Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 13.02.2025

“Əhzab” surəsi

“Əhzab” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Allah biləndir və hikmət sahibidir. Rəbbindən sənə vəhy olunana tabe ol ki, Allah nə etdiyinizdən xəbərdardır. Allaha təvəkkül et! Allahın qoruyan və müdafiəçi olması kifayətdir. Allah heç kəsin daxilində iki ürək yaratmamışdır. Allah özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğul deyə çağırdıqlarınızı da oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (əsassız) sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir. Onları öz atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və azad edilmiş qullarınızdır. Yol verdiyiniz səhvlərdə sizə heç bir günah yoxdur. Lakin qəsdən dediklərinizə görə (sorğu-sual olunacaqsınız). Allah bağışlayandır, rəhmlidir. Peyğəmbər möminlərə onların özlərindən daha haqlıdır. Zövcələri isə möminlərin analarıdır. Allahın yazısına görə qohumlar bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək istəməyiniz (mallarınızdan bir hissəsini ona vermək istəməyiniz) isə istisnadır. Bu hökm kitabda yazılmışdır. ————————————————————————————- “Əhzab” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş yerə bölünür: 1. Allaha itaət  və kafirlərə itaətsizlik göstərməyə çağırış, münafiqlərin təklifləri. 2. Cahiliyyət dövrünün bəzi xurafatları. 3. Əhzab döyüşü. 4. Peyğəmbərin (s) müsəlman qadınlara bütün cəhətlərdən nümunə olmalı zövcələri. 5. Zeynəb bint Cəhşin əhvalatı. 6. Hicab. 7. Məad və o böyük səhnədəki qurtuluş yolu, həmçinin insanın böyük əmanətdarlığı.[1] Əsassız iddialar: Ayələrin davamında Peyğəmbərə (s) kafir və münafiqlərə deyil, yalnız vəhyə tabe olmaq göstərişi verilir. Ayədə onlara itaət göstərilməsinin insanı bir ovuc xurafatlara və azğınlıqlara sövq etdiyi qeyd edilmişdir. Ayədə həmin xurafatların üçünün adı çəkilir. Öncə belə deyilir: “Allah heç kəsin daxilində iki ürək yaratmamışdır”. Yəni insanın yalnız bir qəlbi var və həmin qəlbə təkcə bir tanrının sevgisi sığışa bilər. Çoxallahlılığa və şirkə çağıran insanların çox qəlbi olmalıdır ki, hər birini bir tanrının sevgi ocağına çevirə bilsinlər. Bu ayəni təfsir edərkən İmam Əli (ə) belə buyurmuşdur: “Bizim məhəbbətimizlə düşmənlərimizin məhəbbəti bir qəlbə sığışmaz. Çünki Allah bir insanın daxilində iki qəlb yaratmayıb ki, biri ilə sevib digəri ilə nifrət etsin. Bizim dostlarımız bizə qarşı sevgilərində qızıl od kürəsində xalisləşdiyi kimi xalisdirlər. Bu həqiqəti dərk etmək üçün hər kəs öz qəlbini yoxlasın. Qəlbində düşmənlərimizə qarşı sevgisi ilə bizə olan sevgisi qarışmış insan bizdən deyil, biz də ondan deyilik.” Quran daha sonra Cahiliyyət dövrünün digər xurafatlarından olan “zihar” məsələsindən söz açır. Belə ki, Cahiliyyət dövrünün ərəbləri öz həyat yoldaşlarından incidikdə və onlara qarşı olan nifrətlərini izhar etmək istədikdə onlara “sən mənim üçün anamın arxası kimisən” deyirdilər. Bununla da onlar öz zövcələrini anaları kimi qələmə verərək boşanmış sayırdılar. İslam bu cahil ənənəyə son qoyur, hətta bu davranış üçün cəza da təyin edir. Belə ki, İslam bu cür davranan ərə cərimə ödəməyənə qədər zövcəsinə yaxınlaşmaq qadağası qoyur, ər cərimə ödəmədiyi və arvadına yaxınlaşmadığı təqdirdə arvada şəriət hakiminə müraciət edərək ərinə iki seçim təyin etdirmək hüququ verir. Məhkəmənin hökmü ilə ər ya arvadını qanuni qaydada boşayıb ondan ayrılmalı, ya da cərimə ödəyərək əvvəlki evlilik həyatını davam etdirməlidir. Quranda daha sonra üçüncü cahil xurafata işarə edilir: “Oğul deyə çağırdıqlarınızı da oğullarınız etməmişdir.” Cahiliyyət dövrünün ənənlərinə görə bəziləri övladlığa uşaq götürür və onları oğul deyə çağırırdılar. Daha sonra oğulun malik olduğu bütün hüquqları onlara da aid edirdilər. İslam bu məntiqsiz və xurafat qaydaları kəskin şəkildə inkar edir.[2] Peyğəmbərin (s) həyat yoldaşları möminlərin analarıdır: Bu ayəyə əsasən Peyğəmbərin (s) həyat yoldaşları möminlərin anaları hesab edilir. Əlbəttə, bu hökm mənəvi münasibətlərlə məhdudlaşırdı. Yəni bu məhdudiyyət onlara hörmət göstərilməsi və onlarla ailə qurulmasının haramlığı ilə çərçivələnirdi. Yəni müsəlmanlar Peyğəmbərin (s) qızları ilə ailə qura bilərdilər. Halbuki heç kəs öz anasının qızı ilə ailə qura bilməz. Bundan başqa, məhrəmləri istisna olmaqla heç kəs onlara baxa bilməzdi. Habelə möminlər Peyğəmbərin (s) zövcələrinin varisləri ola bilməzdilər. Ayədə bəyan edilən məsələlərdən biri Peyğəmbərin (s) möminlərin onlara özlərindən üstün olması məsələsidir. Yəni Peyğəmbər (s) fərdi, ictimai, hökumət və sair məsələlərdə hər bir insana onun özündən üstün, Peyğəmbərin (s) istəyi onun özü ilə bağlı istəyindən üstündür. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Canım əlində olana and olsun, mən insana onun özündən, malından, övladından və bütün insanlardan sevimli və üstün olmayınca o, həqiqi imanı dada bilməz.”[3] Çox hədislərdə Peyğəmbərin (s) eyni haqqı İmam Əli (ə) üçün tanıdığının, onu müsəlmanlara onların özlərindən haqlı bir şəxs kimi təqdim etdiyinin şahidi oluruq.[4]     Bir zaman Biz peyğəmbərlərdən əhd aldıq; səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan! Biz onların hamısından (peyğəmbərlik və təbliğat vəzifəsini yerinə yetirərkən səhlənkarlıq etməmələri haqqında) möhkəm bir əhd aldıq. Ona görə belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun. Kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlayıb. Ey iman gətirənlər! Qoşunlar sizin üzərinizə gəldiyi zaman Allahın sizə bəxş etdiyi neməti xatırlayın. Biz də onların üstünə şiddəyli külək və görmədiyiniz qoşunlar göndərdik. Allah sizin nə etdiyinizi hər zaman görür. Bir zaman onlar (şəhərin) həm yuxarı, həm də aşağı tərəfindən üstünüzə gəlmişdilər (və Mədinəni mühasirəyə almışdılar). O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağıza gəlmiş və siz Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər sınağa çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar deyirdilər: “Allah və Onun elçisi bizə ancaq yalan vədlər vermişdir”. Onlardan bir dəstə dedi: “Ey Yəsrib[5] əhli! Bura sizin duruş gətirə biləcəyiniz yer deyil. Geri qayıdın!” İçərilərindən bir qismi: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən geri qayıtmaq üçün izn istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar, ancaq, qaçmaq istəyirdilər. Əgər düşmən Mədinənin hər tərəfindən üstlərinə hücum etsəydi və onlardan şirkə dönmələrini istəsəydi, qəbul edər və yalnız qısa müddət ləngiyərdilər. Baxmayaraq ki, onlar bundan əvvəl düşmənə arxa çevirməyəcəklərinə dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar. ————————————————————————————– 9-26. Əhzab döyüşü: Bu ayələrdə İslam tarixinin ən mühüm hadisələrindən biri olan “Əhzab” döyüşü haqqında məlumat verilir. Bu müharibə İslam tarixinin dönüş nöqtəsi olmuşdur. Bu müharibə müsəlman və kafir qüvvələrin balansını müsəlmanların xeyrinə dəyişmiş, bu müharibədə əldə edilən qələbə gələcəkdə qazanılacaq böyük qələbələr üçün giriş rolunu oynamışdır. Əslində bu müharibədə düşmənlərin beli sınmış, bundan sonra onlar heç bir mühüm iş görə bilməmişdilər. Əhzab döyüşü, adından da göründüyü kimi, İslam düşmənləri və bu dinin çiçəklənməsi ilə qeyri-qanuni maraqları təhlükəyə məruz qalan qrupların İslama qarşı koalisiyası idi. İlk döyüş qığılcımını Məkkəyə gələrək, Qüreyş tayfasını Peyğəmbərə (s)  qarşı müharibəyə qalxmağa təhrik edən, son nəfəslərinə qədər onların yanında olacaqlarını söz verən Bəni-Nəzir yəhudiləri alovlandırmışdı. Yəhudilər Qüreyş qəbiləsindən sonra Ğətfan qəbiləsinə gedərək onları da müharibə etməyə razı salmışdılar. Qüreyş və Ğətfan qəbilələri isə öz müttəfiqlərini, o cümlədən Bəni-Əsəd və Bəni-Səlim qəbilələrini də müharibəyə çağırmışdılar. Qəbilələr özlərinə qarşı təhlükə hiss etdikləri üçün İslam dininin kökünü yer üzündən birdəfəlik kəsmək üçün birləşdilər. Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə müzakirə aparırlar. Salman Farsinin təklifi ilə Mədinənin ətrafına xəndək qazırlar. Bu səbəbdən də sözügedən müharibə həm də “Xəndək” müharibəsi adlanır. Bu döyüş zamanı Peyğəmbər (s) çox çətin anlar yaşayır, canlar ağıza gəlir. İslam qoşunlarında olan münafiqlər daha canfəşanlıq edirlər. Düşmən ordusunun böyüklüyü və müsəlmanların azlığı (10 min nəfərə qarşı 3 min nəfər), düşmənlərin döyüş hazırlığı və silah-sursat ehtiyatı müsəlmanlarda gələcəklə bağlı qorxu yaratmışdı. Ancaq Allah bu döyüşdə küfrün başına sonuncu zərbə endirilməsini, münafiqlərin müsəlman sıralarından ayrılmasını və hiyləgərlərin ifşa olmasını, həqiqi müsəlmanların sınanmasını istəyirdi. Nəhayət, bu döyüş Allahın lütf və köməyi sayəsində müsəlmanların qələbəsi ilə başa çatır. Allahın əmri ilə tufan qoparaq kafirlərin çadırlarını dağıdır, düşərgələrini darmadağın edir, həyatlarını iflic vəziyyətinə salır, digər tərəfdən, görünməz mələk ordusu da müsəlmanlara yardım göstərir. Döyüş zamanı müsəlmanların göstərdiyi heyrətamiz qəhrəmanlıqlar, o cümlədən, möminlərin əmiri İmam Əlinin (ə) heç kəsin təkbətək döyüşə cürət etmədiyi Əmr ibn Əbdivudlə döyüşü və onu məğlub etməsi də bu döyüşün müsəlmanların xeyrinə qələbə ilə bitməsində mühüm rol oynayır. Müşriklər heç bir iş görmədən döyüş meydanını tərk edib qaçırlar. Müharibədən sonra bu yeddi ayə nazil olur, öz ifşaedici təhlilləri ilə münafiqlərin iç üzünü açır və müsəlmanların qalibiyyət səbəblərini göstərir. Maraqlıdır ki, xəndək qazdıqları vaxt müsəlmanlar ciddi həyəcan keçirdikləri və İslamın yer üzündən silinəcəyindən qorxduqları halda, Peyğəmbər (s) İran, Rum və Yəmənin müsəlmanlar tərəfindən fəth ediləcəyini xəbər verir. Məhz bu səbəbdən münafiqlər Peyğəmbəri (s) yalan vədlər verməkdə ittiham edirlər. 12-ci ayədə məhz bu məsələyə işarə edilmişdir. Ancaq Peyğəmbərin (s) ilahi aləmlərə açılan gözləri İran, Rum və Yəmən hökmdarlarının saraylarının qapılarının açıldığını görməyə, müsəlmanlara müjdə verməyə və gələcək sirlər üzərindən pərdə götürməyə imkan verirdi.[6]   De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçsanız, o, sizə bir xeyir gətirməz. Belə olduğu təqdirdə sizin həyatdan yalnız cüzi faydanız olacaq.” De: “Əgər Allah sizə bir pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər və ya sizə yaxşılıq etmək istəsə, kim Onun istəyinə mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər. Allah camaatı müharibədən çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun! (və döyüşdən əl çəkin)” – deyənləri tanıyır. Onlar yalnız nadir hallarda döyüşə qatılırlar. Onlar hər şeydə sizin paxıllığınızı çəkirlər. Qorxu yarandığında görürsən, sənə elə baxır və gözləri elə bərəlir ki, sanki canlarını tapşırırlar. Qorxu keçib getdikdə isə mala hərislik və xəsislik edib səni qəzəb yağan kobud və acı dilləri ilə sancırlar. Onlar iman gətirməyiblər. Buna görə də Allah onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır. Onlar müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər qayıtsalar, onlar bədəvilər arasına yayılıb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərlər. Əgər aranızda olsalar, yalnız az bir hissəsi döyüşər. Allahın elçisinin həyatı sizə – Allahın rəhmətinə və axirət gününə ümidi olanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. Möminlər müttəfiqlərin qoşunlarını gördükdə dedilər: “Bu, Allahın və Onun elçisinin bizə olan vədidir. Allah və elçisi düz deyiblər!” Bu onların yalnız imanını və itaətini artırdı. ————————————————————————————- Mane olmağa çalışan dəstə: Bu ayədə iki qruplaşmadan danışıldığı ehtimal edilə bilər: 1. Müsəlmanlar arasında yer almış münafiqlər. Ayənin orijinalında işlədilmiş “minkum” (sizdən) ifadəsi onların imanları zəif olan müsəlmanları döyüşdən yayındırmağa çalışdıqlarını göstərir. 2. Döyüş meydanından kənar olan, Peyğəmbərin (s) əsgərlərini gördükdə “bizə qoşulun və döyüşdən əl çəkin” deyən münafiqlər və yəhudilər. Başqa bir ehtimal da var ki, bu ayə bir zümrənin iki vəziyyətini bəyan edir. Ayədə müsəlmanların arasında olanda onları döyüşməkdən yayındırmağa çalışan, döyüş meydanından kənarda olduqda isə digərlərini də onlara qoşulmağa çağıran bir qrup haqqında nazil olmuşdur. Hədislərin birində qeyd edilir ki, Peyğəmbərin (s) səhabələrindən biri ehtiyacını təmin etmək üçün şəhər kənarına gedir. Bu zaman qardaşının qarşısına çörək, qızardılmış toyuq və şərab qoyub içdiyini görür. Ona deyir: “Sən burada kefdə-damaqdasan, Allahın elçisi qılınclar və nizələr arasında döyüşməkdədir.” O isə belə deyir: “Ay əbləh, sən də gəl, bizimlə otur, kefini çək. Mühəmmədin and içdiyi Allah bu meydandan əsla qayıtmayacaq.” Həmin səhabə deyir: “Yalan danışırsan. And olsun Allaha! Gedib dediklərini Peyğəmbərə (s) çatdıracağam”. Səhabə Peyğəmbərin (s) yanına gəldikdən sonra əhvalatı ona danışır və sözü gedən ayə nazil olur.