Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 21.01.2025

İmam Hüseynə (ə) ağlamağın savabının böyüklüyünə Qurandan dəlil

Mərifət və irfan əhli deyirlər ki, bir şeyi dəlilsiz inkar etmək, şübhə etmək, həqiqətdən kənar saymaq və ağıl və məntiqdən uzaq bilmək (istib`ad) insanın mənəvi inkişafı və kamalı yolunda ən böyük maneədir, çünki insanı süst və motivasız edir. Həzrət İmam Hüseynin (ə) əzadarlığı və o həzrətə ağlamaq və yas saxlamaq barədə verilən mükafat vədələri də inkar ediləsi və ağıl və məntiqdən kənar bir məsələ deyil. Mömin insan ismət və təharət Əhli-Beytinin (ə) vədələri qarşısında inkar, təəccüb və istib`ad mövqeyində durmamalıdır. İstib`ad yəni bir şeyi həqiqətdən kənar və mənfi mənada təəccüblü hesab etmək. Təharət və ismət sülaləsi olan Əhli-Beyt (ə) imamları barədə verilən vədələr və onların buyurduqları məsələləri mömin insan qəbul etməlidir, nə ki,  təəccüblənməli və həqiqətdən uzaq saymalıdır. Bundan da daha pisi mömin insanın inkar mövqeyində olmasıdır. Buna görə mərifət və irfan əhli deyirlər ki, bir şeyi dəlilsiz inkar etmək, şübhə etmək, həqiqətdən kənar saymaq və ağıl və məntiqdən uzaq bilmək (istib`ad) insanın mənəvi inkişafı və kamalı yolunda ən böyük maneədir, çünki insanı süst və motivasız edir. Və nəticədə insan Allahın İmam Hüseyni (ə) yad etmək barədə verdiyi mükafatları əldə edə bilmir və kamilliyə gedən yoldan azır. Buna görə də İmam Hüseynin (ə) əzadarlığına veriləcək mükafatlar barədə hətta istib`ad etmək olmaz, nə ki inkar. Çünki əvvələn bu barədə kifayət qədər hədis və rəvayətlər var. Bu hədislər mütəvatir həddədir və inkar və istib`ad üçün yer saxlamır. İkincisi, öz fərdi və ictimai həyatımızda İmam Hüseyni (ə) və əshabını yad etməyin təsir və nəticələrinə baxsaq, vədər verilən mükafatlar elə də çox və təəccüblü deyil. Üçüncüsü, İmam Hüseyn (ə) və ənsarının Allah yolunda etdikləri və göstərdikləri fədakarlıqlar hədislərdə deyiləndən daha çox mükafata və daha böyük məqama layiqdir. Bundan əlavə, biz Allaha aid olan işləri öz tərəzimizlə ölçməməliyik. Allah yanında olan ölçü meyarları bizim düşüncəmizdəkindən çox fərqlidir. Məsələn, Qurani-Kərim bir buğda dənəsi infaq edənə bir neçə bərabərini verirsə, bunda təəccüb yeri varmı? İmam Hüseynin (ə) məsələsi də belədir. İnfaq edilən və sədəqə verilən bir buğda dənəsinin 700 bərabər mükafatı varsa, hər şeyini Allah yolunda verən şəhidlərə axıdılan bir damla göz yaşına bu qədər mükafat verilməsi niyə təəccüblü olsun ki? /shia.az

