Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 4

Ənfal surəsi, 7-8-ci ayələr

Ənfal surəsi, 7-8-ci ayələr



وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللَّهُ أَنْ يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ .٧


لِيُحِقَّ الْحَقَّ وَيُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ .٨


Ayələrin tərcüməsi



7\. Xatırlayın, o zaman Allah sizə iki dəstədən birinin (Qüreyşin ticarət karvanının və ya onların silahlı ordusunun) sizin olmasını vəd edirdi. Siz silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.

8\. Günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi.

Bədr döyüşü – müsəlmanlarla kafirlərin ilk silahlı qarşıdurması.

Keçən ayələrdə Bədr döyüşünə işarə olundu. Qurani-Kərim müsəlmanların yaxın keçmişdə Bədr döyüşündə qazandıqları təcrübəni həmişəlik yaddaşlarına həkk edib ömür boyu ondan ilham almaları üçün o döyüşün həssas yerlərini həm bu, həm də gələcək ayələrdə şərh etmişdir. Bu ayələrin təfsirini aydın şəkildə başa düşmək və incəliklərinin tamamilə açılması üçün müsəlmanlarla qaniçən düşmənləri arasında baş vermiş ilk silahlı qarşıdurma sayılan bu islami cihada qısa nəzər salmaq lazımdır.

Tarixçilər, ravilər və təfsirçilərin yazdığına əsasən, Bədr döyüşü belə başlamışdır: Qırx nəfərdən ibarət əlli min dinarlıq malı daşıyan böyük bir ticarət karvanı Məkkənin böyüklərindən sayılan Əbu Süfyanın başçılığı ilə Şamdan Mədinəyə qayıdırdı. Peyğəmbər səhabələrinə göstəriş verir ki, düşmənin sərmayəsinin böyük bir hissəsini daşıyan karvana hücum edib onu müsadirə etsinlər. Bununla da müşriklərin iqtisadi qüvvəsinə, dolayısı ilə hərbi gücünə ölümcül zərbə vursunlar.

Peyğəmbər və tərəfdarlarının belə bir işə təşəbbüs göstərməkdə haqqı var idi. Çünki müsəlmanların Məkkədən Mədinəyə hicrəti ilə əmlaklarının çox hissəsi məkkəlilərin əlinə keçmiş və böyük bir ziyana uğramışdılar. Bundan əlavə, Məkkə müşrikləri, Peyğəmbər və müsəlmanların Məkkədə yaşadığı 13 il ərzində onlara qarşı edə biləcəkləri heç bir pisliyi əsirgəməmiş, hətta Peyğəmbəri qətlə yetirməyə belə qalxmışdılar. Belə bir düşmən Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti ilə sakit oturmayacaq və son zərbəni endirmək üçün bütün gücünü səfərbər edəcəkdir. Deməli, ağıl və məntiqin hökmünə əsasən, müsəlmanlar qabaqlayıcı addım ataraq onların karvan ticarətini müsadirə etməli idilər. Müsəlmanlar bu hücum vasitəsi ilə müşriklərə ağır iqtisadi zərbə vurmaqla bərabər, gələcəkdə özlərini müdafiə etmək üçün hərbi güclərini də artıra bilərdilər.

Əbu Süfyan Mədinədəki dostlarının vasitəsi ilə Peyğəmbərin bu qərarından xəbər tutur. O, yaranmış vaziyyətdən məkkəliləri xəbərdar etmək üçün qasid göndərir. Qasid ətrafdakı insanların diqqətini cəlb etmək üçün Əbu Süfyanın göstərişinə əsasən, dəvəsinin burnunu deşir, qulağını kəsir və öz köynəyini iki tərəfdən cıraraq dəvəyə tərsinə mindiyi halda Məkkəyə daxil olur. Şəhərə daxil olarkən uca səslə deyirdi: “Ey qələbə çalmış insanlar! Karvanınızın harayına tələsin! Karvanınızın harayına tələsin! Amma inanmıram ki, vaxtında çatasınız. Çünki Muhəmməd və sizin dininizdən çıxan şəxslər karvana hücum etmək üçün Mədinədən hərəkət ediblər."