[7] Müsəlmanlar üçün gözəl nümunə: Peyğəmbərlərin insanların arasından seçilməsinin səbəbi onların insanlara əməli nümunə ola bilməsi ilə bağlıdır. Çünki peyğəmbərlərin təbliğat və dəvətlərinin ən mühüm hissəsini onların əməli çağırışları təşkil edir. Buna görə də İslam alimləri məsumluğu peyğəmbərliyin qəti şərti hesab edirlər. Bu iddianın dəlillərindən biri də məhz olanların mütləq nümunə olmasıdır. Doğrudan da əgər peyğəmbərlər həyatımızın iman və təvəkkül, ixlas və şücaət, nizam-intizam və təmizlik, dindarlıq və təqva nümunəsi olsalar, həyat proqramlarımız tamamilə dəyişər, həyatımız başdan-başa nura boyanar. Quranda bu nümunənin yalnız Allaha və dirilişə ümidi olanlara və Allahı çox-çox xatırlayanlara aid olduğu qeyd edilmişdir. Əsl həqiqətdə yaradılışın əvvəli və məada inam, bu hərəkətin motivasiyası, Allahı xatırlamaq isə onun davamlılıq səbəbidir. Şübhəsiz ki, qəlbi bu cür imanla dolu olmayanlar Peyğəmbərin (s) addımının izləri ilə addımlaya, davamlı olaraq Allahı xatırlamadıqca və Şeytanı özündən uzaqlaşdırmadıqca, Peyğəmbərin (s) nümunəvi həyatını davam etdirə bilməzlər.[8] Allah və peyğəmbərinin möminlərə vədi: Bəziləri hesab edir ki, burada “vəd” deyilərkən Peyğəmbərin (s) öncədən ayrı-ayrı qrupların müsəlmanlara qarşı birləşəcəkləri nəzərdə tutulmuşdur. Buna görə də onlar koalisiya qoşunlarını gördükdə bunun Peyğəmbər (s) tərəfindən öncədən verilmiş xəbər olduğunu başa düşdülər. Bəziləri hesab edir ki, bu vəd Allah-taalanın “Bəqərə” surəsinin 214-cü ayəsində buyurduğu ayədir: “Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi:) Bilin ki, Allahın köməyi yaxındır.” Müsəlmanlar bunu daha öncə də eşitmişdilər və bilirdilər ki, əvvəlki peyğəmbər və möminlərin qarşılaşacağı müsibətlərlə qarşılaşacaq, iztirab və qorxu keçirəcəklər. Koalisiya qoşunlarını gördükdə bu hadisənin həmin vəd olunan hadisə olduğunu, tezliklə Allahın onlara yardım edəcəyini və düşmən üzərində qələbə çalacaqlarını başa düşdülər. Əslində, ayədə hər iki mövzu nəzərdə tutula bilər. Çünki ayədə vəd həm Allaha, həm də Peyğəmbərə (s) aid edilmişdir. Yəni möminlər koalisiya qoşunlarını gördükdə həm Allahın, həm də Peyğəmbərin (s) verdiyi vədi xatırladılar. Bu məsələlərdən biri Allahın, digəri isə Peyğəmbərin (s) verdiyi vədi ifadə edir.[9]   Möminlərin arasında Allahla bağladıları əhd-peymana sadiq qalan kişilər vardır. Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir. Onlar öz əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları sədaqətlərinə görə mükafatlandırsın, münafiqlərə də ya istəsə, əzab versin, ya da onların tövbələrini qəbul etsin. Çünki Allah bağışlayandır, rəhmlidir. Allah kafirləri ürəkləri qəzəblə dolu halda heç bir nəticə hasil etmədən geri qaytardı. Allah möminləri döyüşdən ehtiyacsız etdi (və onlara qələbə nəsib etdi). Allah yenilməz güc və qüvvət sahibidir. Allah kitab əhlindən (yəhudilərdən) onlara (müşriklərə) yardım edənləri möhkəm qalalarından endirdi və qəlblərinə qorxu saldı. (Elə bir vəziyyətə düşmüşdülər ki,) siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Allah) onların yerlərini, yurdlarını, mallarını, üstəlik, ayağınız dəyməyən bir yeri də ixtiyarınıza verdi. Allah hər şeyə qadirdir. Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizi bir hədiyyə ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun elçisini və axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”. Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar günah və çirkin bir iş tutsa, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. —————————————————————————————- Şəhidlər və gözləyənlər: Bu ayədə hansı insanlar haqqında danışılması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. İmam Əli (ə) buyurmuşdur: “Möminlərdən bəziləri var …” ayəsi bizim haqqımızda nazil olub. Şəhadəti gözləyən şəxs mənəm. (Daha öncə şəhidlik şərbətini içmiş şəhidlər ağası Həmzə kimi kişilərin bizdən olduğunu bilirsiniz.). Mən də öz əhd-peymanımı əsla dəyişmədim.” Ümumiyyətlə, ayənin məzmunu genişdir. Bütün dövrləri, əsrləri əhatə edir, həm Allah yolunda döyüşüb şəhidlik şərbətini içmiş, həm də heç bir tərəddüd etmədən öz əhd-peymanına sadiq qalaraq cihad və şəhidliyə hazır olan bütün ixlaslı möminlərə şamil olur. Deyilənə görə, İmam Hüseynin (ə) Kərbəlada olan silahdaşları meydana yollanmaq istədikdə İmamla (ə) vidalaşarkən o həzrətə: “Salam olsun sənə, ey Peyğəmbərin (s) oğlu!” – deyərmişlər. İmam isə onlara: “Salam olsun sizə, biz də sizin arxanızca gəlirik”, – deyər və sonra bu ayəni buyurarmış: “Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir.” Deyilənə görə İmam Hüseyn (ə) bəzi şəhidlərin şəhid olması xəbərini eşitdikdə bu ayəni oxuyarmış.[10] 28-29. Peyğəmbərin (s) zövcəsi olmaq, yoxsa dünyanın bər-bəzəyini seçmək: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı bir-birindən fərqlənməyən müxtəlif fikirlər qeyd etmişlər. Naziolma səbəblərindən məlum olur ki, Peyğəmbərin (s) zövcələri bir neçə döyüşdən əldə edilən külli miqdarda qənimətləri gördükdən sonra Peyğəmbərdən (s) çox şeylər istəməyə başlayırlar. Peyğəmbər (s) bu istəklərin yerinə yetirələcəyinin peyğəmbər ailəsi üçün acı nəticələr verəcəyini bildiyi üçün onların istəklərini yerinə yetirməkdən imtina edir və bir ay onlara yaxın getmir. Nəhayət, bu ayələr nazil olur və möminlərin zövcələrinə nümunə olmalı olan Peyğəmbər (s) zövcələrinin vəzifələrini müəyyənləşdirir. Onlara göstəriş verilir ki, Peyğəmbərin (s) zövcələri dünyanın bər-bəzəyinə qarşı etinasız olmalı, iman, saleh əməl və mənəviyyata diqqət ayırmalıdırlar. Bu göstərişlərə riayət etdikləri təqdirdə Peyğəmbərlə (s) yaşamağa və Peyğəmbərin (s) həyat yoldaşı olmağa davam edə bilərlər, əks təqdirdə, ondan ayrılmalıdırlar. Ayələrin xitab obyekti Peyğəmbərin (s) zövcələri olsa da, onların məzmunu və nəticəsi əslində, hər kəsə, xüsusilə rəhbərlik və öndərlik vəzifəsində olanlara şamil olur. Onlar hər zaman iki seçimlə qarşı-qarşıyadırlar; öz zahiri mövqe və vəzifələrindən sərvətə nail olmaq üçün istifadə etsinlər, ya da Allahın razılığını qazanmaq və insanların doğru yola yönəlməsi üçün məhrumiyyətləri qəbul etsinlər.[11] 30-31. İkiqat savab və cəza: Bu ayələrdə Peyğəmbərin (s) zövcələrinə xitab edilərək onların Allaha itaət edəcəkləri təqdirdə ikiqat savaba, aşkar günah etdikləri təqdirdə ikiqat cəzaya layiq görüləcəkləri buyurulsa da, əslində, ümumi məzmun daşıyır. Yəni o, ictimai mövqeyi və vəzifəsi olan hər bir şəxsin ailəsinə şamil olur. Çünki bu cür şəxslər təkcə özləri ilə məhdudlaşmırlar, onların iki yönü olur: yönlərindən biri özlərinə, digəri isə cəmiyyətə aid olur. Onların həyat proqramları cəmiyyəti haqq yola yönəldə və ya haqq yoldan sapdıra bilər. Buna görə də davranışlarının fərdi və ictimai olmaqla iki təsiri var. Bu yönlərin də hər birinin ayrı-ayrılıqda öz  mükafat və cəzası var. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Alimin bir günahı bağışlanınca cahilin yetmiş günahı bağışlanar.” Bundan əlavə, elmin və məlumatın qədər və ölçüsü ilə mükafat və cəza arasında sıx əlaqə var. İmam Baqir (ə)  buyurmuşdur: “Allah-taala Qiyamət günü bəndələrinin sorğu-sualına dünyada onlara verdiyi ağlın ölçüsünə əsasən nəzər salıb, sorğu-sual edəcək.” Bəzi hədislərdə mükafatın insanın dərk və məlumatı ölçüsündə veriləcəyi qeyd edilmişdir.[12]   Sizlərdən hər kim Allah və Onun elçisi qarşısında itaət və təvazökarlıq göstərib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli ruzi hazırlamışıq. Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir adi qadın kimi deyilsiniz, (əlbəttə) əgər təqvalı olsanız. Əda, işvə və nazla danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Layiqli tərzdə danışın. Evlərinizdə qalın! İlk Cahiliyyət dövründə olduğu kimi görünməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Allah günah və çirkinliyi yalnız siz Əhli-beytdən uzaqlaşdırmaq və sizi tamamilə tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allah ayələrini, elm və hikməti yada salın. Allah lütfkardır, xəbərdardır. Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, Allahın fərmanına itaət edən kişilər və qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox yad edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. ————————————————————————————— “Təthir” (təmizləmə) ayəsi: Allah-taala ayənin əvvəlində Peyğəmbərin (s) zövcələrinə xitab edir, onlara evlərində oturmaq, camaat arasına İslamdan əvvəlki Cahiliyyət dövründə olduğu kimi çıxmamaq, iffətli olmaq, namaz qılmaq, zəkat vermək, Allaha və elçisinə itaət etmək göstərişi verir. Ayənin bu hissəsində işlədilmiş altı bitişən əvəzliyin hamısı qadın cinsinin cəmindədir. Sonra ayənin ahəngi dəyişir və Allah belə buyurur: “Allah yalnız siz Əhli-beytdən günah və çirkinliyi uzaqlaşdırmaq və sizi tamamilə tərtəmiz etmək istəyir.” Ayənin bu hissəsində iki cəm əvəzliyi işlənmiş, ikisi də kişi cinsindədir. Doğrudur ki, ayənin əvvəli ilə davamı eyni məzmunu ehtiva etməlidir. Ancaq bu qanun fərqli məzmunu ifadə edən faktlar olmadığı məqamlarda doğrudur. Buna görə də ayənin ikinci hissəsinin də Peyğəmbərin (s) zövcələrinə aid olduğunu iddia edənlər ayənin zahirinə və onda olan əlamətlərə, yəni əvəzlik fərqlərinə zidd söz deyiblər. Digər tərəfdən, İslamın həm sünni, həm də şiə təriqətinə mənsub olan böyük alimləri bu ayə ilə bağlı çoxlu sayda hədis olduğunu yekdilliklə təsdiq etmişlər. Hər iki məzhəbin mötəbər kitablarında yer almış bu hədislərin sayı həddən artıq çoxdur. Həmin hədislərdə bu ayənin xitab obyektinin, Peyğəmbərin (s) zövcələri deyil, Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (Allahın salavat və salamı olsun onlara!) olduğu qeyd edilmişdir. Ayənin orijinalındakı “yurid” (iradə edir, istəyir) feli Allahın obyektiv iradəsini ifadə edir. Yəni Allah-taala əzəli fərmanı ilə siz Əhl-beyti bütün çirkinliklərdən uzaq tutmaq istəmişdir. Burada istək subyektiv deyil, obyektivdir. Çünki subyektiv istək deyilərkən Allahın onları pak və təmiz olmaq vəzifəsi ilə vəzifələndirdiyi başa düşülür. Halbuki bu vəzifənin təkcə Peyğəmbər (s) ailəsinə deyil, hər müsəlmana aid olduğunu bilirik. Belə ki, bütün müsəlmanlar Allah qarşısında özlərini təmiz saxlamaq öhdəliyi daşıyırlar. Burada obyektiv istəyin bir növ məcburiyyət yaratması təsəvvürü ortaya çıxa bilər. Belə olan təqdirdə, məsum olmağın heç bir üstünlüyü və dəyəri olmayacaq. Bu fikrə cavab olaraq deməliyik ki, məsumlar iki növ potensiala malikdirlər – zati, natural və bəxş edilən; əməllər və natural potensial əsasında formalaşan potensial. Ən azı biri ixtiyari olan bu iki potensialın məcmusundan həmin yüksək məqam hasil olur. Başqa sözlə desək, Allahın istəyi bu yüksək məqama nail olmaq üçün zəmin yaradır, bu zəmindən istifadə etmək isə artıq onların öz istək və iradəsindən asılıdır. Günahı tərk etmək və ya günah etməmək onlar üçün əqli deyil, praktiki olaraq mümkünsüzdür. Məsələn, praktiki mümkünsüzlüyə məlumatlı və imanlı bir adamın məscidə özü ilə şərab aparıb camaat namazının birinci sırasında durub içməsini misal göstərə bilərik. Ancaq bu davranış əqli olaraq mümkündür və bu davranışın ixtiyari olması ilə heç bir təzad təşkil etmir. Peyğəmbər və imamların günah etməməsi də belədir. Məsum olmaq ilahi yardımlar sayəsində olsa da, bu yardımlar özləri də hesab-kitabsız deyil. Belə ki, Quranda İbrahim Xəlilin (ə) Allahın mühüm sınaqlarından keçmədən yüksək imam və rəhbərlik məqamına layiq görülmədiyi buyurulmuşdur (Bəqərə-124). “Rics” ərəb dilində insan təbiəti baxımından və ya ağıl və şəriətin hökmü ilə nifrət edilən və çirkin sayılan istənilən çirkinliyə deyilir. İmamların bəzi kəlamlarında “rics”in günah, şirk, batil inanc, paxıllıq və həsəd mənasında işlədilməsi bu sözün daha geniş mənada götürüldüyünü göstərir. “Təthir” sözünün “təmizləmək” və “pak etmək” mənasını daşıdğını nəzərə alsaq, “sizi tərtəmiz etmək istəyir” cümləsinin əvvəlki cümlədə qeyd edilmiş “çirkinliyi sizdən uzaqlaşdırmaq istəyir” məzmununu gücləndirdirməyə xidmət etdiyini deyə bilərik. Ümumiyyətlə, Allah-taala burada təkidlə pak beşliyi (ə) istənilən çirkinlikdən təmizləmək istədiyini buyurur.