Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 25
Ənfal surəsi, 67-71-ci ayələr
Ənfal surəsi, 67-71-ci ayələr
مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَى حَتَّى يُثْخِنَ فِي الْأَرْضِ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ .٦٧
لَوْلَا كِتَابٌ مِنَ اللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَا أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ .٦٨
فَكُلُوا مِمَّا غَنِمْتُمْ حَلَالًا طَيِّبًا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .٦٩
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِمَنْ فِي أَيْدِيكُمْ مِنَ الْأَسْرَى إِنْ يَعْلَمِ اللَّهُ فِي قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِمَّا أُخِذَ مِنْكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ .٧٠
وَإِنْ يُرِيدُوا خِيَانَتَكَ فَقَدْ خَانُوا اللَّهَ مِنْ قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ .٧١
Ayələrin tərcüməsi
67\. Tam qələbə çalmadan (ayağını yerdə möhkəmlətmədən) heç bir peyğəmbərə əsir götürmək yaraşmaz. Siz dünyanın əbədi olmayan malını istəyirsiniz (istəyirsiniz ki, daha çox əsir götürüb fidyə müqabilində azad edəsiniz), Allah isə (sizin üçün) axirət istəyir. Allah yenilməz qüvvət, hikmət sahibidir!
68\. Əgər Allahın öncədən (təbliğ etmədən heç bir ümmətə əzab verməyəcəyi ilə bağlı) hökmü olmasaydı, götürdüyünüz (əsirlər) müqabilində sizə ağrılı-acılı bir əzab gələrdi.
69\. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Allah bağışlayandır, rəhm edəndir!
70\. Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə (niyyətiniz pak olsa), sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!
71\. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilin ki, bu, yeni bir şey deyil,) onlar bundan əvvəl Allaha da xəyanət ediblər. Allah (sizi) onlar üzərində qalib etdi. Allah biləndir, hikmət sahibidir!
Ayələrin təfsiri.
Müharibə əsirləri.
Keçən ayələrdə cihadın və düşmənlə mübarizənin mühüm hissəsi bəyan edilmişdir. Bu ayələrdə isə müharibə əsirləri ilə bağlı bir sıra əhkamın qeydi ilə bəhs daha da təkmilləşdirilir. Çünki müharibədə həm də əsir almaq məsələsi mövcuddur. Bu səbəbdən həm humanizm, həm də cihadın məqsədləri baxımından müharibə əsirləri ilə davranış qaydaları fövqəladə mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Qurani-Kərim bəyan edilmiş ilk mühüm məsələyə belə toxunur: “Tam qələbə çalmadan (ayağını yerdə möhkəmlətmədən) heç bir peyğəmbərə əsir götürmək yaraşmaz”.
(yusxinə) sözü (sixən) kökündəndir və lüğətdə qalınlıq, sıxlıq və ağırlıq mənalarında işlənmişdir. Bu mənalara uyğun olaraq, açıq-aşkar qələbəyə, gücə, qüdrətə və intensivliyə də şamil edilmişdir.
Təfsir alimlərindən bəziləri “حَتَّى يُنْخِنَ فِي الأَرْضِ” (ayağını yerdə möhkəmlətmədən) ifadəsinin mübaliğə mənasında işləndiyini bildirərək cümlənin mənasını belə izah etmişlər: "Çoxlu düşmən öldürdükdən sonra əsir götürmək olar." Lakin ayədə keçən (fil-ǝrz - yerdə) sözünü və (yusxinə) sözünün lüğəvi mənasını nəzərə aldıqda cümlənin əsl mənasının belə olmadığı aydın olur.
Əslində məqsəd, düşmənə tam qələbə çalmaq, gücünü göstərmək və döyüş ərazisinə olan nəzarəti tam ələ almaqdan ibarətdir.
Əlbəttə, bəzən düşməni əzmək və öldürmək müsəlmanların mövqeyini möhkəmləndirdiyi üçün həmin mənanı cümlənin əsl məzmunu kimi deyil, bəlkə, xüsusi şəraitdə tətbiq oluna biləcək məna kimi qəbul etmək olar.