İmam Hüseyn (ə) 21.01.2025

LUHUF İMAM HÜSEYN (Ə)-IN HƏYATI

İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ QƏDƏRKİ DÖVR İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜ İmam Hüseyn (ə) hicri ilinin dördündə, şəban ayının beşinci gününün gecəsində; başqa sənədə əsasən, həmin ayın üçündə dünyaya göz açıbdır. Bəzi alimlərin dediyinə əsasən, o Həzrət hicrətin üçüncü ilində rəbiül-əvvəl ayının axırlarında anadan olub. İmam Hüseyn (ə)təvəllüd tarixi haqqında başqa rəvayətlər də mövcuddur. İmam Hüseyn (ə) anadan olan zaman Cəbrail min mələklə göz aydınlığa vermək və təbrik etmək üçün Allahın Rəsulunun (s) hüzuruna gəldilər. Fatimə (s.ə)[1] övladını atasının[2] yanına gətirdi. Peyğəmbər (s) uşağı görən kimi sevindi və onun adını Hüseyn qoydu. ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə nəql edir ki, Abbas ibn Əbdülmütəllibin həyat yoldaşı Ümmül-Fəzl dedi:«İmam Hüseyn (ə) təvəllüdündən qabaq, bir gecə yuxuda gördüm ki, Peyğəmbər (s) bədənindən bir tikə ət ayrılıb mənim ətəyimə düşdü. Bu yuxunun təbirini Allahın Rəsulundan (s) soruşdum. O Həzrət buyurdu: «Əgər gördüyün yuxu doğru yuxulardan olsa, tez bir zamanda qızım Fatimənin (ə) bir oğlu olacaq və süd vermək üçün onu sənə tapşıracam». Bir müddət keçdi. Günlərin bir günü Fatimə (s.ə)-ın oğlu oldu. Onu mənə tapşırdılar. Onu Allahın Rəsulunun (s) yanına apardım. O Həzrət uşağı öz dizi üstünə qoyub öpməyə başladı. Bu zaman uşağın idrarından bir damcı Peyğəmbər (s) paltarına dəydi. Mən uşağı Peyğəmbərin (s) qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Allahın Rəsulu (s) qəzəbli şəxslər kimi buyurdu: «Yavaş ey Ümmül-Fəzl!Mənim paltarım yuylub təmizlənəcək. Amma sən övladımı narahat etdin». Mən Hüseyn yerə qoydum. Su gətirmək üçün otaqdan çıxdım. Qayıdandan sonra gördüm ki, Allahın Rəsulu (s) ağlayır. Dedim: «Ey Allahın Rəsulu niyə ağlayırsınız?»Peyğəmbər (s) buyurdu: «Bir az bundan qabaq Cəbrail gəlib mənə xəbər verdi ki, ümmətim bu övladımı öldürəcək». Mühəddislər[3] belə rəvayət edirlər: İmam Hüseyn (ə) ömründən bir il keçmişdir. Qanadlarını açmış müxtəlif sürətlərə və qırmızı çöhrəyə malik olan on iki mələk Allahın Rəsulunun (s) hüzrüna gəldilər. Onlar Peyğəmbər (s) ərz etdilər: Ya Mühəmməd (s) Qabilin Habilə zülm etdiyi kimi övladın Hüseynə də zülm edəcəklər. Habilə verilən savab kimi ona da savab veriləcək. Həmçinin, onu öldürənlərin əzabı Qabilin əzabı kimi olcaq. Bu zaman asimanlardaolan bütün mələklərAllahın Rəsulunun (s) hüzuruna gəlib, Hüseyn (ə)-ın gələcəkdə öldürdüyü üçün o Həzrətə baş sağlığı verirdilər. Mələklər İmam Hüseyn (ə) şəhadətinin əvəzində Allah-Təalanın o Həzrət üçün təyin etdiyi savabı Peyğəmbərlərə (s) xəbər verir və İmam Hüseyn (ə) qəbrinin türbətini o Həzrətə göstərdilər. Peyğəmbər (s) həmin zaman buyurdu: «Ey Allah! Oğlum Hüseyni xar edənləri zəlil və xar et! Hüseynimi öldürənləri öldür və onu öz məqsədinə çatdırma!» CƏBRAİLİN İMAM HÜSEYN (Ə)-IN ŞƏHADƏTİNİ XƏBƏR VERMƏSİ İmam Hüseyn (ə) iki yaşı var idi. Peyğəmbər (s) səfərə gedirdi. O Həzrət yolda birdən ayaq saxlayıb buyurdu: إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ[4] Peyğəmbər (s) bunu deyib ağladı. Peyğəmbərdən (s) ağlamağın səbəbini soruşdular. O Həzrət buyurdu: «İndi Cəbrail Fərat çayının yaxınlığında olan yeri mənə xəbər verdi. O yerin adı Kərbaladır. Orada oğlum Hüseyn (ə) öldürəcəklər». Soruşdular: «Ey Allahın Rəsulu (s) onu kim öldürəcək?» Buyurdu: «Oğlum Hüseyn (ə) Yezid adında bir şəxs öldürəcək. Elə bil ki, indi Hüseynin (ə) öldürülən yeri və dəfn olunan məkanını öz gözümlə görürəm». Allahın Rəsulu (s) həmin səfərdən qəm-qüssə içində qayıtdı. Peyğəmbər (s) səfərdən qayıdandan sonra minbərə çıxıb xütbə oxudu. Xalqa moizə etdi. Sonra sağ əlini İmam Həsən (ə) və sol əlini İmam Hüseynin (ə) başına qoydu, üzünü göyə tutaraq dedi: «Ya Allah! Mühəmməd sənin bəndən və Peyğəmbərindir. Bu iki nəfər isə mənim Əhli-Beytimin pakları və nəslimin seçilmişləridir. Bunlar ümmətin arasında mənim canişinlərimdir. Cəbrail mənə xəbər verdi ki, bu övladımı məzlumcasına öldürəcəklər. Ya Allah, şəhadəti onun üçün mübarək et! Onu şəhidlərin ağası et! Önu öldürənlər və xar edənlər üçün mübarək etmə!» Allahın Rəsulu (s) öz sözünü bura çatdıranda məclisdə olanların nalə şivəni ucaldı. Peyğəmbər (s) buyurdu:«Siz onun üçün (İmam Hüseyn (ə) üçün) ağlayırsınız, amma ona kömək etməyib günah edəcəksiniz?» Sonra Peyğəmbər (s) məsciddən xaric oldu. Bir neçə an keçdi. O Həzrət yenə də məscidə qayıtdı. Amma bu dəfə rəngi dəyişmiş, halı pozulmuşdu. Başqa bir xütbəni ağlar gözlərlə qiraət edib buyurdu: «Ay camaat! Mən sizin aranızda iki böyük şeyi əmanət qoyuram, biri Quran, o birisi isə mənim Əhli-Beytimdir. Onların hər ikisi mənim qəlbimin meyvəsi, həmçinin çanımdır və onları çox istəyirəm. Quran və Əhli-Beytim«Kövsər» hovuzunun kənarımda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Bilməlisiniz ki, mən qiyamət günü bu iki böyük əmanətin yolunu gözləyəcəyəm. Mən sizdən yalnız Allahın göstərişinə əsasən, Əhli-Beytimin sevməyinizi tələb edirəm. Bəs çalışmalısınız ki, qiyamət günü mənimlə gördüyünüz zaman Əhli-Beytimin düşmənçiliyi ürəyimizdə olmasın və onlara zülm edənlərdən olmayın. Agah olun! Qiyamət günü üç dənə bayrağın hər birinin altında ümmətimin bir dəstəsi yanıma gələcəklər. Birinci bayraq qara bayraqdır. Mələklər onu görəndə fəryad çəkəcəklər. Həmin bayraqların sahibləri mənim qarşımda duracaqlar. Mən onlardan soruşacağam: Siz kimsiz? Onlar mənim adımı yaddan çıxartdıqları halda deyəcəklər: Mən ərəb və qeyri-ərəblərin Peyğəmbəri Əhmədəm[5]. Onlar deyəcəklər: «Biz sənin ümmətindənik» Onlardan soruşacağam: «Məndən sonra Əhli-Beytim və Quranla necə rəftar etdiniz?» Deyəcklər: «Qurana əhəmiyyət verməyib, onun göstərişlərinə əməl etmədik; Əhli-Beytini də nabud edib, yer üzündən götürmək istəyirik». Bu zaman mən onlardan üz döndərəcəyəm. Onlar da susuz və qara simalarla məndən uzqlaşacaqlar. İkinci bayraq irəli gələcək. Birinci bayraqdan daha çox qara olcaq. Mən onlara deyəcəyəm: «Məndən sonra iki böyük əmanətimlə(Quran və Əhli-Beytimlə) necə rəftar etdiniz?» Cavab verəcəklər: «Quranla müxalifətçilik və Əhli-Beytini isə xar edib, onların əsir-yesir etdik». Onlara deyəcəyəm: «Məndən uzaqlaşın!» Onlar qara simalar və susuz dodaqlarla gedəcəklər. Üçüncü bayraq mənim yanıma gələcək. Bu bayrağın sahiblərinin sifətlərindən nur saçacaq. Mən onlardan soruşacağam: «Siz kimsiniz?» Deyəcəklər: «Biz tövhid kəlməsini deyənlər, təqvaəhli və Mühəmmədin (s) ümmətindənik. Biz haqq əhlinin davamçılarıyıq, bizim dinimizdə şəkk-şübhə olmayıbdır. Öz Allahımızın əziz kitabı Quranı əlimizdə tutub, onun haramını haram və halalını halal bildik. Peyğəmbərimiz Mühəmmədin (s)Əhli-Beytini sevib, onların köməyində əlimizdən gələni əsirgəməyib Əhli-Beytin düşmənləri ilə vuruşduq». Mən onlara deyəcəyəm: «Sizə bəşarət veririm ki, mən sizin Peyğəmbəriniz Mühəmmədəm (s). Siz indi bəyan etdiyiniz kimi dünyada həyat sürübsünüz. Sonra «Kövsər» hovuzundan onları sirab edəcəyəm. Onlar açıq və sevinclə dolu simalarla behiştə tərəf gedib, orada əbədi qalacaqlar». [1]İmam Hüseyn (ə)-ın anası. [2]Mühəmməd (s) peyğəmbər Fatimənin atasıdır. [3] Hədis rəvayət edənlər. [4] Hamımız Allahdan gəlmişik və Allaha tərəfinə qayıdacıq. [5] Məhəmməd peyğəmbərin asimandakı adı Əhməddir.

