Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 01.02.2025

“İbrahim” surəsi

“İbrahim” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Ra. (Bu,) insanları öz Rəblərinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. O Allahın ki, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyməyə çalışırlar. Onlar uzaq bir azğınlıq içindədirlər. Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində danışan göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, qüdrətlidir, hikmət sahibidir. Biz Musanı möcüzələrimizlə göndərib (ona): “Qövmünü qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır. —————————————————————————————- İmamlar (ə) Quranı bilən şəxslərdir: Surənin əvvəlində də qeyd etdiyimiz kimi, onun əsas hədəfi Quranın haqq olduğunu sübuta yetirməkdir. Allah-taala surənin sonunda eyni hədəfə bir daha işarə edərək Peyğəmbəri (s) inkar edən şəxslərə buyurur: Peyğəmbərin (s) şahidi Allah Özüdür. Habelə Quranı öyrənmiş, onu bilən, onu tam mənimsəmiş şəxs də Quranın Allah tərəfindən göndərildiyinə və Peyğəmbərin (s) Allahın elçisi olmasına şahidlik edir. Bir çox Əhli-beyt (ə) hədislərində “kitabı bilən şəxs”in İmam Əli (ə) və ondan sonrakı imamlar olduğu qeyd edilmişdir. Çünki onlar Quranı tam bilən və onun rəmzlərindən tam şəkildə xəbərdar olan şəxslərdir[1]. İbrahim surəsinin ümumi məzmunu: Bu surədə inanclar, öyüd-nəsihətlər, keçmiş xalqların ibrətamiz hekayələrindən bəhs edilir, peyğəmbərlərin missiyasi və səmavi kitabların göndərilməsinin məqsədi açıqlanır[2]. Peyğəmbər (s) Quranın icraçısıdır: Bu ayənin diqqət çəkən cəhəti Allahın “bu Quranı sənə nazil etdik ki, insanları qaranlıqdan işığa çıxarasan”, – deyə buyurmasıdır. Yəni Quran bəşəriyyətin hidayət və xilas kitabı olsa da, bir icraçıya ehtiyacı var. Həqiqət yolunu itirmiş insanları Quran vasitəsilə zülmətdən işığa çıxartmaq üçün Peyğəmbər (s) kimi bir rəhbərin olması şərtdir. Buna görə də bütün əzəmət və böyüklüyünə baxmayaraq, rəhbər, icraçı və bələdçi olmadan Quran bütün problemləri həll edə bilməz[3]. Peyğəmbərlər çağırışlarını öz xalqlarının danışdığı dildə etmişlər: Peyğəmbərlər birinci növbədə arasından seçildikləri xalqla təmasda olurdular. Peyğəmbərlərə göndərilən vəhyin ilk şüası həmin xalqa işıq salır, ilk səhabə və dostlar bu xalqın arasından seçilirdi. Buna görə də həqiqətləri daha aydın şəkildə çatdırmaları üçün hər bir peyğəmbərin arasından seçildiyi xalqın dilində danışması lazım idi. Bu ayədən həm də peyğəmbərlərin dəvətinin qeyri-adi bir dəvət olmadığı, insanların azğınlıqdan haqq yola çıxarılmasının möcüzəli şəkildə baş vermədiyi məlum olur. Yəni peyğəmbərlərin vəzifəsi arasından seçildikləri xalqın dilində danışıb onlara ilahi çağırışı izah etməkdən ibarət olmuşdur. İnsanları hidayət etmək və ya haqq yoldan sapdırmaq artıq peyğəmbərlərə aid olmayan bir işdir. Peyğəmbərlərin çağırışını qəbul və ya inkar etməsindən asılı olaraq insanları müvafiq şəkildə hidayət etmək və ya azğınlıq içində saxlamaq Allahın işidir[4]. Allahın günləri: Şübhəsiz ki, burada “günlər” deyilərkən xüsusi günlər nəzərdə tutulmuşdur. Bütün günlər və və bütün varlıqlar Allaha məxsus olduğu halda, xüsusi günlərin Allaha aid edilməsi şübhəsiz ki, həmin günlərdə baş vermiş və baş verəcək, onları başqa günlərdən fərqləndirən və Allahın hökmünü aşkara çıxaran hadisələrlə bağlıdır. Deməli, Allahın günləri deyilərkən şübhəsiz ki, Allahın hökmünün, təkliyini ifadə edən ayə və möcüzələrin, dəlil və sübutların zahir olduğu zamanlardır. Məsələn, insan öldüyü gün Allahın axirət dəlili aşkara çıxır, dünyaya aid olan səbəbiyyət qanunları öz təsirlərini itirir. Məsələn, Qiyamət günü heç kəs başqası üçün özbaşına bir iş görə bilməyəcək, hər şey Allahın əlində olacaq. Nuh, Ad və Səmudun qövmlərinin məhv olduğu günlər də buna misaldır. Həmin günlər Allahın güc və qüdrətinin, qalibiyyətinin aşkara çıxdığı, ilahi izzətin təzahür etdiyi günlərdir. İlahi rəhmət və nemətin təzahür etdiyi günlər də buraya aid edilə bilər. Yəni burada ilahi nemətlərin təzahür etdiyi günlərdən söhbət gedir. Məsələn, Həzrət Nuh (ə) və səhabələrinin gəmi ilə xilas olduğu, Allahın bərəkətindən faydalandığı, salamat qaldığı, İbrahim (ə) üçün odun gülüstana çevrildiyi gün və sair buna misaldır. Əhli-beyt (ə) hədislərində “Allahın günləri” üçün bir çox nümunələr qeyd edilmişdir. Bu günlərin ən bariz nümunəsi həzrət Mehdinin (ə) zühur edəcəyi gündür[5]. (Xatırla ki, bir) zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti və sizi Firon əhlindən xilas etdiyi zamanı xatırlayın. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi”. (Habelə xatırlayın ki, bir) zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər naşükürlük etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. Musa (İsrail oğullarına) dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirməzsiniz, çünki) Allah ehtiyacsızdır, tərifəlayiqdir”. Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının və onlardan sonra Allahdan başqa heç kəsin xəbəri olmadığı tayfaların xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz təbliğinə ezam olunduğunuzu inkar edirik və bizləri dəvət etdiyiniz barəsində şəkk-şübhə içindəyik!” Elçiləri dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Onlar dedilər: “Siz də bizim kimi insanlarsınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Bizə açıq-aydın bir dəlil və möcüzə gətirin”. —————————————————————————————— Şükürün həqiqəti: Şübhəsiz ki, verdiyi nemətlərin müqabilində Allah-taalanın bizim şükürümüzə ehtiyacı yoxdur. Əgər şükür edilməsini göstəriş veribsə, bu, həmin nemətlərin artırılması üçündür. Əgər şükürün həqiqətini açsaq, onunla nemətin artması arasında hansı əlaqənin olduğuna və tərbiyəvi amil rolunda necə çıxış etdiyinə aydınlıq gələr. Şükür təkcə dildə təşəkkür edib “həmd Allah üçündür” deməkdən ibarət deyil. Şükürün üç mərhələsi var: birinci mərhələ neməti bəxş edənin kimliyinə diqqət yetirməkdən, ikinci mərhələ dildə təşəkkür etməkdən, üçüncü mərhələ əməldə şükür etməkdən ibarətdir. Yəni ilk öncə verilən nemətin bizə hansı məqsədlə bəxş edildiyi haqqında düşünüb onu öz yerində istifadə etməliyik. Əgər belə etməsək, nemətə nankorluq etmiş olarıq. Belə ki, göz nemətini Allahın nişanələrini görmək, qulaq nemətini Allahın ayələrini dinləmək, ağıl nemətini Aıllahı tanımaq üçün istifadə etsək və ümumiyyətlə, nemətlərin hər birini onlara aid olan yerlərdə istifadə etsək, Allaha şükür etmiş hesab edilirik. Yox, əgər dayanmadan dildə şükür etdiyimiz halda, həmin nemətləri zülm, itaətsizlik, xudpəsəndlik, lovğalıq, təkəbbür, Allaha yadlaşmaq vasitəsinə çevirəriksə, nemətlərə qarşı nankorluq etmiş sayılırıq. İmam Sadiq (ə) buyurmuşdur: “Şükürün ən aşağı dərəcəsi nemətlərin Allah tərəfindən verildiyini bilmək, Allahı yaddan çıxarmamaq və qəlbin özünü tamamilə nemətlərin ağuşuna atmaması, Allahın verdiynə razı olmaq, verdiyi nemətləri itaətsizlik vasitəsinə çevirməmək, nemətlərindən istifadə edə-edə əmr və qadağalarına qarşı çıxmamaqdır.” Bu hədisdən güc, qüdrət, elm, ağıl qüvvəsi, ictimai nüfuz, var-dövlət, sərvət, sağlamlıq üçün olan şükürün və nankorluğun necə olması aydınlaşır. İmam Sadiq (ə) bir hədisində belə buyurmuşdur: “Nemətin şükürü günahdan çəkinməkdir.” Buradan şükür etməklə nemətin artması arasında əlaqə olduğu da aydın olur. Əgər insanlar Allahın verdiyi nemətləri onların həqiqi yerlərində istifadə etsələr, əməli olaraq bu nemətlərə layiq olduqlarını sübuta yetirmiş olurlar. Bu ləyaqət isə daha böyük nemətin verilməsinə və ilahi lütfkarlığın artmasına səbəb olur[6]. Bunlarla yanaşı elə ləyaqətsiz insanlar da vardır ki, nəinki nemətin artımına layiq deyillər, hətta sahib olduqları da onlar üçün çoxdur[7]. Dünya və axirət xoşbəxtliyi peyğəmbərlərin (ə) göndərilmə səbəbidir: “O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Bu kiçik cümlə peyğəmbərlərin əsas hədəfini bəyan edir. Belə ki, ilahi qanunlardan biri hər bir varlığın özünə xas olan xoşbəxtlik və səadətə yönləndirilməsidir. İnsan bu varlıq sisteminə aid olan növlərdən və sözügedən yönləndirmənin şamil oduğu varlıqlardandır. İnsanın malik olduğu həyat əbədi olduğu üçün dünya ilə məhdudlaşmır, ölümlə başa çatmır. Deməli, insan bu dünyada elə həyat sürməlidir ki, bu həyat onu əbədi xoşbəxtliyə qovuşdursun. Əgər insan dünyada başlı-başına buraxılarsa, nəfsani istəklərin təsiri altına düşər, nəticədə, itaətsizlik göstərib zülm edər, buna görə də iki əzaba düçar olar: birinci əzab insanı bu dünyada haqlayar, onun normal və təmiz bir həyat sürməsinə imkan verməz, əcəli çatmamış onu bu dünyadan aparar. Keçmiş xalqların düçar olduqları əzablar buna bir sübutdur. İkinci əzab etdiyi günahlara görə insanın o dünyada düçar olacağı və onu əbədi xoşbəxtlikdən məhrum edəcək əzabdır. Allah-taala insanı kamilləşdirmək üçün peyğəmbərlər göndərir və bu vasitə ilə onlara xoşbəxtliyə nail olmanın yollarını göstərir. Deməli, peyğəmbərlərə tabe olmanın iki faydası vardır: Birincisi, dünyəvi faydadır. Allah-taala bu fayda haqqında belə buyurmuşdur: “Müəyyən edilmiş vaxta qədər sağ qalmağınız və dünya nemətlərindən faydalanmağıız üçün”. İkincisi, axirət faydasıdır. Allah-taala bu fayda haqqında da belə buyurmuşdur: “İtaət göstərəcəyiniz təqdirdə günahlarınızı bağışlamaq, axirət əzabından xilas olmağınız və əbədi xoşbəxtliyə nail olmağınız üçün”[8]. Peyğəmbərləri onlara dedilər: “(Bəli) biz də sizin kimi bir insanıq. Lakin Allah bəndələri arasından istədiyinə (və layiq gördüyünə) nemət bəxş edir (peyğəmbərlik verir). Allahın əmri olmadan biz sizə heç bir möcüzə göstərə bilmərik. Möminlər ancaq Allaha təvəkkül etsinlər. Bizə (xoşbəxtlik) yollarını göstərdiyi halda, nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”. Kafirlər peyğəmbərlərinə dedilər: “Bizim dinimizə qayıtmayınca sizi öz torpağımızdan qovacağıq!” Rəbləri isə onlara belə vəhy etdi: “Biz zalımları məhv edəcəyik.” Onlardan sonra sizi yerdə sakin edəcəyik. Bu, məqamdan (ədalətdən) və əzabımdan qorxanlara aiddir”. Onlar (Allahdan) qələbə istədilər. Hər bir azğın dikbaş ziyana uğradı. Onu Cəhənnəm gözləyir; (orada) ona irinli, üfunət qoxulu su içirdiləcək. Öz istək və meyli ilə içməyə hazır olmadığı bu suyu qurtum-qurtum içəcək. Ona hər yerdən ölüm gələcək, lakin o ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir. Rəblərini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən az da olsa, heç bir fayda əldə edə bilməzlər. Budur uzaq və uzun azğınlıq! —————————————————————————————- Üfunətli, pis qoxulu su: Peyğəmbər (s) bu ayə barəsində belə buyurmuşdur: “O üfunətl və pis qoxulu suyu cəhənnəmlik şəxsin yanına aparacaqlar. O, özünü arxaya çəkəcək. Bu vaxt daha da yaxınına aparacaqlar. Üzü onun hərarətindən bişəcək, başının dərisi soyulacaq. Bu suyu ona içirdiklərində içi parça-parça olacaq, bədəninin aşağı hissəsindən süzüləcək. Allah-taala onların barəsində belə buyurmuşdur: “Onlara içlərini parçalayan qaynar sudan içirdiləcək.” Həmçinin buyurmuşdur: “Su istədiklərində onlara üzləri bişirən dəmir ərintisinə bənzər bir su gətirəcəklər”[9]. Qeyri-müsəlman yaxşı əməl sahibləri və ixtiraçıların mükafatı: Quranın bu və digər ayələrinə əsasən deyə bilərik ki, kafirlər və tövhid inancı olmayan şəxslərin əməlləri zahirdə yaxşı və gözəl olsa da, Allah yanında heç bir dəyərə malik deyil. Çünki insan varlığını bir ağaca bənzətsək, inanc və etiqadlar onun kökü, əməl və davranışlar isə budaq və yarpaqları simvolizə etmiş olacaq. Kafirlərdə ağacın kökləri çürümüşdür. Həmin ağac kənardan gözəl və möhkəm görünsə də, kökü yoxdur. Buna görə də dəyərsizdir. Burada ortaya belə bir mühüm sual çıxır: Bütün ömrünü xalqa, insanlara xidmət etməyə sərf etmiş və yaxşı işlər görmüş kafirin vəziyyəti necə olacaq? Qeyd etməliyik ki, bu cür insanların vəziyyəti iki haldan xaric deyil; onlar ya maddi maraq güdüb varlanmaq, şöhrət qazanmaq istəyiblər, ya da insani maraqlar güdüb, yalnız insanlığa xidmət haqqında düşünüblər. Birinci qrupun vəziyyəti məlumdur. Onlar heç özləri də Allahdan və insanlardan heç nə güdməyiblər. Onların niyyəti mənfəət əldə etmək və məşhurlaşmaq olub, buna da nail olublar. İkinci qrupa gəldikdə, şübhəsiz ki, onlar Allah tərəfindən layiq olduqları mükafatı alacaqlar. Bu mükafat bu dünyada da verilə bilər, o dünyada da. Ancaq bir məsələ gün kimi aydındır ki, alim və adil Allah onları mükafatsız qoymayacaq. Ancaq bu mükafatlandırmanın necə olacağı xırdalıqları ilə bizə məlum deyil. Bu qədər deyə bilərik ki, “Allah yaxşı işlər görənlərin mükafatını puç etməz”. Əgər insanlara xidmət imanla müşayiət olunarsa, əməl sahibi Allah tərəfindən ən yüksək mükafata layiq görüləcək. Əks təqdirdə mükafatdan tamamilə məhrum olacaq. Əlbəttə, əməlin mükafatı Cənnətə daxil olmaqla şərtlənmir. İmam Kazim (ə) hədislərinin birində belə buyurmuşdur: “Bəni-İsraildə mömin bir kişinin kafir bir qonşusu var imiş. Kafir kişi mömin qonşusu ilə çox yaxşı davranırmış. Dünyasını dəyişdikdən sonra Allah ona odun istisini dəf edəcək bir ev bəxş etdi… Ona deyildi: Bu, mömin qonşunla yaxşı davrandığın üçündür.” Peyğəmbər (s) Qüreyş başçılarından və Cahilyyət dövrünün məşhur müşriklərindən olan Abdullah ibn Cədanın haqqında belə buyurmuşdur: “Cəhənnəm sakinləri arasında ən az əzab görən şəxs Cədandır.” Səbəbini soruşduqda buyurmuşdu: “Çünki o, aclara yemək verirdi”. Peyğəmbər (s) Ədiyy ibn Hatəmə (Hatəm Tainin oğluna) belə buyurmuşdur: “Səxavətinə görə şiddətli əzab atandan götürülmüşdür.”[10] Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər istəsə, sizi aparıb yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir. (Qiyamət günü) onların hamısı Allahın hüzuruna çıxarılacaq. Bu vaxt zəiflər (nadanların arxasınca düşüb gedənlər) təkəbbürlük edənlərə (və azğın rəhbərlərə) deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz Allahın əzabının bir hissəsini qəbul edib bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (Ancaq artıq iş-işdən keçib. İndi) dözümsüzlük göstərsək də, səbir etsək də bizim üçün eynidir. Qaçacaq yolumuz yoxdur”. İş bitdikdə Şeytan deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Mən sizi yalnız dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin fəryadınıza çata bilərəm, nə də siz mənim fəryadıma çata bilərsiniz. Mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Şübhəsiz ki, zalımlar üçün üzücü bir əzab var. İman gətirib saleh əməllər edənləri isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəklər. Onların orada qarşılaşarkən bir-birinə edəcəkləri dua: “Salam!” olacaqdır. Allahın xoş bir sözü kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağaca necə bənzətdiyini görmədinmi? ———————————————————————————- Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik: “Hidayət” (doğru yola yönəltmək) deyilərkən Cəhənnəm əzabından xilas yolunu göstərmək nəzərdə tutulur. Yəni təkəbbürlü azğın rəhbərlər əzab içində yandıqları halda nadan ardıcıllarına deyəcəklər: “Əgər Allah bizə Cəhənnəmdən çıxmağın yolunu göstərsəydi, biz də sizə göstərərdik. Niyyətləri dünyada haqq dinə doğru yönləndirmə də ola bilər. Yəni Allah dünyada bizi doğru yola yönəltsəydi, biz də sizi yönəldərdik. Lakin biz təkəbbürümüz, siz də axmaqlığınız ucbatından azğın və Cəhənnəmlik olduq. Əslində, hər iki təfsir eyni məzmunu ifadə edir. Çünki Qiyamət günü aşkara çıxan insanın dünyadakı inancları və əməllərindən başqa bir şey deyil. Onların həqiqəti bu dünyada bəlli olmasa da, axirətdə üzə çıxacaq.