Hər halda, bu ayədə müharibə ilə bağlı çox həssas bir məsələyə toxunulmuşdur. Burada müsəlmanlara göstəriş verilir ki, düşmən üzərində tam qələbəyə əmin olmadan əsir götürmək fikrinə düşməsinlər. Bəzi hədislərdən belə məlum olur ki, İslamı yeni qəbul etmiş bəzi müsəlmanlar Bədr meydanında, imkan düşdükcə, düşmənləri əsir götürməyə çalışırdılar. Çünki həmin dövrün döyüş qaydalarına əsasən, döyüş başa çatdıqdan sonra əsir götürmüş dəstə yüksək məbləğdə fidyə alıb əsirləri azad edirdi.
Bu davranış bəzi məqamlarda yaxşı addım hesab edilə bilər. Lakin düşmənin məğlub olmasından tam əmin olmadan belə bir fikrə düşmək çox təhlükəlidir. Çünki əsir götürmək, onların əl-qolunu bağlamaq və onların münasib bir yerə aparılması ilə məşğul olmaq çox vaxt döyüşçüləri əsl məqsəddən yayındırır. Bu da zərbə almış düşmənə öz hücumlarını intensivləşdirməyə və döyüşçüləri məğlub etməsinə şərait yaradır. Ühüd döyüşündə də qənimət toplamaq istəyi bir qrup müsəlmanın başını qatmışdır. Bu fürsətdən istifadə edən düşmən müsəlmanlara son zərbəsini endirdi. Buna görə də əsir götürmək yalnız düşmən üzərində tam qələbədən əmin olduqdan sonra icazəlidr. Bundan qeyri-surətdə müsəlmanlar qətiyyətli və ardıcıl zərbələri ilə hücuma keçmiş düşmənin güc və qüdrətini tükətməlidirlər. Əlbəttə, qələbədən tam əmin olduqdan sonra öldürməkdən əl çəkmək və əsir götürməklə kifayətlənmək insaniyyətin şərtidir.
Ayə qısa cümlə vasitəsi ilə “hərbi” və “humanizm” kimi iki mühüm məsələyə toxunduqdan sonra verilən göstərişə əməl etməyənləri qınayaraq buyurur: "Siz dünyanın əbədi olmayan malını istəyirsiniz (istəyirsiniz ki, daha çox əsir götürüb fidyə müqabilində azad edəsiniz), Allah isə (sizin üçün) axirət istəyir.”
(ərəzə) sözü qeyri-sabit, keçici və əbədi olmayan mənalarda işlənir. Dünya malı qeyri-sabit və əbədi olmadığından ona “ərəzə” deyilir.
Qeyd etdiyimiz kimi, müharibə əsirləri vasitəsi ilə əldə olunan maddi gəlirə yönəlmək və müharibənin həqiqi hədəfindən yayınmaq əbədi səadətə və axirət mükafatına zərbə vurmaqla yanaşı, həm də dünya həyatında şərəflə yaşamaq baxımından da zərərlidir. Deməli, qeyri-sabit mənfəətə görə əbədi mənfəəti təhlükəyə salmaq olmaz.
Ayə sonunda göstərişin kim tərəfindən olduğunu bir daha xatırlayıb buyurur: “Allah yenilməz qüvvət, hikmət sahibidir."
Növbəti ayə bir daha keçici olan maddi mənfəətlərini təmin etmək məqsədi ilə mühüm ictimai məsələləri təhlükəyə atanları qınayaraq buyurur: "Əgər Allahın öncədən (təbliğ etmədən heç bir ümmətə əzab verməyəcəyi ilə bağlı) hökmü olmasaydı, götürdüyünüz (əsirlər) müqabilində sizə ağrılı-acılı bir əzab gələrdi”.
Təfsirçilər “لوْلاَ كِتَابٌ مِّنَ الله سَبَقَ” (əgər Allahın öncədən hökmü olmasaydı) cümləsi haqqında müxtəlif fikirlər bildirsələr də, ayənin ümumi məzmununa uyğun təfsir aşağıdakı kimidir: Əgər Allahın öncədən verdiyi və Peyğəmbəri vasitəsi ilə bildirdiyi "təbliğ etmədən heç bir ümmətə əzab etməyəcəyi ilə bağlı" hökmü olmasaydı, sizi maddi mənfəət əldə etmək məqsədi ilə düşmən sıralarından əsir almaq üçün getdiyinizə və İslam ordusunu və onların son qələbəsini təhlükəyə atdığınıza görə cəzalandırardı. Lakin Qurani-Kərimin digər ayələrində bəyan edildiyi kimi, "Biz peyğəmbər göndərmədən əzab vermərik.”