Bu zaman Əbdülmüttəlibin qızı və Peyğəmbərin bibisi Atikənin gördüyü qorxulu yuxunu hamı şəhərdə danışır və insanlar daha da təşvişə düşürdülər. Atikə, üç gün əvvəl yuxuda görmüşdü ki, “Bir nəfər uca səslə deyir: Ey insanlar öz qətlgahınıza doğru tələsin. Səs Əbu Qübeys dağının başına ucalır və böyük bir daşı yerindən oynadaraq hərəkətə gətirir. (Dağdan yuvarlanan) daş kiçik parçalara ayrılıb, hər biri Qüreyş tayfasına məxsus bir evin üstünə düşür. Digər tərəfdən də Məkkə dərəsindən qan su yerinə axmağa başlayır. Atikə yuxudan oyandıqda onu qardaşı Abbasa danışır. Yuxunu eşidən hər kəs qorxu içində nə edəcəyini bilmir. Lakin Əbu Cəhl eşidəndə deyir: Bu qadın Əbdülmüttəlibin övladlarından zühur edən ikinci peyğəmbərdir. Sizi and verirəm “Lat” və “Üzzaya”, üç gün səbir edək, əgər bu qadının yuxusu özünü doğrultmasa, öz aramızda məktub yazıb Bəni-Haşim qəbiləsini ərəbin ən yalançı tayfası adlandıraq.

Üçüncü gün isə Əbu Süfyanın göndərdiyi qasidin səsi Məkkəni lərzəyə gətirir.

Məkkə camaatının çoxunun bu karvanda payı olduğu üçün tez bir zamanda səfərbər olurlar. Bir hissəsini Məkkənin tanınmış və adlı-sanlı adamları təşkil edən 950 nəfərlik orduya Əbu Cəhl rəhbərlik edir. Ordu 700 dəvəǝ, 100 atlı və 150 piyadadan ibarət olur. Digər tərəfdən, Əbu Süfyan müsəlmanların hücumlarından xilas olmaq üçün yolunu dəyişərək sürətlə Məkkəyə doğru hərəkətini davam etdirir. İslam Pey- ğəmbəri (s) o vaxtın bütün mübariz müsəlmanlarından ibarət olan 313 nəfərlik ordu ilə Məkkə ilə Mədinə arasındakı Bədr adlanan əraziyə çatdıqda Qüreyş ordusunun hərəkətə keçdiyini eşidir.

Peyğəmbər (s) öz tərəfdarları ilə Əbu Süfyanın başçılıq etdiyi karvana hücum etmələri, yoxsa Məkkədən gələn ordusu ilə döyüşmələri barədə məsləhətləşir. Müsəlmanlardan bəzisi düşmən ordusu ilə döyüşü, bəzisi isə ticarət karvanını təqib etməyi seçir.

Döyüşmək istəməyən dəstə Mədinədən yola düşərkən məqsədlərinin Məkkə ordusu ilə döyüş olmadığını, bir tərəfdən də məkkəlilər döyüşə hazırlıqlı olduqları üçün onlarla döyüşmək iqtidarında olmadıqlarını sübut gətirirlər. Məkkədən gələn ordunun sayının üç, döyüş sursatlarının isə bir neçə dəfə çox olduğunu eşidəndə müsəlmanların tərəddüdləri daha da artır. Bütün bunlara baxmayaraq, Peyğəmbər (s) birinci dəstənin fikrini bəyənir və düşmən ordusuna hücum etməyi əmr edir.

İki qoşun üz-üzə gələndə düşmən müsəlmanların belə az sayda əsgər və sursatla meydana gələcəyinə inanmayıb onların böyük bir hissəsinin gizləndiyini və münasib vaxtda hücum edəcəklərini güman edir. Araşdırmaq üçün bir nəfər göndərib ətrafa nəzər salmağı tapşırırlar və tezliklə yanlış fikirdə olduqlarını başa düşürlər.

