Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 06.01.2025

QƏDİR-XUM HADİSƏSİ TARİXDƏ

Tarix boyunca Qədir-Xüm əhvalatı səhih və mötəbər rəvayətlər sırasında durmuşdur. Tarixçilər, hədis alimləri, təfsir ustaları, filosoflar və şairlər öz əsərlərində Qədir-Xüm əhvalatını təsvir etməyi fəxr bilmişlər. Qədir-Xümm hadisəsinin təsvir edilmədiyi mötəbər tarix, hədis və təfsir kitabı tapmaq çətindir. Əldə olan məlumatlara görə, bu hadisə barəsində indiyə kimi 26 müstəqil kitab qələmə alınmışdır. Təbəri, Hakim Həskani, İbn Üqdə, Əbu Səd Sicistani, Mir Hamid Hüseyn Hindi kimi dünya şöhrətli alimlər Qədir-Xümm hədisinə bütöv kitab həsr etmişlər. O cümlədən, Əbu Səd Sicistani 17 hissədən ibarət olan «Kitabüd-dirayə fil-hədisil-vəlayə» əsərində Qədir hədisini 120 nəfər səhabənin dilindən 1300 sənədlə rəvayət etmişdir. XX əsrin ən məşhur cəfəri alimlərindən sayılan təbrizli Əllamə Əbdülhüseyn Əmini İslam tarixinin bu iftixarlı hadisəsini 11 cildlik «əl-Ğədir» kitabında araşdırmışdır. Həmin kitabda Qədir-Xümm hədisi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. Kitabda Qədir-Xümm mövzusuna həsr edilmiş ən gözəl şeir nümunələri də toplanıb. Əşəreyi-mübəşşərəyə (əhli-sünnə əqidəsinə görə, Peyğəmbərin cənnətlə müjdələdiyi 10 nəfərə) aid olan 10 məşhur səhabə, Abbas ibn Əbdülmüttəlib, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əmmar ibn Yasir, Əbuzərr, Salmani-farsi, Əsəd ibn Zürarə, Xüzeymə ibn Sabit Züş-şəhadəteyn, Əbu Əyyub Ənsari, Abdullah ibn Ömər, Bəra ibn Azib, Zeyd ibn Sabit, Əbu Səid Xüdri, Miqdad, Əbu Hüreyrə, Cabir ibn Abdullah, Zeyd ibn Ərqəm, Ənəs ibn Malik, Üsamə ibn Zeyd, Həzrət Fatimə, ümmül-möminin Aişə, Ümmi-Sələmə, Əsma bint Ümeys və başqaları Qədir-Xümm hədisinin raviləri sırasındadırlar. Göründüyü kimi, hədis mütəvatir dərəcəsindədir. Miladi XVII əsrdə yaşamış yəmənli alim Ziyaüddin Müqbili yazırdı: «Əgər Qədir hədisini səhih hesab etməsək, gərək İslamda heç nəyi səhih saymayaq» («əl-Ğədir», I, 307). Əhli-sünnənin mötəbər hədis məcmuələrindən sayılan «Sünənüt-Tirmizi» («Kitabül-mənaqib», 19-cu bab, 3713-cü hədis) və «Sünənü İbn Macə» («Kitabüs-sünnə», 11-ci bab, 116-cı və 121-ci hədis) kitablarında Qədir-Xümm hədisi qeyd edilmişdir. İmam Əhməd ibn Hənbəl «Müsnəd» kitabında Qədir hədisini müxtəlif səhabələrin (Əli ibn Əbu Talib, Büreydə Əsləmi, Zeyd ibn Ərqəm, Bəra ibn Azib və b.) dilindən on dəfələrlə təkrar etmişdir. İmam Nəsai «Xəsaisü Əmirəl-möminin Əli ibn Əbi Talib» əsərində Qədir-Xümm hədisinə 14 dəfə müraciət etmişdir (9, 12, 24, 77, 79, 80, 87, 93-96, 98, 99 və 157 saylı hədislər ). Dini sənədlərdə Qədir-Xümm günü «Ali-Mühəmmədin bayramı» adlandırılır. Bir nəfər İmam Cəfər Sadiqdən (ə) soruşdu: «Müsəlmanlar üçün cümə, Fitr və Qurban günlərindən savayı bayram varmı?». İmam cavab verdi: «Bəli..». Həmin adam soruşdu: «Bəs, o hansı bayramdır?». İmam buyurdu: «O həmin gündür ki, Allahın Rəsulu Əmirül-möminin Əlini (ə) öz yerinə canişin təyin edib söylədi: «Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». Bu bayramın vaxtı zilhiccə ayının 18-ci günüdür». Sual verən adam yenə soruşdu: «Həmin gün hansı əməlləri yerinə yetirmək lazımdır?». İmam Sadiq (ə) buyurdu: «O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin». Əbu Reyhan Biruni, Məsudi, Təbəri, İbn Xəllikan kimi məşhur tarixçilərin əsərlərindən məlum olur ki, onların dövründə Qədir-Xümm günü ən böyük şiə bayramlarından sayılırmış. İran və İraq ərazisində Büveyhilərin (932-1062) və Səfəvilərin (1501-1732), Misirdə isə Fatimilərin (909-1171) hakimiyyəti dövründə Qədir günü rəsmi dövlət səviyyəsində qeyd edilirdi. Həmin gün xəzinənin hesabına subaylar üçün toy mərasimi keçirir, kölələri azad edir, qurban kəsib ətini aclara paylayırdılar (Əllamə Mühəməd Hüseyn Müzəffər – «Şiəliyin tarixi», səh. 294-297). Azərbaycanda da Qədir-Xümm bayramı şiələr tərəfindən qeyd edilir. Qədir gününü xalq arasında «seyyidlər bayramı» da adlandırırlar. Natiq Rəhimov

İmam Əli (ə) 06.01.2025

QƏDİR-XUMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)

Qədir Xümm hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xümm (əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Məkkə ilə Mədinənin fasiləsi 500 km.-ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən 6 mil (təqribən 10 km.) məsafədə Cühfə kəndi yerləşirdi. Cühfənin adı əvvəllər «Məhyəə» idi, sel buranı dağıtdıqdan sonra «Cühfə» adlanmağa başladı (ərəb dilində «cühfə» – «dağıdılmış» deməkdir). Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl Qədir-Xümm hadisəsi baş vermişdir. Karvan Cühfəyə çatanda Allah-təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy etdi: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67). Cühfədən 2 mil (təqribən 3 km.) məsafədə Qədir-Xümm vahəsi yerləşirdi. Ərəblər səhranın çökəklik yerlərinə «ğədir» deyirlər. Yağış mövsümündə bu çökəkliklərə su yığılır, sonra istinin təsiri ilə su tədricən buxarlanıb çəkilir. Nəhayət, yayın qızmar günlərində bu çökəklik də səhranın bir hissəsinə çevrilir. «Xümm» sözünün mənşəyi barədə bir neçə fərqli məlumat vardır. Bu sözü həm şəxs adı kimi, həm də «qamışlıq», «bulaq çıxan yer», «gölməçənin yanında qazılmış quyu» kimi mənalandırmışlar. Həqiqətən, Qədir-Xümmdə bir quyu var idi. Onu Peyğəmbərin yeddinci nəsildən ulu babası Mürrə ibn Kəb qazımışdı. Yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər karvana köç salmaq əmrini verdi. Karvanın dayandığı yerdə 5 ədəd «səmürə» adlı iri səhra kolu bitmişdi. Peyğəmbər tapşırdı ki, kolların altını süpürsünlər. Kollardan birinin üstünü parça ilə örtüb kölgəlik yaratdılar, orada dəvə kəcavələrindən minbər qurdular. Həzrət Mühəmməd Peyğəmbər camaatla zöhr namazını qıldı, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söylədi. Peyğəmbər xütbənin əvvəlində Allaha həmdü-səna etdikdən və tezliklə bu dünyanı tərk edəcəyini bildirdikdən sonra məşhur «səqəleyn» hədisini bir daha söylədi. O həzrət müsəlmanlara xatırlatdı ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və öz itrətini (nəslini) ümmətə tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər. Sonra Peyğəmbər yanında durmuş Əli ibn Əbu Talibin əlini tutub yuxarı qaldırdı və soruşdu: «Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?». Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!». Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən). Sonra Peyğəmbər Əli ibn Əbu Talib üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Hətta Peyğəmbərin xanımları da münasib bir şəkildə Əli ibn Əbu Talibə təbriklərini çatdırdılar. Bu mərasim gecənin üçdən-bir hissəsi keçənə kimi davam etdi. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi təbrik etmiş ilk şəxs Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar. Ömər bu sözləri demişdi: «Xoş sənin halına, ey Əbu Talibin oğlu! Mənim, habelə, bütün mömin kişi və qadınların mövlası oldun!». «Peyğəmbərin şairi» ləqəbi ilə tanınan Həssan ibn Sabit bu hadisəni elə oradaca nəzmə çəkdi və Peyğəmbərin icazəsi ilə 10 beytlik «Qədir-Xümm» qəsidəsini söylədi. Natiq Rəhimov