[11] Şeytanın vəsvəsəsi insanın ixtiyarını əlindən almır: Bu ayədən belə başa düşülür ki, Şeytanın vəsəvəsələri insanın ixtiayını, iradəsini və azadlığını ondan almır. Əslində, Şeytanın işi yalnız dəvət etmək və çağırmaqdır. İnsanlar Şeytanın dəvətini öz iradələri ilə qəbul edirlər. Ancaq insanın yanlışları və günahları davam etdirməsi elə həddə çata bilər ki, artıq Şeytanın vəsvəsələri qarşısında heç bir ixtiyarı olmaz. Narkotika aludəçilərinin asılılığını buna misal göstərmək olar. “Nəhl” surəsinin 99-100-cü ayələrində Allah-taala belə buyurmuşdur: “Şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünün himayəçisi edənlər və Allaha şərik qoşanlar üzərindədir.” Şeytan bu şəkildə öz günahlarını onun boynuna atan, onu azğınlıqların səbəbkarı hesab edən, ona lənətlər yağdıranların hamısının cavabını verir və özlərini sudan quru çıxarmağa çalışanların puç məntiqlərini alt-üst edir[12]. Pak tövhid ağacı: Quran ayələrinə diqqətlə nəzər saldıqda məlum olur ki, pak ağaca bənzədilmiş “pak söz” deyilərkən Allahın təkliyinə həqiqi və sabit inam nəzərdə tutulmuşdur. Bu etiqadın kökü və əsası əsla məhv olmur, dəyişikliyə və çevrilməyə məruz qalmır. Buna görə də o, bütün həqiqətlərin və bərəkətlərin cücərdiyi sabit ağac kökünə bənzədilmişdir. İnsan cəmiyyətinin həqiqi həyatı, maddi və mənəvi varlığının asılı olduğu pak inanclar, gözəl əxlaq və saleh əməllərin hamısı bu kökdən qaynaqlanır. Tövhid və allahpərəstlik insanın varlığına kök atdığı zaman insan özü həmin pak ağacın bir nümunəsinə çevrilir, bir tərəfdən qəlbi və ruhu aləmin Rəbbinə qovuşur, digər tərəfdən insanlar onun varlığının bərəkətindən bəhrələnirlər. Buna görə də bu ayəni izah edən Əhli-beyt (ə) hədislərində sözügedən pak ağac İslam peyğəmbəri (s) və onun pak ailəsi hesab edilmişdir. Hətta sabit və sarsılmaz tövhid inancından qaynaqlanan, xeyir və bərəkəti bütün dünyanı bürüyən istənilən düzgün etiqadı və hər bir saleh əməli bu ağacın bir nümunəsi hesab etmək olar[13]. Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, xatırlayıb (ibrət alsınlar). Pis sözü isə yerdən qopardılmış və artıq sabit dura bilməyən pis bir ağaca bənzədib. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də sabit etiqad və sözünə görə möhkəm saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər. Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını yoxluq və həlak yurduna sürükləyənləri görmədinmi? Onlar Cəhənnəmin oduna girəcəklər. Ora necə də pis yaşayış yeridir! Onlar (insanları) Allah yolundan sapdırmaq üçün Ona ortaqlar qoşdular. De: “(Bir neçə gün dünyanın ləzzət və zövqündən) bəhrələnin! Aqibətiniz oddur”. İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər. Göyləri və yeri yaradan, göydən su endirən, o su ilə sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzməsi üçün gəmiləri sizə tabe və çayları ram edən Allahdır! (Nizam-intizamlı bir proqram üzrə) davamlı hərəkətdə olan Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. —————————————————————————————– Küfr və günahın çirkin ağacı: “Pis söz” xəbis və çirkin olan bütün anlayışları əhatə edir. O cümlədən çirkin, bəyənilməyən danışığa, azdırıcı və səhv proqramlara, çirkin insanlara şamil olur. Təbii ki, kökdən qoparılmış çirkin və pis ağac boy atmaz, inkişaf etməz, ucalmaz, gül açmaz, meyvə gətirməz, kölgə salmaz, mənzərəsi olmaz, sabit və möhkəm olmaz. Belə bir ağac yandırılmaqdan başqa heç bir dərdə dəyməz[14]. Bəzi hədislərdə çirkin Əməvi sülaləsi və ya Əhli-beyt düşmənləri bu ağacın bir nümunəsi hesab edilmişdir[15]. Haqq yolunda qətiyyətli və sabitqədəm olmağın mükafatı: Allah-taala bu ayədə qətiyyətli imanları ilə sabitqədəm olan möminləri mətin olmalarına görə dünya və axirət həyatında düz yoldan sapıntıdan qoruyacağını, xoşbəxtlik yolunda saxlayacağını vəd verir. İnsanın kamillik yüksəlişində adlamalı olacağı mühüm mərhələlərdən biri dünyadan Bərzəx aləminə köçməkdir. Bu ayənin təfsirini ehtiva edən çoxlu sayda hədisdə Allah-taalanın bu qorxulu və dəhşətli mərhələdə mömini sapıntıdan qoruyacağı qeyd edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim dostlarımız və şiələrimizdən biri can verərkən Şeytan onun sağına və soluna keçib onu bizdən uzaqlaşdırmağa çalışır. Ancaq Allah onun sapmasına imkan vermir. “Allah iman gətirənləri sabit saxlayar” ayəsinin mənası budur.” Əlbəttə, bu, insanin kamillik yüksəlişindəki bir mərhələsidir. Allah bu ayədə sabitqədəm möminləri dünya və axirətdə bütün sapmalardan qoruyacağını vəd vermişdir[16]. Allahın nemətini küfrə dəyşənlər: Bunlar Allahın nemətlərinə şükür etmək əvəzinə nankorluq edən, Allahın nemətlərindən O razı qalmadığı şəkildə istifadə edən küfr rəhbərləri, doğru yoldan sapmış keçmiş ümmətlər və Peyğəmbər (s) ümmətidir. Allahın nemətlərinə ən yaxşı şükür edənlər onlardan Allahın razı qaldığı şəkildə istifadə edənlərdir. Dildə şükür etmək şükürün bir mərhələsidir. Beləliklə, küfr rəhbərləri həm özlərini, həm də xalqlarını yandırıcı Cəhənnəmə sürükləyirlər. İmam Əli (ə) belə buyurmuşdur: “Biz (Əhli-beyt) Allahın bəndələrinə bəxş etdiyi nemətik.” Allahın nemətləri saysız-hesabsızdır. Məsum imamlar (ə) Allahın insanlara bəxş etdiyi ən böyük nemətdir[17]. 32-33. Hər şey sənə ram edilmişdir: Quran nöqteyi-nəzərindən insan o qədər əzəmətlidir ki, bütün varlıqlar Allahın əmri ilə ona ram edilmişdir. Yəni ya onların ixtiyarı insanın əlindədir, ya da insanın mənafeyi üçün hərəkətdədirlər. İnsan o qədər yüksəldilmişdir ki, bütün yaradılış kompleksində bir ali hədəfə çevrilmiş, hər şey ona ram edilmiş, onun əmrinə verilmişdir. Bütün bu nemətlərin şərhi insana yeni şəxsiyyət bəxş edib onu öz əzəmətli məqamı ilə tanış etməklə yanaşı, onda şükür etmək hissini də oyadır. Qeyd etmək lazımdır ki, ram etmək Quranda iki mənada işlədilmişdir: Günəş, Ay və sairənin mövcudluğunun insanların maraqlarına xidmət etməsi ram etmənin bir, gəmilərin dənizlərədə üzməsinin ixtiyarının insana verilməsi isə onun başqa formasıdır[18]. O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. İnsan zalım və naşükürdür. (Xatırla!) Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq şəhəri et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır. Ey Rəbbim! Onlar çox adamı azdırıb. Kim mənə tabe ol­­sa, o, məndəndir. Kim də mənə itaətsizlik göstərsə, Sən bağışlayansan, rəhimlisən. Ey Rəbbimiz! Namaz qılsınlar deyə mən övladlarımdan bəzisini Sənin mühafizə olunan evinin  yaxınlığında, heç bir bitki və su olmayan yerdə sakin etdim. İnsanların bir dəstəsinin qəlbini onlara meyilli et və onlara məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç nə Allahdan gizli deyil. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim dua eşidəndir. Ey Rəbbim! Məni də, övladlarımdan olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Əslində, onların (cəzasını) gözlərin bərələ qalacağı günə saxlayır. ————————————————————————————- Ehtiyac duyduqlarınız sizə verilib: Bu ayədə Allahın insanlara lütfkarlıq göstərdiyi, istədiklərinin bir qisminin verildiyi qeyd edilmişdir. Çox vaxt insan özü bilmədən Allahdan ziyanına, hətta məhvinə səbəb olacaq şeylər istəyir. Lakin elm, hikmət sahibi olan mehriban Allah belə bir istəyi yerinə yetirmir. Çox vaxt da insan dili ilə Allahdan nəyisə istəmir, ancaq daxildən, içdən, təbiəti və varlığı ilə onu təmənna edir. Allah insanın dilinə gətirməyib varlığının dərinliklərində təmənna etdiyi bu şeyi ona verir. “İstədiyini” ifadəsini həm sözlü, həm də sözsüz istəyə şamil etmək olar[19]. İbrahimin həqiqi övladları: Öncəki ayədə həzrət İbrahimin (ə) Allahdan onu və övladlarını bütpərəstlikdən uzaq etməsini istədiyini oxuduq. Bununla da onun insanları müşrik və təkallahlı olmaq üzrə iki qrupa böldüyünün şahidi oluruq. Nəzər nöqtəsi olan ayədə isə İbrahim (ə): “Kim mənim yolumu getsə, məndəndir, qəlbində və əməlində mənim yolumdan üz döndərib özünü şirkə bulaşdıran şəxs məndən deyil”, – deyə buyurur. Bəlkə də həzrət İbrahim (ə) bu duasında çox gözəl bir tərzdə demək istəyib ki, İlahi, mən Səndən övladlarımın şirkdən uzaqlaşdırılmasını istəsəm də, əslində, həqiqi övladlarım, hətta bioloji olaraq mənim nəslimdən olmasalar belə, mənim dinimə tabe olan və Sənə ibadət edənlərdir. Tövhid dinindən üz çevirənlərin, hətta bioloji olaraq mənim nəslimdən olsalar da, mənə heç bir aidiyyatı yoxdur. Bu, çox mühüm bir məsələdir. Allah və Onun övliyalarının nəzərində dəyərli olan şey zahiri əlaqələr deyil. Allahın nəzərində dəyər meyarı peyğəmbər və imamlarla olan mənəvi əlaqə və ruhi bənzərlikdir. Hədislərin birində İmam Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: “Bizi sevən biz Əhli-beytdəndir.” (Ravi deyir:) Soruşdum: “Sənə fəda olum, sizdəndir?” Buyurdu: “And olsun Allaha, bizdəndir. Məgər Allahın İbrahim haqqında buyurduğu “kim mənə tabe olsa, həqiqətən, o, məndəndir” kəlamını eşitməmisən?” İmam Sadiqə (ə) aid edilən başqa bir hədisdə deyilir: “Sizlərdən hər kəs Allahdan qorxsa və saleh əməl sahibi olsa, o, biz Əhli-beytdəndir.” Ravi soruşdu: “Siz Əhli-beytdəndir?” Buyurdu: “Bəli, biz Əhli-beytdəndir. Çünki İbrahim (ə) bu barədə belə buyurmuşdur: “Kim mənə tabe olsa, həqiqətən o, məndəndir” Ömər ibn Yezid soruşdu: “Belə bir şəxs Ali-Mühəmməddəndir?” Buyurdu: “Bəli, and olsun Allaha, Ali-Mühəmməddəndir. Məgər Allahın “İbrahimə ən yaxın olan şəxslər ona tabe olanlardır”, həmçinin “kim mənə tabe olsa, həqiqətən o, məndəndir”, – deyə buyurduğunu eşitməmisən?”[20] Hacər və İsmailin Məkkədə tərk edilməsi: İbrahimin (ə) kənizi Hacərdən bir oğlu olur, adını İsmail qoyur. Paxıllıq onun birinci arvadı Saraya güc gəlir və Hacərlə övladı İsmailin varlığına tab gətirə bilmir. Buna görə də İbrahimdən (ə) onları başqa bir yerə aparmasını istəyir. İbrahim (ə) Allahın əmri ilə bu istəyi yerinə yetirir və İsmail ilə Hacəri o dövrlərdə quru, yaşayış üçün əlverişsiz olan Məkkə çölünə aparır. Orada onlarla vidalaşıb geri dönür. Çox çəkmir ki, körpə və ana günəşin istisi altında susayırlar. Hacər körpəsinin canını xilas etmək üçün çox çalışır. Bu yerin böyük bir ibadət mərkəzi olmasını istəyən Allah Zəmzəm bulağını üzə çıxarır. Bir müddətdən sonra bu yerin yaxınlığından keçən bədəvi Cürhüm qəbiləsi hadisədən xəbər tutub orada məskən salır və bu gedişlə Məkkə şəhərə çevrilir[21]. Boyunlarını uzadıb başlarını səmaya doğru yuxarı qaldıracaq, hətta kipriklərini belə qırpmayacaqlar. Ürəkləri boşalacaq. İnsanları ilahi əzabın gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərin arxasınca gedək”. (Ancaq onlara belə cavab veriləcək:) “Məgər daha əvvəl siz fani olacağınız barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin evlərində məskunlaşdınız. Onlarla necə davrandığımız sizə aydın oldu və sizə misallar da çəkdik”. Onlar öz hiylələrini qururdular. Onların hiyləsi dağları yerindən oynatsa belə, Allaha bəllidir. (Hiylələri sənə heç nə edə bilməz). Allahın Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Çünki Allah qüdrətlidir, intiqam alandır. O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq və insanlar tək olan qüdrətli Allahın hüzurunda duracaqlar. O gün günahkarları bir-birinə zəncirlənmiş görəcəksən. Onların paltarları qətrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Allah sürətli haqq-hesab çəkəndir! Bu (Quran), insanlara bir ismarışdır. Qoy hamı onun vasitəsilə həm qorxsun, həm Onun tək olan tanrı olduğunu bilsin, həm də ağıl sahibləri ibrət alsınlar. —————————————————————————————- Qiyamət günü zalımların vəziyyəti: Əvvəlki və bu ayədə Qiyamətin beş xüsusiyyəti qeyd edilmişdir: Gözlərin bərəlməsi, boyunların uzanması, başların səmaya doğru yuxarı qaldırılması, kipriklərin qırpınmaması, hər şeyin unudulması. Bu xüsusiyyətlər Qiyamət gününün qorxu və dəhşətindən xəbər verən xüsusiyyətlərdir. Öz məğrur və təkəbbürlü baxışları ilə hər şeyə istehza dolu nəzərlərlə baxan adamlar həmin gün elə aciz duruma düşəcəklər ki, hətta gözlərini qırpmağa belə qüdrətləri çatmayacaq. Qorxulu və dəhşətli mənzərələri görməmək üçün gözlərini göyə dikəcəklər, çünki baxdıqları hər tərəfdə dəhşətli mənzərələrin şahidi olacaqlar. Özlərini tam ağıl sahibi, başqalarını ağılsız sayanlar ağıllarını elə itirəcəklər ki, donmuş, qurumuş, təfavütsüz, hərəkətsiz, qorxu və dəhşət dolu baxışları dəlilərin, hətta ölülərin baxışlarını xatırladacaq. Həqiqətən, Quran hər hansı mənzərənin təsvirini verərkən ən qısa ifadələrlə ən kamil təsvirləri verir. Bu iki ayə də bunun bir nümunəsidir[22]. Bu ayədə hansı günə işarə edilmişdir? Keçən iki ayədə zalımların Qiyamətdəki vəziyyətinə, qorxulu gündə onların vəziyyətinin nə qədər çətin olacağına işarə edilmişdir. Bu ayədə də insanlar ilahi əzabın gələcəyi günlə təhdid edilir. Əllamə Təbatəbai kimi böyük təfsirçilər hesab edirlər ki, burada Qiyamət günü deyil, ilahi əzabın bu dünyada qəfildən gəldiyi, peyğəmbərlərlə onların ümmətləri arasındakı anlaşılmazlığa aydınlıq gətirən, peyğəmbərlərlə düşmənçilik edən zalımların və təkəbbürlülərin məhv edildiyi gün nəzərdə tutulmuşdur. Bu əzab peyğəmbərlərə itaətsizlik göstərən bütün ümmətlər üçün təyin edilmiş və əcəllərinin çatdığı vaxt gerçəkləşən bir əzabdır. Quranda Lut, Hud, Səmud və sair ümmətlərin dünyəvi əzabları açıq şəkildə ifadə edilmişdir. Hətta Peyğəmbərdən (s) sonra onun ümməti hesab edilən bütün insanlar da bu qanundan istisna edilməmişdir. Quranın bir çox ayələrində bu ümmətə elə bu dünyada əzab vədi verilmişdir. İlahi əzabın bu ümmətin zalımlarını yaxalayacağı və məhv edəcəyi gün artıq şirk və günahın kökü kəsiləcək, yer üzündə təkcə möminlər qalacaq. Allah-taala bu barədə belə buyurmuşdur: “Biz Zikrdən (Tövratdan) sonra Zəburda da Mənim saleh bəndələrimin yer kürəsinin varisi (hakimi) olacağını yazmışıq.” (Ənbiya surəsi, 105-ci ayə)[23] Əhli-beyt (ə) hədislərində “Ənbiya” surəsinin 105-ci ayəsinin İmam Mehdinin (ə) zühuruna işarə etdiyini oxuyuruq. Hədislərdə qeyd edilir ki, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra o, buranı haqq-ədalətlə dolduracaq[24]. Qiyamət təsəvvür edilə bilməyəcək bir hadisədir: Qiyamət günü yer və göylərin əvəzlənəcəyindən bəhs edən ayələri dərindən araşdırdıqda bu mövzunun ağıl və düşüncənin fövqündə olduğu, təsəvvürə sığmayacaq qədər əzəmətli bir hadisə olduğu aydın olur. Təkcə bu qədər başa düşmək olar ki, həmin gün kainatın mövcud sistemi tamamilə dəyişəcək və başqa bir forma alacaq. Bu mövzunu ehtiva edən hədislərdə hissi qavrayışlar əsasında verilən izahların əsas məqsədi ayənin mənasını insanlara uyğun misallarla başa salmaqdır. Quranın çox ayələrində vəziyyət eynidir. Nümunə üçün “Nəbə” surəsinin 20-ci ayəsinə baxaq: “Qiyamətdə dağlar hərəkətə gələcək, ilğıma dönəcəkdir.” Məlumdur ki, “dağların ilğıma dönməsi” deyilərkən onların, ilğım formasına düşməsi deyil, yerlərindən hərəkət etməsi və məhv olması nəzərdə tutulur. Torpağın gümüş formasına düşəcəyini ifadə edən hədislər ağıl və düşüncəyə uyğun izahı ehtiva edir. Yoxsa ki, həmin günün həqiqəti ağıl və dərrakəmizin hüduları xaricindədir[25]. [1] Əl-Mizan, c.11, səh.389 [2] Nümunə, c.10, səh.259 [3] Nümunə, c.10, səh.267 [4] Nümunə, c.10, səh.269; Əl-Mizan, c.12, səh.15 [5] Əl-Mizan, c.12, səh.17 [6] Nümunə. c.10, səh.278 [7] Mənşuri-cavid,c.1, səh.248 [8] Əl-Mizan, c.12, səh.26 [9] Biharul-ənvar, c.8, səh.244 [10] Nümunədən iqtibas, c.10, səh.314 [11] Əl-Mizan, c.12, səh.42 [12] Nümunə, c.10, səh.327 [13] Əl-Mizan, c.12, səh.49 [14] Nümunə, c.10, səh.335 [15] Ətyəbül-bəyan, c.7, səh.384 [16] Əl-Mizan, c.12, səh.54 [17] Əl-Mizan, c.12, səh.63 [18] Nümunə, c.10, səh.355 [19] Nümunə, c.10, səh.357 [20] Əl-Mizan, c.12, səh.69 [21] Nümunə, c.10, səh.362 [22] Nümunə, c.10, səh.375 [23] Əl-Mizan, c.12, səh.80 [24] Əl-Mizan, c.14, səh.338 [25] Əl-Mizan, c.12, səh.87

