Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 26

Ənfal surəsi, 72-75-ci ayələr

Ənfal surəsi, 72-75-ci ayələr



إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَايَتِهِمْ مِنْ شَيْءٍ حَتَّى يُهَاجِرُوا وَإِنِ اسْتَنْصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .٧٢


وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ إِلَّا تَفْعَلُوهُ تَكُنْ فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ .٧٣


وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ .٧٤


وَالَّذِينَ آمَنُوا مِنْ بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَئِكَ مِنْكُمْ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ .٧٥


Ayələrin tərcüməsi



72\. İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib köməklik göstərənlər bir-birinin dostlarıdır. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, nə qədər ki hicrət etməyiblər, sizin onlar qarşısında heç bir öhdəliyiniz və dostluğunuz yoxdur. Lakin əgər onlar din yolunda (öz dinlərini qorumaq üçün) sizdən yardım istəsələr, sizinlə (düşmənçiliyə son qoyulması ilə bağlı) razılaşması olan tayfaya qarşı yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!

73\. Kafirlər də bir-birinin dostlarıdır (köməkçi və müdafiəçiləridir). Əgər siz bunları (bu göstərişləri) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad baş verər.

74\. İman gətirib hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlardır həqiqi möminlər. Onları (axirətdə) bağışlanma və layiqli ruzi gözləyir!

75\. Sonradan iman gətirib hicrət edənlər və sizinlə bir yerdə vuruşanlar da sizdəndirlər. Qohumlar Allahın müəyyən etdiyi hökmlərdə bir-birinə daha layiqdir. Allah hər şeyi biləndir!

Ayələrin təfsiri.



Dörd müxtəlif qrup.

"Ənfal" surəsinin son fəslini təşkil edən bu ayələr “mühacir", "Ənsar", digər müsəlman qruplar və onların hər birinin mövcudluq dəyəri haqqında bəhs edir. Beləliklə, cihad və mühacirlər məsələsini müzakirə edən keçən bəhsləri təkmilləşdirir. Başqa sözlə desək, ayələr İslam cəmiyyətinin quruluşunu müxtəlif əlaqələr baxımından bəyan etmişdir. Çünki müharibə və sülh proqramları, başqa ümumi proqramlar kimi, düzgün ictimai əlaqə olmadan mümkün deyildir.

Qeyd olunmuş ayələrdə beş qrup insandan bəhs edilmişdir. Onların dörd qrupu müsəlman, bir qrupu isə qeyri-müsəlmandır. Dörd müsəlman qruplar bunlardır:

1\. İlk mühacirlər;

2\. Mədinə dostları, ənsarlar;

3\. İman gətirib hicrət etməyənlər;

4\. Sonradan iman gətirib mühacirlərə qoşulanlar.

Allah-taala müzakirə olunan ayələrin ilk ayəsində (yəni Ənfal surəsi, 72-ci ayə) buyurur: "İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib köməklik göstərənlər bir-birinin dostlarıdır”.

Ayənin bu hissəsində, "birinci" və "ikinci" qruplara, yəni Məkkədə iman gətirib hicrət edənlər və Mədinədə iman gətirib Peyğəmbər (s) və Məkkədən köçüb gələnlərə yardım edənlərə işarə edilmiş və onları bir-birinin himayədarı və dostları adlandırmışdır.

Maraqlıdır ki, ilk qrup (mühacirlər) üçün dörd özəl xüsusiyyət bəyan edilmişdir:

1\. Iman;

2\. Hicrǝt;

3\. Maddi və iqtisadi cihad (Onlar Məkkədəki var-dövlətlərindən imtina edib Mədinəyə köçməklə, yaxud sərvətlərini "Bədr” döyüşünə hazırlıq üçün xərcləyərək iqtisadi cihad etmişlər);

4\. Allah yolunda canları və malları ilə cihad.

İkinci qrup (ənsar) üçün iki xüsusiyyət bəyan edilmişdir:

1\. Sığınacaq verənlər;

2\. Yardım edənlər.

Ayədə istifadə olunmuş (Onlar bir-birinin dostlarıdırlar) cümləsi bütün müsəlmanların (həm mühacir, həm də ənsarı) bir-birinin qarşısında məsuliyyət daşıdığını çatdırır.

