Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Xanım Fatimənin (ə) uca məqamının sirri

Həzrət Fatimə əleyhasalam buyurur: قالت له : البيت بيتك والحرة زوجتك إفعل ما تشاء “(Əlican!) Ev sənin evindir və mən sənin həyat yoldaşınam. Nəyi məsləhət bilirsənsə onu da et (mən sənin hər qərarına razıyam).” Nəhcul-həyat 3-cü hədis . İnsan ictimai varlıqdır, bu ictimailik ailə adı quruluşdan başlayır. Qurani-kərim Nisa surəsinin 34 cü ayəsində ailə quruluşu barədə buyurur: “Kişilər qadınların (qoruyucusu və) dayağıdır.” Bu hamilik və qoruyuculuq kişilər üçün çətin bir sınaq nöqtəsidir. Allah Taala kişiləri qadınların dayağı və qoruyucusu qərar verməsi ilə onları çətin bir imtahana çəkir. Başqa sözlə, görək onlar bu qoruyuculuq və hamilik məsuliyyətini necə neyinə yetirəcəklər? Odur ki, Qurani-kərim Təhrim surəsinin 6-cı ayəsində buruyur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi oddan (yəni hər bir təhlükədən, zərər və ziyandan, azğınlıqdan, cəhənnəmlik olmaqdan) qoruyun!” Allah Taala kişilərin boynuna belə bir ağır məsuliyyət qoyaraq Bəqərə surəsinin 228-ci ayəsində onlara belə xitab edir: “Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər.” Bu bir dərəcədən məqsəd nizam-intizam yaratmaqdır. Hər bir quruluş, sistem və cəmdə bir başçı və rəhbərin olması zəruridir. Allah deyir ki, burada (ailədə) nizam-intizam olmalıdır, elə isə biriniz rəhbər və ailə başçısı olmalısınız. Hətta sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur ki: إذا كنتم ثلاثة في سفر فأمّروا أحدكم “Səfərdə olarkən üç nəfər olsanız biriniz başçı olun.” (Məhəccətul-beyza 4-cü cild 58-ci səhifə) İndi keçək əsas məsələyə: Kişinin ailə başçısı olması, onun hökm verən olması (bu işin məsuliyyət və imtahan olmasını nəzərə alaraq) heç də onun xeyirinə olan bir iş deyil. Bu hökm və göstəriş vermək bir növ İblisin (şeytanın) altı min illik ibadətinə bənzəyir. Kişinin izzət və şəxsi hörməti əmr etməkdədir. Sənə izzət və şəxsi hörmət gətirən hər bir ibadət təhlükə astanasıdır. Sən adət etmisən ki, sənə izzət və şəxsi hörmət gətirən ibadəti edəsən, odur ki, bir vaxt sənə -Allah tərəfindən- sənin izzət və şəxsi hörmətini sındıran bir ibadət tapşırılanda (məsələn, həyat yoldaşına ev işlərində kömək et, uşaq saxlamaqda ona yardım et və sair) dinin göstərişini icra etməyəcəksən. İblis kimi. İblis 6 min il elə bir ibadəti edirdi ki, bu iibadət ona izzət və şəxsi hörmət gətirirdi, həmin ibadət onun nəfsinin istəyi ilə yanaşı idi, nəfsi həzz alırdı onun ibadət etməsindən, çünki ibadəti çoxaldıqca onun izzəti və hörməti də çoxalırdı!! İblisə bircə dəfə elə bir ibadət tapşırıldı ki, onun izzətini, qürurunu və şəxs hörmətini sındıran bir ibadət idi, Allah buyurdu: Adəmə səcdə et. İblis hamının qarşısnda Adəmə səcdə ibadətini yerinə yetirməli idi. O, bu ibadəti öz izzət, qürur və şəxsi hörmətini sındıran bir ibadət olaraq gördü və Allah Taalanın əmrindən çıxaraq Adəmə səcdə etmək ibadətindən imtina etdi. Deməli, kişinin qadına hökm etməsi onun izzəti və şəxsi hörməti boyuncadır, onun nəfsinin istəyi ilə yanaşıdır. Ancaq qadının öz ərinə itaət etməsi və onun göstərişlərinə tabe olması qadının izzət və şəxsi hörməti boyunca deyil, onun nəfsinin istəyinin tam ziddi və əksinədir. Bax, elə buna görə də qadının öz ərinin sözünə baxması mələklərin Adəmə səcdə etməsi növündəndir. Nəfsinin istəkləri ilə təmamilə ziddir. Mələklər Allah Taalanın əmrinə tabe olaraq səcdə etdikləri üçün Allah onları Özünün kəramətli bəndələri qərar verdi. Qadının öz ərinin göstərişlərinə tabe olması nəfsin istəkləri ilə müxalifətçilikdir. Kişilər bu incə məsələyə diqqət etməlidirlər, qadınların onlara itaətini dəyərləndirməlidirlər. Sizlər əmirəlmöminin Əli əleyhissalamın öz ailəsində həyat yoldaşı xanım Fatiməyə (ə) olan xidmətlərinə baxın! Həzrət Muhəmməd (s) dəfələrlə imam Əlinin (ə) evinə gəldikdə o Əlinin (ə) ev yığışdırdığını, çörək bişirdiyini, ev süpürdüyünü, xəmir yoğurduğunu … görür və Allaha şükür edərək imam Əlilə (ə) təşəkkür edib ailədə kişinin öz ərinə kömək və xidmətlərinin Allah yanında ən böyük savab iş olduğunu bildirir. Peyğəmbərin (s) dəfələrlə belə bir səhnə ilə üzləşmələri və hədislər söyləmələri barədə çoxlu xəbərlər vardır. Dostlar, baxın, məhz buna görədir ki, məsum İmamlarımız (onların hamısına Allahın salamı olsun) həzrət Fatimə əleyhasalam barədə belə buyururlar: نحن حجج الله على الخلائق ، وأمنا فاطمة حجة الله علينا “Biz (İmamlar) insanlar üzərində Allahın höccətləriyik və anamız Fatimə isə bizim üzərimizdə Allahın höccətidir.” əl-Əsrarul-Fatimiyyə 18-ci səhifə . Bu çox böyük məqamdır. Çünki xanım Fatimənin (ə) Əli əleyhissalamın sözünə baxması, ona sədaqətli olması, “birdən o şeyi almağa imakanı olmaz və utanar” deyə ərindən nəyisə almağı istəməməsi, son nəfəsinədək İmamı (ə) müdafiə etməsi … həqiqətdə mələklərin Adəmə səcdə etməsi növündəndir. Qadınların bu ibadətləri çəx çətin (çünki nəfsin istəkləri ilə ziddir) kişilərin ibadətləri isə (nəfsin istəyi ilə yanaşı) olduğu üçün çox asandır!!! Deməli, yuxarıdakı ayədəki (Bəqərə-228) “dərəcə” əslində qadınların xeyirinədir. Görəsən, biz həzrət Əli (ə) və xanım Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?   RZA ƏZİZOĞLU İRƏVANİ  