İmam Hüseyn (ə) 21.01.2025

İmam Hüseyni (ə) hər gün ziyarət etmək lazımdır

Siqətul-İslam Şeyx Məhəmməd bin Yəqub Kuleyninin qələmə aldığı “əl-Kafi” adlı dəyərli hədis məcmuəsində Həzrət İmam Hüseynin (ə) hər gün, olmasa həftədə bir dəfə, olmasa ayda bir dəfə, o da olmasa ildə bir dəfə və heç olmasa ömürdə bir dəfə ziyarətinin təkid edildiyini yetirən bir hədis nəql edilib ki, bu hədis Həzrət İmam Hüseynin (ə) ziyarətinin İslami dini və məzhəbimiz üçün necə də əhəmiyyətli olduğunu yetirir. Həmin hədisi sizin diqqətinizə çatdırırıq. Hədisin sənədi مُحَمَّدُ بْنُ يَحْيى‏، عَنْ سَلَمَةَ بْنِ الْخَطَّابِ، عَنْ عَبْدِ اللَّهِ‏ بْنِ الْخَطَّابِ، عَن‏ عَبْدِ اللَّهِ بْنِ مُحَمَّدِ بْنِ سِنَانٍ، عَنْ مَنِيعٍ (بن الحجاج)‏، عَنْ يُونُسَ بْنِ عَبْدِ الرَّحْمنِ، عَنْ حَنَانٍ، عَنْ أَبِيهِ. Məhəmməd ibn Yəhya nəql edir Sələmət bin əl-Xəttabdan, o da Abdullah bin əl-Xəttabdan, o da Abdullah bin Məhəmməd bin Sinandan  – (Abdullah bin Məhəmməd əl-Yəmani olmalıdır əslində), o da Məniidən (bəzi nüsxələrdə “Müsmə” yazılıb ki, səhv olduğu ehtimal edilir), o da Yunis ibn Əbdür-Rəhmandan, o da Hənnandan, o da atası Sədirdən. Hədisin mətni Sədir deyir: İmam Sadiq (ə) mənə buyurdu ki, ey Sədir, İmam Hüseynin (ə) qəbrini hər gün ziyarət edirsən? قَالَ: قَال‏ أَبُو عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ: «يَا سَدِيرُ، تَزُورُ قَبْرَ الْحُسَيْنِ‏ عَلَيْهِ السَّلَامُ فِي كُلِّ يَوْمٍ؟» قُلْتُ: جُعِلْتُ فِدَاكَ‏، لَا. Dedim: Sənə qurban olum, ağa! Xeyr. قَالَ: «فَمَا أَجْفَاكُمْ!» İmam Sadiq (ə) buyurdu: Siz necə də cəfakarsız! قَالَ: «فَتَزُورُونَهُ فِي كُلِّ جُمْعَةٍ؟» Sonra buyurdu: Belə isə hər Cümə günü ziyarət edirsiz? قُلْتُ: لَا. Dedim: Xeyr, ağa. قَالَ‏: «فَتَزُورُونَهُ فِي كُلِّ شَهْرٍ؟» Yenə buyurdu: Belə isə ayda bir dəfə ziyarət edirsiz? قُلْتُ: لَا. Dedim: Xeyr, ağa. قَالَ: «فَتَزُورُونَهُ‏ فِي كُلِّ سَنَةٍ؟» İmam (təəccüblə yenidən) buyurdu: Onda (yəqin ki, heç olmasa,) ildə bir dəfə ziyarət edirsiniz? قُلْتُ: قَدْ يَكُونُ ذلِكَ. Dedim: Bəli, bəzən belə olur – (yəni bəzi illərdə bir dəfə ziyarət edirik). قَالَ: «يَا سَدِيرُ، مَا أَجْفَاكُمْ لِلْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ، أَمَا عَلِمْتَ أَنَّ لِلَّهِ- عَزَّ وَ جَلَّ- أَلْفَ أَلْف مَلَكٍ شُعْثٌ غُبْرٌ، يَبْكُونَ، وَ يَزُورُونَ، لَايَفْتُرُونَ‏. İmam (ə) buyurdu: Ey Sədir! Siz Hüseynə (ə) qarşı necə də cəfakarsınız! Bilmirsən ki, Allah-Taala saçları pərişan və toza bulaşmış min-min mələk yaradıb və onlar İmam Hüseynə (ə) ağlayırlar, onu ziyarət edirlər və bu işdən yorulmurlar. وَ مَا عَلَيْكَ يَا سَدِيرُ أَن‏ تَزُورَ قَبْرَ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ فِي كُلِّ جُمْعَةٍ خَمْسَ مَرَّاتٍ، وَ فِي‏ كُلِّ يَوْمٍ مَرَّةً؟». İmam sonra buyurdu: Nə olub sənə ey Sədir?! Nə üçün İmam Hüseynin (ə) qəbrini hər Cümə günü beş dəfə və (digər günlərdə) hər gün bir dəfə ziyarət etmirsən?! قُلْتُ: جُعِلْتُ فِدَاكَ، إِنَّ بَيْنَنَا وَ بَيْنَهُ فَرَاسِخَ كَثِيرَةً. Dedim: Sənə qurban olum, ağa, İmam Hüseynin (ə) məzarı ilə bizim aramızda çoxlu fərsəxlər var – (yəni məsafə uzaqdır və kilometrlər yol var). فَقَالَ لِي: «اصْعَدْ فَوْقَ سَطْحِكَ (دارک)، ثُمَّ تَلْتَفِتُ‏ (التفت) يُمْنَةً وَ يُسْرَةً، ثُمَّ تَرْفَعُ رَأْسَكَ إِلَى السَّمَاءِ، ثُمَّ تَنْحُو (انح او تتحری) نَحْوَ الْقَبْرِ، وَ تَقُولُ: “السَّلَامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ، السَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ”، تُكْتَبُ لَكَ زَوْرَةٌ، وَ الزَّوْرَةُ حَجَّةٌ وَ عُمْرَةٌ». İmam (ə) mənə buyurdu: Evinin damına çıx (yəni hündür bir yerə çıx), sonra sağa və sola bax. Sonra İmam Hüseynin (ə) məzarı səmtinə (Kərbəlaya tərəf) dön və üzünü səmaya tutaraq de: “əs-Səlamu Ələykə ya Əba Əbdillah, əs-Səlamu ələykə və rəhmətullahi və bərəkatuhu”. Bununla sənə İmam Hüseynin (ə) ziyarəti savabı, həmçinin Həcc və Ümrə savabı yazılacaqdır. قَالَ سَدِيرٌ: فَرُبَّمَا فَعَلْتُ ذلِكَ‏ فِي الشَّهْرِ أَكْثَرَ مِنْ عِشْرِينَ مَرَّةً. Sədir dedi: Mən bunu çox vaxtlar hər ayda iyirmi dəfədən çox edirəm.” *Hədisin sənədi güclüdür və səhihə yaxındır. Və mənbə baxımından da şiə hədis qaynlarının ən mötəbər kitablarında keçmişdir. Hədisin mənbələri: Şeyx Kuleyni, “əl-Kafi”, c.9, s.348, hədis: 8/8198. Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, c.2, s.599, hədis:3203. Şeyx Tusi, “Təhzibul-Əhkam”, c.6, s.116, hədis:21. t.me/mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?

