Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 5

Ənfal surəsi, 9-14-cü ayələr

Ənfal surəsi, 9-14-cü ayələr



إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ أَنِّي مُمِدُّكُمْ بِأَلْفٍ مِنَ الْمَلَائِكَةِ مُرْدِفِينَ .٩


وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَى وَلِتَطْمَئِنَّ بِهِ قُلُوبُكُمْ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ .١٠


إِذْ يُغَشِّيكُمُ النُّعَاسَ أَمَنَةً مِنْهُ وَيُنَزِّلُ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُطَهِّرَكُمْ بِهِ وَيُذْهِبَ عَنْكُمْ رِجْزَ الشَّيْطَانِ وَلِيَرْبِطَ عَلَى قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ الْأَقْدَامَ .١١


إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلَائِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُوا الَّذِينَ آمَنُوا سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوا فَوْقَ الْأَعْنَاقِ وَاضْرِبُوا مِنْهُمْ كُلَّ بَنَانٍ .١٢


ذَلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ وَمَنْ يُشَاقِقِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ .١٣


ذَلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ .١٤


Ayələrin tərcüməsi



9\. Rəbbinizdən kömək dilədiyiniz, Onun da duanızı: "Mən sizə bir-birinin ardınca enən min mələklə yardım edərəm!” - deyə qəbul buyurduğu zamanı (xatırlayın).

10\. Allah bunu yalnız bir müjdə olsun və qəlbiniz onunla rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət, hikmət sahibidir!

11\. Üzərinizə Allah tərəfindən istirahət və rahatlıq vasitəsi olan xəfif bir yuxu çökdüyü, sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, ürəklərinizi möhkəm və addımlarınızı mətin (ayaqlarınızın altını möhkəm) etmək üçün göydən üstünüzə yağış yağdırdığı vaxtı xatırlayın!

12\. Rəbbinin mələklərə: "Mən də sizinləyəm. Möminlərə qüvvət verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Zərbələri onların boyunlarına endirin, bütün barmaqlarını doğrayın!", - deyə vəhy etdiyi zamanı xatırlayın!

13\. Bu, onların Allah və Onun Peyğəmbəri ilə düşmənçilik etməsinə görədir. Kim Allah və Onun Peyğəmbəri ilə düşmənçilik etsə, (şiddətli əzaba düçar olar). Allah şiddətli əzab verəndir.

14\. Bunu (dünyadakı bu əzabı) dadın. Kafirlər üçün (o biri dünyada) od əzabı da olacaq.

Ayələrin təfsiri.



Bədr döyüşündə ibrətli hadisələr.

Bu ayələr Bədr döyüşünün həssas səhnələrinə və Allah-taalanın çətin, qorxulu anlarda müsəlmanlara bəxş etdiyi müxtəlif nemətlərə işarə edir. Allah-taala ilk olaraq mələklərin yardımına işarə edib buyurur: "Düşmənin həm sayının, həm də döyüş sursatının çoxluğundan qorxaraq, həyəcan içində Allaha sığınıb, Ondan kömək dilədiyiniz zamanı xatırlayın”.

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ


Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, Peyğəmbər (s) də müsəlmanlarla bərabər Allahdan kömək istəmək üçün əllərini səmaya qaldırıb deyirdi:

# لي ما وَعَدْتَنِي اللهُمَّ إِنْ تُهْلِكَ هَذِهِ الْعِصابَةُ لَا تُعْبَدُ فِي الْأَرْضِ أَللَّهُمَّ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي


"İlahi, mənə verdiyin vədə vəfa et! İlahi, bu dəstə səhabələrinə işarə edərək - həlak olsa, artıq yer üzündə Sənə ibadət edən olmaz." Həzrət (s) əllərini göyə uzatmış halda o qədər dua etdi ki, əbası çiynindən düşdü.

Ayənin davamında buyurulur: Bu zaman Allah sizin duanızı qəbul edib buyurdu: "Mən sizə bir-birinin ardınca enən min mələklə yardım edərəm”.