Əslində, bu iki qrup (yəni mühacir və ənsar) İslam cəmiyyətinin qurulmasında biri “sap”, digəri isə “əriş-arğac” rolunu oynamışlar və biri digərindən ehtiyacsız deyildir.

Ayə davamında üçüncü qrupa işarə edib buyurur: “İman gətirib hicrət etməyənlərə gəldikdə isə, nə qədər ki hicrət etməyiblər, sizin onlar qarşısında heç bir öhdəliyiniz və dostluğunuz yoxdur."

وَلَمْ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَايَتِهِم مِّن شَيْءٍ حَتَّى يُهَاجِرُوا


Növbəti cümlədə yalnız bir növ himayə və məsuliyyət istisna olunmuşdur: "Lakin əgər onlar (hicrət etməyən möminlər) din yolunda (öz dinlərini qorumaq üçün) sizdən yardım istəsələr (yəni düşmənin təzyiqinə məruz qalsalar), onlara kömək göstərmək sizə vacibdir.”

Əlbəttə, Sizinlə (düşmənçiliyə son qoyulması ilə bağlı) razılaşması olan tayfaya qarşı yardım istisna olmaqla.”

Başqa sözlə desək, onları müdafiə etmək yalnız sizinlə də düşmənçilik edənlərlə qarşı-qarşıya gəldikləri zaman zəruri olur. Əgər onlar müsəlmanların saziş bağladıqları kafirlərlə qarşı-qarşıya gəlsələr, sazişə hörmət bu qrupu müdafiə etməkdən daha üstündür.

Qurani-Kərim ayənin sonunda bu kimi məsuliyyətlərin hüdudlarını qorumaq və həmin qanunların yerinə yetirilməsi üçün buyurur: “Allah nə etdiyinizi görəndir”.

( وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ )


Allah-taala bütün əməllərinizi görür, səy və məsuliyyət hissinizdən agahdır. Həmçinin bu böyük vəzifələr qarşısında etinasızlıq, tənbəllik və məsuliyyətsizlik hissindən də xəbərdardır.

Allah-taala əvvəlki ayədə müsəlmanlara göstəriş verir ki, bir-biri ilə dost və qardaş olsunlar. Həmçinin bütün hallarda bir-birinə yardım göstərsinlər. Növbəti ayədə isə kafirlərin də arasında belə bir əlaqənin mövcud olduğuna işarə edib buyurur: "Kafirlər də bir-birinin dostlarıdır, köməkçi və müdafiəçiləridir”.

Yəni bu əlaqə onların öz aralarındadır. Sizinlə onlar arasında belə bir əlaqə olmamalıdır. Onlara nə yardım edin, nə də yardımınıza çağırın. Nə sığınacaq verin, nə də onlardan sığınacaq istəyin.

Növbəti cümlə müsəlmanlara xəbərdarlıq edir: "Əgər siz bunları (bu göstərişləri) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad baş verǝr."

إلا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ


İslam cəmiyyəti haqq və ədalətə əsaslandığı üçün onun düşməni olan kafirlərlə dostluq münasibəti qurmaq, bir sözlə, onlarla qaynayıb- qarışmaq nəticəsində dinin mədəniyyətinin aradan getməsinə, onların batil inancları və davranışlarının müsəlman cəmiyyətinə sirayət etməsinə gətirib çıxardır.

Bu surədəki 74-cü ayədə bir daha İslam cəmiyyətinin hədəflərinə nail olmaqda mühacir və ənsarın mövqeyinin əhəmiyyətinə, təsir gücünə və onların nüfuzuna işarə edilərək bu yolda göstərdikləri fəaliyyətə görə təqdirə layiq görülürlər: “İman gətirib hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər, həqiqi möminlərdir."

“وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُواْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوا وَنَصَرُوا أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا”


Çünki onların hər biri öz növbəsində İslamın çətin günlərində Allahın dininin və Peyğəmbərinin (s) köməyinə tələsdilər.

"Onları (bu böyük fədakarlığa görə axirətdə) bağışlanma və layiqli ruzi gözləyir”.

( لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ)


Sonuncu ayədə dördüncü qrupa, yəni sonradan hicrət edən müsəlmanlara işarə edilir: "Sonradan iman gətirib hicrət edənlər və sizinlə bir yerdə vuruşanlar da sizdəndirlər”.