( وَ ما كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولا)
Növbəti ayədə müharibə əsirləri haqqında başqa bir hökmə, yəni "fida" almağa işarə edilmişdir. Bu ayənin nazilolma səbəbi haqqında nəql olunmuş bəzi rəvayətlərdə oxuyuruq: Bədr döyüşü tamamlandıqdan sonra Peyğəmbər (s) əsir götürülmüş iki təhlükəli şəxsin, yəni Üqbə və Nəzrin boynunun vurulmasına göstəriş verdi. Ənsar qəbiləsi bu hökmün sair əsirlər haqqında veriləcəyindən (və beləliklə əsir qarşılığında fida ala bilməyəcəklərindən) qorxub Peyğəmbərə (s) dedilər: Biz yetmiş nəfəri öldürüb yetmiş nəfər də əsir aldıq. Bunlar sənin qəbiləndən və sənin əsirlərindir. Onları azad edib qarşılığında “fida” almaq üçün bizə bağışla (Peyğəmbər (s) bu barədə səmavi vəhyin nazil olmasını gözləyirdi). Müzakirə mövzusu olan ayələr nazil oldu və əsirlərin azadlığı qarşısında "fida" almaq üçün icazə verdi.
Nəql olunmuş başqa rəvayətdə oxuyuruq: Əsirlərin azad olunması üçün maksimum qiymət dörd min dirhəm, minimum qiymət isə min dirhəm təyin edildi. Bu xəbər Qüreyşə çatdıqda bir-birinin ardınca təyin olunmuş “fida” məbləğini göndərib əsirlərini qeri aldılar.
Əsirlərin arasında Peyğəmbərin (s) kürəkəni Əbülas da var idi. Peyğəmbərin (s) qızı Zeynəb ərini azad etmək üçün anası Xədicənin evlənərkən ona bağışladığı boyunbağını "fida" olaraq Peyğəmbərin (s) yanına göndərdi. Həzrət (s) boyunbağını görən kimi fədakar və mücahid həyat yoldaşı Xədicənin xatirəsi gözlərində canlandı. Peyğəmbər (s) buyurdu: “Allah Xədicəyə rəhmət etsin, O, bu boyunbağını qızım Zeynəbə cehiz olaraq vermişdi." (Bəzi rəvayətlərə görə, Xədicəyə hörmət əlaməti olaraq boyunbağını almaqdan imtina edib, sair müsəlmanların hüquqlarına riayət etmək məqsədi ilə isə onların da razılığını almışdır.) Və qızı Zeynəbi Mədinəyə Peyğəmbərin (s) yanına göndərmək şərti ilə Əbülası azad etdi. Əbülas azadlığa buraxıldıqdan sonra əhdinə vəfa edib Zeynəbi Mədinəyə, atasının yanına göndərdi.
Hər halda, yuxarıdakı ayə müsəlmanlara bu müharibə qənimətin- dən (yəni əsirlərin azad olunması üçün alınan məbləğdən) istifadə etməyə icazə verib buyurur: "Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin”.
( فَكُلُوا مِمَّا عَنمْتُمْ حَلالاً طيبا)
Yuxarıda qeyd etdiyimiz cümlənin daha geniş məzmuna malik və "fida" mövzusundan əlavə, sair qənimətlərə də aid olduğu mümkündür.
Ayənin davamında müsəlmanlara göstəriş verilir ki, "Allahdan qorxun”.
( وَاتَّقُوا اللَّهَ)
Bu kimi qənimətlərin mübah (icazəli) olması döyüş meydanında qənimət toplamağın, yaxud fida almaq niyyəti ilə əsir götürməyin mücahidlərin məqsədinə çevrilməsinə səbəb olmamalıdır. Əgər keçmişdə belə çirkin niyyətləri var idisə, onlar bunu qəlblərindən təmizləməlidirlər. Çünki Allah-taala ayənin davamında keçmişdə də olanları bağışlamaq vədəsi verib buyurur: "Allah bağışlayandır, rəhm edəndir”.
