Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 8

Ənfal surəsi, 20-23-cü ayələr

Ənfal surəsi, 20-23-cü ayələr



يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَوَلَّوْا عَنْهُ وَأَنْتُمْ تَسْمَعُونَ .٢٠


وَلَا تَكُونُوا كَالَّذِينَ قَالُوا سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ .٢١


إِنَّ شَرَّ الدَّوَابِّ عِنْدَ اللَّهِ الصُّمُّ الْبُكْمُ الَّذِينَ لَا يَعْقِلُونَ .٢٢


وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُمْ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ .٢٣


Ayələrin tərcüməsi



20\. Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (sözlərini) eşitdiyiniz halda, ondan üz döndərməyin!

21\. Əslində, eşitmədikləri halda: "Eşitdik!” deyənlər kimi olmayın!

22\. Allahın nəzərində canlıların ən pisi düşünməyən karlar və lallardır.

23\. Əgər Allah onlarda bir xeyir bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Haqqı onların qulağına çatdırsa belə, yenə də üz çevirib imtina edərlər (boyun qaçırarlar).

Ayələrin təfsiri.



Eşidən karlar.

Keçən müzakirələrin ardınca bu ayələr müsəlmanları həm döyüş, həm də sülh şəraitində bütün sahələrdə İslam peyğəmbərinə (s) itaət etməyə dəvət edir. Ayələrin ləhni göstərir ki, bəzi möminlər öz vəzifələrində səhlənkarlıq etmişdirlər. Bu səbəbdən ilk ayə buyurur: "Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin”.

آمَنُوا أَطِيعُوا اللَّهَ وَرَسُولَهُ


Bir daha təkid olaraq buyurur: “(sözlərini, əmrlərini və qadağalarını) eşitdiyiniz halda, ondan üz döndərməyin!"

Şübhəsiz, Peyğəmbərin (s) əmrinə tabe olmaq həm kafir, həm də möminlərə vacibdir. Lakin burada Peyğəmbərin (s) xitabına və onun tərbiyəvi proqramına möminlər daxil olduğundan ayə möminlərə aiddir.

Növbəti ayə yenidən həmin məsələyə təkid edərək buyurur: "Əslində, eşitmədikləri halda: "Eşitdik!" deyənlər kimi olmayın!"

تَكُونُوا كَالَّذِينَ قَالُوا سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ


Bu cümlə Qurani-Kərimdə “bildikləri halda əməl etməyənlər, eşitdikləri halda qulaq ardına vuranlar və zahirdə mömin olduqları halda Peyğəmbərin əmrinə tabe olmayanlar" haqqında istifadə olunmuş çox maraqlı bir ifadədir. Yəni onların eşidən qulaqları söz və kəlamları eşidir, mənalarını başa düşür, lakin eşitdiklərinə və başa düşdüklərinə əsasən əməl etmədiklərinə görə sanki kardırlar. Çünki eşitmək və başa düşmək əməl etmək üçün başlanğıcdır. Əgər əməl yoxdursa, bu zaman başlanğıc və müqəddimə də faydasız olacaqdır.

Bu şəxslərin kimliyi haqda təfsir alimləri müxtəlif fikirlər söyləmişlər: Bəziləri, müsəlman sıralarında yer almış münafiqlərin, bəziləri bir qrup yəhudilərin, bəziləri isə ərəb müşriklərinin olduğunu bildirmişlər. Lakin yuxarıda sadalanan hər üç qrupdan olan və "eşitdik" - deyərək əməl etməyən hər kəsi ayənin məfhumuna daxil etməyin heç bir müşkülü yoxdur.

Əməl etməyib danışmaq və eşidib əhəmiyyət verməməyin insan cəmiyyətinin ən böyük bəlalarından biri və bütün bədbəxtliklərin bundan qaynaqlandığını nəzərə alaraq, növbəti ayədə bir daha məsələyə toxunulur və gözəl bəyanla buyurulur: “Allahın nəzərində canlıların ən pisi eşidən qulaqları, görən gözləri və dərk edən ağılları olmayan karlar və lallardır ki, düşünməzlər."

"Allahın nəzərində canlıların ən pisi düşünməyən karlar və lallardır."

إِنْ شَرَّ الدَّوَاب عِندَ اللهِ الصُّمُّ الْبُكْمُ الَّذِينَ لَا يَعْقِلُونَ


Quran əməl kitabıdır, dəbdəbə deyil, hər yerdə nəticələrə əsaslanır. Buna görə də O, hərəkətsiz canlını ölü və gərəksiz mövcudu, insanın səadət yolunda heç bir rolu olmayan bədən üzvünü yox sayır.

Bu ayə də zahirdə sağlam qulaqları olub, lakin ilahi ayələri eşitməyənləri kar, sağlam dilləri olduğu halda ağızlarına sükut möhürü vurub haqqı müdafiə etməyən, zülmlə mübarizə aparmayan, cahillərə yol göstərməyən, yaxşılığa əmr edib pislikdən çəkindirməyən, haqq yola dəvət etməyənləri – bu böyük ilahi neməti var-dövlət sahibləri qarşısında boşboğazlıq və yaltaqlıq üçün, yaxud haqqın təhrifi və batilin güclənməsi uğrunda işlədənləri lal, ağıl və zəka nemətinə sahib olduğu halda düzgün düşünməyənləri isə dəli hesab edir.