İmam Əli (ə) 06.01.2025

Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları

«Uzun-uzadı arzu ölümü yaxınlaşdırar və insanı öz məqsədindən uzaq salar» Əziz oxucuların nəzərinə çatdırılan buyuruqlar «Nəhcül-bəlağə», «Qurərul-hikəm» və digər mənbələrdən götürülmüşdür. 1. «Tövhid (əqidəsi) Allahı təsəvvürə gətirməmək (O təsəvvürə sığmaz), ədalət Onu ittiham etməməkdir (Onu ləyaqətsiz işlərdən pak bilmək)». 2. «Əlbəttə, hər bir nemətdə Allahın haqqı var (hər nemətə görə ona şükür etmək lazımdır). Hər kəs onu (şükrü) yerinə yetirsə, Allah ona olan nemətini artırar. Bu məsələdə diqqətsizlik göstərənin neməti zavala uğradılar». 3. «Düşmənə qalib gəldiyin vaxt qələbənə şükr olaraq onu bağışla». 4. «Çarəsizin dadına çatmaq, qəmginin qəmini aradan qaldırmaq böyük günahların kəffarələrindən sayılır». 5. «Ey Adəm övladı, Allah sənə ardbaard nemətlər verdiyi vaxt Ona qarşı itaətsizlik göstərirsənsə, onun əzabından qorx». 6. «Ən üstün zahidlik onu xalqdan gizləməkdir». 7. «Aqilin dili qəlbinin arxında, axmağın qəlbi dilinin arxasındadır». 8. «Allah üçün səni pərişan edən günah səni lovğalandıran yaxşı işdən üstündür». 9. «Qələbəyə ehtiyat və uzaqgörənliklə çatmaq olar. Ehtiyat düşüncə qüvvəsini işə salmaqla, düşüncə möhkəm sirr saxlamaqla əldə olunur». 10. «Cəzalandırmağa gücü çatan kəsin bağışlaması daha yaxşıdır». 11. «Ağıl kimi var, cəhalət kimi yoxsulluq, ədəb kimi miras, məşvərət kimi arxa yoxdur». 12. «Dünya adamları, yatmış halda aparılan karvan əhlinə bənzəyirlər». «13. Ağıl artarsa, danışıq qısalar». 14. «İnsan hər nəfəs çəkməklə ölümə doğru bir addım atır». 15. «İki iş arasında necə də böyük fərq var: biri ləzzəti gedib əziyyəti qalan əməl, o biri əziyyəti gedib mükafatı qalan əməl». 16. «Üç məqamda dostunu himayə etməyən kəs dost deyil: Dostu çətinliyə düşdüyü zaman, dostu yanında olmayan zaman, dostunun ölümündən sonra». 17. «Sədəqə verməklə ruzini (ərşdən) aşağı endirin. Verdiyinin əvəzini alacağına əmin olan kəs bağışlamaqda səxavət göstərir». 18. «İnsana ona üz vermiş müsibət qədər səbr verilir. Çətinliyə düşəndə dizinə döyən insan savabı əldən verir». 19. «Kişi dilinin altında gizlənmişdir». 20. «Günahın tərki tövbədən daha asandır». 21. «Dünyanın acılığı axirətin şirinliyi, dünyanın şirinliyi axirətin acılığıdır». 22. «Öyüd-nəsihət necə də çox, ibrət götürən isə necə də azdır». 23. «Miskin və ehtiyaclı şəxs Allahın elçisidir. Onu rədd edən Allahı rədd etmişdir. Ona bir şey bağışlayan Allaha bağışlamışdır». 24. «Xalqın əlində olana etinasızlıq ən böyük var dövlətdir». 25. «Ən böyük günah odur ki, insan onu kiçik saysın». 26. «Batinini islah edən şəxsin zahirini Allah islah edər. Axirət üçün iş görənin dünyasını Allah təmin edər». 27. «Ləzzətlərin ötüb keçəcəyini, onların cəzasının isə qalacağını yadda saxlayın». 28. «Kiçik müsibəti böyük sayan şəxsi Allah böyük müsibətə düçar edər». 29. «Nadan yalnız ifrata və təfritə varanda gözə çarpar». 30. «Ən böyük dərd dünyaya heyranlıqdır». 31. «Uzun-uzadı arzu ölümü yaxınlaşdırar və insanı öz məqsədindən uzaq salar». 32. «Allahın əzabından qorxmaq pərhizkarların sifətidir». 33. «Mömin günahlarından qorxur, bəlalardan ehtiyat edir, Allahın mərhəmətinə ümidvar olur». 34. «Zahidlik arzuları məhdudlaşdırmaq, əməlləri xalis etməkdir». 35. «Elm və bilik var-dövlətdən üstündür. Elm səni saxlayır, var-dövləti isə sən saxlayırsan». 36. «Səbr iki növdür: biri bəlalar, o biri isə günahlar qarşısında səbr». 37. «Allah qorxusundan ağlamaq qəlbi münəvvər edir və günaha qayıdış yolunu bağlayır». 38. «Rahatlıq üç şeydədir: Uyğun qadın, yaxşı rəftarlı övlad və müvafiq dost». 39. «Dünyada Allahdan qorxan şəxs axirətdə Allah qorxusundan azad olar». 40. «Sənə pislik edənə yaxşılıq et, sənə zülm edəndən keç». 41. «Əmanəti onu sənə tapşırana qaytar. Sənə xəyanət edənə isə xəyanət etmə». 42. «Gələcəkdəkilər sizdən ibrət götürməmiş siz keçmişdəkilərdən ibrət götürün». 43. «Bədənləriniz dünyanı tərk etməmiş qəlbləriniz dünyanı tərk etsin. Siz dünyada imtahana çəkilirsiniz və dünya üçün yaradılmamısınız». 44. «Axirəti puça çıxarıb, dünyanı abad edən bütün işlərdən çəkin». 45. «Fasiqlər və günahkarlardan, Allaha itaətsizlik yolunda çalışanlardan həzər qıl». 46. «Dünyadan qorx. O, şeytanın tələsi və imanın qənimidir». 47. «Söz gəzdirməkdən çəkin. O, qəlblərdə kin toxumu səpər. İnsanı Allahdan və xalqdan uzaqlaşdırar». 48. «Sizin üçün ən çox qorxduğum şey nəfs istəklərinə itaətiniz və arzularınızın uzunluğudur». 49. «Adamların ən güclüsü nəfsinə qalib gələn kəsdir». 50. «Ölümü az xatırlayan insanın arzuları başqalarından çox olar». 51. «İnsanların ən axmağı özünü ağıllı sayan kəsdir». 52. «İnsanların ən düşüncəlisi öz eybini görüb, başqalarında eyb axtarmayan kəsdir». 53. «Allah-təala dünyanı həm sevdiyi, həm də sevmədiyi kəsə əta edər. Dini isə yalnız sevdiklərinə verər». 54. «Möminin üç zinəti var: «Allahdan qorxu, doğru danışıq və əmanəti sahibinə qaytarmaq». 55. «Yalan danışmaqdan çəkinin. O, imanı puça çıxarır». 56. «Qələbənin şirinliyi səbrin acılığını aradan qaldırar». 57. «Dini tərk etməklə dünya dalınca qaçmayın. Dünyanı tərk etməklə axirət qazanın». 58. «Sizinlə hesab çəkilməmiş özünüz özünüzlə hesab çəkin». 59. «Allah zikri hər bir pəhrizkarın sevinci, hər bir yəqin sahibinin ləzzətidir». 60. «Nəfsi azğın istəklərdən qorumaq böyük cihaddır». 61. «Alimin büdrəməsi gəminin qırılması kimidir. O, özü qərq olanda başqaları da qərq olur». 62. «Mömini Allaha itaət sevindirir, günah isə pərişan edir». 63. «İmanını şəkk-şübhədən qoru. Çünki duz balı çürütdüyü tək, şəkk-şübhə də imanı puça çıxarır». 64. «Səni ucaldan sükut səni alçaldan danışıqdan üstündür». 65. «Allaha xatir əməlini, elmini, sevgisini, nifrətini, alışını, verişini, danışığını, sükutunu paka çıxaranın xoş halına». 66. «Namazda qunut və səcdələri uzatmaq insanı cəhənnəm əzabından xilas edər». 67. «Əbədi axirəti qoyub dünya həyatında razılıq axtaran insan özünə zülm etmişdir». 68. «Gözünün qarşısında insanlar öldüyü halda ölümü yaddan çıxaran kəsə təəccüb edirəm!» http://nur-az.com

İmam Əli (ə) 06.01.2025

Kamil insan – İmam Əli (ə)