وَالَّذِينَ آمَنُوا مِن بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ


e) Yəni İslam cəmiyyəti yalnız müəyyən bir qrupa məxsus deyil. Onun formalaşmasında ilk mühacirlərin özünəməxsus rolu olsa da, İslamın qapısı bütün möminlərin, o cümlədən gələcək müsəlman o mühacirlərin də üzünə açıqdır. İlk mühacirlərin üstünlüyü o demək deyildir ki, dinin nüfuz və inkişaf dövründə iman gətirənlər İslam cəmiyyətinin tərkib hissəsi deyildirlər.

Ayənin sonunda qohumların bir-birinə münasibətdə olan üstünlüyünə işarə edilib buyurulur: "Qohumlar Allahın müəyyən etdiyi hökmlərdə bir-birlərinə daha layiqdirlər”.

Keçən ayələrdə müsəlmanların ümumilikdə bir-birinə olan bağlılığından danışılırdı. Lakin bu ayə qohumlar arasında olan bağlılığın daha güclü və geniş olduğunu təkidlə bəyan edir. Çünki bir-birinə qohum olan müsəlmanlar iman və hicrətdən başqa, həm də qohumluq əlaqələrinə sahibdirlər. Bu səbəbdən də onlar, qohum olmayan müsəlmanların əksinə olaraq, bir-birinin varisidirlər.

Deməli, sonuncu ayə təkcə irsin hökmünün daşıyıcısı deyildir. Onun məzmunu daha geniş mənanı əhatə edir ki, onlardan da biri irsdir. Rəvayətlərdə və fiqh kitablarında irsin hökmünü bəyan edərkən həm bu, həm də "Əhzab” surəsinin ayəsi ilə sübut edilməsi həmin ayələrin yalnız irs məsələlərinə məxsus olması demək deyildir. Ayələr, əslində, ümumi qaydanı (qanunu) ehtiva edir ki, onlardan biri də irsin hökmüdür. Buna görə də Peyğəmbərin (s) canişinlik məsələsi, maddi irsin məfhumuna daxil olmamasına rəğmən, (bəzi rəvayətlərdə) bu ayə ilə əsaslandırılmışdır. Həmçinin meyitə qüsl verməkdə qohumların başqalarına nisbətən üstün olması məsələsində də bu ayəni dəlil gətirmişlər.

Yuxarıda qeyd olunanlardan məlum olur ki, bəzi təfsirçilərin sonuncu ayənin yalnız irs mövzusunu əhatə etməsi haqqında israrı dəlilsizdir. Belə bir təfsiri qəbul etməyin bir yolu var: onu keçən ayə- lərdə bütün mühacir və ənsar üçün bəyan edilmiş "mütləq vilayət”dən istisna hal kimi bilib deyək: "Sonuncu ayəyə görə, müsəlmanların bir-birinə olan ümumi vilayəti irsə şamil olunmur."

Amma keçən ayələrin irs məsələsinə şamil olunub sonuncu ayə vasitəsi ilə nəsx (ləğv) olunma ehtimalı da azdır. Çünki ayələrin məzmun baxımından bir-biri ilə bağlılığı göstərir ki, onların hamısı bir yerdə nazil olduğundan nasix və mənsux ola bilməzlər. (Biri digərini ləğv edə bilməz.) Hər halda ən uyğun təfsir, başlanğıcda qeyd etdiyimiz tafsirdir. Və sonuncu cümlədə buyurur: "Allah hər şeyi biləndir."

إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ


Bu surədə nazil olmuş "onfal", "müharibə qənimətləri”, “cihad", "əsirlər" və "hicrət” kimi bütün məsələlərin hökmü dəqiq proqram və hesablama əsasında bəyan olunmuşdur. Belə ki tamamilə insan cəmiyyətinin ruhuna və hərtərəfli məsləhətlərinə uyğundur.

İncəliklər:



1\. Hicrət və cihad.

Tarixi araşdırarkən məlum olur ki, bu iki mövzu (hicrət və cihad) İslamın güclü düşmənləri qarşısında qələbə çalmasının iki əsas amilidir. Hicrət olmasaydı, İslam Məkkənin boğucu mühitində məhv olar, cihad olmasaydı, tərəqqi etməzdi. Hicrət İslamı regional formadan çıxardıb qlobal forma bəxş etdi. Cihad müsəlmanlara öyrətdi ki, qüdrət əldə etməsələr (iqtidara sahib olmasalar) məntiq başa düşməyən və doğru söz dinləməyən düşmənlər onların hər hansı hüququnu tanımayacaqlar. Hicrət müsəlmanların səsini dünya xalqlarına çatdırır, haqq və ədalətə susamış qövmləri onların harayına çağırır. Cihad isə onlara hərəkət və həyat bəxş edir, güc məntiqindən başqasını eşitməyən inadkar düşmənləri yolunun üstündən götürür.

