Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 24
Ənfal surəsi, 65 və 66-cı ayələr
Ənfal surəsi, 65 və 66-cı ayələr
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ .٦٥
الْآنَ خَفَّفَ اللَّهُ عَنْكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا فَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ صَابِرَةٌ يَغْلِبُوا مِائَتَيْنِ وَإِنْ يَكُنْ مِنْكُمْ أَلْفٌ يَغْلِبُوا أَلْفَيْنِ بِإِذْنِ اللَّهِ وَاللَّهُ مَعَ الصَّابِرِينَ .٦٦
Ayələrin tərcüməsi
65\. Ya Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər sizdən iyirmi nəfər mətin və qətiyyətli olsa, iki yüz kafirə, yüz nəfər mətin və qətiyyətli olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir dəstədir!
66\. Hələ ki Allah sizdə bir zəiflik olduğunu bilib güzəştə getdi. Artıq aranızda yüz nəfər mətin və qətiyyətli olsa, iki yüz nəfərə (kafirǝ), min nəfər olsa, iki min nəfərə Allahın izni ilə qalib gələr. Allah səbirli və qətiyyətli olanlarladır!
Ayələrin təfsiri.
Güclərin bərabərliyini gözləməyin.
Bu iki ayədə də hərbi göstərişlər və İslamda cihadın hökmləri haqqında danışılır. Sözügedən ayədə həzrət Peyğəmbərə (s) buyurulur:
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى .
“Ya Peyğəmbər! Möminləri döyüşə ruhlandır“.
Döyüşçülər nə qədər hazırlıqlı olsalar da, döyüşdən əvvəl mənəvi baxımdan əhval-ruhiyyələrini gücləndirmək lazımdır. Bu proqram dünyanın bütün ordularında icra olunur. Belə ki orduya başçılıq edən zabit və komandirlər döyüş meydanına tərəf hərəkət etməzdən, yaxud hücuma keçməzdən əvvəl, uyğun çıxışlarla əsgərlərin ruhiyyəsini gücləndirir və məğlubiyyətin təhlükəsindən söz açırlar. Lakin maddi və ona oxşar məktəblərdə bu təşviqatın əhatəsi olduqca məhdud. səmavi məktəblərdə isə çox genişdir. İlahi göstərişə diqqət, Allaha imanın təsiri, haqq yolunda şəhid olanların məqamı, onların intizarında olan sonsuz fəzilət və mükafatlar, cihad meydanında düşmənə qələbə çalmaqla qazanılan şərəf və mənəvi nemətlər haqda danışmaq əsgərlərin təşviqi üçün ən yaxşı vasitədir. Bəzən İslam döyüşlərində Qurani- Kərimdən oxunan bir ayə döyüşçüləri fərəhləndirir, şövq və həyəcan dolu anlar yaşadırdı. Hər halda, ayədə keçən cümlə təbliğin vacibliyi ilə yanaşı, həm də əsgərlərin ruhiyyəsini yüksəltməyin İslamın mühüm göstərişlərindən olduğunu göstərir.
Ayə davamında ikinci göstərişi verib buyurur: "Əgər sizdən iyirmi nəfər mətin və qətiyyətli olsa, iki yüz kafirə, yüz nəfər mətin və qətiyyətli olsa, min kafirə qalib gələr”.
Ayədə bir nəfərin on nəfərə qalib gələcəyi xəbər şəklində verilsə də, sonrakı ayənin məzmunundan, yəni (hələ ki, Allah sizdə bir zəiflik olduğunu bilib güzəştə getdi) cümləsindən vəzifə təyinindən, proqram və göstərişdən söhbət açıldığı məlum olur. Yəni müsəlman döyüşçülərin sayına görə düşmənlə eyni səviyyədə olmasını gözləməməlidir. Hətta müsəlmanlar sayca düşməndən on dəfə az da olsalar, yenə də cihad vacibdir.
Ayənin davamında hökmün səbəbinə işarə edilir: “Çünki onlar anlamayan bir dəstədir”.