İmam Əlinin (ə) sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür Bizim Əlini (ə) özümüzə örnək və imam seçməyimiz bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil bir insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir. Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bəzən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şölələnir ki, sanki bu dünyada deyil. O, bəzilərini belə vəsf edir: «Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır». İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib. Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur. Gülərüzlülük Əlinin mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş və o qədər incə zarafatlı olub ki, Əmr As İmam Əli (ə) əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun. Əli (ə) bu barədə «Nəhcül-bəlağə»də belə deyir: «Nabiqənin oğluna təəccüb edirəm ki, mənim camaatla çox səmimi olmağıma, gülərüz və zarafatcıllığıma irad tutur.» Müharibə və döyüş meydanında düşmənlə mücahid kimi üzləşdikdə də gülərüz olub. Əlinin bu xüsusiyyəti barəsində belə deyiblər: «O, ibadət mehrabında çox ağlayan, döyüş meydanında isə çox gülən və şaddır.» «Bəkka» çox ağlayan, «Zəhhak» isə çox gülən mənasındadır. Əli (ə) necə mövcud olub? O, Quranın istədiyi insan olub. Quran, belə bir insan istəyir. «Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir. Çünki gündüz [ya Peyğəmbər!] sənin uzun-uzadı davam edən [dünyəvi] işlərin vardır…»  Mənbə: (Muzzəmmil 6-7.) Gecəni ibadət, gündüzü isə şəxsi məişət işləri və ictimai məsələlərlə məşğul olmaq üçün nəzərdə tut. Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub. Bizim kamil insan barəsində işlətdiyimiz ziddiyyətlər toplumu ifadəsi Əlinin (ə) min il bundan qabaq tanındığı sifətlərdəndir. Hətta Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində belə deyir: «Həmişə, dostlarımla söhbət zamanı irəli sürərək onları təəccübləndirdiyim mövzulardan biri Əlinin (ə) sözlərinin çoxcəhətli olmasıdır. Əlinin (ə) sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür. O, bəzən abidlər, bəzən zahidlər, bəzən filosoflar, bəzən ariflər, bəzən əsgər və zabitlər, bəzən adil hökmdarlar, bəzən qazilər, bəzən də fitva verən alimlər dünyasındadır. Əli (ə) bütün dünyalarda var və heç bir dünyada qaib deyildir. Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları tökməyin də, qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul və həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən. Bəzi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?! Deməli, kamil insan bütün insani dəyərlərdə qəhrəman olan şəxsdir. Kamil insan insanlığın bütün meydanlarında qəhrəmandır! Biz, nə dərsi öyrənməliyik? Biz, bir dəyərdən yapışaraq digər dəyərləri unutmaq xəstəliyinə tutulmamaq dərsini öyrənməliyik. Biz bütün dəyərlərdə qəhrəman ola bilmərik. Amma imkan daxilində mümkün olan qədər bütün dəyərləri bərabər şəkildə əldə etməyə çalışmalıyıq. Tam kamil insan olmasaq da, orta və mütənasib insan olmalıyıq. Belə olan surətdə, biz bütün meydanlarda həqiqi müsəlman kimi görünə bilərik. Deməli, kamil insanın mənası və onun ən bariz nümunəsi budur və biz də belə olmalıyıq. Mənbə: http://www.nur-az.com/az/articles/view/1357

İmam Əli (ə) 06.01.2025

Əli (əleyhissəlam) Peyğəmbər qucağında

Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun tə’lim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: «Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni–Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cə’fəri, Peyğəmbər (səlləllahu əleyhi və alih) isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam) Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.[1]» Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki, Allah –taala da onu mənim üçün seçmişdir.[2]» Peyğəmbər (səlləllahu əleyhi və alih) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki, böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih) gözü tutmuşdu. Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.»[3] Əli (əleyhissəlam) hira[4] mağarasında Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olardı. Əgər bir nəfər ac onun yanına getsəydi, ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kə’bəni yeddi, ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.[5] Tarixi faktlardan mə’lum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı. Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Məhəmmədin (səlləllahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (əleyhissəlam) da onun yanında idi. O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi. Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi… Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: “Bu nə qışqırıqdır?” Cavab verdi ki, bu, Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki, o, camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən, mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki, sən Peyğəmbər deyilsən. Sən mənim vəzirim, canişinimsən və xeyir-bərəkətlisən.» Bu ifadənin Peyğəmbərin (səlləllahu əleyhi və alih) Peyğəmbər olduqdan sonra Hira mağarasındakı ibadətlərinə aid olmasının mümkünlüyünə baxmayaraq, ötən sübutlardan və peyğəmbərin Hira mağarasında ibadətə məşğul olmasının adətən peyğəmbərlikdən qabaq olmasından başa düşmək olar ki, bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aiddir. Hansı halda olursa-olsun bu ifadə bunu göstərir ki, Əli (əleyhissəlam) ruhunun paklığı və uşaqlıq dövründən Peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb. İbn Əbil Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Səhih1 kitablarında rəvayət olunmuşdur ki, Cəbrail birinci dəfə peyğəmbərə nazil olub onun Peyğəmbər seçildiyini bildirdikdə Əli (əleyhissəlam) da peyğəmbərin yanında idi.2» [1] İbn Əsir: Əl-Kamilu fit-tarix .c.2, s-58; İbn Hişam: Əs-sirətün-nəbəviyyə, Təhqiqi-Mustəfas-Siqa; Təbəri: Tarixül-üməm vəl-mülük; Darul-qamusul-hədis, c.2, səh.213; İbn Əbil-Hədid: Şərhi Nəhcül-bəlağə, c.13, səh.119. [2] Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, səh.15. [3] Nəhcül-bəlağə, 192-ci xütbə (Sübhi Salehin redaktəsiolan nüsxə). [4] Hira mağarası Peyğəmbərin(səlləllahu əleyhi və alih) orada peyğəmbərliyə seçildiyi yerdir. Bə’ziləri onu Həra kimi tələffüz edir. Lakin doğru tələffüzüHiradır. (Mütərcimdən) [5] İbn Hişam: Sireyi Nəbəviyyə, c.1, səh.252. [6] Səhih kitablar sünni məzhəbinin mö’təbər bildiyi altı kitabdır. O kitablar bunlardır: 1) Səhihi-Müslim. 2) Səhihi-Buxari. 3)Sünəni-Termizi. 4) Sünəni-İbn Macə. 5) Sünəni-Nəsai. 6)Sünəni-İbn Davud. (Mütərcimdən) 2 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), səh.208.

İmam Əli (ə) 06.01.2025

Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi

Ömər ibn Хəttab ömrünün aхırlarında хəlifə sеçilməsi üçün altı nəfərdən ibarət bir Şuranın yaradılmasını vəsiyyət еtdi. Yəni həmin altı nəfər əyləşib öz aralarından bir nəfəri хəlifə sеçməliydi. Onun bu barədə uzun söhbətləri olmuşdur. Qısası, tapşırıq vеrmişdi ki, əgər bu altı nəfər şura üzvləri xəlifəni sеçməsələr, hamısını öldürsünlər. Əgər bir qismi qəbul еdib, digər bir qismi qəbul еtməsə, onların barəsində də müəyyən ölçü götürsünlər. Həmin altı nəfər bunlardır: Həzrət Əli(ə), Təlhə, Zübеyr, Osman, Əbdürrəhman ibn Ovf və Səd ibn Əbi Vəqqas. Ömər dünyadan köçəndən sonra onu dəfn еtdilər. Dəfndən sonra həmin altı nəfər Şuranı təşkil еtdilər. Şurada Həzrət Əlinin(ə) iyirmi səkkiz mətləbdən ibarət bir çıхışı oldu və onlardan bir nеçəsini nəzərinizə çatdırıram. Həzrət Əli(ə) üzünü həmin Şurada əyləşənlərə tutub buyurdu: لَأحتِجَنَّ عَليكم اِِ لا يَستَطِي عَرَبِيكُم وَ لا عَجَمِيكُم تَو يِْْيرَ ذَلِك 15 ثَُُّقَالَ:فَاُنْشِدُكُم الله اَتَوعْلَمُونَ اَنَّ رَسُولَ الله قَالَ:اَلَْْقُّ مَ عَلِىٍّ وَ عَلِىٌّ مَ الَْْقّ يَدورُ الَْقّ مَ عَلِىّ كَ يْفَ مَا دَار؟ -Sizinlə höccəti tamamlayacağam və еlə sözlər deyəcəyəm ki, siz ərəblər və əcəmlər (qеyri-ərəblər) həmin sözləri inkar еdə bilməyəcəksiniz. (Allahı şahid tuturam). Ürəyinizə başqa bir şеy gətirməyin və suallarıma cavab vеrin. Mən sizdən bilmədikləriniz haqda soruşmayacağam. Sizi and vеrirəm Allaha, məgər Pеyğəmbərin(s) “Haqq Əli ilədir və Əli də haqq ilə. Əli haradadırsa, haqq da həmişə onun dövrəsindədir,” – kəlamını еşitməmisiniz? قَالُوا:اَللّهُّم نوعََم Şurada əyləşənlər dеdilər: Bəli, Allah şahiddir ki, еşitmişik. قَالَ:فَاُنْشِدُكُمُ الله اَتَوعْلَمُونَ اَنَّ رَسُولَ الله قَالَ:اِنِِّّ تَارِكٌ فِيكُم الثَوقَلَينكِتَابَ الله وَ عِتْورَتِى اَهلَ بويَْتِِ لَنْ تَضِلُّوا مَا اِن تَََسَّكْتُم بِِِما وَ لَنْيوفَْتََِقا حَتَِّ يَردا عَلَىّ الَْوض؟ -Sizi and vеrirəm Allaha, (Allahı şahid tutub sizdən soruşuram) məgər Pеyğəmbərin “Mən sizin aranızda iki əmanət qoyub gеdirəm: Allahın kitabını və itrətimi, əhli-bеytimi. Əgər bunların hər ikisindən möhkəm yapışsanız, hеç vaхt zəlalətə düşməzsiniz. Kövsər hovuzunun kənarında mənə qovuşana qədər onlar bir-birindən ayrılmayacaqlar,” – sözlərini еşitməmisiniz? قَالُوا:اَللّهُّم نوعََم 16 Şurada əyləşənlər dеdilər: Bəli, Allah şahiddir ki, еşitmişik. قال:فَاُنْشِدُكُمُ الله هَل فِيكُم أَحَدٌ أَنْوزَلَ الله فِيهِ آيَةَ التَّطْهِير حِيْثُ قَال: “إِنَََّّا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَويْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا“غَيْرِى؟ -Sizi and vеrirəm Allaha (Allahı şahid tutub sizdən soruşuram) sizin aranızda məndən başqa biri varmı ki, onun barəsində “Təthir” ayəsi – “Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər” nazil olmuş olsun? قَالُوا:اَللهُّم لا Şurada əyləşənlər dеdilər: Хеyr. (Bu ayə səndən başqa aramızda olan heç bir kəs barəsində nazil olmayıb.)