[13]       Allah və Onun elçisi hər hansı işi lazım bildiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməz. Allaha və Onun elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (oğul çağırdığın Zeydə): “Zövcəni saxla, Allahdan qorx!” – deyirdin (və bunu dəfələrlə təkrar edirdin). Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman möminlərin onları almasında heç bir sıxıntı olmasın. Allahın əmri, mütləq, yerinə yetəcəkdir. Allahın Peyğəmbərə vacib buyurduğu heç bir şeydə ona maneə yoxdur. Daha öncə olanlar haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri dəqiq bir hesab və proqram üzrədir. Onlar Allahın tapşırıqlarını təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allahın haqq-hesab çəkməsi kifayətdir. Mühəmməd aranızdakı kişilərdən heç birinin atası olmayıb və deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. Ey iman gətirənlər! Allahı çox-çox xatırlayın! Səhər-axşam Onun şəninə təriflər deyin! Sizi zülmətlərdən (cəhalət və şirk zülmətlərindən) nura (iman, elm və təqva nuruna) çıxartmaq üçün sizə salam və rəhmət göndərən Odur. Onun mələkləri də (sizin üçün rəhmət diləyərlər). O, möminlərə qarşı hər zaman mehriban olmuşdur. ————————————————————————————– Ənənəni pozmaq üçün evlənmək: Bu ayə Peyğəmbərin (s) bibisi qızı Zeynəb bint Cəhş ilə Peyğəmbərin (s) azad etdiyi Zeyd ibn Harisənin evliliyi haqqında nazil olmuşdur. Besətdən əvvəl və Xədicə ilə ailə qurduqdan sonra Xədicə Zeyd adlı bir qul alır, sonralar onu Peyğəmbərə (s) hədiyyə edir. Peyğəmbər (s) isə onu azad edir. Tayfası Zeydi qəbul etmədiyi üçün Peyğəmbər (s) onu oğulluğa götürür. Peyğəmbər (s) ona bibisi qızı Zeynəbi almaq qərarına gəlir. Zeynəb əvvəl elə bilir ki, Peyğəmbər (s) onu özünə almaq istəyir. Buna görə də sevinclə razılıq verir. Ancaq sonradan Peyğəmbərin (s) özü üçün deyil, Zeydə görə elçi düşdüyünü başa düşdükdə narahat olur və Zeydlə ailə qurmaqdan imtina edir. Qardaşı Abdullah da bu izdivaca razı olmur. Bu zaman 36-cı ayə nazil olur, Zeynəb və Abdullah kimilərə xəbərdarlıq edilir ki, Allah və peyğəmbəri nəyisə lazım bildiyində kiminsə etiraz etməyə ixtiyarı yoxdur. (Çünki Allah və peyğəmbəri insanlara nəyin daha xeyirli olduğunu onların özlərindən yaxşı bilirlər). Zeynəb və qardaşı bu ayəni eşitdikdən sonra Allahın fərmanına itaət göstərirlər. Ancaq bu evlilik uzun sürmür, tərəflərin yola getməməsi onların boşanması ilə nəticələnir. Peyğəmbər (s) onların ayrılmaması üçün nə qədər səy göstərirsə, xeyri olmur. Boşanma baş verir. Sonra Zeynəbin bu ailə uğursuzluğunu aradan qaldırmaq üçün Allahın əmri ilə Peyğəmbər (s) onunla ailə qurur. Ancaq izdivacdan əvvəl Peyğəmbəri (s) iki məsələ narahat edirdi: Birincisi, Zeyd onun oğulluğu idi. Cahiliyyət dövrünün ənənələrinə görə, oğulluğa götürülmüş adam eynilə doğma oğul kimi sayılırdı. Buna görə də oğulluğa götürülmüş adamın boşadığı qadınla ailə qurmaq haram iş sayılırdı. İkincisi, Peyğəmbərin (s) azad etdiyi bir qulun boşadığı qadınla ailə qurması onun məqam və mövqeyinə uyğun davranış sayılmırdı. Ancaq Allahın əmrinə boyun əyərək böyük fədakarlıq nümayiş etdirən Peyğəmbər (s) bu cahil ənənəyə son qoyur.[14] Xatəmiyyət: Bu ayə Cahiliyyət dövrünə aid olan yanlış bir ənənəyə son qoymaq üçün Peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsindən bəhs edən sonuncu ayədir. Öncə belə buyurulur: İstər Zeyd olsun, istərsə də başqası, “Mühəmməd aranızdakı kişilərdən heç birinin atası olmayıb və deyildir.” Bir zamanlar əgər Zeydə “Mühəmmədin oğlu” deyiliridisə, bu, təbii və qohumluq əlaqəsi deyil, İslamın və Quranın hökmü ilə ortadan qaldırılmış bir adət və ənənədən irəli gəlirdi. Əlbəttə, Peyğəmbərin (s) Qasim, Təyyib, Tahir və İbrahim adlı oğlanları olmuşdur. Ancaq tarixi mənbələrin yazdığına görə, onların hamısı yetkinlik yaşına çatmamış dünyalarını dəyişmişdilər. Sonra Allah peyğəmbərlə insanların əlaqələrinin peyğəmbərlik və xatəmiyyət prinsipinə əsaslandığını buyurur. Ayənin əvvəlində qohumluq əlaqəsi tamamilə inkar edilir, ardınca isə əlaqənin peyğəmbərlik və xatəmiyyət prinsipinə əsaslanan mənəvi əlaqə olduğu isbat edilir. Ayənin çatdırmaq istədiyi başqa bir həqiqət Peyğəmbərin (s) insanlara olan sevgisinin bir ata sevgisindən daha üstün olmasıdır. Onun ümmətə olan sevgisi bir peyğəmbərin öz ümmətinə olan sevgisidir. Xüsusilə də o, özündən sonra heç bir peyğəmbər gəlməyəcəyini bilirdi. Buna görə də onlar üçün Qiyamətə qədər lazım olacaq proqramı yüksək sevgi və şəfqətlə təqdim etməli idi. “Xatəm” sonluğa deyilir. Bu ayə peyğəmbərlik missiyasının İslam peyğəmbəri ilə başa çatdığını və ondan sonra heç bir peyğəmbər gəlməyəcəyini göstərir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Mənim digər peyğəmbərlərlə olan müqayisəmi bir misalla belə izah edə bilərəm: Bir kişi gözəl bir ev tikir. Camaat evin ətrafına toplaşıb “bundan gözəl bina yoxdur. Yalnız bir kərpici çatmır”, – deyirlər. Bax həmin boş yeri dolduran sonuncu kərpic mənəm.”[15]   Onunla görüşəcəkləri gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlara çox qiymətli mükafat hazırlamışdır. Ey Peyğəmbər! Biz səni şahid, müjdəçi və qorxudan göndərdik. Həm də Allahın fərmanı ilə Ona tərəf çağıran və nur saçan bir çıraq (göndərdik). Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır. Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın himayəçi və müdafiəçi olması kifayətdir. Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur. Onları münasib bir hədiyyə ilə razı salın və gözəl tərzdə sərbəst buraxın. Ey Peyğəmbər! Mehriyyələrini verdiyin zövcələrini, Allahın sənə qənimətlər vasitəsilə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü (heç bir mehriyyə istəmədən) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Ancaq bu cür (sonuncu) izdivac digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində hansı hökmü vacib buyurduğumuzu bilirik. Bu, ona görədir ki, sənə (peyğəmbərlik vəzifəsini yerinə yetirərkən) bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir. ————————————————————————————- Özlərini Peyğəmbərə (s) bağışlamış möminə xanımlar: Şübhəsiz ki, “mehriyyə vermədən izdivac etmək” icazəsi Peyğəmbərə xas olan xüsusiyyətlərdən idi. Ayədə bu məsələ açıq şəkildə buyurulmuşdur. Buna görə də İslam fiqhinin açıq hökmlərindəndir. Ayədə verilən ümumi hökmün real həyatda nümunəsinin olub-olmaması təfsirçilərin mübahisə mövzularındandır. Ayədə qeyd edilən hökmün real həyatda həqiqətən baş verməsi tarixi cəhətdən məlum deyil. Ancaq Allahın Peyğəmbərə (s) belə bir icazə verməsi bu ayə ilə dəqiqdir.[16] Peyğəmbərin (s) zövcələrinin çox olmasının bie neçə səbəbi: Ayədəki “bu ona görədir ki, sənə bir çətinlik olmasın” cümləsi ilə Peyğəmbərə (s) xas olan hökmlərin fəlsəfəsinə işarə edilmişdir. Allah bu ayə ilə demək istəyir ki, Peyğəmbərə (s) xas olan şərtlər başqaları üçün keçərli deyil. Məhz bu fərqlilik hökmlərdə fərqlilik yaranmasına səbəb olur. Daha aydın dillə desək, bu hökm fərqliliyi Peyğəmbəri (s) məhdudiyyət və çətinliklərdən xilas etmək məqsədi daşıyır. Bu incə nüans Peyğəmbərin (s) ayrı-ayrı xanımlarla ailə qurmasının bir sıra ictimai və siyasi problemləri həll etmək məqsədi daşıdığından xəbər verir. Bilirik ki, Peyğəmbər (s) İslam dininə çağırış etməyə başlayanda tək idi, uzun müddət az sayda adam istisna olmaqla ona iman gətirən olmamışdı. O, dövrünün və yaşadığı mühitin bütün xurafat inanclarına qarşı çıxmışdı. Təbii ki, bu da bütün qəbilə və tayfaların ona qarşı səfərbər olmasına səbəb olmuşdur. Buna görə də Peyğəmbər (s) düşmənlərin bu xoşagəlməz ittifaqını darmadağın etməkdən ötrü bütün vasitələrdən istifadə etməli idi. Bu vasitələrdən biri evlilik vasitəsilə qohumluq əlaqələri yaratmaq idi. Çünki qohumluq münasibətləri Cahiliyyət dövrünün ən möhkəm bağlarından hesab edilirdi. Onlar qəbilənin kürəkənini özlərindən hesab edir, daim onu müdafiə edir, onu yalqız qoymağı günah sayırdılar. Əldə olan çoxlu sayda faktlar Peyğəmbərin (s) izdivaclarının həm də siyasi səciyyə daşıdığından xəbər verir. İzdivacların bəzisi xurafat ənənələrin darmadağın edilməsinə xidmtə edirdi. Bəzisi düşmənləri azaltmaq və dostları artırmaq, inadkar və təəssübkeş insanların və qəbilələrin məhəbbətini qazanmaq məqsədi daşıyırdı. Bildiyimiz kimi, o, gəncliyinin ən qiymətli vaxtı hesab edilən 25 yaşında dul bir qadınla (Xədicə ilə) ailə qurmuşdu. 52 yaşına qədər həmin qadınla yaşamışdır. Bu şəkildə gənclik dövrünu arxada qoyub, ömrünün son on ilində bir çox izdivaclara imza atmışdır. Deməli, bu davranışın, mütləq, heç bir cinsi istəklə əlaqəsi olmayan əsaslı səbəbləri olmalıdır. Ümumiyyətlə, o dövrün insanları arasında çoxarvadlılıq sadə və normal bir davranış sayılırdı, hətta bəzən elə olurdu ki, birinci zövcə ikinci zövcənin elçiliyini edirdi, heç kəs də buna qeyri-adi yanaşmırdı. Deməli, gənc yaşlarında Peyğəmbərin (s) bir neçə arvad almasına heç bir ictimai məhdudiyyət və ağır maliyyə şəraiti mane olmur. Digər tərəfdən, buna mane olacaq heç bir fiziki qüsuru da olmamışdır. Diqqət çəkən məqəm budur ki, tarixi mənbələrdə Peyğəmbərin (s) zövcələri arasında yalnız birinin (Aişə xanımın) bakirə və ailə qurarkən yaşının az olması qeyd edilmişdir. Bəzi tarixi mənbələrin yazdığına görə, Peyğəmbərin (s) bəzi xanımlarla izdivacı təkcə rəsmi xarakter daşımış, heç bir faktiki evlilik baş verməmişdir. Bəzən münasibətlər elçilik həddindən o tərəfə keçməmişdir. Yəni Peyğəmbər (s) yalnız elçilik etmişdir. Bu davranışı tayfa üçün fəxr səbəbi hesab edilmişdir. Bu şəkildə Peyğəmbər (s) tayfa və qəbilələrlə olan münasibətlərini möhkəmləndirmiş və onlar Peyğəmbərin (s) müdafiəsində daha qərarlı olmuşlar. Bundan başqa Peyğəmbərin (s) zövcələrinin sayının çox olmasına baxmayaraq, uşaqlarının sayı az olmuşdur. Bu da Peyğəmbərin (s) evlilikdən daha ali məqsədlər güddüyünü göstərir.[17]       Həyat yoldaşlarından istədiyini təxirə sala, istədiyini də yanına ala bilərsən. Özün­­dən kənarlaşdırdıqlarından hansı birini yanına almaq istəsən, sənə heç bir günah olmaz. Bu, onların gözlərinə işıq gəlməsi (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah biləndir, səibrlidir. Bundan sonra sənə başqa qadınla evlənmək, onları, gözəllikləri səni heyran etsə də, başqa qadınlara dəyişmək halal deyildir. Sahib olacağın cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir. Ey iman gətirənlər! Sizə yemək yeməyə icazə verilməyincə Peyğəmbərin evlərinə girməyin və (təyin edilmiş vaxtdan əvvəl gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Amma dəvət olunduğunuzda girin və yemək yedikdən sonra dağılışın, söz-söhbətə oturmayın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir, amma o, sizdən utanır (və heç bir söz demir). Allah isə həqiqət(i söyləmək)dən utanmır. (Peyğəmbərin) zövcələrindən (məişət əşyalarından) bir şey istədikdə, pərdə arxasından istəyin. Bu, həm sizin qəlbinizin, həm də onların qəlbinin təmiz qalması üçün daha yaxşıdır. Allahın elçisini incitməyə haqqınız yoxdur. Ondan sonra həyat yoldaşları ilə də əsla evlənməyin ki, bu, Allah yanında böyük (günahdır). Sizin bir şeyi aşkara çıxarmanızdan və ya gizli saxlamanızdan asılı olmayaraq, Allah hər şeydən xəbədardır. ————————————————————————————- Başqa bir problemin həlli: Bilirik ki, İslamın çoxarvadlılıqla bağlı hökmlərindən biri ərin öz vaxtını onlar arasında ədalətli şəkildə bölməsidir. Bir gecə bir zövcəyə aid olduğu halda, digər gecə başqasına aiddir. Şərait fərqli və böhran vəziyyəti olduğu, xüsusilə Mədinədə olarkən hər ay demək olar ki, bir müharibənin baş verdiyi halda bu hüquqlara riayət etmək çətin idi. Allah-taala nəzər nöqtəsi olan ayəni göndərməklə bu hökmü Peyğəmbərin (s) üzərindən götürür. Onlar öz vaxtlarını istədikləri kimi tənzimləyə bilərdilər. Baxmayaraq ki, tarixi faktlar Peyğəmbərin (s) imkan daxilində ədalət və bərabərliyə riayət etdiyini təsdiq edir. Bu ayənin və ayənin ehtiva etdiyi hökmün nazil olması Peyğəmbərin (s) həyat yoldaşlarına və onların daxili həyatlarına rahatlıq bəxş edir.[18] Allah rəsulunun (s) izdivacına dair başqa bir hökm: Bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Burada onlardan daha mühüm olan ikisini qeyd edirik: 1. Tarixi faktlar göstərir ki, müxtəlif tayfalar və fərdlər Peyğəmbərin (s) onlardan qız alması və belə bir iftixarı onlara da bəxş etməsi üçün Peyğəmbərə (s) çox təzyiqlər göstərirmişlər. Əlbəttə, bu əlaqənin müəyyən mənada Peyğəmbərin (s) ictimai-siyasi məqsədlərinə də xeyri var idi. Ancaq bir şey həddini aşdığında əlavə problemlər yaranır. Bütün qəbilələrin belə bir gözləntisi olduğu üçün Allah-taala qəti bir hökm göndərərək bu əmələ son qoyur. Həmin vaxtlar bəziləri Peyğəmbərə (s) deyirmişlər ki, sənin zövcələrinin çoxu dul və yaşlı arvadlardır. Sənə gözəl və gənc bir xanımla ailə qurmaq yaraşır. Allah diqqətləri məhz bu nöqtəyə yönəldərək, hətta gözəl olsalar belə, Peyğəmbərin (s) artıq izdivac etməsinə icazə vermədiyini buyurur.