( فَاسْتَجَابَ لَكُمْ أَنِّي مُمِدُّكُم بِأَلْفِ مِّنَ الْمَلَائِكَةِ مُرْدِفِينَ)


"murdifin" sözü (irdaf) sözündən alınmışdır və "bir-birinin ardınca” mənasını verir. Deməli, bu sözün məfhumuna əsasən, mələklər müsəlmanlara kömək etmək üçün bir-birinin ardınca enmişdirlər.

Başqa təfsirçilər tərəfindən ayənin mənasının belə olduğu da ehtimal olunmuşdur: Köməyə gələn min nəfərlik mələk dəstəsinin ardınca müxtəlif dəstələr də var idi. Bu məna özünü “Ali-İmran" surəsinin 124-cü ayəsi ilə doğruldur. Ayədə buyurulur: "həmin vaxt sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?"

Lakin göründüyü kimi, Bədr döyüşündə müsəlmanların köməyinə gələn mələklərin sayı min nəfər olub. "Murdifinə" həmin min mələk haqqındadır. "Ali-İmran" surəsinin ayəsinə gəldikdə isə onu Allah tərəfindən müsəlmanlara verilmiş bir vədə kimi qiymətləndirə bilərik. Yəni əgər lazım gəlsə, Allah daha çox mələyi sizin yardımınıza göndərəcəkdir.

Qələbənin mələklər və bu kimi yardımların vasitəsi ilə əldə olunması fikrini inkar etmək üçün növbəti ayə buyurur: "Allah, bunu yalnız bir müjdə olsun və qəlbiniz onunla rahatlıq tapsın deyə belə etdi."

“Qələbə yalnız Allahdandır“.

Bu zahiri və batini vasitələrin hamısının fövqündə Allah-taalanın iradə və məşiyyəti durur. Çünki Allah-taala o qədər güclü və qüvvətlidir ki, heç kəs onun iradəsi qarşısında dayana bilməz; elə həkim və biləndir ki, öz köməyini yalnız layiqli şəxslərdən əsirgəməz. “Allah yenilməz qüvvət, hikmət sahibidir!"

Mələklər Bədr savaşında döyüşdülərmi?

Mələklərin Bədr döyüşündə savaşıb-savaşmamaları haqqında təfsirçilər arasında müxtəlif fikirlər vardır:

Bəzilərinə görə, məkəklər mübarizə meydanına daxil olaraq özlərinə məxsus silahlarla düşmən ordusuna hücum edib onlardan bir çoxunu məhv etmişdir.

Bu fikirdə olan təfsirçilər məsələ ilə bağlı bir sıra rəvayətlər də nəql etmişlər. Lakin əldə olan bəzi dəlillərə görə, mələklər müsəlmanlara yalnız ürək-dirək vermək üçün enmişdilər. Buna sübut olaraq aşağıda qeyd edəcəyimiz üç məsələni diqqətinizə çatdırırıq:

1\. "Ənfal" surəsinin 10-cu ayəsində oxuyuruq: "Allah-taala mələkləri müşrikləri öldürmək üçün deyil, yalnız bir müjdə olaraq və qəlbiniz onunla rahatlıq tapıb arxayınlıqla mübarizə aparasınız deyə nazil etdi."

2\. Əgər şücaətlə döyüşərək düşmən qoşununu yerlə yeksan edən mələklər olubsa, o zaman rəvayətlərdə haqlarında söz açılmış Bədr döyüşçülərinin hansı fəzilətindən danışmaq olar?!

3\. Bədr döyüşündə öldürülən müşriklərin sayı 70 nəfər idi və onların yarısını Həzrət Əli (s), qalan yarısını isə tarix kitablarında bir- bir adları çəkilmiş digər döyüşçülər öldürmüşdülər. Belə olduğu təqdirdə, mələklər kimi öldürmüşdülər?!

Allah daha sonra möminlərə verdiyi ikinci neməti xatırlayıb buyurur: “Üzərinizə Allah tərəfindən istirahət və rahatlıq vasitəsi olan xəfif bir yuxu çökdüyünü xatırlayın”.