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Ya Fatimə, Allah sənə salam göndərəni bağışlar

Hz. Peyğəmbər (s): Ya Fatimə, Allah sənə salam göndərəni bağışlar! Əllahummə səlli əla Fatimətə və əbiha və bəliha və bəniha, ədədə ilmillah, zinətə ərşillah, baqiyətən bi bəqaillah, daimətən bi dəvami mulkillah, ədədə ma xələqə və ma yuxləq, vəl-ən əədaəhum kəzalik. Allahım, Fatiməyə, onun atasına, həyat yoldaşına, iki oğluna Allahın elmi qədər, Allah ərşinin ağırlığı qədər, Allahın sonsuzluğu qədər davamlı, Allahın səltənəti davam edənədək, yaradılmışlar və gələcəkdə yaradılacaqların sayı qədər rəhmət göndər və onların düşmənlərini Öz rəhmətindən uzaqlaşdır… (اَللّهُمَّ صَلِّ عَلی فاطِمَةَ وَ اَبیها وَ بَعلِها وَ بَنیها ،عَدَدَ عِلمِ الله ،زِنَة عَرشِ الله ،باقیَةً بِبَقاءِ الله ،دائِمَة بِدَوامِ مُلکِ الله ،عَدَدَ ما خَلَقَ وَ ما یُخلَقُ ، وَ العَن اَعدائَهُم کَذالِک)  