İmam Əli (ə) 06.01.2025

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır. Atası Əbutalib , anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar: 1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər; 2)–Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək; 3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək; 4)–Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər; 5)–Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər). 1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər Yuxarıda qeyd etdik ki, əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.

İmam Əli (ə) 06.01.2025

Mübahilə günü nələr baş verdi?

Qədir-Xum gününü arxada qoyduq. Dinin kamilləşməsinin, nemətlərin tamam olmasının simvolu olan bu tarix barədə kifayət qədər danışdıq. İndi isə zilhiccə ayında olan digər əlamətdar tarixə nəzər salaq. Bu günün adı “Mübahilə günü”dür. Bu gün, öz əhəmiyyətinə görə İslam tarixində özünəməxsus yerlərdən birini tutur. NƏCRAN HEYƏTİNİN GƏLİŞİ Öncə “Mübahilə günü”nün əsasında olan məfhumla bağlı bir qədər aydınlaşdırma aparaq. “Mübahilə”nin mənası – qarşı tərəfə nifrin, lənət deməkdir. Ümumi halda, mübahilə ən son vasitə kimi tanınır. Yəni, qarşı tərəf dəlil, sübut qəbul etməkdən imtina etdikdə, yalan danışana İlahi lənətin nazil olması barədə birgə dua etmək məna daşıyır. Bu tarixi olay, Həzrət Peyğəmbərin (s) axırıncı peyğəmbər olaraq, Xatəmül-ənbiya olaraq hudayət missiyası ilə, haqq yola dəvət vəzifəsilə bilavasitə əlaqəli məsələdir. Məlum olduğu kimi, Peyğəmbərimiz (s) hansısa ayrıca millətə, qövmə deyil, bütün bəşəriyyətə İlahi Elçi olaraq göndərilmişdir. Bundan irəli gələn məsələlərdən biri də, Peyğəmbərimizin (s) öz missiyası barədə mesajları dünyanın hər yerinə göndərməsi idi. Bu sırada hökmdarlar, qəbilə və tayfa başçıları, digərləri var idi. Hicrətin 9-cu ilindən etibarən, bu dəvətlərə ciddi reaksiyalar gəlməyə başladı. İslama kütləvi surətdə gəlişlər prosesi getdi. Belə dəvətlərdən biri də Nəcran məsihilərinə çatdırılmışdır. Yəmənlə sərhəddə yerləşən Nəcran məntəqəsinin əksəriyyəti məsihilərdən ibarət idi. Həzrət Rəsuli-Əkrəmin (s) dəvəti onlara çatdıqda, 14 nəfər nüfuzlu xristiandan ibarət heyətlə Peyğəmbərimizin (s) mübarək hüzuruna gəldilər. Qeyd edək ki, öncə göndərilmiş təbliğatçılar Nəcran əhalisinin bir hissəsinin hidayət olunmasına səbəb olmuşdular. Xeyli sayda nəcranlı insan Peyğəmbərimizin (s) dəvətinə cavab verərək, İslama gəlmişdi. Lakin, keşişlər tərəfindən idarə edilən böyük bir qrup, bu dəvəti cavablandırmaqla bağlı tərəddüddə idi. Eyni zamanda, Həzrət Rəsulallah (s) barədə xristian dininə aid müqəddəs kitablarda məlumatların olması məsələsi də gündəmdə idi. Belə olan halda, nəcranlılar Peyğəmbəri-Əkrəmin (s) yanına böyük səlahiyyətlərə malik bir heyəti göndərib, məsələni yerində tədqiq etməyi qərarlaşdırdılar. Müəyyən vaxtda heyət Mədinəyə, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. 14 nəfərlik bu heyətə 3 nəfər ən nüfuzlu keşiş başçılıq edirdi. HƏZRƏT ADƏMİN (ə) MİSALI Sözügedən heyət Rəsuli-Əkrəmin (s) hüzuruna gəlir. Peyğəmbərimizə (s) İslam dininin mahiyyəti barədə suallar verməyə başlayırlar. Peyğəmbərimiz (s) xaçpərəst heyətinə, təkallahlığın mahiyyətinini çatdırmaqla bağlı öz mübarək missiyası başa salır. Bir çox dəlillərin gətirilməsinə baxmayaraq, keşişlər inadkarlıq edirlər. Onlara öyrəşdikləri konstruksiyalardan imtina etmək, bütün ömürləri boyu inandıqları mövzuları buraxaraq, İlahi təlimə iman gətirmək çətin gəlirdi. Peyğəmbərimiz (s) onları Allahın təkliyinə – Uca Rəbdən başqa ibadət ediləcək məbudun olmadığına və özünün peyğəmbərliyinə şəhadət verməyə dəvət etdikdə, onlar bunun cavabında Həzrət İsa (ə) ilə bağlı İslamın münasibətini öyrənmək istədilər. Rəsuli-Əkrəm (s) Nəcran xaçpərəstlərinə çatdırdı ki, Xanım Məryəmin (s.ə.) oğlu Həzrət İsa (ə) – Allah Təalanın bəndəsidir, Allah tərəfindən xəlq olunmuş insandır və Allahın rəsuludur, İlahi dinin elçisidir. Nəcran keşişləri İslamın bu nəzərini qəbul etmədilər. Onlar bildirdilər ki, Həzrət İsa (ə) – Tanrıdır (nəuzubillah!). Buna dəlil kimi, onlar Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini göstərdilər. Bu zaman Allah Təaladan Həzrət Peyğəmbərə (s) vəhy nazil oldu. Vəhy olunan bu ayə, Həzrət İsanın (ə) məsəlinin Həzrət Adəmin (ə) misalı kimi olmasını açıqlayırdı: “Həqiqətən, Allah yanında İsanın hekayəti (yaradılışın necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “(canlı insan) ol!” dedi, o da oldu (… onların hər ikisi Allahın əzəli əmrilə, atasız insan oldular. Əgər belə bir iş ilahlığa dəlalət edirsə, gərək onların hər ikisi ilah olsunlar”. (“Ali-İmran” surəsi, 59-cu ayə). Beləliklə, xaçpərəst keşişlər Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini rəhbər tutaraq, onun (nəuzubillah – Allaha sığınırıq bu ibarədən!) Tanrı olmasına israr edirdilər. Lakin, Allah Təala Peyğəmbər (s) vasitəsilə onlara bəyan etdi ki, bu məntiqlə Həzrət Adəmə də həmin vəziyyət aiddir. Həzrət Adəm (ə) vasitəsiz, hətta nəinki atasız, eləcə də anasız dünyaya gəlmişdi (hansı ki, xaçpərəstlər də bunu qəbul edirlər). Bəli, Həzrət İsa (ə) vasitələrdən biri olmadan (atasız) dünyaya gəlmişdir. Əgər atasız dünyaya gəlmək tanrılıq ələmətidirsə, onda niyə bu, tək Həzrət İsayla (ə) məhdudlaşır? Həzrət İsa (ə) vasitələrdən biri olmadan, yəni atasız olaraq dünyaya gətirilmişdir. Nəcran xaçpərəstlərinə çatdırıldı ki, əgər atasız dünyaya gəlmək tanrılıq əlamətidirsə, bu, nə üçün yalnız Həzrət İsaya (ə) aid edilir, ata-anasız dünyaya gələn Həzrət Adəmə (ə) isə aid edilmir?! Əgər xəlq olunmuşlardan kimsə, Allah Təalanın hikməti üzündən, fərqli olaraq dünyaya gəlirsə, məgər bu onun ilahlığının göstəricisidirmi?! Lakin Nəcran keşişləri bir daha inadkarlıq göstərərək, bu danılmaz dəlili qəbul etmək istəmədilər. MÜBAHILƏ VAQEƏSİ Nəcran məsihilərinin bu məntiqi qəbul etməməsinin səbəbi – onların üzərinə bununla bağlı düşən vəzifələrdən irəli gəlirdi. Onlar vərdiş etdikləri sxemlərdən imtina etməli və dünyagörüşləri ilə bağlı araşdırmalar, tədqiqatlar aparmalı idilər. Bundan əlavə, indiyədək olan vəziyyətlə bağlı öz camaatlarına aydın bir izahatlar verməli idilər. Belə olan şəraitdə Nəcran keşişləri zahirdə İslamı qəbul etdiklərini dedilər. Peyğəmbərimiz (s) isə onlara bildirdi ki, gerçəkdə iman gətirməyiblər. İslamı ürəklə qəbul etmək – müsəlman olmağın ümdə şərtidir. Belə olduqda, onlar İslamı qəbul etməkdən imtina edirlər. Beləliklə, nəcranlılar əks təklif irəli sürdülər. Onlar təklif etdilər ki, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış edək. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: “Buna görə də, sənə elm gəldikdən sonra, onun barəsində (Həzrət İsa haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü (bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq”” (“Ali-İmran” surəsi, 61-ci ayə). Nəcran məsihiləri bu təklifin ədalətliliyi ilə razılaşırlar və mübahilə üçün vaxt və məkan müəyyən edərək, hazırlaşmağa gedirlər. NECƏ HEYƏTLƏ GƏLƏCƏK? Axşam yetişir. Məsihilər müşavirə təşkil edərək, sabahkı günü müzakirə edirlər. Bunların başbilənləri deyirlər ki, əgər sabah yeni din gətiməyə, peyğəmbərliyə iddiaı həmin şəxs öz səhabələri ilə gəlsə, demək o, İlahi peyğəmbər deyil. Amma əgər öz ev əhli ilə gəlsə, demək onun iddiası həqiqidir və onda biz gərək bu işə getməyək. O zaman bizim mübahilə etməyimiz pis olar. Çünki, o, öz ev əhlini bu işə dəvət etsə və hazır olsa ki, onları fəda etsin, hazır olsa ki, onlar İlahi əzaba düçar olsun – deməli, həqiqi peyğəmbərdir və iddiası həqiqidir. Bu ona dəlalət edir ki, o, öz iddiasına arxayındır və yəqini var ki, İlahi əzab ona nazil olmayacaqdır. Çox incə bir mətləbdir ki, görəsən Peyğəmbər “oğullarımız” olaraq kimləri özü ilə götürəcək, “qadınlarımız” dedikdə kimləri götürəcək və “özümüz” dedikdə kimi özü ilə götürəcək? Nəcranlılar bu düşüncə ilə səhəri açırlar və mübahilə olunacaq yerə gedirlər. Həmin qərarlaşdıqları yerə çatanda görürlər ki, İslam Peyğəmbəri (s) gəlir və qucağında bir uşaq var. Başqa bir uşağın da əlindən tutub yanında gətirir. Onun ardınca da nuranikdə tayı-bərabəri olmayan bir xanım və bir kişi gəlir. Nəcranlılar görürlər ki, gələn cəmin xüsusi bir mənəvi haləti, böyüklüyü, vüqarı vardır. Xüsusi bir mənəvi heybətlə həmin məkana yaxınlaşırlar. Nəcranlılar görürlər ki, Rəsuli-Əkrəm (s) yanındakı mübarək cəmə müraciətlə: “Hər zaman ki, mən nifrin dedim, siz “amin” deyiniz”, – deyə buyurur. Nəcranlılar mübahilə səhnəsini müşahidə etməyə gələn mədinənilərdən soruşurlar ki, bəs Rəsuli-Əkrəmin (s) yanında gələn insanlar kimdir? Mədinəlilər cavab verirlər ki, bunlar Peyğəmbərin (s) yaxınlarıdır, Əhli-beytidir (ə). Və izah verirlər ki, nuraniyyət və əzəmət təcəssümü olan o kişi – Həzrət Əlidir (ə). Nuraniyyət və iffət təcəssümü olan o xanım – qızı Həzrət Fatimədir (s.ə.). Qucağında olan o məsum körpə – nəvəsi İmam Hüseyndir (ə). Əlindən tutduğu o məsum uşaq – böyük nəvəsi İmam Həsəndir (ə). Vəziyyəti belə görən məsihi ruhanilərin böyüyü bildirdi ki, “Mən özümü əzabın bir neçə addımlığında görürəm”. Bu sözlər tarixə düşmüşdür. Həzrət Peyğəmbəri (s) və Əhli-beytini (ə) tanımayan, amma onların sonsuz nuraiyyətini və mənəvi halətlərini görərək, onların mənəvi üstünlüyünü bilmərrə qəbul edənlərin şəhadətidir bu. Bu nuraniyyət və mənəviyyat zirvəsi qarşısında təzim edənin şəhadətidir bu. Bu hadisə hicrətin 10-cu ili zilhiccə ayının 24-də baş vermişdir. İslam Peyğəmbəri (s) öz Əhli-beyti ilə Məscidül-icabə yerləşən məkana gəldilər. Amma Nəcran nümayəndələri onları gördükdə dedilər ki, əgər Rəsuli-Əkrəmin hər nifrininə bu insanlar “amin” desələr, noların kökü kəsilər. Və mübahilədən imtina edərək, İslamın himayəsi altına keçirlər. ALİ-ƏBA (ə) HADİSƏSİ Bəli, Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Hüseyni – övladları, Həzrət Fatiməni – xanımların nümayəndəsi və Həzrət Əlini öz canı kimi götürüb “mübahilə”yə, yəni, ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı. Amma bundan öncə, mübahiləyə getməzdən əvvəl, bir əbanı çiyninə saldı və Həzrət Əlini (ə), xanım Fatiməyi-Zəhranı (s.ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) əbanın altına salıb, dedi:“İlahi, hər peyğəmbərin əhi-beyti olmuşdur ki, ona insanların arasında ən yaxınları olmuşlar. İlahi, bunlar da mənim əhli-beytimdir (ev əhlimdir). Onlardan şəkk və günahı uzaqlaşdır. Onları bütün pisliklədən paklandır”. Bu zaman Həzrət Cəbrayıl nazil oldu və onlar haqqında İlahi vəhyi gətirdi: “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz Әhli-beytdən(əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” surəsi, 33-cü ayə). Mübahilə hadisəsi tarixi baxımdan çox önəmli hadisədir. Amma onun əsas önəmliliyi təkcə tarixi fakt olmaqlığı ilə bitmir. Bəlkə də bundan daha artıq əhəmiyyətliliyi – müsəlmanlara Peyğəmbirimizin (s) haqq yolunu tapmaqda yardım etməkdir. Belə ki, insanlara Peyğəmbərin (s) ən yaxın insanlarının kim olduğunu bildirməklə, yəni, dini təmsil edən bir məsələdə, peyğəmbərlik iddiasını təsdiqləyən bir missiyada özü ilə götürdyü insanları tanıtdırmaqla, müsəlmanlara haqq yolunun təqdimatı edilir. Kimlərdən Rəsuli-Əkrəmin (s) mənəvi irsini öyrənməli olduqlarını iman əhlinin diqqətinə çatdırır. “Öğullarımız” dedikdə, Həsən və Hüseyni təqdim edir ümmətə Rəsuli-Əkrəm (s). “Qadınlarımız” deyiləndə, Həzrət Fatiməni (s.ə.) tanıtdırır ümmətə. Bütün möminə qadınların, İslamı təmsil edə biləcək qadınların ünvanı qismində tanıtdırılır Həzrət Zəhra (s.ə.). “Biz özümüz” dedikdə, “canımız” deyildikdə – Həzrət Əlini (ə) təqdim edir bəşəriyyətə. Və bu nuraniyyəti təsdiqləyən nəcranlılar geri çəkilir və bu mənəvi cəmin bütün təbərrüklüyünü bir daha təsdiqləyirlər. RÜKU HALINDA SƏDƏQƏ Zilhiccə ayının 24-də digər bir əlamətdar hadisə də baş verib. Həmin gün Həzrət Əli (ə) namaz qıldığı zaman, məscidə dilənçi daxil olub, sədəqə istəyir. Həzrət Əi (ə) namazın rükusunda olan bir vəziyyətdə mübarək əlini dilənçiyə tərəf uzadır və işarə ilə barmağındakı qiymətli üzüyü götürməyi bildirir. Dilənçi həmin üzüyü götürür. Bu zaman ayə nazil olur: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi Allah, onun Peyğəmbəri və o iman gətirənlərdir ki, namaz qılıb rüku halında zəkat verirlər”. (“Maidə” surəsi, ayə 55) Hər 2 məzhəbin alimləri bu ayənin şərhində nəql edilən hədislərdə təsdiq etmişlər ki, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi – Həzrət Əlidir (ə) və onun rüku halında üzük bağışlama hadisəsidir. Nəql edirlər ki, bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: “O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb, barmağındakı bu üzüyü mənə verdi”. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: “Ayə Әlinin barəsində nazil olmuşdur”. Zilhiccə ayının 24-də bir neçə bəyəilən əməl var. O cümlədən, müstəhəb qüsl almaq, oruc tutmaq, 2 rükətli namaz qılmaq. Bu namazın hər rükətində «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq lazımdır. Eləcə də, həmin gün “Mübahilə” duasını oxumaq bəyənilmişdir. Həzrət Əlini (ə) bu gün ziyarət etmək də çox bəyənilmişdir. Bilavasitə ziyarət edə bilməyənlər, müvafiq ziyarətnamə oxumaq kimi imkanlardan yararlana bilirlər. Bundan əlavə, həmin gün fəqir insanlara sədəqə vermək çox bəyənilmişdir. Əlbəttə ki, sədəqə vermək İslam dini tərəfindən hər zaman bəyənilir, amma xüsusi günlər var ki, bunlarda əməllərin savabı daha çoxdur. Uca Allahdan duamız budur ki, bizləri bu günün bərəkətini dərk edənlərdən qərar versin! Amin!