(Yuğəşşi) sözü (ğişyan) kəlməsindən ayrılmışdır və örtmək, əhatə etmək mənasında işlənir. Sanki, yuxu müsəlmanları pərdə kimi əhətə edib, örtdü.

(nüas) yuxunun əvvəlinə, yaxud xəfif, eyni halda rahatlıq gətirən yuxuya (mürgüyə) deyilir. Bəlkə də, bu ifadə ilə müsəlmanların rahat şəkildə istirahət etməkləri ilə bərabər, düşmənin fürsətdən istifadə edib qəfil hücuma keçməməsi üçün dərin yuxuya getməmələrinə işarə edilir.

Beləliklə, müsəlmanlar həmin həyəcanlı gecəni Allah tərəfindən verilmiş bu nemət vasitəsi ilə rahat şəkildə keçirirlər və ertəsi gün mübarizə meydanında bəhrələnirlər.

Allah verdiyi üçüncü nemətə belə işarə edir: "Sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, ürəklərinizi möhkəm və addımlarınızı mətin (ayaqlarınızın altını möhkəm) etmək üçün göydən üstünüzə yağış yağdırdığı vaxtı xatırlayın!”

بِهِ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ الشَّيْطَانِ وَلِيَرْبِطَ عَلَى قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ الْأَقْدَامَ


Ayədə qeyd edilən (ricz), yəni çirkinlik həm şeytani vəsvəsələrə, həm də insanın fiziki (cismani) çirkinliyinə aiddir, yaxud hər ikisinin də nəzərdə tutulduğu mümkündür.

Yağışdan Bədrin ətrafındakı çalalara dolmuş su vasitəsi ilə müsəlmanlar həm yuyundular, həm də ondan içmək üçün istifadə etdilər. Bütün bunlardan əlavə, Allah onun vasitəsi ilə müsəlmanları ruhlandırdı və ürəklərini möhkəmləndirdi.

( وَلِيَرْبِطَ عَلَى قُلُوبِكُمْ)


“ürəklərinizi möhkəm...“

( وَيُثبت به الأَقْدَامَ)


“və addımlarınızı mətin (ayaqlarınızın altını möhkəm) etmək üçün...”

Bədr çölü qumluq olduğundan müsəlmanların ayaqları quma batır və onların yeriməsinə (addımlamasına) əngəl törədirdi. Yağışın vasitəsi ilə ayaqları möhkəmləndirdi.

Bədr döyüşünün mücahidlərinə bəxş edilmiş dördüncü ilahi nemət düşmənin ürəyinə düşən qorxu və vəhşət idi. Qorxu onların ruhiyyəsini tamamilə əllərindən almışdı. Quran buyurur: "Rəbbinin mələklərə: "Mən də sizinləyəm. Möminlərə qüvvət verin”.

“Tezliklə kafirlərin ürəklərinə qorxu salacağam”.

Qüreyşin güclü ordusu müsəlmanların kiçik qoşunu qarşısında ruhiyyəsini o qədər itirmişdi ki, hətta bəzisi müsəlmanlarla döyüşməyə belə qorxurdu. Bəzisi öz-özünə fikirləşirdi ki, bunlar adi insanlar deyillər. Bəziləri deyirdi: "Müsəlmanlar ölümü öz dəvələrinə yükləyib Yəsribdən (Mədinədən) sizə sovqat gətiriblər."

Şübhəsiz ki, Bədr qələbəsinə öz töhfəsini vermiş amillərdən biri sayılan qorxu səbəbsiz yerə düşmən ordusuna hakim olmamışdı. Müsəlmanların mətanəti, birlikdə qıldıqları camaat namazları, hərarətli şüarları və Səd ibn Məaz kimi sədaqətli möminlərin Peyğəmbərə (s) müraciəti (xitabı) müşriklərin qorxuya düşməsinə zəmin yaradırdı.