Bir tərəfdən müsəlmanların bir qismi, qorxduğu üçün, bərabərlikləri olmayan nəhəng ordu ilə döyüşməyin məsləhət olmadığına israr edir, bir tərəfdən də Peyğəmbər ilahi vədə ilə onları ruhlandırıb buyururdu: “Allah Qüreyşin iki dəstəsinin birinə - ya ticarət karvanına, ya da ordusuna qələbə çalmağı vədə vermişdir. İlahi vədə, şübhəsiz, yerinə yetirilər. Əbu Cəhl və bir sıra Qüreyş başçılarının öldüyü yeri sanki görürəm."

(Peyğəmbər) daha sonra Bədr quyusunun yanında düşərgə salmağa əmr verir. Bu arada Əbu Süfyan karvanla bərabər təhlükəli ərazidən uzaqlaşa bilir. O, Qırmızı dənizin sahilindən keçərək, kəsə yol ilə özünü Məkkəyə çatdırır. Əbu Süfyan Məkkəyə çatan kimi təcili qasid göndərib karvanın təhlükədən xilas olduğunu və bu şəraitdə Muhəmməd ilə mübarizə aparmaq zərurətinin olmadığını bildirir. Lakin ordunun başçısı Əbu Cǝhl Əbu Süfyanın təklifi ilə razılaşmayıb "Lat" və "Üzza”ya and içərək müsəlmanlarla sonadək mübarizə aparacağını elan edir. Hətta bildirir ki, lazım gəlsə, Mədinəyə qədər onları təqib edib əsir alaraq Məkkəyə gətirəcək və bu qələbənin səsini bütün ərəb tayfalarının qulağına çatdıracaqdır.

Nəhayət, Qüreyşin ordusu da Bədr torpaqlarına gəlib çatır. Onlar, kölələrini su gətirmək üçün Bədr quyusuna göndərirlər. Peyğəmbərin (s) tərəfdarları kölələri tutub sorğu-sual üçün Həzrətin hüzuruna gətirir. Peyğəmbər (s) onlardan soruşur: - Siz kimsiniz?

Deyirlər: - Qüreyşin kölələri.

Buyurur - Ordu neçə nəfərdən ibarətdir?

Deyirlər: - Bundan xəbərimiz yoxdur.id

Həzrət soruşur:

Yemək hazırlamaq üçün, hər gün neçə dəvə kəsirlər?

Deyirlər: - doqquz, on dəvə!

"Bədr", əslində, o ərazidə quyu qazmış Cühəynə qəbiləsindən olan bir nəfərin adıdır.

Lakin sonralar həmin ərazilər və quyu onun adı ilə adlandırıldı.

Peyğəmbər (s) buyurur: - Ordu doqquz yüzdən min nəfərə qədər döyüşçüdən ibarətdir.

Məkkə ordusu özü ilə çox sayda döyüş sursatı, əsgər, kifayət qədər yemək və hətta döyüşçüləri əyləndirmək üçün xanəndə qadınlar da gətirmişdi.

Peyğəmbər (s), tərəfdarları qorxu içində olduqlarından gecəni İstirahət etməmələrindən ehtiyatlanıb ilahi vədə əsasında onlara buyurur: Sayınız az olduğu üçün narahat olmayın. Böyük bir mələk dəstəsi sizin köməyinizə gələcəkdir.

Həzrət bu vasitə ilə onlara təskinlik verib Allah tərəfindən verilmiş qələbə vədəsinin elanı ilə döyüşçüləri daha da arxayınlaşdırır. Onlar gecəni rahatlıqla yatıb istirahət edirlər.

Döyüşçüləri narahat edən (qorxudan) başqa bir məsələ də Bədr meydanının vəziyyəti idi. Yəni Bədr çölü yumşaq qum örtüyü ilə elə örtülmüşdü ki, ayaqlar batır və yerimə bir az da çətinləşirdi.

Həmin gecə yağış yağır. Döyüşçülər, yağış suyu ilə həm dəstəmaz alırlar, həm yuyunurlar, həm də ayaqlarının altı möhkəmlənir. Lakin düşmənin düşərgə saldığı tərəfə yağan yağış leysan xarakterli olduğundan onları narahat edir.