[19] 2. Bəzi hədislərdə bu ayədə “Nisa” surəsinin 23-cü ayəsində evlənilməsi qadağan olan qadınların nəzərdə tutulduğu qeyd edilmişdir. Bu təfsirə əsasən ayənin mənası belə olur: “Nisa” surəsinin 23-cü ayəsindən sonra məhrəmlərlə izdivac etmək haram, digər qadınlarla evlənmək isə halaldır. (Buradakı tərcümə birinci təfsirə əsaslanır).[20] Peyğəmbərin (s) hörmət və heysiyyətinin qorunması üçün göndərilmiş hökmlər: Bu ayədə əsasən, iki nüansa işarə edilmişdir: 1. Həm ərəblər, həm də bir çox xalqlarda belə bir adət var ki, hətta hansı məişət əşyasına və sairəyə ehtiyac duyulduğunda adətən qonşular bir-birinə müraciət edirlər. Peyğəmbərin (s) evi də bu adətdən istisna edilməmişdi. Ara-sıra Peyğəmbərin (s) də evinə gəlib həyat yoldaşlarından nə isə istəyirdilər. Təbii ki, nə qədər hicaba riayət etsələr də, Peyğəmbərin (s) həyat yoldaşlarının göz önünə çıxmaları elə də yaxşı hal sayılmırdı. Buna görə də Allah göstəriş verir ki, nə isə istədikdə pərdə və ya qapı arxasından istəsinlər. Burada “hicab” deyilərkən qadınların örtdükləri adi örtük deyil, Peyğəmbərin (s) həyat yoldaşlarına xas olan örtükdür. Əlbəttə, bu hökm başqa qadınlar haqqında nazil edilməmiş, onlar üçün hicaba riayət etmək yetərlidir. Ümumiyyətlə, İslam müsəlman qadınlarına pərdə arxasında oturmaq əmri verməmişdir. Müsəlman qadından tələb olunan yalnız İslam qaydalarına uyğun örtünməkdir. 2. Bəziləri Peyğəmbərdən (s) intiqam almaq və onu təhqir etmək üçün Peyğəmbərin (s) vəfatından sonra onun zövcələri ilə izdivac etmək, bununla da onun heysiyyətinə ləkə gətirmək qərarına gəlmişdilər. Əgər bu davranışa icazə verilsəydi, bəziləri Peyğəmbərin (s) zövcəsi ilə ailə həyatı qurduğunu bəhanə gətirərək ictimai mövqe iddiasına düşə, habelə Peyğəmbərin (s) evinin içindən və onun təlimatları ilə şəxsən tanış olduğunu iddia edib İslamı təhrif etmək xəyalına düşə və yaxud da münafiqlər bu fürsətdən istifadə edib Peyğəmbərin (s) əleyhinə, ona yaraşmayan sözlər uydurub onu hörmətdən salmağa çalışardılar. Buna görə də Peyğəmbərin (s) zövcələri özündən sonra müsəlmanlar arasında çox böyük hörmətə layiq görülmüş, həyatlarından çox razı qalmış, məhrumiyyətlərini bu qürurverici məqam qarşısında çox əhəmiyyətsiz bir şey saymışlar.[21]   Onlara (Peyğəmbərin (s) zövcələrinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, müsəlman qadınlar, sahib olduqları kölə və cariyələrin yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. Allahdan qorxun ki, Allah hər şeyə şahiddir. Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib, salam deyin və tam şəkildə itaət göstərin. Allahı və Onun elçisini incidənləri Allah həm bu dünyada, həm də axirətdə rəhmətindən uzaqlaşdırmış və onlara alçaldıcı bir əzab hazırlamışdır. Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər çiyinlərinə böhtan və aşkar bir günah yükü götürmüşlər. Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, çarşablarını özlərinə bürüsünlər. Bu onların tanınmaması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və Mədinədə yalan xəbərlər və əsassız şayiələr yayanlar əməllərindən əl çəkməsələr, səni onlara qarşı qaldırarıq. Sonra onlar bu şəhərdə sənin yanında yalnız qısa müddət qala bilərlər, hər tərəfdən qovularlar. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər. Bu, Allahın əvvəlki qövmlərlə bağlı qanunu idi. Sən Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən. ————————————————————————————- Peyğəmbərə (s) salavat: Keçən ayələrdə Peyğəmbərə (s) hörmət edilməsi, heysiyyətinin qorunması, ona əziyyət verilməməsi haqqında danışıldıqdan sonra bu ayədə öncə Allah və mələklərin Peyğəmbərə (s) olan xüsusi sevgisi qeyd edilir, ardınca möminlərə buyurulur ki, Peyğəmbərin (s) dərəcəsi o qədər yüksəkdir ki, varlıq aləminin yaradıcısı olan Allah və Allahın əmri ilə kainatı idarə edən bütün mələklər ona salam göndərirlər. İndi ki belədir, siz də bu işə qoşulun. O, yaradılış aləminin qiymətli gövhəridir. Əgər Allahın lütfü ilə onunla görüşmək sizə nəsib olsa, qiymətini bilin, onun Allah və mələklərin yanındakı qiymət və dəyərini unutmayın. Sünni və şiə raviləri tərəfindən nəql edilən çoxlu sayda hədisdə Peyğəmbərə (s) salavat göndərilərkən “Ali Mühəmməd” ifadəsinin də salavata əlavə edilməsinin zəruriliyi açıq şəkildə qeyd edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Mənə yarımçıq salavat göndərməyin. Soruşdular: Yarımçıq salavat nədir? Buyurdu: təkcə “əllahummə səlli əla Muhəmməd” deyib davam etdirməmək. Əslində, belə deməlisiniz: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”.[22] Hicab yaramazlar qarşısında qoruyucu vasitədir: Ayədə “tanınmasınlar” deyilərkən iki fikrin nəzərdə tutula biləcəyi qeyd edilmişdir: 1. O dövrdə kənizlərin başlarını və boyunlarını örtmədən küçəyə çıxmaları adi hal idi. Əxlaqi cəhətdən elə də yaxşı vəziyyətdə olmadıqları üçün bəzən avara gənclərin təcavüzlərinə məruz qalırdılar. Allah-taala bu ayədə azad qadınlara İslamın göstəriş verdiyi hicaba tam şəkildə riayət etməyi əmr verir. Məhz bununla onlar kənizlərdən fərqləndirilə və avara insanların əziyyətlərindən xilas ola bilərdilər. Əlbəttə, bu cümlə avara insanlara haqq qazandırmırdı. Əslində, məqsəd günahkarların bəhanələrinə son qoymaq idi. Ayənin məqsədlərindən biri də bu idi ki, bəzi müsəlman qadınlar hicab məsələsinə laqeyd yanaşır, hicaba laqeyd yanaşan məsuliyyətsiz qadınlar kimi, bədənlərinin bəzi hissələrini açıq qoyur, bu da əxlaqsız insanların diqqətinin cəlb edilməsinə səbəb olurdu. Ərəb dilində “cilbab” sözünün bir neçə mənası var. Ancaq daha çox yaylıqdan uzun, cadradan qısa örtüyə deyilir. “Yudninə” (yaxınlaşdırsınlar), yəni qadınlar bədənlərini tam qorumaq üçün örtüklərini özlərinə yaxın etsinlər, ona bürünsünlər. Örtükləri tez-tez yuxarı qalxıb bədənlərin görsənməsinə səbəb olacaq şəkildə sərbəst buraxmasınlar. Daha sadə və loru dildə desək, paltarlarına möhkəm sarılsınlar.[23] 60-61. Narahatlıq yaradan və şayiə yayanlara ciddi xəbərdarlıq: Ayənin məzmunundan belə başa düşülür ki, Mədinədə işləri-gücləri fitnə-fəsad törətmək olan üç qrup olmuşdur. Birinci qrup İslamı məhv etmək üçün çalışan münafiqlər idi. İkinci qrup xəstə qəlbli insanlar hesab edilən avara və əxlaqdan kəm insanlar idi. Üçüncü qrupa şayiə yayan, xüsusilə Peyğəmbər (s) müharibəyə yolandıqdan sonra şəhərdə qalanların ruhiyyəsini zəiflətməyə, Peyğəmbərin (s) və möminlərin məğlubiyyətə uğraması ilə bağlı yalan xəbərlər yayan şayiəçi insanlar aid idi. Burada qeyd edilən üç davranışın münafiqlərə aid olduğu da ehtimal edilə bilər. Bu fərqlər ayrı-ayrı qruplar deyil, bir qrupun üç ayrı xüsusiyyəti idi. Hər halda Allah buyurur ki, əgər onlar bu davranışlarını davam etdirsələr, onlara qarşı ümumi hucum əmri verəcək və möminlər bir hücumla onları şəhərə bir daha geri dönməyəcəkləri şəkildə Mədinədən qovacaqlar. Əgər şəhərdə qalanları olsa, İslamın himayəsindən çıxmış olacaqlar və müsəlmanların əlindən yaxa qurtara bilməyəcək, harada görülsələr, qətlə yetiriləcəklər.[24]   Camaat səndən Qiyamət (onun nə vaxt baş verəcəyi) haqqında soruşur. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, Qiyamət lap yaxındır. Allah kafirləri lənətləmiş və onlar üçün yandırıcı od hazırlamışdır. Orada əbədi qalacaq, heç bir himayəçi, heç bir yardımçı tapmayacaqlar. Üzləri həmin odda dəyişiləcəyi gün deyəcəklər: “Kaş biz Allaha itaət edəydik, Onun elçisinə müti olaydıq!” Deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə məruz qoy!” Ey iman gətirənlər! Musanı incidən şəxslər kimi olmayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox abırlı (və hörmətli) şəxsdir. Ey iman gətirənlər! Allahdan qorxun və haqq söz danışın ki, Allah əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun elçisinə itaət etsə, böyük bir qurtuluşa (və uğura) nail olar. Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdib qorxdular. Lakin insan onu boynuna götürdü. O, çox zalım və cahildir. Məqsəd bu idi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir. ————————————————————————————— 70-71. Əməllərinizin islahı üçün haqq söz danışın: Haqq söz (qavlun sədid) reallığı olan, mənasızlıqdan uzaq, faydası şəritə uyğun olan sözə deyilir. Söz gəzdirmək və sair kimi günah sözlər olmasın. İmanlı insan dediyinə əmin olmalı, boş, mənasız və günah olmaması üçün danışdığı sözü ölçüb-biçməlidir. Quranda bu cür danışıq əməllərin islah və günahların bağışlanma səbəbi hesab edilir. Çünki insan bu cür sözlər danışmamağa adət etdiyində artıq yalan, qeybət, mənasız, fitnə-fəsad yaranmasına səbəb olan sözlərdən uzaq olacaq, avtomatik olaraq günahdan da uzaq olacaq. Nəticədə insan islah olacaq, günahkar keçmişinin peşmançılığını çəkəcək. Əslində, elə  tövbə hesab edilən bu peşimançılığın ardınca tövbə edəcək. Allah da ömrünün qalan hissəsində onu böyük günahlardan qoruyacaq, kiçik günahlar edəcəyi təqdirdə də günahlarını bağışlayacaq (Nisa-31).[25] Əxlaq alimləri dili bədənin ən bərəkətli, eyni zamanda da ən təhlükəli və insanı günaha daha çox sürükləyən üzvü hesab edirlər. Bu kiçik üzv vasitəsilə insanın otuz günah edəcəyi qeyd edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Dil hər gün digər bədən üzvlərindən hal-əhval tutaraq soruşur: “Sabahı necə açdınız?” Onların hamısı “bizim vəziyyətimiz yaxşı olar, əgər sən imkan versən”, – deyə cavab verir. Sonra əlavə edirlər: “Bizim vəziyyətimizi nəzərə al, biz sənə görə mükafatlandırılır, sənə görə cəzalandırılırıq.”[26] İlahi əmanəti daşıması insanın ən böyük fəxridir: Böyük İslam təfsirçiləri bu ayə haqqında müxtəlif mülahizələr irəli sürmüş, əmanətin nə olduğunu müəyyən etməyə çalışmışlar. Sözügedən əmanətin əsl mahiyyətinin nədən ibarət olduğunu dərk etmək üçün insana nəzər salınmalı, onun göylər, yer və dağlarda olmayan nəyə malik olduğu dəqiqləşdirilməlidir. İnsan elə bir fövqəladə potensiala malikdir ki, bu potensialı ilə “Allahın xəlifəsi” ifadəsinin kamil nümayəndəsinə çevrilə, maariflənmə və özünü təmizləmə vasitəsilə yaradılışın ən yüksək iftixar zirvəsinə yüksələ, mələklərdən də yüksəyə qalxa bilər. Bu istedad iradə azadlığı və ixtiyarla müşayiət olunur. Yəni insan sıfırdan başlayıb sonsuzluğa istiqamət alan bu yolu öz ixtiyarı və ayaqları ilə qət edir. Göy, yer və dağlar Allahı tanıyıb Ona müti olsalar da, bu mütilik obyektiv, qeyri-ixtiyari və icbaridir. Buna görə də kamilləşmirlər. Yüksəliş və enişi sonsuz olan, ixtiyari şəkildə kamillik zirvəsinə doğru pərvaz edə biləcək olan varlıq insandır. Bu, bütün mövcudatın qəbul etməkdən imtina etdiyi, təkcə insanın öz üzərinə götürdüyü ilahi əmanətdir. Buna görə də növbəti ayədə insanlar üç qrupa təsnif edilmişlər: möminlər, kafirlər və münafiqlər. Deməli, ilahi əmanət “iradi və ixtiyari şəkildə sonsuz kamilləşmə gücü, kamil insan, xüsusi bəndəlik məqamı və ilahi rəhbərliyi qəbul etmək”dir. Əhli-beyt (ə) imamlarından nəql edilən çoxlu sayda hədislərdə “ilahi əmanət” deyilərkən möminlərin əmiri İmam Əli (ə) və övladlarının rəhbərliyinin nəzərdə tutulduğu qeyd edilmişdir. Bu da onunla bağlıdır ki, peyğəmbər və imamların rəhbərliyi bütün ilahi rəhbərliyin güclü bir şüasıdır. Allahın təyin etdiyi rəhbərlərin rəhbərliyini qəbul etmədən bəndəlik məqamına yüksəlmək və kamillik yolunu qət etmək qeyri-mümkündür.[27]         [1] Nümunə, c.17, səh.184 [2] Nümunə, c.17, səh.192 [3] Nümunə, c.17, səh.204 [4] Əl-Mizan, c.16, səh.288 [5] Mədinə [6] Nümunə, c.17, səh.216-225 [7] Nümunə, c.17, səh.234 [8] Nümunə, c.17, səh.243-264 [9] Əl-Mizan, c.16, səh.296 [10] Nümunə, c.17, səh.225 [11] Nümunə, c.17, səh.278-282 [12] Nümunə, c.17, səh.284 [13] Pəyame-Quran, c.9, səh.137 [14] Nümunə, c.17, səh.316 [15] Nümunə, c.17, səh.336 [16] Nümunə, c.17, səh.379 [17] Nümunə, c.17, səh.381 [18] Nümunə, c.17, səh.386 [19] Nümunə, c.17, səh.391 [20] Ətyəbül-bəyan, c.10, səh.520; Əl-Mizan, c.16, səh.342 [21] Nümunə, c.17, səh.401 [22] Nümunə, c.17, səh.415 [23] Nümunə, c.17, səh.427 [24] Nümunə, c.17, səh.430 [25] Əl-Mizan, c.17, səh.354 [26] Nümunə, c.17, səh.447 [27] Nümunə, c.17, səh.452