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimənin (ə) çəkinməsi

Müsəlman qadının ictimai işlərdə fəaliyyəti barədə mövzu daima ixtilaf obyekti olmuşdur. Bu mövzunun ən yaxşı izahı dünya və axirət qadınlarının sərvəri həzrət Fatimənin (ə) həyatı və yaşayış tərzidir. Müsəlmanlar üçün Qurani-kərimdən sonra on dörd məsum, yəni Həzrət Muhəmməd (s), xanım Fatimə (ə) və on iki imam (ə) müsəlmanlara Allahın höccətidirlər. Həzrət Fatimə əleyhasalam ilə əlaqədar bir hədisdə oxuyuruq: إن فاطمة بنت رسول الله صلى الله عليه وآله استأذن عليها أعمى ، فحجبته فقال لها النبي صلى الله عليه وسلم : لم حجبته ، وهو لا يراك ، فقال : يا رسول الله إن لم يكن يراني فأنا أراه ، وهو يشم الريح ، فقال النبي صلى الله عليه وآله : أشهد أنك بضعة مني “Kor bir kişi həzrət Peyğəmbərin (s) qızı Fatimənin (ə) evinə daxil olmaq üçün o xanımdan icazə istədi, bu an xanım Fatimə (ə) dərhal yerdən qalxaraq hicabını bağladı (örtündü). Allahın Rəsulu (s) buyurdu: – Ona görə örtünməyə ehtiyac yoxdur, o (kor olduğu üçün) səni görmür. (Həzrət Fatimə) buyurdu: -ey Allahın Rəsulu (s)! O məni görməsə də mən onu görürəm və o mənim ətrimi hiss edə bilər. Allahın Rəsulu (s) (qızının bu sözlərini eşitdikdə) buyurdu: -Şəhadət verirəm ki, sən mənim canımın parasısan.” Şərhu ihqaqul-həqq 10-cu cild 258-ci səhifə . Məsumlardan biri də həzrət Fatimədir (ə). Bəzi şəxslər Xanımın (ə) qadının evdə oturması və kişiləri görməməsi barədə hədislərə əsaslanaraq qadının evdən çölə çıxmasının düzgün olmadığını bildirmiş və ictimai işlərdə iştirakını qadağan etmişlər. Həzrət Fatimə (ə) başqa bir yerdə buyurur: خير للنساء أن لا يرين الرجال ولا يراهن الرجال “Qadın üçün ən yaxşı şey budur ki, o qadın kişiləri, kişilər isə o qadını görməsin.” Biharul-ənvar 43-cü cild 54-cü səhifə . Üçüncü hədisdə isə oxuyuruq: أدنى ما تكون من ربها أن تلزم قعر بيتها Həzrət Fatimə (ə) buyurdu: “Qadın öz evində oturduqda Allaha daha yaxın olur.” Biharul-ənvar 43-cü cild 92-ci səhifə Qadının vəzifələri mövzusunda araşdıqma aparmaq üçün xanım Fatimənin (ə) bu hədisləri ilə yanaşı o biri hədislərinin də hamısı tədqiq edildikdən sonra düzgün nəticəni əldə etmək olar. Halbuki əgər biz məsumların həyatlarından dəqiq nəticə almaq istəsək onların bütün sözlərini və həyatlarını tam dəqiqliklə araşdırmalıyıq ki, onların sözlərindəki məqsəd və niyyətlərini başa düşə bilək. Odur ki, imam Cəfər Sadiq əleyhissalam buyurur: عن أبي عبد الله عليه السلام قال : أنتم أفقه الناس ما عرفتم معاني كلامنا ، إن كلامنا ينصرف على سبعين وجها “Bizim sözlərimizin (həqiqi) mənasını anlasanız insanların ən fəqihi (dini dərk edəni) olarsınız, şübhəsiz bizim kəlamlarımız yetmiş cəhətə yozula bilir”. Bu hədislərdən, xüsusilə üçüncü hədisdən bəlli olur ki, istər fərdi istər ictimai işlərdə meyar və əsas Allaha yaxınlaşmaq, yəni həqiqi bəndəçilik və kamillikdir. Çünki bu hədislərin qarşısında tamamilə əks cəhətdə hədislər və tarixi cərəyanlar mövcuddur. Təsəvvür edin ki, xilafətin qəsb edilməsinin ilk günlərində mənəm-mənəm deyən qəhrəmanların səslərini çıxarmağa cürətləri çatmadığı zamanda xanım Fatimə (ə) Mədinə məscidinə gələrək yüzlərlə səhabənin qarşısında xilafəti qəsb edənlərə qarşı alovlu xütbə söyləyərək qəsbkarları ifşa edir. Gecələr mühacir (hicrət etmişlərin) və ənsarın (Mədinəlilərin) evlərinə gedərək onları haqq uğrunda mübarizəyə səsləyir. Yaxud gündüz çağı camaatın qarşısında fəryad edərək insanları əmirəlmöminin Əli əleyhissalamın haqqını müdafiə etməyə çağırır, “saçlarımı pərişan edərəm” –deyə qəsbkarları hədələyir. Övladları Həsən (ə) və Hüseynin (ə) əlindən tutaraq birincinin yanına gedərək qəsb edilmiş Fədək bağının qaytarılmasını tələb edir… Məhz buna görədir ki, məsumlar (onların hamısına Allahın salamı olsun) hədislərin məna və məqsədlərini düzgün dərk etməyin vacibliyini hər kəsə dönə-dönə tapşırmışlar. Bu iki dəstə hədislər arasında heç bir təzad və ziddiyyət yoxdur, yuxarıdakı üçüncü hədisdə deyildiyi kimi bunların hamısında əsas və meyar Allaha yaxınlıq və qürbət məqsədidir ki, bu da yalnız Allah Taalaya xalis itaət və bəndəçilik ilə mümkün ola bilir. Allaha həqiqi bəndəçilik və itaət budur ki, hər bir zaman, məkan, mühit və şəraitdə onlara uyğun olan vəzifəni biləsən və məhz onu edəsən, çünki şərait dəyişildikdə insanın vəzifə və məsuliyyətləri də dəyişir. Hər bir şəraitin özünə məxsus hökmləri vardır. Zəruri olmayan işlərdə kişilərlə təmasda olmaq düzgün deyil, ancaq vilayət haqqı və ya Allahın Peyğəmbərinin yaxud Vəlisinin canını hifz etmək, qorumaq kimi məsələ qarşıya çıxdıqda belə bir təmas və münasibət qaçılmaz olur. Necə ki, Qurani-kərimdə 40-cı Mömin (Ğafir) surəsində bəhs edilən mövzuların biri də Fironun yaxın qohumlarından və onun sarayında yüksək vəzifədə olan, ancaq Allaha və Musaya (ə) iman gətirdiyini gizlədən (Əbu Talib kimi) bir şəxsin həyatının bir hissəsi barədədir. O imanının gizlədən şəxs sarayda Fironun öz müşavirləri ilə Musa peyğəmbər barəsində məsləhətləşdiyi zaman onların həzrət Musanı öldürmək qərarına gəldiklərini eşitdikdə imanını aşkar etdi və həzrət Musanı müdafiə edərək onları qətiyyətlə bu işdən çəkindirməyə çalışdı və elə bu rəftarına görə Fironun əmri ilə öldürüldü… Bəli, “qadın üçün ən yaxşısı onun kişiləri, kişilərin isə onu görməməsidir” deyən və kor bir kişi ilə rastlaşdıqda hicabını bağlayan xanım Fatimə (ə) Salman və Əbuzər ilə tamamilə başqa bir tərzdə rəftar edir, onların onun evinə gəlməsini və birlikdə İlahi mərifət və vilayət barədə söhbət etmələrini istəyir. Təbiidir ki, Salman, Əbuzər, Miqdad, Əmmar kimi kamil insanlar ilə qadından gələn ətir iyinə vəsvəsəyə düşən kişilər bir deyillər. Kişilər var ki, hətta dükanda qadın paltarı gördükdə vəsvəsəyə düşürlər, o ki qaldı onların ətirlərini iyləməkləri… Odur ki, xanım Fatimə əleyhasalam nəinki qadınlar üçün, bəlkə bütün bəşəriyyət üçün insanlıq və bəndəçilik nümunəsi və ən gözəl ülgüdür. Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik? Rza Əzizoğlu İrəvani    