İslam ordusu tərəfindən düşmən düşərgəsi istiqamətində kəşfiyyata getmiş kəşfiyyatçılar da yeni xəbərlə qayıtmışdılar. Onlar xəbər verirlər ki, Qüreyş ordusu bütün imkanlarına baxmayaraq, qorxuya düşüb. Sanki, Allah qorxudan ibarət bir ordunu onların qəlblərinə yeridib. Bu xəbər də tez bir zamanda müsəlmanların arasında yayılır.

Ertəsi gün səhər tezdən İslam ordusu yükək əhval ruhiyyə ilə düşmən ordusunun qarşısında cərgəyə düzülür. Müharibə başlamazdan əvvəl Peyğəmbər (s) məkkəlilərə sülh təklifi ilə bir nümayəndə göndərib buyurur: İlk hücum edəcəyimiz dəstənin siz olmağınızı istəmirəm.

Bəzi Qüreyş başçıları Peyğəmbər (s) tərəfdən irəli sürülmüş sülh təklifini qəbul etmək fikrində idilər. Lakin yenə də Əbu Cəhl mane olur. Nəhayət, müharibə alovu şölələnir. İlk olaraq, o dövrün döyüş adət-ənənələrinə görə, hər iki ordudan seçilmiş bir neçə döyüşçü təkbətək döyüşə başlayır. İslam ordusu tərəfindən Peyğəmbərin əmisi Həmzə, ordunun ən gənc döyüşçüsü Əli (ə) və digər şücaətli əsgərlər təkbətək döyüşdə öz rəqiblərini zərərsizləşdirərək düşmən ordusunun ruhiyyəsini bir az da zəiflədir.

Əbu Cǝhl başçılıq etdiyi orduya eyni vaxtda hücum əmrini verib bildirir ki, əvvəl Mədinə müsəlmanlarını öldürsünlər, sonra isə Məkkə mühacirlərini əsir alıb təbliğat üçün Məkkəyə gətirsinlər.

Çox çətin anlar idi, Peyğəmbər (s) müsəlmanlara buyurur ki, düşmən ordusunun sayına əhəmiyyət vermədən, yalnız və yalnız qarşılarında duran əsgərə baxsınlar, dişləri bir-birinə sıxıb az danışsınlar və Allahdan yardım diləyərək Peyğəmbərin (s) fərmanından boyun qaçırmayıb qələbəyə ümid etsinlər.

Peyğəmbər (s) əlini səmaya doğru qaldırıb deyir:

# يا رَبِّ إِنْ تُهْلَكَ هذه الْعِصابَةُ لَمْ تُعْبَدْ


"İlahi! bu insanlar həlak olsalar (ölsələr), heç kim sənə sitayiş etməyəcəkdir."

Müsəlmanların şücaəti və müqaviməti nəticəsində müşriklər çətin anlar yaşayırlar. Nəhayət, düşmən ordusundan Əbu Cəhl daxil olmaqla 70 nəfər öldürülür, 70 nəfər isə əsir alınır. İslam ordusundan isə cəmi bir neçə nəfər şəhid olmuşdu. Beləliklə, müsəlmanlarla müşriklərin ilk silahlı savaşı İslam ordusunun qələbəsi ilə sona çatır.

Ayələrin təfsiri.



Haqqın bərqərar olması.

Bədr döyüşü haqqında qısa məlumat əldə etdiyimizə görə, ayələrin təfsirinə qayıda bilərik. İlk ayədə, yəni “Ənfal" surəsinin 7-ci ayəsində, Allah-taala Bədr döyüşündə əldə olunacaq qələbəyə işarə edərək buyurur: "Xatırlayın, bir zaman Allah sizə iki dəstədən birinin (Qüreyşin ticarət karvanının və ya onların silahlı ordusunun) sizin olacağına vəd vermişdi”.

وَإِذْ يَعِدُكُمُ اللهُ إِحْدَى الطَّائِفَتِيْنِ أَنَّهَا لَكُمْ


Siz silahsız karvanın sizin olmasını arzu edirdiniz."