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 5-ci xütbə

5-ci xütbə   Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin bey’ət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır.[1] Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin.[2] Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki) qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözü dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli, xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil.) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb, dözməyim məsləhətdir.) [1] Həzrət Peyğəmbər dünyadan köçdükdən sonra, camaat bəni–Saidənin «Səqifə»sinə, yəni, Ənsarların yığışdığı yerə toplanaraq Əbu Bəkri xəlifə təyin etdilər. Əbu Süfyan daxilən İslam dininin düşməni olduğuna görə müsəlmanlar arasında fitnə salmaq istəyirdi. Bu məqsədlə də bir neçə adamla Abbas ibn Əbdülmüttəlibin yanına gedib dedi: «Mənim narahatlığım və təəccüblənməyim xəlifəliyin bəni–Haşimin əlindən çıxaraq Bəni–Teymə keçməyinə görədir. Qorxuram ki, sabah bu kobud kişi, yəni, bəni Ədidən olan Ömər ibn Xəttab bizə hakim kəsilərək hamımızı özünə tabe etsin. Ayağa qalx, Əlinin yanına gedək, ona bey’ət edək. Sən peyğəmbərin əmisi olduğuna və Qureyş tayfası da mənim sözümü eşitdiyinə görə bizə qarşı çıxanların hamısını öldürərik». Sonra bir dəstə ilə bey’ət etmək üçün o Həzrətin yanına gəldilər. Əmirəl–möminin əleyhis–salam Əbu Süfyanın məqsədinin müsəlmanların arasına ixtilaf salıb, nifaq yaratmaq olduğunu bildiyinə görə bu kəlamları buyurmuşdur. [2] Bizim itaət və tabeçilik gəmimizə minərək özünüzü fitnə–fəsad dənizinin fırtınalarından xilas edin. Sizin din və dünyanızın xeyri bundadır.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 4-cü xütbə