İslam tarixində bir neçə dəfə hicrət baş vermişdir:

Məkkə müsəlmanlarının Həbəşə hicrəti;

Bu hicrət İslam toxumunu ǝrǝb yarımadasının hüdudlarından kənarda səpməklə yanaşı, həm də düşmənin dözülməz təzyiqləri qarşı- sında sayca az olan ilk müsəlmanların səngərinə çevrildi.

Peyğəmbər (s) və ilk müsəlmanların Mədinəyə hicrəti;

Bəzi tarix kitablarında “Bədr mühacirləri” kimi tanınan mühacirlər İslam tarixində fövqəladə əhəmiyyətə malikdirlər. Çünki onlar zahirdə qaranlıq gələcəyə doğru hərəkət etsələr də, əslində, Allah yolunda bütün maddi sərmayələrinə göz yumdular. Həm də "ilk mühacirlər" adı ilə yad edilən həmin mühacirlər, əslində, İslamın əzəmətli sarayının təməl daşları idilər. Qurani-Kərim onları - ən fədakar müsəlmanlardan olduqları üçün xüsusi əzəmətlə yad edir.

İkinci hicrət;

Bu, Hüdeybiyyə sülhündən sonra yaranmış nisbi əmin-amanlıq ardından bir qrup müsəlmanın hicrətidir. Bəzən Bədr hadisəsindən sonra Məkkənin fəthinə qədər baş tutmuş bütün hicrətlərə də "ikinci hicrət" deyilir.

Məkkənin fəthi və onun İslam şəhərinə çevrilməsindən sonra hicrət öz keçmiş məfhumunu, yəni Məkkədən Mədinəyə kütləvi köç öz mənasını itirdi. Bu səbəbdən də Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə bu mövzuya işarə edilmişdir:

لا هِجْرَةَ بَعْدَ الْفَتْحِ


"Məkkənin fəthindən sonra hicrət yoxdur"

Lakin bu sözün mənası (bəzilərinin düşündüyü kimi) İslamda hicrət məsələsinin ləğvi anlamında deyildir. Hicrət qanunu ilk müsəlmanların yaşadığı şəraitlə üzləşən hər kəs üçün öz qüvvəsindədir və İslam bütün dünyaya yayılana qədər öz qüvvəsində qalacaqdır.

Əfsuslar olsun ki, bəzi müsəlmanlar İslamın bu mühüm göstərişini unudaraq özlərinə qapandığı halda, məsihi missionerlər, sapqın firqələr və müstəmləkəçi məzhəblər (müstəmləkəçi dövlətlərin yaratdığı məzhəblər) dünyanın dörd bir yanına hicrət edirlər. Onlar hətta vəhşi və insan əti yeyən qəbilələrin arasına, şimal və cənub qütblərinə belə gedirlər. Bu göstəriş müsəlmanlara aid olduğu halda, ona başqaları əməl edir.

Təəssüflə qeyd etməliyik ki, böyük İslam şəhərlərinin bir neçə kilometrliyində yerləşən bəzi kəndlər islami məsələlərdən xəbərsizdirlər. Onlar hətta İslam təbliğatçısının üzünə belə həsrətdirlər. Yaşadıqları mühit, sözün əsl mənasında, saxta məzhəblərin ideologiyasının inkişafı üçün ideal məkana çevrilmişdir. İlk müsəlmanların varisi sayılan müasir dövr müsəlmanlarının yaratdıqları vəziyyətlə əlaqədar Allah qarşısında nə cavab verəcəkləri məlum deyil.

Son illərdə bu mövzuda bir qədər hərəkətlilik müşahidə olunsa da, qeyd edək ki, bu qaneedici deyil. Hicrət məsələsi, onun müsəlman tarixi və taleyində oynadığı rol bu müxtəsər yazıya sığmayacaq qədər əhəmiyyətlidir.

2\. Səhabənin şişirdilmiş müqəddəsliyi.