İmam Hüseynin (ə) Ərbəin günü yaxınlaşdıqca Həzrət Əba Abdullahı (ə) sevənlərin arasında xüsusi bir həyəcan və şövq meydana gəlir. Bəs İmamı (ə) məhz bu gündə ziyarət etməyin sirri nədədir? Bu batini meyl və istək – adi bir istək deyildir. Din alimləri bizə bir çox şeyləri tövsiyə edirlər, ancaq Ərbəin günündə Seyyidi-şühədanı (ə) ziyarət etməyin hesabı başqadır. bəs niyə məhz bu ziyarəti din alimlərimiz çox tövsiyə edirlər? Quran bizlərə göstəriş verir ki, möminlər Əyyamullahda gərək yada salınsınlar ki, Allahın bu böyük günləri unudulmasın. Ərbəin – Aşura hadisəsinin davamıdır. Ona görə də Aşura gününü əziz tutmaq üçün ən böyük Əyyamullahdır. Ərbəin günündə Hüseyn (ə) aşiqləri İmamın (ə) hərəminə tərəf hərəkət edərək, onunla əhdlərini təzələyirlər. Bu əhdi təzələməyin ən yaxşı yolu – Kərbəlaya getməkdir. Ona görə də İmam Həsən Əsgəri (ə) Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etməyi – möminlərin nişanələrindən hesab etmişdir. İmam Həsən Əsgəri (ə) buyurur: “5 şey möminin nişanələrindəndir: onlardan biri Ərbəin ziyarətidir”. İmam Hüseyni (ə) Ərbəin günündə ilk ziyarət edən insan Cabir Ənsari olmuşdur. Dövrün ən böyük alimlərindən olan Ətiyyə ibni Səyid ibni Cənadə Uvfi də onunla bir yerdə idi. Cabir bizlərə İmamı (ə) necə ziyarət etməyin yolları öyrətdi və sonra da şəhid olmuş əziz dostu ilə dərdləşdi. Gah özündən getdi, gah da hönkürüb ağladı. Aşura İslam dinini ayaqda saxladığı kimi, Ərbəin də Aşuranı ayaqda saxlamışdır. Ərbəin gələn zaman Həzrət Zeynəbdən (s.ə) danışmaq lazımdır. Onun yaralarından və əyləşən halda qıldığı namazlardan. Həzrət Zeynəb (s.ə) – o əzəmətli xanımdır ki, öz xütbəsi ilə Şam camaatını ağlatmışdı. Ərbəin gələn zaman əsirlər karvanı yada düşür. Aşura hadisəsindən 40 gün keçir və 40 gün göz yaşı tökülmüşdür. Hər bir göz yaşı fəthin və qələbənin xəbərini verir. Sən də əlini sinənə qoy və bu günü Aşuralı ol! 40 gün əza və göz yaşından sonra İmama (ə) uzaqdan da olsa, salam göndər! Əssəlamu əleykə, ya Əba Abdullah! Əssəlamu əleykə və rahmətullahi və bərakətuh!