4-cü xütbə   İmam Əli əleyhis-salamın (Təlhə və Zübeyrin öldürülməsindən sonrakı) xütbələrindəndir. Azğınlığ və nadanlığın zülmətində olduğunuz vaxt bizim səbəbimizə doğru yola qədəm qoydunuz, uca zirvələrə yüksəldiniz (böyüklük və şərəf əldə etdiniz) və bizim vasitəmizlə ayın son gecələrinin qaranlığından (küfr və şirkin ən son həddindən) sübhün nuruna (İslam dininə) çıxdınız. (Bədbəxtlik və sərgərdanlıqdan xilas oldunuz. Deməli, sizin boynunuzda böyük haqqımız var və onun qədrini bilməlisiniz.) Kar olsun yol göstərən fəryaddan nəsihət almayan qulaq.[1] Uca səsdən (Allahın buyurduqları və Həzrət Peyğəmbərin kəlamlarından) ağırlaşaraq kar olan qulaqlar asta səsi (Allahın, Peyğəmbərin moizə və öyüd-nəsihətləri onlara təsir etmədiyi halda, sözsüz ki, mənim çağırış və nəsihətimin də təsiri olmayacaqdır) necə eşidə bilər? Allah xofu və qorxusundan narahat olan qəlblər rahat olsun. (Bu, İlahi əzabdan qorxaraq haqqın yolundan dönməyənlər üçün duadır.) Daima sizlərdən xəyanət, vəfasızlıq və əhdinizi pozmağınızın nəticələrini gözləyirəm. Qiyafələrinizə baxmaqla (şeytanın müjdəçisi olan) aldadıcı bər-bəzəyin sizi aldatdığını anlayıram. (Deməli, mənə göz yumub haqq-ədalətdən heç bir bəhrəsi olmayan başqa birisinə üz tutmağınız təəccüblü deyil.) Təqva libası və dindarlıq köynəyi məni sizlərdən gizlətdi (heç vaxt pozğunluq libası geyinmədiyimə və Allahın istəyinin əksinə heç bir iş görmədiyimə görə məndən əl çəkib başqalarına bey’ət etdiniz), batinimin səfası sizləri tanımaqda gözümü açdı (sizin hiylə, məkr, nifaq və ikiüzlülüyünüzü anladım). Azğınlıq yollarında hamınızın bir-birinizin dövrəsinə toplaşdığı, yolu azdığı, yol göstərəniniz olmadığı zaman (cəhalət və nadanlıq biyabanında elm və biliyə təşnəlikdən ölmək üzrə idiniz) sizə yol göstərmək üçün ayağa qalxdım. Quyu qazırdınız, ancaq su əldə etmirdiniz (sizi həlak olmaqdan və bədbəxtlikdən xilas etdim). Bu gün sizin üçün bəyan sahibinin bağlı dilini açdım (sizin hidayətiniz və əminiliyiniz üçün bu xütbədə mənim halımdan bəhs edən rəmz və sirləri bəyan etdim. Buna görə də) mənim əleyhimə çıxanın (itaətimdən boyun qaçıranın) rəyi uzaq olsun (çünki batil yola qədəm qoymamışam). Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm.[2] (Necə ki,) Həzrəti Musa öz-özündən qorxmurdu (o özünün haq və doğru olduğuna, sehrkar və cadugərlərin məğlub olacaqlarına əmin idi). O, nadanların qələbə çalmasından və azğınlıq ərbablarının qabağa düşməsindən (bunun nəticəsində camaatın yolunu azmasından) qorxurdu.[3] Bu gün biz və siz haqla batil yolda qarşılaşdıq (mən haqq yolunda, siz isə batil yolda), suya əmin olan (mənim sözlərim və əməllərimə tabe olan, heç vaxt) susamaz (küfr, şirk, nifaq vadisində heyran və sərgərdan qalmaz). [1] Onun sözlərinin aqibətini düşünməyən. Bu lənət Təlhə, Zübeyr və Müaviyə kimi haqq yoldan üz döndərib müsəlmanların dininin yolunu kəsərək onları azdıranlara aiddir. [2] Həmişə möhkəm dayanmışam və batil heç vaxt mənə yol tapa bilməmişdir. Təlhə, Zübeyr və s. düşmənlərin qarşıdurma və qələbəsindən qorxmamışam. Mənim qorxum onların öndə olmalarına görə xalqın yolunu azmasından olmuşdur. [3] Musanın sehrkarlarla üzləşdiyi, ona iman gətirən hər kəsin azğınlıqdan qurtulduğu, əleyhinə çıxanların isə dünya və axirətdə Allahın əzabına düçar olduğu kimi.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 3-cü xütbə

3-cü xütbə   İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» adlanan xütbəsidir.[1] Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dövründə Əbu Bəkrin adı Əbdülüzza olmuş, sonra Həzrət Rəsul -səlləllahu əleyhi və alih- onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) oduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi.[2] Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim.[3] Mirasımın tarac olunduğunu görürdüm.[4] (Allah Peyğəmbərinin – səlləllahu əleyhi və alih – vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-istifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim.) Birincisi (Əbu Bəkr) öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi-özündən sonra-İbn Xəttabın (Ömərin) boynuna atdı. (Seyyid Rəzi əleyhir-rəhmə deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Ə’şanın şe’rini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu: شَتَّانَ ما يَوْمِى عَلى كُورِها **** وَ يْوْمُ حَيَّانَ أَخِى جابِرِ (Bu şe’ri iki cür izah etmək olar, birincisi) dəvənin donqar və palanı üstündə səfərin əzab-əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və çətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın güzəranı arasında nə qədər fərq var.[5] Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan bey’ətinin geri götürülməsini istəyir.[6] Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər). (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi.[7] Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum. Ömər də öz yolunun sonuna yetişdi (və libası tərk etməzdən öncə) xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu.[8] Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni necə Əbu Bəkrə bərabər tutub, mənə şəkk-şübhə ilə yanaşdı? İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə (yenə də səbr edib şurada iştirak etdim) eniş-yoxuşlarda onların ardınca getdim (məsləhətə görə, hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu,[9] başqa birisi Osmanın kürəkəni və qohumu olduğundan məndən üz döndərdi.[10] Başqa iki nəfərinsə (Təlhə ilə Zübeyr rəzalət və alçaqlığına görə) adını çəkmək rüsvayçılıqdır. (Ömərin ölümündən sonra, onun göstərişilə yaradılan şurada) qövmün üçüncüsü (Osman) ayağa qalxdı (haqsız yerə xəlifəlik məqamını qəsb etdi). Yeyib bayıra getməkdən (çox yeyib-içməkdən şişən dəvə kimi) hər iki tərəfini şişirtmişdi (onun işi heyvanlar kimi yeyib peyin tökmək idi və xəlifəliyə aid məsələlərə riayət etmirdi) və onun atalarının övladları da (onun qohumu olan Əməvilər) onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər (səhabələr əhdlərini pozaraq yan-yörəsindən uzaqlaşana qədər) iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını (müsəlmanların beytulmalını) yeyirdilər (yoxsulları və bu mala haqqı olanları isə məhrum, ac saxlayırdılar). Rəftarı qətlinin tezləşməsinə, qarnının doluluğu devrilməsinə səbəb oldu.[11] (Osmanın öldürülməsindən) sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (bey’ət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar. Bey’ətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zübeyr və başqaları) mənimlə olan bey’ətlərini pozdu, bir dəstə (Nəhrəvan Xəvarici və başqaları) bey’ətdən çıxdı, bəziləri isə (Müaviyə və sair şəxslər) Allah-təalanın itaətindən çıxdılar. Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.) Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə bey’ət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım[12] xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir. Deyirlər, Həzrət bu sözləri buyurduqda İraq kəndlilərindən olan bir kişi ayağa qalxaraq ona bir məktub verdi. O Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas dedi: «Ey Əmirəl-möminin, kaş ki, sözünü kəsdiyin yerdən nitqinə davam edəydin. O Həzrət buyurdu: «Heyhat, ey İbn Abbas (belə sözlər bir daha deyilməyəcək, sanki) səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi.» İbn Abbas dedi: «Allaha and olsun, mən heç bir sözün kəsilməsinə o Həzrətin öz sözünün istədiyi yerə çatdırmadan kəsilməsi qədər kədərlənməmişdim». (Seyyid Rəzi əleyhirəhmə deyir:) Bu xütbədə Həzrətin (ikinci xəlifə Ömər barədə) كَراكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهاَ خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهاَ تَقَحَّمَ dedikdə məqsədi budur ki, itaətsiz dəvəni minən şəxs hər zaman onun cilovunu bərk tutsa, dəvə itaətsizlik edib burnunu dağıdar, əgər cilovunu boş tutsa onu möhkəm çırpıb tullayar, bir daha sahibinə qayıtmaz. أَشْنَقَ النّاقَةَ dəvəyə minib cilovu vasitəsilə başını yuxarı dartmağa deyilir, وَشَنَقَهَا də deyilər,  İbn Sikkitin «İslahul-məntiq» kitabında deyildiyi kimi, belə ki, Həzrət أَشْنَقَ لَهَا buyurur أَشْنَقَهَا demir, bu iki söz eyni bir mənada işlədilməsinə baxmayaraq, o Həzrətin أَشْنَقَ لَهَا deməsinin səbəbi bu sözün əvvəlki cümlədəki أَسْلَسَ لَها ilə həmvəzn olması üçündür. Sanki, o Həzrət belə buyurub: Dəvəyə minən onun başını cilovuyla yuxarı dartsa, yəni, cilovu dəvənin üstündə möhkəm saxlasa dəvənin burnu dağılar. Hədisdə buyurulur: Allahın Rəsulu dəvənin üstündə olduğu halda camaata xütbə oxuyurdu. قَدْ شَنَقَ لَهَا وَ هِىَ تَقْصَعُ بِجَرَّتِهَا – yəni, dəvənin cilovunu dartıb saxlamışdı, dəvə boğazından çıxardığı bir şeyi çeyniyirdi. (Bu hədisdən məlum olur ki, «شَنَقَ» və «أَشْنَقَ» eyni mənalı sözlərdir.) اَشْنَقَ sözünün شَنَقَ ilə eyni mənada olmasına başqa bir dəlil isə Ədiyy ibn Zeyd İbadinin aşağıdakı beytdə söylədiyi sözdür. سائَهَا ما تَبَيَّنَ فِى الْأَيْدِى                 وَإِشْناقُها إِلَى الْأَعْناقِ Cilovları bizim əlimizdə olmayan itaətsiz dəvələr ram olmurlar, onlar pis dəvələrdir. [1]  Həzrət xütbənin sonunda İbn Abbasa buyurdu: يا ابن عَباسٍ تِلكَ شِقْشِقَةٌ هَدَرَتْ ثُمَّ قَرَّتْ «Burada zülm və sitəm vasitəsilə məndən önə keçən üç xəlifədən şikayət xalqı doğru yola hidayət coşqusuna və şövqünə görə edilmişdir. Bir dəvənin şiqşiqəsi tək səs salıb öz yerində dayanması kimi. Yəni, belə sözlər hər zaman və həmişə söylənilməz». «Şiqşiqə» lüğətdə həyəcanlandıqda və nəfəsi daraldıqda dəvənin ağzından bayıra çıxararaq boğazının alt hissəsində səsləndirdiyi, ilk baxışda dillə səhv salınan qoyunun ağ ciyərinə oxşar maddədir. [2] Dəyirmanın dövr etməsi və fırlanması ortadakı dəmir mismardan asılı olduğu, onsuz dəyirman xüsusiyyətinə malik olmadığı kimi, xilafətin məndən qeyrisinin əlində olmağının da ziyanı vardır, belə olduqda o, bir küncə atılmış, küfr və zəlalətin ayaqları altında tapdanan daşa bənzər. [3] Çox kədərləndim, çünki Əbu Bəkr və qeyrilərinin xəlifəliyində azğınlıqdan başqa bir şey görmürdüm. Tənha və köməksiz olduğumdan söz deyə bilmirdim. [4] Xəlifəiyi qəsb etdilər və bundan törəyən fəsadlar yer üzündə Ali–Məhəmmədin Qaiminin–əleyhis–salam–qiyamına qədər qalacaqdır. [5] Cabirin qardaşı Həyyan Yəmamə şəhərində çoxlu qala, dövlət və sərvət sahibi, qövmünün böyüyü idi, hər il Kəsra ona qiymətli hədiyyələr göndərdiyinə görə xoş güzəran keçirir, heç vaxt səfər çətinliklərinə qatlanmırdı. Şair Ə’şa da Bəni–Qeys tayfasından olub, onun yaxın dostu idi. İmam əleyhis–salamın onun şe’rini misal çəkməkdə məqsədi birinci mənaya görə Rəsulullahın (səlləllahu əleyhi və alih) vəfatından sonra haqqı qəsb olunaraq, ev dustağı və zülm–sitəmlərə məruz qaldığı vaxtla, Həzrət Peyğəmbərin sağlığında camaatın pərvanətək onun başına dolandığı iki gün arasında fərqi; ikinci izaha görə isə möhnət və qəm içində keçirdiyi güzəranla, özlərinin batil məqsədlərinə çatmaqla şad–xürrəm olanlar arasında olan fərqi bəyan etmək idi. Sonra Əbu Bəkrin məkr və şeytançılıqlarını xatırladaraq buyurur. [6] Deyirdi أَقيلونِى فَلَسْتُ بِخَيرِكُمْ وَ عَلِىٌّ فِيكُمْ yəni, «ey camaat, öz bey’ətlərinizi məndən götürərək məni xəlifəlikdən uzaqlaşdırın, mən sizlərdən yaxşı deyiləm və Əli əleyhis–salam sizin aranızdadır. [7] O, cümlədən, hamilə qadının daş–qalaq olunmasını əmr etməsi. Əmirəl–möminin bununla əlaqədar olaraq buyurdu: «Əgər bu qadın günah edibsə, onun uşağının ki, bir günahı yoxdur və o, daş–qalaq olunmamalıdır. Ömər dedi: لَوْ لا عَلىٌّ لَهَلَكَ عُمَرٌ yəni, «Əli olmasaydı Ömər mütləq fətva verməkdə həlak olardı». Bu sözü həmişə təkrar edərdi. [8] Çünki Əbu Lolo ona altı bıçaq zərbəsi vurmuşdu və o, həmin yaralar nəticəsində öləcəyini bilirdi. Xəlifəni təyin etmək üçün Şura məclisi təşkil etdi. Bu o zaman baş verdi ki, qəbilə başçıları onun yanında toplaşıb dedilər: «Yaxşı olar ki, sən razı olduğun bir kəsi özünə canişin və xəlifə təyin edəsən» və Ömər onların cavabında dedi: «Ətrafımda yığışan sizlərdən heç birinizin nə ölüsü, nə də dirisinin xilafət yükünü öz öhdəsinə götürməyini istəmirəm. Dedilər: «Səninlə məsləhətləşirik, məsləhət bildiyini söylə». Dedi: «Bu işə yeddi nəfəri layiq bilirəm. Rəsulallahdan eşitmişəm ki, onlar Behişt əhlidir. Birincisi Sə’d ibn Zeyddir. O, mənimlə qohum olduğuna görə onu çıxardıram. Digər 6 nəfər Sə’d ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Əuf, Təlhə, Zübeyr, Osman və Əlidir. Sə’d ibn Vəqqasın kobudluq və pis əxlaqdan başqa xəlifəlik üçün başqa bir maneəsi yoxdur. Əbdürrəhman ibn Əuf bu ümmətin Qarunu olduğuna görə layiq deyil. Təlhə qürur və təkəbbürünə, Zübeyr paxıllıq və xəsisliyinə, Osman qohum–əqrabasını sevdiyinə, Əli əleyhis–salam isə xəlifəliyə həris olduğuna görə layiq deyil. Sonra dedi: «Soheyb üç gün camaatla namaz qılsın, siz bu altı nəfəri öz içlərindən birini xəlifə seçmələri üçün üç gün bir evdə toplayın. Əgər onlardan beşi müttəfiq, biri onların əleyhinə olarsa, həmin bir nəfəri öldürün. Əgər üç nəfər razılaşıb, üçü onlara qarşı çıxarsa Əbdürrəhmanın da arasında olduğu üç nəfəri seçib digər üç nəfəri öldürün. Onun ölümündən və dəfnindən sonra xəlifəni təyin etmək üçün yığışdılar. Əbdürrəhman dedi: Mən və əmim oğlu Sə’d ibn Əbi Vəqqas bu işin üçdə birini təşkil edirik. Biz ikimiz xəlifəlik istəmirik, sizlərdən ən yaxşısını bu vəzifəyə seçirik. Sonra üzünü Sə’də tutaraq dedi: «Gəl biz bir şəxsi təyin edib ona bey’ət edək ki, camaat da ona bey’ət etsin. Sə’d dedi: «Osman sənin arxanca gəlsə, mən üçüncü olaram. Osmanı təyin etmək istəyirsənsə, mən Əlini istəyirəm. Əbdürrəhman Sə’din razılığını əldə etməkdən məyus olduqda Əbu Təlhəni əlli nəfər ənsarla götürüb onları xəlifə təyin etməyə vadar etdi. Üzünü Əli əleyhis–salama tərəf çevirərək onun əlindən tutub dedi: «Bir halda sənə bey’ət edərəm ki, Allahın kitabı, peyğəmbərin sünnəsi və əvvəlki iki xəlifə Əbu Bəkrlə Ömərin yoluna əməl edəsən. Həzrət buyurdu: «Qəbul edərəm, bir halda ki, Allahın kitabı, Rəsulallahın sünnəsi və öz ictihadım, fikrim əsasında hərəkət edim. Sonra Əbdürrəhman o Həzrətin əlini buraxıb, Osmana üz tutub onun əlini götürüb Əli əleyhis–salama dediyini ona da dedi. Osman qəbul etdi. Sonra Əbdürrəhman üç dəfə bunu Əliyə və Osmana təkrarladı, hər dəfə onların hər birindən eyni cavab eşitdi. Sonra dedi: «Ey Osman, xəlifəlik sənindir». Ona bey’ət etdi və camaat da ona bey’ət etdi. [9] Hətta Osmanın qətlindən sonra belə o Həzrətə bey’ət etməyən Sə’d ibn Vəqqas nəzərdə tutulur, [10] Osmanın ana bir bacısının əri olan Əbdürrəhman ibn Əuf nəzərdə tutulur. [11] İsrafçılıq və beytülmalın qövmünə bəxşiş olunması, yoxsullara və buna haqqı çatanlara isə qadağan edilməsi nəticəsində camaat yığılaraq xəlifəliyi qəsb etməsindən on bir il on bir ay on səkkiz gün sonra onu öldürdü. [12]  Xilafət dəvəsi istədiyi yerə getsin, istədiyi tikanlıqda otlasın, hər zalım və fasiqin azğınlığına tuş gəlsin.