İmam Əli (ə) 06.01.2025

Həzrət Əli (ə) barədə Quranda, İncildə və Tövratda

İmam Əli (ə) – Həzrət Peyğəmbərin (s) həm canişini, həm qardaşı və həm də İmamların (ə) atası idi. Onun Quranda zikr olunanməqamları barəsində az-çox xəbərimiz vardır. Bu ayələrdə birbişa Həzrətin (ə) adı çəkilməsə də, ancaq ondan bəhs olunduğunu hamımızyaxşı bilirik. İmam Əli (ə) Quranın nəzərində: 1. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir”. (“Maidə” 55). 2. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207). 3. “Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir”. (“Rəd” 43). Bu cür Quran ayələri çoxdur. Ancaq onu da qeyd etmək istəyirik ki, İmam Əli (ə) haqqında ancaq Quran deyil, İncil və Tövrat da məlumatlar vermişdir. Təbərsi nəql edir: “Birinci xəlifənin dövründə bir xristian Mədinəyə gəlir. Suallar verir ki, ona cavab verə bilmirlər. Bu zaman İmam Əli (ə) gəlir və onun verdiyi bütün sualları cavablandırır. Rahib soruşur: “Ey cavan! Adın nədir?”. Həzrət (ə) buyurur: “Mənim yəhudilər yanındakı adım İlya, xristianlar yanındakı adım İliya, atamın yanındakı adım Əli, anamın yanındakı adım Heydərdir”. Rahib deyir: “Həqiqətən də Tövrat və İncildə o dediyin adları tapmışıq””. İncil Yəsunun adı ilə İmam Əli (ə) haqqında deyir: “O kəs ki, (sonuncu peyğəmbərə) iman gətirdi, mübarək olacaqdır. Mən layiq deyiləm ki, onun ayaqqabısının bağını belə açam. Əgər onu görsəm – Allahın rəhmət və nemətinə çataram”. Bir çoxları ehtimal verir ki, bu sözlər İmam Əliyə (ə) işarə edir”. Başqa yerdə deyir: ““Ey İbrahim! Sənin İsmayil (ə) barəsində etdiyin duanı eşitdim. İndi ona bərəkət verib, ali məqama çatdıracağıq. Onun nəslindən olacaq Muhəmmədi (s) və on iki İmamı (ə) böyük ümmət edəcəyik”. Bundan sonra Peyğəmbərin (s) canişini olan İmam Əliyə (ə) işarə edilmişdir”. Həzrət İdris (ə) nəql edir: “Adəm övladları hansılarının daha üstün olması barəsində fikir ayrılığına düşmüşdülər. Nəhayət bu fikirləriniataları ilə bölüşdülər. Adəm (ə) buyurdu: “O zaman ki, Allah məni xəlq etdi və Öz ruhundan mənə üfürdü və əyləşdiyim yerdən İlahi ərşi gördüm. Ərşdə görünən beş nur var idi. Allaha dedim: “Pərvərdiagara! Bu əzəmətli nurlar kimlərdir?”. Xitab gəldi: “Onlar – Mənim ən üstün məxluqlarım, Mənimlə xəlq arasında olan vasitələrimdir. Əgər onlar olmasaydı, Mən səni xəlq etməzdim. Nə behişti, nə cəhənnəmi, nə səmanı və nə də göyü xəlq edərdim”. Soruşdum ki, onların adı nədir? Allah buyurdu: “Ərşin gövdəsinə nəzər sal!”. Baxanda orada beş mübarək adın yazıldığını gördüm: “Parğəlit (Muhəmməd (s)), İliya (Əli (ə)), Təytəhə (Fatimə (s.ə)), Bəşər (Həsən(ə)), Bəşşir (Hüseyn (ə))”. Nəql olunur ki, bir gün Həzrət İsa (ə) yüksək səslə fəryad çəkir: “İliya, İliya, fəryadıma çat və mənə yardım et!”. Orada olanların bəzisi dedi ki, Allahı çağırır, bəzisi dedi ki, İlyası çağırır. Ancaq təfsirçilər İliya adlı peyğəmbər adına rast gəlmədilər. Məgər Tövrat və İncildəİmam Əliyə (ə) işarə edən İliya adından başqa.

Həzrət Muhəmməd (s) 05.01.2025

Əziz İslam peyğəmbərinin (Allahın salam və salavatı olsun ona) yaşam tərzindən yüz xüsusiyyət

Ya Muhəmməd! Canım və ruhum Sənə və Əhli-beytinə fəda olsun Əziz İslam peyğəmbərinin (Allahın salam və salavatı olsun ona) yaşam tərzindən yüz xüsusiyyət: 1.Yol gedərkən, həmin yolu yavaş-yavaş və vuqarlı gedərdi. 2.Yol gedərkən, ayaqlarını yerə sürtməzdi. 3.Həmişə baxışlarını yerə dikərdi 4.Gördüyü hər insanla salamlaşardı və salam verməkdə, heç kim ondan önə keçə bilməzdi. 5.Bir insanla əl verib salamlaşan zaman, həmin insan əlini çəkməyincə, o da əlini çəkməzdi. 6.İnsanlarla elə davranırdı ki, ətrafındakılar özlərini peyğəmbərin ən əziz adamları sanırdılar. 7.Bir şəxsə baxdığı zaman, təkəbbürlü insanlarda olduğu kimi, gözünün ucu ilə baxmazdı. 8.Heç kimin üzünə, gözünü dikməzdi və kiməsə gözünü zilləyib baxmazdı. 9.Bir şeyi bildirmək istəyərkən, göz və qaşları ilə deyil, əli ilə işarə edərdi. 10.Uzun-uzadı sükuta qərq olar və ehtiyac olmadığı surətdə danışmazdı. 11 .Bir şəxslə həmsöhbət olduğu zaman, sözlərinə diqqətlə qulaq asardı. 12.Bir insanla danışan zaman, üzünü tamamilə ona çevirər və onla üz-üzə oturardı. 13.Biri ilə oturan zaman, qarşı tərəf durmasa idi, O, həzrət heç vaxt ondan öncə qalxmazdı. 14.Məclislərdə yalnız Allahı yada salmaqla, oturub qalxardı. 15.Bir məclisə daxil olarkən, məclisin baş tərəfində oturmaz və qapının yanında əyləşərdi. 16 .Məclisdə özünə xüsusi yer ayırmaz və bunu qadağan edərdi. 17.Camaat içində bir yerə söykənməzdi. 18 .Çox vaxt üzü qibləyə oturardı. 19.xoşagəlməz bir hadisə baş verdikdə, görməməzliyə vurardı. 20.Birinin xəta və səhvini başqalarına açıqlamazdı. 21.Heç kimi xətasına və danışığındakı səhvə görə məzəmmət etməzdi. 22.Heç kimlə cədəl və yersiz mübahisə etməzdi. 23.Batil və puç söz istisna olmaqla, heç kimin sözünü kəsməzdi. 24.Bir suala cavab verərkən, diqqət edərdi ki,  verdiyi cavab qarşı tərəfdə çaşqınlıq yaratmasın. 25.Bir şəxsdən yanlış bir söz eşidən zaman: “Niyə filankəs belə dedi” deməz, əksinə “bəzi insanlara nə olub belə danışırlar?!” buyurardı. 26.Fəqirlərlə çox oturub-durar və onlarla birlikdə yemək yeyərdi. 27.Qul və nökərlərin dəvətlərini qəbul edərdi. 28.Bir içim süd olsa belə, hədiyyəni heç vaxt geri qaytarmazdı. 29.Qohum-əqrabanı hamıdan çox ziyarət edərdi. 30.Qohumlara yaxşılıq edər, ancaq onları başqalarından üstün hesab etməzdi. 