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimə (ə) əxlaqında “Qonşuluq hüquqları”

Həzrət Fatimə əleyhasalam buyurur: ليس من المؤمنين من لم يأمن جاره بوائقه “Qonşuları onun şərrindən (pisliyindən, əziyyətindən) amanda olmayan şəxs möminlərdən deyil.” Dəlailul-imamə 66-cı səhifə İslamın önəm verdiyi məsələlərdən biri də qoşululuq haqqıdır. Hər bir müsəlman öz qonşuları ilə mehriban qonşuluq münasibətlərinə malik olmalıdır. Qonşusunun evdə olmadığı vaxtlarda onun abırını qorumaq, görüşəndə onunla hörmət və ehtiramla davranmaq, ona daima dayaq və himayaçi olmaq qonşuluq haqlarındandır. Müsəlman olan şəxs qonşularının eyibləri və nöqsanları barədə axtarış etməməlidir. Əgər onun bir pis işini bilmiş olsa özünün sirlər xəzinəsi olan sinəsinin möhkəm qalasında həmin pis işi elə saxlamalıdır ki, nizələrin iti ucları belə o sirri öyrənə bilməsin. Kimsə sizə başqaları ilə əlaqədar bildiyi sirləri açırsa siz onun bu xəyanətli addımını səmimi dostluq addımı ilə səhv salmayın və sinənizdəki sirləri xüsusilə də qonşular və yaxınlar barədə bildiklərinizi heç kimə deməyin. Əmirəlmöminin Əli əleyhissalam həyatının son saatlarında söylədiyi axırıncı vəsiyyətlərində qonşularla mehriban münasibətdə olmağı dönə-dönə tapşırmışdır. Bəli, qonşularla yaxşı keçinməyi və mehriban olmağı Allahın Rəsulu (s) o qədər tapşırardı ki, bəzi insanlar “qonşuya ehtiram etmək vacib ediləcək” –deyə düşünürdülər. Bir hədisdə oxuyuruq: جَاءَتْ فَاطِمَةُ ع تَشْكُو إِلَى رَسُولِ اللَّه ص بَعْضَ أَمْرِهَا فَأَعْطَاهَا – رَسُولُ اللَّه ص كُرَيْسَةً وقَالَ تَعَلَّمِي مَا فِيهَا فَإِذَا فِيهَا مَنْ كَانَ يُؤْمِنُ بِاللَّه والْيَوْمِ الآخِرِ فَلَا يُؤْذِي جَارَه “(Xanım) Fatimə (ə) bəzi işlərlə bağlı gileyini bildirmək üçün Allahın Rəsulunun (s) yanına gəlmişdi. Allahın Rəsulu (s) ona (Fatiməyə) kağız parçası verdi və -burada yazılanları öyrən, deyə buyurdu. O kağız parşasına belə yazılmışdı. “Kim Allaha və qiyamət gününə inanırsa qonşusuna əziyyət etməsin (onu incitməsin)…..” Məkatibur-Rəsul 2-ci cild 139-cu səhifə Tarix kitabları yazmışlar ki, xanım Fatimənin (ə) dünyadan köçməsi nəinki o xanımın qonşularını, bütün Mədinə əhalisini sarsıtmışdı. İmam Həsən Müctəba əleyhissalam buyurur: “Gecənin bir aləmində yuxudan ayıldım, anamın ibadət mehrabında əllərini göyə qaldırıb dua etdiyini gördüm, dualarında yalnız qonşuları bir-bir dua edirdi, bir qədər qulaq asdıqdan sonra dedim: -Anacan! Bəs bizi niyə dua etmirsən?! Anam Fatimə (ə) buyurdu: Oğlum! Əvvəl qonşular (üçün dua edirəm) sonra ev (üçün dua edəcəyəm).” Odur ki, həzrət Fatimə əleyhasalam buyurur: “Qonşuları onun şərrindən (pisliyindən, əziyyətindən) amanda olmayan şəxs möminlərdən deyil.” Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir

Bəzi hədislərimizdən belə nəticəyə gəlmək olur ki, Həzrət Zəhra (s.ə) ilə İmam Zaman ağa (ə.f) arasında sıx rabitə mövcuddur. Bu iki əzizin arasında öz sirləri vardır. Həzrət Fatiməni (s.ə) tanımadan, Həzrət Məhdini (ə) tanımaq olmaz. Xanım (s.ə) bu cür övlada malik olduğu üçün fəxr edir. Həmçinin Həzrət Məhdi (ə.f) də bu cür anaya malik olduğu üçün qürur hissi keçirir. Həzrət Məhdi (ə.f) – Həzrət Zəhranın (s.ə) davamçısıdır. Onun aynası kimidir. Onun hədəfi – Xanımın  (s.ə) hədəfidir. Bu haqda gələn bəzi hədislərə işarə edək: Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır ki, mənim sünnətim əsasında vuruşacaqdır. Necə ki, mən vəhy üzrə vuruşmuşdum”. Allah Təala buyurur: “Ey Muhəmməd! Sənə o kəsi (Əli) əta etmişəm ki, 11 yol göstərən onun nəslindən xaric olacaqdır. Hamısı sənin nəslindən, Zəhrayi-Bətuldandır (s.ə). Onların sonuncusu o kişidir ki, onun əli ilə həlakətdən nicat verəcəyəm”. Ümmi Sələmə deyir: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Məhdi (ə.f) – mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır”. Həzrət Məhdi (ə.f) buyurur: “Allahın Rəsulunun (s) yeganə pak qızının əməl və sünnəti mənim üçün nümunə və bəyənilən örnəkdir”. Quran bizlərə iki örnəyi belə tanıdır: “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə)ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21). “Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur)”. (“Mumtəhənə” 6). Bu ayələrdə o kəslər ki, Həzrət İbrahim (ə) və Həzrət Rəsulla (s) bir yerdə olar, nümunə kimi tanıdılmışdır. Ona görə də örnək dedikdə, təkcə İlahi peyğəmbərlər (ə) nəzərdə tutulmur. Onların yolunda olan hər kəs örnək sayıla bilər. İmam Zaman ağanın (ə.f) Həzrət Zəhranın (s.ə) özü üçün örnək qərar verməsi ona görədir ki, Həzrət Zəhra (s.ə) hər bir cəhətdən Peyğəmbərə (s) bənzəyirdi. Yol getməyindən tutmuş, danışmağına qədər. Bəli, Həzrət Məhdi (ə.f) mütləq gələcəkdir və anası Həzrət Zəhranın (s.ə) yolunu davam etdirəcəkdir. Necə ki, Xanım (s.ə) atasının dininin ayaqda qalması üçün ənsarların və mühacirlərin evinə gedir və beyətlərini yadlarına salırdı və zamanlarının İmamını (ə) onlara tanıdırdı, Həzrət Məhdi (ə.f) də Peyğəmbərin (s) və Həzrət Zəhranın (s.ə) hədəfini yerinə yetirmək üçün inqilab edəcəkdir. /Deyerler.org/

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq

Bir kişi həyat yoldaşına deyir ki, Peyğəmbərin (s) qızı Fatimənin (s.ə) yanına get və mənim haqqımda sual ver ki, mən onun davamçısıyam, yoxsa yox? Həyat yoldaşı da Xanımın (s.ə) yanına gəlir və bu sualı verir. Xanım (s.ə) buyurur: “Ona de ki, əgər ona əmr etdiyimizi yerinə yetiribdirsə və qadağan etdiyimizdən çəkinibdirsə – o, bizim davamçılarımızdandır”. Həyat yoldaşı gəlir və Xanımın (s.ə) sözlərini ərinə deyir. Əri deyir: “Vay olsun mənə! Kim günah və xatadan uzaqdır ki? Ona görə də mən həmişəlik cəhənnəmdəyəm. Çünki hər kim onların davamçısı olmaz, həmişə cəhənnəm atəşində olar”. (İslami saytlara istinadən) Kişinin xanımı yenə Həzrət Fatimənin (s.ə) yanına gəlir və ərinin sözlərini banuya çatdırır. Həzrət Fatimə (s.ə) buyurur: “Ona de ki, güman etdiyi kimi deyildir. Bizim davamçılarımız – behişt əhlinin ən üstün insanlarıdır. Hər kim bizi sevərsə, bizim dostlarımızı da sevərsə, düşmənlərimizin düşməni olarsa – qəlb və dili ilə iman gətirmiş olar. Əgər bizim əmr və nəhyimizlə müxaliflik edərsə, bizim davamçımız deyildir, baxmayaraq ki, behiştə getsə belə. Ancaq bəla və çətinliklər vasitəsilə günahlardan pak olandan sonra. Və ya Qiyamət günü müxtəlif çətinliklərdən və ya cəhənnəmin ən üstün təbəqəsində əzab olduqdan sonra pak olar. O zaman bizə qarşı olan məhəbbətinə görə cəhənnəmdən ona nicat verərik və öz yanımıza apararıq”. /Deyerler.org/