İmam Hüseyn (ə) 21.01.2025

AŞURA iqtisadiyyatı

AŞURA iqtisadiyyatı Kufə şiələrinin ağsaqqallarının İmam Hüseynə (ə) yazdıqları məktublarda deyilir: «وَ جَعَلَ مالَ اللهِ دولَةً بینَ جبابِرَتها و اغنیائها» “(Yezidin İslam və müsəlmanlara etdiyi xəyanətlərdən biri də budur ki,) Beytül-malın (yəni, xalqın büdcəsinin) hamısını bir dəstə zalim, oliqarx və sərvətli kapitalistin ixtiyarına verib”. İslami cəmiyyətlərdə iqtisadiyyat iki yerə bölünür: “Hüseyni (ə) iqtisadiyyat” (Quran və Əhli-Beyt iqtisadiyyatı) və “Yezidi iqtisadiyyat” (cahiliyyət dövrünün Qüreyş iqtisadiyyatı və müasir kapitalizm). Aşuranın canlı saxlanılmasının da hədəfi cəmiyyətdə “Hüseyni (ə) ədalət”in bərqərar və bərpa edilməsidir. “Hüseyni (ə) ədalət”, yəni xalqın sərvətinin bütün təbəqələr arasında ədalətli bölünməsi, hamının öz haqqına çatması, hamının inkişaflı həyat tərzi yaşaması. Necə ki, İmam Əli (ə) buyurur: “Ədalət həyatdır” (العدل حیاة). “Yezidi iqtisadiyyat” isə kapitalizmin praktiki tətbiqi, fəsad, rüşvətxorluq, bahaçılıq, kontrolsuz qiymətlər, insanları müflisləşdirən xüsusiyyətçilik, oliqarxları müdafiəsiz camaatın canına düçar etmək, sənaye istehsalı və xidmətlərinin monopoliyasıdır. AŞURA qiyamının yaşadılmasının hədəfi isə “Hüseyni (ə) iqtisadiyyat”ın bərqərar edilməsi və yuxarıda qeyd edilən “yezidi iqtisadiyyat” növü ilə mübarizədir. Əllamə Məhəmmədrza Həkimi (telegram kanalından xülasə və  tərcümə) @mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

İcazə verin İmam Hüseyn (ə) bəşəriyyətlə danışsın!

İcazə verin İmam Hüseyn (ə) bəşəriyyətlə danışsın! AŞURA günü İmam HÜSEYN (ə) Yezid qoşunundakı aldanılmışlarla danışmaq istədikdə onları ora sürükləyənlər hay-küy salmağa başladılar ki, aldanılmış kütlə İmam Hüseynin (ə) sözünü eşitməsinlər. Bu gün də aldanmış toplumu idarə edənlər çalışırlar ki, bütün vasitələrdən istifadə edərək İmam Hüseyni (ə) danışmağa, səsini dünyanın şousuna aldanmış bəşəriyyətə çatmağa qoymasınlar. Əgər siz düz deyirsinizsə, əgər AŞURA həqiqətən bəşəriyyətin inkişafı üçün zərərlidirsə, əgər İslam dini tərəqqinin qarşısını alırsa, icazə verin İmam Hüseynin (ə) Aşuradakı səsi bəşəriyyətə çatsın. İcazə verin İmam Hüseyn (ə) danışsın! … Amma onun sükutu belə sizi qorxudur! @mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

Mədinədən Kərbəlaya hər “mənzil” (düşərgə) bir məktəb

Mədinədən Kərbəlaya hər “mənzil” (düşərgə) bir məktəb Sonuncu mənzildə ki, Qəsri Bəni-Məqatil adlanır, İmam Hüseyn (ə) Əmr ibn Qeys Məşriqi və onun əmisi oğlu ilə rastlaşır. Əmr ibn Qeys deyir: İmam Hüseynin (ə) qafiləsini gördükdə onlara yaxınlaşdıq. Gedib İmam (ə) salam etdik. Əmioğlum imam (ə) dedi: “Saqqalınızda gördüyüm bu siyahlıq hənadır, yoxsa, sizin saqqalınız tükünün öz rəngidir?”. İmam (ə) buyurdu: “Hənadır. Biz Bəni-Haşimin saçı-saqqalı tez ağarır”. Sonra İmam (ə) soruşdu: Siz mənim köməyimə gəlirsiz? Mən dedim: انا رجل كبیر السن ! كثیر العیال ! وفی یدی بضایع للناس Mən qoca kişiyəm, ailəm çoxdur, əlimdə insanların malları var və borcum da çoxdur. Bilmirəm sizin işinizin axırı necə olacaq. Xoşum gəlmir ki, camaatın mənim yanımdakı əmanəti zay olsun. İbn Qeys deyir: Əmioğlum da mənim kimi cavab verdi. İmam (ə) buyurdu: انـطـلـقـا فـلا تـسمعا لی واعیه ولا تریا لی سوادا, فانه من سمع واعیتنا اورای سوادنا فلم یجبنا واعیتنا, كان حقا علی اللّه ان یكبه علی منخریه فی نار جهنم “Belə isə buradan uzaqlaşın. Çünki hər kəs mənim kömək istəmək səsimi eşidə və ya məni meydanda tək görə və kömək etməyə, “ləbbeyk” deməyə, Allah-Taala onu üzü üstə cəhənnəmə atacaq”. (Həyatu İmamil-Hüseyn (ə), Qərşi, c.3, s.88). P.S: Baxmayaraq ki, İbn Qeysin əmisi oğlu həssas bir məqamda çox axmaq sula verir, amma İmam (ə) onu bu yersiz suala görə məlamət etmir və təmkinlə cavabını verir. Daha sonra isə imam (ə) onları hidayət etməyə, cəhənnəm odundan xilas etməyə və əbədi səadətə qovuşmağa çalışır. Amma onlar nəfsi istək və dünya sevgisinə yenilir və bəhanə gətirərək azğınlıq yolunu tuturlar. Buna baxmayaraq imam (ə) yenə də onları təkfir etmir, yamanlamır və çalışır ki, dünya şəhvətinə bulaşmış bu insanların axirət əzabını yüngülləşdirsin: “buradan uzaqlaşın ki, səsimə səs verməsəniz üzü üstə cəhənnəmə atılacaqsınız”. @mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

