Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 7
Ənfal surəsi, 19-cu ayə
Ənfal surəsi, 19-cu ayə
إِنْ تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ وَإِنْ تَنْتَهُوا فَهُوَ خَيْرٌ لَكُمْ وَإِنْ تَعُودُوا نَعُدْ وَلَنْ تُغْنِيَ عَنْكُمْ فِئَتُكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ وَأَنَّ اللَّهَ مَعَ الْمُؤْمِنِينَ .١٩
Ayənin tərcüməsi
19\. Əgər siz qələbə istəyirsinizsə, qələbə artıq sizə üz tutdu. Əgər (müxalif mövqeyinizdən) əl çəksəniz, bu, sizin üçün daha xeyirli olar. Yox, əgər qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi (Allahın yardımından) ehtiyacsız etməz. Allah möminlərlədir!
Ayənin təfsiri.
Qələbə yaxındır.
Bu ayənin kimin haqqında nazil olması barədə təfsirçilər arasında fikir ayrılığı vardır: Belə ki bəzilərinə görə, ayə müşriklər haqdadır. Çünki müşriklər Məkkədən Bədrə doğru hərəkət etməzdən əvvəl Kəbə evinə gəlib, özlərini haqq bildikləri üçün Kəbənin pərdəsindən tutub deyirlər:
# أَللَّهُمَّ انْصُرْ أَعْلَى الْجُنْدَيْنِ وَ أَهْدَى الْفِئَتَيْنِ وَ أَكْرَمَ الْحِزْبَيْنِ
"İlahi! Bu iki ordudan, (Qüreyş və müsəlmanlardan) ən üstününü, doğru yolda olanını və daha əzizini zəfər çaldır.”
Həmçinin nəql olunmuşdur ki, Əbu Cǝhl dua edib deyir: İlahi! Bizim dini adət-ənənələrimiz daha qədim və uludur. Muhəmmədin dini isə yeni və xamdır. Bu iki dindən hansı biri Sənin yanında sevimlidirsə, onun ardıcıllarına qələbə qazandır."
Bədr döyüşü sona çatdıqdan sonra bu ayə nazil olur: "Siz əgər haqq olan dinin qələbə çalmasını istəyirsinizsə, qələbə artıq sizə üz tutdu”.
"Əgər (müxalif mövqeyinizdən) əl çəksəniz, bu, sizin üçün daha xeyirli olar”.
"Yox, əgər (müsəlmanlara qarşı döyüşə) qayıtsanız, Biz də (yenidən sizə qarşı) qayıdarıq."
Yəni: Müsəlmanları qalib, sizi isə məğlub edəcəyik.
Sayınızın çoxluğuna arxayın olmayın, çünki: “Dəstəniz nə qədər çox olsa da, sizi (Allahın yardımından) ehtiyacsız etməz."
# فِئَتْكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ
“Allah möminlərlədir!"
Lakin ayənin həm özündən əvvəl, həm də sonrakı ayələrin möminlərə aid olması, digər tərəfdən ayələrin məfhumuna əsasən, bir-biri ilə sıx mənəvi bağlılığı olduğundan yuxarıda deyilən təfsirin həqiqətə uyğun olmadığı təsdiqini tapır. Deməli, bir neçə ayənin arasında təkcə bir ayənin kafirlərə xitab etməsi heç də düzgün görünmür. Bu səbəbdən sair təfsirçilər ayənin möminlərə xitab etdiyini bildirirlər. Bu nəzərə əsasən, ayənin təfsiri belədir: Bədr döyüşündən sonra bəzi yeni müsəlman olmuş və zəif imanlı müsəlmanlar arasında döyüş qənimətlərinin bölgüsü üstündə münaqişə yarandı. Ayələr nazil oldu və həmin müsəlmanları töhmətləndirərək döyüş qənimətlərinin Peyğəmbərə (s) aid olduğunu ortaya qoydu. Peyğəmbər də (s) qəniməti bərabər şəkildə müsəlmanların arasında böldü. Daha sonra möminlərin təlim-tərbiyəsi üçün Bədr döyüşündə baş vermiş hadisələri xatırladaraq Allahın böyük bir ordu qarşısında onları necə qalib etdiyini bir daha yadlarına saldı.
Bu ayə də eyni ilə özündən əvvəlki ayələrin məfhumunu təqib edərək xatırladır ki, "siz müsəlmanlar Allahdan qələbə istədiniz, Allah-taala da sizin dualarınızı qəbul edib, qələbə çalmağınıza yardım etdi. Əgər Peyğəmbərin qarşısında müxalif olmaqdan əl çəksəniz, bu, sizin üçün daha xeyirli olar. Yox, əgər etirazlara qayıtsanız, Biz də qayıdar və sizi düşmənin çəngində yalnız buraxarıq. Bu zaman sayınız nə qədər çox olsa da, Allahın yardımı olmadan heç bir qələbəyə nail ola bilməzsiniz. Allah həqiqi və Peyğəmbərin (s) əmrinə tabe olan möminlərlədir."
Bu ayədən sonrakı ayələrdə də, eyni ilə özündən əvvəlki ayələrdə olduğu kimi, möminlər müəyyən etirazlarına görə qınaq obyekti olduqlarına görə və digər tərəfdən bu ayələr arasında məfhum baxımından sıx əlaqə olduğundan ikinci təfsir nəzərə daha uyğun gəlir.