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu

Bəzi insanlar ölən zaman özlərindən heç bir nişanə və ad qoyub getmirlər. Bəzi insanlar isə öz dövrünün insanlarına elə təsir qoyurlar ki, dünyalarını dəyişəndən sonra belə, undulmurlar. Lakin bəzi insanlar vardır ki, bütün dövrlərə təsir edə bilmişdilər. Yəni, bu insanların tarixdə əbədi qalmaq istedadları vardır. Həzrət Zəhra (s.ə) da bu cür şəxsiyyətlərdən biri olmuşdur. (Tebyan) Bu banunun ömrü 18 ildən çox olmamışdır. Ancaq Xanım (s.ə) bu bərəkətli ömrü boyu bir sünnənin təməlini qoymuşdur ki, bütün əsrlər boyu unudulmur. İmam Zaman (ə.f) onu gözəl örnək adlandırmışdır.   Həzrət Zəhra (s.ə) bütün insanlıq üçün bir nümunədir. Cəmiyyətşünasların nəzərinə görə, bir cəmiyyətin geridə qalmasının əsil səbəbi – cavanların layiqli örnəklərdən ibrət almamasıdır. Həzrət Zəhra (s.ə) bütün cavanlar üçün gözəl örnək ola bilər. Çünki bu banu eyibsiz və nöqsansızdır, kamil bir örnəkdir. Bütün cəmiyyət üçün nümunə olmaq qabiliyyətinə malikdir.   Həzrət Fatimə (s.ə) – müsəlman qadınların iffət nişanəsidir. Bu Xanım (s.ə) ancaq evində əyləşən xanımlardan deyildi. Tarix şahidlik edir ki, Xanım (s.ə) başqa qadınların dəvətini qəbul edər, atasının evinə gedib-gələrdi. Ühüd döyüşündə başqa qadınlarla bir yerdə yaralılara yardım edərdi. Məkkənin fəthində və vida həccində atası ilə birlikdə idi. Həzrət Həmzənin (ə) şəhadətindən sonra davamlı olaraq Ühüdə gedər və onun qəbrini ziyarət edərdi. Bəzən də Həzrət Peyğəmbəri (s) məxsus səhabələri ilə bir yerdə evinə dəvət edər və onlara xidmət edərdi. Bütün bu hallarda və zamanlarda iffət və hicab mövzusuna ən kamil surətdə diqqət göstərərdi.   Həzrət Zəhra (s.ə) həmişə bu düşüncədə olardı ki, qadın gərək insanlıq kəramətini dərk etsin və özünü başqalarının meyillərinə qurban etməsin. Həzrət Fatimə (s.ə) istəyirdi ki, hər bir qadın fəsaddan və əxlaqi rəzil sifətlərdən uzaq olsun və özünü qorusun.   Həzrət Əli (ə) buyurur: “Biz bir gün Peyğəmbərin (s) xidmətində əyləşmişdik. O, buyurdu: “Mənə xəbər verim görüm, hansı şey qadın üçün daha yaxşıdır?”. Heç kəs Həzrətin (s) cavabını verə bilmədi. Qalxıb dağıldılar. Mən Həzrət Fatimənin (s.ə) yanına gəldim və sualı ona dedim. Dedim ki, heç kim Peyğəmbərin (s) cavabını verə bilmədik. Xanım (s.ə) buyurdu: “Mən bu sualın cavabını bilirəm. Bir qadın üçün ən yaxşı şey odur ki, heç bir kişi onu görməsin və o, da heç bir kişini görməsin”. Mən Peyğəmbərin (s) yanına qayıtdım və dedim: “Ya Rəsulallah! Bir qadın üçün ən üstün şey odur ki, heç bir kişi onu görməsin və o, da heç bir kişini görməsin”. Həzrət (s) təəccüb edərək buyurdu: “Siz ki, əvvəl burada idiniz və bir şey demədiniz. Bu cavabı haradan gətirmisən?”. Dedim: “Fatimədən (s.ə)”. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır”.   Xanım (s.ə) bu dəyərli kəlamı ilə onu demək istəyirdi ki, iffətli qadın bacardığı qədər naməhrəm kişilərin olduğu yerlərdən çəkinməlidir. Əlbəttə, bu o demək deyildir ki, qadın ancaq evində əyləşməlidir. Xeyr, çünki Xanımın (s.ə) həyatına nəzər salan zaman görmək olur ki, özü də cəmiyyət içində olmuş və lazım olan zaman hətta xətiblik belə etmişdir. Bu hədisdə məqsəd odur ki, qadın naməhrəm kişilərin içində olan zaman öz danışıq və rəftar tərzinə diqqət etməli və əxlaqa zidd olan əməllərdən çəkinməlidir.   /Deyerler.org/  

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Alimlərin həzrət Zəhra (s) barədə sözləri

Fatimənin (s) həyatı tarixdə görünməmiş əzəmətli bir həyatdır Zeynül-ərəb “Şərhül-Məsabeh”dən nəql edir: Fatimə (s) bətul (seçilmiş) adlanırdı. Çünki fəzilət, dəyanət və alicənablıq baxımından heç bir qadın ona tay ola bilmədi.” Hərəvi “Mənaqib”dən nəql edir: “Fatimə (s) bətul (ayrılmış) adlandı. Çünki oxşarı yox idi.” Kəmaləddin Məhəmməd ibn Təlhə Şafei deyir: “Onun yalnız özünəməxsus olan fəzilətləri vardı. Bu fəzilət Peyğəmbər (s) buyuruqlarında təsdiqlənmişdir. Onun yalnız bir şərafətli sifətinə çatmaq üçün ömür boyu rəqabət aparılar…” Şəmsəddin ibn Məhəmməd ibn Əhməd ibn Osman Zəhəbi: “Onun imtiyazları böyükdür. O səbirli, dindar, xeyirxah, qane və qədirbilən olmuşdur.” Süleyman Kətani (məsihi yazıçısı) deyir: “Fatimə pak, peyğəmbər fəzilətlərinin daşıyıcısı idi. Onda üstün əxlaqi səciyyələr vardı.” Ayişə: Atasından savayı Fatimədən üstününü görmədim.” Misir alimi Bintuş-Şati: “O peyğəmbərin qızları arasında ən sevimlisi idi. Peyğəmbərə hər cəhətdən daha çox oxşayırdı… Peyğəmbər əhli-beytinin (ə) onun nəslindən olması Allahın təqdiridir…” Ustad Əhməd Şəms Basi deyir: “Fatimə dünya qadınlarının ən üstünüdür. O axirətdə də qadınların xanımı olacaq.” Doktor Əli İbrahim Həsən: “Fatimənin (s) həyatı tarixdə görünməmiş əzəmətli bir həyatdır. Biz dünyanı nuruna boyamış bir şəxsiyyətlə üzbəüzük. Onun fəziləti filosofların və alimlərin kitablarından qaynaqlanmır. Problemlərlə dolu təcrübələr onu ərsəyə gətirmişdir. Onun əzəməti məqam və ya var-dövlətindən yox, ruhunun dərinliyindən qaynaqlanır. Yalnız Fatimənin (s) əzəməti Ayişəni məcbur etdi ki, “Fatimədən üstününü görmədim” söyləsin.” (“Elamun-nisa”)