QURANI KƏRIM 13.02.2025

“Səcdə” surəsi

“Səcdə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. Bu, aləmlərin Rəbbi tərəfindən nazil edilmiş bir kitabdır. Onda heç bir şəkk-şübhə yoxdur. Ya da onlar: “(Mühəmməd) bunu özündən uydurmuşdur!” – deyirlər. Lakin bu, səndən əvvəl heç bir qorxudanın gəlmədiyi cəmiyyəti qorxutmağın üçün Rəbbinə aid haqq sözdür. Bəlkə doğru yola yönələlər. Allah göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşdə qərarlaşan varlıqdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər diqqətli olub xatıralamayacaqsınız? O, bu dünyanın göydən (tutmuş) yerə qədər bütün işlərini idarə edir. Sonra da sizin hesabınızla min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. O, gizli və aşkarı bilir, yenilməz qüdrət sahibidir, mərhəmətlidir. O, həmin varlıqdır ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmışdır. O, insanı ilk olaraq palçıqdan xəlq etdi. Sonra onun nəslini bir damla dəyərsiz sudan yaratdı. Sonra onu şəkilə saldı və ona Öz ruhundan üfürdü, sizə qulaqlar, gözlər və ürək verdi. Siz Onun nemətlərinə az şükür edirsiniz! Onlar dedilər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbləri ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da sizi Rəbbinizə qaytaracaqlar!” —————————————————- “Səcdə” surəsinin ümumi məzmunu: Bu surə Məkkədə nazil olduğu üçün Məkkə surələrinin əsas sujet xəttini təşkil edən xilqət, məad, müjdə və qorxutmaq mövzularını ehtiva edir və bir neçə hissəyə bölünür: Quranın əzəməti. 2. Allahın göydəki və yerdəki nişanələri. 3. İnsanın torpaqdan və sudan yaranması, nütfə, ilahi ruh, elm əldə etmək üçün zəruri olan vasitələrin verilməsi. 4. Qiyamət, ondan əvvəl baş verəcək hadisələr, yəni ölüm. 5. Müjdə və qorxutma məsələsində təhrikedici rol oynayan məsələlər. 6. İsrail oğullarının tarixinə qısa bir baxış. 7. Keçmiş xalqların taleyi və acı aqibətləri ilə bağlı qısa bir xatırlatma. 8. Tövhid və Allahın əzəmət nişanələrinə yenidən qayıdış. 9. Surə inadkar düşmənləri təhdidlə sona yetir.[1] Min günə bərabər gün: Təfsirçilər bu ayə ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Ancaq digər ayələr və bu ayənin təfsiri ilə bağlı olan ayələrə nəzər saldıqda məlum olur ki, Allah bu dünyanı yaradıb, yerə və göyə xüsusi nizam bəxş edib, insanlara və digər varlıqlara həyat libası biçib. Ancaq dünyanın sonu çatdıqda bu nizamı dəyişəcək, günəş qaralacaq, ulduzlar sönəcək, Quranın buyuruğu ilə desək, “o gün səmanı yazılı dürmək kimi bükəcəyik. Yaradılışı heçdən yaratdığımız kimi, yenidən qaytaracağıq”[2], bundan sonra yeni bir nizam-intizama və daha geniş bir dünya sisteminə start veriləcək. Bu məzmuna Quranın digər ayələrində də rast gəlirik (Rum-27, Yunus-34). Bu və sonda bütün işlərin Allaha qayıdacağından bəhs edən cümlələrə (Hud-123) nəzər saldıqda, bu ayədə də dünyanın başlanğıcından, idarəçiliyindən, sonundan və Qiyamət gününün baş verəcəyindən danışıldığı aydın olur. Bütün bu deyilənlərə əsasən ayənin məzmunu belə olur: Bütün kainat Allah tərəfindən, məna aləmi tərəfindən idarə edilir, sonra da Qiyamət günü bütün bunlar Allaha doğru qayıdacaq. Dünya işlərinin Allaha doğru qaldırılacağı min illik bir gün deyilərkən Qiyamətin beş mərhələsindən biri nəzərdə tutula bilər. Belə ki, “Məaric” surəsinin 4-cü ayəsində Allah-taala belə buyurmuşdur: “Mələklər və ruh əlli min ilə bərabər olan bir gündə Ona doğru yüksələcəklər” Hədislərin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Qiyamətdə əlli dayanacaq var. Hər dayanacağın müddəti sizin saydığınız min ilə bərabərdir.” Daha sonra “Məaric” surəsinin bu ayəsini buyurmuşdur: “Müddəti əlli minə bərabər olan o gündə.”[3] Ölüm mələyi: Quranın bir çox ayələrindən məlum olur ki, Allah bu dünyanı bir qrup mələk vasitəsilə idarə edir (Naziat-5). Çünki Öz istəklərini vasitələrlə icra etmək Allahın dəyişməz qanunudur. Mələklərdən bir qrupu insanların canlarını almaq vəzifəsi daşıyır (Nəhl-22 və 28). Onların başında ölüm mələyi dayanır. Bu mələk haqqında çoxlu hədislər nəql olunmuşdur. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Xəstəliklər və bəlalar ölümün qasidləri və elçiləridir. İnsanın ömrü başa çatdıqda ölüm mələyi enərək deyir: “Ey Allahın bəndəsi, sənə nə qədər xəbər dalınca xəbər, elçi dalınca elçi göndərdim? Ancaq mən sonuncu xəbərəm, artıq məndən sonra xəbər yoxdur. Rəbbinin çağırışını öz istəyinlə və ya məcburi olaraq qəbul et.” Sonra onun canını aldqıda və yaxınlarının ah-naləsi göyə ucaldıqda o qışqıraraq deyər: “Kimin üçün fəryad qoparır, ah-nalə edirsiniz? And olsun Allaha, mən ömrünün sonunda ona heç bir zülm etmədim, ruzisini yemədim. Onu Rəbbi çağırdı. Ona görə də hər kəs özü üçün ağlasın. Mən sizin aranıza o qədər qayıdacağam ki, bir təkiniz belə qalmayacaq.”[4] Bəzi hədislərdən ölüm mələyinin adının Əzrail olduğu məlum olur.[5]   Kaş ki, günahkarların öz Rəbləri qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Vəd verdiyini gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!” – dediyini görəydin! Əgər istəsəydik, hər bir insanı ona lazım olan doğru yola (zorla) yönəldərdik. Lakin (Mən onları azad buraxmışam) sözüm və vədim haqdır: “Cəhənnəmi bütün (günahkar) cin və insanlarla dolduracağam!” Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (Cəhənnəm əzabını)! Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı! Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, bu ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəblərinə həmd-səna və tərif deyirlər. Onlar gecə yarısı böyürlərini yataqdan qaldırır (yerlərindən qalxır), öz Rəblərini qorxu və ümidlə çağırır, onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Onlar üçün göz oxşayan hansı böyük mükafatların gizlədildiyini heç kəs bilmir. Bu, onların etdiyi əməllərin mükafatıdır. Məgər möminlə fasiq eynidir? Xeyr! Bu ikisi əsla bərabər ola bilməz. İman gətirib yaxşı işlər görənləri gördükləri əməl qarşılığında əbədi Cənnət bağları gözləyir. Fasiqlərə gəldikdə isə, onların yeri oddur. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara deyiləcək: “İnkar etdiyiniz odun əzabını dadın!” —————————————————————————————- Səcdə edilməsini tələb edən ayələr: Bu ayə Quranın vacib səcdəsi olan ilk ayəsidir. Bu ayəni oxuyan və ya eşidən hər bir şəxsin səcdə etməsi vacibdir. Bu səcdə üçün dəstamaz almaq vacib deyil. Sadəcə ehtiyat vacibə əsasən səcdə edilərkən alın səcdədə şərt hesab edilən yerə (torpağa, daşa və s.) qoyulmalıdır.[6] Quranın vacib səcdəsini yerinə yetirərkən insan səcdə niyyəti etməlidir. Səcdəni elə yerinə yetirməlidir ki, kənardan həmin adamın səcdə etdiyi bəlli olsun. Bu səcdə üçün namazda vacib olan, ayıb yerlərin örtülməsi, səcdə edilən yerin pak olması, səcdə edilən yerin ayaq, əl və diz səviyyəsindən hündür olmaması, böyük barmaqların ucunun yerə qoyulması və sair kimi şərtlər vacib deyil. Baxmayaraq ki, ehtiyat bu qaydalara riayət edilməsini tələb edir. Quranın vacib səcdəsinin xüsusi bir zikri yoxdur. Səcdə qəsdi ilə alnı yerə qoymaq kifayətdir. Zikr (subhanəllah vəlhəmdulillah və sair) demək isə müstəhəbdir. Yaxşı olar ki, səcdə zamanı bu zikr deyilsin: “La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdiqa, la ilahə illəllahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa, la mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun, zəifun, xaifun, mustəcir.”[7] Səcdənin vacib olduğu digər üç ayə bunlardır: Fussilət-37, Nəcm-62, Ələq-19. 16-17. Heç kəsin bilmədiyi böyük mükafatlar: Qiyamət dünyası bu dünyadan çox-çox böyükdür. Hətta Qiyamətlə bu dünyanın müqayisəsini ana bətnindəki körpənin həyatı ilə bu dünya həyatının müqayisəsinə bənzətmək olar. Qiyamət aləminin müqayisə nisbəti daha böyükdür. Bu böyüklük dünyanın dörd divarı arasında həbs edilmiş bizlər üçün təsəvvürəgəlməzdir. Biz onun haqqında yalnız eşidirk və bizə xəyal kimi görünür. O dünyanı görüb dərk etməyincə onun əhəmiyyətini də dərk etmək bizə mümkün deyil. Anasının bətnində olan körpəni buna misal göstərə bilərik. Əgər anasının bətnində olan körpə üçün tam ağıl və dərk fərz etsək belə, bu dünya nemətlərini dərk etmək qeyri-mümkün olacaq. Qüdsi hədislərinin birində Peyğəmbər (s) Allahın belə buyurduğunu qeyd etmişdir: “Saleh bəndələrimə elə nemətlər hazırlamışam ki, nə göz görüb, nə qulaq eşidib, nə də kiminsə fikrinə gəlib.”[8] Bu ayənin təfsirini ehtiva edən hədislərdə gecəni oyaq qalmaq və gecə namazının qılınmasına xüsusi əhəmiyyət verildiyinin şahidi oluruq. İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir yaxşı əməl yoxdur ki, Quranda ona bəlli bir mükafat təyin edilməsin. Təkcə gecə namazıdır ki, çox böyük dərəcəyə malik olduğu üçün Allah onun mükafatını açıq şəkildə buyurmamışdır. Allah-taala “onlar üçün nəyin gizlədildiyini heç kəs bilmir ”, – deyə buyurmuşdur.” Əlbəttə, hədislərdə mükafatı yalnız Allaha bəlli olan başqa əməllər haqqında da məlumat verilmişdir. Belə ki, hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bir möminə yemək verib onu doyuzduran şəxsə axirətdə hansı mükafatın veriləcəyini aləmlərin Rəbbi olan Allahdan başqa heç kəs bilmir.”[9]   Böyük əzabdan əvvəl Biz onlara yaxın əzabdan daddıracağıq ki, bəlkə qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Biz günahkarlardan mütləq intiqam ala­­cağıq. Biz Musaya kitab verdik. Sən onun Allahın ayələrini qəbul etdiyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən vasitə etmişdik. Səbir etdiklərinə və ayələrimizə qətiyyətlə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. Sənin Rəbbin Qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir. Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onların doğru yola yönəlməsi üçün kifayət etmədimi? Bunda nişanələr vardır. Onlar eşitmirlərmi? Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin qidalandığı tarlaları yetişdirdiyimizi görmürlər? Görmürlərmi? Onlar: “Əgər doğru danışırsınızsa, (deyin görək) bu qalibiyyətiniz nə vaxt olacaqdır?” – deyirlər. De: “Qələbə günü iman gətirməyin kafirlərə heç bir faydası olmayacaq və onlara möhlət də verilməyəcəkdir”. İndi ki belədir, onlardan üz çevir və gözlə. Onlar da gözləyirlər. (Sən Allahın rəhmətini, onlar isə əzabını). —————————————————————————————- Musa (ə) və Allahın ayələri: Peyğəmbərə və İslamı qəbul etmiş ilk möminlərə ürək-dirək vermək, əvvəlki ayələrdə də barələrində məlumat verilmiş müşriklərin iftiraları qarşısında möminləri səbirli və dözümlü olmağa çağırmaq, müsəlmanların sonda inadkar kafirlər üzərində qələbə çalacağı və onların yer üzünün öndərləri olacağının müjdəsini vermək üçün bu ayədə Musa (ə) və İsrail oğullarının əhvalatına ötəri işarə edilmişdir. Musa (ə) böyük peyğəmbərlərdən olduğu üçün həm yəhudilərin, həm də xristianların ona inamı var idi. Buna görə də kitab əhlinin İslama meyl göstərməsində motivasiya rolunu oynaya bilərdi. “Min liqaihi” birləşməsindəki “hi” (o) bitişən əvəzliyinin cümlədə kimi və ya nəyi ifadə etməsi ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Bəzi təfsirçilər bu əvəzliyin Musaya (ə) aid olduğunu qeyd etmişlər. Bu yanaşmaya görə, cümlənin mənası belə olur: Ey Mühməmməd, Musanın ruhu ilə görüşəcəyinə şübhən olmasın. Bəziləri bitişən əvəzliyin kitaba, yəni Qurana aid olduğunu ehtimal etmişlər. Bu yanaşma ilə məna belə olur: Ey Mühəmməd, Quranın Allah tərəfindən vəhy olunduğuna şübhən olmasın. Bəziləri bitişənəvəzliyin Allaha aid olduğunu irəli sürmüşlər. Yəni məada heç bir şübhən olmasın. Əslində, böyük ehtimalla bitişən əvəzlik kitaba (Tövrata) aiddir. Bu zaman isə bitişən əvəzlik cümlənin obyekti, Musa (ə) isə subyekti olur. Nəticədə, cümlənin ümumi mənası belə olur: Musanın Allahın kitabı ilə görüşə nail olduğuna, onun Allah tərəfindən göndərilən bu kitabı aldığına şübhən olmasın.[10] Əmr nədir? Burada əmr deyilərkən şəriət (Allahın şəriət əmrləri), yoxsa obyektiv əmrin (Allahın yaranış aləmi üzərindəki hökmü) nəzərdə tutulması ilə bağlı fikir ayrılıqları olsa da, ayənin məzmunu birinci mənanın nəzərdə tutulduğunu deməyə əsas verir. Hədislər və təfsirçilər də birinci mənanın olduğunu təsdiq edir. Lakin bəzi böyük təfsirçilər burada obyektiv əmrin nəzərdə tutulduğunu iddia etmişlər. Belə ki, ayə və hədislərdə haqq yola yönəltmənin (hidayətin) iki mənasının olduğu göstərilmişdir: yolu göstərmək; məqsədə çatdırmaq. İlahi rəhbərlərin bələdçiliyi hər iki vasitə ilə həyata keçir. Bəzən onlar, sadəcə, əmr və qadağa ilə kifayətlənir, bəzən isə layiqli və potensialı olan insanların qəlblərinin dərinliklərinə nüfuz edərək onları mənəvi məqamlara çatdırırlar. Bəzi ayələrdə əmr sözü obyektiv əmr mənasında işlədilmişdir. “Yasin” surəsinin 82-ci ayəsində belə buyurulmuşdur: “Bir şeyi istədiyi zaman Onun əmri yalnız ona: “Ol!” deməkdir. O da dərhal olar.” Sözügedən ayədə də “Bizim əmrimizlə yönləndirirlər” cümləsi eyni mənadadır. Yəni onlar Allahın qüdrəti ilə tutumu olan ruhlara nüfuz edən, ali və insani hədəflərə çatdıran rəhbərlər idilər.[11] Qələbə günü: Qələbə günü deyilərkən hansı günün nəzərdə tutulması ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Birincisi, möminlərlə kafirlərin ayrılacağı Qiyamət günü. Möminlər əbədi xoşbəxtliyə, kafirlər isə əbədi Cəhənnəmə gedəcəklər. İkincisi, bu dünyadakı yaxın əzab (21-ci ayədə də buna işarə edilmişdir) və ya dünyada kafirlərdən intiqam alınması. Buna görə də bəziləri həmin gün ilə Bədr döyüşünə işarə edildiyini ehtimal etmişlər. Çünki öldükdən və əzabı gördükdən sonra gətirəcəkləri imanın kafirlərə heç bir faydası yoxdur. Bəziləri burada Məkkənin fəthinə işarə edildiyini qeyd etmişlər. Çünki uzun illər Peyğəmbərlə (s) düşmənçilik etmiş inadkar kafirlərin gətirdiyi iman həqiqi iman deyildi. Onların ikiüzlülük və riyakarlıq edərək gətirdikləri imanın onlara heç bir xeyri yoxdur. Bu ayədə Allahın axırzamanda Peyğəmbərlə (s) ümməti arasında hökm verəcəyi də nəzərdə tutula bilər. “Yunus” surəsinin 47-ci ayəsində də buna işarə edilmişdir: “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!” Əlbəttə, 30-cu ayənin məzmunundan belə başa düşülür ki, qələbə və fəth deyilərkən axirətdə deyil, dünyadakı qələbə nəzərdə tutulur.[12] Ehtimallar arasında ən çox həqiqətə yaxın olanı “qələbə günü” deyilərkən bu dünyadakı əzabın göndərilməsinin nəzərdə tutulduğu irəli sürülən ehtimaldır. Kafirlərin kökünü kəsmək üçün göndərilmiş bu əzab zamanı onların iman gətirməsinə macal verilmir. Başqa sözlə desək, tamamilə məhv etmək üçün göndərilmiş əzab bütün bəhanələrə son qoyacaq dəlillər tam təqdim edildikdən sonra, günahkarların kökünü kəsmək üçün göndərilmiş dünya əzabıdır.[13]   [1] Nümunə, c.17, səh.104 [2] Ənbiya surəsi, 104-cü ayə [3] Nümunəyə istinadən, c.17, səh.115; Əl-Mizan, c.16, səh.252 [4] Nümunə, c.17, səh.140 [5] Təfsiri-Bürhan, c.6, səh.197 [6] Nümunə, c.17, səh.145 [7] Dörd müctehidin risaləsi, Lətif Raşidi, Peyame-mehrab, səh.268 [8] Nümunə, c.17, səh.150 [9] Əl-Mizan, c.16, səh.275 [10] Nümunə, c.17, səh.163 [11] Nümunə, c.17, səh.167 [12] Əl-Mizan, c.16, səh.273 [13] Nümunə, c.17, səh.176