31.Yaxşı işi tərif edib alqışlayar, pis işi isə pisləyər və ondan çəkindirərdi. 32.İnsanlara din və dünyaları üçün faydalı və məsləhətli olan şeyləri buyurar və dönə-dönə tapşırardı (bu sözləri) eşidənlər burda olmayanlara çatdırsın. 33.Üzr istəyənin üzrünü qəbul edərdi. 34.Heç kimi dəyərsiz hesab etməzdi. 35.Heç vaxt heç kimə pis söz deməz və pis ləqəblər ilə çağırmazdı. 36.Ətrafındakılara və qohumlarından heç kimə nifrin etməzdi. 37.Heç vaxt camaatın eybini axtarmazdı. 38.İnsanların şərindən həzər qılar, ancaq onlardan üz çevirməz və hamı ilə xoş rəftar edərdi. 39.İnsanları məzəmmət etməz və həddindən artıq tərifləməzdi. 40.İnsanların hörmətsizliyinə səbr edər və pisliyi yaxşlıqla cəzalandırardı (pisliyin müqabilində yaxşılıq edərdi). 41.Mədinə şəhərinin ən ucqar məntəqələrində olsa belə, xəstələrə baş çəkərdi. 42.Öz səhabə və dostlarını sorağlayar və həmişə onların vəziyyətləri ilə maraqlanardı. 43.Öz səhabələrini ən gözəl adları ilə çağırardı. 44.İşlərdə səhabələri ilə məşvərət-məsləhət edər və bu işə çox təkid edərdi. 45.Dostları ilə cəm olanda dairəvi şəkildə oturardı. Belə ki, əcnəbi onların yanına gələn zaman, hansının peyğəmbər (s) olmasını təyin edə bilməzdi. 46.Yoldaşları arasında ülfət və ünsiyyət yaradardı. 47.Əhd-peymana qarşı ən vəfalı şəxs idi. 48.Fəqirə bir şey bağışlayan zaman  (vasitə ilə deyil) öz əlləri ilə verərdi, başqasına həvalə etməzdi. 49.Namaz qıldığı zaman kimsə onun yanına gəlsə namazını qısaldardı. 50.Namaz qıldığı zaman bir uşaq ağlasa namazını qısaldardı. 51.Xeyri başqalarına daha çox dəyən insanlar, peyğəmbərin yanında ən əziz insanlar idilər. 52.Heç kimi ümidsiz etməzdi və belə buyurardı: “Hacətini mənə çatdıra bilməyənin istəyini mənə deyin!” 53.İmkanı olduğu halda, ondan bir şey istəyənin istəyini rəva edər və mümkün olmadığı təqdirdə, xoş söz və vədə ilə onu gözəl formada razı salardı. 54.Günah iş istisna olmaqla, heç kimin xahişini rədd etməzdi. 55.Qocalara çoxlu hörmət bəsləyər və uşaqlara qarşı daha çox mehriban idi. 56.Qərib insanlara çox diqqət və qayğı göstərərdi 57.Pis və şərr insanlara yaxşılıq etməklə, onların qəlbində yer alar və onları özünə cəzb edərdi. 58.Həmişə gülərüz olardı, ancaq bununla yanaşı qəlbi, Allah qorxusu ilə dolu idi. 59.Şad olduğu zaman, gözlərini bir növ yumar və bu sevinci çox aşkar etməzdi. 60.Gülüşlərinin çoxu təbəssüm idi və gülməklə səsi ucalmazdı. 61.Zarafatcıl idi. Ancaq zarafat və güldürmək bəhanəsi ilə batil və bihudə söz danışmazdı. 62.Pis adları dəyişər və onları gözəl adlarla əvəz edərdi. 63.Səbr və hövsələsi həmişə qəzəbindən önə keçərdi. 64.Dünya işlərinə görə narahat olmaz və ya qəzəblənməzdi. 65.Allaha görə elə qəzəblənərdi ki, heç kim onu tanımazdı. 66.Heç vaxt özünə xatir başqasından intiqam almadı. Yalnız kimsə Allahın qərarlaşdırdığı hüdudları pozduğu zaman intiqam alardı. 67.Yalan kimi nifrət etdiyi başqa heç bir xüsusiyyət yox idi. 68.Sevinc və qəm-qüssə hallarında yalnız Allahı yad edərdi. 69.Özü üçün mal-dövlət yığmazdı. 70.Yemək və geyim baxımından, heç nəyi xidmətçilərindən çox deyildi. 71.Torpağın üzərində oturar və yerdə yemək yeyərdi. 72.Yerdə yatardı. 73.Ayaqqabı və paltarlarına özü yamaq vurardı. 74.Öz əlləri ilə süd sağar və dəvəsinin ayağını özü bağlayardı. 75.Onun üçün hazırlanan istənilən miniyə minər və onların növlərinə fərq qoymazdı. 76.Hara getsəydi, çiynindəki əbanı döşənəcək kimi yerə salardı. 77.Paltarlarının çoxu ağ rəngdə idi. 78.Yeni paltar geyinən zaman, köhnəni (bundan əvvəl olan paltarını) fəqirlərə bağışlayardı. 79.Ən gözəl paltarını cümə günü geyinərdi. 80.Ayaqqabı və paltar geyinərkən, çox diqqətlə fəqirlərin vəziyyətini nəzərə alardı. 81.Saçların dağınıq olmasını və həmçinin nizam-intizamsız olmağı bəyənməzdi. 82.Həmişə xoşətirli olar və hər şeydən çox ətirə pul xərcləyərdi. 83.Həmişə dəstəmazlı olar və dəstəmaz alarkən misvak vurardı. 84.Namaz gözlərinin nuru idi və rahatlıq və aramlığını namazda tapardı. 85.Hər (qəməri) ayın 13, 14 və 15-ci günləri oruc tutardı. 86.Heç bir neməti məzəmmət etmədi (hər bir nemətə şükr etdi). 87.Allahın az nemətini böyük hesab edərdi. 88.Heç bir yeməyi çox tərifləməz və ya pisləməzdi. 89.Yemək zamanı, nə hazırlasalar yeyərdi. 90.Süfrə başında öz qarşısından yemək yeyərdi. 91.Süfrədə hamıdan öncə hazır olar və hamıdan gec qalxardı. 92.Ac olmasa yemək yeməz və tam doymamış əlini yeməkdən saxlayardı. 93.Mədəsi özündə iki növ yemək cəm etmədi. 94.Yemək yeyərkən, heç vaxt gəyirmədi. 95Mümkün olduğu surətdə tənha yemək yeməzdi. 96.Yeməkdən sonra əllərini yuyar və üzünə çəkərdi. 97.Suyu üç qurtuma içərdi. Əvvəldə “Bismilləh”, sonda “Əlhəmdulilləh” deyərdi. 98.Tənhalığı seçmiş bakirə (həyalı) qızlardan daha həyalı idi. 99.Evə daxil olmaq istəyərkən 3 dəfə icazə alardı. 100. Evdə olduğu vaxtı üç hissəyə bölərdi: Allah, ailə və özü üçün. Özü üçün ayırdığı vaxtı həmçinin insanlarla bölərdi. Mənbə:  Əllamə Təbatəbai (r.ə); “Sunənun-Nəbi” kitabından *Tərcümə edən:* Musa Hüseynli *Redaktor:* Ceyhun Fikrət Ya Rəsuləllah! Bu sadalananlar sənin böyük və əzəmətli əxlaqının bir zərrəsidir. “Həqiqətən sən böyük əxlaq sahibisən”.* (Qələm 4) Sənin kimi böyük əxlaq sahibinə hörmətsizlik edənlər yer üzünün ən mənfur və ən şərr insanlarıdır. Allahın və bütün lənət deyənlərin lənəti olsun islam düşmənlərinin üzərinə! «Allahın Peyğəmbərini incidənlər üçün ağrılı bir əzab olacaqdır!».* (Tövbə 61)