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimənin (ə) qəbirsanlıq ziyarəti

Həzrət Fatimə əleyhasalam kamil insanlıq nümunəsi olaraq bütün işlərində insanlara düzgün yaşamaq dərsini göstərmişdir. O xanım vacib və müstəhəb olan işlərin hamısını kamil şəkildə yerinə yetirmiş, insanları da o işlərə təşviq etmişdir. İslamda bəyənilən işlərdən biri də qəbirsanlıq ziyarətidir, təbii ki bu dünyada qəbirsanlıqlarda dəfn edilmişlər adətən yaxşı və pislərlə qarışıqdır, yəni hər bir qəbirsanlıqda yaxşı və mömin insanlar dəfn olunduğu kimi pis və əqidəsiz insanlar da dəfn edilmişlər. Qurani-kərim Tövbə surəsinin 84-cü ayəsində buyurur: وَ لَا تُصَلّ‏ِ عَلىَ أَحَدٍ مِّنهْم مَّاتَ أَبَدًا وَ لَا تَقُمْ عَلىَ‏ قَبرْهِ إِنهَّمْ كَفَرُواْ بِاللَّهِ وَ رَسُولِهِ وَ مَاتُواْ وَ هُمْ فَاسِقُونَ “Onlardan (münafiq və kafirlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma və onların qəbirlərinin yanında (ziyarət və dua etmək məqsədilə) dayanma, çünki onlar Allaha və Onun Peyğəmbərinə qarşı küfr etdilər və itaətsiz halda öldülər”. Odur ki, kafir və pis insanların qəbirlərini ziyarət etmək və onlar üçün rəhmət oxumaq qadağan edilmişdir. Allaha və Peyğəmbərə iman gətirmiş və yaxşı əməllərlə məşğul olmuş imanlı insanların qəbirlərini ziyarət etmək İslamda ən yaxşı əməllərdən sayılır. Yaxşı insanların qəbirlərini ziyarət etməyin çoxlu savabı olmasından əlavə ziyarət edən insanın imanının kamilləşməsi, əqidəsinin möhkəmlənməsi və bərzəx aləmi ilə rabitəsinin bərqərar olmasında böyük təsiri vardır. Həzrət Fatimənin (ə) həyatına nəzər saldıqda görürük ki, o xanım yalnız evdə oturmamış, ictimai vəzifələrini də yerinə yetirmişdir, istər –höccət tamamlamaq və sileyi-rəhm (qohumlarla əlaqə) kimi vacibləri istərsə də qəbirsanlıq ziyarəti kimi müstəhəb əməlləri yerinə yetirmiş və bu işi ilə bütün müsəlmanlara ülgü olmuşdur. Həzrət Fatimə (ə) tanıdığı imanlı insanları ölümlərindən sonra da unutmamış və mütəmadi olaraq onların qəbirlərini ziyarət edərək Allahdan onlar üçün bağışlanma istəmiş, onlara dua etmiş və Quran oxumuşdur. İmam Cəfər Sadiq əleyhissalam buyurur: عَاشَتْ فَاطِمَةُ س بَعْدَ رَسُولِ اللَّه ص خَمْسَةً وسَبْعِينَ يَوْماً لَمْ تُرَ كَاشِرَةً ولَا ضَاحِكَةً تَأْتِي قُبُورَ الشُّهَدَاءِ فِي كُلِّ جُمْعَةٍ مَرَّتَيْنِ – الإِثْنَيْنِ والْخَمِيسَ فَتَقُولُ هَاهُنَا كَانَ رَسُولُ اللَّه ص وهَاهُنَا كَانَ الْمُشْرِكُونَ “Fatimə (ə) (həzrət) Muhəmməddən (s) sonra yetmiş beş gün yaşadı, bu müddət ərzində heç kim onu xoşhal və gülən halda görmədi. Həftədə iki gün –bazar ertəsi və cümə axşamı günləri (ühüd döyüşündə) şəhid olanların qəbirlərini ziyarət edər və həzrət Peyğəmbərin (s) müşriklərlə döyüşdüyü yeri dəqiqliklə göstərərdi”. əl-Kafi 4-cü cild 561-ci səhifə Bu hədisdəm məlum olur ki, həzrət Fatimə (ə) Ühüd döyüşündə iştirak etmiş və oradakı hadisələri gözü ilə görmüşdür. Başqa bir hədisdə oxuyuruq: ان فاطمه کانت تأتی قبور الشهداء فی کل غداة سبت فتأتی قبر حمزة و تترحم علیه و تستغفر له “Fatimə (ə) şənbə günləri səhər çağı Ühüdə gələrək şəhidlərin qəbirlərini ziyarət edər, sonra isə (Peyğəmbərin əmisi həzrət) Həmzənin qəbri üstündə dayanaraq ona rəhmət oxuyar və onun üçün istiğfar edərdi”. Əvalim 11-ci cild 222-ci səhifə Bəli, xanım Fatimə əleyhasalam bəzi vaxtlar şənbə günləri, bəzi vaxtlar isə bazar ertəsi və cümə axşamı günləri qəbirsanliq ziyarətinə gedər və şəhidlərin qəbirlərini ziyarət edərdi. Atası həzrət Muhəmməd səllAllahu əleyhi və alih vəfatından sonra isə hər gün Bəqi qəbirsanlığında ağlamaq, dua, münacat və Quran oxumaqla atasının ayrılığına dözə bilmədiyini göstərmişdir. Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?   Rza Əzizoğlu İrəvani