إِنَّ اللهَ غَفُورٌ رَّحِيمٌ
Müharibə əsirləri haqqında olan digər mühüm məsələ isə onların islahı, tərbiyəsi və hidayətidir. Allah-taala 70-ci ayədə Peyğəmbərə (s) əsirləri ümidverici sözlərlə imana və islaha doğru dəvət etməyə göstəriş verib buyurur: "Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə (niyyətiniz pak olsa), sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verǝr."
Gördüyümüz kimi, ayədə iki dəfə (xǝyrǝn) ifadəsindən istifadə edilmişdir. Belə ki “إِن يَعْلَم اللهُ فِي قُلُوبِكُمْ خَيْرًا” (əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə) cümləsində işlənən (xəyrən) sözü ilə İslamın qəbulu və iman gətirmə nəzərdə tutulmuşdur.
"Sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar" cümləsində işlənən (xǝyrən) sözü ilə isə maddi və mənəvi mükafatlar nəzərdə tutulmuşdur. Yəni İslam və iman sayəsində onlara maddi və mənəvi mükafatlar nəsib olacaq ki, bu da onların azad edilməsi üçün ödənilən fidyədən üstündür.
Bundan əlavə, Allahın əsirlərə lütf etdiyi digər mükafat iman gətirdikdən sonra onların İslamdan əvvəl etdikləri günahlarının bağışlanılmasıdır. “Və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir”.
وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
Əsirlərdən bəzisinin İslamın "bəxşiş" proqramından sui-istifadə edib yalandan müsəlman olaraq xəyanət və qisas almaq niyyəti ilə müsəlmanların sıralarına qoşulmaq ehtimalı olduğundan növbəti ayə onlara xəbərdarlıq etməklə yanaşı, müsəlmanları da ayıq olmağa çağırır: "Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilin ki, bu, yeni bir şey deyil,) onlar bundan əvvəl Allaha da xəyanət ediblər."
فَقَدْ خَانُواْ اللَّهَ مِن قَبْلُ
Hansı xəyanət fitrətin səsini eşitməməkdən və ağlın hökmünə tabe olmamaqdan böyük ola bilər. Onlar Allaha şərik qoşdular və tövhidi bütpərəstliyin xurafatla dolu ayinləri ilə dəyişdilər.
Əsirlər unutmamalıdırlar ki, “Allah (sizi) onlar üzərində qalib etdi." Gələcəkdə də xəyanət yolunu seçsələr, yenə də məğlubiyyətə uğrayacaqlar. Allah, onların niyyətlərindən agahdır və əsirlər haqqında verdiyi hökm hikməti üzündəndir: "Allah biləndir, hikmət sahibidir”.
وَاللهُ عَلِيمٌ حَكِيمٌ
Şiə və sünni təfsirlərində “Ənfal" surəsinin 70 və 71-ci ayələrinin təfsirində belə nəql etmişlər: Ənsardan olan bir neçə nəfər Peyğəmbərin (s) yanına gəlib Bədr döyüşündə əsir düşmüş əmisi Abbasın azadlığı qarşısında (Həzrətə hörmət əlaməti olaraq) fidyənin alınmaması üçün icazə istəyirlər. Peyğəmbər (s) buyurur:
و الله لا تَذَرُونَ مِنْهُ درْهَماً
"Bir dirhəmindən belə keçməyin!” (Əgər fidyə almaq İlahi qanundursa, hamının haqqında, hətta mənim əmim olsa da, onunla başqaları arasında fərq qoyulmadan, alınmalıdır.) – (Daha sonra) Peyğəmbər (s) Abbasa buyurur: “Özün və qardaşın oğlu Əqil ibn Əbutalibin əvəzindən fidyə ödəməlisən."
Abbas deyir: "Ey Muhəmməd! Məni, Qüreyş tayfasının qarşısında əl açacaq qədər yoxsul (müflis) etmək istəyirsən?!”
Peyğəmbər (s) buyurur: “Həyat yoldaşın Ümmü Fəzlə verib, "döyüş meydanında qətlə yetirildiyim təqdirdə özün və övladlarına xərclə" - dediyin puldan ödə."