QURANI KƏRIM 13.02.2025

“Loğman” surəsi

“Loğman” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. Bu, hikmətli kitabın ayələridir. Əməlisalehlər üçün doğru yol göstərən və rəhmət vasitəsidir. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Onlar Rəblərindən gələn doğru yoldadırlar. Nicat tapanlar onlardır. Bəzi adamlar nadanlıqları üzündən insanları Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün mənasız sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab var. Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqları karmış kimi təkəbbürlə üz çevirərlər. Onları ağrılı-acılı bir əzabla müjdələ. Cənnətin bol nemətli bağları iman gətirib yaxşı işlər görənlərə məxsusdur. Onlar orada əbədi qalacaqlar. Bu, Allahın qəti vədidir. O, yenilməz qüdrət və hikmət sahibidir. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar yaratmış və oraya cürbəcür heyvanlar yaymışdır. Göydən yağmur yağdırıb onun vasitəsilə yer üzündə cürbəcür əhəmiyyətli bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. ————————————————————————————— “Loğman” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları beş bölmə üzrə ümumiləşdirmək olar: 1. Müqəttəə hərflərindən sonra Quranın əzəməti, onun spesifik xüsusiyyətlərə malik möminlər üçün yönləndirici və rəhmət olmasına işarə edilmişdir. 2. Səmanın yaradılışında Allahın nişanələri, onun gözəgörünməz sütunlar üzərində dayanması, dağların, müxtəlif canlıların yaradılışı, yağışın yağması və bitkilərin göyərməsindən danışlır. 3. Loğmanın övladına  verdiyi hikmətli nəsihətlərin bir qismi qeyd edilir. 4. Yenidən tövhid arqumentləri işıqlandırılır, göyün və yerin ram edilməsi, Allahın insanlara bəxş etdiyi bol nemətlər, təkcə əcdadlarını təqlid etməklə azğınlıq vadisinə yuvarlanmış bütpərəstlərin məntiqinin yanlışlığından danışlır, parlaq bir misalla Allahın böyük və sonsuz olmasına işarə edilir. 5. Ölüm lakonik və düşündürücü bir misalla izah edilir.[1] Oynaq musiqi (ğina) Şeytanın böyük tələlərindən biridir: “Boş-boş sözlər” deyilərkən insanı azğınlığa və mənasız işlərə sövq edən istənilən qəflətə səbəb olan və məşğuledici söz və musiqi nəzərdə tutulur. Burada insanı ehtiraslandıran musiqi və ahəng və məzmunu ilə insanı fəsada, boş və mənasız işlərə sövq edən sözlər arasında heç bir fərq yoxdur. Bu ayənin təfsiri ilə bağlı Əhli-beyt imamlarından (ə) çoxlu sayda hədis nəql edilmişdir. Hədislərə görə xaredici əzaba səbəb olan boş-boş danışıqlardan biri oynaq musiqidir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Oynaq musiqi, boş-mənasız və batil musiqi məclisi Allahın əhlinə nəzərə salmadığı bir məclisdir. Bu, Allahın “bəzi adamlar mənasız sözləri satın alırlar” – deyə buyurduğu ayənin bir nümunəsidir.” Fəqihlərin bu mövzu ilə bağlı verdikləri açıqlamalardan belə qənaətə gəlmək olar ki, oynaq musiqi (ğina), mənasız, batil, günah məclislərinə xas olan, insanın ehtiraslarını təhrik edən musiqilərdir. İmam Sadiq (ə) buyurmuşdur: “Ğina olan ev ağır bəlalardan sığortalanmayıb, orada dua qəbul olmaz, mələklər oraya daxil olmaz.” O həzrət başqa bir hədisində belə buyurmuşdur: “Ğina münafiqlik ruhiyyəsini gücləndirir, yoxsulluq və bədbəxtlik gətirir.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Şeytan ğina oxuyan ilk şəxs olmuşdur.” Ğinanın haram olmasının səbəbini izah edərkən qeyd edirlər ki, insanların çoxu ğina musiqilərinin təsiri altında təqva və Allah qorxusunu unudub ehtiraslar və günahların əsirinə çevrilir. Ğina məclisləri adətən müxtəlif fəsad və günahların mərkəzi olur. Günah və fəsada səbəb olan isə məhz həmin ğinadır. Ğinanın neqativ cəhətlərindən biri də onun Allahı unutdurmasıdır. Bəzi hədislərdə ğina anlayışının mənasız sözü ilə ifadə edilməsi də bununla bağlıdır. Belə ki, ğina insanı ehtiraslar içində elə məst edir ki, Allahı yaddan çıxarır. Ayədə boş və mənasız sözlərin Allah yolundan sapdıran amillərdən biri və ağrıdıcı əzaba səbəb olduğu qeyd edilmişdir. Diqqət yetirməli cəhətlərdən biri də budur ki, ğina və musiqi əsəblərə təsir göstərir, hətta insanı dəlilik dərəcəsinə çatdırır. Onun ürəyə, qan təzyiqinə, digər xoşagəlməz hallara təsiri çoxdur. Müasir dövrümüzə aid ölüm hallarının statistik rəqəmləri keçmişlə müqayisədə qəfil ölümlərin daha çox olduğunu göstərir. Bu artımı müxtəlif səbəblərlə izah edirlər. Həmin səbəblər sırasında qlobal səviyyədə musiqinin artması amili yer alır.[2] Biz Loğmana hikmət verdik (və ona belə dedik): “Allaha şükür et! Kim şükür etsə, öz xeyrinə şükür etmişdir. Kim nankor olsa, (Allaha heç bir zərər toxundurmaz), çünki Allah ehtiyacsız və tərifəlayiqdir”. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Heç nəyi Allaha şərik qoşma. Çünki Allaha şərik qoşmaq böyük zülmdür!” Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu gücsüzlük üzərinə gücsüzlük gəlməsinə baxmayaraq, daşımışdır. Onun südəmər dövrü iki il çəkir. Mənə və valideynlərinə şükür et ki, axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün cəhd göstərsələr, onlara itaət göstərmə! Ancaq dünyada onlarla gözəl davran. Tövbə edərək Mənə üz tutanların yolu ilə get! Sonra isə hamınızın dönüşü Mənə olacaq. Mən sizə nə etdikləriniz barədə xəbər verəcəyəm. “Oğlum! (Gördüyün yaxşı və ya pis iş) bir xardal dənəsi ağırlığında da olsa, bir daşın içində, yaxud göylərdə və ya yerin dibində də olsa, Allah onu (Qiyamətdə hesablamaq üçün) gətirər. Allah dəqiq, xəbərdardır. Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn müsibətlər qarşısında dözümlü ol ki, bu, mühüm işlərdəndir. İnsanlardan etinasızlıqla üz çevirmə, yer üzündə özünü darta-darta gəzmə. Allah heç bir özündənrazı təkəbbürlünü sevmir. Yerişində orta həddi gözlə, (danışanda) səsini alçalt. (Heç vaxt qışqırma,) çünki ən çirkin səs uzunqulağın səsidir”. ————————————————————————————— Loğman kim olub: Loğman adına Quranda, məhz elə bu surədə iki yerdə rast gəlmək olar. Onun peyğəmbər, yoxsa sadəcə müdrik şəxs olduğunu göstərəcək heç bir aşkar dəlil yoxdur. Sadəcə, Quranın Loğmandan danışan ayələrinin məzmunu onun peyğəmbər olmadığını deməyə əsas verir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Doğrusunu deyim ki, Loğman peyğəmbər olmayıb. Ancaq çox düşünən və imanın ali dərəcəsinə çatmış bir bəndə olmuşdur. O, Allahı, Allah da onu sevmiş, hikmət nemətini ona layiq görmüşdür…” Bəzi tarixi mənbələrin yazdığına görə, Loğman əslən Misirin Sudan əyalətindən olan qaradadərili bir qul olmuşdur. Üzü gözəl olmasa da, aydın qəlbə və səfalı ruha malik olmuşdur. Hədislərdə qeyd edilənlərə görə, bir nəfər Loğmana deyir: Sən bizimlə çobanlıq etmirdinmi? O: “Bəli, elədir ki var”, – deyə cavab verir. Həmin adam soruşur: “Bəs bütün bu elm və hikmətə necə nail olmusan?” Loğman deyir: “Bu, Allahın istəyi ilə belə olub. Səbəb isə əmanətə xəyanət etməməyim, doğru danışmağım, mənə aid olmayan işlərə qarışmamağım olmuşdur.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Bir gün Loğman istirahət etmək üçün günün günorta çağı yatmışdı. Qəfildən belə bir səs eşidir: “Ey Loğman! İnsanlar arasında hakimlik etməyin üçün Allahın səni yer üzündəki xəlifəsi etməsini istəyirsənmi?” Loğman deyir: “Əgər Rəbbim seçimi öz ixtiyarıma qoysa, mən rahat yol seçib bu böyük imtahanın altına girmərəm. Ancaq əmr etsə, fərmanını cani-dildən qəbul edərəm. Çünki bilirəm ki, belə bir məsuliyyəti mənə həvalə etsə, hökmən, mənə yardım göstərəcək, tərəddüdlərdən qoruyacaq.” Mələklər soruşur: “Nə üçün?” Deyir: “Çünki insanlar arasında münsiflik etmək vəzifələrin ən çətini, mərhələlərin ən əhəmiyyətlisidir. Zülm və haqsızlıq dalğası hər tərəfdən ona doğru hücum çəkir. Əgər Allah insanı qorusa, xilas olmağa layiqdir, əgər yanlışa yol versə, Cənnət yolundan sapmışdır. Dünyada başıaşağı olub, axirətdə başıuca olan adam dünyada başıdik olub axirətdə başıaşağı olan adamdan yaxşıdır. Dünyanı axirətdən üstün tutan şəxs dünyaya nail olmayacaq, axirəti də əldən verəcək.” Mələklər Loğmanın gözəl məntiqi qarşında heyrətləndilər. Loğman bunları deyib yuxuya getdi. Allah hikmət nurunu onun qəlbinə bəxş etdi. Yuxudan oyandıqdan sonra hikmətli sözlər danışmağa başladı.”[3] 18-19. Əməldə və danışıqda orta hədd: Bu iki ayədə iki xüsusiyyət qadağan, iki xüsusiyyət isə əmr edilmişdir. Özünü hər kəsdən üstün görmək insanın Allah bəndələri qarşısında təkəbbürlü olmasına, özünü bəyənməsi onun özünü kamil hesab etməsinə, nəticədə, bütün kamillik qapılarını öz üzünə bağlamasına səbəb olur. Bu bəyənilməyən iki xüsusiyyətə qarşılıq olaraq, davranış və danışıq zamanı orta həddin qorunması əmr edilmişdir. Bu iki xüsusiyyətə malik olan şəxs insanlar arasında ən xoşbəxt, Allah qarşısında ən dəyərli və sevimli adamdır. Diqqət çəkən məqam budur ki, ayədə təkəbbürlülərin və əbləhlərin çığırtısı uzunqulaq səsinə bənzədilmişdir. Bunu da təfsirçilər onunla izah edirlər ki, digər heyvanlar adətən nəyəsə ehtiyac duyduları zaman səs çıxarırlar, uzunqulaq isə bəzən səsini heç bir səbəb və ehtiyac olmadan ucaldır. Onun səsinin xoşagəlməz olmasından isə danışmağa dəyməz. Hədislərinin birində İmam Sadiq (ə) burada hündür səslə asqırmağın və ya danışarkən çığıra-çığıra danışmağn nəzərdə tutulduğunu qeyd etmişdir. Təbii ki, bu, ayələrin ehtiva etdiyi mənalardan biridir. Hədislərdə heç nəyə təvazökarlıq, gözəl əxlaq, davranışlarda mülayimlik və kobudluğun tərk edilməsi mövzusu qədər yer verilməmişdir. Bir nəfər Peyğəmbərin (s) yanına gedib deyir: “Mənə nəsihət ver!” Peyğəmbərin (s) həmin adama verdiyi nəsihətlərdən biri belə olur: “Müsəlman qardaşınla gülər üzlə görüş”. Başqa bir hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Qiyamətdə insanın əməl tərəzisində gözəl əxlaqdan üstün heç nə olmayacaq”[4] Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər Şeytan onları yanan odun əzabına doğru çağırsa belə (yenə tabe olacaqlar)? Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. Kafir olanın küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Allah kökslərdə olanları bilir. Biz dünya malının az bir hissəsini onların ixtiyarına verəcəyik, sonra da onları ağır bir əzaba məcbur edəcəyik. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar, mütləq: “Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bilmir. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah ehtiyacsızdır, sitayişə layiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsa, dəniz də onun mürəkkəbi olsa və ona yeddi dəniz də artırılsa, yenə də Allahın sözləri qurtarmaz. Allah yenilməz qüdrət və hikmət sahibidir. Sizin hamınızı yaratmaq və (yenidən həyat sürmək üçün Qiyamət günü qəbirdən) qaldırmaq bir adamı yaratmaq və qaldırmaq kimidir. Allah eşidəndir, görəndir. —————————————————————————————- Aşkar və gizli nemətlər: Aşkar nemətlərə göz, qulaq, bədən üzvləri, sağlamlıq və hiss üzvləri ilə qavranılan nemətlər aiddir. Gizli nemətlərə isə şüur, iradə, ağıl, ixlaslı əməllər sayəsində qazanılmış mənəvi məqamlar aiddir. Bunlar beş hiss üzvü ilə qavranılmayan nemətlərdir. Hədislərdə Allahın bu ayədə buyurduğu iki qrup nemətlərlə bağlı müxtəlif nümunələr qeyd edilmişdir. Bəzi hədislərdə “aşkarda olan nemətlər” deyilərkən aşkarda olan imamın, “gizlində olan nemət” deyilərkən isə qeybdə olan imamın nəzərdə tutulduğu qeyd edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Aşkar nemət Peyğəmbər (s), onun Allahı tanıma və təkallahlıqla bağlı gətirdikləri, gizli nemət isə biz Əhli-beytin rəhbərliyi və bizimlə dostluq əhdidir.”[5] Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Aşkar nemət İslam, sənin Allah tərəfindən kamil və nizam-intizamlı yaradılışın, sənə verilmiş nemətlərdir, gizli nemət isə çirkin əməllərinin örtülməsi, insanlar qarşısında rüsvay edilməməndir.” Əlbəttə, bu təfsirlər arasında heç bir təzad yoxdur. Bunların hər biri gizli və aşkar nemət ifadəsinin ayrı-ayrı nümunələrini simvolizə edir. Bu da məna məhdudiyyətinə deyil, onun daha geniş məzmun ifadə etməsinə səbəb olur.[6] Allahın sözü bitib-tükənməz: Bu ayədə çox möhtəşəm və bədii bir təsvirlə Allahın elminin tükənməzliyi təsvir edilmişdir. İnsanın elmi nə qədər artsa da, Allahın elmi qarşısında zərrədən artıq deyil. İnsan qatında daha çox olan Allah qatında daha azdır. “Sözlər” sözü cəmdir və insanın danışdığı sözləri və ifadələri ehtiva edir. Bu ifadə daha geniş mənada fikir və məna ifadə edən hər şeyə şamil olur. Kainatda mövcud olan varlıqların hər biri Allahın zatı, elmi və qüdrətini ifadə etdiyi üçün bu sözü bütün varlıqlara, xüsusilə ən dəyərli varlıqlara şamil etmək olar. İsa peyğəmbəri (ə) buna misal göstərə bilərik (“Nisa” surəsi – 171, “Ali-İmran” surəsi – 45). Deməli, “Allahın sözləri” deyilərkən Allahın elmi də nəzərdə tutulur. Ayənin forması çox maraqlı və düşüncə tələb edəndir. İri bir ağacdan minlərlə, hətta milyonlarla qələm düzəldilə bildiyini nəzərə alsaq, bütün ağacların qələmə çevrilməsi, dənizlərin və okenların mürəkkəbə çevrilməsi, yeddi dənizin də onlara əlavə edilməsi (təbii ki, burada yeddi deyilərkən say deyil, çoxluq nəzərdə tutulur) təsviri Allahın elminin böyüklüyünü göstərmək üçündür.[7] Hədislərin birində belə deyilir: “Bu ayənin məqsədi Allahın elminin daha çox olduğunu göstərməkdir. Sizə verilən elm öz aranızda çox, Allah yanında az və cüzidir.”[8] Bu ayənin məzmunu o qədər aydındır ki, insanın təfəkkür dalğalarını özü ilə birlikdə sahilsiz üfüqlərə doğru aparır, heyrətlərə qərq edir, elm və biliyinin Allahın elmi ilə müqayisədə nə qədər kiçik olduğunu başa salır.[9]     Allahın gecəni gündüzə, gündüzü də gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini, hər birinin müəyyən olunmuş vaxtadək hərəkət etdiyini görmədinmi? Allah nə etdiklərinizdən xəbərdardır. Bütün bunlar Allahın haqq olduğunu, Onu qoyub çağırdılarının batil olduğunu göstərən dəlillərdir. Allah ucadır, böyükdür. Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü gör­­mürsünüzmü? Bunlarda səbirli olanlar və şükür edənlər üçün nişanələr var. (Dənizdə səfər edərkən) bir dalğa buludlar kimi başlarının üstünü aldığında Allahı ixlasla çağırarlar. Ancaq quruya çıxarıb xilas etdiyində aralarından bəziləri orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xəyanətkarlar inkar edər. Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övladın, övladın da valideynin əməllərinin məsuliyyətini qəbul etməyəcəyi, onun yerinə cəza çəkməyəcəyi gündən qorxun. Şübhəsiz ki, Allahın vədi haqdır. Məbada dünya həyatı sizi çaşdırsın, hiyləgər (Şeytan) sizi Allahın kərəmi ilə aldatsın. Qiyamətin nə zaman qopacağını yalnız Allah bilir. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə əldə edəcəyini bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah biləndir, xəbərdardır. —————————————————————————————– Haqq yoldan sapmanın ən böyük amilləri: Bu ayədə insanlara dünya həyatının bərbəzəyinə aldanmamaq barədə xəbərdarlıq edilir. Daha sonra Şeytanın hiyləsindən söz açılır və onun təhlükəli olduğu bildirilir. Belə ki, insanlar bir neçə qrupa bölünürlər: Bəziləri o qədər zəif və gücsüzdürlər ki, dünyanın bərbəzəyini görən kimi aldanırlar. Bəzilərinin müqavimət gücü bir qədər artıqdır. Onlaırn aldanması üçün Şeytanın vəsvəsəsi də lazımdır. Bu cür insanları aldatmaq üçün xarici və daxili şeytanlar əl-ələ verməlidirlər. Ayədə hər iki qrupun mənsublarına xəbərdar edilir. Bir nüansa diqqət yetirməyimiz lazımdır ki, ayənin orijinalındakı “ğərur” sözü istənilən aldadıcıya şamildir. Bu sözün Şeytan kimi izah edilməsi onun birinci dərəcəli aldadıcı olması ilə bağlıdır. Yoxsa ki, o, istənilən aldadıcı kitaba, aldadıcı insana, vəsvəsə yaradan mövqeyə, insanı azdıran istənilən varlığa şamil olur. Ümumiyyətlə, insanı haqq yoldan sapdıran hər bir varlıq bu sözün geniş məna çərçivəsinə daxildir. Bəzilərinin onu dünya kimi izah etmələri dünyanın aldadıcı olması ilə bağlıdır. İmam Əli (ə) dünya haqqında belə buyurmuşdur: “Dünya aldadır, ziyan verir və keçir”. Diqqət yetirilməli olan nüanslardan biri də budur ki, dünyanın aldadıcı olması və məzəmmət edilməsi onun təzahürlərinin insana Allahı unutdurması ilə əlaqəlidir. Bəzən dünya insanı özünə elə məşğul edir ki, o, dünyadan başqa hər şeyi unudur. Buna baxmayaraq,  dünya həyatının ayrı-ayrı səhnələri arasında elə səhnələr də var ki, dünyanın əbədi olmadığını, bərbəzəyinin puç nolduğunu açıq şəkildə bəyan edir. Elə hadisələr var ki, o, ağılı başında olan istənilən  insanı ayıldır, huşu başında olmayanları isə huşa gətirir.[10] Bir gün İmam Əli (ə) bir nəfərin dünyanı aldadıcı adlandıraraq məzəmmət etdiyini görüb buyurdu: “… Dünya, onun söylədiklərinə inananlar üçün düzlük, mahiyyətini dərk edənlər üçün sağlamlıq, axirətinə azuqə toplayanlar üçün sərvət, öyüd-nəsihət alanlar üçün öyüd-nəsihət diyarıdır. Dünya Allah dostlarının məscidi, mələklərin namazgahı, vəhyin nazil olduğu yer, Allah dostlarının ticarət etdiyi məkandır…”[11] Allaha məxsus olan elmlər: Ayədə yalnız Allahın elmi çərçivəsində olan üç hadisəyə işarə edilmişdir: Birincisi, Qiyamətin qopacağı zaman. Allah həmin günün nə vaxt olacağının yalnız Özünə aid bir məsələ olduğunu, Ondan başqa heç kəsin (hətta peyğəmbər və imamların da) həmin hadisənin nə zaman baş verəcəyindən xəbərdar olmadığını buyurur. İkincisi, yağışın yağması və analarının bətnində olan körpələrin xüsusiyyətləri (həmin körpənin gözəl və ya çirkin, Cənnət, yoxsa Cəhənnəm əhli olacağı və sair)[12] ilə bağlı bilgi yalnız Allaha məxsusdur. Yalnız Allahın xəbərdar etdiyi şəxslər istisnadır. Sonuncu iki hadisə (sabah hansı hadisənin baş verəcəyi, insanın hansı məkanda öləcəyi) insanların bilməyəcəkləri hadisələrdir. Belə ki, insan gələcəkdə baş verəcək hadisələrdən xəbərdar ola bilməz. Əlbəttə, bir nüansı də qeyd etməliyik ki, Allahın istəyi ilə Ondan qeyriləri də son dörd hadisədən xəbərdar ola bilərlər. Hədislərdə məsumların öz gələcəklərindən, öləcəkləri məkan və zamandan xəbər verdikləri qeyd edilmişdir.[13] İmam Sadiq (ə) buyurmuşdur: “İmam qeybdən xəbərdar olmur. Ancaq nəyisə bilmək istədikdə Allah onu məlumatlandırır.”[14] Hədislərdə imamların qeybi bilməməsi və ayədə qeyd edilən beş hadisənin yalnız Allahın bilgisi daxilində olmasının qeyd edilməsinin səbəbi onların yaşadıqları dövrdə qeyb elminin Allahın zatı elminə aid edilməsi və Allahın təlimatı olmadan bilinən elm kimi başa düşülməsi olmuşdur. İmamlar bu təfəkkür tərzinin bir növ şirk olduğunu nəzərə alaraq, onun yayılmasının qarşısını almaq üçün bu cür bəyanatlar vermişlər. İmam Kazim (ə) hədislərinin birində belə buyurmuşdur: Bizim malik olduğumuz elm qeyb elmi deyil, Allah rəsulundan bizə irsən keçmiş bir elmdir. Biz nə biliriksə, bizə Allah rəsulundan irsən keçib. Allahın rəsuluna da bildiklərini Allah öyrətmişdir.[15]     [1] Nümunə, c.17, səh.5 [2] Nümunə, c.17, səh.15 [3] Nümunə, c.17, səh.44 [4] Nümunə, c.17, səh.55 [5] Əl-Mizan, c.16, səh.234 və 244 [6] Nümunə, c.17, səh.65 [7] Nümunə, c.17, səh.74 [8] Təfsiri-Qummi, c.2, səh.143 [9] Nümunə, c.17, səh.76 [10] Nümunə, c.17, səh.95 [11] Nəhcül-bəlağə, qısa kəlamlar, 131-ci hikmət [12] Nəhcül-bəlağə, 128-ci xütbəyə istinadən [13] Əl-Mizan, c.16, səh.243 [14] Nümunə, c.17, səh.100 [15] Mənşuri-cavid,c.8, səh.389

Müsəlmanın həyat tərzi 13.02.2025

Təkəbbürün mənşəyi

İmam Sadiq (ə) buyurmuşdur: ما مِن رَجلٍ تَكَبَّرَ أو تحيَّرَ إلّا لِذِلَّةٍ وَجَدَها فِى نَفْسِهِ “Batinində zillət yaranan kəslərdən başqa, heç kəs təkəbbür edərək qürrələnməz.” Qısa izah Bu gün dünya psixoloqlarının elmi araşdırmaları zamanı sübuta yetirilən məsələ təkəbbür və özünü digərlərindən üstün tutma mənşəyinin əqidə zəifliyindən yaranmasıdır.. Bu cür problemlərlə üzləşən kəslər həmin məsələdən əziyyət çəkir və cəmiyyətdə öz çatışmamazlıqlarını təmin etmək üçün belə səhv addımlar atmalı olurlar. Başqa bir ifadə ilə desək, onlar özlərini süni də olsa böyük şəxsiyyət kimi göstərərək ictimai həyatlarına bu yolla zəlalət əlavə edir və həddindən artıq iyrənc vəziyyətə düşürlər. Bu formadakı psixoloji xüsusiyyət imamın maraqlı bəyanında bütün təfərrüatı ilə müşahidə olunmaqdadır. Amma imanlı insanlar həmişə öz şəxsiyyətlərinin batini təsiri altına düşərək digərləri qarşısında təvazökarlıq edirlər. Başqa ifadə ilə desək, nə digərləri qarşısında fəxr edir, nə də kiçilirlər.

Azərbaycan 13.02.2025

Əzadar klassiklərimizi tanıyırıqmı?