Bilirsiz, məzluma ağlamaq zalimə etirazdır…?

Bilirsiz, məzluma ağlamaq zalimə etirazdır…? İmam Hüseynə (ə) əza saxlamaq və ağlamaq yezid, müaviyə və onları iş üzərinə gətirən xəlifələrə, yəni Əhli-Beytə (ə) zülmün binasını qoyanlara etirazdır. Bu zülmə susan yüzlərlə səhabə və tabeinə etirazdır. Buna görə də vəhabi və sələfilər ağlamağı kökündən baltalamağa çalışırlar ki, ağlasalar işin ucu gedib lap yuxarılara çıxacaq. Axı ağlasalar, onlardan soruşacaqlar ki, kimə və niyə ağlayırsız? Onda gərək onlar Yezidə güclə beyət alan Müaviyəni, Müaviyəni Şama vali təyin edən Öməri də sorğulasınlar. Gərə desinlər ki, Əbu Süfyan və övladları boyunlarında qılınc görməyincə İslamı qəbul etmədilər və Peyğəmbər (s) də bu münafiqlərə hər hansısa bir vəzifənin verilməsini qadağan etmişdi, amma Ömər özündən daha güclü gördüyü müxalif münafiqləri susdurmaq üçün Peyğəmbərin (s) sözündən çıxaraq onlara vəzifə payladı. Nəticədə münafiqlər Ömər və Osmanın dövründə Şamda hakimiyyətlərini gücləndirdilər. İmam Əli (ə) münafiqləri vəzifədən kənarlaşdırmaq istəyərkən isə dişlərini müsəlmanların malına qıcamış Əbu Süfyan övladlarının qoşunları ilə üzləşdi… Bəli, bu münafiqin qoşunun yaradılmasına görə məsuliyyəti birbaşa ikinci xəlifə daşıyırdı. Əgər o, Əbu Süfyanın oğlu Yezidə Şam valiliyini verməsəydi, Yezidin qardaşı Müaviyə və daha sonra da məlum və məlun Yezidə zorla beyət alınmasaydı, Siffeyn döyüşü baş verməzdi, İmam Əli (ə) terror edilməz, İmam Həsən (ə) zəhərlə qətlə yetirilməz və Kərbəla faciəsi yaranmazdı və əməvi hakimiyyəti zamanı minlərlə müsəlman Əhli-Beyti (s) sevdikləri və zalimə etirazları üçün qətliam edilməzdilər. Bu ağlamağın ucu çox həssas yerlərə toxunduğu üçün münafiq Əbu Süfyanın və əməvilər sülaləsinin ideoloji tör-töküntüləri olan vəhabilər çox həyasızcasına İmam Hüseynin (ə) İslam uğurunda cihadını kiçiltmək istəyir, bunu xilafətə qarşı üsyan kimi göstərməyə çalışırlar. Çünki yezidə oxuduqları lənətin sonundan çox qorxular. Yezidə oxuduqları lənəti sanki öz əqidələrinə oxuyurlamış kimi diskinirlər… təbiidir. Hüseynə (ə) ağlamaq, Bədr və Ühüd döyüşündə şəhid olanların qanının qiymətini qorumaq üçündür. Hüseynə (ə) ağlamaq Peyğəmbərin (s) vəfatından sonra beş-on nəfərin mürtəd olması bəhanəsi ilə qəsbkar xəlifəyə etiraz edən müsəlmanların qətliamını (rəddə döyüşləri) unutmamaq üçündür. Hüseynə (ə) ağlamaq İslamın Quran əsasında inkişaf edəcəyi birinci yüz illiyin xristian və yəhudi nağılları ilə dolduranları unutmamaq üçündür. Hüseynə (ə) ağlamaq İmam Əlini (ə), Həzrət Zəhranı, İmam Həsəni və İmam Hüseyni (ə) və Əhli-Beyt (ə) imamlarını öldürən münafiqləri tanımaq üçüdür. Hüseynə (ə) ağlamaq bu günə qədər müsəlmanların məzlumcasına öldürülməsinin səbəbkarlarını, bu gün də həmin səbəbkarların yolunu davam edərək düşmən dəyirmanına su tökən Səudiyyə, Misr, BƏƏ və Bəhreyn kimi ərəb dövlətlərinin müsəlmanlara qarşı xəyanətlərini unutmamaq üçündür. Hüseynə (ə) ağlamaq xəyanətlər nəticəsində tanınmaz hala salınmış İslama ağlamaqdır. t.me/mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

Kərbəlada İmam Hüseyni (ə) şəhid edənlər Ömər bin Xəttab qurduğu KUFƏ şəhərində yaşayan şiələr deyil, arvad minən dəvənin dalına düşüb İmam Əliyə (ə) CƏMƏL döyüşündə qılınc çəkənlərin qalıqları idi

