəyinin qoxusunu uzaqdan hiss etməsi heç də təəccüblü görünməməlidir.

2\. Peyğəmbərlərin fərqli halları.

Ən çox verilən və məşhur suallardan biri də - hətta tanınmış şairlərin şeirlərində öz əksini tapmış bu sualdır: Birisi, soruşdu qoca Yǝqubdan,

Ey qəlbi nur saçan ağıllı insan!

Bir köynək iyini duydun Misirdən, Kənanda quyunu görmədin nədən?

Necə olur ki, Yaqub (ə) kimi böyük bir peyğəmbər uzaqdan (bəziləri bu məsafənin 80 fərsəng, on günlük yol olduğunu demişlər) Yusufun (ə) köynəyinin qoxusunu alır, amma Kənanda, düz yanında Yusufu (ə) quyuya salırlar, bundan xəbər tutmur?!

Biz bu sualın cavabı üçün oxucuları bundan öncə peyğəmbər və imamların qeyb elmi barədə apardığımız bəhslərə, araşdırmalara yönəldirik. Təkrara yol verməmək şərti ilə qısa olaraq qeyd edək ki, qeyblə bağlı məsələlərdə onların məlumatları Allahın elm və iradəsinə söykənir. Yəni Allah istədiyi zaman onlar müəyyən məsələlərdən agah olurlar. Hətta ən uzaq məsafədə olsa belə, Allahın məsləhət bildiyi təqdirdə onlar məlumat əldə edə bilərlər. Bu mənada onları buludların göy üzünü örtdüyü qaranlıq bir gecədə biyabandan keçən müsafirə bənzətmək olar. Zülmət bir gecədə, qorxulu biyabanla yol gedən yolçu qəfildən buludların arasından bir işartı görür, buludlar kənara çəkildikcə, görünən işartı artır və çölü, düzü işıqlandırır. Amma çox keçmir buludlar yenidən sıxlaşır, işığın önünü kəsir, hər şey əvvəlki kimi zülmətə qərq olur. Bəlkə də, imamların elmi barədə İmam Sadiqdən (ə) nəql olunan aşağıdakı hədis müzakirə etdiyimiz məsələyə işarə edir: "Allah-taala Özü və (Yer üzündəki) imamı arasında nurdan bir sütun qoymuşdur (bağlantı qurmuşdur). Allah bu yolla imamına nəzər salır. İmam da öz növbəsində, eyni yolla Allahına baxır. İmam bir şeyi bilmək istəyəndə həmin nur sütununa baxar və ondan agah olar.”

Sədi Şirazidən yuxarıda verilmiş şeirin davamı da həmin mənaya işarə edir:

Dedi ki, halımız bir kəhkəşandır,

O, gah ǝyandırsa, gah da nihandır.

Edǝrǝm gah yüksək səmayə pərvaz,

Gah da öz önümü görmərəm bir az.

Bu həqiqətləri nəzərə aldıqda, Allahın iradəsi ilə bir gün imtahana çəkilən Yǝqubun (ə) lap yaxınlığında baş verən hadisələrdən xəbərsiz olması, başqa bir gün isə imtahan sona yetdiyinə görə Misirdən köynəyin qoxusunu duyması heç də təəccüblü deyil.

3\. Yǝqubun (ə) gözləri necə açıldı?

Bu məsələ barədə bəzi müfəssirlərin ehtimalı belədir: Yǝqubun (ə) gözləri tam tutulmamışdı, sadəcə, zəifləmişdi. Vüsal məqamı yetişəndə onun daxilində elə təlatüm qalxdı, elə çevriliş baş verdi ki, yenəəvvəlki vəziyyətinə döndü.

Amma Quran ayələrinin zahirindən anlaşılır ki, Yǝqub (ə) tamam kor olmuş, hətta gözlərinə ağ gəlmişdi. Buradan belə bir nəticəyə gəlirik ki, Yǝqubun (ə) gözləri möcüzə yolu ilə açılmışdır. Quran deyir: "dərhal gözləri açıldı”.

(فَارْتَدَّبَصِيرًا)


4\. Bağışlanmaq vədi.

Yuxarıdakı ayələrdə oxuyuruq: "Yusuf (ə) qardaşları peşmançılıqlarını bildirdikləri zaman onlara dedi: "Allah sizi bağışlasın".

Amma qardaşlar Yəqubun (ə) yanına gəlib günahlarını boyunlarına alanda, peşmançılıqlarını izhar qılanda, bağışlanmaları üçün xahiş edəndə, Yǝqub (ə) belə dedi: "Sizin üçün bağışlanmaq diləyəcəyəm."

Hədislərdə göstərildiyi kimi, Yəqub (ə) onlar üçün bağışlanmağı ona görə təxirə saldı ki, duanın qəbulu üçün ən münasib vaxt olaraq cümə axşamını nəzərdə tutmuşdu. Gözlədi ki, cümə axşamı onlara dua etsin.

Buradan belə bir sual ortaya çıxır: Yusuf (ə) niyə onlara qəti cavab verdi, amma Yəqub (ə) duanı sonraya saxladı?

Ola bilsin ki, Yusuf (ə) günahın bağışlanmaq imkanından söhbət edirdi. Yəni bildirmək istəyirdi ki, onların günahları bağışlana bilər. Amma Yǝqub (ə) onu həyata keçirtmək barədə düşünürdü. Yəni nə etməliyəm, necə etməliyəm ki, onlar bağışlansınlar.

5\. Təvəssülə icazə.

Müzakirə etdiyimiz ayələrə istinadla deyə bilərik ki, başqasının vasitəçiliyi ilə bağışlanma diləmək tövhidə zidd deyil, əksinə, Allahın lütf və mərhəmətinə nail olmaq üçün bir vasitədir. Əgər belə olmasaydı, Yǝqub (ə) peyğəmbər övladlarının ona təvəssül edərək Allahdan əfv diləməsi üçün vasitəçilik xahişini qəbul edərdimi, onların təvəssülünə müsbət cavab verərdimi? Bu, onu göstərir ki, Allah övliyalarına təvəssül etmək icazəli bir işdir. Təvəssülü tövhidə zidd hesab edənlərin görünür ki, Quran mətnlərindən xəbərləri yoxdur və ya yanlış təəssübkeşlik bu həqiqətləri görməyə onlara mane olur.

6\. Zülmət gecənin sonu.

Yuxarıda müzakirə etdiyimiz ayələrdən alacağımız ən böyük dərs bundan ibarətdir ki, müşküllər, başımıza gələn hadisələr nə qədər böyük olsa da, zahiri səbəblər nə qədər məhdud görünsə də, qurtuluş və çıxış nə qədər geciksə də, bunların heç biri bizim Allahın lütfünə olan ümidimizi üzməməli, qarşımızda maneə yaratmamalıdır. Tutulmuş gözləri bir köynəklə açan, köynəyin qoxusunu Misirdən Kənana çatdıran, itmiş bir övladı uzun illərdən sonra geri qaytaran, yaralı qəlblərə məlhəm qoyan Allahdan ümidi üzmək olarmı?

Bəli, nəql etdiyimiz bu əhvalatda öyrəndiyimiz ən böyük tövhid dərsi budur ki, heç bir şey Allahın iradəsi qarşısında çətin deyil.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...