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrəti Fatimənin (s.ə) şəhadəti

Peyğəmbərin (s) vəfatından üç ay keçər- keçməz onun cigərparası Həzrəti Zəhra (s.ə) da bu fani dünyadan gedəsi oldu. Həzrəti Əlinin (ə) güclə beyət etdirmək üçün evinə hücum çəkmiş dəstə qapının bağlı olduğunu görüb evə soxulmaq istədi. Qapının arxasında dayanıb gələnlərə nəsihət etmək istəyən xanım Zəhranın (s.ə) sanki heç Peyğəmbər qızı olmasına məhəl qoymayan bu inadkar dəstə qapını yandirmaq qərarına gəldi. Az sonra isə yarıyanmış qapını vurub sındıraraq içəri daxil olanlar qapı arxasında ölümcül vəziyyətdə yıxılıb qalmış, bətnindəki Möhsünü siqt olmuş Zəhranın (s.ə) ah- naləsinə də fikir vermıdilər. Beləliklə, xanım Zəhra (s.ə) dörd (beş) məsum körpənin anası yanıq qapı mismarının sinəsini dəlməsi qabırğasının sınması və aldığı digər ağır yaralar nəticəsində 18 yaşındaykən əziz atası Peyğəmbərə (s) qovuşdu Sonda sözümüzü Peyğəmbərin (s) və imam Həsənin (ə) Fatimə (s.ə) barədə buyurduğu iki hədislə bitiririk:. Peyğəmbər (s) buyurmuşdur: “Məryəm öz əsrinin qadınlarının xanımı idisə, qızım Fatimə (s.ə) əvvəldən- axıra qədər bütün dünyanın qadınlarının xanımıdır”. İmam Həsən Hüctəba (ə) buyurmuşdur: “Biz Allahın yer üzərində insanlara olan höccətiyik, Fatimə(s.ə) Allahin bizə olan höccətidir”. İstifadə olunmuş ədəbiyyat: 1)Fəzailul-xəmsə. 2) Üsuli- kafi. 3) Təzkirətul- xəbas. 4) Kənxul- həqayiq. 5)Zəxairul- uqba. 6)Rəyahinuş- şəriət. 7)Əmaliye şeyx Səduq.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Peyğəmbər (s) –ın Fatiməyə (s.ə) olan məhəbbəti

Peyğəmbər (s) buyurmuşdur: “hər zaman behişti arzulasam, Fatimənin (s. ə) boğazından öpürəm. Peyğəmbərin, (s) məhbubu kişilərdən Əlidir (ə) qadınlardan Fatimə (s. ə) Peyğəmbər (s) buyurmuşdur: Fatimə bədənimin parəsidir kim onu sevindirsə məni sevindirib, kim ona pislik etsə, mənə pislik etmişdir. Hədisdə deyilir: Peyğəmbər (s) Fatiməni (s.ə) elə istəyirdi ki, hər zaman səfərə getsəydi, vidalaşdığı axırıncı şəxs Fatimə (s.ə) olardı, eyni zamanda səfərdən qayıtdıqda, ilk görüşdüyü şəxs yenə Fatimə (s.ə) olardı. Peyğəmbərin (ə) Fatiməyə (s.ə) olan sonsuz məhəbbətini ifadə etdirən “ey atasının sevimlisi”– kimi kəlamlarını misal göstərmək olar. Qeyd etməliyik ki, Allaha daha yaxın olan insanlar öz övladlarını,yaxın qohumlarını, əqrabalarını və dostlarını nəfsani duyğular üzündən sevməmişlər. Belə şəxsiyyətlərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərlərinə olan sevgiləri isə elə yenədə Allahın özünə görə qayıdır və ona xatir olur.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Fatimeyi Zəhranın (s.ə) adları

Adətən adlar onun Sahiblərinin necəliyini bəyan edir. Əlbətdə əgər bu adqoyma hikməti bir şəxs vasitəsi ilə həyata keçsə. Hədislərdən məlum olurki, Fatimənin adını Allah Taala özü qoymuşdur. Peyğəmbər (s) bu barədə buyurur: ” ona Fatimə adı ona görə qoyulub ki, Allah Taala o və onun dostlarını və onu sevənləri cəhənnəm atəşindən saxlayır”.Bu ifadədən belə başa düşülür ki, Fatimənin Fatimə adlanması Allah tərəfindən olmuşdur və məması budurki, o, onu sevənlər və onun yolu ilə gedənlər heç vaxt cəhənnəmə daxil olmazlar. Yunis ibn Zəbyan İmam Sadiq (ə) –dan rəvayət edir: “Fatimənin (s.ə) Allah dərgahında doqquz adı vardır” Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, mühəddəsə, Zəhra” sonra buyurdu: Fatimə adının mənasını bilirsənmi?” Ərz etdim ki, ey mənim ağam, onun mənasını mənə başa sal! Buyurdu: “Futimət minəş-şər”-yəni hər cür pislikdən ayrılmış (və ya seçilmiş. Təmizlənmiş.) Sonra buyurdu: Əgər möminlər ağası Əli (ə) olmasaydı, Fatimə (s.ə) üçün Adəmdən tutmuş qiyamətə qədər yer üzündə həyat yoldaşı tapılmazdı”.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...