Kərbəlada İmam Hüseyni (ə) şəhid edənlər Ömər bin Xəttab qurduğu KUFƏ şəhərində yaşayan şiələr deyil, arvad minən dəvənin dalına düşüb İmam Əliyə (ə) CƏMƏL döyüşündə qılınc çəkənlərin qalıqları idi. P.S: Kufə şəhəri 15-19-cu hicri-qəməri illəri arasında Ömər bin Xəttabın göstərişi əsasında hərbi şəhərcik olaraq tikildi. Paytaxt Mədinə ilə müharibə meydanları arasında yerləşən bu şəhərə İslam xilafətinin hər yerindən insanlar toplaşmışdı. Onların arasında Əhli-Beytə (s) sədaqətləri ilə tanından yəmənlilər də çox idi. Amma bu, Kufənin mütləq şəkildə şiə şəhəri olması demək deyildi. İmam Əli (ə) Cəməl döyüşünə Kufədən hərəkət edəndə başında 1000 nəfər əslən Mədinə şəhərindən olan xüsusi döyüşçü var idi. İmam Əli (ə) şəhid edildikdən sonra şiələr Kufədə Süfyanilər (müaviyə) hakimiyyəti tərəfindən sıxışdırıldılar. Şiələrin çoxu Kufədən qaçıb xilafətin müxtəlif şəhərlərinə pərakəndə olmuş və gizli yaşayırdılar. İmam Hüseynə (ə) məktub yazanlar isə “osmani” və “süfyani” sülaləsinin vücuda gətirdiyi kafir yezidin hakimiyyətini qəbul etmək istəməyən ümumi müsəlmanlar (öməri və ələvi) idilər. Onların əksəriyyəti İMAMƏT və VİLAYƏT məsələsini Peyğəmbərin (s) dediyi kimi qəbul etməmişdilər. Sadəcə xilafət üçün axtardıqları yeganə ədalətli namizəd Əhli-Beytdən olan İmam Hüseyn (ə) idi. Amma iş çətinə düşən məqamda Əbu Bəkr, Ömər və Osmanın yetişdirdiyi bu müsəlmanlar İmam Əlini (ə) tək qoyduqları və İmam Həsənə (ə) xəyanət etdikləri kimi İmam Hüseyni (ə) də tək qoyaraq xəyanət yolunu tutdular. Sonra da Süfyani və Əməvi hakimlərinə nökərlik edən səhabə, tabei və mühəddislər Kufə əhlini xəyanətkar, vəfasız və yalançı adandırdılar ki, İmam Əlinin (ə) və Əhli-Beytin (ə) fəzilətlərini yayan ravilərə zərbə endirsinlər, Əhli-Beytin (ə) fəzilət hədisləri yayılmasın. t.me/mirmehemmed_beshir

İmam Hüseyn (ə) 20.01.2025

Aşura inqilabının əsas fəlsəfəsi: İMAMƏT və VİLAYƏT

Aşura inqilabının əsas fəlsəfəsi: İMAMƏT və VİLAYƏT Aşuradakı zülm Səqifədən və şayəd də daha öncədən başlamışdı. Buna görə Peyğəmbər (s) hər fürsətdə İmam Əlinin (ə) imaməti və vilayəti məsələsinə (vəsi, vəzir, xəlifə) toxunurdu və hər bir məsələdə onun bu işə (imamət, vilayət və ilahi xilafət) ən layiqli olduğunu önə çəkirdi. Aşuranın da əsas hədəfi Peyğəmbərin (s) arzusunu reallaşdırmaq, məcrasından çıxmış dini öz məcrasına qaytarmaq və müsəlmanların işlərini və xilafəti İlahi tərəfindən təyin edilmiş məsum rəhbərin ixtiyarına verilməsi idi. Buna görə də Peyğəmbərdən (s) sonra baş verən hadisələrdə və Kərbəla qiyamı günlərində məsumlar və Əhli-Beytin (ə) məşhur simaları tərfindən edilən çıxışları diqqətlə incələsəniz görəcəksiniz ki, bu çıxışların hamısı Həzrət Peyğəmbərin (s) Qədir-Xum xütbəsinin üzərində fokuslanıb və həmin xütbənin davamıdır. O cümlədən, Həzrət Zəhranın (ə) məlum hadisələrdəki çıxışları (Fədəkiyyə xütbəsi), İmam Əlinin (ə) hadisələr baş verən zamanda, 6 nəfərlik şurada və xilafət dövründəki bir çox xütbələri, İmam Həsənin (ə) sülh macərası, İmam Hüseynin (ə) beyət etməməsi, İmam Hüseynin (ə) Mina xütbəsi, Ərəfə duası, Mədinədən Kərəblaya qədərki söhbətləri, Həzrət Zeynəbin (s) Kufə və Şamda xütbəsi və İmam Zeynül-Abidinin (ə) Şam xütbəsi və digər bu kimi çıxışların hamısı bir nöqtəyə vurur: İMAMƏT və VİLAYƏT. Çünki imamət və vilayətdən uzaq düşmüş insanlar həqiqətdə nübüvvət və risalətdən və nəticədə Allahdan uzaq düşüblər. Buna görə də düşünürəm ki, Məhərrəm və Səfər aylarının mənbərlərinin əsas mövzusu İMAMƏT olmalıdır. İnsanlara İMAMƏT və VİLAYƏT məsələsi dəqiq izah edilməli və bu məsələnin zəruriliyindən danışılmalıdır. AŞURA mənbərləri ariflərinin yuxusunu danışmaq və həmişə danışlan əxlaqi mənbərlər üçün deyil, bu mənbərlərdə məhz İMAMƏT və vilayətdən danışmalıdır. AŞURA hərəkatı üçün müxtəlif fələsəfələr (əmr be məruf və sair kimi) deyiblər, danışıblar və bu mövzuda çıxışlar davam edir, bunlar öz yerində. Amma Kərbəla inqilabının əsas hədəfi Peyğəmbərin (s) vəfatından sonrakı 50 ildə dinin əsas məcrasından azdırılmış insanların İMAMƏT və VİLAYƏT məktəbinə geri qaytarılması idi və bu gün də bundan danışmalı və bu məsələ Həzrət İmam Mehdinin (ə) zühuru məsələsinə calaq edilməlidir. Çünki düşmən də bu gün əsasən bunu (Əhli-Beytin vilayət və imaməti) bizdən almağa və cavanlarımızı min hiylə ilə bu məktəbdən uzaqlaşdırmağa və ya bu məsələdə onları təhrifə çəkməyə çalışır. Mirməhəmməd Bəşir t.me/mirmehemmed_beshir