Bəzi sünni qardaşlar Qurani-Kərimin ilk mühacirlərə verdiyi əhəmiyyətə əsaslanaraq onların ömürlərinin sonuna qədər heç bir səhvə düçar olmadıqlarını və istisnasız olaraq hamısının hörmətlə yad edilməsinin zəruri olduğunu iddia etmişlər. Daha sonra Quranın “Beyəti-Rizvan" və sair kimi hadisələrdə onları tərif etdiyini irəli çəkərək məsələni ümumiləşdirib bütün səhabələrə şamil etmişlər. Onlar səhabənin əməllərini nəzərə almadan sözügedən şəxsləri istisna insanlar sayıb, hətta işlərinə tənqid gözü ilə baxıb araşdırmaq imkanını belə özlərindən almışlar. O cümlədən tanınmış təfsirçi, “Əl-Mənar" kitabının müəllifi yuxarıdakı ayələri təfsir edərkən ilk mühacirlərin bəzisinin şiələr tərəfindən tənqid edilməsinə etirazını bildirmişdir.

Onlar səhabə haqqında belə düşüncənin formalaşmasının din və İslam tarixinin ruhu ilə zidd olduğunun fərqində deyillər.

Şübhəsiz ki, səhabə, özəlliklə ilk mühacirlər böyük hörmətə sahibdirlər. Lakin bu hörmət onların doğru yolda addım atdıqları və İslam uğrunda fədakarlıq etdikləri zaman boyuncadır. Səhabələrdən bir qrupunun İslamın həqiqi yolundan döndüyü gün Quranın da hökmünün fərqli olacağı şübhəsizdir. Məsələn, Peyğəmbərin (s) aydın göstərişindən əlavə, dövrün ümumi müsəlmanları, hətta özləri tərəfindən seçilən rəhbərin beyətini sındırıb ona qarşı çıxan Təlhə və Zübeyrə necə bəraət qazandırmaq olar?! Onların ətəyini Cəməl döyüşündə həlak olmuş on yeddi min müsəlmanın qanından necə təmizləmək olar?! Bir günahsız insanın qanını tökənlərin Allah qarşısında heç bir üzrü yoxdursa, bu qədər insanın qanı necə olacaq?! Ümumiyyətlə, Cəməl döyüşündə həm Əli tərəfdarlarını, həm də Təlhə, Zübeyr və onları dəstəkləyən səhabələrin hamısını haqq görmək mümkündürmü? Hansı məntiq və ağıl belə aşkar ziddiyyəti qəbul edir?!

"Səhabənin müqəddəsliyi" bəhanəsi ilə olub keçənlərə göz yumub, onları “toxunulmaz” hesab edərək Peyğəmbərdən (s) sonra İslam tarixində baş verənləri unudaqmı? İslamın meyarı sayılan (Allah yanında ən hörmətliniz (ən sevimliniz) ən təqvalı olanınızdır) ayəsinin aydın hökmünü görməzdən gələkmi?! Bu, necə məntiqsiz hökmdür?!

Birinin, yaxud birilərinin bir gün haqq tərəfdarı, başqa gün isə haqqın düşmənləri sıralarında yer alması mümkünsüzdürmü? Hamı məsumdurmu? Bu kimi dəyişiklikləri müxtəlif şəxslərin timsalında öz gözlərimizlə görmədikmi?

"Rəddə əshabının", yəni Peyğəmbərin (s) ölümündən sonra bir q qrup müsəlmanın mürtədd olması (dindən çıxması) və birinci xəlifənin onların əleyhinə müharibə elan edib zərərsizləşdirməsi həm sünni, həm də şiə kitablarında nəql olunmuşdur.

Rəddə səhabələrindən heç biri Peyğəmbəri (s) görməmişdimi? Onlardan heç biri səhabə sayılmırdımı?

Maraqlıdır ki, bəziləri bu kimi ziddiyyət və dalandan çıxış yolu kimi "ictihad" məsələsinə əl atıb deyirlər: Təlhə, Zübeyr, Müaviyə və onların tərəfdarları müctəhid idilər. Öz ictihadlarında səhvə yol versələr də, heç bir günaha düşmədilər. Onlar gördükləri işin qarşısında Allahdan mükafat alacaqlar.