Əzadar klassiklərimizi tanıyırıqmı? Aradan 14 əsr keçməsinə baxmayaraq, “Kərbəla müsibəti” və “İmam Hüseynin (ə) qiyamı”nın mahiyyəti öz təzəlik və təravətini itirməmiş və sanki dünən yaşanmış bir faciə kimi yaddaşlara, zehinlərə çökmüş, qəlblərdə öz hərarətini qoruyub saxlamışdır. Görəsən bu məhəbbətin və hərarətin sirri nədədir? Bunun sirri hər şeydən öncə bu məzlumanə və İlahi qiyamın həqqaniyyətində, sonra da Əhli-beyt (ə) və onların şanlı yolunu izləyənlərin mümkün olan hər vəsilə və imkandan yararlanaraq bu qiyamın mahiyyətini açıqlayıb, yaşatmalarında və hidayət məşəlinin sönməməsi üçün hər növ cəfaya dözmələrindədir. Bəli, Kərbəla adını yaşatmaq-cihadı, əmr be mərufu, nəhy əz münkəri və şəhadət eşqini yaşatmaq deməkdir. Aşuranı yaşatmaq – izzəti, şücaəti, səbri və ixlası, vəfa və sədaqəti, Haqqa təslimiyyət və rizanı yaşatmaq deməkdir. İmam Hüseyni (ə) yaşatmaq – Peyğəmbərin (s) təbliğini, vəsiyyətini və əmanətini yaşatmaq deməkdir. Unudulmaz və bənzərsiz Kərbəla müsibəti haqqında günümüzə qədər müxtəlif dillərdə -bənzəri bəlkə də heç bir hadisə haqqında görülməmiş, minlərcə şer və məqalələr, ədəbi əsərlər, kitablar yazılmış və insanlığa çatdırılmışdır. Klassik Azərbaycan ədəbiyyatında Kərbəla müsibəti ilə bağlı qələmə alınmış yazı nümunələrinə gəldikdə qeyd etmək lazımdır ki, hələ Füzuli dövründə yazılan mərsiyə və növhə şeri sonra böyük vüsət tapmış və Füzulidən sonra bir çox Azərbaycan yazarları bu şer növünə rəğbət göstərərək, dəyərli nümünələr ərsəyə gətirmişlər.Bu baxımdan 19-cu əsr Azərbaycan ədəbiyyatının əsas hissəsini mərsiyyələrin təşkil etdiyini desək yanılmarıq. Əslində bu mövzunu bir yazıda tam şəkildə araşdırmaq qeyri mümkündür. Amma təkcə onu demək kifayətdir ki, 19-cu əsrdə 50-dən çox yazar fars və Azərbaycan dillərində növhə və mərsiyələr yazmışdır. Xalqımızın sevimli şairləri Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Qasım Bəy Zakir, Mirzə Ələkbər Sabir, Xurşudbanu Natəvan və s. də onların sıralarında yer almaqdadır. 19-cu əsr Azərbaycan ədəbiyyatında Kərbəla haqqında yazılmış yazı nümunələrini incələdikcə məlum olur ki, bu nümunələrin tam əksəriyyəti nəzmlə yazılmışdır. Digər maraqlı cəhət isə odur ki, Füzuli və onun çağdaşlarından fərqli olaraq yazılan növhə və mərsiyələrdə, qəzəl və qəsidələrdə Kərbəla vaqiəsinin səbəb və mahiyyətindən daha çox, Kərbəla qiyamında iştirak edən (və hətta iştirak etməsi dəqiq məlum olmayan) fərdlərin tərənnüm və vəsfinə daha çox yer verilir. Misal üçün Azərbaycan şairlərinin mərsiyə divanlarında “Şəhrəbanu”nun (İmam Hüseynin (ə) xanımı) əhvalatı və onun Kərbəlaya getməsi haqqda çoxlu şerlər var. Bu fakt tarixi nöqteyi-nəzərdən şübhəli olsa da, bizim üçün maraqlı olan Azərbaycan yazarlarının mərsiyələrində təkrar-təkrar yer almasıdır. 19-cu əsr Azərbaycan klassiklərindən biri olan Abbasqulu Ağa Bakıxanov mərsiyə və bu tip qəzəllərini Qüdsi təxəllüsü ilə yazmışdır. Onun yazdığı beytlərin əksəriyyətinin cavan Əli Əkbərin mədhinə həsr olunduğunun şahidi oluruq: Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi, Verirəm çünki əmanət sənə gülpeykərimi. Qasım Bəy Zakirin beytlərində isə daha çox Əhli-beyt (ə) xanımlarına ehtiram hiss olunmaqdadır: Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən, Behəqi-fəğani-Zəhra, behəqi-əzab Zeynəb. Şairə xanım Xurşudbanu Natəvan isə beytlərinin birində özünü Xanım Fatimeyi-Zəhranın (s.ə) kənizinə nisbət verərək bunları deyir: Fatimənin kənizi, bu qissəni eylə kim, tamam, Bir-birə dəydü mərdü zən, şurə gəlibdü xasu am, Növhə edər bu Natəvan, rüzü şəb ağlayar müdam, Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün. Seyid Əzim Şirvaninin isə mənsub olduğu Əhli-beytin (ə) müsibətinə özünəməxsus matəm saxlamasını və yad etməsini aşağıdakı beytindən aydın görmək mümkündür: Ağla bu matəmdə, ey Seyyidi-bəxti-qarə, Nəzm elə bu matəmi, şövq ilə sübhü məsa. Əcrini axır verir padşəhi-Kərbəla, Həşrdə fəryadına şafeyi üsyan gəlir. Məhz Seyid Əzim yaradıcılığlında bütün Kərbəla iştirakçılarıının adlarının birər-birər çəkilməsinin və onların ayrı-ayrı mədh olunmasının şahidi oluruq: Doğrandı bu gün Ovn Əli, Fəzl ilə Cəfər, Qəltan olub al qanına Əbbasi-dilavər, Qasim boyanıb qanına həm, Əkbərü Əsğər, Məqbul ola, ey, dust, bu qurbanı Hüseynin. Bu şairlərin siyahısını çox uzatmaq olar, amma bir məqamı da vurğulamaq yerinə düşər ki, bir çox şairlər bu növ şerlərini, qəzəl və qəsidələrini təxəllüslə yazmışlar ki, onların əsl adları sual altında qalmaqdadır?! Azərbaycan ədəbiyyatında Kərbəla müsibəti ilə bağlı ürək yanğısıyla yazılmış bu yazı nümunələri əsrlərdən bəri Azərbaycan xalqının Əhli-beytə (ə) olan sevgisinin bariz nümunəsi olaraq bu millətin avamından tutmuş aliminə qədər Əhli-beyt (ə) arasıda qırılmaz rabitəsinin olduğunu sübut edir. Lakin 70 illik sovet hakimiyyətinin milli və mənəvi dəyərləri aradan aparmaq siyasəti nəticəsində bu kimi çox həqiqətlər xalqdan gizlədilmiş və sözün əsl mənasıda inanc sahibi- ziyalılarımız, dühalarımız, şair və yazıçılarımız xalqa tam başqa bir cilddə (ateist, mürtəd kimi) təqdim olumuşdur. Bunu satirik şair Mirzə Ələkbər Sabirin misalında yəqinliklə söyləyə bilərik. Belə ki, Sabira, hər il əza saxla Əliəkbərə sən, Kərbəladə gədib ağla o şahi davərə sən, Gəl qiyamətdə bu cəm ilə səfi, məşhərə sən, Qalma həsrət iki dünyada bu mövla üzünə söyləyən şairi, xalqa Cin görürəm, şeytan görürəm qorxmuram, Harda müsəlman görürəm qorxuram misralarının müəllifi kimi tanıtdırmışlar. Halbuki şair bu tip satirik şerləri ilə dövrünün cahil, İslamı gözdən salan, üzdəniraq “din xadimlərini” ifşa etmişdir. Allah Təala öz qələmləri ilə, xütbələri ilə, avazları ilə və ən azından öz göz yaşları ilə İmam Huseynə (ə) əzadarlıq edənlərə İmam Hüseynin (ə) şəfaətini nəsib etsin. Amin! Sonda bunu qeyd etməyi özümə vacib bilirəm ki. əgər biz bir millət olaraq yenidən Nəsrəddin Tusilər, M.Füzulilər, Seyyid Əzimlər, Əbuturablar, Məhəmməd Əminlər yetişdirməyə niyyətliyiksə, mütləq və mütləq öz milli, dini kimliyimizə qayıtmalıyıq.  

Məqalə 13.02.2025

İmam Səccadın (ə) həyatı

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür. Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada iştirak etmiş, lakin xəstə olduğu üçün döyüşməmişdir. Kərbəla faciəsindən sonra digər əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o həzrət müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır. Nəhayət, hicrətin 94, ya da 95-ci ili Hişam ibn Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhadətə yetirilmiş və “Bəqi” qəbristanlığında əmisi imam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.

Məhərrəm 13.02.2025

Tasua gününün əməllərim

Tasua günü Aşuranın axşamıdır. 1. Namazlar * Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə “Həmd”dən sonra “Ayətül-kürsü”, “İxlas”, “Fələq” və “Nas” surələrinin hər birini 10 dəfə oxumaq. * Əmirəlmöminin Əlinin (ə) namazı, 4 rükət (2 dəfə sübh namazı kimi). Hər rükətdə Həmddən sonra 50 dəfə İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbər (s) və Əhli beytinə (ə) çoxlu salavat, onların düşmənlərinə isə lənət de . * 100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.] 100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim. 2. İmam Hüseynin (ə) qəbri kənarında əhya saxlamaq. 3. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq). Hədisdə deyilir: “Hər kim bu gecəni əhya saxlasa, Allah-Taalaya bütün mələklərin ibadətini etmiş olar.” 4. Dua, ibadət və istiğfar etmək.

İmam Əli (ə) 13.02.2025

Təbliğ ayəsi və Qədir-Xum hadisəsi

Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində buyurulur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ “Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmisən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.” Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (və şiənin bütün məşhur kitablarında) bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilir. Həmin kitablarda nəql olunan rəvayətlərdə açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsində Peyğəmbəri-Əkrəmin (s) imam Əlini (ə) öz canişini və vəsisi təyin etdiyi zamana aiddir. Bu rəvayətlərin sayı o qədər çoxdur ki, hətta Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin canlı şahidi olan Peyğəmbəri-Əkrəmin (s) 110 nəfər səhabəsindən, 84 nəfər tabeindən və 360 nəfər məşhur İslam alimlərindən nəql olunduğunu qeydə almışdır. “QƏDİR-XUM” HADİSƏSİ “Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan belə qənaətə gəlirik ki, İslam Peyğəmbəri (s) ömrünün sonuncu ilindəki “Vida” həcci (“Həccətül-vida”) daha şövkət və əzəmətlə sona çatdırmış, bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, bu böyük ibadətin ləzzətini bütün cisim və canları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri bu böyük səadətə çatdıqları üçün sevinclərindən dərilərinə sığmırdılar. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyil, həm də bu böyük tarixi iftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən çoxlu müsəlman var idi. Bəzi alimlər Peyğəmbərlə (s) birgə həcdə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri 120 min, bəziləri isə 124 min qeyd etmişdir. Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırsa da, bu misilsiz mənəvi səfərin ləzzəti hər bir şeyi asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə “Qədir-Xum”un quru və yandırıcı səhralıqları uzaqdan görünürdü. Burada Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı var idi ki, biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru gedirdi. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam Peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar. Hicri-qəməri tarixi ilə 10-cu ilin cümə axşamı idi və “Qurban” bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacıların dayanması üçün göstəriş verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar, nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə bir kölgəlik, nə də bir ot-ələf və çəmənlik gözə görünmürdü. Bəziləri də bu çılpaq ağaclara sığınmışdılar. Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atılaraq Peyğəmbər (s) üçün kölgəlik düzəldildi. Bununla belə, yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?” Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz üçün çalışdın. Allah sənə yaxşı mükafat versin!” Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?” Hamı bir ağızdan “Bəli, şəhadət veririk!” – dedilər. Peyğəmbər (s) dedi: “İlahi şahid ol…” Əlavə edərək buyurdu: “Ey camaat, səsimi eşidirsinizmi?” Dedilər: “Bəli!” Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin zümzüməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi ucaldı: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!” Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət hansılardır?” Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaqlar. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız, geridə də qalmayın ki, yenə həlak olarsınız!” Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarırdı. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və yuxarı qaldırdı, hətta onun qoltuğunun altı belə göründü. Hamı onu tanıyıb bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!” Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!” Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm və onlara özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Belə isə mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi: اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ: “İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla birgə et və onu haqdan ayırma!” Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!” Peyğəmbərin (s) xütbəsi sona yetdi. Peyğəmbərin (s), Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı: الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي… “Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım…” Peyğəmbər (s) buyurdu: “Allahu-əkbər, Allahu-əkbər! Allah Öz dinini kamil, nemətini bizə tamamladı, mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!” Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar ki, onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər: بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ: “Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.” Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi: “Qədir-Xumda Peyğəmbərin nidası, Yayıldı carçısıyla hər sədası. Dedi: “Kimdir sizin mövla, nəbiniz?” Bir ağızdan: “Allah bizim Rəbbimiz! Ondan sonra sən də peyğəmbərimiz! Vilayətə asi olmaz birimiz!” Peyğəmbərin Əliyə buyruğuyla: “Qalx ayağa, həqiqət sorağıyla. Məndən sonra imam, hidayətçisən, Mövlası olduğumun rəhbərisən! Bəs, itaət edin buyruqlarıma, Allahdan əmanət qoyduqlarıma! “İlahi! Onu sevən hər kəsi, sev Sən də! Düşmən olan kəsə, düşmən ol Sən də!” Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!

