Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 6
Ənfal surəsi, 15-18-ci ayələr
Ənfal surəsi, 15-18-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا زَحْفًا فَلَا تُوَلُّوهُمُ الْأَدْبَارَ .١٥
وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلَّا مُتَحَرِّفًا لِقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَى فِئَةٍ فَقَدْ بَاءَ بِغَضَبٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ .١٦
فَلَمْ تَقْتُلُوهُمْ وَلَكِنَّ اللَّهَ قَتَلَهُمْ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَكِنَّ اللَّهَ رَمَى وَلِيُبْلِيَ الْمُؤْمِنِينَ مِنْهُ بَلَاءً حَسَنًا إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ .١٧
ذَلِكُمْ وَأَنَّ اللَّهَ مُوهِنُ كَيْدِ الْكَافِرِينَ .١٨
Ayələrin tərcüməsi
15\. Ey iman gətirənlər! Döyüş meydanında bir yerə toplaşmış kafirlərlə qarşılaşsanız, onlara arxa çevirməyin!
16\. Yenidən hücuma keçmək məqsədi ilə meydanı tərk edən və ya başqa bir dəstəyə (mücahidlər dəstəsinə) qoşulmaq məqsədi güdən şəxs istisna olmaqla, belə bir vaxtda onlara arxa çevirən hər kəs Allahın qəzəbinə tuş gələcək. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
17\. Onları siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbər! Onların üz-gözünə torpaq və çınqıl) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir sınağa çəkmək istəyirdi. Allah eşidəndir, biləndir!
18\. Bu, belə idi (mömin və kafirlərin taleyi gördüyünüz kimi idi). Allah kafirlərin planlarını zəiflədəndir!
Ayələrin təfsiri.
Cihaddan (döyüşdən) qaçmaq qadağandır.
Keçən ayələrin təfsirində qeyd etdiyimiz kimi, Bədr hadisələrini və həmin hadisələrdə Allah tərəfindən ilk müsəlmanlara verilmiş nemətləri xatırlamaq keçmişdən dərs almaq məqsədi daşıyır. Bu səbəbdən də indi təfsir edəcəyimiz ayələr möminlərə xitab edərək ümumi müharibə qaydasını göstərib buyurur: "Ey iman gətirənlər! Döyüş meydanında bir yerə toplaşmış kafirlərlə qarşılaşsanız, onlara arxa çevirməyin!"
( يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا زَحْفًا فَلَا تُوَلُّوهُمُ الْأَدْبَارَ)
(ləqitum) sözünün kökü (liqa) sözüdür. Lüğətdə toplaşmaq və qarşılaşmaq mənasında işlənir. Lakin çox vaxt müharibə meydanında qarşılaşmağa deyilir.
(zəhf) əslində ayağı yerə sürtərək bir şeyə yaxınlaşmağa deyilir. Uşağın yeriməyə başlamazdan əvvəl iməkləməsinə, dəvənin yorularkən ayağını sürükləyərək yeriməsinə, həmçinin böyük ordunun hərəkətinə də (zəhf) deyilir. (Çünki böyük bir qoşun hərəkət edərkən uzaqdan elə görünür ki, sanki sürünərək irəliləyir.)
Yuxarıda qeyd etdiyimiz ayədə (zəhf) ifadəsindən istifadə etməklə, Bədr döyüşündə olduğu kimi, düşmənin həm sayının, həm də silah-sursatının dəfələrlə çox olmasına baxmayaraq, müqavimət göstərərək qələbə çalınmasına işarə edilir.
Döyüş meydanından qaçmaq İslamda ən böyük günahlardan biri hesab edilir. Bu səbəbdən də növbəti ayə döyüş meydanından qaçanları böyük bir cəzanın gözlədiyini bəyan edərək buyurur: "Yenidən hücuma keçmək məqsədi ilə meydanı tərk edən və ya başqa bir dəstəyə (mücahidlər dəstəsinə) qoşulmaq məqsədi güdən şəxs istisna olmaqla, belə bir vaxtda onlara arxa çevirən hər kəs Allahın qəzəbinə tuş gələcək."
وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلَّا مُتَحَرِّفاً لِّقَتَالِ أَوْ مُتَحَيِّزاً إِلَى فِئَةٍ فَقَدْ بَاءِ بِغَضَبٍ مِّنَ اللَّهِ
Göründüyü kimi, ayədə iki qaçış istisna olunmuşdur - ilk baxışdan döyüş meydanından qaçmaq kimi görünsə də, əslində, döyüş taktikasıdır.
1\. Ayədə yenidən hücuma keçmək məqsədi "mutəhərrifə əl qital" cümləsi ilə ifadə olunmuşdur. (mütəhərrif) sözünün kökü (təhərrüf)- dür və lüğətdə mərkəzdən iki cinaha doğru çəkilməyə deyilir. Yəni döyüş taktikası olaraq, düşmənin qarşısından qaçıb onu öz arxası ilə meydandan uzaqlaşdırdıqdan sonra qəfil və gözlənilməz hücumla məhv etmək, yaxud düşməni yormaq üçün döyüş və qaçış taktikasından istifadə etməkdir. Necə deyərlər: "Müharibə döyüş və yenidən hücum etmək üçün geri çəkilməkdən ibarətdir."
أَلْحَرْبُ كَر وَ فَرٌّ
2\. Özünü döyüş meydanında tək görüb başqa bir dəstəyə (mücahidlər dəstəsinə) qoşulmaq məqsədi ilə geri çəkilərək, digər dəstələrə qoşulduqdan sonra yenidən hücuma keçən döyüşçü.
Hər halda, döyüş meydanından qaçmağın haram olmasını elə təfsir etməliyik ki, döyüş manevr və taktikalarına xələl gəlməsin. Çünki bir çox qələbələrin səbəbi məhz döyüş taktikaları olmuşdur.
Ayə sonda döyüşdən qaçanın ilahi əzaba düçar olacağına və çox pis yerə düşəcəyinə işarə edərək buyurur: "Onun məskəni (sığınacağı) Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!”
(Baə) sözü (bəvaə) kökündən ayrılmışdır və qayıdış mənasındadır. Lakin əsl mənası bir məkanı düz və hamar etməkdən ibarətdir. İnsanın oturan zaman yerini düz və hamar etməsinə (bəvə) deyilir. Bundan başqa, insan öz evinə döndüyü üçün “qayıdış” mənasını da verir. Yuxarıdakı ayədə bəyan olunduğu kimi, döyüşdən qaçanlar həmişəlik olaraq Allahın qəzəbinə elə məhkum olublar ki, sanki, ilahi qəzəbdə məskunlaşıb onu özlərinə mənzil seçiblər.
(məva) sığınacaq deməkdir. Ayədə deyilən: “Cihaddan qaçanların sığınacağı Cəhənnəmdir” cümləsinin, əslində, mənası budur ki, onlar ölməmək üçün müharibədən qaçmaqla sığınacaq tapmaq istəyirlər. Lakin istəklərinin əksi olur. Yəni döyüşdən qaçanlar təkcə axirətdə deyil, həm də bu dünyada məhrumiyyət və məğlubiyyət zillətinin yandırıcı cəhənnəmində sığınacaq tapacaqlar.