Növbəti ayə buyurur: Allah taala onları haqqa dəvət etməkdə heç bir şeyi əsirgəməmişdir. “Əgər Allah onlarda bir xeyir bilsəydi, (haqq sözü onlara eşitdirərdi).

وَلَوْ عَلِمَ اللهُ فِيهِمْ خَيْرًا لَّأَسْمَعَهُمْ


Bəzi rəvayətlərə görə, bir neçə inadkar bütpərəst Peyğəmbərin (s) yanına gəlib deyir: "Bizim ulu babamız Qüsəyy ibn Kilabı dirildib qəbirdən çıxartsan və o, sənin peyğəmbərliyini təsdiq etsə, biz hamımız sənə təslim olacağıq."

Bu zaman yuxarıdakı ayə nazil olub buyurur ki, onlar bu sözləri səmimi qəlbdən desəydilər, Allah-taala möcüzəli şəkildə istəklərini yerinə yetirərdi.

Lakin onlar yalan danışır və haqqa təslim olmamaq üçün bəhanə axtarırdılar.

Ayə davamında buyurur: "Əgər haqqı onların qulağına çatdırsa (yaxud ulu babaları Qüsǝyy ibn Kilabı dirildib onun şəhadətini eşitsələr) belə, yenə də üz çevirib imtina edərlər (boyun qaçırarlar).”

لَتَوَلُّوا وَّهُم مُّعْرِضُونَ


Bu cümlələr dəfələrlə haqqın sözünü eşitmiş, Quranın ruhu oxşayan ayələrini dinləmiş və onun ali məzmununu başa düşmüş şəxslər haqqındadır. Bütün bunlara baxmayaraq, yenə də haqqı, fanatizm və inadkarlıq üzündən inkar edirlər. Belələri əməlləri nəticəsində hidayətolma ləyaqətini itirdiyinə görə Allah və Onun Peyğəmbərinin (s) onlarla heç bir işi yoxdur.

Bu ayə "cǝbr" məktəbinin ardıcıllarına tutarlı cavabdır. Çünki ayə açıq aydın bəyan edir ki, insanın səadəti onun özündən asılıdır. Allah-taala insanların ləyaqətinə əsasən davranır.

İncəliklər:



1\. Anlaşılmazlıq.

Bəziləri yuxarıdakı ayəyə (Əgər Allah onlarda bir xeyir bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Haqqı onların qulağına çatdırsa belə, yenə də üz çevirib imtina edərlər) istinad edərək belə bir səhv nəticə əldə edirlər: “Əgər Allah onlarda bir xeyr görsəydi, yenə də üz çevirib imtina edərdilər."

Ayənin ilk hissəsində deyilən "haqqı onlara eşitdirərdi” cümləsinin mənası belədir: "Əgər onlar eşitmək qabiliyyətinə malik olsaydılar, haqqı onlara çatdırardı." İkinci hissədə deyilən cümlənin mənası isə belədir: “Belə bir zəmin olmadan haqqı onlara çatdırsaydı, onlar üz döndərib imtina edərdi." Deməli, yuxarıdakı cümlə iki müxtəlif mənada işlənmişdir və həmin cümlədə məntiq elminin “qiyas” (oxşarlıq) qanununu tətbiq etmək mümkün deyildir.

Bunu sadə misal ilə belə izah edə bilərik: Mən filankəsin dəvətimi qəbul edəcəyini bilsəydim, onu dəvət edərdim. Amma dəvət etsəm də, dəvətimi qəbul etməyəcək. Buna görə də dəvət etmirəm.

2\. Haqq sözü eşitməyin mərhələləri vardır Hərdən insan elə sözləri dinləyir ki, heç onun məfhumu haqqında düşünmür. Lakin inadkar insanlar buna da hazır deyildirlər. Quran bu barədə buyurur:

وَ قالَ الَّذِينَ كَفَرُوا لا تَسْمَعُوا لهذا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ


“Kafirlər: “Bu Qurana qulaq asmayın, o oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz” – dedilər.”

Hərdən də insan elə sözləri dinləyir ki, onun haqqında düşünməyə hazır olsa da, əməl etməyə qərarlı deyildir. "Muhəmməd" surəsinin 16-cı ayəsində işarə olunmuş münafiqlər kimi:

قال انفا


وَ مِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ حَتَّى إِذا خَرَجُوا مِنْ عِنْدِكَ قالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ ما ذا


"Onların arasında səni dinləyənlər də var. Ancaq sənin yanından çıxdıqda elm verilmiş şəxslərə istehza ilə deyərlər: “İndi (bu kişi) nə dedi?" Bunlar o adamlardır ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar."

Qurani-Kərim deyilən üç qrup haqqında buyurur: Onlar həqiqətdə kardırlar. Çünki həqiqi eşidənlər o kəslərdir ki, həm qulaq asır (dinləyir), həm düşünüb dərk edir, həm də ixlasla (pak niyyətlə) əməl etməyi qərara alırlar.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...