Müsəlmanın həyat tərzi 13.02.2025

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i t “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban” bayramlarından başqa bir bayramı da varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Bəli, üstün və böyük bir bayram da vardır.” Ravi soruşdu: “Hansı bayram?” İmam buyurdu: “Peyğəmbəri-Əkrəmin (s) Əlini (ə) xilafətə təyin etdiyi və“Hər kim, mən onun mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” – deyə buyurduğu gün! Bu bayram Zil-hiccə ayının on səkkizinci gününə təsadüf edir.” Ravi soruşdu: “Həmin gün nə etmək lazımdır?” Həzrət buyurdu: “Oruc tutmaq, ibadət etmək, Mühəmməd və Ali-Mühəmmədi xatırlayıb salavat demək…” 1. Oruc tutmaq; “Qədir-Xum” bayramında oruc tutmaq altmış illik günahın kəffarəsidir. Rəvayətdə deyilir ki, həmin günün orucu bir ömrün orucu, yüz həcc və yüz ümrənin savabına bərabərdir. 2. Qüsl etmək; 3. İmam Əlini (ə) ziyarət etmək; o həzrəti yaxından ziyarət edə bilməyən şəxsin “Əminullah” ziyarətini oxuması tövsiyə olunur. 4. İki rükət namaz qılmaq və namazdan sonra səcdədə yüz dəfə Allah şükür etmək (və “Şukrən lillah” demək); yaxşı olar ki, bu namaz günortaya yaxın bir vaxtda qılınsın. Birinci rükətdə “Qədr”, ikinci rükətdə isə “İxlas” surələri oxunsun. 5. “Qədir-Xum” günü günortadan öncə iki rükətdən ibarət başqa bir namazın qıllnması da tövsiyə olunur. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunsun. 6. “Nüdbə” duasını oxumaq; 7. Bu duanı oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ عَلِيٍّ وَلِيِّكَ وَ الشَّأْنِ وَ الْقَدْرِ الَّذِي خَصَصْتَهُمَا بِهِ دُونَ خَلْقِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ عَلِيٍّ وَ أَنْ تَبْدَأَ بِهِمَا فِي كُلِّ خَيْرٍ عَاجِلٍ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَئِمَّةِ الْقَادَةِ وَ الدُّعَاةِ السَّادَةِ وَ النُّجُومِ الزَّاهِرَةِ وَ الْأَعْلامِ الْبَاهِرَةِ وَ سَاسَةِ الْعِبَادِ وَ أَرْكَانِ الْبِلادِ وَ النَّاقَةِ الْمُرْسَلَةِ وَ السَّفِينَةِ النَّاجِيَةِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ خُزَّانِ عِلْمِكَ وَ أَرْكَانِ تَوْحِيدِكَ وَ دَعَائِمِ دِينِكَ وَ مَعَادِنِ كَرَامَتِكَ وَ صِفْوَتِكَ مِنْ بَرِيَّتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ الْأَتْقِيَاءِ الْأَنْقِيَاءِ النُّجَبَاءِ الْأَبْرَارِ وَ الْبَابِ الْمُبْتَلَى بِهِ النَّاسُ مَنْ أَتَاهُ نَجَا وَ مَنْ أَبَاهُ هَوَى اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَهْلِ الذِّكْرِ الَّذِينَ أَمَرْتَ بِمَسْأَلَتِهِمْ وَ ذَوِي الْقُرْبَى الَّذِينَ أَمَرْتَ بِمَوَدَّتِهِمْ وَ فَرَضْتَ حَقَّهُمْ وَ جَعَلْتَ الْجَنَّةَ مَعَادَ مَنِ اقْتَصَّ آثَارَهُمْ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا أَمَرُوا بِطَاعَتِكَ وَ نَهَوْا عَنْ مَعْصِيَتِكَ وَ دَلُّوا عِبَادَكَ عَلَى وَحْدَانِيَّتِكَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ نَجِيبِكَ وَ صِفْوَتِكَ وَ أَمِينِكَ وَ رَسُولِكَ إِلَى خَلْقِكَ وَ بِحَقِّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ يَعْسُوبِ الدِّينِ وَ قَائِدِ الْغُرِّ الْمُحَجَّلِينَ الْوَصِيِّ الْوَفِيِّ وَ الصِّدِّيقِ الْأَكْبَرِ وَ الْفَارُوقِ بَيْنَ الْحَقِّ وَ الْبَاطِلِ وَ الشَّاهِدِ لَكَ وَ الدَّالِّ عَلَيْكَ وَ الصَّادِعِ بِأَمْرِكَ وَ الْمُجَاهِدِ فِي سَبِيلِكَ لَمْ تَأْخُذْهُ فِيكَ لَوْمَةُ لائِمٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَنِي فِي هَذَا الْيَوْمِ الَّذِي عَقَدْتَ فِيهِ لِوَلِيِّكَ الْعَهْدَ فِي أَعْنَاقِ خَلْقِكَ وَ أَكْمَلْتَ لَهُمُ الدِّينَ مِنَ الْعَارِفِينَ بِحُرْمَتِهِ وَ الْمُقِرِّينَ بِفَضْلِهِ مِنْ عُتَقَائِكَ وَ طُلَقَائِكَ مِنَ النَّارِ وَ لا تُشْمِتْ بِي حَاسِدِي النِّعَمِ اللَّهُمَّ فَكَمَا جَعَلْتَهُ عِيدَكَ الْأَكْبَرَ وَ سَمَّيْتَهُ فِي السَّمَاءِ يَوْمَ الْعَهْدِ الْمَعْهُودِ وَ فِي الْأَرْضِ يَوْمَ الْمِيثَاقِ الْمَأْخُوذِ وَ الْجَمْعِ الْمَسْئُولِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَقْرِرْ بِهِ عُيُونَنَا وَ اجْمَعْ بِهِ شَمْلَنَا وَ لا تُضِلَّنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ اجْعَلْنَا لِأَنْعُمِكَ مِنَ الشَّاكِرِينَ يَا أَرْحَمَ الرَّاحِمِينَ الْحَمْدُ لِلَّهِ الَّذِي عَرَّفَنَا فَضْلَ هَذَا الْيَوْمِ وَ بَصَّرَنَا حُرْمَتَهُ وَ كَرَّمَنَا بِهِ وَ شَرَّفَنَا بِمَعْرِفَتِهِ وَ هَدَانَا بِنُورِهِ يَا رَسُولَ اللَّهِ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلَيْكُمَا وَ عَلَى عِتْرَتِكُمَا وَ عَلَى مُحِبِّيكُمَا مِنِّي أَفْضَلُ السَّلامُ مَا بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ بِكُمَا أَتَوَجَّهُ إِلَى اللَّهِ رَبِّي وَ رَبِّكُمَا فِي نَجَاحِ طَلِبَتِي وَ قَضَاءِ حَوَائِجِي وَ تَيْسِيرِ أُمُورِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَلْعَنَ مَنْ جَحَدَ حَقَّ هَذَا الْيَوْمِ وَ أَنْكَرَ حُرْمَتَهُ فَصَدَّ عَنْ سَبِيلِكَ لِإِطْفَاءِ نُورِكَ فَأَبَى اللَّهُ إِلا أَنْ يُتِمَّ نُورَهُ اللَّهُمَّ فَرِّجْ عَنْ أَهْلِ بَيْتِ مُحَمَّدٍ نَبِيِّكَ وَ اكْشِفْ عَنْهُمْ وَ بِهِمْ عَنِ الْمُؤْمِنِينَ الْكُرُبَاتِ اللَّهُمَّ امْلَأِ الْأَرْضَ بِهِمْ عَدْلا كَمَا مُلِئَتْ ظُلْما وَ جَوْرا وَ أَنْجِزْ لَهُمْ مَا وَعَدْتَهُمْ اِنَّكَ لا تُخْلِفُ الْمِيعَادَ (Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyik, və Əliyyin vəliyyik, vəş-şə`ni vəl qədrilləzi xəsəstəhuma bihi dunə xəlqik, ən tusəlliyə əla Muhəmmədin və Əliyy, və ən təbdəə bihima fi kulli xəyrin acil. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əl əimmətil qadəti vəd duatis sadəh, vən nucumiz zahirəti vəl ə`lamil bahirəh, və sasətil ibadi və ərkanil bilad, vən naqətil mursələh, vəs səfinətin naciyətil cariyəh, fil luccəcil ğamirəh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, xuzzani ilmikə və ərkani təvhidik, və dəaimi dinikə və məadini kəramətik, və sifvətikə min bəriyyətikə və xiyərətik, min xəlqikəl ətqiyail ənqiyain nucəbail əbrar, vəl babil mubtəla bihin nas, mən ətahu nəca və mən əbahu həva. Əllahummə səlli əla Muhəm­mədin və ali Muhəmməd, əhliz zikrilləzinə əmərtə biməs`ələtihim, və zəvil qurbətilləzinə əmərtə biməvəddətihim, və fərəztə həqqəhum və cəəltəl cənnətə məadə məniqtəssə asarəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma əməru bitaətikə və nəhəv ən mə`siyətik, və dəllu ibadəkə əla vəhdaniyyətik. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyikə və nəcibik, və səfvətikə və əminik, və rəsulikə ila xəlqik, və bihəqqi Əmirilmu`minin, və yə`subid dini və qaidil ğurril muhəccəlin, əl vəsiyyil vəfiyy, vəs siddiqil əkbər, vəl faruqi bəynəl həqqi vəl batil, vəş şahidi ləkə vəd dalli ələyk, vəs sadii biəmrikə vəl mucahidi fi səbilik, ləm tə`xuzhu fikə ləvmətu laim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələni fi hazəl yəvmilləzi əqədtə fih, livəliyyikəl əhdə fi ə`naqi xəlqik, və əkməltə ləhumud dinə minəl arifinə bihurmətih, vəl muqirrinə bifəzlih, min utəqaikə və tuləqaikə minən nar, və la tuşmit bi hasidin niəm. Əllahummə fəkəma cəəltəhu idəkəl əkbər, və səmməytəhu fis səmai yəvməl əhdil mə`hud, və fil ərzi yəvməl misaqil mə`xuzi vəl cəm`il məs`ul, səlli əla Muhəmmədin və ali Muhəmməd, və əqrir bihi uyunina, vəcmə` bihi şəmləna, və la tuzilləna bə`də iz hədəytəna, vəc`əlna liən`umikə minəş şakirin, ya ərhəmər rahimin, əl həmdu lillahilləzi ərrəfəna fəzlə hazəl yəvm, və bəssərəna hurmətəh, və kərrəməna bihi və şərrəfəna bimə`rifətih, və hədana binurih, ya rəsuləllahi ya Əmirəlmu`minin, ələykuma və əla itrətikuma və əla muhibbikuma minni əfzəlus səlam, ma bəqiyəl ləylu vən nəhar, və bikuma ətəvəccəhu iləllahi rəbbi və rəbbikum, fi nəcahi təlibəti və qəzai həvaici və təysiri umuri. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təl`ənə mən cəhədə həqqə hazəl yəvm, və ənkərə hurmətəh, fəsəddə ən səbilik, liitfai nurik, fəəbəllahu illa ən yutimmə nurəh. Əllahummə fərric ən əhli bəyti Muhəmmədin nəbiyyik, vəkşif ənhum və bihim, ənil mu`mininəl kurubat. Əllahumməmləil ərzə bihim ədla, kəma muliət zulmən və cəvra, və ənciz ləhum ma vəədtəhum, innəkə la tuxliful miad.)   9. Mömin şəxsi gördükdə bu sözlərlə salamlamaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələna minəl mutəməssikin, bivilayəti əmril mu`mininə vəl əimməti ələyhimus-səlam.)   10. Bu duanı yüz dəfə oxumaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ كَمَالَ دِينِهِ وَ تَمَامَ نِعْمَتِهِ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عَلَيْهِ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələ kəmalə dinihi və təmamə ni`mətih, bivilayəti Əmirilmu`mininə Əliyyibni Əbi Talibin ələyhissəlam.)   11. Qədir-Xum günü imam Əlinin (ə) şiələrini sevindirmək, onların təqsirlərindən keçmək, istəklərini rəva etmək, qohumlara baş çəkmək, yoxsul möminlərə yardım etmək, oruc tutanlara iftar vermək, möminlərlə əl verib görüşmək, onları ziyarət etmək, onlara hədiyyələr göndərmək, imamət və vilayət nemətinə görə Allaha şükür etmək, çoxlu salavat demək, bir sözlə, ibadət və itaətlə məşğul olmağın böyük fəzilət və savabı vardır. Həmin gün hər kim öz mömin qardaşına bir dirhəm yardım etsə, başqa gündə yardım etdiyi min dirhəmə bərabərdir. İmam Əlidən (ə) belə nəql olunub: “Hər kəs “Qədir-Xum” günü oruc tutan bir möminə iftar versə, sanki on “fiam”a iftar verib. Bir nəfər: “Ya Əmirəlmöminin, “fiam” nədir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Yüz min peyğəmbər, siddiq və şəhid! Bir qrup möminin qarnını doyuran şəxsin böyük savab və fəzilətə sahib olması məlumdur. Mən özüm həmin şəxsin Allah dərgahında küfr, fəqirlik və sairdən amanda olmasına zaminəm…” Bir sözlə, bu şərəfli günün fəziləti olduqca böyükdür. Həmin gün şiələrin əməllərinin qəbul olduğu gündür. Peyğəmbər (s) həmin günü öz səhabələri arasında qardaşlıq yaratdı. Yaxşı olar ki, “Qədir-Xum” günü möminlər arasında “qardaşlıq siğəsi” oxunsun. Onun qaydası belədir: “Sağ əlini mömin qardaşının sağ əlinə qoyub de: وَاخَيْتُكَ فِي اللَّهِ وَ صَافَيْتُكَ فِي اللَّهِ وَ صَافَحْتُكَ فِي اللَّهِ وَ عَاهَدْتُ اللَّهَ وَ مَلائِكَتَهُ وَ كُتُبَهُ وَ رُسُلَهُ وَ أَنْبِيَاءَهُ وَ الْأَئِمَّةَ الْمَعْصُومِينَ عَلَيْهِمُ السَّلامُ عَلَى أَنِّي إِنْ كُنْتُ مِنْ أَهْلِ الْجَنَّةِ وَ الشَّفَاعَةِ وَ أُذِنَ لِي بِأَنْ أَدْخُلَ الْجَنَّةَ لا أَدْخُلُهَا إِلا وَ أَنْتَ مَعِي (Və axəytukə fillahi və safəytukə fillah, və safəhtukə fillahi və ahədtullahə və məlaikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl əimmətəl mə`suminə ələyhimus-səlam, əla ənni in kuntu min əhlil cənnəti vəş şəfaəh, və uzinə li biən ədxuləl cənnəh, la ədxuluha illa və əntə məi.)   Bunu dedikdən sonra mömin qardaşın desin: “Qəbiltu.” (Qəbul etdim.) Sonra desin: أَسْقَطْتُ عَنْكَ جَمِيعَ حُقُوقِ الْأُخُوَّةِ مَا خَلا الشَّفَاعَةَ وَ الدُّعَاءَ وَ الزِّيَارَةَ (Əsqəttu ənkə cəmiə huquqil-uxuvvəh, ma xələş-şəfaətə vəd-duaə vəz-ziyarəh.)   (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)

Müstəhəb namazlar 12.02.2025

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Qurban bayramı namazının vaxtı günəş qalxdıqdan günortayadəkdir. Qurban bayramı namazı (Fitr bayrmı namazı kimi) iki rükətdir: birinci rükətdə Həmd və surədən sonra beş təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilərək namaz başa çatır. Qurban bayramı namazının qunutunda istənilən duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: “Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.” 3. Namazdan sonra bu təkbirləri təkrar-təkrar demək: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ اللَّهُ أَكْبَرُ عَلَى مَا هَدَانَا اللَّهُ أَكْبَرُ عَلَى مَا رَزَقَنَا مِنْ بَهِيمَةِ الْأَنْعَامِ وَ الْحَمْدُ لِلَّهِ عَلَى مَا أَبْلانَا “Əllahu-əkbər, əllahu-əkbər, la ilahə illəllahu vəllahu-əkbər. Əllahu-əkbər və lillahil həmd, əllahu-əkbəru əla ma hədana. Əllahu-əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəlhəmdu lillahi əla ma əblana.” 4. Qurban kəsmək; İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlanan ev heyvanlarından olması şərt sayılır. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə “ənam” qisminə aid heyvanların yuxarıda adıçəkilən dörd cinsdən olduğu vurğulanır. Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı qurban kəsməyə icazə verilmir. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş olmamalıdır. Qurbanlıq heyvanın erkək olması da vacib şərt deyil.

MÜQƏDDƏS AYLAR (İslam ayları) 12.02.2025

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və itaətə dəvət edərək, Öz ehsan və bəxşiş süfrəsini onların üzünə açır. Bu günün bir neçə əməli vardır:   Qüsl etmək;   İmam Hüseyni (ə) ziyarət etmək: “Ərəfə” günü imam Hüseynin (ə) ziyarəti min həcc, min ümrə və min cihaddan üstün savaba malikdir. Həmin gün o həzrətin ziyarətinin fəziləti ilə bağlı çoxslu sayda hədislər nəql olunmuşdur. Hər kəs “Ərəfə” günü o həzrətin qəbrinin kənarında və türbəsində olarsa, savabı “Ərəfat”da olanın savabından heç də az deyil. Həmin gün o həzrətin qəbrini yaxından ziyarət edə bilməyən şəxs o həzrətin ziyarətnaməsini oxusun. (Həmin ziyarətnamə “Məfatihul-cinan” kitabında göstərilmişdir.)   “Ərəfə” günü “günorta” və “əsr” namazlarını açıq səma altında qılmaq və “əsr” namazından sonra iki rükət namaz qılmaq, belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Kafirun” surəsini oxumaq, eləcə də, namazdan sonra günahların bağışlanması üçün Allah dərgahında günahları etiraf etmək və daha sonra Peyğəmbərdən (s) nəql olunan bu təsbihatı oxumaq göstəriş verilir:   سُبْحَانَ الَّذِي فِي السَّمَاءِ عَرْشُهُ سُبْحَانَ الَّذِي فِي الْأَرْضِ حُكْمُهُ سُبْحَانَ الَّذِي فِي الْقُبُورِ قَضَاؤُهُ سُبْحَانَ الَّذِي فِي الْبَحْرِ سَبِيلُهُ سُبْحَانَ الَّذِي فِي النَّارِ سُلْطَانُهُ سُبْحَانَ الَّذِي فِي الْجَنَّةِ رَحْمَتُهُ سُبْحَانَ الَّذِي فِي الْقِيَامَةِ عَدْلُهُ سُبْحَانَ الَّذِي رَفَعَ السَّمَاءَ سُبْحَانَ الَّذِي بَسَطَ الْأَرْضَ سُبْحَانَ الَّذِي لا مَلْجَأَ وَ لا مَنْجَى مِنْهُ إِلا إِلَيْهِ   (Subhanəlləzi fis-səmai ər­şuh, subhanəlləzi fil ər­zi huk­muh, subhanəlləzi fil quburi qə­zauh, subhanəlləzi fil bəhri səbiluh, subha­nəl­ləzi fin-nari sultanuh, subhanəlləzi fil cən­nəti rəh­mə­tuh, subhanəlləzi fil qi­yaməti ədluh, subhanəl­lə­zi rə­fəəs-sə­ma, subhanəlləzi bə­sə­təl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh.)   Sonra yüz dəfə de:   سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ   (Subhanəllahi vəlhəmdu lil­lahi və la ilahə illəl­la­hu vəllahu əkbər.)   Sonra on dəfə “əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh!”, on dəfə “ya Əllahu”, on dəfə, “ya Rəhmanu”, on dəfə “ya Rəhimu”, on dəfə, “ya bədiəs-səmavati vəl ərzi ya zəl cəlali vəl ikram”, on dəfə “ya həyyu ya qəyyum”, on dəfə “ya hənnanu ya mənnan”, on dəfə “ya la ilahə illa ənt”, on dəfə “amin!” de və daha sonra bu duanı oxu:   اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ بِالْأُفُقِ الْمُبِينِ يَا مَنْ هُوَ الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ   (Əllahummə inni əs`əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəy­nəl mər`i və qəlbih, ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, ya mən huvər-rəhmanu ələl ərşis­tə­va, ya mən ləysə kəmislihi şəy`, və huvəs-sə­miul bəsir, əs`əlukə ən tu­səl­liyə əla Muhəmmədin və ali Muhəm­məd.)   Bu əməlləri yerinə yetirdikdən sonra, Allahdan öz hacətlərini istə.   İmam Hüseynin (ə) “Ərəfə” dusını oxumaq; Qalib Əsədinin övladları Bişr və Bəşirdən nəql olunur ki, “Ərəfə” gününün axır saatlarında “Ərəfat” çölündə imam Hüseynin (ə) xidmətində idik. O həzrət xeyməsindən çıxıb əhli-əyalı, övladları və şiələri ilə birgə dağın sol tərəfində dayanıb, mübarək üzünü Kəbəyə tərəf tutdu. Əllərini göyə qaldırıb, ağlaya-ağlaya “Ərəfə” gününün duasını oxumağa başladı.   Şeyx Kəfəmi “Misbah” kitabında yazır: “Ərəfə” gününün orucu həmin günə xas duaları oxumaqda özündə zəiflik hiss etməyən şəxsə müstəhəbdir.   “Ərəfə” günü imam Sadiqdən (ə) nəql olunan bu salavatları oxumaq;   اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ اللَّهُمَّ أَعْطِ مُحَمَّدا وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَلا تَحْرِمْنِي فِي [يَوْمِ‏] الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ أَبَدا اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ اللَّهُمَّ بَلِّغْ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما   (Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əl­la­hummə səlli əla Muhəm­mədin və alihi fil əvvə­lin, və səlli əla Muhəm­mədin və alihi fil axi­rin, və səlli əla Muhəmmədin və alihi fil mələil ə`la, və səlli əla Muhəmmədin və alihi fil mur­səlin, Əlla­hummə ə`ti Mu­həm­mə­dən və aləhul vəsilətə vəl fəzi­lətə vəş-şərəf, vər rif`ətə vəd-dərəcətəl kəbirəh, Əlla­hum­mə inni aməntu bi Mu­həm­mədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təh­rim­ni fil (fi yəvmil) qiyaməti ru`­yə­təh, vərzuqni suhbətəh, və təvəf­fə­ni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`­dəhu əbəda, innəkə əla kulli şəy`­in qədir, Əllahummə inni amən­tə bi Muhəmmədin səl­ləl­lahu ələy­­hi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəc­həh, Əllahummə bəlliğ Mu­həm­mədən səlləllahu ələy­hi və alihi minni təhi­yətən kəsirətən və səlama.)   Ərəfə günü, qürub zaman aşağıdakı duaları oxumaq:   يَا رَبِّ اِنَّ ذُنُوبِي لا تَضُرُّكَ وَ اِنَّ مَغْفِرَتَكَ لِي لا تَنْقُصُكَ فَأَعْطِنِي مَا لا يَنْقُصُكَ وَ اغْفِرْ لِي مَا لا يَضُرُّكَ   (Ya rəbbi innə zunubi la təzurruk, və innə məğfi­rə­tə­kə li la tənqusuk, fəə`­ti­ni ma la yənqusuk, vəğfir li ma la yəzurruk.)   اللَّهُمَّ لا تَحْرِمْنِي خَيْرَ مَا عِنْدَكَ لِشَرِّ مَا عِنْدِي فَإِنْ أَنْتَ لَمْ تَرْحَمْنِي بِتَعَبِي وَ نَصَبِي فَلا تَحْرِمْنِي أَجْرَ الْمُصَابِ عَلَى مُصِيبَتِهِ   (Əllahummə la təhrimni xəyrə ma indəkə lişərri ma indi, fəin əntə ləm tərhəm­ni bitəəbi və nəsəbi, fəla təhrimni əcrəl musabi əla musibətih.)   (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)  

İmam Muhəmməd Baqir (ə) 12.02.2025

İmam Baqirin (ə) həyatına qısa bir baxış

Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram.” (“Tarixi-Yəqubi”, c. 2, s. 320.) Atası imam Zeynəlabidinin (ə) şəhadəti zamanı imam Baqirin (ə) 37-38 yaşı var idi. Anası isə imam Həsənin (ə) qızı Ümmü-Əbdüllahdır. Buna görə də, imam Baqir (ə) həm ata, həm də ana tərəfdən imam Əli (ə) və xanım Zəhraya (s) çatan ilk şəxsdir. İmam Baqir (ə) 114-cü hicri-qəməri ilində İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetmiş və “Bəqi” qəbiristanlığında atası imam Zeynəlabidin (ə) və babası imam Həsənin (ə) qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on doqquz və ya iyirmi il olmuşdur.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...