Müsəlmanın həyat tərzi 01.02.2025

“Allah üç qrup qadına dörd böyük mükafat verəcək.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah üç qrup qadına dörd böyük mükafat verəcək. Birinci mükafat qəbir sıxıntısının olmaması, ikincisi həzrət Zəhra (ə) ilə məhşərə gəlmələri, üçüncüsü əməl dəftərlərində min şəhidin savabının olması, dördüncüsü də bir il Allaha edilmiş xalis ibadət savabının yazılmasıdır. O qadınların bir qrupu ərinin qeyrətindən qaynaqlanan göstərişlərini qəbul edən, ona səbir edən qadınlardır. “Cənnət kimi bir ev” kitabından © Famil Burhanoğlu

Müsəlmanın həyat tərzi 01.02.2025

Bacardığınız qədər elə edin ki, xanımınız yad kişilərlə ünsiyyətdə olmasın.

Əmirəlmöminin Əli (ə) oğlu İmam Həsənə (ə) belə buyurur: “Bacardığınız qədər elə edin ki, xanımınız yad kişilərlə ünsiyyətdə olmasın. Heç bir şey qadını evdən daha yaxşı qoruya bilməz. Onların evdən çıxıb yad kişilərlə ünsiyyətdə olmaları kimi, yad kişiləri evə gətirmək və evdə onlarla ünsiyyətə icazə vermək də təhlükəlidir. Əgər xanımının səndən başqa bircə kişi ilə belə, ünsiyyətdə olmamasını təmin edə bilərsənsə, bunu et.” (Nəhcül-bəlağə, 31-ci məktub) Cənnət kimi bir ev @ Hacı Famil Burhanoğlu

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 2-ci xütbə

2-ci xütbə   İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra oxuduğu xütbələrdəndir: (Siffeyn Fəratın Şama tərəf olan qərb istiqamətində yerləşən ərazidir. Burada o Həzrətlə Müaviyə arasında olan məşhur döyüş baş vermişdir.) Verdiyi nemətini tamamladığına, izzəti müqabilində itaət etdiyimə və məni günahlardan saxladığına görə Allaha həmd edirəm. (Hər bir nemətin müqabilində şükür etmək neməti artırmaqdan əlavə, günah etməmək və bəndəlik üçün də bir vasitədir.) Möhtaclıqdan qurtarmaq üçün Ondan kömək diləyirəm, çünki Onun hidayət etdiyi şəxs azmaz və Onunla düşmənçilik edib Ona itaət etməyən şəxs isə nicat tapmaz. Onun ehtiyacdan qurtardığı kəs möhtac olmaz, çünki Onun ehtiyacdan qurtarmağı (əgər əql tərəzisi ilə ölçülsə) eyni çəkidə və bərabərində olan hər bir şeydən daha artıqdır, saxlanıb, qorunan hər şeydən (xəzinələrdəki cəvahirlərdən) daha yaxşıdır. Şəhadət verirəm ki, bütün kamal sifətləri özündə cəmləşdirən Allahdan başqa heç bir mə’bud yoxdur və şəriki olmayan yalnız Odur. Şəhadət verirəm, doğru və ixlaslı bir şəhadətlə (dildə deyib qəlbdə inanmadan deyil), diri olduqca özümüzü onunla (kəlmeyi-şəhadətlə) günahlardan qoruyur, qiyamətdə bizi gözləyən qorxular və çətinliklər üçün ona olan imanı azuqə saxlayırıq. Çünki kəlmeyi-şəhadət imanın şərti, ilahi ehsanı vüsətləndirən, Allah-təalanın razılığına, şeytanın isə uzaqlaşmasına səbəbdir.[1] Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Allahın bəndəsi və Onun elçisidir. Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (o Həzrətin möcüzələri), gətirdiyi kitabla (ki, xalqın arasındadır), parlaq nur və işıq saçan aydınlıqla (əqli və nəqli dəlillərlə), haqla batili bir-birindən ayıran fərmanla batil şübhələri (küfr və şirki) aradan götürüb, xalqla dəlillər əsasında söhbət etmək, öz möcüzələrini göstərmək, onları Qur’an ayələriylə tənbeh edərək əvvəlki ümmətlərə verilmiş əzablarla (ibrət götürərək günah və itaətsizlikdən əl çəkmələrindən ötrü) qorxutmaq üçün göndərdi. Onu insanların (müxtəlif inanclara, fikir ayrılığı və azğınlığa görə) çoxsaylı fitnələrə mübtəla olduğu bir vaxtda göndərdi. O zaman dinin kəndiri qırılmış, imanın dirəkləri sarsılmışdı, dinin əsası ixtilaflı idi, işi (əhkamı) isə bir-birinə qarışmışdı, bu fitnələrdən qurtulmaq üçün yol daralmışdı (ondan qaçmaq qeyri-mümkün olmuşdu), doğru yola yönəlmək üçün heç bir vasitə yox idi. Beləliklə, doğru yol göstərmə və hidayət itib-batmış, korluq və azğınlıq yayılmışdı. Allaha asi, şeytana isə köməkçi olmuşdular. İman zəlil, onun dayaqları viran olmuş, iz və nişanələri dəyişmiş, yolları dağılıb məhv olmuşdu. İnsanlar şeytana tabe olaraq, onun yolu ilə gedir, şeytanın bulağından su içirdilər (azğınlıq suyu içirdilər. Yəni, onun göstərişlərini qəbul edirdilər. Beləliklə, o gücləndi və) onların köməyilə hiylələri işə düşdü və onun küfr və azğınlıq bayrağı dalğalandı. Öz fitnələrilə (dördayaqlılar ayaqlarının altındakı hər şeyi tapdaladıqları kimi), insanları tapdalayıb əzdiyi hamının sərgərdan, nadan, giriftar olduğu vaxt, dünyanın ən yaxşı yerində (Məkkeyi Müəzzəmədə) yuxuları yuxusuzluq, gözlərinin sürməsi ağlamaq olan ən pis qonşuların (Məkkə əhalisi) arasında (fitnəkarlığa, qantökməyə və çətinliyə elə düçar olmuşdular ki, bir an belə istirahət etmirdilər), düşüncəlisinin ağzının bağlandığı, zəlil olduğu, nadanının isə cilovu qırılmış və möhtərəm sayıldığı bir əraziyə onu (Həzrət Məhəmmədi səllallahu əleyhi və alih) göndərdi.   Bu xütbənin Peyğəmbər (salavatullah) nəslinin (on iki İmamın) kamalı barədə olan hissəsində buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alih) nəsli o Həzrətin gizli sirrinin qoruyucusu, fərmanının pənahı (o böyük şəxsiyyətin Haqq-təala tərəfindən əmr etdiyinə itaət göstərdilər), o hörmətli vücudun elm xəzinəsi (Həzrətin bildiyini onlar da bilirdilər), o cənabın (xalqın onlara müraciət edib bilmədiklərini soruşması üçün) hikmətlərinin mərcəyi, kitablarının (Qur’an və sünnənin) hafizi və dininin (müxalif küləklərdən və düşmənlərin dağıntılarından sarsılmaması və onlara görə qorunub, saxlanılması üçün) arxasında dayanan dağlar kimidirlər. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) onların köməyilə qamətini düzəltdi (əvvəlcə zəif və gücsüz olan dinini onların yayması sayəsində maarifi bütün dünyanı bürüyəcək səviyyəyə qədər gücləndirdi), bədəninin titrəyişlərinə sakitlik gətirdi (pak İmamlar əleyhimus-salamın xidmətləri sayəsində İslam dininin düşmənlərindən olan iztirab və narahatlıqları özündən uzaqlaşdırdı).    Bu xütbənin bir hissəsi haqdan əl çəkərək batil yola qədəm qoyanlar barəsində buyurulmuşdur (və sonra isə yenidən Peyğəmbərin Əhli–Beytini mədh etmiş, öymüşdür): (Xəvaric, ya münafiqlər və ya Müaviyənin tərəfdarları və ya başqaları ürəklərində) itaətsizlik (toxumu) əkərək onu yalan və qəflətlə suvarıb həlakət biçdilər.[2] (Deməli,) bu ümmətdən heç kim Məhəmməd (səlləllahu əleyhi və alih) Əhli-Beyti ilə müqayisə oluna bilməz və həmişə onların nemət və bəxşişindən (elm və maariflərindən) bəhrələnənlər, onlarla eyni deyildirlər (belə isə, necə özlərini onlardan üstün bilərək xalqı öz tərəflərinə çağırırlar, halbuki) Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. (Çünki onların hidayəti və yol göstərmələri sayəsində İslam dini mövcuddur və Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti onlardır ki,) Haq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri (haq elmlər, ayələr və möcüzələr) onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və (O hörmətli vücuddan) irs aparmaq sabit olmuşdur (Onlar hər bir baxımdan o Həzrətə daha yaxın və layiqlidirlər. Buna baxmayaraq, ümmətdən bəziləri o böyük şəxsiyyətin vəsiyyətinə əməl etməyərək onun irsini tapdalamış, yer üzündə fəsad toxumu səpmişlər.) İndi haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş olduğu yerə dönmüşdür (çünki bundan əvvəl əmirlik və xilafəti qəsb, bu mənsəbə layiqli olanı isə dustaq etmişdilər). [1] Şeytan həmişə Adəm övladını Allaha şərik qoşması üçün aldadır, beləliklə, kəlmeyi-şəhadət demək və ona etiqad bəsləmək şeytanın işinin qarşısını almağa və onu uzaqlaşdırmağa səbəb olar.   [2] Dünya və axirət səadətini əldən verdilər. Rəsulullahın (səlləllahu əleyhi və alih)Əhli–Beyti isə yolunu azmışları doğru yola yönəldir, həlak olmaqdan və bədbəxtlikdən xilas edirlər.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 1-ci xütbə