“Üyuni-əxbarir-Riza” kitabında belə nəql olunmuşdur: İmam Rza (ə) döyüşdən qaçmağın haram olmasının səbəbini soruşan İbn Şazan adlı səhabəsinin cavabında belə buyurmuşdur: “Allah-taala döyüşdən qaçmağı haram etmişdir. Çünki bu hərəkət Allahın dininin yüngül sayılmasına, peyğəmbər və adil imamların təhqir edilməsinə səbəb olur. Döyüş meydanından qaçanlar peyğəmbərə və imamlara yardım göstərməkdən imtina etmiş hesab edilirlər. Buna görə də ilahi əzaba düçar olurlar. Çünki onlar bununla Peyğəmbərin (s) Allahın rəbb olmasının təsdiqi, ədalətin bərqərar edilməsi, zülmə son qoyulması, fəsadın yer üzündən silinməsi ilə bağlı çağırışlarını tərk etmiş olurlar, digər tərəfdən, düşmənlərin müsəlmanlara qarşı cürətlənməsinə, onların müsəlmanları əsir götürmək, qətlə yetirmək, Allahın dinini məhv etmək və sair fəsadları törətmək kimi fikirlərə düşməsinə səbəb olurlar."
İmam Əlinin (ə) malik olduğu və bəzən örnək olsun deyə başqalarına nümunə göstərdiyi üstün keyfiyyətlərdən biri də döyüş meydanından qaçmaması idi. Belə ki İmam Əli (ə) buyurmuşdur:
# فَإِنِّي لَمْ أَفِرّ مِنَ الزَّحْفِ قَط وَ لَمْ يُبارِزْني أَحَدٌ إِلَّا سَقَيْتُ الْأَرْضَ مِنْ دَمِهِ
"Həyatım boyu çoxlu müharibələrdə iştirak etsəm də, sayca qat-qat çox olan düşmənin qarşısından heç vaxt qaçmadım, meydanda mənimlə qarşılaşan elə bir adam olmadı ki, qanı ilə torpağı sulamayım."
Sünni təfsirçilərinin bəzilərinə görə yuxarıdakı hökm, yəni müha- ribədən qaçmağın qadağan olunması, yalnız Bədr döyüşünə, aiddir. Halbuki ayənin yalnız Bədr döyüşünə aid olması haqqında heç bir dəlil yoxdur. Bundan əlavə, ayənin ümumi məfhumu göstərir ki, hökm bütün dövrlərdə yaşayan döyüşçülərə aiddir. Həmçinin, digər ayə və rəvayətlər də bunu təsdiq edir. (Əlbəttə, bu hökmün özünəməxsus şərtləri vardır ki, bu surənin gələn ayələrində geniş şəkildə şərh edəcəyik.)
Daha sonra, müsəlmanların Bədr döyüşündə çaldıqları qələbənin səbəbini yalnız öz fiziki hazırlıqlarında görüb məğrur olmamaları və həmişə Allahı xatırlayıb Onun (qeybi) yardımlarını unutmamaları üçün buyurulur: “Onları (Bədr meydanında) siz öldürmədiniz, bəlkə, Allah öldürdü”.
"(Ya Peyğəmbər! Onların üz-gözünə torpaq və çınqıl) atdığın zaman sən atmadın, Allah attı”.
Hədislərdə və təfsir alimlərinin sözlərində qeyd edilir ki, Bədr döyüşündə Peyğəmbər (s) İmam Əliyə (ə): “mənə bir ovuc qum və çınqıl ver”, – deyə buyurur. İmam Əli (ə) belə də edir. Peyğəmbər (s) onu Qüreyş müşriklərinə doğru atıb buyurur:
—(Üzünüz qara olsun!)
Toz-torpaq müşrikərin gözünə dolur və Peyğəmbərin (s) bu əməlinin möcüzəli təsiri nəticəsində düşmən ordusu qorxuya düşür.
—Qələbə ilə nəticələnən bütün bu işlərin hamısı Peyğəmbər və Bədr döyüşçüləri tərəfindən yerinə yetirilsə də, "bunları siz etmədiniz”, deməkdə məqsəd aşağıdakılardır:
1\. Bədr qələbəsinin əsası sayılan döyüşçülərin fiziki və mənəvi hazırlığı, həmçinin onların iman gücü Allah tərəfindən verilmiş güc idi və onlar Allahın yardımı ilə Onun yolunda addım atdılar.