بِأَنَّهُمْ قَوْمٌ لا يَفْقَهُونَ
Malo Burada diqqət yetirilməsi çox mühüm olan nüanslardan biri budur ki, Allah-taala bu hökmü imanı olmayan düşmənlərin şüur və dərrakəsinin olmaması ilə əsaslandırmışdır. Bu əsaslandırma ilk başlanğıcda adama çox qəribə və təəccüblü gəlir. Yəni ayıq və məlumatlı olmaqla qələbə arasında və ya bilməməzliklə məğlubiyyət arasında nə əlaqə ola bilər? Əslində, bu ikisi arasında çox möhkəm və yaxın əlaqə vardır. Çünki möminlər öz yollarını yaxşı tanıyır, öz yaranışlarının və var olmalarının məqsədini dərk edir, bu dünyanın müsbət nəticələrindən, o dünyada mücahidləri saysız mükafatlar gözlədiyindən xəbərdardırlar. Onlar nədən ötrü vuruşduqlarını, kimin üçün döyüşdüklərini, hansı müqəddəs məqsəd uğrunda fədakarlıq göstərdiklərini, bu yolda şəhid olacaqları təqdirdə kiminlə hesablaşacaqlarını bilirlər. Bu aydın yol və bu bilgi onlara səbir, dözüm, qətiyyət, cəsarət bəxş edir. İmansız və ya bütpərəst insan nə üçün döyüşdüyünü, kimin uğrunda müharibə apardığını, bu yolda ölərsə, onların qanının kim tərəfindən yuyulacağını bilmir. Yalnız kor-koranə təqlid və adət, quru təəssübkeşlik, məntiqsiz seçim ucbatından və ya maddi dünyanın ötəri ləzzətlərinə qovuşmaq üçün bu məktəbin arxasınca düşmüşlər. Bu yolun zülmətindən, məqsəddən xəbərsizlik, mübarizənin nəticəsindən, fəaliyyətlərinin aqibətindən məlumatsızlıq onları zəiflədir, güc və dözümlülüklərini tükədir və zəif bir varlığa çevirir.
Allah-taala yuxarıda deyilən olduqca ağır göstərişin ardınca onu bir neçə dərəcə yüngülləşdirib buyurur:
"Hələ ki Allah sizdə bir zəiflik olduğunu bilib güzəştə getdi."
خَفِّفَ اللهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا
Daha sonra buyurur: “Artıq aranızda yüz nəfər mətin və qətiyyətli olsa, iki yüz nəfərə (kafirə), min nəfər olsa, iki min nəfərə Allahın izni ilə qalib gələr”.
فَإِن يَكُن مِّنكُم مِّنَةٌ صَابِرَةٌ يَغْلِبُواْ مِئَتَيْنِ وَإِن يَكُن مِّنكُمْ أَلْفَ يَغْلِبُوا أَلْفَيْن بإذن الله
İstənilən halda unutmayın ki, “Allah səbirli və qətiyyətli olanlarladır”.
( وَاللَّهُ مَعَ الصَّابِرِينَ)
İncəliklər:
1\. İlk ayə nəsx olunmuşdur?
Gördüyümüz kimi, ilk ayə müsəlmanlara göstəriş verir ki, hətta düşmən əsgərinin sayı on qat da olsa, yenə də mübarizədən əl çəkməsinlər. Lakin ikinci ayə say fərqini iki qata endirmişdir. Bu zahiri ziddiyyət bəzilərinin birinci ayənin hökmünün ikinci ayə vasitəsi ilə nəsx olunduğunu, yaxud birinci ayənin hökmünün müstəhəb, ikinci ayənin hökmünün isə vacib olduğunu güman etməsinə səbəb olmuşdur. Yəni düşmən ordusu sayca müsəlmanlardan iki qat çox olarsa, müharibə meydanından geri çəkilməməlidirlər. Amma iki qatdan on qata qədər çox olarsa, cihaddan imtina edə bilmələrinə rəğmən, cihada davam etmələri yaxşı olardı.
Bəzi təfsirçilərə görə, ayədə görünən zahiri ziddiyyət nə birinci ayənin nəsxinə, nə də onun müstəhəb olduğuna dəlalət edir. Əslində, o iki hökmdən hər biri iki fərqli şəraitə aiddir. Yəni müsəlmanlar zəifləyib mənəvi baxımdan aşağı səviyyədə olduğu, həmçinin orduya yeni qoşulmuş təcrübəsiz və döyüş meydanlarında sınanmamış insanlar olduğu zaman ölçü miqyası iki qata qədər azalır. Amma döyüşçülər Bədr döyüşçüləri kimi daha hazırlıqlı və mənəvi güc baxımından daha güclü olduqları zaman say fərqi on dəfəyə qədər yüksəlir.
Deməli, qeyd olunmuş iki ayədəki iki hökm müxtəlif və fərqli şəraitdə iki müxtəlif qrupa aiddir. Buna görə də birinci ayənin nəsxindən söz gedə bilməz. Ayə haqqında nəql olunmuş bəzi rəvayətlərdə "nəsx" ifadəsindən istifadə olunduğuna gəlincə, deməliyik ki, nəsxin məzmunu genişdir. Yəni nəsx yalnız ləğv etmək mənasında deyil, həm də ümumi hökmü xüsusiləşdirir.