Rəvayətdə nəql olunur ki, Peyğəmbər (s) onlara belə buyurmuşdur:

# إحدَ الطائِفَتَيْنِ لَكُمْ إِمَّا الْعِيرُ وَ إِمَا النَّفِيرُ


(İyr) karvan, (nəfir) isə ordu mənasındadır. Lakin ayədə gördüyümüz kimi, ordu sözünün yerinə (zatiş-şəvkət), karvan sözünün yerinə isə (ğayrə-zatiş-şəvkət) ifadələrindən istifadə olunmuşdur. Bu ifadələrin özünəməxsus incəlikləri vardır. Çünki qüdrət və qüvvət mənasını verən (şəvkət) sözü, (şəvk) sözündən alınmışdır və tikan mənasında işlənir. Bundan başqa, süngü və hər növ silaha da (şəvkət) deyilir. Silah qüdrət nişanəsi olduğu üçün qüdrət və iqtidar da (şəvkət) adlandırılır.

Deməli (zatiş-şəvkət) silahli əsgərlər (ğayrə-zatiş-şəvkət) isə silahsız karvan mənasındadır.

Yəni aranızda bəziləri, öz rahatlığı, yaxud maddi mənfəət (qazanc) əldə etmək hissi üzündən silahlı ordu ilə deyil, məhz ticarət karvanı ilə üzləşmək istəyirdi. Lakin müharibənin sonu göstərdi ki, müsəlmanların gələcək qələbələrinin yolunu açmaq üçün düşmənin hərbi qoşununu darmadağın etmək qaçılmazdır. Buna görə də ayənin davamında buyurulur:

"Allah isə Öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi”.

( وَيُرِيدُ اللهُ أَن يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ )


Bu hadisə bütün müsəlmanlara böyük ibrət dərsi olaraq göstərdi ki, müxtəlif hadisələrdə dardüşüncəli və yalnız bu günü fikirləşən deyil, uzaqgörən olmaq lazımdır. Baxmayaraq ki, uzaqgörənliyin özünə görə çətinlikləri var, dardüşüncəlilik isə ötəri olsa da, rahatlıq və maddi mənfəətlə bərabərdir. Çünki ilk qələbə köklü və hərtərəfli, ikinci qələbə isə səthi və müvəqqətidir.

Bu ibrət dərsi təkcə həmin dövrün müsəlmanlarına aid deyil, həm də bugünkü müsəlmanlar o ilahi təlimdən ilham almalıdırlar. Belə ki çətinliklər və yorucu səylər onları köklü proqramlardan əl çəkib əvə zində prinsipsiz, lakin rahat işlərə sövq etməməlidir.

Sonuncu ayə Bədr döyüşündə müsəlmanların düşmən ordusu ilə silahlı savaşının əsas hədəfini açıqlayır: Haqq, yəni tövhid, İslam, ədalət və insan azadlığı xurafat və zülmün əlindən xilas olsun! Batil, yəni şirk, küfr, imansızlıq, zülm və fəsad məhv olub aradan getsin! Baxmayaraq ki, günahkar müşriklər bunu istəmir.

"Günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi”.

لِيُحِقَّ الْحَقَّ وَيُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ


Görəsən, ilk baxışdan göründüyü kimi, ayənin məfhumu keçən ayədəki məsələyə təkid olaraq buyurulmuşdur, ya yeni bir məsələyə işarə edir?

Fəxr Razi ("Kəbir" təfsirində) və "Əl-Mənar" təfsirinin müəllifi kimi bəzi təfsirçilər belə yazırlar: Əvvəlki ayədə “haqq” sözü müsəlman- ların Bədr döyüşündə əldə etdikləri qələbə, ikinci ayədə keçən “haqq” sözü isə İslam və Quranın qələbəsidir ki, nəticədə, Bədr döyüşündə hərbi zəfərə nail oldular.

Beləliklə, həmin xüsusi şəraitdə hərbi qələbə İslam məktəbinin qələbəsinin başlanğıcı idi.

Belə bir ehtimal da mümkündür ki, ötən ayə Allahın iradəsinə (Peyğəmbərin (s) fərmanı ilə öz təzahürünü tapmış təşrii iradə), sonuncu ayə isə bu hökmün nəticəsinə işarə etmişdir.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...