İmam Hüseyn (ə) 20.01.2025

İmam Hüseynin (ə) İmam Səccada (ə) son vəsiyyəti

Möminə əziyyət vermək – dinimizin nəzərinə görə, böyük günahdır. Möminin qəlbini sındırmaq olmaz. Çünki Allah mömini o qədər sevir ki, onun haqqını Kəbənin haqqından daha üstün tutur. O zaman ki, qəlb sınar, onun bərpa olması asan olmaz.   Ona görə də hər bir insan dilinə nəzarət etməli və heç kəsin qəlbini sındırmamalıdır. Çünki həmin qəlbi düzəltmək çətin bir işdir. Hər kim möminin qəlbini sındırar – tövbə etməsi kifayət etməz. Gərək həmin insandan halallıq alsın.   Hədislərin birində oxuyuruq ki, Allah Təala buyurur: “Qəlbi sınmış insan Allah dərgahında xüsusi məqama malikdir və Allahın diqqətində qərar tutur. Ürəyi sınan insanın nifrin və dua etməsi tez həyata keçər”.   İnsan qəlibini sındıra bilən rəzil sifətlərdən biri də kinayəli sözlər və insanları dili ilə sancmaqdır. Həm dinimiz, həm də ürf bu əməli bəyənmir, əksinə onu məzəmmət edir.   Əgər insan yersiz yerə elə söz deyər ki, başqasının qəlbinin sınmasına səbəb olar – o, kəbirə günah edər və bu əməlin cəzası ağır olar. Həmçinin bu əməli ilə həmin şəxsə zülm etmiş olar. Dinimiz buyurur ki, heç kəsə zülm etməyin. Əgər kimsə zülm yolu ilə başqalarının haqqını tapdalayarsa, məzlumun ahından amanda qalmaz.     İmam Səccad (ə) buyurur: “Atam ömrünün son anlarından damarlarından qan axa-axa məni qucaqladı və buyurdu: “Sənə atamın ölən zaman mənə buyurduqlarını vəsiyyət edirəm. Əziz oğlum! Allahdan başqa yavəri olmayana zülm etməkdən çəkin!””.  (Hədənə/Deyerler.org/)   Bu hədis bizlərə xəbərdarlıq edir ki, insanlara zülm etmək böyük günahdır. Ona görə də hər bir insan dilinə nəzarət etməlidir.

İmam Hüseyn (ə) 20.01.2025

İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla

mam Hüseyn (ə) Əhli-Beytin (ə) beşinci üzvü və müsəlmanların üçüncü İmamıdır ki, Peyğəmbərə (s) sima və sünnət baxımından ən çox bənzəyən insan olmuşdur. Gecələri Həzrətin (ə) ətrafında xüsusi nur peyda olardı ki, insanlar onu gecə vaxtı bu nurla tanıyardılar. Həzrətin (ə) həyatı boyu etdiyi çox sayda kəramətlər vardır ki, onlardan bəzisinə işarə edək.   Raşid ibni Yəzid nəql edir: “Məkkədən Kufənin yaxınlığına qədər İmam Hüseynlə (ə) birlikdə idim. (Yolda gedən zaman) gördüm ki, sancan vəhşi heyvan ona üzünü çevirdi və onunla söhbət etdi. Həzrət (ə) ona tərəf üzünü çevirib dayandı və o heyvanla uzun söhbət etdi”.   Kəsir ibni Şazan nəql edir: “İmam Hüseynin (ə) xidmətində idim ki, oğlu Əli Əkbər ondan üzüm istədi. Həzrət (ə) əlini məscidin divarına vurdu, (oradan) üzüm və mouz (banan) çıxartdı və ona yedizdirdi”. (Tebyan/Deyerler.org/)   İmam Sadiq (ə) hədislərin birində nəql edir: “İmam Hüseyn (ə) səfər edən zaman qurumuş xurma ağacının altında dayanır. Dua edir və ağac yaşıllaşır. Yarpağı və xurması meydana gəlir. Ağacın üstünə çıxıb, kifayət qədər ondan yedilər”.   Ərəblərdən biri İmam Hüseynə (ə) deyir: “Ya ibni Rəsulallah! Dəvəmi itirmişəm və ondan başqa dəvəm yoxdur. Atan itən dəvələri tapırdı”. İmam (ə) buyurur: “Filan məkana get, dəvəni görəcəksən. Dayanmışdır və qarşısında da qara canavar vardır”. Ərəb həmin tərəfə gedir və qayıdır. İmama (ə) deyir: “Dəvəmi həmin yerdə tapdım”.   Həbabə nəql edir: “Mən İmam Hüseyni (ə) görməyə getmişdim və gözümün ətrafında yara çıxmışdı. Bu hal məni narahat edirdi. Ona görə də bir neçə gün Həzrəti (ə) görməyə gəlməmişdim. Həzrət (ə) mənə buyurdu: “Ey Həbabə! Niyə mənim yanıma gəlmirsən?”. Səbəbini dedim və Həzrət (ə) mübarək ağız suyundan götürüb, yaranın üstünə sürtdü və buyurdu: “Ey Həbabə! Allaha şükür et ki, o səbəbi səndən uzaqlaşdırdı”. Səcdəyə düşdüm. Və mənə buyurdu: “Ey Həbabə! Başını qaldır və aynaya bax”. Başımı qaldırdım və (yaradan) heç bir əsər görmədim. Allaha şükür etdim”.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...