2\. Güclərin balanslaşdırılma əfsanəsi.
Qeyd olunan iki ayə (hər halda) bu hökmü aydın şəkildə bəyan edir ki, müsəlmanlar heç zaman düşmənlə öz aralarındakı zahiri gücün balanslaşmasını gözləməməlidirlər. Bəzən öz saylarından iki dəfə, bəzən də sayca on qat üstün olan düşmənlə mübarizə aparmalı və saylarının az olması bəhanəsi ilə düşmənin qarşısından qaçmamalıdırlar.
İslam döyüşlərinin tarixinə nəzər saldıqda da maraqlı faktlarla rastlaşırıq. Bu döyüşlərin əksəriyyətində düşmən ordusu sayca üstün olmuşdur. Əsgər sayının fərqi təkcə Peyğəmbərin (s) dövründə baş vermiş "Bədr", "Ühüd", "Əhzab" və hətta müsəlmanların üç min, düşmənin isə ən azı yüz əlli min döyüşçü ilə iştirak etdiyi “Mute” kimi döyüşlərdə deyil, həm də o Həzrətdən (s) sonra baş vermiş döyüşlərdə də özünü göstərir. Məsələn, Sasani ordusu ilə döyüşdə müsəlman döyüşçülərının sayı əlli min, Xosrov Pərvizin ordusu isə beş yüz min nəfərdən ibarət idi. Yaxud İslam ordusu ilə Rum ordusunun qarşılaşdığı "Yǝrmuk" müharibəsində Herqelin iki yüz min, İslam ordusunun isə iyirmi dörd min əsgəri var idi. Bu müharibədə baş vermiş maraqlı hadisələrdən biri də düşmən ordusundan yetmiş min əsgərin məhv edilməsidir.
Şübhəsiz, güclərin bərabərliyi qələbənin zahiri amillərindən biridir. Amma bu qədər say fərqinin qarşısında müsəlmanların qələbə çalmasına səbəb nə idi?
Qurani-Kərim bu mühüm sualın cavabını üç fərqli ifadə ilə iki ayədə bəyan etmişdir. Ayələrin birində buyurur:
"Aranızda iyirmi nəfər mətin və qətiyyətli olsa."
"Aranızda yüz nəfər mətin və qətiyyətli olsa."
Yəni iman ağacının səmərəsi olan qətiyyət bir nəfərin on nəfər qarşısında müqavimət göstərib zəfər çalmasına səbəb olurdu.
Yaxud ayənin başqa cümləsində buyurulur:
"Çünki onlar anlamayan bir dəstədirlər."
Üçüncü cümlədə buyurulur: “Allahın izni ilə qələbə çalarlar."
Yəni ilahi mədəd, qeybi yardım və Allahın mərhəməti belə imanlı və qətiyyətli mücahidlərə şamil olunar.
Müsəlmanlar bu gün də güclü düşmənlərlə üzləşirlər. Lakin döyüş meydanında say etibarilə çoxluq təşkil etsələr də, qələbədən heç bir əsər- əlamət yoxdur və “ilkin müsəlmanların” əks qütbündə addımlayırlar. Çünki bugünkü müsəlmanlar ayıq və məlumatlı deyillər. Qətiyyəti fəsad amilləri və maddiyyat qarşısında itirmişlər. Günaha aludə olduqları üçün ilahi yardım da onlardan alınmış və nəticədə belə acınacaqlı aqibətə düçar olmuşlar. Lakin qayıdış yolu açıqdır. Ümid edirik ki, bir gün qeyd olunan ayələrin məfhumu müsəlmanların qəlbində yenidən oyanacaqdır.
3\. Birinci ayədə bir və onun nisbətindən söz açılır. Misal: (işrun), yəni iyirmi nəfər iki yüz nəfərin qarşısında və (miətə), yəni yüz nəfər min nəfərin qarşısında seçilmişdir. Lakin ikinci ayədə birin ikiyə nisbətindən söhbət gedir. Misal: (miǝtun), yəni yüz nəfər iki yüz nəfərin, min nəfər iki min nəfərin qarşısında seçilmişdir.
Bu misal fərqləri, sanki, bəyan edir ki, möhkəm iradəli və imanlı şəxslər hətta iyirmi nəfərdən ibarət bir ordu yarada bilərlər. Qarşılıqlı olaraq, zəif iradəli şəxslər isə az sayla ordu qura bilməzlər, əksinə, onların bir neçə bərabərindən təşkil olunmuş orduya sahib ola bilərlər.