Abbas Peyğəmbərin sözündən təəccüblənib deyir: "Bunu sənə kim deyib?" (Bu məsələ Abbasla arvadı arasında gizli sövdələşmə idi.)
Peyğəmbər buyurur: "Allah tərəfindən Cəbrail."
Abbas deyir: "Muhəmmədin and içdiyi tanrıya and olsun ki, mənimlə arvadımdan başqa heç kəsin bu sirdən xəbəri yox idi." - Daha sonra - "şəhadət verirəm ki, Sən Allahın rəsulusan" - deyib müsəlman olur”.
( أَشْهَدُ أَنَّكَ رَسُولُ اللَّهِ)
Bədr döyüşündə əsir düşmüş bütün əsirlər azadlıqdan sonra Məkkəyə qayıdırlar. Abbas, Əqil və daha əvvəl müsəlman olmuş Növfal isə Mədinədə qalır. Yuxarıda qeyd olunan ayələr onlar haqqında nazil olmuşdur.
Bəzi tarix kitablarında belə nəql olunmuşdur: Abbas müsəlman olduqdan sonra Məkkəyə qayıdır və məktub yazaraq Peyğəmbəri (s) müşriklərin planlarından xəbərdar edirdi. Hicrətin səkkizinci ilində (Məkkənin müsəlmanlar tərəfindən fəth olunan il) Mədinəyə köçür.
"Qürbül-əsnad" kitabında İmam Baqir (ə) atası İmam Səccaddan (ə) belə nəql etmişdir: Günlərin bir günü Peyğəmbərin (s) yanına böyük məbləğdə vasait gətirdilər. Peyğəmbər üzünü Abbasa tutub dedi: Əbanı aç və bunların bir hissəsini götür. Abbas Peyğəmbərin dediyi kimi etdi. Daha sonra Peyğəmbər bu ayəni oxudu:
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّمَن فِي أَيْدِيكُم
"Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə (niyyətiniz pak olsa), sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir."
Peyğəmbər (s) müsəlman olmuş əsirlərə ruh yüksəkliyi verər, azad olmaq üçün fidyə verdikləri malları daha yaxşı şəkildə özlərinə qaytararmış.
İncəliklər:
1\. Ötən səhifələrdə qeyd etdiyimiz kimi, yuxarıdakı ayələr müharibədən sonra əsirlərin azadlığı qarşılığında alınan "fidyə" haqqında deyil, müharibə əsirləri barəsindədir. Bununla da bəzi təfsirçilərin ayənin məzmununu başa düşməkdə üzləşdikləri bir çox iradlar öz həllini tapmış olur. Həmçinin ayədə işarə olunan qınaq kamil qələbədən öncə maddi mənfəət əldə etmək məqsədi ilə əsir alanlara yönəlmişdir və Peyğəmbǝrǝ, eləcə də cihadın hədəfini təqib edən möminlərə heç bir aidiyyəti yoxdur. Beləliklə, Peyğəmbərin günah etməsi, bu günahın onun məsumluğu ilə necə uyğun gəlməsi kimi bəhslərin hamısı yersiz sayılır.
Qeyd edək ki, ayə haqqında bəzi sünni kitablarında nəql olunmuş hədislərdə belə deyilir: Ayə Bədr döyüşündən sonra əsirlərin azadlığı qarşılığında, Allah vəhy vasitəsi ilə icazə verməzdən əvvəl, Peyğəmbər (s) və müsəlmanların fidyə almaq təşəbbüsü haqqındadır. Yalnız Ömər, yaxud Səd ibn Məaz fidyə alıb əsirləri azad etmək fikri ilə razılaşmayıb onların qətlinin tərəfdarı idi. Peyğəmbər (s) onun haqqında buyurdu: Əgər Allah tərəfindən bəla nazil olsaydı, aramızda Ömər, ya Səd ibn Mǝazdan başqa heç kəs xilas ola bilməzdi.
Deməliyik ki, bütün bunlar əsassızdır və ayənin təfsiri üçün nəql olunmuş belə rəvayətlər olduqca yaddır. Xüsusilə də Ömər, yaxud Səd ibn Mǝazı, hətta Peyğəmbərin (s) məqamından daha uca tutması həmin hədislərin saxta olduğuna ən yaxşı dəlildir.