2\. Bədr meydanında müsəlmanların ruhiyyəsinin yüksəlməsinə və düşmənin sarsılmasına səbəb olan möcüzəli hadisələr baş verdi. Bu fövqəladə təsirin özü də Allah tərəfindən bəxş edilmişdi.
Əslində, bu, ayənin "cəbr və təfviz" məktəbinin təkzibi üçün incə işarəsidir. Yəni düşmənlərin ölümünü müsəlmanlara və toz-torpağın səpilməsini Peyğəmbərə (s) aid etdiyi halda, bu işin onlar tərəfindən edilmədiyini ortaya qoymaqla çatdırmaq istəyir ki, “nə cəbr və nə də təfviz, bəlkə, orta mövqe.
Şübhəsiz ki, bu kimi ifadələrdə ziddiyyət yoxdur. Çünki ayənin məfhumu çatdırır ki, “qələbə həm sizin tərəfinizdən, həm də Allah tərəfindən çalınmışdır. Sizin iradənizlə çalındığına görə sizin, Allahın güc və yardımı ilə qazanıldığına görə isə Allahın qələbəsidir."
Bu ayəni bəziləri cəbr məktəbinin, bəziləri isə "vəhdəti-vücud" məktəbinin dəlili kimi qələmə vermişlər. Lakin hər ikisinin cavabı özünəməxsus incəliklə ayənin özündə əksini tapmışdır.
Ayənin sonunda çox əhəmiyyətli bir məsələyə işarə edilir: "Bədr döyüşü müsəlmanların sınaq meydanı idi."
"Allah bununla möminləri yaxşı bir sınağa çəkmək istəyirdi.”
( وَلِيُبْلِيَ الْمُؤْمِنِينَ مِنْهُ بَلاء حَسَناً)
"Bəla" əslində, sınağa çəkmək və imtahan etmək mənasındadır. Sınaq bəzən nemətlər vasitəsi, bəzən isə müsibət və cəza vasitəsi ilə həyata keçirilir. Nemət vasitəsi ilə olunan sınağa “bəlau-hüsnin” (yaxşı sınaq), müsibət və cəza vasitəsi ilə olunan sınağa isə "bəlau-səyyiin” (pis sınaq) deyilir. Buna misal olaraq, Quran-Kərim Bəni-İsrail haqqında buyurur:
وَ بَلَوْنَاهُمْ بِالْحَسَنَاتِ وَ السَّيَاتِ
"Onları yaxşılıq və pisliklərlə imtahan etdik.”
Allah-taala müsəlmanları gələcəyə ümidvar və arxayın etmək üçün güclü düşmənlə ilk silahlı savaşda qələbənin şirinliyini onlara dadızdırdı. Bu ilahi nemət (Bədr qələbəsi) bütün müsəlmanlar üçün bir imtahan idi. Lakin onlar həmin qələbədən məğrurlaşıb düşməni kiçik saymamalı, hər an hazırlıqlı olmalı və ilahi mərhəmətə sığınmalıdırlar.
Beləliklə, bu cümlə ilə ayə tamamlanır: "Allah eşidəndir, biləndir!"
( إِنَّ اللهَ سَمِيعٌ عَلِيمٌ)
Yəni Allah Peyğəmbərin (s) və möminlərin duasını eşitdi. Onların xalis niyyətlərindən agah olduğu üçün mərhəmət göstərib düşmənə qələbə çaldırdı. Həmçinin gələcəkdə də onlarla niyyətləri, comərdlikləri və müqavimətləri əsasında rəftar edəcək. Pak niyyətli mücahidlər zəfər çalacaq, riyakar və ikiüzlü yalançılar isə məğlubiyyətə düçar olacaqlar.
Sonuncu ayə bir daha təkid olaraq buyurur: "Mömin və kafirlərin taleyi gördüyünüz kimi idi.”
"Allah kafirlərin planlarını zəiflədəndir ki, möminlərə və onların planlarına ziyan vura bilməsinlər”.