1-ci xütbə   İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir. Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun![1] Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.[2] Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər.[3] O, elə bir mə’buddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir mə’buddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır.[4]  Onun üçün müəyyən edilmiş zaman da yoxdur.[5] Nə də Onun üçün uzun müddət vardır.[6] Məxluqatı Öz qüdrəti ilə yaratdı.[7] Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi.[8] Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.[9] Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.[10] İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir.[11] Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar[12] Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.[13] Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.[14]  Yoxdan var olmayan bir varlıq və mövcuddur.[15] Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.[16] İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət[17] və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir. Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən,[18] heç bir təcrübə və sınaqdan faydalanmadan,[19] Özündə heç bir hərəkət yaratmadan[20] və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı.[21] Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi[22] halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi). (Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan) Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə) ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi. Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi). Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi (O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı). Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi). Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı (O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan, onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı. Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi. Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi. Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə doldurdu (Onların birinci dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər. (Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər. Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə (üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər. Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin) ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər.[23] O mələklər və onlardan daha aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib.[24] (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər, Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.[25]   Bu xütbənin bir hissəsi Adəm əleyhis–salamın xəlq olunması barəsindədir (Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi). Sonra qurumuş palçığa can verdi, insan şəklində ayağa qaldırdı. O, dərk oluna bilənlərin idrakında istifadə üçün idrak qüvvəsinə, işlərə yiyələnmək üçün düşüncəyə, özünə xidmət göstərmək üçün əzalara, işlərində hərəkət etdirmək üçün (əl və ayaq kimi) haqla batili, dadına baxılanlarla qoxulanları rənglərlə cinsləri bir-birindən ayırd etmək üçün fəhmə malik oldu. (Qurumuş palçıq elə bir insan oldu ki,) onun xilqəti və təbiəti müxtəlif rənglərlə qarışdı,[26] bir-birinə bənzər şeylərə (sümük və diş kimi) biri digərinə zidd halətlərə, bir-birindən ayrı təbiətlərə sahib oldu (həmin təbiətlər bundan ibarətdir:) istilikdən (səfra), soyuqluqdan (bəlğəm), rütubətdən (qan), quruluqdan (sovda) və (təzadlı hallar isə bunlardır) sevinc və qəm (yuxu və oyaqlıq, aclıq və toxluq kimi hallar). Böyük Allah (insanı yaratdıqdan və onu Adəm adlandırdıqdan sonra) öz əmanətini mələklərdən istəyərək onlarla bağladığı əhd-peymanı yerinə yetirmələrini, (mələklərlə bağlanan əhd-peyman, onlara verilən əmanət bu idi:) Adəmə səcdə etmək üçün hazır olmalarını, onun böyüklük və əzəməti qarşısında təvazökarlıq göstərmələrini istədi.[27] Beləliklə, Allah-təala onu xəlq etdikdə Adəmə səcdə etmələrini buyurdu. Şeytandan başqa hamı səcdə etdi. Şeytan qürurlandı və lovğalandı, bədbəxtlik ona qalib gəldi, təkəbbür etdi. Oddan yaradıldığına görə özünü böyük sayaraq bir parça quru torpaqdan yaranmış Adəmi özündən aşağı sandı.[28] Beləliklə, Allah qəzəbinin ona şamil olması üçün Şeytana möhlət verdi.[29] Və (şeytana da möhlət verdi) onun imtahan və sınağının tamamlanması, ona verdiyi vədin başa çatması üçün buyurdu: «Sən məlum günə qədər möhlət verilmişlərdənsən» (müəyyən olunmuş günə qədər həyatdan bəhrələn). (Şeytanın İlahi əmrin əleyhinə çıxaraq, Adəmi öz qibləsinə çevirməməsindən, mələklər etdiyi kimi ona təzim etməməsindən) sonra Allah-təala Adəmə azad və xoş güzərana şərait olan məkanda yer verdi və onun məkanını (bütün hadisələrdən) amanında saxladı.[30] Şeytandan və onun düşmənçiliyindən qorxutdu.[31] Sonra düşməni onu aldatdı (Qur’ani-Kərimin Taha surəsinin 120-ci ayəsində buyurulduğu kimi: فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى «Şeytan Adəmə vəsvəsə edərək dedi: «Ey Adəm! Səni əbədiyyət ağacı və zavalsız mülkə tərəf yönəltməyimi istəyirsənmi?» Belə sözlərlə Adəmi aldatdı). Sonra düşməni o Həzrətin əbədi sarayda olmasının və xeyir əməl sahiblərilə ün­siyyətinin paxıllığını çəkdiyinə görə onu aldatdı, beləliklə, (Adəm şeytanın vəsvəsəsinin təsirindən) öz yəqinliyini itirərək şəkk və tərəddüdə düşdü.[32] (Qadağan olunmuş ağacın meyvəsindən yeməmək barədə) öz qərarını (Allahın əmrinə itaətdə) süstlük və səhlənkarlığa dəyişdi (və meyvədən yedi). Şadlıq və sevinc yerinə xofa və qorxuya mübtəla oldu (şeytana aldandığını görüb öz əməlindən xəcalət çəkdi) və peşmançılığını bildirdi. Beləliklə, Haqq-təala tövbənin yolunu öyrədərək rəhmət kəlməsini ona təlim etdi[33] və yenidən Behiştə (əvvəlcə olduğu yerə) qaytaracağına söz verdi. Sonra onu dərd-qəmli, bəla ilə dolu olan dünyaya, nəsilartırma və övladlarının doğum yerinə göndərdi. Və[34] böyük Allah onun övladları arasından peyğəmbərlər seçdi, onlardan vəhy və risalətin təbliği üçün əhd-peyman aldı (ki, Haqq-təala tərəfindən onlara çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət edərək bu yolda heç nədən çəkinməyəcəklər).[35] Halbuki insanların çoxu (onlarda fitri olan) ilahi əhd-peymana vəfa etmədilər.[36] Beləliklə, Onun haqqını bilmədilər (və Onu vahid saymadılar) və Ona bənzərlər, şəriklər qoşdular. Şeytanlar onları ilahi mərifətdən (ki, əsas və fitri məqsəd idi) daşındırdılar (aldatdılar) və Allaha sitayişdən çəkindirdilər. Beləliklə, Allah-təala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tovhidi) xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri (dəlillərlə danışmaları), gizlənmiş ağılları (ki, küfrün tozu altında gizlənmiş və zəlalətin, günahların qaranlığının təsirindən örtülmüş idi,) üzə çıxararaq işə salmaları və Allahın qüdrət nişanələrini onlara (insanlara) göstərmələri üçün onları bir-birinin ardınca göndərdi. (Və onun qüdrət nişanələri bunlardan ibarətdir:) Başlarının üstündə ucaldılmış səma, ayaqlarının altında sərilmiş yer, məişət güzəranları, məhv edən əcəllər, qocaldan və əldən salan xəstəliklər, dalbadal üzləşdikləri hadisələr. Allah-təala bəndələri göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbliğindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmişdi və ya ondan əvvəlki peyğəmbər onu tanıtdırmışdı.[37] (Şeytan insanların çoxunu aldatdığına və elə buna görə də fitri əhd-peymanlarına vəfa etmədiyinə, Haqqın haqqını dandığına görə, böyük Allah da hüccətin tamam olması və insanların doğru yola yönəlməsi üçün bir-birinin ardınca peyğəmbərlər göndərdi.) Beləliklə də, əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün (ondan sonra peyğəmbər göndərməyəcəkdir) Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. (Çünki o böyük insanı sonuncu peyğəmbər seçəcəyini əvvəlki peyğəmbərlərə vədə vermişdi.) Peyğəmbərlərdən əhd-peyman almışdı,[38] onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bid’ətlər, müxtəlif təriqətlər yayılmışdı. Bir dəstə Allah-təalanı Öz yaratdıqlarına bənzədirdi[39] bəziləri Onun adında təsərrüf edirdilər.[40] Bir dəstə isə Ondan qeyrisinə işarə edirdilər.[41] Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Haqq-təala o böyük şəxsiyyətə öz yaxınlıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. Onu müsibət və bəlalardan qurtararaq ruhunu Öz dərgahına götürdü. Ona və Əhli-beytinə Allahın salamı olsun! (Camaatın qiyamət gününə qədər doğru yola yönəldilməsi üçün özünün dünyadan köçməsindən əvvəl) sələfi olan peyğəmbərlərin öz ümmətləri arasında qoyduğunu sizin aranızda qoydu. Çünki peyğəmbərlər onları aydın yolsuz və aşkar nişanəsiz özbaşına buraxmamışlar. O Həzrət də Allahınızın Kitabını sizin ixtiyarınızda qoydu. Onun halal-haramını, vacib-müstəhəblərini, nasix-mənsuxunu, ruxsət və əzaimlərini, ümum və xüsusunu, ibrət və məsəllərini, mütləq və müqəyyədini, möhkəm və mütaşabehini bəyan etməklə mucməllərini təfsir, müşküllərini aşkar etmişdir.[42] Və o kitabın mətləbləri bilmək və öyrənmək vacib olandan[43] onu bilməməyin maneəsi olmayandan[44] vacibliyi sübuta yetirilmiş, sünnədə isə nəsx edilib aradan qaldırıldığı məlum olandan[45] əməl edilməsi sünnədə vacib olan və ona əməl edilməməsinə də icazə veriləndən[46] xüsusi bir vaxtda vacib olan, başqa vaxtlarda isə vacib olmayandan[47] ibarətdir. O kitab haram olmuşlar arasında fərq qoymuşdur: Belə ki böyük günah törədənə atəş və əzab vədəsi vermiş,[48] kiçik günaha batan kəs üçün isə bağışlanmaq hazırlamışdır.[49] Və (yenə də o kitabın mətləbləri) azının qəbul edildiyi, çoxunun isə daha layiqli, bəyənilən olan və ilzami olmayan şeylərdən (ibarətdir).[50]   Bu xütbənin bir hissəsi də Həcc barəsindədir   (Kə’bənin tikilməsinin bəzi sirləri, Həcc ziyarətini yerinə yetirənlərin əməlləri və imkanı olanın onu ziyarət etməsinin vacibliyi xatırlanmışdır) Böyük Allah Beytül-Həramın ziyarətini sizə vacib etdi (elə bir Evin həccini ki, ora daxil olanlara bir çox şey haram edilmişdir) və onu xalqın qibləsi etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dördayaqlılar kimi daxil olar,[51] göyərçinlərin (öz yuvalarına olan) şövqü kimi ora gəlməyə şövqlə can atarlar. Pak olan Allah xalqın Onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi[52] və fərmanını təsdiqləyərək yerinə yetirər. Onlar peyğəmbərlərin yerində dayanıb özlərini Allah-təalanın ərşini təvaf edən mələklərə oxşadırlar və Allaha bəndəlik, sitayiş müamiləsindən (imanın sərmayəsi ilə) böyük qazanc götürürlər. Onun, günahları bağışlayacağını vədə verdiyi yerə (çatmaq üçün) tələsir, bir-birindən önə keçirlər. Pak Allah o Evi İslamın əlamət və nişanəsi, pənah gətirənlərin pənahgahı etdi, onun həccini vacib, ehtiramının qorunmasını lazım bilib ora getməyi əmr etdi. Sonra (Qur’ani-Kərimin Ali-İmran surəsinin 97-ci ayəsində) buyurdu: «Beytül-Həramın ziyarəti insanlardan, ora getmək iqtidarında olanın üzərində Allahın haqqıdır. (Bu haqqı yerinə yetirmək vacibdir.) Haqq-təalaya kafir olan hər kəs (ora getməyə iqtidarı olduğu halda İlahi əmri yerinə yetirməzsə) Allah-təalaya heç bir ziyan vurmayıb, çünki Allahın dünya əhalisinə ehtiyacı yoxdur (bəndələrin ibadət və imanına möhtac deyil. Deməli, itaətsizlik edən özü ziyana uğramış olar). [1] Onun zatına layiq olan tərif və mədh etmək gücündə deyillər. Buna gö­rə də Həzrəti Seyyid-ul-mürsəlin buyurmuşdur: لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ «Mən Səni mədh etmək qüdrətində deyiləm. Gərək Sən Özün müqəddəs zatını mədh edəsən». [2] Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır və onların sonunu təsəvvür etmək mümkün deyil. Qur’ani-Kərimin İbrahim surəsinin 34-cü ayəsində buyurulur: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها «Allahın nemətlərini saymaq istəsəniz buna qüdrətiniz çatmaz.» Elə isə Yaradanın nemətlərini saya bilməyən kimsə, Onun haqqını necə ödəyə və Ona necə şükr edə bilər? [3] Belə isə, şükür etməyin ən yüksək dərəcəsi bəndənin Onun nemətlərinin haqqını ödəməkdə aciz olduğunu etiraf etməsidir. [4]Məhdudlaşma və ehtiva olunma vücudu mümkün olanlara xasdır. Vücudu vacib olan Allah-təala bundan münəzzəhdir. [5] Onun barəsində «xeyli vaxt öncədən mövcud olduğu» söylənilə bilməz. Çünki O, zamanın yaradıcısıdır və zamanın içində olmağa ehtiyacı yoxdur ki, zaman onu əhatə edə bilsin. [6]  Onunla tamamlansın. Yəni, Onun müddəti yoxdur, əzəli və əbədi olan Odur. Zamanı yoxdur ki, sonu və müddəti olsun. Belə ki, zaman hərəkətin ölçüsüdür. Hərəkət isə maddənin xassələrindəndir. O isə materiyadan uzaqdır. Deməli, Onun zaman içində olması qeyri-mümkündür. [7] Qur’ani–Kərimin İsra surəsinin 51-ci ayəsində buyurulur: «فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ» Deyərlər bizi ölümdən sonra kim qaytarıb dirildəcəkdir? Ey Peyğəmbər, onların cavabında de ki, sizləri ilk dəfə yaradan yenidən dirildəcək. [8] Qur’ani–Kərimin Ə’raf surəsinin 57-ci ayəsində buyrulduğu kimi: َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ «Rəhməti olan yağışı yerə yağdırmazdan öncə küləkləri müjdə kimi göndərən Odur. [9] Sizin rahat yaşamanız üçün tərpənib silkələnməsin. Qur’ani–Kərimin Nəhl surəsinin 15-ci ayəsində buyurulduğu kimi: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ «Böyük Allah yeri, tərpənib sizi bir tərəfdən başqa tərəfə atmaması üçün nəhəng dağlarla möhkəmləndirdi. [10] Çünki tovhid ixlasdan başqa bir yolla kamilləşə bilməz. Yəni, Allahı tanıyanın hər bir sözü, hər bir əməli Ona xatir olmalıdır, heç bir dünyəvi məqsədlərə qarışmamalıdır. [11] Məsələn, «Haqq–təalanın elmi Onun zatına artırılmış, özündən xaric bir sifətdir» deyilməsin. Belə düşüncə təkallahlılığa və tovhidə ziddir. [12]Bölünüb–parçalana bilən hər bir şey isə tərkibdən təşkil olunub və hər tərkib də hissələrdən ibarətdir.  [13] «Harada deyil», «nəyin üstündədir» deyərsə Onu materiya və tərkibdən ibarət sanmış olar. Bundan isə belə çıxar ki, O sonradan əmələ gəlmiş, yeni yaranmışdır. [14] Bu cümlədə O Həzrət müəyyən zamanda yaranışı Haqq–təaladan istisna edir. [15] Onun varlığı zatən sonradan yaradılmış deyil. Bu cümlədə də Onun zatının yoxdan var olması istisna olunur. [16] Belə ki, hər hansı bir şeydən kənara çəkilsə, ondan bir şey qalmaz. Çünki hər şeyi saxlayan Odur. [17] Çünki hərəkət materiyanın xassəsidir. O isə, materiyadan uzaqdır. [18] Çünki hər bir işdə düşünmək, olmamış bir işin baş tutması üçündür. Belə ki, hər şey zat məqamında Allah–təala üçün əzəli və əbədi olaraq sabitdir. [19]Çünki təcrübə sınaq vasitəsilə elm əldə etmək istəyənlərə aiddir, elmi zatı ilə eyni olan Allah–təala üçün deyil. [20]Onun yaratması hərəkətə əsaslanmır. Çünki hərəkət dəyişiklik deməkdir. Dəyişiklik isə, imkan aləminin xassələrindəndir. [21]Gördüyü işin düzgün olub–olmaması barədə narahatlıq keçirmədən. Belə ki, iztirab və narahatlıq işlərin sonunu bilməməkdən irəli gəlir. Nadanlıq və cəhalət isə, zatı ilə elmi eyni olana rəva deyil. [22]Belə ki, onların arasında ayrılıq mümkün deyil; Şücaət igid insanın ayrılmaz xüsusiyyəti, səxavət kəramətli insanın ayrılmaz sifəti olduğu kimi bir sözlə məxluqatı yaratdı, [23] İki qanadı ilə bacardığı qədər havada uça bilən quş tək, İlahi maarifin sonsuz aləmlərində seyr edə biləcək həddə öz elm və mərifətlərinə qərq olublar. [24] O pərdənin arxasına peyğəmbərlər, onların vasiləsi və Allahın xüsusi bəndələrindən başqa heç kəsin elmi yolu yoxdur. [25] Çünki mələklər elmli və Allahı tanıyandırlar. Allahı bir şəkildə təsəvvür edən, məxluqatın sifətlərini Ona aid edən, Onu məhdudlaşdıran və Ona tərəf işarə edən nadandır; bundan əvvəl Allahı tanıma və mərifət fəslində bəyan olunduğu kimi. [26] Sümüyünün ağlığı, qanının qırmızılığı və tükünün qaralığı kimi, əzasının hər bir üzvü hikmətə uyğun olaraq bir rəngdə oldu. [27] Qur’ani-Kərimin Sad surəsinin 71-ci və 72-ci ayələrində buyurulduğu kimi: إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ «Sənin Allahının mələklərlə «Mən Adəmi torpaqdan xəlq edəcəyəm, yaradıb ruh verildikdə onun müqabilində əyilərək səcdə qılarsınız» dediyi günü yada sal. Yəni, ona təzim edin və ya onu öz qiblənizə çevirin». [28] Həzrəti Rəbbil–Aləminə qarşı çıxaraq dedi: «Mən ondan daha üstün olduğuma görə Adəmə səcdə etmədim. Çünki məni oddan, onu isə torpaqdan xəlq etmisən». Bu iddiada olduğuna görə, Allah ona mələklərin sırasından çıxmasını əmr etdi: «Sən Mənim rəhmətimdən qovuldun. Qəzəb və lənətim cəza gününə qədər səninlədir». Bu vaxt Şeytan dedi: (Qur’ani–Kərimin Sad surəsinin 79-cu ayəsində buyurulduğu kimi🙂 رَبِّ فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ «Ey Allah, insanların diriləcəyi günə qədər mənə möhlət ver» Bəlkə də məqsədi ölümdən xilas olaraq daima diri qalmaq olmuşdur. [29]Necə ki, Qur’ani–Kərimin Ali–İmran surəsinin 178-ci ayəsində kafirlər barəsində buyurur: وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ «Kafir olanlara möhlət verməyimizin onlar üçün yaxşı olduğunu güman etməsinlər. Möhlət verməyimiz daha çox günah edib rüsvayedici əzaba mübtəla olmalarından başqa bir şey deyil». [30] Qur’ani–Kərimin Bəqərə surəsinin 35-ci ayəsində buyurulduğu kimi: وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ «Dedik: Ey Adəm! Sən və zövcən Həvva cənnəti öz məkanınıza çevirin, onun nemətlərindən istədiyiniz qədər tam şadlıqla yeyin və bu ağaca yaxınlaşmayın. Əgər yaxın gəlsəniz, zülümkarlardan olmuş olarsınız». [31] Qur’ani–Kərimin Taha surəsinin 117-ci ayəsində buyurulur: فَقُلْنَا يَآ ادَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى «Dedik: Ey Adəm! Bu səninlə və zövcənlə düşməndir. Diqqətli olun ki, sizi cənnətdən çıxardaraq, bədbəxtliyə düçar eimək üçün bir iş görməsin». [32] Həmin ağacın meyvəsini yeməmək ona əmr edilsə də, xeyrinin, meyvəni yeməkdə olduğunu güman etdi. [33] Tövbəsini qəbul etmək istədiyinə görə, rəhmət kəlməsini ona öyrətdi ki, tövbəsinin qəbul olunması üçün Allah–təalanı onunla səsləsin. [34] Həzrəti Adəm dünyada məskunlaşdıqdan və ondan çoxlu övladları və nəsli dünyaya gəldikdən sonra. [35] Qur’ani–Kərimin Əhzab surəsinin 7-ci ayəsində buyurulur: وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَرْيَمَ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا «Peyğəmbərlərdən vəhy və risalətin təbliği haqda əhd–peyman aldığımızı yada sal. Səndən, Nuh və İbrahimdən, Musa və İsa ibn Məryəmdən möhkəm əhd–peyman aldıq». [36] Necə ki, Qur’ani–Kərimin Ə’raf surəsinin 172-ci ayəsində buyurulur: وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قالُواْ بَلى شَهِدْنَا «Sənin Allahının Adəm övladlarından onlar atalarının belində olduqları vaxt peyman aldığını və onlarda fitri olan Allahı tanımağı və tovhidi etiraf etmələri üçün onları özlərinə şahid tutduğunu yada sal. Sonra dedi: «Mən sizin Tanrınız deyiləmmi?» Dedilər: «Bəli, şəhadət veririk ki, sən bizim Tanrımızsan». Lakin öz fitri əhd–peymanlarına vəfa etmədilər. [37] Öz ümmətinə onun peyğəmbərliyinin müjdəsini vermişdi. Qur’ani-Kərimin Səff surəsinin 6-cı ayəsində buyurulduğu kimi: وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ  İsa ibn Məryəmin «Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi elçi və məndən əvvəlki Tövratı təsdiqləyənəm, məndən sonra adı «Əhməd» (səlləllahu əleyhi və alih) olacaq peyğəmbərin müjdəsini verirəm» dediyini yada sal». [38] Peyğəmbərlər də onun risalətini izhar etməli və onun seçilməsini, sonuncu peyğəmbər olmasını və peyğəmbərliyin onunla sona çatmasını öz ümmətlərinə xəbər verməli idilər. [39] Onun xəlq edilmişlər kimi bədən üzvləri və məkanı olduğunu sanan «mucəssimə» tayfası kimi. [40] Allahın adlarını seçərək öz bütlərinə qoymuşdular. Bütpərəst ərəblər Allahdan Latı, Əzizdən Uzzanı, Mənnandan Mənatı götürərək onları öz mə’budları hesab edirdilər. [41] Təbiəti və planetlərin hərəkətinin, vaxtın ötməsinin bütün işlərin səbəbi olduğuna inanan materialistlər kimi. Bir sözlə, bu kimi batil din və inanclar dünyanı zülmətə qərq etmişdi. [42] O Kitabın halalı: Maidə surəsinin 1-ci ayəsində olduğu kimi, أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ yəni, «dili bağlı dördayaqlıların əti sizə halaldır və onda heç bir qadağa yoxdur». Onun haramı isə Maidə surəsinin 3-cü ayəsində göstərildiyi kimi حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ «ölmüş heyvanın əti, qan və donuz əti sizə haram və qadağan olmuşdur». Onun vacibi, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi أَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ «namaz qılın və zəkat verin», müstəhəbbi isə İsra surəsinin 79-cu ayəsindəkiوَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً «nafilə namazı üçün gecənin bir vaxtı oyan», nasixi Tövbə surəsinin 5-ci ayəsindəki kimi فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ «müşrikləri harda görsəniz öldürün». Bu ayə sülh barəsində olan ayənin nasixidir, məsələn Kafirun surəsinin 6-cı ayəsi لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ  «İndi ki, öz şirkinizdən əl çəkmirsiniz, sizin, din və ayinləriniz sizin, tovhid isə mənim dinim olsun», bu ayənin mənsuxudur; ruxsətləri, yəni, bəndələrin işlərinin yüngülləşməsi üçün yaradılmış əhkamları, məsələn Bəqərə surəsinin 184-cü ayəsindəki kimi فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَر «Sizlərdən Ramazan ayında xəstə və ya səfərdə olanlar, Ramazandan qeyri aylarda, xəstə və müsafir olarkən tutmadığınız günlər qədər oruc tutsun», onun əzaimləri, yəni, keçilməsi mümkün olmayan əhkamları Bəqərə surəsinin 185-ci ayəsində olduğu kimi فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ «Səfər etməyən və vətənində olan hər bir şəxs ayı gördükdə oruc tutmalıdır», onun xassı, yəni, xüsusi halallar barəsində deyilən, amma mənası ümumi hallara da aid olan sözlər; Maidə surəsinin 32-ci ayəsində deyildiyi kimi مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْض فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا «Adəmin oğlu Qabil qardaşı Habili öldürdüyünə görə peşman olduğundan Bəni–İsrailə göstəriş verdik ki, hər kəs heç kəsi qətlə yetirməyən və yer üzündə ölümlə nəticələnən bir fəsad törətməyən bir kəsi öldürərsə, bütün camaatı öldürmüş kimidir. Bir kəsin həyat və yaşayışına səbəb olan kimsə isə sanki bütün camaatı diriltmişdir». Bu ayə Bəni–İsrail barəsində nazil olsa da mənası bütün insanlara şamildir. Onun ümumu isə Bəqərə surəsinin 47-ci ayəsində deyildiyi kimi يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ  «Ey Bəni–İsrail, sizlərə bəxş etdiyim nemətlərimi və sizi dünya əhlindən üstün etdiyimi yada salın». Burada dünya əhli sözü ümumi məna daşıyır və bütün dünya əhalisinə şamil edilir. Lakin onun mənası Bəni–İsrail dövrünün insanlarına məxsusdur. Onun ibrətləri isə heyrətamiz və bir növ öyüd–nəsihətdir, Naziat surəsinin 25 və 26 –cı ayələrindəki kimi: فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشى  «Böyük Allah Fironu axirət əzabı olan odda yanmağa və dünya əzabı olan suda batmağa mübtəla etdi, onun batması qorxan hər kəs üçün hər zaman ibrətdir. Onun məsəlləri, yəni, təşbihlərə şamil olan ayələri, məsələn Cumə surəsinin 5-ci ayəsində olduğu kimi, مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا  «Tövratı oxuyub–öyrənməyə məmur olunan, lakin ona əməl etməyənlər böyük kitabları daşıyan uzunqulaq kimidir», onun mütləqi, yəni, qeyd vurulmamış kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi:  يَآ أَيُّهَا الَّذِينَ امَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِِ فاغْسِلُواْ وُجُوهَكُمْ «Ey iman gətirənlər, namaza dayandıqda, üzlərinizi yuyun», onun müqəyyədi, yəni, qeyd vurulan kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ «Dəstəmaz alarkən əllərinizi dirsəklərinizlə (birlikdə) yuyun», onun möhkəmi, yəni, mənasında səhv və şübhə yeri olmayan kəlmələri, Bəqərə surəsinin 231-ci ayəsindəki kimi: وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ «Bilin ki, Allah hər şeydən agahdır», onun mütəşabihi, yəni, mənası aydın olmayan kəlmələri, Bəqərə surəsinin 228-ci ayəsində olduğu kimi وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوءٍ «Təlağı verilmiş qadınlar iki heyzdən ibarət olan üç paklanma dövrü və ya üç heyz müddəti gözləsinlər», çünki ərəb dilində «قُرُوء» kəlməsinin tək forması olan «قُرْء» kəlməsi hicazlılar arasında «طهر» paklanma, iraqlılar arasında isə «heyz» mənasındadır. Onun mucməli, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi: أَقِيمُواْ الصَّلوةَ «Namaz qılın», onun müşkülü Məryəm surəsinin 1-ci ayəsi kimi; كهيعص  «Kaf, hə, yə, əyn, sad». [43] Böyük Allahın vahidliyini bilmək kimi, necə ki, İbrahim surəsinin 52-ci ayəsində buyurulur: لِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ  «Bilməlisiniz ki, odur vahid olan Allah», [44] Fussilət surəsinin 1-ci ayəsi olan حم «ha, mim»in mənasını bilməmək kimi, [45] Nisa surəsinin 15-ci ayəsində olduğu kimi وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً  «Sizin qadınlarınız arasında zina edən ərli arvadların pis işlərinə öz içinizdən həddi–buluğa çatmış, ağıllı, ədalətli, dörd mömin kişini şahid tutun. Onlar şəhadət versələr, o qadınları öz evlərində ölüncəyə və ya Allah onları həbsdən azad edincəyə qədər saxlayın». Deməli, bu ayənin məzmununa görə, zinakar qadınların hökmü ölüncəyə qədər öz evlərində saxlanaraq, həbs olunmaları idi. Sünnədə həbs hökmü nəsx olaraq, daşqalaq edilmə ilə dəyişdi, [46] İslamın ilk dövrlərində Beytül–Müqəddəsə doğru namaz qılmaq sünnəyə görə vacib idi. Qur’anda isə nəsx olundu. Bəqərə surəsinin 144-cü ayəsində buyurulur: فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ «Kə’bə evi olan, Beytül–Hərama tərəf namaz qılın, harada olursunuz–olun, üzlərinizi ona tərəf döndərin», [47] Cumə surəsinin 9-cu ayəsində buyurulduğu kimi: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِىَ لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ «Ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman namaz qılmağa tələsin»; Beləliklə, cümə namazı yalnız cümə gününə məxsusdur, başqa günlərdə isə vacib deyil. [48] Nisa surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا «Qəsdən mömin öldürənin cəzası cəhənnəmdir və əbədi olaraq orada qalacaqdır»; [49] Rə’d surəsinin 6-cı ayəsində buyurulur: وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَى ظُلْمِهِمْ «Sənin Rəbbin camaatın etdiyi zülm və sitəmə görə bağışlayandır». Bağışlanan zülm dedikdə, kiçik günahlar nəzərdə tutulur. [50] Muzzəmmil surəsinin 20-ci ayəsində olduğu kimi فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ1  «Mümkün olan qədər Qur’an oxuyun». Deməli, onun az oxunmasını da qəbul edir, çox oxunmasını isə bəndələrin öz ixtiyarına qoyub və  bunu etməyən kəsin boynuna bir şey gəlməz. [51] Onların savaba çatmaq üçün həmin Evdə izdihamlı hərəkətləri, təşnə dördayaqlıların su başına toplaşması kimidir. [52] Ora getmək üçün Qur’ani–Kərimin Həcc surəsinin 27-ci ayəsində buyurulduğu kimi: وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ «Ey İbrahim, xalqı səslə və onu həccə dəvət et. Xalq sənin tikdiyin Evə minikləri zəif, arıq dəvə olsa da belə hər uzaq yoldan atlı–piyada gələr,