2\. Surǝdəki 67 və 68-ci ayələr İslam cəmiyyətinin məsləhəti tələb etdiyi təqdirdə, fida alıb müharibə əsirlərini azad etməyə zidd deyildir. Ola bilsin ki, ayələr mücahidləri bu məqsədlə əsir görürməkdən çəkin- dirir. Buna görə də "Muhəmməd” surəsinin 4-cü ayəsi ilə tam uyğundur. Ayə buyurur:
فَاذَا لَقِيْتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقابِ حَتَّى إِذا أَنْخَبْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَامّا مَناً
بَعْدُ وَ امّا فداء
“Döyüş meydanında (cinayətkar) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, düşməni yetərli qədər qırıb zəiflətdikdən (tam qələbə çaldıqdan) sonra (əsir tutub) əsirləri möhkəm bağlayın. Sonra ya (azad etməklə) onlara minnət qoyun, ya da fidyə alıb azad edin."
Lakin daha bir mühüm məsələni nəzərdən qaçırtmaq olmaz: Müharibə əsirlərinin içində təhlükəli düşmən olarsa və onun azad olunması yenidən müharibə odunun alovlanmasına və qələbənin təhlükəyə düşməsinə səbəb olarsa, müsəlmanların onu öldürməyə haqlarının olmasıdır. Məsələnin dəlili ayənin özündə, həmçinin (yusxinə) və (əsxǝntumuhum) (onları zəiflədib tam qələbə çalana qədər) ifadələrindədir.
Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, Bədr döyüşündən sonra Peyğəmbər (s) müharibə əsirlərinin içində olan Üqbət ibn Əbu Muit və Nəzr ibn Harisin azadlığı üçün heç bir fidanın alınmamasına və onların öldürülməsinə əmr etmişdir.
3\. Qeyd edək ki, 67 və 68-ci ayələrdə bir daha insanın iradə azadlığı və “cəbrilik” məktəbinin rədd edildiyi öz əksini tapmışdır: "Siz dünyanın əbədi olmayan malını istəyirsiniz (istəyirsiniz ki, daha çox əsir götürüb fidyə müqabilində azad edəsiniz), Allah isə (sizin üçün) axirət istəyir."
4\. Fida almaq məntiqli və ədalətlidirmi?
Müəyyən məbləğ müqabilində müharibə əsirlərini azad etmək ədalət prinsipinə nə dərəcədə uyğundur? Bu, bir növ insan alveri deyilmi?
"Fida", əslində, bir növ müharibə kompensasiyasıdır. Çünki hər müharibədə böyük miqdarda iqtisadi sərmayə və insan qüvvəsi sərf olunur. Haqq yolunda mübarizə aparan döyüşçülərin müharibədən sonra itirdiklərinin əvəzində düşməndən kompensasiya tələb etməyə haqları vardır. Deməli, fida kompensasiya alma yollarından biridır.
Zəngin əsirlərin azadlığı üçün fidanın dörd min dirhəm, adi insanlar üçün isə min dirhəm məbləğində təyin olunması göstərir ki, bu yol ilə Qüreyşdən alınan ümumi məbləğ heç də böyük məbləğ deyildir. Hətta İslam ordusuna dəymiş canlı qüvvə və maddi ziyanı belə ödəmirdi. Digər tərəfdən də, müsəlmanlar müşriklərin təzyiqi nəticəsində Məkkədən Mədinəyə köçmək məcburiyyətində qalanda əmlaklarının böyük bir hissəsi Qüreyşin əlində qalmışdı. Bu baxımdan da müsəlmanlar həmin illərdə itirdiklərinin əvəzinə kompensasiya almağa haqlı idilər.
Sonda bunu da nəzərə almaq lazımdır ki, fida almaq məcburi deyildir. İslam hakimiyyəti məsləhət bildiyi təqdirdə müharibə əsirlərini dəyişə, yaxud heç bir fida almadan azad edə bilər. Bu məsələyə "Muhəmməd” surəsinin 4-cü ayəsində işarə edilmişdir.