Həzrət Muhəmməd (s) 05.01.2025

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) TÖVSİYƏLƏRİNDƏ BEHİŞTİN YOLU

Peyğəmbəri-Əkrəm (s) : Ey Əbuzər! Behiştə getmək istəyirsən?… Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: یَا ابا ذر! أَ تُحِبُّ أَنْ تَدْخُلَ الْجَنَّةَ قُلْتُ نَعَمْ فِدَاکَ أَبِی، “Ey Əbuzər! Behiştə getmək istəyirsən?” Əbuzər cavabında ərz edir: “Atam sənə qurban, bəli!” Peyğəmbər (s) Əbuzəri behiştə dəvət etmək əsnasında üç əsaslı şərti bəyan edir: 1. فَاقْصِرْ مِنَ الْأَمَلِ – Uzun arzuları başından çıxart: Bir çox rəvayətlərdə üzərində təkid edilən mövzulardan biri də möminin uzun-uzadı arzulardan yaxa qurtarmasıdır. Uzun arzular insanın ilahi vəzifələrini yerinə yetirməsinə əngəl törədir və onu mənəvi tərəqqidən saxlayır. İnsan arzusuna çatmaq üçün ilahi hədəfləri kənara qoyur, özündən bixəbər olur, sabahın fikri ilə dəyərli fürsətləri əlindən qaçırır. Uzun arzuların təhlükəsi barəsində, onların insanı şübhəyə salib sonra kiçik günahlara sövq etməsi və nəhayət, böyük günahlara əl atmağa qədər uçuruma sürükləməsi ilə bağlı təhlükə hiss edən imam Əli (ə) buyurur: “Ey camaat! Mən sizə görə ən çox iki şeydən qorxuram: biri nəfsin istəklərinə tabe olmaq, digəri isə uzun arzulara qapılmaqdır. Nəfsin istəklərinə uymaq insanı haqq yoldan saxlayar, uzun arzular isə axirəti unutdurur.” (“Nəhcül-bəlağə” (tərc.), xütbə 42, səh.127.) 2. وَ اجْعَلِ الْمَوْتَ نُصْبَ عَیْنَیْکَ – Ölümü gözlərinin önündə gör: İkinci şərt budur ki, həmişə ölümü xatırlasın. Bu şərtin birinci şərtdən sonra gətirilməsi, bu iki şərt arasında yaxın əlaqənin olduğunu göstərir. Çünki insan əgər uzun arzuları fikir dairəsindən çıxarmaq istəsə, gərək daim ölüm haqqında düşünsün. Çünki ölümü yadına salanda dünyəvi arzuların aqibəti və puçluğu da onun nəzərində mücəssəm olur. Buna görədir ki, uzun arzuları kənarlaşdırmaqla ölümü fikirləşmək arasında sıx əlaqə mövcuddur. Arzu etmək kamil olaraq insanın ixtiyarında deyil. İnsan maddiyyata önəm verən bir mühitdə tərbiyə tapdığı zaman, görməlilər və eşitməlilər ona təsir edir; onun gözünü və qulağını dünyaya dikdirib istər-istəməz dünyəvi arzuları onun qəlbinə yeridir. İndi nə etməliyik ki, dünyanın bər-bəzəyi bizi özünə cəlb etməsin və başımızda uzun arzular bəsləməyək?! Peyğəmbər (s) Əbuzərə tövsiyə edir ki, ölümü həmişə gözlərinin qabağına gətirsin. Əgər bir kəs həmişə bu həyatın sonunun ölüm olduğuna layiqincə diqqət yetirə bilsə, anlayacaqdır ki, bu dünyaya ürək bağlamağına dəyməz. Ürək bağlanası şey sonsuz, tükənməz olmalıdır. Bu da ancaq axirətin pak həyatıdır. Rəvayətlərin birində Peyğəmbər (s) buyurur: “İnsanlarin ən zirəki ölümü tez-tez xatırlayandır.” (“Biharul-ənvar”, c.6, səh.130.) Məlumdur ki, zirək insan aldanmaz, dünya və axirət arasında ən yaxşısını seçər. Zirək insan biləndə ki, dünyanin axırı ölümdür, ona məhəl qoymaz. Hər halda, ölümü anmaq dünya məhəbbətindən və onun arzularına mübtəla olmaqdan yaxa qurtarmaq üçün təsirli bir dərmandır. 3. وَ اسْتَحِ مِنَ اللَّهِ حَقَّ الْحَیَاءِ – Allahdan necə lazımsa həya et: Behiştə daxil olmağın üçüncü şərti Allahdan həya etməkdir. Peyğəmbərn (s) Allahdan həya etməyin lüzumunu açıqlayarkən Əbuzər fikirləşir ki, yəqin Peyğəmbərin (s) xüsusi məqsədi var, buna görə də soruşur: قَالَ قُلْتُ یَا رَسُولَ اللَّهِ کُلُّنَا نَسْتَحِی مِنَ اللَّهِ، “Ey Allahin Rəsulu (s), elə bizim hamımız Allahdan həya edirik.” Peyğəmbər (s) isə bu həyanın kafi olmadığını deyəndən sonra, Allahdan həya etməyin üç cilvəsini qeyd edir: قَالَ لَیْسَ ذَلِکَ الْحَیَاءَ، وَ لَکِنَّ الْحَیَاءَ مِنَ اللَّهِ أَنْ لَا تَنْسَى الْمَقَابِرَ وَ الْبِلَى، وَ الْجَوْفَ وَ مَا وَعَى وَ الرَّأْسَ وَ مَنْ حَوَى، “Allahdan həya etmək siz düşünən kimi deyil, Allahdan həya etmək odur ki, qəbirləri və viranələri yaddan çıxarmayasan.” Qəbiristanlıqlara üz tutub torpağın altında uyuyan ölülər və onların aqibəti haqqında fikirləşəsən. Əxlaq ustadları da şagirdlərinə tövsiyə edirdilər ki, hər gün qəbiristanlığa getsinlər, ən azı həftədə bir dəfə olsa, qəbiristanlığa baş çəksinlər ki, bir az da olsa, ürəklərindən dünya məhəbbəti və maddi həvəslər təmizlənsin; heç olmasa, dünya və axirət arasında ümumi tarazlıq yaransın. Elə olmasın ki, insan dünyəvi işlərə qapanıb qalsın və dünya eşqi onun ürəyinə kölgə salsın, Allah xofunu dərk etmək istəməsin və imam Hüseynin (ə) adı gələndə gözləri yaşarmasın. Ya da behiştin və onun nemətlərinin adı çəkiləndə ürəyi çırpınmasın. İlahi həyanın ikinci nişanəsi budur ki, insan nə yediyinin fərqində olmalıdır. Əgər insan əlinə keçən hər şeyi içəri ötürsə və haram loğmanı yeməkdən çəkinməsə, get-gedə qəlbini qəsavət basacaq, ürəyindəki ilahi nur sönməyə başlayacaq. İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır. Belə olmazsa, onda ibadətə meyil zəifləşəcək və ürəyində Allah qorxusu, behişt şövqü və Allah dərgahına yaxınlaşmaq hissi əmələ gəlməyəcəkdir. Deməli, ilahi həyanın yaranması üçün qarına və orada yer tutan yeməklərə diqqət zəruridir. Qurani-Kərimdə insana tövsiyə edilir ki, nə yediyinə fikir versin: “(Ey) insan, nə yediyinə bir bax!” (“Əbəsə” surəsi, ayə 24.) İlahi həyanın üçüncü nişnəsi budur ki, insan baxıb görsün, başında hansı fikri bəsləyir, ağlından hansı arzular, havalar keçir. Əgər xəyalını batil fikirlərdən ələyib təmizləsə və qəlbinin təmizliyinə çalışsa, ilahi həyanı orada yerləşdirə biləcəkdir. Həzrət buyurur: “Başını və onda olanlara, yəni gözə, qulağa, dilə nəzarət et.” Hədisin davamında Peyğəmbər (s) Əbuzərə buyurur: وَ مَنْ أَرَادَ کَرَامَةَ الْآخِرَةِ فَلْیَدَعْ زِینَةَ الدُّنْیَا، فَإِذَا کُنْتَ کَذَلِکَ أَصَبْتَ وَلَایَةَ اللَّهِ. “Axirətin kəramətini istəyən kəs dünya zinətlərini tərk etməlidir. O vaxt ki belə ola bildin, bil ki, Allaha dostluq məqamına çatmısan.” Elə ki, insan dünyadan qırıldı, ona etinasız oldu, meylini axirətə, onun əbədi nemətlərinə və Allaha yaxınlaşmağa salacaq, axirətdə əziz və kəramətli kəslərdən olacaqdır. Bunun müqabilində, əgər dünya insanın nəzərində böyük görünsə, axirət nəzərində kiçiləcəkdir. İlahi, bizi Öz nemətlərindən düzgün istifadə etməkdə müvəffəq et və behişt yolundan uzaqlaşdırma! (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, 25-ci dərs, səh.63-73.) (Maide.az)​

Həzrət Muhəmməd (s) 05.01.2025

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

Peyğəmbərlərin dillərinə gətirdikləri ən gözəl cümlə nə olmuşdur? 1- Peyğəmbərlərin ən gözəl cümləsi “La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur) cümləsidir. Hansı peyğəmbərin xəstəliyi 40 il çəkmişdir? 2- Əyyub Peyğəmbərin xəstəliyi 40 il sürmüşdür. Hansı peyğəmbərlərin iki adı olmuşdur? 3- Bəzi peyğəmbərlərin iki adı olmuşdur: Məhəmməd (s) – Əhməd, Yunus – Zunnun, İsa – Məsih, Xızr – Məliqa, Yəqub – İsrail, Yuşə ibni Nun – Zulkufl. Ən uzun ömülü peyğəmbər (ə) kimdir? 4- Peyğəmbərlər arasında ən çox ömür sürən Nuh (ə) peyğəmbərdir. Hansı peyğəmbərlər həyatı boyu evlənməyiblər? 5- Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) subay dünyalarını dəyişiblər. Hansı peyğəmbərlər yer üzünün hökmdarı olmuşlar? 6- Yerin üzünün şahı olmuş peyğəmbərlər, Həzrət Süleyman və Zülqərneyndir (ə). Həzrət Musanın (ə) qəbrini kim qazmışdır? 7- Musa peyğəmbərin (ə) qəbrini Əzrayıl (ə) qazmışdır. Hansı peyğəmbər 6 aylığında dünyaya gəlmişdir? 8- Həzrət Yəhya (ə) altı aylığında dünyaya göz açmışdır. Allah-təala Bəni İsraildən neçə peyğəmbər seçmişdir? 9- 600 peyğəmbər Bəni İsraildən seçilmişdir. Neçə peyğəmbər ərəbdilli olmuşdur? 10- Dörd peyğəmbər ərəbdilli olubdur: Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Şüeyb (ə), Həzrət Məhəmməd (s). Həzrət Nuhun (ə) peyğəmbərliyi nə qədər olmuşdur? 11- Həzrət Nuhun (ə) peyğəmbərliyi min ilə yaxın olmuşdur. Qul kimi bazarda satılan peyğəmbər kimdir? 12- Qul kimi bazarda satılan peyğəmbər, Həzrət Xızr (ə) olmuşdur. (Beləki, bazarda bir dilənçi Həzrət Xızrdan (ə) kömək istəyir. Həzrət pulum yoxdur söyləsədə dilənçi israr edir. Həzrət dilənçiyə buyurur: Məni apar qul adı ilə bazarda sat. Dilənçi Həzrət Xızrı (ə) qul adı ilə 400 dirhəmə satır). Hansı peyğəmbərin başı kəsilib? 13- Başı kəsilən peyğəmbər, Həzrət Yəhyadır (ə). İmam Hüseynə (ə) Kərbəlada əza saxlayan peyğəmbərlər hansılardır? 14- Altı peyğəmbər Kərbəlada İmam Hüseynə (ə) ağlayıblar. Onlar Həzrət Adəm (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsmayıl (ə), Həzrət Nuh (ə) və Həzrət İsadır (ə). Sonuncu cənnətə daxil olacaq peyğəmbər kimdir? 15- İmam Sadiqin (ə) buyuduğuna əsasən peyğəmbərlər arasında sonuncu cənnətə daxil olan peyğəmbər, Həzrət Süleyman ibni Davuddur (ə). Buna səbəbsə, Həzrət Süleymana (ə) dünyada səltənət və sərvət verilməsidir. Hal-hazırda yaşayan peyğəmbər kimdir? 16- Hal hazırda sağ olan peyğəmbər, Həzrət İsadır (ə). Müqəddəs Quran kitabında neçə peyğəmbərin adı çəkilmişdir? 17- 25 peyğəmbəril adı Qurani-kərimdə zikr olunmuşdur: Adəm, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmayıl, İdris, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Yunus, Süleyman, Davud, Əyyub, İlyas, Zəkəriyyə, Əlyəsə, İsa, Zulkufl, Yəhya, Məhəmməd (s). Hansı peyğəmbərlər xalaoğlu olmuşlar? 18- Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) xalaoğlu olmuşdur. Qeydlər: 1- “Hezar sual” Ayətullah Dəstğeyb 2- “Quran qissələri” Mərhum Mustafa Zamani 3- “Xisal” Şeyx Səduq 4- “Danestehaye Quran” Seyyid Mehdi Şəmsəddin 5- “Üsuli-Kafi” Mərhum Kuleyni 6- ““Müntəh-ul-Amal” Mərhum Mühəddis Qummi Müəllif: Məhəmməd Hüseyn Qasimi Çevirən: Xəyal Tofiqoğlu  ahlibeyt.ge

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...