Namaz Vaxtı 01.02.2025

Bakı və Abşeron üfüqü ilə Yanvar ayı üçün gündəlik namazların azan cədvəli

İmsak vaxtı Sübh Azanı Günəş cıxar Zöhr Azanı Məğrib Azanı Gecə yarı 01 06:32 06:37 08:04 12:44 17:40 00:01 02 06:32 06:37 08:04 12:44 17:41 00:01 03 06:32 06:37 08:04 12:45 17:42 00:02 04 06:32 06:37 08:04 12:45 17:43 00:02 05 06:32 06:37 08:04 12:46 17:44 00:03 06 06:32 06:37 08:04 12:46 17:45 00:03 07 06:32 06:37 08:04 12:47 17:46 00:03 08 06:32 06:37 08:04 12:47 17:47 00:04 09 06:32 06:37 08:03 12:48 17:47 00:04 10 06:32 06:37 08:03 12:48 17:48 00:05 11 06:32 06:37 08:03 12:48 17:49 00:05 12 06:32 06:37 08:03 12:49 17:50 00:06 13 06:32 06:37 08:03 12:49 17:52 00:06 14 06:32 06:37 08:02 12:50 17:53 00:07 15 06:31 06:36 08:02 12:50 17:54 00:07 16 06:31 06:36 08:01 12:50 17:55 00:07 17 06:31 06:36 08:01 12:51 17:56 00:08 18 06:30 06:35 08:01 12:51 17:57 00:08 19 06:30 06:35 08:00 12:51 17:58 00:09 20 06:30 06:35 07:59 12:52 17:59 00:09 21 06:29 06:34 07:59 12:52 18:00 00:09 22 06:29 06:34 07:58 12:52 18:01 00:10 23 06:28 06:33 07:58 12:52 18:03 00:10 24 06:28 06:33 07:57 12:53 18:04 00:10 25 06:27 06:32 07:56 12:53 18:05 00:11 26 06:27 06:32 07:55 12:53 18:06 00:11 27 06:26 06:31 07:55 12:53 18:07 00:11 28 06:25 06:30 07:54 12:54 18:08 00:12 29 06:25 06:30 07:53 12:54 18:10 00:12 30 06:24 06:29 07:52 12:54 18:11 00:12 31 06:23 06:28 07:51 12:54 18:12 00:12  

Xanım Fatimeyi-Zəhra (s.ə) 31.01.2025

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ رَسولِ اللّهِ (ص) فَقالَ: السَّلامُ عَلَيكَ يا رَسولَ اللّهِ عَنّي، وَالسَّلامُ عَلَيكَ عَنِ ابنَتِكَ وزائِرَتِكَ وَالبائِتَةِ فِي الثَّرى بِبُقعَتِكَ وَالمُختارِ اللّهِ لها سُرعَةَ اللَّحاقِ بِكَ، قَلَّ يا رَسولَ اللّهِ عَن صَفِيَّتِكَ صَبري، وعَفا عَن سَيِّدَةِ نِساءِ العالَمينَ تَجَلُّدي، إلاّ أنَّ لي فِي التَّأَسّي بِسُنَّتِكَ في فُرقَتِكَ مَوضِعَ تَعَزٍّ، فَلَقَد وَسَّدتُكَ في مَلحودَةِ قَبرِكَ، وفاضَت نَفسُكَ بَينَ نَحري وصَدري. بَلى، وفي كِتابِ اللّهِ (لي) أنعَمُ القَبولِ، إنّا للّهِ وإنّا إلَيهِ راجِعونَ، قَدِ استُرجِعَتِ الوَديعَةُ واُخِذَتِ الرَّهينَةُ، واُخلِسَتِ الزَّهراءُ، فَما أقبَحَ الخَضراءَ وَالغَبراءَ يا رَسولَ اللّهِ! أمّا حُزني فَسَرمَدٌ، وأمّا لَيلي فَمُسَهَّدٌ، وهُمٌّ لا يَبرَحُ مِن قَلبي أو يَختارَ اللّهُ لي دارَكَ الَّتي أنتَ فيها مُقيمٌ، كَمَدٌ مُقَيِّحٌ، وهَمٌّ مُهَيِّجٌ، سَرعانَ ما فُرِّقَ بَينَنا وإلَى اللّهِ أشكو، وسَتُنَبِّئُكَ ابنَتُكَ بِتَظافُرِ اُمَّتِكَ عَلى هَضمِها، فَأَحفِهَا السُّؤالَ وَاستَخبِرهَا الحالَ، فَكَم مِن غَليلٍ مُعتَلِجٍ بِصَدرِها لَم تَجِد إلى بَثَّهِ سَبيلاً، وسَتَقولُ ويَحكُمُ اللّهُ وهُوَ خَيرُ الحاكِمينَ. سَلامَ مُوَدِّعٍ لا قالٍ ولا سَئِمٍ، فَإِن أنصَرِف فَلا عَن مَلالَةٍ، وإن أقُم فَلا عَن سوءِ ظَنٍّ بِما وَعَدَ اللّهُ الصّابِرينَ. “Əmirəlmöminin Əli (ə) Fatiməni (ə.s.) gizli dəfn etdi, qəbrinin yerini hamarlayıb gizlətdi və sonra ayağa qalxıb, üzünü ey Allahın Rəsulunun (s) qəbrinə tutaraq dedi: “Məndən sənə salam olsun, ey Allahın Rəsulu və qızın tərəfindən də salam yetirirəm! Elə indi sənin görüşünə gəlir. Artıq məndən ayrıldı və sənin dəfn olunduğun yerdə torpağa yatdı və Allahın istəyi bu oldu ki, sənə tez qovuşsun. Ey Allahın Rəsulu! Layiqli qızının ayrılığına səbrim çatmır, aləm qadınlarının xanımının ayrılığına taqətim yoxdur! Yalnız sənin sünnənə itaətim bu ayrılığa təsəllidir. Hələ o zaman mən özüm səni qəbrinə qoydum, başın sinəmdə can verdin! Bəli, Allahın kitabında bunların (müsibətlərə dözüm) gözəl əvəzi vardır: “Hamımız Allah tərəfindənik və Ona doğru qayıdacağıq!” Axır, əmanət qaytarıldı, girov geri alındı və Zəhra əlimdən çıxdı. Ey Allahın Rəsulu, daha bu göy səma və qara torpağın nə qiyməti var! Qəm-qüssəm daimi, gecələri oyaq və Allah sənə verdiyi evə məni qovuşdurmayınca, qəm-qüssəm qəlbimdən çıxmayacaq! Qüssə məni yandırır və kədər rahatlığımı alıb! Bizim aramızda nə tez ayrılıq düşdü! Daha Allaha şikayətlənirəm! Qızın özü ümmətinin ona qarşı zülmdə əlbir olması haqda sənə xəbər verəcək, bütün hadisəni ondan soruşar və vəziyyəti öyrənərsən. Çünki qəm-qüssə ilə dolu ürəyini açmağa bir fürsət tapmırdı. İndi isə onu (sənə) deyər və Allah Özü hökm kəsər. O, hökm kəsənlərin ən yaxşısıdır! Artıq, səninlə nə qəzəb, nə də yorğunluq üzündən vidalaşıram. Buradan məni ayıran yorğunluq olmadığı kimi, qalsam da Allahın səbirlilərə verdiyi vədə pis güman üzündən deyil!” (“Əl-kafi”, c.1, səh.458, hədis 3.)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...