Doğurdan da, necə rüsvayedici məntiqdir?! Şan-şöhrət, var-dövlət və vəzifəyə çatmaq naminə Peyğəmbərin (s) canişininin əleyhinə qiyam, razılaşma və beyəti pozmaq və minlərlə günahsız müsəlmanın qanını tökmək - çirkinliyini heç kimin bilmədiyi qədər müəmmalı və naməlum bir məsələdirmi?! Bu qədər günahsız insanın qanını tökmək Allah yanında mükafata layiqdirmi?! Əgər biz cinayət törətmiş bir qrup səhabəni belə müdafiə edib bəraət qazandırsaq, şübhəsiz, dünyada bir dənə də olsun günahkar qalmayacaq. Bu məntiqlə, bütün qatillərə, cinayətkarlara və zalımlara bəraət verəcəyik. Səhabələrin bu kimi məntiqsiz müdafiəsi İslama bədbinlikdən başqa bir şey gətirməyəcəkdir. Deməli, bütün müsəlmanlara, xüsusilə də Peyğəmbərin (s) sǝhabələrinə haqq və ədalət yolundan sapmayana və İslam proqramlarından ayrılmayana qədər hörmətlə yanaşmalıyıq.

3\. İslam nizamnaməsində irs qanunu.

"Nisa" surəsinin təfsirində qeyd etdiyimiz kimi, cahiliyyət dövründə irs aşağıdakı üç yoldan biri vasitəsi ilə çatırdı:

1."Nəsəb" yolu ilə - (cahiliyyət dövründə nəsəb yalnız oğlan övlada şamil olunurdu, azyaşlı uşaqlar və qadınlar irsdən məhrum idilər.)



2\. "Təbənni", yəni oğulluğa götrürmək yolu ilə.

3\. "Vǝla" adı ilə tanınan "əhd” və “peyman" yolu ilə.

İslamın əvvəllərində irs haqqında qanun nazil olmadığından buna cahiliyyət dövründəki kimi əməl olunurdu. Lakin çox keçmədən “din qardaşlığı" onun yerini tutdu. Bu qanuna əsasən, yalnız aralarında "qardaşlıq" razılaşması olan mühacir və ənsar bir-birinə varis olurdu.

İslam genişləndikdən sonra irs iki əsas - "nəsəbi" və "səbəbi" yollarla qohumluq əlaqələri olan şəxslər arasında bölünməyə başlandı. Bununla da irsin bölünməsində istinad edilən "din qardaşlığı” qanunu ləğv olundu. İrs haqqında sonuncu qanun yuxarıdakı ayələr və "Əhzab" surəsinin 6-cı ayəsində nazil oldu:

الله وَ أُولُوا الأَرْحَامِ بَعْضُهُمْ أَوْلِي بَبَعْضٍ فِي كِتَابِ


"Allahın yazısına görə qohumlar bir-birinə möminlərdən və mühacirlərdən daha yaxındırlar."

Bəhs etdiyimiz ayələrdə gələn “qohumlar" ifadəsi yalnız irs məsə lələrinə aid deyil. Əslində, "irsin" də daxil olduğu geniş bir məzmunu əhatə edir.

4\. (Fitnətun) və (fəsadun kəbirun) ifadələri nəyi nəzərdə tutur?

Təfsirçilər arasında, ayələrdə gəlmiş bu iki ifadənin təfsir haqda fikir ayrılığı mövcuddur. Lakin ayənin məzmununa ən uyğun məna ixtilaf, pərakəndəlik və düşmənlərin vəsvəsəsi nəticəsində müsəlmanların inanc təməlinin zəifləməsidir.

"Fǝsad" deyildikdə hər hansı ictimai quruluşun parçalanması və nizam-intizamının pozulması nəzərdə tutulur.

Həqiqətdə, Qurani-Kərim müsəlmanlara xəbərdarlıq edir ki, bir- biri ilə yardımlaşma və qardaşlıq əlaqələrini möhkəmlətsinlər. Düşmənlə olan bütün əlaqələrini kəsib, aralarında olan mövcud əməkdaşlığa son qoysunlar. Əks-təqdirdə aralarındakı boşluq (pərakəndəlik) gündən günə artacaqdır. Düşmənin müsəlman cəmiyyətinə nüfuzu ilə onların imanları zəifləyəcək və nəticədə, İslam dünyasını böyük bir fitnə bürüyəcəkdir.

“Ənfal” surəsinin sonu.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...