Səd ibn Mǝaz Ənsar tərəfindən nümayəndə olaraq Peyğəmbərə (s) dedi: "Ya Rəsulallah! Atam anam sənə fəda olsun! Biz sənə iman gətirdik, sənin peyğəmbərliyinə şəhadət verdik və dediklərinin hamısının Allah tərəfindən olduğuna inandıq. İstədiyin fərmanı ver və əmlakımızdan istədiyin qədər götür (al). Allaha and olsun ki, əgər bu dənizdə batmağımıza əmr etsən belə, dənizdə batacağıq (Qırmızı dənizə işarədir.) Sənin gözaydınlığın üçün xidmət etməyi Allahdan diləyirik.

Peyğəmbərə (s) dəstək ünvanında deyilmiş bu kimi sözlər dost və düşmən arasında tez bir zamanda yayılırdı. Bundan başqa, hələ Peyğəmbər (s) Məkkədə yaşayarkən müşriklər müsəlmanların dözümlülüyünün şahidi olmuşdular. Deyilən bütün bu səbəblərin hamısı əl- ələ verərək düşməni qorxuya saldı. Bir tərəfdən də düşmən ordusu istiqamətində əsən möhkəm külək, yağan leysan yağış və Məkkədə yayılmış Atikənin qorxunc yuxu mövzusunu xatırlamaq onların qorxusunu daha da artırdı.

Ayə davamında Bədr döyüşündə Peyğəmbər (s) tərəfindən müsəlmanlara verilən əmri bir daha xatırladır. Peyğəmbər (s) göstəriş vermişdi ki, müşriklərlə döyüşərkən yalnız sarsıdıcı zərbələr endirsinlər və öz güclərini karsız zərbələrlə zəiflətməsinlər.

“Zərbələri onların boyunlarına endirin.”

“Əl-ayaqlarını doğrayın!"

(Bənan) sözü (bənanə) sözünün cəmidir və barmaqların ucuna, yaxud da barmaqların özünə deyilir.

Bu ayədə (bənanə) sözünün əl və ayaq, yaxud da barmaqlar mənasında işlənməsi mümkündür. Çünki əgər əl barmaqları kəsilərsə, insan silah tuta bilməz. Yox, əgər ayaq barmaqları kəsilərsə, yeriyə bilməz.

Əmrin belə bir formada olması da ehtimal verir ki, mənası belədir: Əgər düşmən piyadadırsa başını, yox, əgər at belindədirsə, əl və ayaqlarını hədəfə almaqla sarsıdıcı zərbə endirin.

Əvvəldə də qeyd etdiyimiz kimi, bəzi təfsirçilər bu cümlənin mələklərə xitab olunduğunu bildirmişlər. Lakin bəzi incəlikləri nəzərə aldıqda cümlənin müsəlmanlara xitab edildiyi məlum olur.

Bədr döyüşündə verilən ağır fərmanlar, qəti və həlledici göstərişlərin alicənablıq və mərhəmətdən uzaq olmasının düşünülməməsi üçün buyurulur: “Müşriklər Allah və Onun Peyğəmbərinə düşmənçilik etdiklərinə görə belə şiddətli əzaba düçar olmağa layiqdirlər."

(şaqqu) sözü (şiqaq) sözündəndir, “yarıq” və “ayrılıq” mənasında işlənir. Düşmən, üsyançı və ümumiyyətlə, müxalif öz yolunu ayırdığı üçün ona "şiqaq" deyilir. Bu səbəbdən ayənin davamında buyurulur: "Kim Allah və Onun Peyğəmbəri ilə düşmənçilik etsə, (dünya və axirətdə şiddətli əzaba düçar olar). Çünki Allah (geniş və sonsuz mərhəmət sahibi olduğu kimi) şiddətli əzab verəndir."

اللهَ وَرَسُولَهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ


Sonuncu, yəni 14-cü ayə təkid olaraq buyurur: “Bunu (döyüş meydanındakı ağır zərbələr, ölüm, əsir düşmək və məğlub olmaq kimi dünyada verilən əzabı) dadın. (və axirətdə düçar olacağınız əzabı da gözləyin). Çünki kafirlər üçün (o biri dünyada) od əzabı (Cəhənnəm əzabı da olacaq).

ذَلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...